Ömrüm qocalır



Yüklə 450,38 Kb.
səhifə2/3
tarix15.03.2018
ölçüsü450,38 Kb.
#32504
1   2   3

GƏL
Cavanlığım gedir, şuxluğum itir,

Ay mənim qədrimi bilməyənim, gəl!

Məni bu yaşında vüsala yetir,

Ay mənim gözləri görməyənim, gəl!


Məhəbbət gülşəni solur, ağlaram,

Əğyarın dediyi olur, ağlaram.

Həsrətdən gözlərim dolur, ağlaram,

Ay mənim gözümü silməyənim, gəl!


Bu yolda canımı üzdüm, bilmədin,

Yoruldum bilmədin, bezdim bilmədin.

Gülabıyam ,necə dözdüm bilmədin,

Ay mənim könlümü almayanım, gəl!


22.12.1995

TELLİ SAZIM
Başımda çox hava, çox havacat var,

Dillən, telli sazım, din, telli sazım.

Ürəyimdə hələ çox atəşim var,

Alış, telli sazım, yan, telli sazım.


Bir payız axşamı dolur ürəyim,

Yaman yaralanır, solur ürəyim.

Sızıldayır,şan-şan olur ürəyim,

Canım, telli sazım, can, telli sazım.


Yarəb, bu ah nədi, bu nalə nədi!?

Gülabı dəlidi, ya divanədi?!

Ustadlar ustadı Xındı Məmmədi,

Axtar, telli sazım, an, telli sazım.



19.10.1993


GECƏLƏR
Bir hicran əlindən sızlayır könlüm,

Alışır gecələr, yanır gecələr.

Uğursuz eşqimi, məhəbbətimi,

Anır xəyallarım, anır gecələr.


Bəhanə gətirib gah dalaşardıq,

Bəzən küsüşərdik,həm barışardıq.

Gizli-gizli yanıb hey alışardıq,

İndi xatirələr yaxır gecələr.


Eşqi hərrac kimi talan gözəlim,

Əhdi sözü kimi yalan gözəlim,

Gülabını dərdə salan gözəlim,

Göz yaşım qəlbimə axır gecələr.


19.10.1993


BELƏ DOST DA VAR
Müxənnət yoldaşdan, qeyrətsiz “dostdan”,

Nələr çəkirəm mən, nələr, ilahi!

Məsləksiz, amalsız, şərəfsiz zatdan

Nələr çəkirəm mən, nələr, ilahi!


Sürməli-sürməli sağlıqlar deyir,

Üzə tərif edir, dalda da söyür.

Gündə bir don geyir, bir libas geyir.

Nələr çəkirəm mən, nələr, ilahi!


Gülabı, dünyanın işi belədi,

Biri xan oğludu, biri gədədi.

Vallah insanlığa bunlar zədədi,

Nələr çəkirəm mən, nələr, ilahi!


26.10.1993
MÜBARƏK OLSUN

Allahı çağırıb girrəm meydana,

Bu gözəl toyumuz mübarək olsun!

Sidqimi bağlaram Şahi-mərdana,

Bu gözəl toyumuz mübarək olsun!
Arif nərə çəkə gələ məclisə,

Aləm heyran ola o gözəl səsə.

Əlövsət, İntiqam düşələr bəhsə,

Bu gözəl toyumuz mübarək olsun!


İnqilab, “segah”dan “müxalif”ə keç,

Muğamat bulaqdı, sən gözündən iç.

Yaxşı sənətkarı yamanından seç,

Bu gözəl toyumuz mübarək olsun!


Hidayət, qarmonu götür, al ələ,

Bəlkə sınıq könlüm bir cuşa gələ.

Düşmənlər bağrına salaq vəlvələ,

Bu gözəl toyumuz mübarək olsun!


Ural, nə durmusan bir “Sarıtel” çal,

Yandır, yana-yana könülləri al.

Süzülsün barmaqdan abı-kövsər, bal,

Bu gözəl toyumuz mübarək olsun!


Sazlı-sözlü sənətkarsan, Gülabı,

Al sazını, al sinənə, Gülabı.

Yetiş sən də muradına, Gülabı,

Bu gözəl toyumuz mübarək olsun!



09.11.1993


NEYLƏYİM

Ala gözlüm, sən yadıma düşəndə,

Ömrüm xəzan kimi soldu, neyləyim.

Dərd dərdə söykənib başdan aşanda,

Hicran rübabını çaldı, neyləyim.
Güldün, ürəyimdə bir yaz açıldı,

Ağladın, könlümə bir qəm saçıldı.

Ömrüm bir zəmidi, zəmim biçildi,

Könül mülkü viran qaldı, neyləyim.


Dünyadan xan kimi xan atam getdi,

Mənə can-can deyən, can anam getdi.

Getdi, sonalar tək bir sonam getdi,

Gedən getdi, olan oldu, neyləyim.


Gözəllər vəfasız olarmış, Allah!

Vəfasız, insafsız olarmış,Allah!

Gülabı da arsız olarmış ,Allah!

Neyləyim ki,dərdi boldu,neyləyim!


10.11.1993


ARZU İLƏ İMKANIN MÜBAHİSƏSİ
Bir gün arzularım dindi, nə dindi,

İmkanım söylədi: “farağat otur.”

Arzum üzə durdu,durdu, nə durdu,

İmkanım söylədi: “farağat otur.”


Dedi: “Bahar çağı bülbül istərəm,

Bülbül həsrətində bir gül istərəm.

Gül içində saçı sünbül istərəm”

İmkanım söylədi: “ farağat otur.”


Dedi: “İstərəm ki, milyonum olsun.

Könlümün məhbubu, mehmanım olsun.

Axşam, sabah ağır yığnağım olsun”,

İmkanım söylədi: “farağat otur.”


Dedi: “Yağım gəlsin Azərbaycandan,

Düyüm, çayım gəlsin şəhri-İrandan.

Aşıqlarım gəlsin Böyük Turandan.”

İmkanım söylədi: “farağat otur.”


Dedi: “Gülabının sazı olaydı.

Söz-söhbəti, xoş avazı olaydı.

Bir də sevgilimin nazı olaydı”.

İmkanım söylədi: “de rahat otur.”


30.11.1993

SƏMƏD BƏYİM
Nikolay qaçağı Qasımlı Səməd ağaya
Yaman kövrəlibdir Qoca Borçalım

Mürşidim, sultanım, a Səməd bəyim.

Bəs kimi axtarım, bəs kimi anım

Mürşidim, sultanım, a Səməd bəyim.


Alosman elinə talan saldın sən,

Cəlalı kürdünə qılınc çaldın sən.

İran ölkəsindən xərac aldın sən,

Mürşidim, sultanım, a Səməd bəyim.


Hanı İsmayıl bəy, İsgəndər ağa?

Hanı Həsən bəynən Məhəmməd ağa?

Hanı İsrafil bəy, Cahandar ağa?

Mürşidim, sultanım, a Səməd bəyim.


Bir zaman xalqımın dayağı idin,

Qoca Borçalımın mayağı idin.

Sən mənim mürşidim, mənsə müridin,

Mürşidim, sultanım, a Səməd bəyim.


Oyan, dur məzardan qisas çağıdı,

Sinəmi dağlayan düşmən dağıdı.

Gülabının ömrü qəm oylağıdı,

Mürşidim, sultanım, a Səməd bəyim.


03.12.1993
GƏLMƏDİN
Ay üzlü cananım, sevgili yarım,

Gözüm yolda qaldı, niyə gəlmədin?

Axı gözləməkdən üzüldü canım,

Gözüm yolda qaldı,niyə gəlmədin?


Əhdinə vəfasız olarmı insan?

Öz eşqinə ləkə salarmı insan?

Mənimtək saralıb,solarmı insan?

Gözüm yolda qaldı,niyə gəlmədin?


Gülabı, vədədi, zamandı-zaman.

Fələyin yazısı yamandı-yaman.

Bundan sonra sevmək gümandı-güman

Gözüm yolda qaldı, niyə gəlmədin?


10.12.1993

ALLAH
Ürək sızıltısı, ürək ağrısı,

Bəxtimə yazılan yazımı, Allah!

Yandırır sinəmi ağrı-acısı,

Deyə bilməyirəm sözümü, Allah!


Dağlara üz tutub gəzə bilmirəm,

Əl atıb gülünü üzə bilmirəm,

Köç-köç olur ellər, dözə bilmirəm,

Özün ver dözümü, dözümü, Allah!


Dərdlərim dəfn olub yox olmalıdı,

Arzular cücərib boy atmalıdı,

Gülabı dünyadan kam almalıdır,

Almaynan sazımı əlimdən, Allah!



04.01.1994


MƏHƏBBƏT-NİFRƏT
Dünyaya sığışmaz, cahana sığmaz,

Məhəbbətim mənim, nifrətim mənim.

Nə məkana sığmaz, nə kana sığmaz,

Məhəbbətim mənim, nifrətim mənim.


Bəzən pərvazlanıb dövran eyləyir,

Bəzən ürəyimdə tufan eyləyir.

Sazımın səsində cövlan eyləyir,

Məhəbbətim mənim, nifrətim mənim.


Gülabı, dünyaya uymaynan hədər,

Nə qızıldı, nə gümüşdü, nə də zər,

İçimdən sıyrılan qılınca bənzər,

Məhəbbətim mənim, nifrətim mənim.


20.02.1994


AXŞAM OLDU
Gözlədim, gözlərim yollarda qaldı,

Gəlmədin, gözəlim, gün axşam oldu.

Gözlədim, gözümün kökü saraldı,

Gəlmədin, gözəlim, gün axşam oldu.


Bir bax ürəyimdə gör nə haraydı,

Bünövrəsi dərddi, sanki saraydı.

Axır çeşmim yaşı dənizdi, çaydı.

Gəlmədin, gözəlim, gün axşam oldu.


Yadındamı dedin: “gül abıyam mən”,

Onunçün vuruldum Gülabıya mən.

And olsun həmənki Gülabıyam mən.

Gəlmədin, gözəlim, gün axşam oldu.


30.03.1994


İLAHİ SƏSLƏR
İki ilahi səs qulağımdadı,

Anamın laylası, sazın laylası.

İki ilahi söz dodağımdadı,

Anamın laylası, sazın laylası.


İki ilahi səs müjdə yetirdi.

İki ilahi söz müjdəsin verdi.

Ya rəb, bu nə hikmət, bu nə sirdi?

Anamın laylası, sazın laylası.


İki ilahi səs haraylar məni,

İki ilahi söz haraylar məni,

Gülabıyam, hər vaxt haraylar məni,

Anamın laylası, sazın laylası.


01.04.1994


PİR İDİM AXI
Gözlərim sataşdı gözünə sənin,

Ay zalım, əridim, əridim axı.

De nədi günahım, günahım mənim?

Yandım külə döndüm, nur idim axı.


Sevdanı başımdan ata bilmirəm,

Qor dolur yerimə, yata bilmirəm,

Sənin vüsalına çata bilmirəm,

Xəzan vurdu, soldum, gül idim axı.


Gülabıyam, gördüm, canımdan keçdim,

Tək səni bəyəndim, tək səni seçdim.

Gözlərin nuruna bələndim, içdim,

İçib sərxoş oldum, pir idim axı.


01.04.1994

BAŞINA DÖNDÜYÜM
Osman qardaşıma
Osman, yenə könlüm səni istədi,

Gözləyirəm, gəl başına döndüyüm.

Könlümün rübabı ayaq üstədi,

Bir az gətir “ləl”başına döndüyüm.


Başımda dolanır neçə şah hava,

Sənsən atam-anam, ruhuma dəva.

Səsini eşidim, qılğınan rəva,

Sözü şəkər-bal başına döndüyüm.


“Kür”oğlusan, Kür üstünün elində,

Türksən, çağlıyırsan türkü dilində,

Gülabını qoyma nadan əlində,

Gir meydana, kal başına döndüyüm.



04.04.1994

SAZIMDAN SORUŞ
Ey məndəki məni bilmək istəyən,

Məni məndən sorma, sazımdan soruş.

Xoşbəxtlik istəyən, gülmək istəyən,

Məni məndən sorma,sazımdan soruş.


Nifrətim olana şir oluram mən,

Könlüm istəyənə pir oluram mən.

Sənət dünyasında sirr oluram mən,

Məni məndən sorma, sazımdan soruş.


Gülabıyam, elin aşığıyam mən,

Haqqın, ədalətin aşiqiyəm mən.

Elə bil dünənin uşağıyam mən,

Məni məndən sorma, sazımdan soruş.


03.05.1994
SAXLA SƏN MƏNİ
Yağı düşmənimlə bacararam mən,

Allah, öz dostumdan saxla sən məni.

Şərəf-şöhrətimlə ucalaram mən,

Allah, öz dostumdan saxla sən məni.


Mən nə bilim ürəyində nə yatır,

Namusu, vicdanı, arını satır.

Bütün el-obanı bir-birnə qatır,

Allah, öz dostumdan saxla sən məni.


Duyammadım amalı nə, fikri nə,

Nələr gəlir, nələr düşür fikrinə.

Gülabını salıb fitnə-felinə,

Allah, öz dostumdan saxla sən məni.


30.04.1994
İŞIQ VER MƏNƏ
Çəkil gözlərimdən, Əhrimən1, çəkil,

Ey ulu Hürmüzüm2, işıq ver mənə.

Tökül gözlərimdən, ey zülmət, tökül,

Ey ulu Hürmüzüm, işıq ver mənə.


Ömrüm çiçəkləyir,qəhərdəyəm mən.

Köhlənim yoldadı, yəhərdəyəm mən.

Əlimdə telli saz səfərdəyəm mən,

Ey ulu Hürmüzüm, işıq ver mənə.


Sənət zirvəsinə tikdim gözümü,

Hələ tapmamışam özüm-özümü.

Gülabıyam, deməmişəm sözümü,

Ey ulu Hürmüzüm, işıq ver mənə.


05.05.1994

AĞLARAM
Ay ellər, obalar, qan ağlar gözüm,

Ruslan kimi mərdi deyib ağlaram.

Mən necə dolanım, mən necə dözüm,

Ruslan kimi mərdi deyib ağlaram.


Dünyadan növcavan bir danəm getdi,

İnci mərcan kimi dürdanəm getdi,

Getdi mərdanətək mərdanəm getdi,

Ruslan kimi mərdi deyib ağlaram.


Gülabı, sızlamaq nədəndi, nədən,

Dünya belə gəlib əzəl binədən.

Nakam gəldi, nakam getdi dünyadan,

Ruslan kimi mərdi deyib ağlaram.


28.12.1993


AMANAT
Vəsiyyət eylədi mənə xan dədəm,

Telli sazım, amanatım, amanat.

Oğul, can üstəyəm, səfərdəyəm mən,

Ahu gözlüm, amanatım, amanat.


Sənət dünyasında bir xanə qurdum,

Cəfasını çəkdim, səfasın sürdüm.

Meydanda nər kimi mərdanə durdum,

Ata yurdum, balalarım, amanat.


Düşmənlərə bac vermədim, bac aldım,

Namusumla, qeyrətimlə ucaldım.

Sənətimlə şöhrət aldım, ad aldım,

Şərəfim, şöhrətim, adım amanat.


Aldanmadım bu dünyanın dadına,

İnanmadım namərdinə, yadına.

Gülabıyam,and içirəm adına,

Amanatım ,amanatdır,amanat.


10.05.1994

ƏHMƏD SADAXLININ 60 İLLİK YUBİLEYİNƏ
Bu gözəl gününə, bu xoş gününə,

Bulud kimi dolub gəlmişəm, ustad.

Sazın naləsinə, sənət eşqinə

Kərəm kimi yanıb gəlmişəm, ustad.


Mənim də öz dünyam, öz aləmim var,

Ustad Xındı Məmməd, xan Əmrahım var.

Sənətdə istəyim, öz məramım var,

Məramımı alıb gəlmişəm, ustad.


Gülabıyam, vallah birdi Saraclı,

Sənin sənətində pirdi Saraclı.

Ay Əhməd Sadaxlı, sirdir Saraclı,

Mən bu sirrə varıb gəlmişəm, ustad.



25.05.1994

AŞIQ ARİF BAŞKEÇİDLİYƏ
Otuz yaş ömrümün bahar çağıdı,

Səni təbrik edir el, Aşıq Arif.

Telli saz əlində düşmən dağıdı,

Çal yansın, tökülsün, çal, Aşıq Arif.


Bilirəm aşıqlıq xoş niyyətindi,

Saza-sözə hörmət məhəbbətindi.

İnsanı tanımaq yaman çətindi,

Dərsini ustaddan al, Aşıq Arif.


Gülabıyam, hal əhlindən halıyam,

Bilirəm, dərdlisən mən yaralıyam.

Bir “Urfanı” oxu, bəlkə, yarıyam,

Sazı şirin, sözü bal, aşıq Arif.


12.06.1994

OĞUL GƏRƏK
Eşidin səsimi, ay elim, obam,

Vətənə, millətə oğul gərəkdi.

Yaman at oynadır yağılar, babam,

Vətənə, millətə oğul gərəkdi.


Düşmən hiyləsindən ötüşmək üçün,

Ülvi arzulara yetişmək üçün,

Min illik yaralar bitişmək üçün,

Vətənə, millətə oğul gərəkdi.


Hardadır düşmənə yaman oğullar.

Qılıncından qanlar daman oğullar,

Gülabıyam, qalxın, aman oğullar,

Vətənə, millətə oğul gərəkdi.


27.06.1994

VALLAH
Üzümü dağlara tuturam, qardaş,

Vətənin ətrini duyuram, vallah!

Həsrətdən bülbültək ötürəm, qardaş,

Vətənin ətrini duyuram, vallah!


Niyə dağlarımız yağıya qaldı?

Niyə bağlarımız dığıya qaldı?

Niyə taleyimiz ağıya qaldı?

Vətənin ətrini duyuram, vallah!


Gülabı dərd çəkən elin övladı,

“Qalx ayağa” - deyən dilin qurbanı,

Misri qılınc tutan əlin qurbanı,

Vətənin ətrini duyuram, vallah!


27.06.1994


DƏHŞƏT
Bir uğursuz eşqə düçar olanda,

Əğyarın ədası dəhşətdir, dəhşət.

Viranə bağçada, bağbansız bağda,

Bülbülün sədası dəhşətdi, dəhşət.


Uzaqda dayanıb məlul duranda,

Qərib durna kimi boynun buranda,

Hər məni görəndə, rəngi solanda,

Gözlərin xətası dəhşətdi, dəhşət.


Gülabı, sevgilər hər zaman ola,

Hörmətin, izzətin bir ümman ola.

Düşmənin olanda mərd düşmən ola,

Düşmənin gədəsi dəhşətdi, dəhşət.


16.09.1994


ÖLÜMDƏN QORXMURAM

Ölümdən qorxmuram, qorxuram ki, mən,

Hələ şah havamı çalmamış öləm.

Ölümdən qorxmuram ,qorxuram ki, mən,

Həyatdan kamımı almamış öləm.
Qorxuram ki, günüm keçə sel kimi,

Ömrüm sına bir köhnəlmiş tel kimi.

Ötüb gedəm tufan kimi, yel kimi,

Şirin xəyallara dalmamış öləm.


Gülabı, sidqini bağla Allaha,

Küfr eyləyib batmaginən günaha.

Sən arzuyla,ümidlə bax sabaha,

Niyə qocalığa çatmamış öləm.


18.09.1994

YAHU DƏRVİŞƏM
Ayağımda çarıq, əlimdə əsa,

Yahu, bir sərgərdan dərvişəm, dərviş.

Vətənsiz qəribəm, tərki-dünyayam,

Yahu, bir sərgərdan dərvişəm, dərviş.


Yuxumda bir qoca nəsihət dedi,

Nəsihət söylədi, mərifət dedi.

Mərifət, təriqət, həqiqət dedi,

Yahu, bir sərgərdan dərvişəm, dərviş.


Gülabı can qoyub sənin yolunda,

Dərsimi almışam ustad yanında,

Sənətin hüdudsuz səhralarında,

Yahu, bir sərgərdan dərvişəm, dərviş.



20.09.1994

YAZIĞIM GƏLİR
Dilbilməzə, yarımçığa, nadana,

Dediyim sözümə yazığım gəlir.

Anlamaza mən çəkdiyim zəhmətin,

Çoxuna, azına yazığım gəlir.


Ömrümün növrəstə bahar çağında,

Şirin arzuların xoş sorağında,

Vəfasız dilbərin gülşən bağında,

Qoyduğum izimə yazığım gəlir.


Ömrüm boyu müxənnətnən öc oldum,

Şərəfimlə, zəhmətimlə ucaldım.

Gülabıyam, vaxt-vədəsiz qocaldım,

Özümün özümə yazığım gəlir.


07.10.1994


ANA

Məzarın üstündə alışdım, yandım,

Ciyərim köz oldu, köz oldu, ana!

Sənli günlərimi mən harayladım,

Ah-naləm saz oldu, saz oldu, ana!
Dərdinə bir əlac görə bilmədim,

Sənsiz bu dünyada gülə bilmədim.

Sənə öz borcumu verə bilmədim,

Zəhmətim az oldu, az oldu, ana!


Bilməm bu nə zülüm, nə müsibətdi,

Atasız-anasız həyat zülmətdi.

Gülabıyam, günüm sizinlə getdi,

Yaram göz-göz oldu, göz oldu, ana!


12.11.1994

YAŞ O YAŞ DEYİL
İncimə, gözəlim, incimə məndən,

İllər o il deyil, yaş o yaş deyil.

Saç ağardı, diş töküldü, neyləyim,

Tellər o tel deyil, qaş o qaş deyil.


O görüş yerinə gələ bilmirəm,

Kövrək göz yaşını silə bilmirəm.

Dil töküb könlünü ala bilmirəm,

Dillər o dil deyil, diş o diş deyil.


Deyirlər dərdini dərd çəkən bilər,

Gülabı, dünyada azdırmı məgər?

Gündə yüz yol başa döysən də əgər,

Əllər o əl deyil, baş o baş deyil.


15.05.1995


GÜNAHKAR
Qoşa gedəmmədik ömür yolunda,

Mən də günahkaram, sən də günahkar.

Ulu eşqin, məhəbbətin yanında,

Mən də günahkaram, sən də günahkar.


Əhdinə vəfalı ola bilmədik,

Könül rübabını çala bilmədik.

Bir ömürü verdik yola, bilmədik,

Mən də günahkaram, sən də günahkar.


Məgər biz olmadıq əhdini danan,

Mən yanıram, mənim kimi sən də yan.

Mən aşıq Gülabı, sən ismi pünhan,

Mən də günahkaram, sən də günahkar.


03.06.1995


MƏN OLMAYANDA
Ey gözümün nuru, könül həmdəmim,

Dünya yaşayacaq mən olmayanda.

Bulaqlar axacaq, çaylar daşacaq,

Günəş nur saçacaq mən olmayanda.


Bu sirli soraqlı yalan dünyada,

Əvvəl verib sonra alan dünyada,

Süleymandan, Nuhdan qalan dünyada,

Dövranlar keçəcək mən olmayanda.


Gülabısız gözəl toylar olacaq,

Aşıqlar saz çalıb meydan alacaq.

Gözlərin dolacaq, hey axtaracaq,

Xəyalın gəzəcək mən olmayanda.


03.07.1995


ŞAİR OSMANA
Şair Osman, dəvətimə gəlmədin,

Qədəm qoyub o diyara gəlimmi?

Şahmar aramızda olubdu əğyar,

Bir dağ çəkib o əğyara gəlimmi?


Bir çay idim çalxalandım, bulandım,

Sevdalanıb bu dünyanı dolandım.

Eşqə düşdüm, eşqin oduna yandım,

Məcnun olub o səhrayə gəlimmi?


Dinim islam dini, türk-ər oğluyam,

Sinə dağlı Borçalının oğluyam.

Gülabıyam, Xındı Məmməd oğluyam,

Üz tutuban sən hüşyara gəlimmi?


26.07.1995


NƏDƏNDİ
Baxış müəllim, yüz-yüz süzüb vuranda,

İstəkanlar şaqqıldamır nədəndi?

Zəmanə bəd gəldi, dövran bəd gəldi,

Çil kəkliklər qaqqıldamır nədəndi?


Dağ döşündə kəklikotu yolanda,

Bir alagözlünün könlün alanda,

Göy çəmən üstündə məclis quranda,

Samovarın pıqqıldamır nədəndi?


Həsən müəllim Füzulidən deyəndə,

Qara Tofiq anektod söyləyəndə,

Əhməd də gül vurub tərifləyəndə,

Ürəyimiz tıqqıldamır nədəndi?


Bu boranda, bu çovğunda, talanda,

Gülabı hay salıb, haray salanda,

Düşmən meydan alıb at oynadanda

Çaxmaqlarımız çaqqıldamır nədəndi?


20.05.1995

MƏN
Eşidin səsimi, eşidin ellər,

Vətən torpağının gur səsiyəm mən.

Kamanda “Dilkeşəm”, tarda “Segaham”,

Sazda babaların nəfəsiyəm mən.


Şuşa zindanında solan Sonanın,

Düşmən gülləsindən köksü yananın,

Xocalıda əsir düşən ananın,

Körpə balaların naləsiyəm mən.


Dayan! Ey qaniçən, əl saxla bir an,

Nədir bu tökdüyün günahsız al-qan?!

Gülabıyam, əgər ölsəm də, inan,

Sahib-əl zaman tək gələsiyəm mən.


03.08.1995


QISQANIRAM MƏN
Günəş gözlərindən öpmək istəyir,

Səni o günəşə qısqanıram mən.

Külək saçlarını səpmək istəyir,

Səni o küləyə qısqanıram mən.


O süzgün baxışa,gözə bax, Allah!

O mərmər sinəyə,üzə bax, Allah!

Dəhanından çıxan sözə bax, Allah!

Səni o sözlərə qısqanıram mən.


Axar sular kimi axma, amandı,

Canımı odlara yaxma, amandı,

Baxma, Gülabıya, baxma, amandı,

Səni Gülabıya qısqanıram mən.


11.08.1995


GƏL
Ya Rəsuli-əkrəm, Ya sirri-xuda,

Ağ dəvə üstündə xilaskarım, gəl!

Bütün məzlumların dadına yetən,

Möhtacam mən sənə, necə danım, gəl!

Sənə fəda olsun mənim canım, gəl!
Xeybər qalasını başından atan,

Özünü qul edib Bərbərdə satan,

Tifilkən ağ devin bəndini çatan,

Əlində zülfüqar, pəhləvanım, gəl!

Sənə fəda olsun mənim canım,gəl!
Gülabıyam, dilimdədi bir nida,

Gözümdə qanlı yaş, Seyyid-Şühəda,

Dodağı çatlayan o Kərbəlada

Şəhidlik yolunda şöhrət-şanım, gəl!

Sənə fəda olsun mənim canım, gəl!
22.08.1995


DÜŞƏRSƏN
Yarı gözəl, atı yorğa olannan

Yoldaş olma bil ki, dara düşərsən.

Mərd özündən görər, namərd özgədən,

Namərdin şərindən nara düşərsən.


Qabağa keçərsən, deyərlər: “bicdi”,

Arxada qalarsan, deyərlər: “gicdi”,

Nəfsi tox olarsan, deyərlər: “acdı”,

Cahilin sözündən zara düşərsən.


Yer bərk olsa, öküz öküzdən görər,

Küləyə tüpürsən, saqqala dəyər.

Gülabı, kəlbi1 var özünə hürər,

Haşa, haşa səndən, şərə düşərsən.


26.08.1995

XOŞBƏXT GÜNLƏRİM
Dünya kimi sən də vəfasız oldun,

Ay xoşbəxt günlərim, xoşbəxt günlərim.

Vədəsiz göyərdin,vədəsiz soldun,

Ay xoşbəxt günlərim, xoşbəxt günlərim.


Cavankən təzə-tər üz iyləyərdim,

Qızılgül ətritək söz söyləyərdim.

Bəzən də cərgədən qız əyləyərdim,

Ay xoşbəxt günlərim, xoşbəxt günlərim.


İndi yaşım ötmüş fikirlər almış,

Ömrün bahar çağı çoxdan sozalmış.

Bəlkə Gülabının özü xəyalmış,

Ay xoşbəxt günlərim, xoşbəxt günlərim.


01.09.1995


İNCİDİM
Ürəyim neyləsin bir tikə ətdi,

Dözmədi hər sözə, dəydi, incidim.

Bu necə zülmdü, necə zillətdi?

Zəmanə qəddimi əydi, incidim.


Haqqa düşmən haqsızlığa həyanlar,

Elin arasına fitnə yayanlar,

Sənəti söyənlər, şeiri söyənlər

Yersiz öz özünü öydü, incidim.


Gülabı, düz yola, izə yatmayan,

Gövhər bazarında inci satmayan,

Arvad-uşağına gücü çatmayan

Özünü ağsaqqal saydı, incidim.


22.12.1995

MƏNİ
Qocayev Nəbinin xatirəsinə onun dilindən
Fələk belə yazdı mənim yazımı.

Ana, ağrın alım, az ağla məni.

Bundan sonra kim çəkəcək nazını?

Dərdini kağıza yaz, ağla məni.


Ömür yoldaşımı, könül yarımı,

Sənə tapşırıram balalarımı.

Əzəldən duymuşdum öz acalımı,

Zimistana döndü yaz, ağla məni.


Mən bilirdim bu dünyanın zatını,

Çəkdirdi qarşıma əcəl atını.

Nəbiyəm, yüklədim qəm baratını,

Ağlasın üstümdə saz, ağla məni.


20.11.1996

TƏHLƏLİ QARDAŞIM İSMAYILA
Ağır bir mahalın ağır oğlusan,

Mənim bu ərzimi al, ay İsmayıl.

Nur süzülür söhbətindən, sözündən,

Bal axır dilindən, bal, ay İsmayıl.


Başı buludlardan nəm alan dağsan,

Mərdsən, mərd oğlusan, damağı çağsan.

Ləli-cəvahirsən, tükənməz bağsan,

Yoxdu əlin üstə əl, ay İsmayıl.


İlahi saxlasın səni nəzərdən,

Nəfəsi iblisdən, ayağı şərdən.

Gülabıyam, əgər dönərsəm səndən,

Aparasın qoy məni sel, ay İsmayıl.


05.02.1997


Yüklə 450,38 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə