Pestisidlər və aqrokimyəvi maddələr haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 88,97 Kb.
Pdf görüntüsü
tarix21.05.2018
ölçüsü88,97 Kb.
#45160


   Pestisidlər və aqrokimyəvi maddələr haqqında 

         Azərbaycan Respublikasının Qanunu 

  

   Bu Qanun Azərbaycan Respublikasında pestisidlərin və aqrokimyəvi  



   maddələrin sınağının, qeydiyyatının, istifadəsinin və kənd təsərrüfatına  

   aqrokimyəvi xidmətin təşkilinin hüquqi əsaslarını müəyyən edir. 

  

I fəsil. Ümumi müddəalar 



 Maddə 1. Əsas anlayışlar 

   Bu Qanunda istifadə olunan termin və anlayışlar aşağıdakı mə`naları  

   ifadə edir: 

      pestisidlər - ziyanverici, xəstəlik və alaq otlarına qarşı istifadə  

      edilən kimyəvi və bioloji aktiv maddələr;  

      aqrokimyəvi maddələr - torpaqların münbitliyinin artırılması, kənd  

      təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun  

      keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral  

      və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının  

      tənzimləyiciləri və digər maddələr;  

      qalıq miqdarı - məhsulda, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf  

      mühitdə pestisidlərin və aqrokimyəvi maddələrin, habelə onların  

      metobolitlərinin tə`siredici hissəsinin miqdarı;  

      tətbiq reqlamenti - pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi  

      qaydalarının məcmusu;  

      torpaq sahəsinin (tarlanın) aqrokimyəvi pasportu - torpaqların  

      aqrokimyəvi və fitosanitar göstəriciləri haqqında mə`lumatları,  

      onların zəhərli maddələrlə və radionuklidlərlə çirklənməsi  

      vəziyyətini əks etdirən sənəd;  

      aqrokimyəvi müayinə - torpaqların münbitlik və çirklənmə  

      göstəricilərinə dövlət nəzarətini həyata keçirmək məqsədilə kənd  

      təsərrüfatı torpaqlarının vaxtaşırı müayinəsi. 

Maddə 2. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericilik 

   Pestisidlər və aqrokimyəvi maddələr haqqında Azərbaycan Respublikasının  

   qanunvericiliyi bu Qanundan, «Bitki mühafizəsi haqqında» Azərbaycan  

   Respublikasının Qanunundan və onlara uyğun qəbul edilmiş digər  

   normativ-hüquqi aktlardan ibarətdir. 



   Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində pestisidlər və  

   aqrokimyəvi maddələr haqqında müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə  

   tutulmuş qaydalara uyğun gəlmədikdə beynəlxalq müqavilələrin qaydaları  

   tətbiq olunur. 

 Maddə 3. Pestisidlər və aqrokimyəvi maddələrlə bağlı fəaliyyətin əsas  

prinsipləri 

   Pestisidlər və aqrokimyəvi maddələrlə bağlı fəaliyyət aşağıdakı  

   prinsiplər əsasında həyata keçirilməlidir: 

      pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqinin iqtisadi və  

      bioloji səmərəliliyinə nisbətən insanların sağlamlığının  

      qorunmasına və ətraf mühitin mühafizəsinə üstünlük verilməsi;  

      pestisidlərin və aqrokimyəvi maddələrin istehsalına, sınağına,  

      qeydiyyatına, idxalına, ixracına, saxlanmasına zərərsizləşdirilməsinə,  

      məhv edilməsinə və tətbiqinə dövlət nəzarətinin məcburiliyi;  

      pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqinin zəruriliyinin  

      əsaslandırılması və təsdiq edilmiş reqlamentlərə əməl edilməsi;  

      bitki mühafizə tədbirlərini ekoloji cəhətdən təhlükəsiz, qeyri-kimyəvi  

      metodlarla həyata keçirmək hesabına pestisidlərdən istifadənin  

      minimuma endirilməsi; 

Maddə 4. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı və  

qeydiyyatının təşkili 

   Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatını  

   müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

 II fəsil. Pestisidlərin və aqrokimyəvi maddələrin  

dövlət sınağı və qeydiyyatı 

 Maddə 5. Dövlət sınağına təqdim olunmuş pestisidlərə və  

aqrokimyəvi maddələrə tələblər 

   Azərbaycan Respublikasında istehsal olunmuş və xaricdən gətirilmiş  

   dövlət sınağına təqdim olunan pestisidlər və aqrokimyəvi maddələr  

   aşağıdakı tələblərə cavab verməlidir: 

      məqsədli təyinatı üzrə yüksək bioloji tə`sirə malik olmalı;  

      müəyyən olunmuş reqlamentlərə əməl edilməsi şərtilə insanların  

      sağlamlığına, qorxu yaratmamalı, ətraf mühitin, flora və faunanın  

      təhlükəsizliyini tə`min etməli;  

      dövlət standartlarının tələblərinə və sanitariya-gigiyena  

      normalarına uyğun gəlməli. 

Maddə 6. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının  

aparılması 




   Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş  

   pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı onların bioloji,  

   gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və tətbiq  

   reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır. 

   Dövlət sınağına pestisidlərin və aqrokimyəvi maddələrin preparat  

   forması təqdim edilir. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı müvafiq icra  

   hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tə`limata uyğun olaraq  

   müvafiq elmi-tədqiqat müəssisələrində aparılır. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı üç mərhələdə  

   aparılır: 

      laboratoriya sınağı;  

      tarla sınağı;  

      istehsalat sınağı. 

   Laboratoriya sınağı yeni preparatların tarla şəraitində tətbiq  

   reqlamentlərinin hazırlanması məqsədilə aparılır. 

   Tarla sınağı zamanı yeni preparatın istifadədə olan preparata nisbətən  

   bioloji səmərəliliyi müəyyən edilir və tətbiq reqlamenti işlənib  

   hazırlanır. 

   İstehsalat sınağı respublikanın müxtəlif təbii-iqlim zonalarında  

   preparatın bioloji, təsərrüfat və iqtisadi səmərəliliyini təsdiq etmək,  

   onun sanitariya-gigiyena və ekoloji normativlərini dəqiqləşdirmək və  

   əsaslandırmaq, preparatın qalıq miqdarının və təhlükəli cəhətlərinin  

   (metobolitlərinin) müəyyən edilməsi metodikasını işləyib hazırlamaq və  

   təkmilləşdirmək məqsədilə aparılır. 

   Laboratoriya, tarla və istehsalat sınaqları nəticəsində müsbət  

   qiymətləndirilən pestisidlərin və aqrkimyəvi maddələrin istifadəsi və  

   qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən  

   qərar qəbul edilir. 

  

Maddə 7. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatı 



   Dövlət sınağından keçmiş pestisidlər və aqrokimyəvi maddələr bu sahədə  

   sahibkarlıq fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra  

   hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra qeydiyyata alınırlar. 

   Qeydiyyata pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının və  

   tədqiqat materiallarının müsbət nəticələri barədə sənədləri təqdim  

   edilir. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatının məcburi şərti  

   onların mənşəyi və keyfiyyəti barədə sertifikatlarının, təhlükəsiz  

   tətbiqi, kənd təsərrüfatı və ərzaq məhsullarında, yemlərdə, torpaqda, suda  



   və ətraf mühit obyektlərində həmin preparatların qalıq miqdarının  

   müəyyən edilməsi metodikası üzrə müvafiq tə`limatların olmasıdır. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatı müvafiq icra  

   hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 

   Qeydiyyata alınmış pestisidlər və aqrokimyəvi maddələr kənd  

   təsərrüfatında və meşə təsərrüfatında istifadəsinə icazə verilmiş  

   preparatlar siyahısına daxil edilirlər. 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinə  

   dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları ,  

   habelə gömrük orqanları qeydiyyatdan keçmiş pestisidlərin və aqrokimyəvi  

   maddələrin müvafiq qaydada təsdiq edilmiş siyahıları və standart  

   nümunələri ilə, onların qalıq miqdarının müəyyən edilməsi üzrə metodik  

   sənədlərlə tə`min edilirlər. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyat müddəti 5 ildir.  

   Preparatların təhlükəsizliyi barədə yeni, əvvəllər aşkar olunmayan  

   mə`lumatlar daxil olduğu hallarda müvafiq icra hakimiyyəti orqanı  

   onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edə bilər. 

   Ölkədə (bölgədə) sanitariya - epidemioloji və təbiəti mühafizə şəraiti ilə  

   bağlı ayrı-ayrı hallarda müvafiq icra hakimiyyəti orqanları pestisidlərlə  

   və aqrokimyəvi maddələrlə bağlı fəaliyyət növlərini məhdudlaşdıra və ya  

   dayandıra bilər. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyat müddəti başa çatdıqdan  

   sonra onlar müəyyən edilmiş qaydada yenidən qeydiyyatdan keçirilirlər. 

  

III fəsil. Pestisidlərlə və aqrokimyəvi maddələrlə  



bağlı sahibkarlıq fəaliyyəti 

 Maddə 8. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  

fəaliyyətinin təşkili 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti  

   Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada  

   həyata keçirilir. 

  

Maddə 9. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  



fəaliyyətinin subyektləri 

   Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada  

   pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, alqı-satqısı,  

   saxlanması və tətbiqi ilə məşğul olan fiziki və hüquqi şəxslər  

   pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinin  

   subyektləridir. 

  



Maddə 10. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  

fəaliyyəti subyektlərinin hüquqları 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə  

   məşğul olan fiziki və hüquqi şəxslərin aşağıdakı hüquqları vardır: 

      sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;  

      qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla istehsal  

      etdikləri və xaricdən gətirdikləri pestisidlərə və aqrokimyəvi  

      maddələrə sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata  

      keçirmək;  

      istehsal etdikləri və xaricdən gətirdikləri preparatların  

      qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsini  

      müvafiq icra hakimiyyəti orqanlarından tələb etmək;  

      dövlət proqramları əsasında bitki mühafizəsi tədbirlərinin həyata  

      keçirilməsi və torpaqlarda aqrokimyəvi tədqiqatların aparılması  

      məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək;  

      qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

Maddə 11. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  

fəaliyyəti subyektlərinin vəzifələri 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti  

   subyektlərinin vəzifələri aşağıdakılardır: 

      pestisidlər və aqrokimyəvi maddələr haqqında Azərbaycan  

      Respublikasının qanunvericiliyinə əməl etmək;  

      pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı fəaliyyətin əsas  

      prinsiplərinə riayət etmək;  

      pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqinə dair dövlət  

      standartlarının, sanitariya və texnoloji normaların, reqlamentlərin  

      və digər normativ sənədlərin tələblərinə əməl etmək;  

      istehsal etdikləri və xaricdən gətirdikləri bitki mühafizəsi  

      vasitələrinin, kimyəvi və bioloji maddələrin keyfiyyət göstəricilərinə  

      zəmanət vermək;  

      istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi  

      maddələrin zərərsizləşdirilməsini və ya məhv etdirilməsini tə`min  

      etmək;  

      müəyyən edilmiş qaydada pestisidlərin və aqrokimyəvi maddələrin  

      uçotunu aparmaq və müvafiq orqanlara mə`lumat vermək;  

      qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

Maddə 12. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  

fəaliyyəti subyektlərinin uçotu və dövlət qeydiyyatı 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə  

   məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı  

   Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata  

   keçirilir. 




  

IV fəsil. Pestisidlərin və aqrokimyəvi maddələrin  

istehsalı, əldə edilməsi və istifadəsi 

  

Maddə 13. Zəhərli kimyəvi maddələrin istehsalı 



   Zəhərli kimyəvi maddələrin istehsalı insanların sağlamlığının və ətraf  

   mühitin təhlükəsizliyinin tə`min edilməsi şərtilə Azərbaycan  

   Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxslər tərəfindən  

   həyata keçirilir.Azərbaycan Respublikasında istehsal olunmuş zəhərli  

   kimyəvi maddələr müvafiq qaydada dövlət sınağından keçirilir və qeydiyyata  

   alınır, onların texniki şərtləri və standartlaşma üzrə normativ  

   sənədləri hazırlanır. 

   Pestisidəlrin və aqrokimyəvi maddələrin standartlaşmasını Azərbaycan  

   Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada müvafiq icra  

   hakimiyyəti orqanı həyata keçirilir. 

   Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya  

   Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional  

   (hövzə) və dövlətlərarası standartlara uyğun olmayan, insanların həyatı,  

   sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən zhərli  

   kimyəvi maddələrin istehsalına, satışına və istifadəsinə yol verilmir. 

   Pestisidlər və aqrokimyəvi maddələr Azərbaycan Respublikasının  

   qanunvericiliyində nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılır. 

  

Maddə 14. Pestisidlərin və aqrokimyəvi maddələrin idxalı və ixracı 



   Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, istifadəsinə icazə  

   verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyətləri  

   barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış  

   pestisidlər və aqrokimyəvi maddələr idxal və ixrac oluna bilər. 

   Mənşəyi və keyfiyyətləri barədə sertifikatları olmayan pestisidlərin və  

   aqrokimyəvi maddələrin Azərbaycan Respublikasına gətirilməsi, satışı,  

   tətbiqi və reklam edilməsi qadağan edilir. 

   Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa şərtlər  

   nəzərdə tutulmamışdırsa, pestisidlərin və aqrokimyəvi maddələrin idxal  

   və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul  

   edilir. 

   Qeydiyyatdan keçməmiş pestisidlər və aqrokimyəvi maddələr aşağıdakı  

   hallarda idxal və ixrac oluna bilər: 

      elmi-tədqiqat işlərində istifadə və sərgilərdə nümayiş etdirmək üçün;  

      bitki mühafizə vasitələri ilə işlənmiş toxumlarla birlikdə;  

      fövqəl`adə hallarda karantin və digər iqtisadi cəhətdən təhlükəli  




      ziyanverici,xəstəlik və alaq otlarının kütləvi çoxalmasının  

      qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti oraqnının  

      qərarına əsasən. 

   Qeydiyyatdan keçməmiş pestisidlərin və aqrokimyəvi maddələrin  

   göstərilmiş məqsədlər üçün gətirilməsinin və tətbiq edilməsinin məcburi  

   şərti onların istifadəsinin müvafiq sənədlərlə təsdiq edilməsidir. 

   Qeydiyyatdan keçməmiş pestisidlər və aqrokimyəvi maddələr mütləq qaydada  

   müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında idxal və ixrac  

   olunmalıdır. 

  

Maddə 15. Pestisidlərin və aqrokimyəvi maddələrin qablaşdırılması  



və etiketləşdirilməsi 

   Azərbaycan Respublikasında istehsal olunmuş və istifadə üçün təklif  

   edilmiş pestisidlər və aqrokimyəvi maddələr müvafiq standartlara və  

   texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı və etiketləşdirilməlidir. 

   Pestisidlərin və aqrokimyəvi maddələrin hər partiyası kimyəvi bitki  

   mühafizə vasitələrinin texniki şətləri ilə müşayiət edilməlidir. 

  

Maddə 16. Pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması və  



daşınması 

   Pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması və daşınması  

   müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş kənd  

   təsərrüfatında zəhərli kimyəvi preparatların saxlanması, daşınması və  

   tətbiqinin sanitariya qaydalarına uyğun olaraq həyata keçirilir. 

 Maddə 17. Pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi 

   Pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi torpaqların aqrokimyəvi  

   müayinəsi, əkinlərin vəziyyəti, bitkilərin qida maddələrinə tələbatı,  

   ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə proqnozu nəzərə  

   alınmaqla həyata keçirilir. 

   Yüksək toksiki-ekoloji təhlükəli pestisidlər və aqrokimyəvi maddələr  

   səhiyyə, baytarlıq və ətraf mühitin mühafizəsi üzrə müvafiq icra hakimiyyəti  

   orqanlarının razılığı ilə tətbiq edilir. 

   Yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin və aqrokimyəvi maddələrin  

   siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

   Fövqəl`adə ekoloji şərait zonalarında pestisidlərin və aqrokimyəvi  

   maddələrin tətbiqi məhdudlaşdırılır. 

   Təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su  

   fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə  

   pestisidlərin tətbiqi bir qayda olaraq qadağan olunur. 




   Pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqinin vacibliyi  

   əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət  

   rə`yi əsasında belə ərazilərdə müvafiq icra hakimiyyəti oraqnının nəzarəti  

   altında pestisidlərin və aqrokimyəvi maddələrin məhdud çeşidlərinin  

   tətbiqi mümkündür. 

 

Maddə 18. İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və  



aqrokimyəvi maddələrin geri alınması, zərərsizləşdirilməsi və məhv  

edilməsi 

   İstifadəsi yararsız və qadağan olunmuş pestisidlər və aqrokimyəvi  

   maddələr, habelə onların qabları müvafiq icra hakimiyyəti orqanı  

   tərəfindən müəyyən edilmiş qaydada geri alınmalı, zərərsizləşdirilməli  

   və ya məhv edilməlidir. 

 V fəsil. Kənd təsərrüfatına aqrokimyəvi xidmət 

 Maddə 19. Torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması 

   Aqrokimyəvi tədqiqatlar aparmaq, torpaqların münbitliyini öyrənmək,  

   mineral, üzvü gübrələrə və meliorantlara tələbatını, əkin qatında qida  

   maddələrinin, zəhərli kimyəvi maddələrin, ağır metalların qalıq  

   miqdarını və radionuklidlərin radiasiya səviyyəsini müəyyən etmək  

   məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkinə yararlı  

   torpaqlarda aqrokimyəvi tədqiqat işləri aparılır və sahələrin  

   kartoqramları hazırlanır. 

   Torpaqlarda aqrokimyəvi tədqiqat işlərini kənd təsərrüfatına aqrokimyəvi  

   xidmət göstərən layihə-axtarış stansiyaları və aqrokimya laboratoriyaları  

   aparır. Tədqiqat işlərinin nəticələrinə görə torpaq sahələrinə  

   aqrokimyəvi pasportlar verilir. 

  

Maddə 20. Kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə  



tələblər 

   Kənd təsərrüfatı və ərzaq məhsullarında, yemlərdə, xammalda, bitki və  

   heyvan mənşəli qida maddələrində pestisidlərin və aqrokimyəvi maddələrin  

   qalıq miqdarı dövlət standartları ilə müəyyən edilmiş səviyyədən artıq  

   olmamalı və sanitariya-gigiyena normalarına cavab verməlidir. 

   Kənd təsərrüfatı və ərzaq məhsullarının tərkibində zəhərli kimyəvi  

   maddələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olarsa  

   onların satışına icazə verilmir. İstifadəsi mümkün olmayan kənd  

   təsərrüfatı və ərzaq məhsulları müvafiq icra hakimiyyəti orqanı  

   tərəfindən müəyyən edilmiş qaydada geri alınır, zərərsizləşdirilir və ya  

   məhv edilir. 

  



Maddə 21. Pəhriz və uşaq qida maddələrinin istehsalı üçün xüsusi  

xammal bölgələri 

   Yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida maddələrinin  

   istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq  

   məqsədilə müvafiq icra hakimiyyəti orqanları xüsusi xammal bölgələri  

   müəyyən edə bilər. 

   Xüsusi xammal bölgələrinin hüdudları, hüquqi və texnoloji rejimi  

   müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

   Xüsusi xammal bölgələrində pestisidlərin tətbiqi qadağan edilir. Belə  

   bölgələrdə aqrokimyəvi maddələrin tətbiqi ekoloji cəhətdən təmiz ərzaq  

   məhsullarının əldə olunmasını tə`min edən xüsusi texnologiyalar üzrə  

   həyata keçirilir. 

  

VI fəsil. Pestisidlərlə və aqrokimyəvi maddələrlə  



bağlı sahibkarlıq fəaliyyətinə dövlət nəzarətinin  

həyata keçirilməsi 

  

Maddə 22. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq  



fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqanlar 

   Pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı,  

   saxlanması və tətbiqi üzərində, habelə kənd təsərrüfatı və ərzaq  

   məhsullarında, yemlərdə, torpaqda, suda və ətraf mühit obyektlərində  

   zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarətini öz  

   səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata  

   keçirirlər. 

 Maddə 23. Pestisidlərlə və aqrokimyəvimaddələrlə bağlı sahibkarlıq  

fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra  

hakimiyyəti orqanlarının hüquqları 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinə  

   dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının  

   aşağıdakı hüquqları vardır: 

      mülkiyyət formasından asılı olmayaraq pestisidlərlə və aqrokimyəvi  

      maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və  

      hüquqi şəxslərdən pestisidlər və aqrokimyəvi maddələr haqqında  

      qanunvericiliyə əməl edilməsini tələb etmək;  

      mülkiyyət formasından asılı olmayaraq fəaliyyətləri pestisidlərin və  

      aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanması və  

      tətbiqi ilə bağlı olan müəssisələrdə, idarələrdə, təşkilatlarda və  

      nəzarət altında olan digər obyektlərdə müayinələr üçün lazımi  

      nümunələr götürmək;  




      qanunvericiliklə müəyyən edilmiş qaydada pestisidlərin və aqrokimyəvi  

      maddələrin tətbiqini dayandırmaq;  

      standartların və standartlaşdırma üzrə digər normativ sənədlərin  

      tələblərinə cavab verməyən pestisidlərin və aqrokimyəvi maddələrin  

      ölkəyə gətirilməsini, satışını, tətbiqini, habelə pestisidlərlə və  

      aqrokimyəvi maddələrlə müəyyən edilmiş normalardan artıq çirklənmiş  

      ərzaq məhsullarının e`malı və satışını, suların istifadəsini qadağan  

      etmək;  

      pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinə  

      dövlət nəzarətini həyata keçirmək üçün müəssisələrdən, idarələrdən,  

      təşkilatlardan və vətəndaşlardan mə`lumatlar almaq;  

      pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin  

      pozulmasında təqsirkar olan şəxslərin qanunvericilikdə nəzərdə  

      tutulmuş qaydada məs`uliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər  

      görmək. 

   Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinə  

   dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının  

   yazılı tələblərinin və qərarlarının icrası məcburidir. 

  

VII fəsil. Pestisidlərlə və aqrokimyəvi maddələrlə  



bağlı fəaliyyətə himayədarlıq və qanunvericiliyin  

pozulmasına görə məs`uliyyət 

 Maddə 24. Pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı qulluq  

vəzifəsini yerinə yetirən işçilərə güzəştlər 

   Pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, daşınması,  

   saxlanması, tədqiqi, tətbiqi, zərərsizləşdirilməsi və məhv edilməsi ilə  

   bağlı işləri bilavasitə yerinə yetirən və bu sahədə nəzarət müayinəsi aparan  

   işçilərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun  

   olaraq güzəştlər tətbiq edilir. 

 Maddə 25. Pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi üzrə  

dövlət tədbirlərinin maliyyələşdirilməsi 

   Pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi üzrə aşağıdakı dövlət  

   tədbirləri 

;  


      torpaqlarda aqrokimyəvi maddələrin tətbiqi ilə mədəni-texniki  

      tədbirlərin, o cümlədən kimyəvi meliorasiyasının aparılması;  

      pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının və  

      qeydiyyatının aparılması. 




Maddə 26. Pestisidlər və aqrokimyəvi maddələr haqqında  

qanunvericiliyin pozulmasına görə məs`uliyyət 

   Vəzifəli şəxslər və vətəndaşlar: 

      insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə  

      törədə bilən və ya törətmiş pestisidlər və aqrokimyəvi maddələrlə  

      bağlı mə`lumatları gizlətdikdə və ya təhrif etdikdə;  

      pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı və istifadəsi  

      zamanı müvafiq standartların, sanitariya-gigiyena normalarının və  

      digər normativ sənədlərin tələblərinə əməl etmədikdə;  

      pestisidlərlə və aqrokimyəvi maddələrlə kənd təsərrüfatı və ərzaq  

      məhsullarının, yemlərin, torpağın, suyun və ətraf mühit obyektlərinin  

      normalardan artıq çirklənməsinə yol verdikdə;  

      pestisidlərin və aqrokimyəvi maddələrin tətbiq reqlamentlərini,  

      saxlanması, daşınması və satışı üzrə sanitariya qaydalarını pozduqda;  

      qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət  

      sınağından və qeydiyyatından keçməmiş pestisidlərin və aqrokimyəvi  

      maddələrin idxalına, ixracına və istifadəsinə yol verdikdə;  

      istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi  

      maddələrin, habelə qalıq miqdarına görə müəyyən edilmiş tələblərə  

      cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarının satışına və  

      istifadəsinə yol verdikdə;  

      pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyətinə  

      dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti  

      orqanlarının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə,  

      habelə pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin  

      pozulmasının digər hallarında Azərbaycan Respublikasının  

      qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 27. Pestisidlər və aqrokimyəvi maddələr haqqında  

qanunvericiliyin pozulmasına görə vurulan ziyanın ödənilməsi 

   Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulması  

   nəticəsində vurulmuş ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan  

   Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. 

   Azərbaycn Respublikasının Prezidenti 

   Heydər ƏLİYEV. 

   Bakı şəhəri, 6 may 1997-ci il 

   № 294-IQ.  



 

Yüklə 88,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə