32
formalaşır. Bütün bunlar haqqında bilgiləri (informasiyaları) uşaq ta körpəlikdən böyüklərin sözü ilə,
məktəb kitablarının verdikləri ilə alıb mənimsəyir. Sonucda insan yalnız görmür. Gördüyünün görkü onun
şüurunda ortaya çıxanda ya estetik, ya əxlaqi, ya dini və s. duyğular, açımlar ona bağlanır. Odu görmək
hələ psixiki faktdır. Ancaq odu görəndə onun yandırıcı gözəlliyini görmək, onu əxlaqi arınma ilə
qoşalaşdırmaq və s., artıq, bilinc faktıdır.
Marksizm bu mənada deyir ki, şüur ictimai hadisədir. Ona görə də kiminsə şüurunun necəliyini bilmək
üçün həm də onun yaşadığı toplumun necəliyini bilmək gərəkdir. Ona görə də Sovetlər Birliyində çıxmış
kitablarda yazıçının, filosofun yaşadığı çağlarda gedən sinfi mübarizələrə, tarixi hadisələrə bu qədər çox
fikir verirdilər.
Marksizm şüura vurğun, şüuru öyən, insanın ağlının gücünə, özünü və başqalarını mutlu (xoşbəxt)
etməsinə inanan fəlsəfi sistemlərdəndir. Hətta insanın azadlığını da bilinclə bağlayır: mən biləndə ki, filan
hadisə olmadır və buna uyğun da davrananda azadlığımı göstərmiş oluram (yəni azadlıq dərk olunan
zərurətdir).
Marksizm insan toplumunun tarixinə alqış söyləyir ki, şüur deyilən insan ucalığını yaradıb və gəlişdirib.
Düzü, insana bu qədər inandığı üçün, onun şüuru ilə dünyanı fəth etməsindən bu qədər razı qaldığı
üçün nikbinliksevərlər Marksizmə qibtə edə bilərlər. Ancaq fəlsəfə tarixində, özəlliklə, Doğu (Şərq)
fəlsəfəsində cərəyanlar da var ki, insan üçün ən yüksək yetənəyi (nailiyyəti) sosial məzmunla dolğun olan
şüurdan qurtulmaqda görürlər.
Şərq fəlsəfəsi şüurdan arınmaq haqqında
İslam dünyasında buna Sufizmi örnək göstərmək olar. Sufi üçün yetkinlik yolu Gerçək Varlığa (Allaha)
uzanan və bu uzanışda dürlü dayanacaqlardan, duraqlardan (məqamlardan) keçən yoldur. Bir dayanacaqda
mürid (sufi neofiti, tələbəsi) Şəriəti dərindən mənimsəyir. Şəriəti mənimsəmək toplumda insanlarla
münasibəti qanun-qaydalarla qurmaqdır. Bu məqamda yetkinləşəndən sonra sufi onu arxada qoyur.
Sufizimdə (təsəvvüfdə – bu söz dəvə yunundan əba mənasını verən «suf» sözündədir) deyilir: Şəriət
bilikdir, təriqət yoldur, həqiqət isə Allaha çatmaqdır.
Sufi həqiqətə çatanda arif olur. Bəs sufi həqiqətə necə çatır? Belə bir təsəvvüf deyimi var:
«Sən səndə öl ki, Tanrıda var olasan».
Həqiqət məqamına çatmaq üçün sufi də elə etməlidir ki, «Mən»ində nə varsa, Ondan (Allahdan) gəlmə
olsun.
Sufi yolunun axırıncı məqamlarından biri «fəna» adlanır. «Fəna» yoxluq anlamını verir. Bu məqamda
sufi vəcdə gəlir, özündən gedir, yəni özünü arxada qoyur və sanki Allah ümmanına, sonsuzluğuna gömülür
və bu ümmanın bir qətrəsi olur.
Göründüyü kimi, sufi arifi olmaq toplumdan gəlmə məzmunla dolmuş bilinci tərk edib arxada
qoymaqdır. Öz bilincindən çıxıb Tanrı ruhuna, qutuna tutulmaqdır. «Mən»dən qurtulub, Ona (Allaha) can
atmaqdır. Nəsimi «Mən haqqam» («Ən əl-həqq») deyəndə sözünün anlamı o deyildi ki, Allah Nəsiminin
özüdür. O demək idi ki, əgər mənim iç dünyamda Allah düşüncəsindən savayı heç nə qalmayıbsa, əgər
mənim şüurumda, bilincimdə yalnız Allahın Adı, Sözləri yazılıbsa, deməli, məndə yalnız Allahdan gələnlər
qalıb.
Yaxşı, soruşmaq olar: sufilərin beləcə sosial (toplumsal), məzmunla dolmuş şüurdan arına, təmizlənə
bilmələri onlara hansı ucalıqları verirdi?
Bağdadlı Cüneyd deyərmiş: Sufi Yer üzünə bənzəyir. Ona hər pis şeyi atırlar, fəqət onda yalnız gözəl və
təmiz şeylər bitir. Sufi bulud kimidir, isti olanda hər yerdə hər şeyə kölgə salar, yağış kimidir, hər kəsi
sulayar.
33
Təsəvvüf uca toplumda uca adamdan uca bir zamanda zühur edən uca xasiyyətdir, - bütün bunları
Cüneyd söyləmişdi.
Buddizmdə də «Mən»dən (Leninin dediyi subyektivdən) bilinci, şüuru təmizləmək önəmlidir. Əski türk
dilindəki Buddizm kitablarında bu, «mənsiz mənimsiz» şəklində verilir. Buddizmin bir qolu olan Çan-
Buddizmdə (Yaponiyada Dzen-Buddizmə çevrilmişdi) bilincin, şüurun belə arınması çox maraqlı açıqlanır:
«Sənin şüurunda heç nə olmamalıdır. Əgər onu təmizləyib-təmizləyib, birdən düşünsən ki, hə, indi heç nə
qalmadı, deməli, şüurunda yenə nəsə qalmış olacaq. Qalmış olacaq «hə, indi heç nə qalmadı» düşüncəsi.
Bilinci təmizləyəndə, «mənsiz, mənimsiz» edəndə nə qədər təmizlədiyini düşünmə. Bilinc boşalanda sən
tamam özündən qurtulursan, boşluğa, dərinliyə, dərin bayılmaya düşürsən.
Çan-Buddistlərdə «mənsiz mənimsizliyi» ruhun halına çevirməyin başqa bir yolu da var: buddist,
məsələn, yarpağa baxır. Bu vaxt buyuruq belədir. Sən çalışmalısan, şüurunu yarpaq obrazı bütünlüklə
örtsün və orada yarpaqdan savayı heç nə qalmasın. Bu an varlığın bütün həqiqətləri sənə açılacaq.
Burada, görünür, proses belə gedir: yarpaq başqa nəsnələrlə və ya onların görkləri ilə yan-yana yarpaq
kimi seçilir. Ancaq bilincdə, şüurda yarpaqdan savayı heç nə qalmırsa, axırda, heç yarpaq da qalmır. Bilinc
tamam boşalır. Bu boşluq isə Dao fəlsəfəsindəki gerçəkliyin qaynağının hərşeyliyinin heçnəliyidir.
Şüurunda boşluğun heçnəsizliyi hərşeylik kimi hər şeyi bir yerdə deyir, bir yerdə duydurur, andırır.
Belə bilincin önəmini anlamaq üçün «U-şu» döyüş praktikasında onun nələr etdiyini görmək bəs edir. U-
şu-da döyüşçünün bilinci «Mən»dən tamam arınmalıdır, bilinc o qədər boşalmalıdır ki, döyüşən ələ, ayağa
«bunu et» əmrlərini verməsin. Əl-ayaq özü-özlərindən atılıb, hədəfi vurmalıdır və özü-özlərinə həmlədən
qorunmalı və qorumalıdır.
Bizim bütün bu danışdığımız şeylər göstərir ki, Leninin şüur haqqında dediyi «subyektiv obraz»
deyimində «subyektiv», yəni «Mən»dən gələn ola bilsin ki, bilincdə göstərilənləri (görkləri, anlayışları,
düşüncələri) yox, göstərəni bildirir, hərçənd bu «Mən» əslində göstərəni heç də anlatmır. Çünki «Mən»
üçün özünübilmək duyğusu, inamı xarakterikdir, bilincdəki göstərənin isə necəliyini biz bilə bilmirik ki,
bilmirik. Axı, yuxarıda dedik, şüur görkləri, anlayışları göstərən, işlədən kimi fəaliyyətdə olur, ancaq bunun
necə baş verdiyini görmək üçün özünə baxmaq istəyəndə baxma işığından qırağa çıxıb, qaranlıqda yox olur.
Bilinc bilincsizliyə çevrilir. O biri yandan, hətta qəbul etsək ki, bilincin gösətərən tərəfi «Mən»ə bərabərdir,
gərək bunu da görək ki, bir çox fəlsəfi sistemlər bilincdəki «Mən»dən qurtulmağa can atırlar və bunu
bacaranlar müdriklər, bilginlər, bilgələr mərtəbəsinə qalxırlar.
Dünya şüurda görünür, ya yox?
Şüurun bir çox dolaşıq problemləri də qnoseologiyada, yəni öyrənib-bilmə haqqında təlimdə, öyrətidə
ortaya çıxır. Qnoseologiyanın ana sualı budur: bizdən qıraqda olan nəsnələrin bilincimizdə görünən
şəkilləri bu və ya başqa dərəcədə nəsnələrin özünə oxşayır, yoxsa bu oxşartının olub-olmamasını insan heç
vaxt bilməyəcək?
Gündəlik şüurda çox böyük inam var ki, gözləri «pəncərədir» və oradan boylanıb, dünyanın özünü necə
varsa, elə də görür. Gərək olanda isə «budu ha-a», əlini uzadıb, nəsnəni götürür, əlində saxlayır, gözünün
qabağına gətirir və s.
İlk dəfə fəlsəfə gündəlik şüurun gerçəklik haqqında bu qnoseoloji rahatlığını pozdu. Rahatlığı Avropada,
deyəsən, birinci əski yunan filosofu Parmenid pozmuşdu. O söyləyəndə ki, varlıq Bircədir, yanında heç bir
tayı, başqası yoxdur, içində də heç bir boşluq, çoxluq yoxdur (heç onun içi də yoxdur) və varlıqda hərəkət
də yoxdur, belə çıxırdı ki, gördüyümüz çoxluq, çoxluğun arasında hərəkət üçün boşluqlar hamısı, əslində,
gözümüzə belə görünür. Gerçəklikdə isə onların heç birisi yoxdur. Bu, ilk dəfə gözümüzə görünən
nəsnələrin bilincimizdəki obrazları ilə onların özləri arasında heç bir oxşayışın olmadığını ortaya çıxarmaq
idi.
Dostları ilə paylaş: |