Pyes 11 şəkildə İ Ş t I r a k e d I r L ə R



Yüklə 0,51 Mb.
səhifə2/6
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#48922
1   2   3   4   5   6

İKİNCİ ŞƏKİL
Qüdrət Arslangildə qonaq otağı.

 

Q ə m ə r (çox acıqlı içəri otaqdan çxıb, deyinərək). Yox, Turac, heç üz vurma. Çestnoe slovo, qalmaram.



T u r a c (gülümsəyərək). Qəmər xanım!

Q ə m ə r. Məni, bütün şəhərdə məşhur olan bir aktrisanın olduğu yerə çağırmaq. Priqlasit menya v obshestvo s kakoy-to aktrisoy, da eşyo somnitelnoy reputatsiyey. Çox sağ ol, Turac, mən heç gözləməzdim.

T u r a c. Qəmər xanım, siz axı bu adamların laqqırtısına neçin qulaq asırsınız? Mən heç o qızın elə bir adam ola biləcəyinə inanmıram. Siz ikicə dəqiqə onunla danışsanız, özünüz də görərsiniz ki, bütün danışılanlar boş-boş sözlərdir.

Q ə m ə r. Bunu bir adam demir, əzizim, bunu bütün şəhər danışır, aktyorlar, aktrisalar, özləri deyirlər. Deyirlər: teatra ayaq basan gündən oğul-uşağı yığıb başına, elə bir çaxnaşma salıbdır ki, gəl görəsən.

T u r a c. Yaxşı, nə olsun ki, siz uşaq deyilsiniz, Qəmər xanım.

Q ə m ə r. Yox, yox, əzizim, mən əlbəttə, bir o qədər fikir verməyə də bilərdim, no so mnoy ryebyonok, yanımda uşaq var, eşidən nə deyər. Yox, yox, əzizim, mən sizdən çox razıyam, sağ olun.

C ü l ə r. Ay ana! Siz heç mənim üçün qorxmayın. O da yəqin bizim kimi bir adamdır. Bizi yeməyəcəkdir ki. Kimin dalınca danışmırlar?

Q ə m ə r. Ne smey, Qyulər!2 Bəs mənim şlyapam nə oldu?

T u r a c. Qəmər xanım, axı Gülər demişkən, o bizi hop eləyib udmayacaqdır ki.

Siz allah getməyin.

Q ə m ə r. Net, net, milaya! Vallah üz vurma, qala bilmərəm. Deyirlər, o elə bir bəladır ki, haraya ayaq bassa, yəqin bir gurultu çıxartmalıdır. Bunu camaat eşitsə ki, mən onunla bir yerdə oturmuşam... da prosto samoy nepriyatno!3 Gedək, Gülər!

Q ü d r ə t (çıxaraq). Qəmər xanım, siz hara gedirsiniz?

Q ə m ə r. Təşəkkür edirəm, əzizim, balaca işim vardır.

T u r a c. Qəmər xanım Gülsabahla bir yerdə oturmaq istəmir. Səhərdən yalvarıram.

Q ə m ə r. Mən öz uşağımın tərbiyəsini bütün dünyaya dəyişmərəm.

G ü l ə r. Ana...

Q ə m ə r. Ne smey Qyulər, ne bud komsomolkoy4

T u r a c. Qəmər xanım, biz yeddi-səkkiz nəfər adam, onlar iki-üç nəfər, siz heç onlarla danışmayın!

Q ə m ə r. Daje iki-üç nəfər... Nu, Turac... sən istəyirsən ki, mən öz qızımı komsomolkanın yanında oturdum. Daje aktrisa somnitelnoy reputatsiey...

Ö t g ü n (içəridən çıxır). Bağışlayın müəllim, mən sizə zəhmət verdim.

Q ə m ə r. Bəs mənim redükülüm nə oldu?

T u r a c. Bəlkə içəridə qaldı.

 

İçəri keçirlər.



 

Ö t g ü n. Bağışlayın, müəllim. Mənə heç bir şey lazım deyil, mən ancaq özümü yoxlamaq istəyirəm.

Q ü d r ə t. Mən sizin kitabınızı hələ oxuya bilməmişəm, hələ bu gün oxuyuram, əlimdən gələn köməyi əsirgəmərəm.

Ö t g ü n. Kimə verirəmsə, bir əvvəl-əvvəl mənim sir-sifətimə baxır, sonra da kitabın bir o yanına, bir bu yanına baxıb deyir ki: iki gündən sonra gələrsən, cavab deyərik. Sonra da gedirəm, deyirlər: hələ bir qədər işləməlisən. Bilsəm ki, doğrudan yaramaz, başqa bir işə gedərdim.

Q ü d r ə t. Siz arxayın olun. Budur, sizin kitabınız stol üstə, mənim qabağımdadır, oxuyan kimi sizi çağırtdıraram.

T u r a c (içəridən qaçaraq). Qüdrət, mən onu saxlamışam, sən tez gəl oturdaq, yoxsa o qız üçün də yaxşı düşməz. Səs dağılar ki, filankəs filankəslə oturmaq istəməyib getmişdir.

Q ü d r ə t. Bu saat...

T u r a c. Budur, özləri də gəldilər. Buyurun, buyurun!..

G ü l s a b a h. Biz çağırılmamış qonağıq. Desəniz də gələcəyik, deməsəniz də. Xoş gördük, Turac! Tanış deyilsinizsə, tanış olun. Bu Zamandır, bu Bayram, bu aktyordur, bu da rejissor, mən də ki, ikisindən də avara (Qəmər və Gülər gəlirlər. Gülsabah Qüdrətə) Xoş gördük, yoldaş ədib! Nə səliqə ilə geyinmişsiniz... Mən heç sizi bu qədər frant bilməzdim. Siz əvvəl daha sadə idiniz.

Q ü d r ə t. Nə etmək, mən gördüm ki, adamlar adamları paltarla qarşılayırlar. Ona görə də bəzənməyə başlamışam.

G ü l s a b a h. O, köhnə məsəldir. Siz haçandan belə nimdaş fikirlərlə məşğul olursunuz?.. Biz həmişə adamları soyundurub baxırıq...

Q ü d r ə t. Çılpaq?

G ü l s a b a h. Çılpaq.

Q ə m ə r. İzvolte radovatsya!

G ü l s a b a h. Bu qızcığaz kimdir? Nə yaxşı da səhnəlik boyu vardır!

Bantikinə baxın! Təzə parçadan köhnə bantik.

Q ə m ə r. Ona eşyo ne komsomolka i ne aktrisa. Ona v staroy forme.

G ü l s a b a h. A soderjaniye mozqa kakoye: novoye ili staroye?

Q ə m ə r. Bilmirəm, mən ki, doktor deyiləm.

G ü l s a b a h. Eybi yoxdur, zaman özü yoxlar, düzəldər...

G ü l ə r. Siz, pojalyusta, sancaq atmayın. O mənim öz işimdir.

G ü l s a b a h. Nə?

Q ə m ə r. Ne smey, Qyulər, qovorit pri mne i svyazatsya...

G ü l ə r. Mən ondan qorxmuram. İndi ki, belədir, mən getmirəm. mən onunla qalmaq və onunla toqquşmaq istəyirəm.

G ü l s a b a h. Bravo, Gülər, bravo! Toqquşmaq güclü adamların işidir. Ancaq bu bantik ilə toqquşmaq olmaz. Əsrimiz dəmir əsridir, toqquşarkən başı dəmir olmayanların başı çatlayar.

G ü l ə r. Mənim atam dəmirçi deyil, müəllimdir.

G ü l s a b a h. Anan da çərçi.

Q ə m ə r. Gedək, Gülər.

G ü l s a b a h. Düşünmək olar ki, siz mənim gəlişimdən qorxub qaçırsınız.

G ü l ə r. Mən qorxmuram və getmirəm.

T u r a c. Qəmər xanım, siz Allah getməyin!

Q ü d r ə t. Qalın, Qəmər xanım... Mən də rica edirəm.

T u r a c. Gəlin, gəlin!

 

Onları dartaraq, içəri otağa aparır.



 

Q ə m ə r (içəriyə keçərək, Gülərə). Yaxşı, səninlə isə evdə danışaram, devçonka!

G ü l s a b a h. Mən, deyəsən, dava frontuna düşmüşəm.

T u r a c. Buyurun içəri hamınız...

Ö t g ü n. Müsaidənizlə, müəllim, mən gedim. Sağ olun!..

Q ü d r ə t. Yaxşı, xoş gəldiniz. Mən sizi çağırtdıraram.

G ü l s a b a h. Bu oğlan kimdir? Siz məni heç kəslə tanış etmədiniz, hamınızı bir-bir özüm soruşmalıyam?

Q ü d r ə t. Siz içəri gəlirkən elə bir top-tüfənglə gəldiniz ki, hamımız özümüzü itirdik.

G ü l s a b a h. Özünüzü itirdiniz? Eybi yoxdur. Yoldaş ədib, indicə biz sizi taparıq.

Q ü d r ə t. Bu oğlan mənim tələbəmdir. Özü də işçi müxbiridir. Bir kitab yazmışdır. Heç bir yerdə baxmırlar. Indi özünü yoxlamaq üçün mənim yanıma gətirmişdir.

G ü l s a b a h. Siz onun gözlərinə baxmışsınızmı? Olduqca iti və canlı gözləri vardır. Üzündə də bir qüdrət, bir qüvvət hiss edilir.

Q ü d r ə t. Onun hələ Qüdrət olmasına çox qalmışdır.

G ü l s a b a h. İnqilab saatının əqrəbi sürünərək deyil, atdanaraq yeriyir, yoldaş ədib.

T u r a c. Buyurun, Gülsabah xanım, içəridə sizi gözləyirlər.

G ü l s a b a h. İçəridəkilər hamısı o bayaqkı xanım kimi isə, güman etmirəm orada məni gözləyən olsun.

T u r a c. Siz allah, fikir verməyin. Gülsabah xanım. O çox əsəbidir.

G ü l s a b a h. O əsəbi deyil. Onu zaman əsəbiləşdirir.

Z a m a n (səhnəyə çıxır). Bu nədir, Gülsabah xanım! Bizi gətirdiniz, özünüz qaçdınız... biz ki, orada heç kəsi tanımırıq.

G ü l s a b a h. Bu saat... Buyurun, yoldaş ədib, donub qalmayın.

T u r a c. Buyurun, Gülsabah xanım. O, çox güman ki, sevincindən donmuşdur.

 

İçəri keçir. Onların ardınca Zaman getmək istərkən Gülər qapıdan çıxır və



onun əlindən bərk tutub saxlayır.

 

G ü l ə r. Hara gedirsiniz? Siz məni aldatmışsınız.



Z a m a n. Bağışlayın, Gülər, mən ananızın qorxusundan sizin üzünüzə baxa bilmirəm.

G ü l ə r. Demək, biz bir daha görüşməyəcəyik?

Z a m a n. Bilmirəm, Gülər... bizim aramızda keçilməz bir uçurum vardır. Beş ildir mən göz yummadan çalışıram.

G ü l ə r. Artıq çalışmağa dəyməz. İndi səni əyləndirən vardır.

Z a m a n. Mən nə edə bilərəm, Gülər? Sən bir Çin divarının ardında gizlənib qalmışsan. Mən o divarı sökərəm, ancaq daşları sənin öz üstünə tökülər. At hər bir şeyi, çıx gəl. Zaman səni həmişə bir can kimi qəbul edər.

G ü l ə r. Mümkün deyil, Zaman. Mən anamı incidə bilmərəm. Mən hər gün canımı dişimə tutub, onunla açılışmaq, onun bu qara bantikini yırtmaq və dörd yanımda guruldayan bu həyata qoşulmaq, çarpışmaq, vuruşmaq istəyirəm. Mən hər gün küçədən keçən əli bayraqlı, çiyni tüfəngli qızları görürkən, anamın bütün kitablarını cırıb tullamaq istəyirəm. Ancaq onun göz yaşlarına yazığım gəlir.

Z a m a n. İndi nə etmək, Gülər, sən özün de?

Q ə m ə r (çıxır). Gülər, sən buradasan?.. Bu nə deməkdir? (Zaman gedir). Adamlar hamısı o biri otaqda oturub, amma sən burada bir xəlvətə çəkilib, danışırsan... özü də kiminlə?

G ü l ə r. Mən onunla bir şey danışmırdım, ana.

Q ə m ə r. Gülər... sən anla ki, sən qızsan. Mən istəmirəm ki, sənin adına güldən ağır bir söz deyilsin. Sən görürsən ki, o qız üçün nə qədər sözlər deyirlər?

T u r a c. Qəmər xanım, siz buradasınız? Mən qorxdum ki, yenə də qaçdınız.

Q ə m ə r. Mən onunla bir yerdə otura bilmirəm. O heç bir nəzakət qaydası ilə hesablaşmır.

T u r a c. O çox ötkəmdir. Ancaq mənə elə gəlir ki, olduqca ürəyiaçıqdır, nə varsa dilindədir. Ürəyində bir şey yoxdur.

Q ə m ə r. Mən, Turac, səndən yaşlıyam. Preduprejdayu[xii], özünü gözlə! Sən öz başına bəla açarsan.

T u r a c. Bilmirəm, Qəmər xanım. Mən onu əvvəl gündən başlamış sevmişəm və getdikcə də daha artıq sevirəm.

 

Bu aralıq Gülsabah səhnəyə çıxır.



 

G ü l s a b a h (Qəmər xanıma). Siz deyəsən, uçub qaçmaq istəyirsiniz.

Q ə m ə r. Nə sən ovçusan, nə mən turac... (Gülərə). İçəri gəl, qız (İçəri girir).

G ü l s a b a h. Bu arvad kimdir?

T u r a c. O bizim dostlarımızdan biridir. Özü də çox əsəbidir. Siz allah, fakir verməyin.

Q ü d r ə t (qucağında kiçik bir qız səhnəyə çıxır). Turac, bir bura bax, qızdan xəbərin yoxdur ki! Gör özünü nə günə salmışdır.

T u r a c. Nə olub ki?

Q ü d r ə t. Gedib Qəmər xanımın pudrasını oğurlayıb, hamısını da üz-gözünə sürtüb. Sonra da gedib birbaş un kisəsinin üstünə.

T u r a c. Şeytan, bu nədir? Sən un çuvalına neçin girmişsən?

G ü l s a b a h. Sənin ki, atan dəyirmançı deyildir.

T u r a c. De xalaya: beş kərəm beş neçə eləyər?

G ü l s a b a h. Oho... O, riyaziyyat da bilir. De görüm, şeytan, beş kərəm beş neçə eləyər?

T u t u. İçi...

G ü l s a b a h. Ay bərəkallah, qiyamət qızdır!

T u r a c. İndi gedək, mən də aparıb başını salacağam su çəlləyinə... (Gedir).

G ü l s a b a h. Indi, yoldaş ədib, mən sizinlə hesablaşmaq istəyirəm. Mən indi görürəm ki, siz neçin bir şey yazmaq istəmirsiniz. Qəmər xanımın pudrası sənin gözlərinə elə səpilmişdir ki, sən öz meşşan cəmiyyətini buraxıb bir şey yaza bilmirsən.

Q ü d r ə t. Mənə bax, Gülsabah... Açıq de: neçin gəlmişsən? Məndən nə istəyirsən? Mən bu qədər ömrümü sənin yolunda itirdim. Artıq hər bir şey keçdi, getdi. Indi mənim evim, arvadım, uşağım, ailəm vardır.

G ü l s a b a h. Mən səni bu hərəkətsiz bataqdan, bu dirilər məzarlığından qoparmaq və yeni həyatın od nəfəsli ocağına atmaq istəyirəm.

Q ü d r ə t. Mən inqilabın odunu daima ürəyimdə və bağrımda gəzdirən bir adamam. Ömrümün üçdəbirini mən çar dustaqxanalarında keçirmişəm. İndi isə...

G ü l s a b a h. İndi isə...

Q ü d r ə t. İndi isə mən başqa bir cəbhədə çalışmaq istəyirəm...mən müəlliməm.

G ü l s a b a h. Sən indi öz batareyanı buraxıb, mətbəxdə soğan doğrayan bir topçuya oxşayırsan.

Q ü d r ə t. Bəsdir, Gülsabah, mən danışmaq istəmirəm, danışa bilmirəm.

G ü l s a b a h. Sən indi vaxtın ağır vurğusundan yaralı düşmüş bir arslana bənzəyirsən. Gözlərində əvvəlki qüvvət və qüdrət yoxdur. Hanı sənin o günlərin ki, səhnədə qızmış bir arslan kimi dayanır və qarşıya çıxanı əzib parçalamağa hazır görünürdün. Gözlərin bir od parçası kimi yanırdı. O zaman mən onlardakı qüvvət və qüdrətə pərəstiş edirdim. İndi isə onlar sönük bir vulkan kimi donub qalmışdır.

Q ü d r ə t. O zaman mən sənin xəyalınla yaşayırdım. Gülsabah, batan günəşin son görünüşündə sənin çöhrəni xatırlayır, doğan günəşin ilk şüasında sənin gülüşünü axtarırdım. Sən isə məndən uzaq qaçırdın.

G ü l s a b a h. İndi artıq bir xəyal deyiləm. Mən bir həqiqətəm və qarşında dayanmışam. İndi artıq xəyal sənsən... Cəmiyyət üçün xəyal, sərab, adı var, özü yox.

Q ü d r ə t. Məndən nə istəyirsən?

G ü l s a b a h. Mən heç bir şey. Səndən bizim səhnəmiz istəyir. Bizi yarışa çağırırlar. Bizə əsər lazımdır. Deyirlər ki, o sənin işindir. Ölkəmizin neft ordusu hələ heç bir yarışda, heç bir vuruşda basılmamışdır. Onun sənət cəbhəsi bizim əlimizdədir. Biz onunçun nə gətirməliyik? Ürək sevindirən zəfər bayrağı!

Q ü d r ə t. Mən artıq yazmaq istəmirəm.

G ü l s a b a h. Neçin?

Q ü d r ə t. Bir zamanlar mən sevirdim. Mən şöhrət qazanmaq, böyük yazıçı olmaq istəyirdim. Mən azadlıq uğrunda mübarizə aparırdım. İndi artıq hamısı keçdi. Mən evlənmişəm. Evim var, ocağım var, azadlıq var, şöhrət var. Sevgi, ehtiyac və vuruş hamısı bitdi, getdi. İndi mənə təkan verəcək bir qüvvət yoxdur. Ona görə də istəmirəm.

G ü l s a b a h. Sən artıq mən tanıdığım və sevdiyim Qüdrət deyilsən. Sən artıq sönmüşsən, sən yalan deyirsən, sən yazmaq istəyirsən, ancaq bacarmırsan. Sən kirpi kimi öz tikanlarının içinə bükülüb, bütün dünyadan ayrılmışsan.

Q ü d r ə t. Məni söylətmə, Gülsabah. Sən doğru deyirsən. Mənim ruhum sönmüşdür.

G ü l s a b a h. Mən onu yenidən yandırmaq istəyirəm.

Q ü d r ə t. Nə etmək? Mən səni sevdim, gözlədim, nəhayət, ümidimi kəsdim. İndi nə etmək?

G ü l s a b a h. Ümidsiz yaşamaq, məqsədsiz yaşamaq – ölmək deməkdir.

Q ü d r ə t. Demək, mən səni sevərsəm, sən də məni sevə bilərsən?

G ü l s a b a h. Mən pələnglərlə pəncələşən arslanları sevirəm.

Q ü d r ə t. Mən öz müvazinətimi itirirəm, Gülsabah. Nə etmək, hər bir şeyi atmaq... getmək... haraya atmaq və haraya getmək?

 

İçəridə oxuyurlar.



 

Bir də bəlaya salma məni, çox bəlalıyam.

Sən bivəfa demə mənə, ey gül, vəfalıyam.

Can nəqdini yolunda nisar eylərəm, gülüm,

Cananə can bahasını verrəm, səxalıyam.

Sirri-nəhanımı sənə izhar edəmmirəm.

Çoxdandır aşiqəm sənə, amma həyalıyam.

 

Q ü d r ə t. Mümkün deyil. Gülsabah! Mən özümü itirmişəm. Mən vaxtın mehvərini itirmişəm. Mən cəmiyyətin nəbzini, mən həyatın can damarını, mən əsrin təkan mərkəzini itirmişəm. Mən bilirəm ki, müharibədir. Mən əvvəlki kimi onda iştirak etmək və bir komandir olmaq istəyirəm. Ancaq səngərlər elə bir sürətlə əldən-ələ keçir ki, mən qaçmaq üçün belə, yer tapa bilmirəm. Bəli, Gülsabah... zaman elə bir sürətlə qaçır ki, mənim fikirlərim belə onu təqib edə bilmir. Bu gün bir şey yazıram, deyirlər xəyaldır, xülyadır, sabah baxıram, artıq əsrlərcə köhnəlmişdir.



G ü l s a b a h. Tikən, yaradan proletar kütləsidir, sosializm qurur.

Q ü d r ə t. Eh... onu mən özüm də bilirəm. Mən həmişə kütlə içərisində öz fikirlərimi yürütməyə və onu ardımca aparmağa alışmışam. İndi isə kütlə mənə qarşı basqın edir. Öz fikirlərini mənim beynimə mıxlayır və elə bir sürətlə söyləyir ki, mən bir stenoqraf kimi yazmaq üçün belə vaxt tapmıram. Mən yazmaq istəyirəm. Ancaq illərlə düşündüyümü hansı bir zavodun isə çıxartdığı bir qərar bir gündə alt-üst eləyir. Budur, iki il çalışdım, cəhalət haqqında əsər yazdım. Heç araya çıxmamış gördüm ki, məktəblərdə yer yoxdur. Faytonçular belə qəzet oxuyurlar. Qadın azadlığı haqqında əsər yazdım və düşündüm ki, heç olmazsa qadınların başındakı çadralar yırtılana qədər yaşar. Sabahısı, bir günün içində qadınlar çadralarını atdılar. Nəhayət, beşillik plan haqqında yazmağa başladım ki, heç olmazsa beş il sürər. İki il yarım keçdi, heç əsəri bitirməmiş beşillik plan bitdi. Budur, bu da yarımçıq, hamısı yarımçıq...

G ü l s a b a h. Ədiblərin fikri əsrləri qabaqlamalıdır.

Q ü d r ə t. Yox, Gülsabah, o xəyaldır, fantaziyadır. Mən öz xəyalımda sinifsiz cəmiyyətlər çox yaratmışam. İndi isə cəmiyyəti mənim ixtiyarıma vermişlər. Al, öz cənnətini yarat, deyirlər. Mən isə bacarmıram, çünki bu həqiqətdir. Mən bütün ömrümü ancaq keçmiş mühiti dağıtmaq üzərində çalışmışam. Yaratmaq işini isə heç düşünməmişəm.

 

Bu aralıq Turac içəri girir və təəccüblə danışığa qulaq asır.



 

G ü l s a b a h. Sən məhv olursan, Qüdrət. Çıx bu mühitdən, uzaqlaş! Sən meşşanlaşmışsan, gec deyilkən at hamısını, çıx qaç!.. Fabrikalara, zavodlara, dəmir çıxaran mədənlərə, çuqun tökən zavodlara, əsrin can damarı oradadır. Sözlərimə qulaq as, Qüdrət. Sən sönürsən, sən bu günkü proletar kütləsi ilə, onun ehtiyacları ilə yaşamırsan... Mən artıq gedirəm. Düşün, Qüdrət. Sən indi əvvəlki Qüdrət deyilsən, çıx bu qurumuş şalbanların altından, onlar səninçin məzar daşıdır. Atıl həyata, əsrləri sarsıdan bu axında doğrudan da bir qüvvət, bir qüdrət ol! O zaman mən səni yenidən sevər, bir sənətkar, bir qüdrət kimi yenidən sənə pərəstiş edərəm, (İçəriyə). Gedək, Zaman, artıq gecdir.

Q ü d r ə t. Dayan, Gülsabah, getmə! Sən mənim bütün həyatımı alt-üst etdin. Mənim ailəm, mənim uşağım. Yox, getmə, Gülsabah, biz hələ bitirmədik.

G ü l s a b a h. Artıq gecdir, dayana bilmirəm. Gəlmək istəsən, gələ bilərsən.

T u r a c (çıxaraq). Yox... o gəlməyəcəkdir. Sən onu hara aparmaq istəyirsən?

G ü l s a b a h. Mən onu canlı həyat ilə qarşı-qarşıya gətirmək, bir sənətkar kimi diriltmək istəyirəm. Sən onu boğursan. O indi cəmiyyət üçün nədir? Ancaq keçmiş adı ilə yaşayan bir sərab, bir xəyal.

T u r a c. Mən onu dünyalar qədər sevirəm. Gülsabah, mənim həyatım onundur. Sən neçin bizim sakit həyatımızı pozursan? Sən neçin bizim ocağımızı söndürürsən? Mən ki sənə bir yamanlıq etməmişəm!

G ü l s a b a h. Mən sənə və ona düşmən deyiləm, Turac! Mən onu bu məzar daşlarının altından qaldırmaq istəyirəm. O getməlidir.

T u r a c. Yox, o heç bir yana getməyəcəkdir. Sən getməyəcəksən, Qüdrət, deyilmi?

 

Qüdrət susur, Qəmər və Gülər səhnəyə çıxırlar.



 

Q ə m ə r. İzvolte radovatsya! Gəmidə oturub gəmiçi ilə döyüşür.

G ü l s a b a h. Sənin gəmin heçliyə gedir, ölümə gedir, o gəmi deyil, tabutdur.

T u r a c. O getməz. Mən də ölərəm, o da ölər, amma getməz.

G ü l s a b a h. Onu gələcək göstərər. Gedək, Zaman!

G ü l ə r. Zaman səninlə getməyəcəkdir. O mənimlə gedəcəkdir.

G ü l s a b a h. Sən ki hələ ana uşağısan. Gülər, başından bantik açılmamışdır. Zamanla ayaq tuta billməzsən. Onun addımları çox iridir.

Q ə m ə r. Ne smey, Qyulər! Eto çto eşe za fokus! Hər yoldan ötənlə ağızlaşmaq.

G ü l ə r. Yox, o, yoldan ötən deyil. O qüvvətlidir, onunla hesablaşmaq lazımdır. Mən artıq uşaq deyiləm. Bu bantik sənə cəsarət verirsə, al, bu da bu! (Bantiki açıb yerə ataraq). Biz hələ görüşərik... (Cəld və əsəbi addımlarla çıxıb gedir).

G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... İnqilab bəzəkli gəlin deyildir. O öz dostlarını da qorxudur, düşmənlərini də.

Q ə m ə r. Sən mənim fəlakətimə gülürsən. Bu vaxtadək o mənim yanımda iki söz belə danışmamışdır. Sən onu mənim üzümə qabartdın. Yaxşı, vaxt olar, görüşərik...

G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... Gələrsiniz, görüşərik...Gedək, Zaman!..

 

Çıxmaq istərkən Qüdrət yerindən qalxır.



 

Q ü d r ə t. Getmə, Gülsabah. Mən yazaram, mən hələ ölməmişəm. Dayan, mən də gəlirəm.

G ü l s a b a h. Mən səhnədəyəm. Gəl, gözləyirəm (Çıxır).

Q ü d r ə t. Dayan, Gülsabah, mən də səninlə gedirəm. Mən səni ötürmək istəyirəm.

T u r a c. Yox, sən getməyəcəksən!

Q ü d r ə t (duruxaraq). Turac!..

 

Qüdrət bir oddan çəkilirmiş kimi, addım-addım geriləyir. Səhnə arxasında kim isə oxuyur... Qüdrət yuxudan ayılırmış kimi, alnını ovuşdurur.



 

Görün həyat haraya getmişdir! Hələ dünən mənim fikrimə qarşı diz çökən uşaqlar, mənim yazılarımla, şerimlə məktublaşan xırda qızlar, Gülsabah, Ötgün, bu gün mənim fikrimə meydan oxuyur və üstün gəlirlər. Görün kütlə haraya getmişdir! Mən harada qalmışam! Dayan, Gülsabah, dayan, getmə, mən də gəlirəm.

T u r a c. Sən bizi atıb haraya gedirsən?

Q ü d r ə t. Mən yenə də qayıdaram, Turac (Getmək istəyir).

T u r a c (uşağını qabağında tutub, iki əlini açaraq, onu saxlamaq istəyir). Getmə, Qüdrət. Sən öz evini, öz uşağını atıb getmək istəyirsən? Mən sənin çağırışına can deyə cavab vermişəm. Yox, Qüdrət, sən getməzsən, sən getməyəcəksən, deyilmi?

Q ü d r ə t. Mümkün deyil, Turac... O mənim bütün varlığımı altüst etdi... Mən boğuluram... Mən getməliyəm, Turac, getməliyəm (Yüngül bir hərəkətlə onu itələyib, qapıdan çıxır).

T u r a c (bayırdan). Getmə, Gülsabah, dayan, mən də gəlirəm.

 

Turac öz uşağı ilə olduğu yerdə qalır. Uşaq heyrətlə anasının üzünə baxır.



 

U ş a q. Ana, atam hara getdi?

T u r a c (dərin bir sükutdan sonra göz yaşlarını boğaraq). Mən bilmirəm, bilmirəm (Hönkürtü ilə ağlamağa başlayır).

 

P ə r d ə




ÜÇÜNCÜ ŞƏKİL
Teatrda müdirin kabineti
İ l y a s. Budur, mən hamısını yazmışam. Birbaş Sekaya. Maarif  Komissarlığının ixtiyarı yoxdur ki, yedinonaçalyeni pozsun.

Ə m r u l l a. Orasını da yaz ki, mən özüm partiya tərəfindən göndərilmişəm. İndi Maarif Komissarlığı götürüb bir bədər havanın birin də yapışdırıb mənim xirtdəyimə, yetənə yetir, yetməyənə bir daş atır. Mən qələt elədim, ölüm-dirimlə dedim ki, onu bizim teatrımıza verin?!

X u r ş i d. Sənə o da azdır, əsl cəzandır. İndi çək!

Ə m r u l l a. Mən bədbəxt oğlu nə bilim axı. Mən dedim nə var, Azərbaycan qızıdır, oxumuşdur, aktrisamız yoxdur, gələr başını salar aşağı, adam kimi işlər. Dah mən nə bilim ki, bu zontanın qızı həs-hüs bilmir. Indi qalmışam başıma döyədöyə... Gedirəm Narkomprosa ki, baba, canım, gözüm, anlamamışam, qələt eləmişəm, alın bunu, hara istəyirsiniz göndərin! Göndərin Naxçıvana, dahı mən eləyə bilmərəm ki, bütün artistlər dağılsın, tək o qalsın.

Ə l i m u x t a r. Ha... o yaxşı, qoy sonra getsin orada öz dialektikasını yeritsin.

Ə m r u l l a. Mən burada bir dənə dikt tapa bilmirəm, o gəlib başlayıb ki, gərək Məsko teatrları ilə yarış aparam.

Ə l i m u x t a r. O bu saat da deyir ki, dünyada mənim kimi artistka yox, Bayram kimi də rejissor. Sən öləsən, yaxşı tapışıblar.

A s y a. Biri dəmirçi qızı, biri də xarrat oğlu, odur ki, bu xalqı taxta-şalban kimi rəndələmək istəyirlər.

X u r ş i d. Əlbəttə, mənə də bütün qeroiniyaları versə, mən də deyərəm onun kimi rejissor yoxdur da.

A s y a. Rolları o bölmür ki, Gülsabah bölür də... Desə ona öl, ölür, qal, qalır.

Ə l i m u x t a r. Atam, bir bəlayi-nagəhani kimi keçib xirtdəyimizə. Muzıkantlar gəlir ki, bu Mürsəl gəncdir, sarsaq bir şey yazıb, çala bilmirik. O saat görürsən Gülsabah atdı özünü oraya ki, nə var, bəs bu milli formadır, onlar başa düşmürlər. Deyirəm: ay xanım, görüm sən müdirsən, rejissorsan, muzıkantsan, nəsən axı! Artistkasan, sal başını aşağı, işini işlə də... Xeyr, kimə deyirsən!..

İ l y a s. Budur, yarım saat keçir, hələ gəlib çıxmırlar.

X u r ş i d. Hə... hələ ondan xəbəriniz yoxdur. Bir neçə gün bundan qabaq durub bu gedib Qüdrətgilə. Qonaqlar bunu görən kimi hamısı bir-bir durub dağılışıblar, gediblər. Qüdrətin arvadı da gəlib görüb ki, bu o biri evdə Qüdrətlə öpüşür. Yapışıb bunun saçlarından. Qüdrət də öz arvadını xub əzişdirib. Hər ikisi çıxıb gediblər. Indi kişi o vaxtdan evə də gəlmir.

Ə l i m u x t a r. Sonra da bunların hamısını yazırlar teatrın ayağına.

X u r ş i d. Hələ o gün Qəmər xanımın da qızını söyüb. O da dünən deyirdi ki, biz bilirdik səhnəmizin dalı biabırçılıqdır, ancaq bu cürəsini bilmirdik.

Ə m r u l l a. İşi hələ belə-belə adamlar korlayır da... İndi buyur, bundan sonar bir Azərbaycan qızını səhnəyə çağır, görüm necə çağırırsan. İlyas, sən hələ bu məsələni də yaz oraya. Ancaq bir az supermatizmdən, dialektikadan, marksizmdən də yapışdır oraya ki, tutarlı olsun! Yadına düşmürsə, Arif Hikmətdən soruş, o bu sözlərdən çox bilir.

A r i f H i k m ə t (Sapanla girərək). Hansı sözlərdən?

S a p a n. O bozbaşnan revmatizmdən də.

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, yenə başladı zatını büruzə verməyə.

I l y a s. Onları yazmışam, o bir şey deyil.

M i r z ə C a m a l (girərək). Təzə xəbərdən xəbəriniz yoxdur ki?

Ə m r u l l a. Yenə nə var?

M i r z ə C a m a l. Hə, təzə xəbər var!.. Götürüb bu bizim cənab Gülsabah xanım Narkomprosa bir danos yazıb ki, teatrdakılar hamısı opportunistdir. Mestkom bürokratdır. Proletar kadrları yaradılmasına yol verilmir. Artistlər savadsızdır, müdir təcrübəsizdir. Xulasə, bir Quran... Narkompros da qərar çıxarıb ki, Gülsabah xanımı teatra müdir təyin eləsin.

Ə m r u l l a. Müdir?.. Eləsin də... Sizin əziz canınız üçün, qızımın ölmüşünə ki, lap yaxam qurtarar. Hələ o gün bir yekə tort alıb hamınızı qonaq elərəm.

M i r z ə C a m a l. Bilmirəm, müdir deyir, mestkom deyir, gərək çıxsın axır ki.

Ə m r u l l a. Necə? Mestkom çıxsın?

M i r z ə C a m a l. Bilmirəm, axır ki, belə olsun ki, o hamısının üstündə gözətçi olsun. Hə... instruktor... Narkompros da qərar çıxarıb ki, teatra xüsusi bir komissiya göndərilsin.

Ə m r u l l a. Onu Allah döymüşdü. Sizin əziz canınız üçün, qızımın ölmüşünə ki, mənim ona yazığım gəlirdi. Indi ki, belə oldu, əgər o, iki gündən artıq bu teatrda qaldı, heç məndən nakişi adam yoxdur. Bu xalq uşaq-zaddır bəyəm?

Ə l i m u x t a r. Onu Allah döymüşdü, hansı köpək oğlu sonra bu teatra ayaq basar?!

Ə l i m u r a d. Mestkomu tanımaq istəmir. Mən bu saat gedirəm, birbaş Seperabisə, hamısını deyərəm.

Ə m r u l l a (zəngi çalır). Adə, Əlabbas!

Ə l a b b a s (gəlir). Kimdir zəng çalan?

Ə m r u l l a. Yeri bircə o Gülbadam xanıma de ki, özək komisyanı gözləyir, zəhmət çəkib təşrif gətirsin.

Ə l a b b a s. Gülbadam xanım hansıdır?

Ə m r u l l a. O Gülsabah xanım da.

Ə l a b b a s. O alışdım-yandım?.. O ki, yuxarıda vuruşur.

Ə m r u l l a. Yenə kiminlə?

Ə l a b b a s. Xudojniknən... Odur, Bayramdır, ikili düşüblər xudojnikin üstünə, xudojnik də qızışıb, ağzına gələni deyir.

Ə m r u l l a. Lailaha-illəllah kəbirə... ay müsəlmanlar, işə düşüb qalmamışam. Adə, sən yeri bir onu çağır bura.

Ə l i m u x t a r. Bax, yoldaş Əmrulla, sən ona bildir, mən bu teatrda neçə ildir işləyirəm. Dünən gəlib mənim yanımda oturub qulağıma deyir ki, yoldaş Əlimuxtar, Mirzə Camal sözünü düz demir. Bəlkə mənasını başa düşmür. Belə bir baxdım, istədim bir atım ona, yenə saxladım. Kişi iyirmi ildir o rolu o cür oynayır, indi bu gəlib ki, sözünü düz demir. Sinfi sifəti yoxdur. Sən ona tapşır ki, zəhmət çəkib mənim işimə qarışmasın.

Ə m r u l l a. Mən sənə min kərəm demişəm qatışdı işinə, gəl mənə de, mən özüm danışaram.

A s y a. O gün də gəlib mənə deyir ki, köynəyin rəngi tumannan tutmur. Mən də dedim: Bu gun-sabah teatrda boyaqxana açacaqlar, girib boyanarıq, olarıq qırmızı.

M i r z ə C a m a l. Dayan, dayan... guya mən sözümü bilmirəm, düz demirəm?

Ə l i m u x t a r. Hə də.

M i r z ə C a m a l. Yaxşı, deyinən biz düz demirik, sən gəl dialektikaynan öyrət də... Deyir: kül başuva, ay Kür ki, üstündən Araz atdanır. Gör iş nə yerə çatıb ki, builki sərçə bildirki sərçəyə cib-cib öyrədir.

A r i f H i k m ə t. Onun heç öz ekspozisiyası eksplikasiyası ilə düz gəlmir. Spesifikasiya aparanda subordinasiya çıxa bilmir. Sentrtyajesti ilə də sentrvnimaniyası düz gəlmir.

M i r z ə C a m a l. Mən ərəbcə bilirəm, farsca bilirəm, azərbaycanca bilirəm, urusu da bilirəm, sən, deyinən heç qazannan qablamanı bir-birindən ayıra bilməzsən.

 

Teatr rəssamı acıqlı içəri girir.



 

S t a r o v e r o v. Yoldaş müdir, bu mənim ərizəm, bu da mən özüm, verin mənim haqq-hesabımı, mən dahı işləmək istəmirəm.

Ə m r u l l a. Nə var, nə olmuşdur?

S t a r o v e r o v. Hər yetən uşaq-muşaq gəlib mənə dərs öyrədəcək. Cəhənnəmə olsun hamısı, mən onların hamısına tüpürmək belə istəmirəm.

Ə m r u l l a. Yoldaş Staroverov, nə olmuşdur? Qabaqca bir danışın, ondan sonra hamısını ayırd edərik.

S t a r o v e r o v. Mən işləmək istəmirəm, qurtardı getdi. Mən balaca Süleymana maket tapşırmışam, gedib Bayramnan məsləhətləşib sarsaq bir şey düzəldib gətiribdir. Deyirəm bu yaramaz, rejissor da aktrisa da gəliblər ki, bu yaxşıdır, milli formadır. Mən otuz ildir ki, bu teatrlarda çalışıram, əgər mən bilirəm, onlar nə qələt eləyirlər, əgər siz bilirsiniz, mən nə qələt eləyirəm?

Ə m r u l l a. Görürsünüz, balam da, görürsünüz bu mənim başıma nə oyun gətirir də. Vurub tullayacaqsan bayıra, çatan əbləh, qurumsaq gələcək ki, siz Azərbaycan qızlarını yola aparmırsınız.

M i r z ə C a m a l. Mən əgər o Bayramın rejissorluğunda bir oyun oynasam, məndən köpək oğlu adam yoxdur.

S a p a n. Oynamayın! Mən də gəlib hamınızın rolunu oynayacağam.

M i r z ə C a m a l. Xeyr, siz boynunuzun ardını görərsiniz onu görəndə.

X u r ş i d. O oyunda ki, Gülsabah oynadı, Bayram rejissor oldu, mən də o oyunda yoxam. Açıq demişəm.

A r i f H i k m ə t. Azərbaycan qızı olanda nə olar, canı çıxsın dezorqanizasiya salmasın. Moskvada bizim teatrda müdirdən ixtiyarsız bir adam cınqırını çəkə bilməzdi. Seperatizm yaxşı deyil axı.

Ə m r u l l a. Adə, Əlabbas, nə oldu bəs bu zontanın balası?

Q ü d r ə t (qapıdan içəri baxaraq). Gülsabah xanım buradadır?

Ə m r u l l a. Allah öldürsün Gülsabah xanımı, qurtarım onun üzündən.

S a p a n. Yoldaş Qüdrət, buyurun, oturun.

Q ü d r ə t. Yox, mən Gülsabah xanımı görəcəyəm (Gedir).

Ə l i m u x t a r. Görər, balam da.

S a p a n. Hə, görəndə nə olar. Bəlkə bir işi var.

Ə m r u l l a. Yoldaş Sapan, səndən də xahiş edirəm, hər yetənin yerinə cavab verməyəsən. Mən köpək oğlu burada oturmuşam, sən deyirsən buyur içəri. Bəlkə mən onu heç otağıma qoymayacağam.

S a p a n. Hər halda bu yazıq yazıçıdır axı.

M i r z ə C a m a l. Bu vaxtadək nə üçün gəlmirdi, hələ ki, Gülsabah gəldi, o da gəldi?

Ö t g ü n (qapıdan baxaraq).Gülsabah xanım buradadır?

Ə m r u l l a (əsəbi). Yoxdur, yoldaş, yoxdur. Qapını örtün, iclasımız var.

M i r z ə C a m a l. Bu yazıq uşağı da işindən, dərsindən avara eləməyib. Səhər zavoda get, işdən çıxan kimi də Gülsabah xanım üçün pyes yaz!

Ə l i m u x t a r. Yazar balam da. Sən öləsən, əcəb işlər tərs-avand olub. Ədibləri dəmirçi eləyirlər, dəmirçiləri ədib.

X u r ş i d. Gündə bir dəftəri vur qoltuğuna, bu küncdə söhbət, o küncdə söhbət... pıç-pıç, pıç-pıç...

A s y a. Görən də deməsin nə söhbət eləyirlər.

X u r ş i d. Deyəndə də deyir: pyes yazacaqdır.

M i r z ə C a m a l. Kül o pyesin başına ki, bu gicbəsər yazacaqdır.

A s y a. Elə deyərlər də... O gün orada elə sıxılmışdılar küncə ki, lap dodaqları bir-birinə toxunurdu. Pyesi bir az uzaqdan da yazmaq olar da.

Ə l i m u x t a r. Mən bir bilmirəm bu Gülsabah burada nəçidir? Pyes yazan onun yanına gedir, xudojnik onun yanına gedir, muzıkant onun yanına gedir. Onda gəlsin otursun bizim yerimizdə, biz də çıxaq gedək öz işimizə də.

M i r z ə C a m a l. Gələcək də... O cürə ki, onu görürəm, o cürə ki Narkomprosu görürəm, hələ gələr də.

Ə m r u l l a. Hansı köpək oğlu nəzir-niyaz verməz. Qızımın ölmüşünə ki, bu boydana bir tort alıb, hamınızı qonaq edərəm.

 

Gülsabah adi, lakin zərif tikilmiş iş paltarında gəlir.



 

G ü l s a b a h. Siz məni çağırtdırmışdınız?

Ə m r u l l a. İki saatdır bu adamlar gözləyir, belə iş olmaz ki, gəl görək də, bizim də dərdimiz var, çorumuz var.

G ü l s a b a h. Nə var ki?

Ə m r u l l a. Nə olacaq? Bu yoldaşlar hamısı səndən şikayət eləyirlər.

M i r z ə C a m a l. Mən şikayət-filan eləməmişəm.

X u r ş i d. O kimdir ki, mən ondan şikayət eləyim: müdir deyil, rejissor deyil.

Ə m r u l l a. Bəs səhərdən nə vurhavur salmışdınız? Bircə oturun! Mən özüm çağırtdırmışam, belə iş olmaz axı!.. Bunları burada dərbədər eləmişsən, muzıkantlar o yandan gəlib mənim üstümə, xudojnik bu yandan gəlib – Gah Qüdrət gəlir, gah o gicbəsər gəlir, belə iş olmaz axı!..

G ü l s a b a h. Yoldaş müdir, mən bu saat işdəyəm, işdən çıxandan sonra kim nə desə hazıram.

Ə m r u l l a. Buyur, ağa... buyur da... bu da Azərbaycan qızı... Vallah, billah Həzrətabbas haqqı, gedib mərgümüş içərəm, öldürrəm özümü, özüm də yazıb qoyaram ki, mənim ölümümə təqsirkar Gülsabahdır.

G ü l s a b a h. Sizin, əlbəttə, öz boğazınıza mərgümüş tökməyə ixtiyarınız var, ancaq teatrın boğazına tökmək istəsəniz, onda, əlbəttə, əlinizdən tutan tapılar.

Ə m r u l l a. Kim tutar mənim əlimi?

G ü l s a b a h. Kim? Mən!

M i r z ə C a m a l. Sən kimsən axı? Bir qarış boyun var, özünü dünyanın hakimi bilirsən. Sən ki yoxdun, dialektika ki yox idi, iş getmirdi? Bu teatrı mən yaratmışam. İndi sən hazırına gəlmişsən.

X u r ş i d. Yəni kasa aşdan isti oldu?

X o s m ə m m ə d. Sənin heç ədəbiyyatdan xəbərin yoxdur. Mənim şerimi bəyənmirsən. Yoldaş Əmrulla, sən olasan bircə balovun canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ə l i m u x t a r. Yoldaş Gülsabah xanım, mən, necə ki, bir predsedatel mestkom, Rabisə demişəm, sizə də deyirəm: siz burada sol gedirsiniz, hamının işinə qatışırsınız, mütəxəssisləri incidirsiniz, teatrın da gedişini pozursunuz.

G ü l s a b a h. Mənim nənəm də mütəxəssisdir. Cəhrə qabağında oturanda cırıltısından qulaq tutulur. Biz onlara kaverkot toxutmaq istəyirik, onlar isə bizə ata-baba qaydası ilə yun corab geydirmək istəyirlər. Bu baş tutmayacaqdır, yoldaş predsedatel mestkom!

Ə m r u l l a. Yaxşı, artist anlamadı, artistka anlamadı, muzıkant anlamadı, xudojnik anlamadı. Bu xudojnik ki, balam, Moskvadan gəlib, yəni bu da anlamır?

G ü l s a b a h. Nə etmək ki, gənc bir rəssam, həyatı ondan daha canlı qavrayır.

S t a r o v e r o v. Məndə bütün Moskva teatrlarının quruluşları vardır. Sən mənə belə bir kombinasiya göstər, gözümü çıxart.

B a y r a m. Bu savadsızlıqdır. Müəllimin öyrətdiyi tələbə üçün pozulmaz bir qanun olursa, həyat irəliləməz. Bu, həyatın dialektikasıdır. Onların tapmadığını bu gənc uşaq tapmışdırsa, kimsə onun əlinə vurmaz və vura da bilməz.

Ə l i m u x t a r. Vay atonnan. İndi deyər Moskvadakılar da heç bir şey anlamır, hələ mən tum düşmüşəm!

Ə m r u l l a. Deməli, Moskvada da heç kəs bir şey anlamır, hələ sən anlayırsan?

M i r z ə C a m a l. Bilirsən, sən bu boyda boyunnan istəyirsən gəlib burada ağalıq sürəsən... axırda da onun-bunun yanına soxulmaqla müdirdən-zaddan olasan. Ondan göz çək!

Ə m r u l l a. Səni göndəriblər buraya işləməyə, daha göndərməyiblər bu idarələri ayaqdan salmağa ki...

Ə l i m u x t a r. Kəlməbaşı da bir inqilabdan, dialektikadan goplayırsan qabırğamıza.

G ü l s a b a h. Mən heç bir idarəyə getməmişəm.

M i r z ə C a m a l. Əgər getməmişsən, bu danosu Narkomprosa yazan kimdir?

G ü l s a b a h. Mən danos yazmamışam. Mən oraya öz fikrimi yazmışam.

İ l y a s. Biz dal qapıdan kabinetlərə soxulan ayaqları qırarıq.

G ü l s a b a h . Zaman öz haqqını tələb edir. Ona qarşı kimsə hasar çəkə bilməz.

İ l y a s. Deməli, sən burada özün üçün bir ayrı qruppa düzəltmişsən, qruppovşina aparırsan da?

G ü l s a b a h. Mən Narkomprosa yazdığımı gizlin yazmamışam, sizə də yazmışam. Budur, kağızınızın altındadır.

Ə m r u l l a. Baba, canım, gözüm, mən qələt elədim ki. Gəlmişsən, gəlməmişsən, düşmüşsən bu qapılara, birini Azapda avara eləmişsən, Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan, teatrı burada çaxnaşdırmışsan bir-birinə, xudojnik bu yana acıq tutub, muzıkant o yana acıq tutub.

X u r ş i d. Qəmər xanımın qızını o yanda sancırsan.

Ə m r u l l a. Sonra da bunların hamısını yazırsan teatrın ayağına.

A r i f H i k m ə t. Yox, axı, bu da müdirdir. Onu da abstraqirovat eləmək olmaz.

Ə m r u l l a. Neyləmək olmaz?

A r i f H i k m ə t. Abstraqirovat.

Ə m r u l l a. Yoldaş Ilyas, onu da yaz ora!

Ə l i m u r a d. Mən, necə ki, predsedatel mestkom, deyirəm ki, bunlar burada qruppovşina aparırlar.

B a y r a m. Qruppovşik siz özünüzsünüz.

İ l y a s. Sən mestkomu tanımaq istəmirsən, özün də maska altında işləyirsən. Içərişəhərdə də ikimərtəbəli eviniz vardır. Özün də çastni sobstvenniksən, xalis opportunistsən.

S a p a n. Sən özün xalis opportunistsən.

X o s m ə m m ə d. Opportunist sən özünsən. Mən qızların pudralanması haqqında şeir yazıram, sən deyirsən: qafiyəsi yoxdur. Ay camaat, siz olasınız balalarınızın canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ə l i m u r a d. Yoldaşlar, bunlar hamısı sonrakı məsələdir. Ancaq mən də, necə ki, bir mestkom, bir bilmək istəyirəm, bu müdiriyyət bu məvacibləri haçan verəcəkdir?

G ü l s a b a h. Yoldaş müdir, bizim boş danışıq üçün boş vaxtımız yoxdur. Biz işləyirik.

Ə m r u l l a. Biz, yəni kim?

X u r ş i d. Öz qruppaları.

Z a m a n. Burada qruppa yoxdur. Burada teatrın yüksəlişinə çalışan bir qüvvə var. Siz isə bizi pıçıltılarla məşğul etmək istəyirsiniz.

X u r ş i d. Görürük pıçıldayan kimdir. Biz, yekəbaşlının biriynən pıçıldamağa öyrənməmişik.

S a p a n. Gedək, yoldaşlar... haçan çağırarlar, biz də sözümüzü deyərik.

Z a m a n. Mən bir bilmək istəyirəm ki, siz nə istəyirsiniz?

M i r z ə C a m a l. Sən çox yaxşı bilirsən... Biz onu istəyirik ki, mən otuz ildir Əmirəstanbəyin rolunu oynayıram. Tip yaratmışam. İndi siz gəlib mənim başıma bir dirabı papaq qoymaq, quyruğuma da bir dialektika bağlamaq istəyirsiniz. Özü də Gülsabah xanımın buyruğu ilə rejissor o cür tipi, mənim rolumu alıb sənə veribdir.

B a y r a m. O, yeni metodla işləyir, yeni nəzəriyyə ilə işləyir. Sən isə o metodla işləmək istəmirsən, bacarmırsan.

M i r z ə C a m a l. Neçin bu otuz ildə bacardıq. Hələ indi sən gəldin, Gülsabah xanım gəldi, bacarmadıq. Mən çox yaxşı bacarıram. Ancaq öz tipimi korlamaq istəmirəm.

Z a m a n. Otuz il bundan qabaq mənim də nənəm qız idi.

A r i f H i k m ə t. Bəs necə olur ki, mən həmişə palajitelni roller oynamışam, Moskvada Stanislavski özü də dedi. İndi nə ki atrisatelni rollar var mənə veriblər. Mən bu teatrdan gedəcəyəm. Atrisatelni rollar oynamayacağam.

G ü l s a b a h. Yoldaş müdir, mən işə gedirəm.

Ə m r u l l a. Bir bilmək olar ki, siz orada nə işləyirsiniz?

S a p a n. Biz oxuyuruq. Gülsabah xanım və Bayram bizə dərs verirlər.

Z a m a n. Biz yarışa hazırlaşırıq.

Ə m r u l l a. Yaxşı, bunu kimə demişsiniz?

S a p a n. Mestkoma demişik.

Ə m r u l la. Qələt eləyir mestkom atasıynan, anasıynan. Mən öz çulumu sudan çıxara bilmərəm, gedib Məsko teatrı ilə kəlləbəkəllə gələcəyəm.

M i r z ə C a m a l. Yox, Gülsabah xanım və Zaman döyüşəcəklər

G ü l s a b a h. Zaman döyüşəcəkdir. Onun kəlləsi bərkdir. Döyüşməkdən, qoy kəlləsi laxlayanlar qorxsunlar. Biz döyüşəcəyik... və yarış bayrağı bizim olacaqdır.

İ l y a s. Bircə durun ayağa! Mən gərək bu teatrı bağlatdıram, ya gərək sabahdan onun ayağı bu teatra dəyməsin... Vəssalam, şüd tamam. Bu saat gedirəm birbaş Seperabisə (Portfelini götürüb gedir). Birbaş Məskova kimi varam (Portfelini qoltuğuna vurub çıxır).

 

P ə r d ə


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə