Q63-001-15 Bakı şəhəri 04 dekabr 2015-ci IL



Yüklə 52,2 Kb.
səhifə1/3
tarix17.09.2018
ölçüsü52,2 Kb.
#69031
növüQaydalar
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

Q63-001-15



 

Bakı şəhəri                                                                                     04 dekabr 2015-ci il

 

«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə»

 

«Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının 3-cü hissəsinin üçüncü abzasına uyğun olaraq daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydalarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 5.6-cı bəndini rəhbər tutub,



 

KOLLEGİYA QƏRARA ALIR:

 

1. «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).



2. Qaydaların daxili işlər orqanlarının kadr aparatlarının əməkdaşları tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin edilsin.

3. DİN-in 2011-ci il 23 iyun tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında Təlimat» daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyən hissədə ləğv edilsin.

4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

5. Qərarın icrasına nəzarət Baş Kadrlar İdarəsinə tapşırılsın.

6. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

 


Kollegiyanın sədri

general-polkovnik

Ramil Usubov

 

 


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2015-ci il «04» dekabr tarixli Q63-001-15 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün

namizədlərlə müsabiqənin keçirilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə (bundan sonra Əsasnamə) uyğun hazırlanmışdır və daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müsabiqənin elan edilməsi, namizədlərlə müsabiqənin keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyir.



1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, daxili işlər orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.

1.3. Daxili işlər orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) internet saytında elan verilir.

1.4. Müsabiqəyə elan olunmuş vəzifələr üçün zəruri olan peşə-ixtisas biliklərinin minimal səviyyəsinin standartları “Yaddaş kitabçası” və kütləvi informasiya vasitələri ilə namizədlərə çatdırılır, Nazirliyin internet saytında yerləşdirilir.  Peşə-ixtisas biliklərinin minimal səviyyəsinin standartlarının hazırlanmasına Nazirliyin aidiyyəti xidmətlərinin rəhbərləri, müvafiq sahələrin mütəxəssisləri və alimlər cəlb olunurlar.

1.5. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumları haqqında məlumatlar Nazirlik tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.

1.6. Bu Qaydaların 1.8-ci bəndində göstərilən şəxslər istisna olmaqla, namizədlər sıravi, kiçik, orta və böyük (polis polkovniki istisna olmaqla) rəis heyəti vəzifələrində xidmətə müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir.

 1.7. Müsabiqəyə Əsasnamənin tələblərinə cavab verən ali hüquq təhsilli və digər ixtisasları olan ali, orta-ixtisas, habelə tam orta təhsilli şəxslər buraxılırlar.

1.8. Aşağıda göstərilən şəxslər yalnız müsahibə əsasında xidmətə qəbul olunurlar (test imtahanlarını keçmədən):

1.8.1. prokurorluqda, digər hüquq mühafizə və xüsusi xidmət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edənlər (işləyənlər);

1.8.2. digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutanlar;

1.8.3. hüquq sahəsində elmi dərəcəsi olanlar;

1.8.4. maliyyə, iqtisadi, texniki, kriminalistika, tibbi, pedaqoji, kargüzarlıq sahələri üzrə vəzifələrdə xidmətə qəbul edilənlər.

1.9. Nazirliyin Polis Akademiyasının məzunları, xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş Nazirliyin əməkdaşları, eləcə də daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla, digər ali təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyətindən olan əməkdaşlar orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üçün elan olunmuş müsabiqədə ümumi əsaslarla iştirak edirlər. Bu halda onların barəsində aparılan sənədləşmə və yoxlama, əməkdaşların xidmət üzrə irəli çəkilməsi halları üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

1.10. Müsabiqədən keçmiş böyük və orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin Polis Akademiyasında, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində xüsusi kurslara cəlb edilirlər.

1.11. Naxçıvan Muxtar Respublikası ərazisində daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqə bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata  keçirilir.

 

2. Müsabiqə Komissiyaları

 

2.1. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi məqsədi ilə Nazirlikdə Azərbaycan Respublikası daxili işlər nazirinin sədrlik etdiyi 9 nəfərdən ibarət Mərkəzi Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir.



2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.3. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.

2.4. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi həll olunur.

2.5. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təyin edilir.

2.6. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.

2.7. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.8. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.9. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.

2.10. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

2.11. Kadr xidməti olmayan Nazirliyin aparatının qurumlarında və bilavasitə tabeliyindəki strukturlarında sıravi və kiçik rəis heyəti üzrə vakant olan vəzifələrə xidmətə qəbul üçün müsabiqə Komissiya tərəfindən təşkil olunur. 

2.12. Nazirliyin tədris müəssisələrində, nizami polis hissələrində və ərazi orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul üçün müsabiqə həmin orqanlar tərəfindən elan olunur və keçirilir. Bu məqsədlə müsabiqə elan olunmuş orqanda bu orqanın rəisinin sədrliyi ilə azı 5 nəfərdən ibarət Yerli Müsabiqə Komissiyası yaradılır (bundan sonra - Yerli Komissiya).

2.13. Yerli Komissiya orqan rəisinin əmri ilə 3 il müddətinə yaradılır. Yerli Komissiyanın fəaliyyəti sədr tərəfindən bu Qaydaların 2.3-2.10-cu bəndlərinə uyğun təşkil olunur.

 

3. Sənədlərin qəbulu

 

3.1. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən şəxslər elanda göstərilmiş müddətlərdə Nazirliyə müraciət edərək aşağıdakı sənədləri təqdim edirlər:



3.1.1.  şəxsi ərizə (2 nömrəli əlavə)

3.1.2. şəxsiyyət vəsiqəsinin surəti;

3.1.3. əmək kitabçasının notarial qaydada və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.4. hərbi bilet (qadınlar istisna olmaqla);

3.1.5. ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

3.1.6. 9x12 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

3.1.7. tərcümeyi-hal (3 nömrəli əlavə);

3.1.8. yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar (4 nömrəli əlavə).

3.2. Müsabiqədə iştirak etmək üçün müraciət və sənədlər elektron qaydada da qəbul olunur. Elektron qaydada qəbulun prosedurları Nazirliyin Kollegiyasının 2012-ci il 30 noyabr tarixli Q67-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»lə müəyyən edilir.

3.3. Komissiyaya müraciət etmiş hər bir şəxs barədə müvafiq qeydiyyat aparılır  (1 nömrəli əlavə).

3.4. Ərizələrin qəbulu müvafiq kadrlar xidməti tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.

3.5. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah edilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.6. Daxili işlər orqanlarında xidmətə qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılır və bu barədə yazılı məlumatlandırılır.

3.7. Ərizələrin qəbul müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.

3.8. Müraciət edənin daxili işlər orqanlarında xidmətə qəbul edilməsinin mümkün olub-olmaması, müraciətin daxil olduğu gündən bir ay müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Namizədin təklif olunan vəzifələr üzrə xidmətə yararlı olması müəyyən edildikdə, o, müsabiqəyə buraxılmış namizədlərin ümumi siyahısına daxil edilir (5 nömrəli əlavə).

3.9. Siyahıya salınmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.

3.10. İmtahana 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan “İmtahana buraxılış vərəqəsi” verilir. “İmtahana buraxılış vərəqəsi”ndə namizədin şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. “İmtahana buraxılış vərəqəsi”ndə namizədin adı və şəxsiyyətini müəyyən edən digər məlumatlar yazılır.

3.11. Namizədlərin “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini imtahana gətirməsi mütləqdir. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır. “İmtahana buraxılış vərəqəsi”ni itirmiş yaxud onda düzəliş etmiş şəxs imtahana buraxılmır və həmin şəxsə yeni “İmtahana buraxılış vərəqəsi” verilmir.

3.12. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən şəxslər bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədləri müsabiqə elan edilən gündən etibarən 30 gün müddətində müsabiqə elan etmiş orqana təqdim edirlər. Müraciət edənin daxili işlər orqanlarında xidmətə qəbul edilməsinin mümkün olub-olmaması, müraciətin daxil olduğu gündən bir ay müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

Təqdim olunmuş sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda müraciət qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar aşkar edildikdə həmin namizəd müsabiqəyə buraxılmır və bu barədə ona yazılı məlumat verilir. Təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə uyğun olduqda ərizələrin qəbulu jurnalında qeydiyyat  aparılır.

Ərizə qeydiyyata alınır və namizədin xidmətə yararlılığının qabaqcadan müəyyən edilməsi məqsədilə sənədləşdirmə aparılaraq zəruri yoxlamalar keçirilir. Namizədin təklif olunan vəzifələr üzrə xidmətə yararlı olması təsdiqləndikdə, o, müsabiqəyə buraxılmış namizədlərin ümumi siyahısına (5 nömrəli əlavə) daxil edilir.

 

4. Müsabiqənin keçirilməsi

 

4.1. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanının keçirilməsi:



4.1.1. İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.

4.1.2. İmtahan suallarının hazırlanmasında istifadə edilmiş ədəbiyyat və normativ hüquqi aktların siyahısı “Yaddaş kitabçası” və kütləvi informasiya vasitələri ilə namizədlərə çatdırılır, Nazirliyin internet saytında yerləşdirilir.

4.1.3. Komissiya tərəfindən imtahana salınan suallar konfidensiallıq təmin edilməklə toplu şəklində hazırlanır. Hazırlanmış topluda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı 10 dəfə çox olmalı və hər bir növbəti müsabiqə üçün onların azı 25 faizi təzələnməlidir.

4.1.4. İmtahan suallarının toplusunun hazırlanmasına Nazirliyin aidiyyəti xidmətlərinin rəhbərləri, müvafiq sahələrin mütəxəssisləri və alimlər cəlb olunurlar.

4.1.5. Suallar toplusu Komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır. Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

4.1.6. Suallar toplusu ayrıca kitabça şəkilində çap edilib imtahana ən azı 10 gün qalmış yayımlanır.

4.1.7. İmtahana 2 gün qalmış Komissiya tərəfindən konfidensiallıq təmin edilməklə suallar toplusundan aşağıdakı şərtlər daxilində imtahana düşəcək suallar seçilir:

4.1.7.1. Ali hüquq təhsilli namizədlər üçün:

- ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara aid sahələr üzrə 80 sual;

- namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən intellektual səviyyəsinin və dünyagörüşünün qiymətləndirilməsinə imkan verən sahələr üzrə 20 sual.

4.1.7.2. Ali pedaqoji təhsilli namizədlər üçün:

- insan hüquq və azadlıqlarına dair və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə aid sahələr üzrə 30 sual;

- ali pedaqoji təhsil proqramına aid sahələr üzrə 50 sual;

- namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən ümumi intellektual səviyyəsinin və dünyagörüşünün qiymətləndirilməsinə imkan verən sahələr üzrə 20 sual.

4.1.8. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyularaq üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.

4.1.9. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır. İmtahanı müşahidə etməyə beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilə bilər.

4.1.10. İmtahanın başlamasına bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir.

4.1.11. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəkləri binanın qarşısına gəlməlidirlər.

4.1.12. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən auditoriyada öz yerini tutmalıdır.

4.1.13. Hər bir masa arxasında bir namizəd əyləşir. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra, imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır. Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.

4.1.14. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Suallara verilən səhv cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanmalıdır.

4.1.15. İmtahan qurtardıqdan sonra namizəd sual kitabçasını və cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və auditoriyanı tərk etməlidir.

4.1.16. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir və o, möhürlənmiş zərfi aidiyyəti üzrə verir.

4.1.17. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri komissiya tərəfindən ləğv edilir.

4.1.18. Komissiya tərəfindən cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılmış rejimdə elektron hesablayıcı maşınlar vasitəsilə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

4.1.19. Test imtahanında hər düz cavab 1 balla qiymətləndirilir. Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir. Test imtahanında 65 və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirirlər. Keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.

4.1.20. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri komissiyanın sədrinə təqdim edilir. Nəticələr namizədlərə qısa müddətdə elan olunur. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

4.1.21. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində komissiyaya müraciət edə bilər. Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə şikayətçinin cavab kartını və arayışı ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir.

4.1.22. Cavab kartının yoxlanılması düzgün həyata keçirilməmişdirsə, şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid balı topladığı müəyyən edilərsə, komissiya onun müsahibəyə buraxılması məsələsini həll edir.

4.1.23. Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.

4.1.24. Test imtahanlarında iştirak etməmiş namizədlər müsabiqəyə buraxılmır.

Üzürsüz səbəbdən test imtahanlarında iştirak etməmiş namizədlərin daxili işlər orqanlarında xidmətə qəbulu rədd edilir. Sonrakı müsabiqələrdə onlar ümumi qaydada iştirak edirlər.

4.1.25. Üzürlü səbəbdən test imtahanlarında iştirak etməmiş namizədlər 1 il müddətində xidmətə qəbula namizəd kimi ehtiyatda saxlanılırlar. Göstərilən müddətdə yeni müsabiqə elan edildikdə, həmin şəxslərdən bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlər tələb olunmur. Yeni müsabiqəyədək 6 aydan çox vaxt keçdikdə namizədin yoxlanılması zamanı Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat-sorğu qeydiyyatları üzrə alınmış cavablar və xüsusi həkim komissiyasının rəyi (arayışı) təzələnməlidir.

4.1.26. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.

4.2. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanının keçirilməsi:

4.2.1. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbula namizədlər ilə test imtahanlarının keçirilməsi üçün Yerli Komissiya tərəfindən mütəxəssislər də cəlb edilməklə, müxtəlif mövzuları, o cümlədən hüquq, dövlət quruculuğu, dil, ədəbiyyat, tarix, siyasət, iqtisadiyyat və digər sahələri, yerli əhəmiyyətli problemləri əhatə edən 60 sualdan ibarət «test imtahan vərəqəsi» (bundan sonra - test) hazırlanır (6 nömrəli əlavə).

4.2.2. Testlərin tərtib edilməsində Komissiya tərəfindən hazırlanmış suallar toplusundan istifadə edilir.

4.2.3. Yeni testlər hazırlanarkən əvvəlki testlərdə olan sualların 25%-ə qədəri istifadə oluna bilər.

4.2.4. Hər bir test sualında yalnız biri düzgün olan dörd cavab variantı təklif olunur. Test imtahanı verən namizəd sualların cavablandırılması üçün düzgün hesab etdiyi cavabın nömrəsini çevrəyə almaqla, üstündən çarpazlaşan xətlər çəkməklə, yaxud digər formada nişanlayır. Testlərin hər bir sualının düzgün cavabı 1 balla qiymətləndirilir.

4.2.5. Test imtahanlarının nəticələri toplanılmış balların cəminə görə qiymətləndirilir.

4.2.6. Test imtahanlarının məqbul qiymətləndirilməsi üçün namizəd tərəfindən azı 31 bal toplanmalıdır.

4.2.7. Testlər yoxlanıldıqdan və ballar cəmləndikdən sonra bu barədə test imtahan vərəqəsində qeyd edilir və Yerli Komissiya üzvləri tərəfindən imza edilməklə təsdiqlənir.

4.2.8. Test imtahanlarının keçirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. Test imtahanlarının keçirilməsi qaydalarının izahına, testlərin paylanılmasına və s. texniki məsələlərə sərf edilən vaxt  imtahanın keçirilməsi üçün müəyyən olunmuş müddətə aid edilmir.

4.2.9. Test imtahanlarının keçirilməsinin vaxtı və yeri, eləcə də ümumi qaydaları və prinsipləri namizədlərə azı 5 gün əvvəldən bildirilir.

4.2.10. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə Yerli Komissiya tərəfindən imtahandan kənarlaşdırılır.

4.2.11. Test imtahanlarında iştirak etməmiş namizədlər müsabiqəyə buraxılmır.

Üzürsüz səbəbdən test imtahanlarında iştirak etməmiş namizədlərin daxili işlər orqanlarında xidmətə qəbulu rədd edilir. Sonrakı müsabiqələrdə onlar ümumi qaydada iştirak edirlər. 

4.2.12. Üzürlü səbəbdən test imtahanlarında iştirak etməmiş namizədlər 1 il müddətində xidmətə qəbula namizəd kimi ehtiyatda saxlanılırlar. Göstərilən müddətdə yeni müsabiqə elan edildikdə, həmin şəxslərdən bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlər tələb olunmur. Yeni müsabiqəyədək 6 aydan çox vaxt keçdikdə namizədin yoxlanılması zamanı Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat-sorğu qeydiyyatları üzrə alınmış cavablar və xüsusi həkim komissiyasının rəyi (arayışı) təzələnməlidir.

4.2.13. Test imtahan vərəqəsi namizədin bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlərinə əlavə olunur.

4.2.14. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində Yerli Komissiyaya müraciət edə bilər. Yerli Komissiya şikayətçinin test imtahan vərəqəsini ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir.

4.2.15. Test imtahan vərəqəsinin yoxlanılması düzgün həyata keçirilməmişdirsə, şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid balı topladığı müəyyən edilərsə, Yerli Komissiya onun müsahibəyə buraxılması məsələsini həll edir.

 


Yüklə 52,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə