ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

Stansiyaya qədər artıq qaranlığa bürünmüş yol boyunca və qatarın vaqonunda da o, özünü bədbəxt hiss 
edirdi. Yalnız gur işıqlandırılan küçədə taksini Rosekgilə sürdürəndə  azacıq da olsa canlandı. Nahar 
vaxtı və sonra  demək olar ki, hər şeyi unutdu, yalnız axşama yaxın ağır əhvalı yenidən qayıtdı, 
nəhayət, sonda gecə və yuxu onu bürüdü, ona rahatlıq gətirdi.   
 
                                
 
XII   FƏSİL 
 
     
 
         Cip sürətlə özünə gəlirdi. Bu Uintonu sevindirirdi. Baxıcı qadın əbəs yerə deməmişdi: «Onun 
misilsiz bədəni var, belə hallarda bu olduqca vacibdir». 
 
          Miladdan əvvəl Cip artıq gəzməyə çıxırdı. Milad axşamı  qoca həkim, sanki, ona hədiyyə 
verirmiş kimi dedi ki, əgər istəsə, evinə qayıda bilər. Günortadan sonra isə Cip özünü pis hiss eləməyə 
başladı, növbəti günü  yenidən yuxarıda, yataqda keçirdi.  Əslində, ciddi heç nə yox idi, sadəcə, özünü 
qorxunc dərəcədə süst hiss edirdi, sanki, evə qayıtmasının ondan asılı olduğunu dərk eləmək taqətini 
kəsmişdi. Onun nələr çəkdiyini Uintondan başqa heç kim bilmədiyindən evdəkilər karıxmışdılar. Ona 
tezliklə uşağı yedizdirməyi qadağan elədilər.   
 
         Yalnız yanvarın ortalarında Cip atasına dedi: 
 
       – Ata, mən evə getməliyəm.  
 
        «Evə» sözü Uintona toxundu, ancaq o, sakitcə soruşdu: 
 
       – Çox gözəl, Cip. Haçan? 
 
       – Evdə hər şey hazırdır. Elə düşünürəm, hamısından yaxşısı sabah getməyimdir. O, hələ Rosekin 
yanındadır. Xəbər verməyəcəyəm. Uşağı qaydasınca yerləşdirmək üçün, iki, ya üç gün tək olacağam.  
 
        – Əla! Mən səni apararam. 
 
          O, qızının Forsenə olan münasibətini aydınlaşdırmaq istəmirdi. Onsuz da münasibətinin necə 
olduğunu yaxşı bilirdi.  
 
         Onlar növbəti gün saat üçün yarısında Londona gəldilər. Bettinin və uşağın  bundan sonra uşaq 
otağı adlanacaq boş otağa yerləşdirilməsi Cipdən bütün enerjisini tələb edirdi. Artıq qaranlıqlaşmağa 
başlayanda Cip paltosunu geyib, açarı götürərək, bağdan keçib studiyaya doğru getdi, on həftəlik 
fasilədən sonra ora baxmaq istəyirdi… Bağ necə də əsl qış bağıydı! Hər şey Dafna Uinqin rəqs edərək, 
ağacların sıx gölgəsinin arasından çıxdığı həmin sakit, ay işığına qərq olmuş isti bağı necə də 
xatırladırdı. Çılpaq budaqlar, qaralan, boz göyün fonunda aydın görünürdü, nə quş səsi eşidilirdi, nə bir 
çiçək vardı. Dönüb evə tərəf baxmağa başladı. Ev ona soyuq və ağ göründü, amma orada özünün və 
uşağının otağında işıq yanırdı, kimsə pərdələri endirirdi. Ağacların yarpaqları tamam tökülmüşdü, küçə 
boyunca hər biri London binalarına xas olan üslubda bir-birindən quruluşuna və rənginə görə fərqlənən 
evlər görünürdü. Soyuq idi, şaxta düşürdü, o, az qala cığırla qaçırdı. Studiyanın pəncərəsi üzərindən 
dörd buz lüləsi sallanırdı, onlardan birini qırdı. Otaqda, sanki, işıq yanırdı, axıra qədər çəkilməmiş 
pərdənin yanında düşən işıq şüalarını görürdü. Ağıl dağarcığı Elen, buxarını yandırırdı! 


