Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

ötrü alçaq bir işə, yaxud xidmətə gedirsənsə, o, alçaq deyil! Mən isə.... Ah! Əziz 

oğlum, mən səni necə sevirdim! Samueli sevən Hannadan  da, bəlkə, çox 

sevirdim! Sənin sevgiyə, qayğıya, nəvazişə ehtiyacın vardı. Çox zəif idin, səni 

yalnız bu sevgi xilas edə bildi. İnsanın həyatını yalnız sevgi xilas eləyə bilər. 

Lakin oğullar çox vaxt diqqətsiz olurlar və anaları qərəzsiz yaralayırlar və bizə 

həmişə elə gəlir ki, onlar böyüyəndə bizi qiymətləndirərlər və bizi lazımınca başa 

düşərlər. Lakin bu, belə deyil. Həyat onların başını özlərinə elə qarışdırır ki, onlar 

analarıyla yox, özlərinə bab olan, xoş gələn adamlarla dostluq edirlər... onların öz 

əyləncələri var – bu əyləncələrdən biz məhrum edilmişik; onların öz maraqları var 

– bizə bu maraqlar yaddır. Onlar tez-tez bizə qarşı ədalətsizlik edirlər, ya da 

həyatda rast gəldikləri çətinliklərə görə bizi günahlandırırlar, həyatın şirin və xoş 

anlarını isə bizimlə bölüşdürmürlər... İndi sənin çox dostların peyda olub, sən 

onların evində olmusan, onlarla birlikdə sevinmisən, mən isə öz sirrimi içimdə 

saxlayaraq sənin elədiklərini eləməyə cürət etməmişəm; evdə qalmışam və özümə 

qapanmışam, günəşdən gizlənmişəm və  qaranlığa mübtəla olmuşam. Mənim o 

mötəbər ailələrdə nə işim vardı ki? Mənim keçmişim həmişə mənimlə olub. Sən 

elə bilirdin ki, mən həyatın sevinclərinə laqeydəm? Boynuma alıram: mən onlar 

üçün darıxırdım, lakin mən bu ləzzətlərə toxunmağa belə cürət etmirdim; 

düşünürdüm ki, mənim buna haqqım da yoxdur. Sən elə bilirdin ki, mənim 

kasıblar arasında işləməkdən xoşum gəlir. Sənə elə gəlirdi ki, bu, mənim nəsibim, 

vəzifəmdir. Belə deyildi! Axı mən hara gedə bilərdim? Xəstələr onların balışını 

düzəldən əllərdən soruşmurlar ki, təmizsiniz, yoxsa çirkli? Can verən adamlar 

üçün fərqi yoxdur – onları öpən dodaqlar günaha batıb, ya yox? Mən hər zaman 

səni düşünmüşəm; mən onlara sənə lazım olmayan sevgini vermişəm; onlara 

məxsus olmayan hisslərimi xərcləmişəm. Sən isə düşünürdün ki, mən kilsəyə tez-

tez gedirəm, başımı kilsə işlərinə həddən artıq çox qarışdırıram. Bəs hara gedə 

bilərdim? Allahın evi yeganə evdir ki, günahkarları sevinclə qarşılayır; sən isə hər 

zaman mənim qəlbimdə idin, Cerald, hər zaman və hər yerdə! Mən hər gün, 

səhər-axşam Allahın evində diz çöküb yalvaranda heç vaxt öz günahlarımın 

bağışlanmasını diləməmişəm, peşman olduğumu da etiraf etməmişəm. Axı mən 

necə edəydim bunu; bu günahımın məhsulu sən idin, əziz oğlum, sən! Hətta indi, 

bax bu an sən mənimlə sərt davrananda belə mən peşman deyiləm. Yox! Sən 

mənim üçün bakirəlikdən, paklıqdan daha qiymətlisən! Mənim üçün təmizliyimi 

əbədi qoruyub saxlamaqdansa sənin üçün daha yaxşı, deyərdim, ən yaxşı ana 

olmaq daha yaxşıdır... Ah, oğlum, sən niyə bunları görə bilmirsən, niyə məni başa 

düşmürsən? Axı bizi mənim rüsvayçılığım birləşdirdi, mənim günahım səni mənə 

daha da doğmalaşdırdı, qiymətli etdi. Mən səndən ötrü qəlbimi və bədənimi 

satmışam, ona görə səni bu qədər sevirəm. Xahiş edirəm, məndən belə bir alçaq 

addımı atmağı rica eləmə. Sən mənim günahımın uşağısan, daim beləcə qal, 

oğlum! 



CERALD. Anacan, mən bilmirdim ki, sən məni belə sevirsən. Bundan sonra mən 

sənə daha yaxşı oğul olacağam, söz verirəm! Biz heç vaxt bir-birimizdən 

ayrılmayacağıq... Lakin... ana... bu məsələdə mən heç nə edə bilmirəm. Sən gərək 

atama ərə gedəsən. Sən gərək onun qanuni arvadı olasan. Bu, sənin borcun və 

vəzifəndir! 

ESTER (missis Arbetnota tərəf yüyürür və onu qucaqlayır). Yox! Yox! Lazım 

deyil! Bu, əslində, sizin həyatınızın ilk rüsvayçılığı olacaq. Əsl şərəfsizlik sizə ilk 

dəfə olaraq toxuna bilər. Atın onu, mənimlə gedək. İngiltərədən başqa da ölkələr 

var. Bəli, bəli, okeanın o tayında ölkələr var! Daha yaxşı, daha müdrik, daha 

ədalətli ölkələr var! Dünya böyük və genişdir! 

MİSSİS ARBETNOT. Ooo, yox, mənim üçün dünya böyük deyil! O, mənim üçün 

əl içindən də kiçikdir! Yolumun üstündə isə yalnız tikanlar var! 

ESTER. Belə olmaz! Biz haradasa yaşıl dərələr, şəffaf sular taparıq; əgər ağlamaq 

lazım gəlsə, onda birlikdə ağlayarıq! Axı biz ikimiz də onu sevirdik! 

CERALD. Ester! 

ESTER (onu özündən aralayır). Yox, yox, lazım deyil! Siz məni sevə bilməzsiniz! 

Əgər ananızı sevmirsinizsə, məni sevə bilməzsiniz! Əgər ananızın qarşısında diz 

çöküb ona səcdə etmirsinizsə, mənə ehtiram göstərə bilməzsiniz! Bu anada 

qadının bütün məşəqqətləri, iztirabları cəmləşib. Onun simasında bütün qadınlara 

böyük dərd üz verib. 

CERALD. Ester, Ester! Bəs mən nə edim? 

ESTER. Siz atanız olmuş adama hörmət edirsiniz? 

CERALD. Hörmət? Mən ona nifrət edirəm. O, şərəfsiz adamdır! 

ESTER. Təşəkkür edirəm, dünən siz məni onun əlindən qurtardınız. 

CERALD. Boş seydir! Sizin üçün mən ölümə də gedərəm. Lakin siz axı mənə 

demədiniz indi mən nə etməliyəm? 

ESTER. Məgər mən indicə sizə təşəkkür etmədim. Məni qurtardığınıza görə... 

CERALD. Axı indi bəs nə edim? 

ESTER. Qəlbinizin səsini dinləyin, ondan soruşun, məndən yox! Mənim anam 

olmayıb. Mənim xilas olunası, ya da şərəfsizlik ümidinə buraxılası anam olmayıb! 

MİSSİS ARBETNOT. Ah, o amansızdır! Amansız! Qoy mən gedim! 

CERALD (anasının üstünə atılır, onun qarşısında diz çökür). Ana, anacan, məni 

bağışla! Bağışla məni, anacan, mən səhv elədim! 

MİSSİS ARBETNOT. Əllərimi öpmə, onlar soyuqdur. Mənim qəlbim də 

soyuyub, o sınıb. 

ESTER. Ah, belə deməyin, missis Arbetnot! Ürək yaralarla yaşayır. Həzz qəlbi 

daşa döndərə bilər, var-dövlət onu üzə bilər, lakin... dərd... kədər yox! Dərd onu 

sındıra bilməz! Bir də axı sizin nə dərdiniz var ki! Bu dəqiqələrdə siz ona daha 

çox doğmalaşdınız; siz heç vaxt bu qədər ona əziz olmamışdınız! Heç vaxt! Ona 

qarşı mərhəmətli olun, iltifatınızı ondan əsirgəməyin! 




CERALD. Ana, sən mənə həm ana, həm də atasan! Mənə daha heç kim lazım 

deyil! Bütün bunları mən yalnız səndən ötrü deyirdim, yalnız səndən ötrü! Ah, 

ana, danışsana, heç olmasa, bir söz de! Yəni, doğrudanmı, mən bir sevgimi tapıb, 

o birini itirdim? Bunu mənə demə, ana! Ah, ana, sən yaman amansızsan! (Durur 

və hönkürtü ilə divana sərələnir.) 

MİSSİS ARBETNOT (Esterə). O, özünə başqa bir sevgi tapıbmı? 

ESTER. Siz ki bilirdiniz, mən onu ilk baxışdan sevmişdim. 

MİSSİS ARBETNOT. Biz çox kasıbıq, qızım.  

ESTER. Əgər insanı sevirlərsə, o, kasıb ola bilməz! Heç kəs, heç bir insan kasıb 

ola bilməz! Mən öz var-dövlətimə nifrət edirəm. O, mənə mənəvi işgəncə verir. 

Qoy o, bu mənəvi işgəncəni mənimlə paylaşsın. 

MİSSİS ARBETNOT. Axı biz rüsvay olmuşuq? Biz atılmışların sırasındayıq. 

Ceraldın heç rəsmi adı da yoxdur. Ataların günahı oğulların adına yazılır. Bu, 

Allahın qanunudur.   

ESTER. Mən düz demədim. Allahın qanunu yalnız məhəbbətdir! 

MİSSİS ARBETNOT (durur, Esterin əlindən tutub divanda sərələnən Ceralda sarı 

gəlir; Cerald başını əlləri arasına alıb, missis Arbetnot oğluna toxunur, Cerald 

başını qaldırır). Cerald, mən sənə atanı verə bilmərəm, amma sənin üçün arvad 

gətirdim.  

CERALD. Ana, mən sizin heç birinizə layiq deyiləm! 

MİSSİS ARBETNOT. Əgər birinci qadın gəlirsə sənin yanına, deməli, sən 

layiqsən buna! Cerald, sən öz arvadınla məni tərk edib getsən... hərdən məni 

xatırla, yaddan çıxarma  məni, oğlum!  Dua edəndə mənim üçün də dua et! İnsan 

gərək ən xoşbəxt anlarında da dua etsin! Sən isə xoşbəxt olacaqsan, əziz oğlum! 

ESTER. Siz həqiqətənmi bizdən ayrılmaq istəyirsiniz? 

CERALD. Ana, sən ki bizi qoyub getməyəcəksən, eləmi? 

MİSSİS ARBETNOT. Mən sizə şərəfsizlik gətirə bilərəm! 

CERALD. Ana! 

MİSSİS ARBETNOT. Onda bir az yanınızda qalaram! Sonrasına baxarıq, əgər 

istəsəniz, həmişəlik sizinlə qalaram. 

ESTER (anaya). Gəlin bizimlə bağa gedək! 

MİSSİS ARBETNOT. İndi yox, bir azdan. 

 

Ester və Cerald çıxırlar. Missis Arbetnot qapıya yaxınlaşır. Divar sobasının 



yanında ayaq saxlayır. Güzgüyə baxır. Alisa varid olur. 

 

ALİS. Gələn var, miledi. 



MİSSİS ARBETNOT. Deyin ki, evdə yoxam! Verin görüm vizit kartını. (Kartı 

alır və oxuyur.) Deyin, onu qəbul edə bilmərəm. 




(Lord İllinqvort daxil olur. Missis Arbetnot onu güzgüdə görür. Diksinir, lakin 

dönmür. Alisa çıxır.) Corc Harford, sizə bu gün nə lazımdır? Mənə deməyə 

sözünüz də yoxdur! Bu evi sakit buraxın! 

LORD İLLİNQVORT. Reyçel, Cerald bizim haqqımızda hər şeyi bilir!  Hansısa 

bir ortaq məxrəcə gəlməliyik; elə etməliyik ki, hər üçümüzü razı salsın. Səni əmin 

edirəm ki, mən ona ən yaxşı, ən səxavətli ata olacağam! 

MİSSİS ARBETNOT. Oğlum hər an içəri girə bilər. Dünən gecə sizi xilas etdim. 

Amma bu gün çətin söz verirəm buna. Mənim oğlum çox sarsıntı keçirib, çox 

sarsıntılıdır. O, bu rüsvayçılığı da çox ağır keçirir, xahiş edirəm, çıxın gedin 

buradan. 

LORD İLLİNQVORT (oturaraq). Dünənki gecə həddən artıq uğursuz bitdi. O 

səfeh qız, o puritan qız o səhnəni ondan ötrü düzüb-qoşdu ki, mən onu öpmək 

istəyim. Məgər öpüşdə pis bir şey var? 

MİSSİS ARBETNOT (dönür). Öpüş bütün həyatı korlaya bilər, Corc Harford! 

Mən bunu bilirəm və çox yaxşı da bilirəm! 

LORD İLLİNQVORT. Gəlin indi bu barədə mübahisə etməyək. Bu gün də dünən 

olduğu kimi bizim üçün hər şeydən vacib oğlumuzdur! Mən onu çox sevirəm; 

sizə də məlumdur ki – hərçənd bu, sizə qəribə də gələ bilər – mən, sadəcə, onun 

dünən gecə özünü aparmasına heyrət etdim. O, bir an tərəddüd etmədən o 

dəymədüşər qızı müdafiəyə qalxdı; mən də elə öz oğlumu belə görmək 

istəyirdim! Bundan başqa, məgər mənim oğlum bütün hallarda puritanı müdafiə 

eləməzmi? Əlbəttə eləyər. İndi baxın, mən görün nə təklif edirəm... 

MİSSİS ARBETNOT. Lord İllinqvort, sizin heç bir təklifiniz mənim üçün 

maraqlı deyil. 

LORD İLLİNQVORT. Bizim yaramaz ingilis qanunlarına görə, mən Ceraldı 

oğulluğa götürə bilmərəm. Lakin mən öz mirasımı ona saxlaya bilərəm. İllinqvort, 

əlbəttə, nəslin mülküdür, lakin bu, ev deyil, darıxdırıcı bir kazarmadır. O, Aşbini 

götürə bilər, ora daha gözəl yerdir, İngiltərənin şimalında yerləşən Harboro ov 

üçün ən gözəl yerdir, oranı da götürə bilər, ya da Müqəddəs Ceyms Skverdəki evi. 

Centlmenə bundan artıq nə lazımdır ki? 

MİSSİS ARBETNOT. Əlbəttə, heç bir şey! 

LORD İLLİNQVORT. Titula gəlincə isə bizim demokratik zəmanədə o maneədir. 

Mən, sadəcə, Corc Harford olanda hər şeyim vardı; nə istəyirdim, hər şey edirdim. 

İndi isə mənim yalnız başqalarının arzuladığı bircə şeyim var; bu isə daha 

xoşagəlməz bir şeydir. Buna görə də mən təklif edirəm ki... 

MİSSİS ARBETNOT. Axı mən sizə dedim, sizin təklifiniz məni maraqlandırmır. 

Xahiş edirəm çıxıb gedəsiniz. 

LORD İLLİNQVORT. Oğlan yarım il sizinlə, yarım il də mənimlə yaşayar. Bu, 

ədalətli olar, məncə. Siz maddi yardım alarsınız, nə qədər istəsəniz, harada 

istəsəniz yaşaya bilərsiniz. Sizin keçmişinizə gəlincə isə o barədə heç kəs heç nə 




bilmir; məndən və Ceralddan başqa. Hə, əlbəttə, o ağpaltarlı puritan qızdan başqa. 

O, bu barədə danışa bilməz; onu öpmək istəyən barədə də susacaq! O zaman 

qadınlar onu axmaq hesab edəcək, kişilər isə dəymədüşər! Siz də heç nədən 

qorxmayacaqsınız! Nədən qorxacaqsınız ki?! Mənim Ceralddan başqa varisim 

olmayacaq axı! Bir də axı, bəlkə, mən özüm də evləndim! 

MİSSİS ARBETNOT. Siz gecikmisiniz. Mənim oğluma lazım deyilsiniz. Biz 

sizsiz də keçinərik! 

LORD İLLİNQVORT. Siz nə demək istəyirsiniz, Reyçel? 

MİSSİS ARBETNOT. Ceraldın karyerası üçün siz artıq lazım deyilsiniz ona. İndi 

siz artıq adamsınız. 

LORD İLLİNQVORT. Başa düşmürəm. 

MİSSİS ARBETNOT. Pəncərədən baxın. (Lord İllinqvort durub pəncərəyə 

yaxınlaşır.) Yaxşı olar ki, onların gözünə görünməyəsiniz. Xoşagəlməz xatirələri 

oyatmayın. (Lord İllinqvort heyrətdən kənara çəkilir.) Cerald o qızı sevir. Onlar 

bir-birini sevirlər. Biz sizdən qurtulduq. İndi buradan çıxıb getmək istəyirik. 

LORD İLLİNQVORT. Hara? 

MİSSİS ARBETNOT. Sizə deməyəcəyik; əgər axtarıb-eləsəniz, biz sizi 

tanımayacağıq. Məncə, bu, sizi təəccübləndirir? Bəs siz dodaqlarını öpüşlə 

zəhərləmək istədiyiniz o qızdan, həyatını rüsvayçılıqla örtdüyünüz o gəncdən, 

namusunu ləkələdiyiniz o anadan nə gözləyirdiniz? 

LORD İLLİNQVORT. Reyçel, siz necə də amansız olmusunuz! 

MİSSİS ARBETNOT. Bir vaxtlar həddən artıq yumsaq, həlim idim. İndi mənim 

üçün belə yaxşıdır. Dəyişmişəm. 

LORD İLLİNQVORT. O vaxt mən çox cavan idim. Biz kişilər həyatı çox erkən 

tanımağa başlayırıq. 

MİSSİS ARBETNOT. Biz qadınlar isə həyatı çox gec başa düşürük. Bax qadınla 

kişi arasında fərq də bundadır. 

 

Pauza. 



 

LORD İLLİNQVORT. Reyçel, mən oğlumsuz yaşaya bilmərəm. Ola bilsin, 

mənim pullarım ona lazım olmasın. Ola bilsin, mənim özüm də ona lazım 

deyiləm; amma onsuz mən yaşaya bilmərəm. Reyçel, xahiş edirəm bizim 

yaxınlaşmağımıza kömək edin. Əgər istəsəniz, siz bunu edə bilərsiniz. (Gözü 

stolun üstündəki məktuba sataşır.) 

MİSSİS ARBETNOT. Mənim oğlumun həyatında sizin yeriniz yoxdur. Siz onun 

üçün maraqlı deyilsiniz. 

LORD İLLİNQVORT. Onda nə üçün bəs o, mənə məktub yazır? 

MİSSİS ARBETNOT. Anlamadım... 

LORD İLLİNQVORT. Bu məktub nədir belə? (Məktubu götürüb göstərir.) 



MİSSİS ARBETNOT. Bu.... hə.... belə... boş bir seydir. Verin onu mənə. 

LORD İLLİNQVORT. Axı o, mənə yazılıb. 

MİSSİS ARBETNOT. Məktubu açmayın. Qadağan edirəm sizə... 

LORD İLLİNQVORT. Hm. Ceraldın xəttidir.... 

MİSSİS ARBETNOT. Bu məktub sizin əlinizə düşməməli idi. Bu məktubu səhər 

yazmışdı, məndən xəbərsiz. İndi isə peşman olub yazdığına, çox peşman olub! 

Onu açmaq olmaz. İcazə vermirəm sizə. Verin bura məktubu. 

LORD İLLİNQVORT. Məktub mənədir, deməli, mənimkidir. (Açır, oturub 

tələsmədən məktubu oxuyur.) 

 

Missis Arbetnot gözlərini bir an belə ondan çəkmir. 



 

LORD İLLİNQVORT. Reyçel, siz, yəqin ki, bu məktubu oxumusunuz? 

MİSSİS ARBETNOT. Yox! Oxumamışam! 

LORD İLLİNQVORT. Bilirsiniz nədən yazıb? 

MİSSİS ARBETNOT. Bilirəm. 

LORD İLLİNQVORT. Mən onun yazdıqları ilə heç cür razılaşa bilmərəm. Guya, 

mən sizinlə evlənməliyəm. Mən buna qəti etiraz edirəm. Lakin oğlumu qaytarmaq 

üçün, bəli, mən buna gedərəm, sizinlə evlənməyə hazıram. Razıyam, Reyçel və 

sizə də ömrüm boyu hörmət eləməyə hazıram, öz arvadım kimi ehtiram 

göstərməyə hazıram. Mən sizinlə evlənərəm. Sizə münasib olan vaxtda 

evlənərəm. Söz verirəm sizə. 

MİSSİS ARBETNOT. Siz artıq bir dəfə söz vermişdiniz. Yerinə yetirmədiniz. 

LORD İLLİNQVORT. İndi and içirəm, yerinə yetirəcəyəm və bu, sizə sübut 

edəcək ki, mən oğlumu sevirəm, özü də heç də sizdən az sevmirəm. Reyçel, mən 

sizinlə evlənən zaman gərək bütün mənsəb və şöhrətpərəstlik niyyətlərimdən əl 

çəkim; bütün ali plan və niyyətlərimdən imtina edim, əlbəttə, əgər 

şöhrətpərəstliyi, mənsəbi ali niyyət saymaq olarsa... 

MİSSİS ARBETNOT. Mən sizin təklifi qəbul edə bilmərəm, lord İllinqvort! 

LORD İLLİNQVORT. Siz zarafat edirsiniz? 

MİSSİS ARBETNOT. Yox, zarafat eləmirəm, ciddi deyirəm. 

LORD İLLİNQVORT. Səbəb? 

MİSSİS ARBETNOT. Mən artıq səbəbini oğluma izah eləmişəm. 

LORD İLLİNQVORT. Yəqin, nəsə sentimental bir izahat olub, eləmi? Siz 

qadınlar yalnız hisslə və hissiyyatınıza görə yaşayırsınız. Sizin heç bir həyat 

fəlsəfəniz yoxdur. 

MİSSİS ARBETNOT. Bəli, düz deyirsiniz. Biz hissimizlə yaşayırıq, hissiyyata 

görə yaşayırıq. İstəsəniz, lap ehtirasla yaşayırıq, ehtiraslara görə yaşayırıq. Mənim 

iki ehtirasım var, lord İllinqvort: oğluma sevgim və sizə nifrətim! Onları öldürə 

bilməzsiniz! Biri o birindən qidalanır. 



LORD İLLİNQVORT. O, necə sevgidir ki, nifrəti özünə doğma qardaş sayır? 

MİSSİS ARBETNOT. O sevgi Ceralda olan sevgidir! Siz bunu qorxunc hesab 

edirsinizmi? Nə olar, bu, qorxunc sevgidir. Bütün sevgilər qorxuncdur! Bütün 

sevgilər faciədir! Mən sizi nə vaxtsa sevirdim, lord İllinqvort. Ah, sizi sevmək 

qadın üçün necə böyük faciədir!   

LORD İLLİNQVORT. Yaxşı, siz, doğrudanmı, mənə ərə gəlməkdən imtina 

edirsiniz? 

MİSSİS ARBETNOT. Bəli! 

LORD İLLİNQVORT. Ona görə ki, mənə nifrət edirsiniz, eləmi? 

MİSSİS ARBETNOT. Bəli! 

LORD İLLİNQVORT.  Və mənim oğlum da mənə nifrət edir, eləmi? 

MİSSİS ARBETNOT. Yox! 

LORD İLLİNQVORT. Mən buna sevinirəm, Reyçel! 

MİSSİS ARBETNOT. O, sadəcə olaraq, sizə həqarətlə baxır! 

LORD İLLİNQVORT. Çox təəssüf! Mən ona heyifsilənirəm, çox heyifsilənirəm! 

MİSSİS ARBETNOT. Özünüzü aldatmayın, Corc! Uşaqlar əvvəlcə valideynləri 

sevirlər, böyüyəndə isə onları mühakimə edirlər. Və demək olar ki, valideynləri 

heç vaxt bağışlamırlar. 

LORD İLLİNQVORT (məktubu çox yavaş-yavaş təzədən oxuyur). İcazə verin 

soruşum: bu gözəl məktubu, ruhsal məktubu yazan uşağın fikrini necə 

dəyişdirdiniz? Onu buna necə inandırdınız? 

MİSSİS ARBETNOT. Mən yox, o birisi inandırdı. 

LORD İLLİNQVORT. Kimdir o nümunəvi məxluq? 

MİSSİS ARBETNOT. O  puritan qadın, lord İllinqvort. (pauza) 

LORD İLLİNQVORT (qaşqabağını sallayır, sonra yerindən durub stola 

yaxınlaşır; stolun üstündə onun şlyapası və əlcəkləri var, o əlcəklərdən birini 

götürür; missis Arbetnot da stolun yanında dayanıb). Görürəm, burada mənlik bir 

iş yoxdur, Reyçel! 

MİSSİS ARBETNOT. Elədir! 

LORD İLLİNQVORT. Bu, son görüşdür, hə? 

MİSSİS ARBETNOT. Zənnimcə, həmişəlik vidalaşmaqdır, lord İllinqvort! 

LORD İLLİNQVORT. Necə qəribədir! O gecə yadıma düşür, sizin məndən 

ayrılıb getdiyiniz gecə! Bu anlarda sizin üzünüzdəki ifadələr eynilə ogecəki 

ifadələri xatırlatdı mənə! O dodaqlar da ogecəki dodaqlar kimidir, bir-birinə 

sıxılıb. Düz sözümdür, Reyçel! Məni heç bir qadın sizin kimi sevməyib! Siz 

özünüzü mənə təzə-tər çiçək kimi bağışladınız, mən o çiçəklə nə istəsəydim, edə 

bilirdim. Siz dünyanın ən gözəl oyuncağı,  ən cazibəli, məftunedici qısa romanı... 

(Saatını çıxarır.) İkiyə on beş dəqiqə qalıb! Hanstentongilə getmək lazımdır! Mən 

sizi bir daha görməyəcəyəm! Mən, həqiqətən, çox təəssüf edirəm! Öz sevgilinə öz 



zümrənin arasında rast gəlmək adama qəribə gəlir; öz arvadının həmin zümrədə 

belə yüksək ehtirama layiq olması... 

 

 Missis Arbetnot əlcəyi götürüb lord İllinqvortun sifətinə çırpır. Lord İllinqvort 



utandığından qızarıb geri çəkilir, sarsılır. Sonra özünü ələ alıb pəncərəyə 

yaxınlaşır, oğluna baxır, ah çəkib otaqdan çıxır. 

 

MİSSİS ARBETNOT (hönkürtü vurur və divana yıxılır). Bunu o deyə bilərdi! O 



deyə bilərdi bunu! 

Cerald və Ester bağdan qayıdıb gəlirlər. 

CERALD. Anacan, əzizim! Sən niyə gəlmədin bağa?  Özümüz gəldik sənin 

dalınca! Ana, sən ağlamısan? (Diz çökür qarşısında.) 

MİSSİS ARBETNOT. Mənim oğlum! Mənim əziz balam! Yavrum mənim! (Əlini 

oğlunun saçlarında gəzdirir.) 

ESTER (onlara yaxınlaşır). İndi sizin iki uşağınız var. İcazə verin, mən də sizin 

qızınız olum. 

MİSSİS ARBETNOT (qıza baxır). Bəs siz istəyirsinizmi ki, mən sizin ananız 

olum? 


ESTER. Mən yalnız elə bunu istəyirəm, tək bircə sizi istəyirəm; tanıdığım bütün 

qadınlar arasından sizi ana kimi istəyirəm! 

 

     Onlar üçü də qucaqlaşıb bağa gedir. Cerald stola yaxınlaşıb şlyapasını 



götürmək istəyir. Lord İllinqvortun döşəməyə düşmüş əlcəyini görür və onu 

yerdən qaldırır. 

 

CERALD. Ana, bu əlcək kimindir? Sənin qonağın vardı? O kim idi? 



MİSSİS ARBETNOT (dönüb oğluna baxır). Ooo, heç kim, oğlum! 

Əhəmiyyətsizdir onun barəsində danışmaq! Diqqətəlayiq olmayan bir adam idi! 

 

 Pərdə. 


 

Son. 


                                   

 

Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə