Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#912
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

gözlərinin dəlikləri niyəsə həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin 
təsvir elədiyi kimi, o qədər də hündürboylu deyildi ki, sarayın dar və alçaq 
qapılarından keçə bilməsin. Bu, deyilən kimi, uşaqları və qaranquşları sevən, bir 
çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss eləyən, gözlərə baxıb 
ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli xəstələri ayağa 
qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün 
danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun, 
həddindən artıq möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu 
barədə bütün məlumatların və qaynaqların məhv edilməsinə baxmayaraq, hamı 
bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün aranlılara məxsus hakimiyyət 
hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi də buna bir sübut 
idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran qupquru 
tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi 
həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu, 
yatdığı arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş 
mindən çox uşağı vardı və bu uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal 
adam demək olmazdı. Bu uşaqların heç biri onun nə adını, nə də soyadını 
daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan savayı. Bu uşaq, dünyaya 
gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə diviziyasının 
komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya 
doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir 
anayla da kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə 
uyğun olaraq, atasının üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon 
Alvarado olmuşdu. Bütün dərsliklərdə də yazılmışdı ki, Bendisyon da, Müqəddəs 
Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi ilə boylu olmuş və ali 
qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət zirvəsinə 
çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki 
belə ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!» 
Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq 
təbiətinə görə, saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan 
əyanların nifrətini qazanan qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət 
rəhbərinin anasının, qəm-kədər çəkməsin deyə, döşünə çörəkotu düyünü taxıb 
gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ ilişdirə-ilişdirə 
yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi, arxasınca 
sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə 
arı pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından 
hiddətlənir, tükləri bozarmış, ütük quşları akvarel rəngləri ilə rəngləyib bazarda 
satmasından, əzəldən tarixi nitqlər söylənilmiş mötəbər prezitdent eyvanında, 
yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. Rəsmi qəbulların birində isə, 
onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, oğlunun prezidentlik 
əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyi üçün 
prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: «Elə bil gecə-
gündüz projektorların altındayam, senyor!» O, bu sözləri mili bayram günündə, 
əlində boş şüşələrlə dolu səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə 
dürtüşdürəndə dediyi kimi, elə-beləcə də demişdi. Camaat əl çalır, təntənəli musiqi 
 
33


səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı açmağa hazırlaşır, Bendisyon 
Alvarado isə şüşə dolu səbətini maşina soxuşdurub: «Onsuz da dükana tərəf 
gedirsən, oğul, bu şüşələri də qaytar!» - deyirdi. Yazıq ana… Axı o, nə biləydi ki, 
tarixi an nə deyilən şeydi?! Bu qadında zərrə qədər də olsun, siyasi həssaslıq yox 
idi. Bu çatışmazlıq, ələlxüsus, admiral Xiqqinsin rəhbərlik etdiyi Amerika hərbi 
donanmasının yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi. 
Banketdə, oğlunu ilk dəfə parad geyimində – döşü qızılı orden-medallarla 
bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon Alvarado, içinə sığmayan 
analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca bərkdən-bərkdən: 
«Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa onu 
oxudardım!» - dedi. Bu, misli görünməmiş fəlakət idi… 
Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan 
birbaşa şəhər kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu, 
həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara 
qoyulan gecə, qələbə çaldığı Federasiya tərəfdarlarının başçılarından udmuşdu. 
Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun 
ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının 
arvadıyam». Odur ki, qadın evin, ağalar yaşayan hissəsində yox, altı nəfər 
sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır, 
vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş 
maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar, 
heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü. 
Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə 
öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel 
rəngləri ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə: 
«Yazıq balam, bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray 
dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz 
pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda, 
kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə deyinirdi. 
Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər 
siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı 
şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına 
düşən miskin qazancından, gətirdiyi bu şirniyyatı, təsadüfən nahar süfrəsinin 
üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi hər qəpiyin, yeməyinin 
qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən 
gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi, 
zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər 
idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə 
verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları 
eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun 
üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! Mane olma!» - deyə 
çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, çəkilmiş, 
işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə 
qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova, 
 
34


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə