Pyes 11 şəkildə İ Ş t I r a k e d I r L ə R



Yüklə 0,51 Mb.
səhifə5/6
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#48922
1   2   3   4   5   6

DOQQUZUNCU ŞƏKİL
Qəmər xanımın evində. Gülərin otağı.

 

G ü l ə r (otaqda əsəbi bir halda gəzinərək).



Gülsün günəş, ziyasını saçsın səmalərə!

Gülsün də, kainatı batırsın ziyalərə.

Keç, keç sən ey uzaq qayalıqdan qopan duman,

Artıq sonun gəlir sənin, artıq gəlir zaman.

Parlar üfüqdə telləri tezdən doğan günün.

Sarsıb sökər qaranlığı, artıq gələr sonun...

 

Q ə m ə r. Gülər, sən nə oxuyursan qızım?



G ü l ə r. Mən öz rolumu oxuyuram.

Q ə m ə r.. Rol hansıdır? Kimin rolu, rol nədir? Sən, qızım, çaşmısan nədir? Axır vaxtlarda baş-ayaq vurursan. Görünür, Gülsabahla bir saat görüşün sənə təsir etmişdir.

G ü l ə r. Etmişdir, ana, çox təsir etmişdir. Mən onunla görüşməyə gedirəm.

Q ə m ə r. Onunla görüşməyə? Ya tebe zapreşayu qovorit so mnoy takim tonom?[xviii] Sənə kim ixtiyar vermişdir ki, onunla görüşürsən? Sən bilirsənmi ki, onunçun nələr deyirlər?

G ü l ə r. Yalan sözdür. Onu ancaq alçaq adamlar deyə bilərlər. O, onların hamısından yüksəkdir. O, güclü bir qadındır. O, qüvvətdir, o həyatdır!

Q ə m ə r. Sənin onunla nə işin vardır?

G ü l ə r. Mən onunla döyüşməyə gedirəm, çarpışmağa gedirəm.

Q ə m ə r. Sən, qız, nə altıbeş vurursan? Sənin ağlın başındadırmı? Əlini bəri ver görüm, qızdırman yoxdur ki?

G ü l ə r. Mənim qızdırmam yoxdur, ağlım da başımdadır.

Q ə m ə r. O kimdir ki, sən ona baş qoşasan.

G ü l ə r. Mən sənə deyirəm ki, o bir qüvvətdir. Onunla baş-başa gəlmək asan deyildir. Onun kəlləsi dəmirdir. Onun beyni poladdır.

Q ə m ə r. Sən, Gülər, lap açarını itirmişsən.

G ü l ə r. O məni səhnədə gözləyir.

Q ə m ə r. Sən hələ səhnə ardına gedəcəksən?

G ü l ə r. Səhnə ardına yox, səhnəyə!

Q ə m ə r. Kak, pryamo na stsenu, birbaş səhnəyə?

G ü l ə r. Birbaş səhnəyə! O mənə gülür, o məni bir heç sanır, Sən, ana, mənim əl-qolumu bağlayıb, bu dörd divar arasında boğursan, mən boğuluram. Mən həyata çıxmaq, vuruşmaq, döyüşmək istəyirəm. O məni öz sevdiyimdən ayırır.

Q ə m ə r. Kak to yest sevdiyimdən? Tı eşyo smeyeş bez moyeqo razreşeniya lyubit? Marş v tyomnuyu komnatu!..

G ü l ə r. Yox, ana! Məni öldür, ancaq mən artıq o qaranlıq otağa getməyəcəyəm! Mən işıq istəyirəm. İşıq, səhnə, meydan!

Q ə m ə r. Vot kak, odur ki, sən kitab oxuyarkən qapıları da bağlayırsan. Bunlar nə kitabdır? Aktyor və rejissor, sovetski teatr, hamısı teatr, aktyor... Hələ o çatmırdı ki, gedib bir aktrisa da olasan!

G ü l ə r. Mən artıq gizlətmək istəmirəm, ana. Mən aktrisa olacağam, mən səhnəyə gedəcəyəm.

Q ə m ə r. Çox gözəl işdir! Gedərsən səhnəyə, aktyorlardan da birini sevərsən.

G ü l ə r. Mən onsuz da sevirəm.

Q ə m ə r. Uje sevirsən? Kimi?

G ü l ə r. Aktyorlardan birini.

Q ə m ə r. Oy kakoy pozor! Bunlar hamısı onun təsiridir. Turacgilin evini yıxmışdır, indi də bizə əl uzatmışdır. Sən səhnəyə gedib nə edəcəksən? Sən nə bilirsən?

G ü l ə r. Mən hər şeyi bilirəm, mən öyrənmişəm, gecə-gündüz yatmamışam. Bu kitabların hamısını oxumuşam. Mən ona boyun əyməyəcəyəm. Mən onunla bir qüvvət kimi çarpışacağam. Zaman güclüləri sevir. Zaman güclülərindir. Mən ona göstərəcəyəm ki, mən onun mərhəmətinə sığınacaq qədər aciz deyiləm. Mən Turac deyiləm.

Q ə m ə r. Sən haraya getmək istəyirsən, Gülər? Hansı səhnəyə, kimin səhnəsinə, Gülsabahın səhnəsinə?

G ü l ə r. Mən öz səhnəmizə gedirəm (Bu aralıq arxadan musiqi və marş səsləri eşidilir. Gülər pəncərəyə qaçaraq). Bax, ana! Dəstədəstə qızlar, pələng kimi sağlam və qüvvətli, çiyinlərində tüfəng, mübariz bir əsgər kimi keçirlər. Mən məktəbdə onlardan yaxşı oxuyuram. Evə gəlincə, əlim-qolum bağlanır, qorxaq bir dovşan kimi bir küncə sıxılıb qalıram. Mən artıq bu həyatı istəmirəm. Mən yaşamaq istəyirəm, yaşamaq, vuruşmaq, çarpışmaq!

Q ə m ə r. Vuruşmaq? Kiminlə?

G ü l ə r. Bilmirəm. Hamısı ilə... mənim yolumu kəsmək istəyənlərlə. Bəlkə də, sizin özünüzlə. Mən artıq bu ölü tozunu üzərimdən silmək, bu məzar daşını üstümdən qaldırmaq istəyirəm.

Q ə m ə r. Bəsdir, Gülər. Mən səni atasız saxlamaq üçün əldən düşmüşəm. Sən indi bütün dünyanı mənə güldürmək istəyirsən.

G ü l ə r (qalxaraq). Artıq vaxtdır, ana! Qorxan gözə çöp düşər. Qoy kim nə deyirsə, desin. Yarışdır. Ellər yarışır. Kütlə mənə əl uzadır. Mən kütlənin qızıyam. Mən boynuma vəzifə götürmüşəm. İndi qəti bir gecədə meydandan qaçmaq... yox, ana, yalvarıram sənə... (Getmək istəyir).

Q ə m ə r. Mən sağ ikən, sən heç bir yana gedə bilməzsən. Dayan, deyirəm sənə, dayan! Qayıt!

G ü l ə r. Ana, artıq gecdir. Mən getməliyəm, ana!

Q ə m ə r. Sən heç bir yana getməyəcəksən. Mən səni səhnəyə, əxlaqsızlıq yurduna, Gülsabah kimi məşhur bir arvadın olduğu yerə buraxmaram. Mən qoymaram!

G ü l ə r. Mən özümü öldürərəm, ana!

Q ə m ə r. Səhnəyə getməkdənsə, qəbrə getmək daha yaxşıdır. Heç olmazsa təmiz bir adla gedərsən.

G ü l ə r. Sən məni məğlub etdirirsən, ana!

Q ə m ə r. And içirəm ki, Gülər, ayağını kandardan bayıra bassan, qayıdıb cənazəmi görəcəksən. Indi gedə bilərsən.

 

Gülər qayıdır, kitabları bir yana atır və ağlayaraq, stol üzərinə düşür.



 

Sən gedib öz bədənini satacaq, öz gözəlliyini satacaq, çörək qazanacaqsan, yox, mən istəmirəm!

G ü l ə r. Bu, satış deyil, ana... bu sənətdir, bacarıqdır. Bu yarışdır. Hər kəs öz biliyini, öz qüvvətini yarış səhnəsinə atır. Mən isə öz bacarığımı, öz qüvvətimi kütləmdən gizlədirəm. Gülsabah doğru deyir: bu oğurluqdur. Mənim buna ixtiyarım yoxdur, yoxdur, ana, yoxdur!

Q ə m ə r. Sən indi ondan sitat gətirirsən? Özün bil, Gülər, kandardan bayıra çıxsan, qayıdıb mənim ölümümü görəcəksən!

 

Bu aralıq qapı açılır, Gülsabah və Zaman içəri girirlər. Gülər yerindən



sıçrayır, bir dəqiqə hamı bir-birinin üzünə baxır... nəhayət, Qəmər sükutu pozur.

 

Q ə m ə r. Nə istəyirsiniz? Mənim evimdə sizin nə işiniz var?



G ü l s a b a h. Biz sizin yanınıza gəlməmişik, biz onunçun gəlmişik.

Z a m a n. Gedək, Gülər! Pərdə qalxmış, adamlar səni gözləyirlər.

Q ə m ə r. O heç yana getməyəcəkdir. Siz tələsirsiniz, gedə bilərsiniz.

G ü l s a b a h. Söz sənindir, Gülər! Biz səni gözləyirik.

Z a m a n. Sən getməsən oyun gedə bilməyəcəkdir.

G ü l s a b a h. Mən güman etmirəm ki, sən öz intiqamın üçün, bilərək belə dəyərsiz bir yol seçəsən.

G ü l ə r (Gülsabah və Zamandan baxışlarını qaçıraraq, sakit bir deyişlə). Mən getməyəcəyəm!

Q ə m ə r. Bərəkallah, qızım. Mən indi sənin əllərindən və ayaqlarından öpməyə hazıram.

G ü l s a b a h (hiddətini boğaraq, sakit bir deyişlə). Sizin bu öpüşünüz onunçun ilan öpüşündən daha zəhərlidir.

Q ə m ə r (sinirli bir deyişlə). Mən qoymaram, mən qoymaram ki, o da sənin kimi əxlaqsızlıq ocağına girib, bir satış malı kimi bu sayaq üz-gözünü boyasın (Gülsabahın qrimini göstərir). Ya ne dopuşu, çtobı ona bıla jertvoy vaşeqo zakulisnoqo razvrata. Ya ne dopuşu, çtobı ona raskrasila bı svoyo litso dlya publiçnoy prodaji, kak vot vı teper.

G ü l s a b a h (getdikcə əsəbiləşərək). Mən bu boyaqla işləyirəm. O mənim üçün instrumentdir. O mənim çəkicimdir, iynəmdir. Mən bilmək istəyirəm ki, bunlar nə üçündür? (Stol üstündəki pudra qablarını göstərərək) Bu sırğalar, bu qolbaqlar, bu pudralar, bu pomadalar, sürmələr, saçburanlar, bunlar, bunlar nə üçündür? Sizi boyamaq, üz-gözünüzdəki bürüşükləri örtmək və oynaşlarınıza bəyəndirmək üçün deyilmi? O da, vı jenşinı vısşeqo obşestva! Siz yüksək cəmiyyətin adamısınız, qadınsınız, siz hər gün həyatda üz-gözünüzü boyayır, kəbindən-kəbinə, oynaşdan-oynaşa keçirsiniz. Heç kəs də bunu görmür və bilmir. Çünki sizi özünüzdən və oynaşlarınızdan başqa kimsə tanımır. Aktrisa isə bütün cəmiyyətin diqqət mərkəzindədir. Azacıq büdrəyən kimi bütün mühakiməsiz beyinlər, bütün zəhərli dillər danışmaq üçün mövzu tapırlar. O bütün həyatını qan-tər içində işləyir, axırda da sizin ona verdiyiniz mükafat, ancaq bir ad olur: əxlaqsız!

Q ə m ə r. Mən uşağımın yanında belə sözü danışmağı sizə yasaq edirəm.

G ü l s a b a h. O sizin deyil, o bizimdir, o bu gün deyilsə, sabah bizim olacaqdır. Onu bizim cəmiyyətimiz yetirmişdir. Sən isə mirassan, ölüsən sənin səsin məzardan gəlir, ölülər dirilərə əmr edirlər.

G ü l ə r (qaşlarını çataraq). Mən istəmirəm ki, siz mənim yanımda ona elə sözlər deyəsiniz... o mənim anamdır.

Z a m a n. Gülər, düşün! Sən getməsən, bu gecə hər şey məhv olacaqdır: o da, mən də. Bütün gənclər, bir daha bizə şey tapşırmazlar. Bu gecə bizim müqəddəratımız həll edilir. Sən bütün dünyanı bizə güldürmək istəyirsən.

G ü l ə r. Mən getməyəcəyəm!

G ü l s a b a h. Uşaq, mən sənə dedim ki, sən hələ uşaqsan, sən mənimlə döyüşə bilməzsən. Sənin qabağına cəsədlərdən divar çəkilmişdir. Sən dirilər deyil, ölülərin beli üzərindən atıla bilmirsən. Yürüşə gedən kütlənin isə dabanları və pəncələri dəmir kimi sinirsiz və duyğusuz olmalıdır. Gedək, Zaman! (Gülərə). Sən onu bil ki, güclü olmaq hər kəsin işi deyildir. Qəhrəmanlıq üçün kainat kimi geniş ürək, dəmir kimi sarsılmaz kəllə və pəncə lazımdır.

Z a m a n. Getdik! Bəs bu gecə oyun necə olacaqdır?

G ü l s a b a h (saxlanmaz bir hiddətlə). Gedək, Zaman, gedək! Mən burada göz yaşlarında boğuluram.

 

Gedirlər.



 

Q ə m ə r (azacıq sükutdan sonra Gülərin ayaqlarına atılaraq). Sağ ol, qızım, sən mənim üzümü ağartdın. Bu yaşımda bir uşaq kimi sənin ayaqlarına düşüb, öpür və təşəkkür edirəm.

G ü l ə r (sərt bir hərəkətlə qalxaraq). Yox, həyat məni gözləyir. Kütlə məni gözləyir. Vuruş məni gözləyir. Sən mənim silahımı aldın, ona təslim etdin. Sən məni onun yanında qızartdın, utandırdın, məğlub etdin, öldürdün, ana!

 

P ə r d ə



ONUNCU ŞƏKİL
Səhnədə.

 

Ş ö v q i. Adə, vay dədəm vay... Saat doqquz oldu, bunlar gəlib çıxmadı. Biz nə edəcəyik?



S a p a n. Sən öləsən, ürəyim qorxudan gup-gup guppuldayır. Birdən gəlməsə, nə olacaqdır.

Ş ö vq i. Vaxsey-vaxsey... elə bir biabırçılıq olar ki, kiş, kiş, kiş... ağzından külək aparsın.

S a p a n. Yox, adə, inşallah ki, gəlib çıxar. Yəqin yuxuya-zada qalıbdır. Sən öləsən yazıq Gülsabah sapsarı saralmışdı. Bütün bədəni əsim-əsim əsirdi.

Ş ö vq i. Mən, hələ, ondan qorxuram ki, axırda bu rol boynumda qalmasın.

X o s m ə m m ə d (çıxaraq). Yenə nə yapışmısan mənə, tezisin biri tezis. Bu yaşa çatmısan, Allahın dialektikasını da bilmirsən.

X u r ş i d. Podumaeş, yaxşı ki, bozbaş yadından çıxıb.

S a p a n. Adə, Xosməmməd, yapışdır bozbaşın qafiyəsini: aş, baş, bozbaş, vızbaş, bozbaş, öküzbaş.

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, tezis oğlu tezis... Adə, Şövqi, sən də pomoşnik rejissorsan axı... Sən öləsən, o gələcək balovun canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ş ö v q i. Atam, anam, mənim xalqın şalvarıynan işim yoxdur.

X u r ş i d. Sən get onu öz rejissorundan soruş.

X o s m ə m m ə d. Əlbəttə ki! Belə, bir adamın ki, bacarığı oldu, bilişi oldu, başı oldu, onu yıxmaq olmaz ey! Buradan basarsan, oyannan baş vurar, pırtdar çıxar. Kişinin qızı bacarır da.

X u r ş i d. Elə bacarır da... Götürüb küçədən keçəni doldurub buraya ki, nə var, mən kadr hazırlayıram. Odur ki, axırda arabanın dümbəsini vurdu yerə.

Ə m r u l l a (qaçaraq). A balam, bəs nə oldu, bunlar gəlmədilər?..

Ş ö vq i. Vallah, ürəyimiz yarpaq kimi əsir. Heç bilmirəm nə olacaq.

X u r ş i d. Onlar heç bəyəm gələcəklər. Yüyəni verərsən uşaqmuşaq əlinə, axırı belə olar da.

Ə m r u l l a. Ay Allah, birdən gəlməsə, mən nə edəcəyəm. Narkompros, Sovnarkom, bütün SSRI-də biabır olacağam. Dedim bu zalımın qızına ki, bulara etibar yoxdur, hələ dedi: mən zalım oluram. Vallah, o qədər tələsdiriblər ki, qorxudan durub qaçmışam. Yaxşı, bəs o biri nə oldu?

X u r ş i d. Qaçmaz, qaçmaz, üzünə qrim dəydi, daha qaçmaz.

Ə m r u l l a. Indi, mən köpək oğlu, camaata nə cavab verəcəyəm?

Ə l a b b a s. Yoldaş Əmrulla, Narkomprosun lojasında olanlar deyirlər ki, əgər oyun olmayacaqsa, biz gedək.

Ə m r u l l a. Allahü əkbər...

Ş ö vq i. Odur gəldilər (Qabaqlarına qaçaraq). Hə, nə xəbər var?

Ə m r u l l a. Başuvuza dönüm, bağrım çatladı, bir tez deyin görək nə oldu?

S a p a n. Gəldi?

Z a m a n. Gəlmədi.

Ə m r u l l a. Gəlmədi?

G ü l s a b a h (dərin bir sükutdan sonra). Yox gəlmədi.

Ə m r u l l a. Ay Allah, indi mən bu xalqa nə cavab verəcəyəm?! O rolu dahı başqa bir adam bilmir?

Z a m a n. Heç kəs.

T u r a c. Gülsabah xanım, mən ikinci pərdədə onunla görüşməsəydim, onun da rolunu oynardım. Mən hamısını əzbər bilirəm.

Ş ö v q i. Adə... gec gəldi, tez öyrəndi budur ha!

X u r ş i d. Qudurasan, qurbağa, gəldi bizi udmağa!.. Özü üçün umac ova bilmir, özgə üçün əriştə kəsir.

Ə l i m u r a d. Oyunu saxlamaq lazımdır.

Ə m r u l l a. Necə? Mənim atamı yandırarlar. Səhərdən itin suyunu töküblər üstümə. Bir mənə deyən yoxdur: ay əbləh, qurumsaq, bu ağrımayan başuvu yaylıqla neçin bağlayırsan? Kadr, kadr, indi budur biabır olduq, o yaxşıdır?

Z a m a n. Nə etmək?

G ü l s a b a h. Nə etmək? O özü mənimlə yarışmaq istəyirdi. Ancaq o özündə, öz meşşan cəmiyyətinin cəsəd hasarlarını söküb atmaq üçün cəsarət tapmadı. O qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı.

 

Tam bu sırada Gülər tələsik qaçaraq, səhnəyə atılır.



 

G ü l ə r. Mən heç bir şeydən qorxmamışam və qaçmamışam. Mən buradayam, yoldaş Gülsabah!

Ş ö vq i. Adə... bu buradaymış ki.

G ü l ə r. Mən o hasarı sökmüşəm, mən bu saat öz anamın cənazəsi üzərindən atılıb gəlmişəm. Mən səninlə vuruşmuram, yarışıram. Açın, pərdəni, mən hazıram!

H a m ı: Urra...

 

Bu aralıq səhnə ardında bir gurultu qopur.



 

M i r z ə C a m a l. Hanı Gülsabah? Mən otuz ildir bu səhnə üçün can qoymuşam. Mən onu və onun üçün çalışanları uşaq da olmuş olsa, darda qoymaram, bəri gəl! (Əli ilə bir arvadı dartıb səhnəyə çıxararaq) Bax, bu mənim arvadımdır. Mən onu yorğan-döşəkdən çıxardıb gətirmişəm. Ala, bəlkə bir şeyə yaradı.

G ü l s a b a h (ruh yüksəkliyi ilə). Yarar. Yoldaş Mirzə Camal, o da yarar, hər şeyə yarar. Başlayın! Açın pərdəni!..

 

P ə r d ə



ON BİRİNCİ ŞƏKİL
Səhnədə oyun başlanmış. Turac kəndli qızı paltarında işləyərək oxuyur. Qüdrət və Əmrulla müdirin lojasında. Salonda tamaşaçılar. Suflyor, Şövqi, Zaman, Sapan və başqa aktyorlar səhnə ardından, Qüdrət, Əmrulla və Daşdəmir lojadan, camaat salondan, Gülsabah, Gülər və Turac isə səhnədən danışırlar. Pərdə açılınca səhnədə Turac işləyərək, həzin bir səslə oxuyur.

 

T u r a c.



Hicrindən oldu, ey gözəl, viranə könlüm,

Bağlandı eşqə bilmədən divanə könlüm.

Sevda mənə nə verdi?..

Qovğa nədəndir bilmədim;

Dünyada bir gün gülmədim,

Sandı səadət görməyi əfsanə könlüm.

Bağlandı eşqə bilmədən divanə könlüm.

Könlüm səfa dilərdi,

Hər dərdə köksün gərdi,

Sevda mənə nə verdi?

Hicrindən oldu, ey gözəl, viranə könlüm.

Bağlandı eşqə bilmədən divanə könlüm...

 

Q ü d r ə t (lojadan). Bu səs Turacın səsidir. Mənim, deyəsən, beynim çalpaşıq vurur.



Ə m r u l l a. Vicdanım haqqı, sənin əziz canınçın, qızımın ölmüşünə ki, onda bir səs vardır ki, nə bilim! Özü də elə akuratnıdır ki... Belə göydəndüşmə kimi oldu mənimçin. O saat süpürrədim, qoymadım canına yel dəysin. Uşaqsan, heç qoyaram.

Q ü d r ə t. Bu səs onundur. Bu oxuyan Turacdır.

Ə m r u l l a. Hə, odur də, sənin külfətindir də, sən bəs bilmirsən?

G ü l s a b a h (rol paltarında içəri girir). Aha, xoş gördük, qız!

T u r a c. Sağ olun!

G ü l s a b a h. Atan haradadır?

T u r a c. Atam başqa evdə olur, bu ərimin evidir.

Ş ö v q i (səhnənin ardında sevincindən atılıb-düşərək). Sən öləsən, zalımın qızı hələ bil bülbüldür.

S a p a n. Mən dedim tutular.

G ü l s a b a h. Ərin haradadır? Sən ərizə vermişsənmi?

T u r a c. Vermişəm! Bildirdən iki ərizə vermişəm.

Ş ö v q i. Adə, bəs Gülər haradadır? Birdən yadından çıxara... İndicə içəri girməlidir.

G ü l s a b a h. Ərin haradadır?

T u r a c. Kənd içindədir.

Ş ö v q i. Adə, bu Gülər nə oldu?

S a p a n. Gülər, odur ey, keçdi içəri.

 

Gülər içəri girir.



 

Ş ö v q i. Əhsən!

G ü l s a b a h. Siz kimsiniz?

 

Gülər danışmır.



 

Ş ö v q i. Adə, vaxsey, sözü yadından çıxdı.

S u f l y o r. Mən prokuroram, şəhərdən gəlmişəm.

Ş ö v q i. Adə, vaxsey, vaxsey... adə, suflyor, bərkdən de, sözü yadından çıxmışdır.

S a p a n. Yadından çıxmamışdır, dili tutulmuşdur.

G ü l s a b a h (sözünü başqa şəkildə təkrar edərək). Mən sizdən soruşuram: kimsiniz?

 

Gülər susur, danışmaq üçün udqunur, ancaq danışa bilmir.



 

S u f l y o r. Ay qız, ay təzə gələn qız, mən prokuroram, şəhərdən gəlmişəm.

 

Gülər susur.



 

Ş ö v q i. Vaxsey, vaxsey, evimiz yıxıldı!

G ü l s a b a h (onun yanından keçərək yavaşdan). Söz sənindir, Gülər!

G ü l ə r. Mənim boğazım tutulub aça bilmirəm.

X u r ş i d. Şövqi, başına dönüm, yeri köməyə, qoy o dayansın səhnədə, sən buradan sözlərini de.

Z a m a n (səhnə ardından yavaşca). Gülər!

S u f l y o r. Sözünü de, qız, “Mən prokuroram, şəhərdən gəlmişəm”.

G ü l s a b a h (sərt və acıqlı bir səslə). Sizdən soruşuram: siz kimsiniz? Danış deyirəm sənə, cavab ver!

G ü l ə r. Hiddət ancaq sizin boğazınızı yırta bilər. Mən sizə bir soldat kimi cavab verməyə məcbur deyiləm.

G ü l s a b a h. Mən acıqlanmıram, mən soruşuram, siz kimsiniz?

G ü l ə r. Mən hələ bilmək istəyirəm ki, siz kimsiniz?

G ü l s a b a h. Mən kənd sovetinin sədriyəm.

G ü l ə r. Mən də prokuroram, şəhərdən gəlmişəm.

Ş ö v q i. Ura... bravo... gördün necə çıxdı vəziyyətdən!

Z a m a n. Yavaş, nə edirsən?

G ü l s a b a h. Sizin məni görmədən heç bir iş görməyə ixtiyarınız yoxdur. Bu kənddə hakim mənəm.

G ü l ə r. Mən hələ sizin özünüzü məsuliyyətə alacağam.

G ü l s a b a h. Biz onu hələ görərik. Qanun kitabı yuxu deyil ki, istədiyiniz kimi yozasınız.

G ü l ə r. Sənin adın nədir, qız?

T u r a c. Mənim adım Lalədir.

G ü l ə r. Neçə vaxtdır ərə getmişsən?

T u r a c. Bir il iki aydır.

G ü l ə r. Özün ərə getmişsən, ya zorla vermişlər?

T u r a c. Mən məcbur olmuşam. Atam ərimə borclu idi, başqa çarəm yox idi.

G ü l ə r. Kənd sovetinin sədri, bir ildir kəndinizdə canlı bir adamı satın alırlar, siz heç xəbər tutmağı da lazım bilmirsiniz.

G ü l s a b a h. Əfv edərsiniz, mən bu kəndə on gündür gəlmişəm, onun kağızını dünən tapmışam, bu gün də gəlmişəm.

G ü l ə r. Axşam, qız, ərinə bildir, kənd sovetinə gəlsin.

G ü l s a b a h. İstəməz... biz özümüz çağırtdırarıq (Pərdə enir). Sağ ol, Gülər! Sən danışmayanda, mən yaman qorxdum.

G ü l ə r. Mənim dilim tutulmuşdu, hələ bilirdim ağzımı açan kimi hamı güləcəkdir. Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım.

T u r a c. Mənim qələtim çıxmadı ki?

G ü l s a b a h. Yox, Turac çox yaxşı apardın.

Q ü d r ə t. Bu sözlər mənim kitabımda yoxdur.

Ə m r u l l a. Bunu bir az düzəldiblər də...

Q ü d r ə t. Mənim kitabımda arvad prokuror, arvad kənd soveti yoxdur. Mənim kitabımda kökündən kənd soveti yoxdur. Məhkəmə yoxdur.

Ə m r u l l a. Onun eybi yoxdur, onu balaca surətə salıblar də...

Q ü d r ə t. Yox, mənim bunlardan xəbərim yoxdur. Mən bütün camaat qabağında, bütün qəzetlərdə etiraz edəcəyəm.

Ə m r u l l a. Başuva dönüm, komissiya-zad gəlib, biabır olarıq ki... Qoy oyun qurtarsın, sonra yığışarıq, danışarıq, hər nə əgər-əksiyi olsa, hamısını düzəldərik.

Q ü d r ə t. Yox, bəlkə, belə daha yaxşıdır. Ancaq bu fikir mənim deyil, özgənindir (Düşünür).

Ə m r u l l a (sevinəntək). İndi ki, yaxşıdır, daha yaxşı!

Q ü d r ə t. Hələ Turac!.. O dilsiz-ağızsız qadın... iki adamın yanında oxuyunca, qıpqırmızı qızarardı... iki sözü dalbadal deyə bilməzdi. İndi bütün kütlənin qabağında bülbül kimi oxuyur, danışır. hələ Gülər! O üçüncü qız Gülər deyilmi?

Ə m r u l l a. Hə, hə, Gülərdir, Gülər! O ki lap qiyamətdir, hələ bil od parçasıdır. Onu da təzə tapmışam.

Q ü d r ə t. Odur, hələ dünənədək başında bantik gəzdirirdi. İndi səsindəki qüvvət! Yox, bunların heç birindən mənim xəbərim yoxdur.

Ə m r u l l a. Hamısını gənclər düzəldiblər. Bilirsən nə qədər çalışıblar. İllah ki, Gülsabah, yazıq səhərdən girib teatra bir də gecəyarısı çıxıbdır. Bir əvvəl soruşdum, sonra gördüm yox, bu ayrı şeydir. İndi hələ ki, meşqə baxıram, sənin əziz canınçın, ürəyim açılır. İstəyirəm lap tutum üzündən öpüm. Sonra deyirəm onu da bir söz elərlər.

Q ü d r ə t. Yox, mən özgənin fikrini istəmirəm. Bu fikirlər mənim deyildir.

 

Səhnədə işıq yanır, kənd sovetinin dəftərxanası. Turac, Xudayar,



Molla Rəhman və Əbdül səhnədədirlər.

 

Ə b d ü l. Qızım, Lalə, bu daha el adətidir. İşdir, olub keçibdir. İndi sən bizi padsuda vermək istəyirsən? Gözlərüvə qurban olum, qızım, ayaqlaruvun altında ölüm, bizi rüsvay eləmə!



T u r a c. Məndən soruşdular, mən də dedim.

M o l l a R ə h m a n. Pərvərdigara, səndən kömək və kəlbühüm basitün ziraeyhi bilvəsit...

X u d a y a r. Sən sözünü dəyişdir. Deginən ki, yalan demişəm.

T u r a c. Mən kənd məktəbində oxuyurdum, mən klubda işləyirdim, mən adam olacaqdım, sən məni öz pulunla satın alıb, dörd divar arasına qoydun.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit. qızım, qorx Allahdan, bari mənə yazığın gəlsin. Deginən yalan demişəm. Bizi zalımın çəngalına verməginən. Mənə deyirlər ki, zaqsdan kağız almamış neçin kəbin kəsmişsən?

Ə b d ü l. Gör, qızım, birdən-birə neçə adam padsuda gedir.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit!

T u r a c. Mən o qara dustaqda dayanmaq istəmirəm. Buraxın məni öz xoşunuzla! Mən işə getmək istəyirəm, mən işlərəm, onun da pulların verərəm.

X u d a y a r. Sən əgər özgəsinə getmək istəyirsənsə, ondan göz çək! Məni tutarlar, mən sənə talağ vermərəm, qiyamətə kimi altında çürüyərsən.

T u r a c. Mən heç kəsə getmək istəmirəm. Mən ancaq o evə getmək istəmirəm. O da mənim üçün dustaqdır, dustaq!

Ə b d ü l. Qızım, bu ağ saqqalımı ayaqlaruva sürtürəm, bu şələ papağımı ayaqlaruvun altına qoyuram. Sənə yalvarıram: bu yaşımda mənə yazığın gəlsin.

T u r a c. Ata, neçin sən əvvəldən fikirləşmədin? Mən sənə nə qədər yalvardım, göz yaşıma baxmadın, kənd soveti baxmadı, bu çəpgöz mollanın özünə yalvardım, heç biriniz baxmadınız, çünki o hamınızı satın almışdı. Indi nə edim: sənin bu ağ saçlarına yazığım gəlsin, yainki bütün ömrümə?

Ə b d ü l. Bilməmişəm, qızım. Mən gedərəm sənin anovun qəbri üstə yıxılaram, onun da torpaqlarından öpərəm.

T u r a c. Yaxşı, ata... Qoy mənim ömrüm çürüsün. Mən demərəm.

M o l l a R ə h m a n. Odur, gəlirlər, gəlirlər və kəlbühüm basitün ziraeyhi bilvəsit.

 

Gülər və Gülsabah içəri girir və bir qədər onların üzünə baxdıqdan sonra.



 

G ü l ə r. Hamısı buradadır.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit!

G ü l ə r. Ancaq doğrusunu de. Bunlar sənin kəbinini gücnən kəsdirmişlər? Kəbini də zaqsdan iznsiz bu molla kəsmişdir?

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi eyhi bilvəsit!

T u r a c. Yox, mən özüm getmişəm (Üzülərək, gözlərini yerə dikir).

G ü l ə r. Yox? Qorxma, qız, heç bir şeydən qorxma! Doğrusunu de.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə