Press-reliZ 10 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 25,94 Kb.
tarix24.02.2018
ölçüsü25,94 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
10 Oktyabr 2011-ci il

Bakı, Azərbaycan


  • ELAN!

  • SAATLI RAYON RƏHBƏRLİYİ JURNALİSTİ HƏDƏLƏYİR

  •  VƏKİLLƏRƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

  • XALİD BAĞIROVUN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB


ELAN!

11 OKTYABR SAAT 14.00-DA  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində vətənə xəyanətdə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş hərbçi Ruslan Əlixanovun vəkili və ailə üzvləri mətbuat konfransı keçirəcəklər.

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.




SAATLI RAYON RƏHBƏRLİYİ JURNALİSTİ HƏDƏLƏYİR
“7 gün.az” xəbər portalının Saatlı rayonu üzrə bölgə müxbiri İlham Süleymanov təzyiqə məruz qalıb. Bu barədə bu gün (10 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən xəbər portalının baş redaktoru Amid Məmmədov məlumat verib.

Baş redaktorun sözlərinə görə, Saatlı rayonu üzrə bölgə müxbiri İlham Süleymanov son vaxtlar rayonda baş verən problemləri ölkə mətbuatında işıqlandırdığına görə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun və Polis İdarəsinin rəisi Cəbrayıl Vəliyevin qəzəbinə tuş gəlib:

“Saatlıda baş verən hadisələrlə bağlı yazılara görə ötən ay icra başçısı əməkdaşımızı yanına çağırıb və 25 avqust 2011-ci ildə “Bizim yol” qəzetində Saatlıda fövqəladə vəziyyətdir başlığı ilə dərc olunan yazını ona göstərərək, belə yazıları yazacağı təqdirdə onu həbs etdirəcəyi ilə hədələyib. Bir neçə gün bundan öncə polis rəisi Cəbrayıl Vəliyev İlham Süleymanovu çağıraraq, mətbuata informasiya ötürərsə, rayonu tərk etməli olacağını jurnalistə deyib”, - deyə baş redaktor Amid Məmmədov bildirdi.

 VƏKİLLƏRƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

Bu gün RATİ-nin mətbuat mərkəzində vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ona qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.  “Mənə qarşı təzyiqlər son dövrlər vəkillərə qarşı aparılan repressiyaların tərkib hissəsidir”, - deyə o qeyd edib. 

Vəkilin sözlərinə görə, hazırda Vəkillər Kollegiyası Elçin Sadıqova qarşı intizam icraatı aparır. “İntizam İcraatına əsas kimi Bakı şəhəri Mirzağa Əliyev küçəsi, 10-da yaşayan Bayram Əliyev adlı bir şəxsin məndən şikayəti  götürülüb. Həmin şəxsi tanımıram və şəxsiyyəti barədə  hər hansı məlumata malik deyiləm. B.Əliyev şikayətində bildirib ki, guya mən xarici səfirlərlə görüşürəm və müxalifətçi deputatlarla əlbir olub külli miqdarda pul əldə etmişəm. 2013-cü ildə prezident seçkilərində jurnalist Eynulla Fətullayevi prezident seçdirəcəm və özüm də  Vəkillər Kollegiyasının sədri olacam. Bu şikayət əsasında Vəkillər Kollegiyası mənim fəaliyyətimi araşdırır”, - o bildirib. 

Onun sözlərinə görə, Vəkillər Kollegiyası onun fəaliyyəti ilə bağlı sənədlər tələb edib . “Bu isə “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna ziddir. Çünki qanuna görə müştərilərlə və vəkillik fəaliyyəti  ilə bağlı məlumat vəkillik sirri sayılır. Mən, Vəkillər Kollegiyasının münasibəti  ilə bağlı ölkə prezidentinə, Prezident Administrasiyasının rəhbərinə və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə müraciət etmişəm”, - vəkil vurğulayıb. 

Elçin Sadıqov bir qayda olaraq məhkəmələrdə jurnalistləri müdafiə edib. “Azadlıq”  qəzetinin müxbiri Aqil Xəlili müdafiə edən zaman 2008-ci il aprelin 4-də məni 19 saat 40 dəqiqə Milli Təhlükəsizlik Nazirliyində saxlayıblar. 2010-cu il  aprelin 1-də jurnalist Eynulla Fətullayevin işi ilə bağlı MTN-ə çağırılmışam. 2011-ci ilin aprelində guya bir müştərimin telefon zənginə cvab vermədiyimə görə barəmdə intizam araşdırması başlayıb və sonra şikayətçi şikayətindən imtina edib. Bu il sentyabrın 16-dan isə Bayram Əliyev adlı şəxsin şikayəti əsasında barəmdə  intizam araşdırmasına başlanıb.  Dəfələrlə jurnalistlərin hüquqlarını müdafiə etdiyimə görə xəbərdarlıq edilmişəm”, - o bildirib. 

Xatırladaq ki, Azərbaycanda yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər cinayət işlərini müdafiə etmə hüququna malikdir. Vəkillərin vəkillik fəaliyyəti ilə bağlı icazə hüququna malik ikinci təşkilat mövcud deyil. Vəkillər Kollegiyası isə son illərdə jurnalistlərin və  müxalifətdə olan siyasi fəalların hüquqlarını müdafiə edən vəkilləri müxtəlif şikayətlər əsasında kollegiyadan xaric edib. Belə ki, son zamanlar bu siyahıya vəkillər Elçin Namazov, Xalid Bağırov, Arzu Alıyeva, Həzi Məmmədov, Akif Məmmədov, Namizəd Səfərov, Lətifə Əliyeva və digərləri  daxildir. 

Vəkillər Kollegiyasının fəal vəkillərə qarşı hərəkətləri son zamanlar  beynəlxalq qurumlar, o cümlədən bir sıra demokratik ölkələr tərəfindən tənqidə məruz qalıb. 

Qabaqcıl beynəlxalq praktikada vəkillik institutu müstəqil fəaliyyət aparır. Hətta alternativ istintaq hüququna malikdir və məhkəmələr bu istintaqı tanıyır. 

Vəkillik lisenziyasını isə ictimai təşkilatlar deyil, ədliyyə qurumları verir. Məsələn, Amerikada hər ştatın ədliyyə sistemi  onun qanunvericiliyini dərindən bilən hüquqşünaslara imtahan əsasında vəkillik lisenziyası verir. Azərbaycanda isə mütərəqqi praktika hələ ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı test imtahanlarıdır. Çünki artıq hökumət institutları da bu komissiya vasitəsi ilə apardıqları testlərdən müvəffəqiyyət qazanmış kadrlara üstünlük verir.               

Xatırladaq ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 738 nəfərdir.  Bakı şəhərində Vəkillər Kollegiyasının 25 qurumu, rayonlarda isə 16 vəkil qurumu fəaliyyət göstərir.  2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2011-ci il iyunun 26-da keçirilən yazılı test imtahanında sənəd vermiş 605 nəfərdən 531 nəfəri iştirak edib. Bunlardan 177 nəfəri ixtisas imtahanının 1-ci mərhələsini keçib.
XALİD BAĞIROV VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB
Bu gün (10 oktyabr) Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə vəkil Xalid Bağırovun 1 il müddətinə kollegiyadan uzaqlaşdırılmasına dair Vəkillər Kollegiyasının 24 avqust 2011-ci il tarixli qərarından verdiyi iddia üzrə məhkəmənin hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı X. Bağırov, nümayəndəsi Elçin Namazov və cavabdeh tərəfdən isə Quliyev Feruz iştirak edirdilər.

X. Bağırov və nümayəndəsi E. Namazov cavabdeh tərəfin nümayəndəsinə verilmiş etibarnamənin VK tərəfindən deyil, Rəyasət Heyəti tərəfindən verilməsini əsassız hesab edilməsini və buna səbəb kimi iddianın VK-ya qarşı qaldırıldığını bildirdilər.

Cavabdehin nümayəndəsi buna etiraz edərək, əsassız olduğunu məhkəməyə bildirdi.

Hakim E. Hümbətov cavabdehin nümayəndəsinə növbəti proses zamanı VK-nın etibarnaməsinin məhkəməyə təqdim edilməli olduğunu bildirdi. Hakim eyni zamanda hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun müstəqil tələb irəli sürərək 3-cü şəxs qismində prosesdə iştirak etmək barədə məhkəməyə ərizə təqdim etdiyini dedi.

Daha sonra iddiaçı və nümayəndəsi vəsatət qaldıraraq, iddianın təminetmə tədbiri kimi məhkəmənin rəyasət heyətinin qərarının icrasını dayandırılması məhkəmədən xahiş edərək, buna əsas kimi işə mahiyyəti üzrə baxılana qədər bir il müddət keçə biləcəyini ondan sonra iddiaçının xeyrimə çıxacaq qərarın əhəmiyyətsiz ola biləcəyini dedilər.

Müşavirədən qayıdan hakim E. Hümbətov vəsatətin və hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun müstəqil tələb irəli sürərək 3-cü şəxs qismində prosesdə iştirak etmək barədə məhkəməyə ərizəsinin təmin edilmədiyini, prosesin 3 noyabr saat 12:00-a təyin edildiyini elan etdi.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə  15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə   Vəkillər  Kollegiyası  Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə