Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi



Yüklə 0,67 Mb.
səhifə1/9
tarix19.11.2017
ölçüsü0,67 Mb.
#11270
növüYazi
  1   2   3   4   5   6   7   8   9

Şureddin MEMMEDLİ

Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi

shureddin@gmail.com


BORÇALI KARAPAPAKLARI: TARİHİN DOLAMBACLARINDA
(Azeri Türkçesinde)

Şurəddin MƏMMƏDLİ

Prof. Dr.; Gürcüstan Milli Akademiyasının həqiqi üzvü



BORÇALI QARAPAPAQLARI: TARİXİN DOLAMALARINDA


Müəllifin 1997 ilində yayınlanmış "ALIN YAZIMIZ" kitabı əsasında hazırlanmışdır.



Bu elektron kitab Gürcüstan Respublikasının Kvemo (Aşağı) Kartli deyilən bölgəsinin – Azəri Türkləri daha çox və yığcam ya­şayan Borçalı'nın keçmişinə, dünəninə, bugününə, başqa deyişlə, Gürcüstan Azərilərinin tarixinə, etnoqrafyasına, mədəni-sosyal-iqtisadi yaşamına ayna tutur.


YAZARDAN

Elmi tədqiqlərimdə də, publisistik məqalələrimdə də, lirik əsərlərimdə də doğma dədə oçağımız, ata yurdumuzun da obrazı, müqəddəs həniri var. Öz içimdə və dost-tanışların istəyilə ilgili olaraq, qan yaddaşımızı çözələməyə ehtiyaç duydum və ulu baba-nənələrimiz, ata-analarımız beşiyi olmuş, bu gün bizim ömrümüzdən keçən ata yurdumuzun, yurddaşlarımızın tarixi taleyinə – alın yazımıza güzgü tutmaq diləyilə, hər çür iddiadan uzaq xoş niyyətlə bu əsəri üzə çıxartdım. Kitab yurd tarixinə bir baxış, vətən sevgili içmal içərikli olduğuna görə bilərəkdən ətəkqeydlər də vermədim. Burada hər olqunun / faktın arxasında danılmaz gerçəklik durur. Ən çox bəhrələndiyim məhz Gürcü qaynaqlarıdır.

İÇİNDƏKİLƏR:

> Borçalı Deyəndə...

> Onaltıncı Yüzil

> Onyeddinci Yüzil

> Onsəkkizinci Yüzil

> Ondoqquzuncu Yüzil

> İyirminci Yüzil

> İyirmibirinci Yüzil


...EHEY, ULU TARİXİM, QAN YADDAŞIM! NƏ QƏDƏR SİRLİ-SEHİRLİSƏN!..

BORÇALI DEYƏNDƏ...

▬▬▬▬▬▬▬▬▬▬▬▬

B o r ç a l ı d e y ə n d ə bu gün Gürcüstan'ın Kvemo (aşağı) Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi rayonları, habelə Qardabani, Tetrisxaro, Zalqa rayonlarının müəyyən qismləri, qismən də yörələr nəzərdə tutulur; başqa sözlə, bu gün 41°48`–40°16` quzey, 61°10`–62°47` güney qütb qurşaqlarındakı, Güney Qafqaz'ın mərkəz hissəsindəki Kürüstü qarışıq Boşşalı çökəyi, Ehrəm–Maşaver–Bolus yönləri, Başkeçid və Ərcivan yaylaqları düşünülür.

Borçalı çökəyinin mərkəzi Sarvan dəniz səviyyəsindən 516 metr hündürlükdədir. Ən uca dağ zirvəmiz dəniz səviyyəsindən 3053 metr hündürlükdəki Yemlikli (Şiştəpə) zirvəsidir. Əyriqar (İrcan) zirvəsinin ucalığı 2976, Dəvəqıran zirvəsinin ucalığı 2821, Ərcivan-Cəmcəm'in ucalığı 2757, Ləlvər'inki 2558, Lök'ünkü 2145, Eldağı'nkı 852, Yağılca-Ağburun'unku 766 metrdir.

Yurdun sınırları içində Kür, Alget, Ehrəm, Şüləver, Dəvəd, Bənöyşə, Maşaver, Oruzman, Pinəzər, Mahmudlu, Qarabulaq, Bolus-Kəpənəkçi çayları axır, armudlu gölü, çoxlu suvarma arxları var.

Ərazinin çox qismi Kiçik Qafqaz'a aid sıra dağlar, qismən meşələr, qismən də otlaqlardır. Üç tərəfdən ormanlı dağlarla əhatələnib.

Torpaq münbitdir, bəhrəlidir.

İqlim kontinentaldır, yayda aranda isti, dağda sərin, qışda aranda soyuq, dağda şaxtalıdır.

Dəmir filizi, əlvan metallar, barit, litoqraf daşı, əhəng daşı, mərmər, bazalt, tuf, habelə mədən suları, müalicə otları baxımdan zənginlikdir.

Əhali baxımdan qələbəlikdir. Çoxluğu Azəri-Qarapapaq Türkləri oluşdururlar.

... B o r ç a l ı d e y ə n d ə bu gün təsbeh kimi düzülüb, halallıqla ömür sürən ellər, şölələnən ocaqlar, qurub-yaradan yurddaşlar göz önündə canlanır.


ƏZƏL QAYNAQLAR

▬▬▬▬▬▬▬▬▬▬▬

Yeraltı layların dəlilləri, minillərin o üzündə çatılmış ocaq yerlərinin üzə duran gerçəkləri – qazıntı (arxeoloji) tədqiqlər yurdumuzda çox-çox əzəllərdən yaşayış olduğunu təsdiqləyir.



Bəşərin ən qədim mədəni-tarixi dövrü olan, ibtidai icma quruluşunun önəmli qismini təşkil edən daş dövrünə, onun qədim çağı paleolit (qabadaş) dğvrwni, onun da erkən mərhələsinə – 100 min il öncələrdən o yana aid Dmanis qəsrinin ərazisində ən alt layda heyvanlar aləmindən div, kərkədan, qurd (canavar), ayı, vaşaq (çölpişiyi), bəbir, maral, çüyür, keçi, dağsiçanı, habelə dəvəquşunun vulkanik çöküntüləri, özəlliklə də iki milyon ilə yaxın “yaşı” olan, Avropa və Asiya qitələrində ən qədim insanın alt çənəsi, onun 16 dişi tapılıb; orta paleolitə – 100-35 min il öncəyə şamil edilən Zop zağa düşərgəsində (Bənöyşəsuyun sol qırağında) əhəng yığımı çöküntülərinin təhlili bu civarlarda kərkədan, at, uzunqulaq, keçi, süzənquşu olduğunu görsədib: obsid daşından (dəvəgözüdən – tünd şüşəyə bənzər vulkanik süxurlardan), çaxmaqdaşıdan, nukleusdan (daş lövhələrdən) əl çapacaqları, dişli alətlər, tiyə, balaca oxlar ərazidə ibtidai adamların ovçuluqla, meyvə-giləmeyvə yığımıyla məşğul olduqlarına dəlalət edir; gec paleolitə – 35-10 min il öncəyə aid Qarabulaq düşərgəsində kiçik üçbucaqlar, dördbucaqlar, balaca daş lövhələr, daş ərsinlər (kürəciklər) burada ibtidai əkinçiliyə zəmin yaranmış olduğuna tanıqlıq edir; daş dövrünün son aşaması olan neolit (cilalı daş) dövrünə – miladdan öncə (m. ö.) 7-5-ci minillərə aid tapıntılar burada heyvanların əhliləşdirildiyinin, dənli bitkilər becərildiyinin nişanələridir.

Eneolit (daş-mis, erkən əkinçilik) çağından – m. ö. 5–4-cü minillərdən qalmış Qaçağan, Arıxlı, Zop, İmir, Şüləver, Sarvantəpə, Qasımlı, Sion, Əzizkənd məskənləri arxeoloji zənginliyilə seçilirlər. Qazıntı örnəkləri bir-birinə uyar olan bu məskənlərdə keramikadan (saxsıdan), gildən (o sıradan ba­zalt qatışıq gildən) qablar, obsid daşından, çaxmaqdaşıdan, adi daşdan, sümükdən, buynuzdan (daha çox maral buynuzundan) ibtidai alətlər – kəsicilər, ərsinlər, isgənələr, tiyələr, xırda oxlar, ox ucları, sıyırqalar, burğular, dənəzənlər, həvənglər, çəki daşları, bülöy daşları, çəkiclər, qazmalar aşkarlanıb. Özəlliklə, Arıxlı'da yabanı yazlıq buğda, yabanı darı, Şüləver'də üzüm çəyirdəyi, Qaçağan'da çiy kərpicdən, Arıxlı'da tökmə palçıqdan dairəvi möhrədamlar, İmir'də çiy kərpicdən künbəzşəkilli tikili, ondan bir az aralıda gil soba, ikigözlü ev, dairəvi həyət hasarı, Şüləver'də kiçik su quyuları, himsiz, eşikdən gillə suvanmış evlər, bu evlərdə qapı-pəncərə oyuqları, içəridə buxarı, qıraqda təndir, fırın, Zop zağasında torpaqdan daxmaların döşəməsi burada var olmuş yaşam tərzi haqqında bəlirli fikirlər söyləməyə, örnəyin, el-yörük halında dolanacağın var olduğunu, oddan ya­rarlanıldığını söyləməyə ipucudur. Həmçinin Şüləver'də oyma naxışlı saxsı qablar, maral buynuzundan naxışlı bizlər, qaşıqlar, pardax bıçağı, cilalanmış lüləşəkilli quş sümüyü, sümük və buynuz bilərziklər, İmirdə çəhrayı rəng yelənində tünd qırmızı zolaqları olan, qırmızı-qara boyaqlarla torşəkilli süslənmiş saxsı qırığı, pardaqlanmış çaxmaqdaşıdan balta, isgənə, maral buynuzundan külüngəoxşar naxışlı alət; Mamay yörəsindəki Yaşıltəpə'də zəngin bəzəkli, açıqça süjet qurumlu xətlər; Arıxlı'da, Qaçağan'da maralın şaxəli buynuzundan naxışlı alətlər o çağlar yurddaşlarımızın incə zövqlü olduqlarına tanıqdırlar. Qaçağan'da kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri, Arıxlı'da çınqıldan Günəşə, Aya bənzər biçimdə qadın-ana başı heykəlciyi, Şüləver'də yumru çaxmaqdaşıların üzünü qəlpələməklə düzəldilmiş (makrolit) qadın-ana heykəlçiyinin köksündə həyat ağacının ifadəsi olan xətlər – tarixçi-arxeoloq Tariel Çubinişvili'nin zənnincə, bərəkət ilahəsi (bizcə, həm də həyat, ana torpaq ilahəsi); İmir'də yanmış gildən iki qadın-ana heykəlciyi ifadəliyi, həyatiliyilə diqqəti çəkən incəsənət inciləri olmağın yanı sıra, o dövr yurddaşlarımızın dünyagörüşünün təcəssümü kimi də önəmlidir. Çünki, Y. V. Çəmənzəminli'nin yazdığı kimi, əski təsəvvürlərə görə qadın yerdə Günəşin timsalıdır. Deməli, bu qadın-ana heykəlcikləri qədim Türklərin Göy-Tanrı inancının – göydə Günəşə, yerdə qadına ilahə kimi tapınma inancının izi ola bilər. Yaşıltəpədə tapılmış gil, saxsı qablar üzərindəki süjet qurumlu deşmə-noyşəkilli xətlərlə, həndəsi naxışlarla ulduzların, Günəş, Ay şüalarının təsvirində də Göy-Tanrı inancının izlərini düşünürük. Zop'da, Arıxlı'da gildən öküz heykəlcikləri, Dəmirqaya'da mineral boyaqla keçi, maral, ilan təsvirli ibtidai incəsənət abidəsi də buralarda bir yandan əkinçiliyin, maldarlığın, ayrıca dulusçuluğun, nəqqaşlığın gəlişmiş olduğunu, bir yandan da həmən heyvanlara rəğbət bəsləndiyini, m. ö. 6–4-cü minillərə şamil olunan Sarvantəpə'nin ən alt layında parça qalıqları o çağlarda bu civar­larda toxuculuq, əyiriciliyin, qoyunçuluğun yayıldığını soraqlayır.

Erkən tunc çağında – m. ö. 3-cü minildə Kür'lə Araz arasında yayılıb min il davam etmiş arxeoloji kültü­rün ilgin yadigarları yurdumuzdakı bir çox tapıntılardan da bəllidir. Belə ki, Arıxlı'da çınqıldan insan sifəti təsvirli fiqur, Şüləver'də saxsıdan qara rəngli, süjet qurumlu naxışlı qablar, İmirdə dağınıq qəbirlərin naxışlı qabları, Ağkörpü yaxınındakı Uçuqtəpə'də torpaq qəbirlərdə iri, zəngin naxışlı qapaqlı kuzə, bardaq, kasalar, Sadaxlı'da Günəş, şüa rəmzli süs ünsürləri, Şüləver'lə Saraclı ara­sında saxsıdan qara pardaqlı, əzmə naxışlı, göy cismləri təsvirli qablar, Şüləverdən günbatarda bağlar içindəki kurqan (gorğan, gorxana) qəbirlərindən birində rəngarəng bəzəkli əşyalar, Sarvantəpə'də quyu kurqanlarda metaldan naxışlı əşyalar, Qızılhacılı'da tunc balta, Kazret'də boz gildən çəhrayı rəngli, qulplu bərnilər, kuzə, kasa, bardaq, Bala Muğanlı'yla Tamaris arasında daş sərdaba içində ovxalanan daşdan, gildən bəzəkli-naxışlı qablar məhz Kür–Araz mədəniyətinə məxsusdur.

Orta tunc çağına – m. ö. 3-ci minilin axırlarıyla 2-ci minilin ortalarına aid Şüləver, İmir. Aşağı Saral yörələrində doqquz kurqan, Balıc'da daş sanduqə qəbirlər aşkarlanmışdır. Qəbir əşyalarından Şüləver'də tunc xəncər tiyəsi, gil qədəh, kasalar, küpə, İmir'də mərkmüşlü (arsenli) tuncdan alət və yaraqlar, Saral'da dördkünc biz, mərmərdən toppuz, Balıc'da qara saxsı qablar önəmlidir. Son tunc çağına – m. ö. 2-ci minilin ortalarından I minilin əvvəlinəcən və erkən dəmir çağına– m. ö. 9–7-ci yüzillərə aid Sadaxlı, Arıxlı, İmir, Şüləver, Sion, Qarağac (Kazret yaxınında), Qantiadi (Qələmçə), Çopurallar, Bolnis, Dmanis, Soğanlıq, Birlik, Nəzərli, Çatma (Qarayazı ərazisində), Darbaz qəbir abidələrinin arxeoloji örnəkləri var. Önəmlidir ki, həmən çağların qiymətli maddi mədəniyət örnəklərinin bəlirli qismini bilicilər (O. Caparidze, Q. Avalişvili, M. Pirsxalava, M. Menabde, T. Kiğuridze, K. Qosadze, S. Davlianidze, M. Sinauridze və b.) o vaxtlar buralarda Türkdilli Bizər (Bozər, Börər), Sak (İskit, İşquz, Skif) tayfalarının yayılmağıyla ilgiləmişlər. Arıxlı'da tapılmış “Ana­dolu keramikası”ndan saxsı qablar Quzey Anadolu dağlarında, Qaradəniz sahillərində yaşadıqları, m. ö. 8-ci yüzildə Kür boyunda Odzrax (Özərək, Bozərək) qəsrini də tikdikləri düşünülən Bizərlərə aid edilir. Bu ərazidən arxeoloji tapıntılar arasında Sak tipli örnəklər daha çoxdur. Şüləver kurqanında, Sion zağasında, Kazret'də, Arıxlı'nın quzeyində qayalı yarğanda, Qomaret (Gümərli), Qantiadi, Çopurallar qəbirlərində üzə çıxmış tuncdan ox ucları, döyüş baltaları, sümük, tunc və dəmir üzəngilər, tunc bıçaq uçları şəksiz olaraq Sak tipli hesab edilir.

Antik dövr – m. ö. 5-ci yüzildən miladın 1-ci yüzilinin başlarınacan olan dövr arxeoloji abidələrimizdən hələlik bir neçəsi açılmışdır. Şüləver, Kazret, Çatax məskənlərində kəsik daşlardan, əhəng piltələrdən dördkünc daş sərdaba (sanduqə) biçimində hörülmüş qəbirlərdə gildən qırmızı boyalı, cilalanmış, qırağı haşiyəli qablar, gümüş, tunc, dəmir bilərziklər, sırğalar, üzüklər, toqqabəndlər, çoxlu əqiq və zər muncuqlar, göy şüşədən damğa-möhürlər, dəmir bıçaqlar, nizələr, ox ucları, həmçinin m. ö. 1-ci yüzilin ortalarına aid Parf padşahlığının və Roma dövlətinin pulları əldə edilmişdir.

Soykökümüzün əsas boylarından, Nuh'un oğlu Yafəs nəslindən Kimmər, Sak elləri m. ö. 8–7-ci yüzillərdə Qafqaz quzeyindən güneyinə gəlib Urmu gölü yörələrində, Kür-Araz ovalığında xanədan quran vaxtlar bizim bu tərəflərə də yayılıblar.



Sözgəlişi: Sakların Qafqaz güneyinə gəlişi tarixi Gürcü xronikasında m. ö. 625-ci ildir.

Türk tarix bilgini Z. V. Toqan: "Saklar m. ö. 665-ci ildə Assur kitabələrində adı Qoqu vəya Qoq şəklində çəkilən hökmdarın yönətimiylə Kür çayını keçib Gəncə'nin günbatarında, təzə yurda Qoqaren adı verdikləri yerdə yerləşdilər". Qoqaren (Göyərən) Strabon'un coğrafya əsərində də anılmışdır və həmən Göyərən'i İvane Cavaxişvili indiki Borçalı'nın güney sahəsi, A. Q. Qrek indiki Borçalı–Axalsıx bölgəsi saymışlar. Salnaməçi Aqafangel Göyərən'də Məskutların (Massaketlərin) sakinləşdiyini xatırlamışdır, müəllifi bəlli olmayan "ცხოვრება ქართველთა მეფეთა" - "Tsxovreba Kartvelta Mepeta" ("Gürcü Şahlarının Yaşamı") salnaməsində Türklər adıyla 28 ailəlik tayfanın Msxet'də (bəlkə Məskutlarla ilgilidir) yerləşdiyi, İberlərlə dost ortamda yaşa­dığı, Sərkin qəsrini tikib şenləndirdiyi soraqlanır. Sözgəlişi: Strabon Saklarla İberlərin “qonşu və qohum olduqlarını” bildirmişdir, tarixçi İ. Çavaxişvili yazmışdır: "Sak-Sarmat tayfalarıyla Gürcülərin genetik qohumluğu var, bunu linqvistik təhlillə də təsdiqləyirik"; xatırladaq ki, İvə adlı qədim Türk tayfası da olmuşdur.

M. ö. 330-lu illərdə fateh Məqdunyəli İsgəndər'in İberyə'yə yürüşləri xüsusunda Gürcüce eski çağları anlatan "მოქცევაი ქართლისაი" – "Moktsevai Kartlisai" ("Gürcüstan'ın Dönüşü") salnaməsində oxuyuruq: "Şah İskəndər ən öncə Kür axarı boyunca dörd qəsrdə (Sərkin, Kaspi, Örbənis, Özərək) və onların yörələrində yaşayan qəzəbli Buntürklərə rast gəldi, heyrətləndi, onlarla mücadələyə qadir olmadığını düşünüb uzaqlaşdı. Bu zaman Haldeylərdən aralanmış döyüşkən Hon tayfaları gəldilər, Buntürklərin hökmdarından bac hesabına yer istəyib Zanavda sakinləşdilər. Bir sürə keçəndən sonra İskəndər qayıtdı, bütün yer üzünün şahı bu üç şəhəri və qəsri dağıtdı, Honları qılıncdan keçirdi... Sonra Sərkin'i aldı, çəkilib getdilər". Başqa bir Gürcü qaynağından – Leonti Mroveli'nin (Mrovlu'nun) xronikasından: “İsgəndər Kür qırağında Buntürkləri və Qıpçaqları gördü, Sərkin'də yaşayan Buntürklər şahı töhmətlədilər... Sərkinlilərə ağır idi, çünki on bir ay vuruşdular. Xəlvətcə qayayı deşdilər... Gecə keçidə yığılıb Qafqaz'a qaçdılar, viranə şəhər qoydular. Onlardan sonra yenə də Haldey tayfaları gəldilər”. L. Mrovlu onu da soraqlayıb ki, Gürcülərlə Türklər bir-birinə dəstək amacıyla birləşdilər. Bunlar “Gürcü Şahlarının Yaşamı” salnaməsində də təkrarlanmışdır. (Sözgəlişi: Nizami Gəncəvi də bildirib: “Tiflis'i ilk abad etmiş İsgəndər”).

Süryani yazarı Katina Göyərən qonşuluğundakı Kol bölgəsinin güneyinə m. ö. 2-ci yüzildə Bulqarların gəlişini nəql etmişdir, xronikaçı Movses Horenli (Musa Hörənli) həmən yüzili öngörərək yazmışdır: “Qafqaz sıra dağlarında Bulqarlar torpağından rüzgar əsdi, o torpaqdan bir çoxları ayrılıb bizim torpağa gəldilər, uzun sürə Koldan güneydə barlı-bəhrəli, bol taxıl yetirən yerlərdə yurdlaşdılar”. Həmən salnamədən bəlli olur ki, m. ö. 153–131-li illərdə Ormansız Basean adlı yurda Bulqar sərvəri Vahandur Vənd Türk ocaqları köçürdü. (Vahandur'u “Dədə Qorqud”dakı Bayandur zənn etmək olar).

Saklar içində Bərç, Parallı, Bulqarlar içində və ayrıca Barsıllar adlarıyla buraya gəlmiş ellərlə indiki Borçalıların etnotarixi, boy-soy bağlılığını Türk tarix bilgini Zəki Vəlidi Toqan, Azərbaycanlı tarixçi, ictimai xadim, 1918’də Azərbayçan Demokratik Cümhuriyətinin qurucularından biri olmuş, sonra mühacir etmiş Mirzə Bala Məmmədzadə, Türk tarix bilgini Məhmət Fahrəttin Kırzıoğlu, Azərbaycan alimi Qiyasəddin Qeybullayev və başqaları duymuşlar. Z. V. Toqan (“Umumi Türk Tarihine Giriş”, İstanbul 1946): “...bu qəbilənin (Barsılların) önəmli bir qismi bu gün orta Kür irmağı sağında əski Qoqaren ölkəsinin doğu qismində Borçalı təsmiyə olunan sancaqda Borçalılar adıyla yaşamaqdadırlar”; Mirzə Bala (“Azərbaycan Tarixində Türk Albanya”, Ankara, 1951): “Miladdan çox-çox əvvəl, hər halda Sakların m. ö. 7. əsrdəki axınları zamanı gəlmiş olduğu güclü təxmin edilən bu Barsıllar bugünkü Borçalıların əçdadı idilər”; M. F. Kırzıoğlu (“Karapapaklar”, Ərzurum 1972): “Kü­r'ün güneyində və Gəncə ilə Ahılkələk (Cavaxet) arasında bulunan ekiz boy Borçalı-Qazaxlardan Borçalı-Barsılların Debed də deyilən Borçalı çayı boylarında yerləşərək buralara adlarını verdikləri bəllidir”; Q. Qeybullayev (“Azərbaycanlıların Etnogenezinə Dair”, Rusca, Bakı 1991): “Bulqarların bir qismi kimi Basillər (yaxud Barsillər) sonralar Qıpçaqlar arasında Burçoğlu biçimində bəllidir və Borçalı toponimi də bundan doğub”; Abbas Abdulla: “Bu ulu dədələrimizin mübarək ismi bu mübarək torpağın adında yaşayır. “Borçalı” sözü Barsillər – Borocoğluları Qarapapaq Türklərin adından götürülmüşdür”...

Bu civarlara Barsılların gəlişi haqqında Süryani (Assur) yazarı Bar Daysan'ın yazdıqlarından yarar­lanmış M. Hörənli belə soraqlamışdır: “...dağlılar yığımları – Xazirləri və Barsilləri nəzərdə tuturam – birləşib özlərinin şahı Nəsib Söhrab'ın sərkərdəliyilə Cor qapısından bəri aşdılar, Kür çayını keçib onun bu yanına dağılışdılar. Valarş çoxlu cəsur igidlə onların qənşərinə çıxıb yığımlarını pərən-pərən saldı və onların izinə düşüb Cor vadisini adladı... Fəqət sonra Valarşı həmən axınçıların mahir oxçuları öldürdülər”. Bunları başqa xronikaçılar da təkrarlamışlar. Adıkeçən Valarş'ın (Bala Ərşah'ın) mənsub olduğu Ərşah (Arşak, Arsak) sülaləsinin Xəzər gündoğarındakı Parı boyundan gəlib Xorasan tərəflərdə hakimlik etmiş qədim Sak Oğuzlarından törədiyi M. F. Kırzıoğlu'nun, M. Seyidov'un, V. Həmidoğlu'nun araşdırmalarında isbata yetirilmişdir. Xatırladaq ki, bu sülalənin padşahlıq etmiş olduğu Ərmənyə adını Süryanicə uca dağlar məkanı götürənlər də var) və Ərşahlar üzərinə həmən basqın tarixi həm sülalənin qurucusu Böyük Ərşah Pəhləvan'ın qardaşı I Bala Ərşah'ın ölüm ili – m. ö. 127-ci il, həm də II Bala Ərşah'ın ölüm ili – miladın 193-cü ili qəbul etmək olar. Bunu L. Mrovlu'nun salnaməsi dəqiqləşdirir: “Şah Bartom Kartli'nin bütün igidlərini top­ladı. Ərməniyə'dən qoşun çağırdı. Mirvan gəlib Berduci çayı qırağında düşərgə qurdu. Vuruşa baş­ladılar və hər iki tərəfdən Bumberazlar peyda oldular. Bir ay hər gün bumberazların vuruşu oldu, gah bu, gah da o tərəf yendi”. Cəngavər obrazı kimi şərh edilən, pəhləvan anlamıyla Gürcücənin söz dağarcığına keçmiş Bumberaz da, bizcə, Buntürk sayaq etnonimdir, onu Börazlar (Barsıllar) kimi də düşünmək olar və salnamadən görürük ki, onlar muzdlu olaraq həm bu, həm də o tərəfdən vuruşmuşlar. Xatırlanan Bartom Fərnavazlar sülaləsindən Ərtək oğlu Baratman M. ö. 65-ci iləcən, yenə həmən sülalədən Mirvan (Mihran) m. ö. 1-ci yüzilin sonlarında İber hakimi olmuşlar. Deməli, Barsıllar m. ö. 1-ci yüzildə buralarda çövlan edirmişlər.

Qaynaqlardan Barsılların miladdan sonra 3-4-cü yüzillər aşırımında geniş bir axınla güney, gündoğar, günbatar səmtlərə yayıldıqları, İber bəyi Mihran üzərinə yürüdükləri, 48 minə yaxın dustaq (əsir) götürdükləri bəlli olur. Barsılları “Ərməniyə'yi təlaşa salan quzey xalqları” deyə anmış Alban salnaməçisi Musa Qalankətli onların Ərşahlı şahı Təridat'ın ləşgərilə savaşını belə yansıtmışdır: “Barsılların şahı onunla çarpışdı, üstünə kəmənd atdı. Ancaq onu yıxa bilməyib özü də ikiyə paralandı... Orda Təridat çoxlu girov götürdü və quzeyliləri öz ordusuna qatıb İran şahənşahı II Şahpur'un üzərinə hücum etdi”. Bu savaş Hörənli'yə görə, Qarqar çayı ovasında gedib (Abbasqulu Ağa Bakıxanlı Barsıllar-Bəslaslar şahının adının Qatargün olduğunu bildirmişdir). Tarix bilginləri bu olayın 215-ci (yaxud 216) ildə baş verdiyini qeyd etmişlər. Barsılların bu yörələrə kütləvi şəkildə axınları məhz o dövrdə olmuşdur, ona görə də M. F. Kırzıoğlu Kür–Araz boylarında Borçalı–Qazax ekiz uruğunun yaşını həmən vaxtdan götürmüşdür. (Sözgəlişi: M. F. Kırzıoğlu belə zənn etmişdir ki, Xazir-Barsıllarla vuruşmuş Bala Ərşah Dədə Qorqud oğuznamələrindəki Ulaş'dır, III Təridat çağında Xazir-Barsıl boylarının birgə axınları, Taron–Borçalı bölgəsindəki iki savaşı “Ulaş Oğlu Salur Qazan” boyunda geniş bir şəkildə təsvir olunub). Aqafangel'in salnaməsindən aydınlaşır ki, 225-ci ildə Hun topluluğuyla tanınan Xazir və Barsılları şah Xosrov muzdla tutaraq, Sasanlılara qarşı çıxmışdır; M. Hörənli, Ə. Xurdazbeh Kürün güneyində Sasanlılara tabe Burçan ismində bir məliyi anmışlar və Z. V. Toqan bunu Farsca Burç adının cəmi (Burçlar) güman etmişdir; M. Qalankətli Alban valiləri nəslinin “Xosrov'un vaxtında Basil ölkəsindən gəlmiş mərd adamla qohumlaşdığını” soraqlamışdır; Barsıllarla İber şahı Parsman, İber-Alban şahları Varazlar arasında da yaxınlıq duyulur.

Barsıl etnonimi etnolinqvistik tədqiqlərdə gög (boz) qurd-canavar anlamlı börü, eləcə də pələng (bəbir) anlamlı bars kəlmələriylə ilgilənir. Qeyd edək ki, bilginlər (o sıradan Kamil Vəliyev və b.) Türk söyləncələrində / əfsanələrində dişi, anaş börünün həm də börcə, börcü deyə anıldığını bildirmişlər; deməli, Barsıl (Börsoylu) – Borçalı etnoniminin kökündə qədim Türklərdə çeviklik, cəsarət, qeyrət simgəsi olmuş, Tanrı'dan güc almış börü, börcə (börcü) dura bilər.

Qaynaqlara görə, Barsıllar Tanrı'ya inanc bəslər, Günəş, qadın ilahilərinə qurban kəsər, oda və suya tapınar, Qaman-Şaman əqidəsinə qulluq edərmişlər, çox sərrast ox atarmışlar, xanədan, el halında güzəran sürdürmüşlər, at minməyə güclü meyl görsədər, sincab və dələ xəzi, mexi satmaqla məşğul olar, qurut düzəldər, inək, dəvə, madyan südünün qımızını da içər, əti, balığı suda bişirib yeyərmişlər... Qədim tarixyazarların oxşar adlarla xatırladıqları Barsılların Sak dövlətini, sonra Hun xaqanlığını, Xəzər (Gəzər, Xasər) xaqanlığını, Sarmatya məmləkətini oluşdurmuş boy və oymaqlardan biri olduğu qaynaqlardan aydınlaşır. Rəvayətə görə, Bulqar (Bunqar), Xazir və Barsela (Barçola) adlı üç qardaş, ayrıca başqa yeddi soy bir atadan törəmişlər. Salnaməçilər (Bar Daysan, M. Hörənli. P. Panit və b.) Xazirlərlə Barsılları ekiz boylar deyə anmışlar; Müsəlman yazarlar (Yaqut Həməvi, Dəst oğlu və b.) Barçola, Barsol, Borsula deyə andıqları bu boyu Bulqarların bir qolu saymışlar. Həm də Sak – Hun – Bulqar – Xəzər cəmlərində Barsıllar hakim mövqe tutmuşlar, onlar “hökmdar Saklar” (Herodot), “şah Sakların ən mərdanə adamları” (P. Panit) olmuşlar. Salnamələrdə, o sıradan A. Şiraklıda bildirilir ki, Xəzər xaqanının xatunu Barsıllar qövmündəniydi. Deməli, Xəzər xaqanları nəcabətcə tən (bab) sayılan qohum Barsıllardan evlənərmişlər və M. F. Kırzıoğlu'nun yazdığı kimi, “Barsılların Xəzərlərdən önçə iqtidarda bulunmuş hökmdar sülaləsini çıxarmış olduqlarını düşünmək olur”. Xəzər'in quzey-günbatarında yerləşmiş, Bizans, İslam salnamələrində Barsəlyə, Bərzilyə, Barşlı, Borşalya, Barçuli biçimlərində xatırlanmış məmləkətin adı Barsıllarla ilgiləndirilir. Habelə İdil (Volqa) Bulqarları rəvayətlərində Baraç, Xəzər xaqanının məktubunda Birsal şəklində yazılanlar da, Y. Həməvi'nin Barşəlyə'yi Arran'da yer kimi qeydə almağı da maraq doğurur.

Salnamələrdən aşkarlanır ki, 4-cü yüzildə Qara Hunlardan Quşan soylu Çənəllər, o sıradan onların bir qövmü Boluslar Daryal səddiylə gəlib Kür qırağında, Orbet (Qartallı) qalası yörələrində məskunlaşmışlar; Ağ Hunlar, Xəzərlər, Barsıllar Kür boyunca yayılmışlar, 330-lu illərdə Məskut (Məsklər) şahı Sanesan (Sanatürk) Barsılların törəmələri sayılan Balasiçlərin yardımıyla Ərməniyəyə basqın etmişdir; 350-li illərdə Sasanlılarla İberlərin birləşmiş ləşgəri Xəzərlərə qarşı savaşmışdır; 5-ci yüzilin başlarında Ağ Hunlar – Abdallar İberlərlə birgə Sasanlılarla mücadilə aparmışlar; 442–445'li illərdə həmən Ağ Hunlar iki alayla Barsılların yeni yurdlarındakı Hunan qəsrində düşərgə salaraq, Ərməniyə'yə və İberyə'yə hücuma keçmişlər; 447–448-li illərdə onlar Kol oymağını da tutmuşlar; hər yerdə Zərdüştlüyü bərqərar etmək istəyən Sasanlıların çağırışıyla 460-cı ildə Daryal'dan keçib gələn Haylantürklər (Onoğurlar), Sarıoğurlar Albanya (Alblar yurdu), Ərmənyə, İberyə'yə həmlələr etmiş, bu ölkələri çapıb talamışlar, Hunan qəsrini özlərinə dayaq nöqtəsi seçmişlər (Hunan indiki Sınıq Körpü yaxınında olmuşdur; M. Qalankətli'nin salnaməsində Hun ləşgərinin düşərgəsi deyə xatırlanan, geçələr ulduz kimi parladığına görə Ulduzlu adını daşıyan təpə də Hunan yanında idi); 481–482-li illərdə İber şahı Qorqasal'ın Kəngərlər oymağında Qızılqaya deyilən yerdə Sasanlılara qarşı üsyanında Barsıllardan 300 atlı da qatılmışdır. (Sözgəlişi: 1975-də Bolus-Kəpənəkçi kəndindən Məhər Əmrah oğlu'nun 459–484-lü illərin Sasanlı pullarını tapıb Gürcüstan Dövlət Muzeyinə verdiyini xatırladırıq).



503-də Barsılların Albanya'yı taladıqları, 515-də Daryal keçidiylə Sabirlərin gəlib buraya çıxdıqları, 520–530 illərində Bizans qeysəri Yustinianın Xəzər xaqanının qızıyla evlənib ondan dəstək umduğu və xaqanın güclü ləşgər göndərdiyi, 552-də Xəzərlərin Albanyayı yendikləri, həmən çağlar Sasanlı hökmdarı I Xosrov'un – Nuşirəvan'ın Barşəl'də Xəzər xaqanıyla qohumlaşdığı, 553-də Dmanis'ə üç min Bulqar köçürüldüyü, 555-də Tiflis yörələrinə Sodaqlardan bir zümrə gəldiyi, yüzilin sonlarında Sabirlərin buralara yayıldıqları, Nuşirəvan'ın Sabirlərdən çox qismini Albanya ilə İberyə sınırlarında, habelə Barsılların tirəsi Bələncərləri Azərbaycan'da və ona yaxın vilayətlərdə yerləşdirdiyi, 576-da Bizanslıların özlərinə əsgəri yardımçı amacıyla gətirdikləri Sabirlərə İberyə'nin sınır ağzında yer verdikləri, bu çağlar Hun, Bulqar tayfalarına, öz soydaşlarına qoşulmayıb Azov sahillərinə Qafqaz quzeyinə getməyən Xəzər və Barsılların bir qisminin Sabirlərlə əsgəri ittifaqa girdikləri qaynaqlardan bəlli olur.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə