63
HƏCƏRƏ ELÇĠ GƏLDĠ
“Dəmiri isti-isti döyərlər”, - Kərbəlayı Cəfər ayı pəncəli əlini Alonun
çiyninə qoyub zarafatla gülümsündü.
-Xanalı, bu qonşunla aran necədi?
- Kərbəlayı, o nə sözdü...
Alo əlini sallaq bığına çəkib yerində yırğalandı: “Məzəliliyə başlayıblar! – O,
çayı dodağına yaxınlaşdırıb bir qurtum içdi. – bunlardan baş aça bilmirəm”.
-Düzü, Xanalı, Alo yaxşı rəncbərdi, külfət qədri bilən adamdı. Bu barədə
ondan raziyam. - Kərbəlayı əlini Alonun çiynindən çəkdi. Kişinin üstündən elə
bil dağ götürüldü. – Bilirsən, Xanalı, adam gərək yaxşıya yaxşı desin, pisə pis,
Düzü, Alonun oğlu Nəbi ilə aramızda çox inciklik olub, çox söz-söhbətimiz
olub, hətta, az qalıb divanxanaya da düşək. Bunu sən də bilirsən, mən də.
Ancaq mən bunların hamısını yadımdan çıxarmışam. Hamımız bu dünyanın
qonağıyıq. Yüz iyirmi dörd min peyğəmbərə qalmayan dünya heç kəsə
qalmayacaq. Dava-dalaşdan nə çıxar axı. Gərək birimiz od olanda, o birimiz su
olaq. Aloya gəldikdə, tıxsız balıqdır. İndiyə qədər bir qarışqanı da ayaqlamayıb.
Qonşusunuz , onun xasiyyətinə məndən də yaxşı bələdsən. Həyət-bacanızı bircə
çəpər ayırır.
-Bəli, Kərbəlayı, düz buyurursunuz. Alo bu günə kimi bir kəsin toyuğuna
daş atmayıb.
-Atan oldu behiştlik, demək, Alo qohum olmalı adamdır. Gəlsənə elə bu
həyət-bacanı ayıran çəpəri götürək, bu bağ-bağatları da birləşdirək.
Xanalı ləzgi Osmanın kürədən çıxardığı misə döndü. Gözləri seyrək
kirpiklərinin arasında qərar tuta bilmədi. O dartıb sətin arxalığının düyməsini
qırdı. Onun tüklü sinəsi tez-tez qalxıb-enirdi.
Kərbəlayı Cəfər bic-bic gözünü qıyıb boğazını arıtladı:
-A kişi...
-Bəli, Kərbəlayı.
-Səni gözləyirik.
-Bağışlayın, Kərbəlayı, bir təhərəm... anlaya bilmədim nə buyurdunuz.
-Ərz etdik ki, izn versəniz sizin həyət-bacanı ayıran qaratikan çəpərini
aradan götürərik. Nəbi də pis uşaq deyil... Bayaq dedim ki, aramızda çox söz-
söhbət olub, amma biz barışmışıq. Deyirlər, çəkişməsən bərkişməzsən; Nəbi
Həsən ağanın adamları ilə də dost olub. Keçənə güzəşt deyiblər. Bir də, Xanalı,
Cavanın beyni qan olar. Nəbi də cavandır, özün də cavan olmusan. Qaldı külfət
saxlamağa, o barədə arxayın ola bilərsən, Nəbi çörək qazanan oğlandı. Yaxşı
dolanacaq düzəldib. Atı var, inəyi var, qoyun-keçisi var, Tüfəngi, xəncəri var.
Daha nə istəyirsən?
Xanalı qara saçaqlı papağını çıxarıb üz-gözünü yelləməyə başladı.
Birçəklərinə sanki qırov düşmüşdü. O, təəccübdən böyümüş gözlərini
Kərbəlayının gözlərinə zilləyib tündləşdi: Kərbəlayı Həcər hələ uşaqdı.
Kərbəlayı qəlyanını divardakı qövsi-qüzehli xalçaya tuşlayıb şaqqanaq çəkdi.
-Ay rəhmətliyin oğlu, mənə yox da, onu toxuyanın nəyi uşaqdı. Həcərin
xalçasının sorağı az qalıb Firəngistana gedib çıxsın. Tacir Hacı Fərəcoğlu
64
bunun üstündə hələ də mənlə küsülüdür. Sən də başlamısan “qızımın ağzından
hələ süd iyi gəlir” - Kərbəlayı əlini xoruz qanadı kimi qızarmış saqqalına
toxundurdu. – Bax, bu mən ölüm, Xanalı, düzünü de görüm, Həcərin anasını
sən götürüb qaçanda neçə yaşı vardı?
Xanalı papağını başına qoyub yumruğunu düyünlədi: “Ax... bu tacir
köpəkoğlunun adı gələndə başımdan tüstü çıxır! Gərək yenə bir ziyanım olsun”.
Kərbəlayı Cəfərin acıqlı baxışları onun hirsini basıb yatırtdı:
-On dörd yaşı. Amma, Ballı tez böyümüşdü.
-Bax, varam düz sözə , atan oldu behiştlik. Balam, sən balaca nəyə deyirsən?!
Ata-babalarımız deyblər ki, qızı papaqlı vur, yıxılmadı- demək, ərə gedə bilər.
Fikirləşməyə dəyməz, dedim ki, izn verin sabahdan iki bağçanı birləşdirək.
Həcər deyilənlərin hamısını o biri evdə eşidirdi. Indi onun gözündə dünyada
Kərbəlayı Cəfərdən yaxşı adam yox idi. “Zarafat deyil, kişi Molla Əhmədin
yanında Qurana and içib ki, Nəbi ilə işim olmayacaq. Deyib, üzə çıxan kimi
elçiliyinə də gedəcəyəm. Andını pozsa; Quran ona qənim olar”.
Alo ilə İsmayıl çaşbaş qalmışdı. Onlar bilmirdilər Kərbəlayının sözü
ürəkdən gəlir, yoxsa boğazından. Kərbəlayı qabaqcadan: “Elçiyə zaval
yoxdur”- deyib Xanalıya çox incə bir eyham vurmuşdu; versən də özün bil,
verməsən də! Xanalı, deyəsən, Kərbəlayı Cəfərin bu işarəsini hələ anlaya
bilməmişdi: “Qızı versəm-yaxamı ölümdən qurtara bilərəm; verməsəm-Nəbi
mənim yuvama su calayacaq. Başıma oyun açacaq? “Hə” deyim, “yox”
deyim?”.
Çırtaçırt yanan qaratikan kötüyündən arabir qığılcımlar qopub elçilərin üst-
başına səpələnirdi. Sifətlər payız çölləri kimi bozarmışdı. Həyətlərdən
cavanların səsi gəlirdi:
-Ayə, gəlin görək.
-Harda olacaqsınız?
-Güllü dərədə.
-Biz də Qaronu dərəsinə gedirik.
-Ay Xanalı, yaylıma mal aparan uşaqların səsini eşidirsən? Səhər açılır ey,
niyə ağzına su almısan?
Kərbəlayının “ağzına su almısan” ifadəsi Xanalıya yenə ikibaşlı göründü.
“Sürümü hansı örüşə yayım?”
-A kişi, qız nə qədər ağıllı-kamallı olursa-olsun, evdə qalanda ailənin
başına əskiklik gətirər! – deyə Kərbəlayı Cəfər yerində silkələndi. – Gərək
hamısını açıb deyəm?! Eşitməmisən oğlanın ağlı başında, qızın ağlı üzündə
olar? Biri qızını başdan çıxarıb qaçırtdı, onda neyləyəcəksən, vurub
öldürəcəksən?! Qızın evdə qalıb un çuvalına tay olmayacaq ki!.. Nəbinin daha
heç kəslə işi yoxdur, başını aşağı salıb gedir elin qoyununa. Həsən ağanın
adamları ilə də barışdırdıq, qurtarıb getdi... “Allah mübarək eləsin” deyəkmi?
Onu da bil ki, şirni içməmiş evdən getməyəcəm.
Xanalı canavardan qorxan quzu kimi dili tutulmuşdu. Gözləri bərələ
qalmışdı. Kişi bir neçə dəfə udqunub təpimiş dodaqlarını güclə araladı:
- Kərbəlayı, mən sizin sözününzü necə yerə sala bilərəm?! İnanın, lap
oğlanlarımın başına gəlsəniz əsirgəmərəm. Amma...