 
        Birdən Cip yerindəcə dondu. Pərdələrin arasındakı yarıqdan divanda oturan iki nəfəri gördü. 
Gözləri önündə hər şey fırlanmağa başladı. Hansısa ölü soyuqluğu ilə  özünü pəncərədən baxmağa 
məcbur elədi. O və Dafna Uinq! O, qızın boynunu qucaqlamışdı. Ona doğru dönən, dodaqları yarıaçıq 
qız, ərinə hipnoz edilibmiş kimi heyranedici baxışlarla baxırdı. 
 
        Cip əlini qaldırdı. O, bu dəqiqə pəncərəni döyməyə hazır idi. Ancaq ürəyinin bulandığını hiss edib, 
əlini aşağı saldı və qaçmağa üz qoydu.  
 
        Onu əzab çəkməyə məcbur eləyə bilməsinlər deyə,  Cip heç vaxt onun və bu qızın gözünə görünə 
bilməzdi. Qoy öz yuvalarında sakitcə otursunlar! Heç bir tamaşa olmayacaq! Ağaran cığırla evə qədər 
qaçdı, işıqları yanmayan qonaq otağından keçib yuxarı qalxdı, qapını bağladı və buxarının qabağında 
oturdu. Düşünmədən dəsmalın ucunu dişlərinin arasında saxlamışdı, ondakı qürur üsyan eləyirdi.  
Buxarının istisi gözlərini ütürdü, amma istinin qabağını almaq üçün heç olmasa, əlini də qaldırmırdı.   
 
        Əgər onu sevsəydi, nələr ola biləcəyini düşünmək belə istəmirdi. Dəsmal döşəməyə düşdü, Cip 
heyrətlə dəsmala baxdı, üstündə bir damcı qan vardı. Alovdan bir az kənara çəkilərək, dodaqlarında 
istehzalı təbəssüm donmuş halda, oturmağına davam edirdi. Qız ona necə baxırdı, lap sadiq it kimi… 
Qız Cipə necə də yaltaqlanırdı! O, artıq «məşhur kişi»ni tapmışdı!  
 
        Cip ayağa sıçradı və güzgüdə özünə baxdı. Onun şəxsi evində! Nəyə görə də burada, bu otaqda 
yox? Nəyə görə də onun gözləri qarşısında yox? Heç evlənmələrinin üstündən bir il keçməmişdi! Hə, 
bu demək olar, əyləncəlidir, hə, demək olar! Və ağlına birdən ilk sakitləşdirici fikir gəldi: «Mən 
azadam». 
 
        Hər halda, belə ağır yaralanan məğrur ürək üçün bu az təsəlli idi. Yenidən buxarıya yaxınlaşdı. 
Nəyə görə pəncərəni döymədi? Bu qızın sifətinin qorxudan necə saralacağını görmək! Onu bu otaqdaca 
yaxalamaq, hansı ki, Cip onun üçün bəzəmişdi, onun üçün saatlarla çalmışdı! Döngədəki qapıdan 
gizlicə keçərək, bu otaqdan onlar çoxdanmı gizli görüş yeri kimi istifadə edirdilər? Bəlkə, o, hələ 
doğmağa getməmişdən əvvəl onlar görüşməyə başlayıblarmış? 
 
       Daxilində təhqir olunmuş qüruru və analıq hissi arasında mübarizə gedirdi, sakit,  şiddətli 
mübarizə. İndidəmi o, uşağı özününkü hesab eləyəcəkdi? Ya körpə onun ürəyindən silinəcək, onun 
üçün özgə, bəlkə də, nifrət oyandıran birisi olacaqdı? 
 
        Cip alova bir az da yaxınlaşıb rahat əyləşdi. Ancaq burada ona soyuq idi, sanki, özünü soyuğa 
vermişdi. Birdən düşündü: «Əgər xidmətçilərə burada olduğumu deməsəm, onlar məni axtarmaq üçün 
bağa çıxarlar və mənim gördüyümü görərlər! Qayıdanda qonaq otağının eyvan qapısını 
bağlamışammı?» Zəng elədi, aşağıdan xidmətçi qalxıb gəldi.  
 
       – Elen, xahiş edirəm, qonaq otağının qapısını bağlayın. Bettiyə deyin ki, mən yolda özümü soyuğa 
vermişəm, uzanıb yatıram. Ondan uşağa baxmasını xahiş edin.  
 
          Xidmətçi qızın sifətində qayğı, canıyananlıq hiss elədi. Ancaq baxışlarında nəsə bildiyini 
göstərən ifadə yox idi. 
 
       – Oldu, mem, mən sizə bir şüşə isti su gətirərəm. Vanna qəbul eləmək, bir fincan isti çay içmək 
istəmirsinizmi? 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə