Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

görmürdü, bunları eyni ciddilik və inadkarlıqla həll edirdi, o vaxtlar o, səmimi-
qəlbdən inanırdı ki, insanlara xöşbəxtlik bəxş etmək, ölümü isə, fərasətin və 
fəhmin köməyi ilə aldatmaq olar. İndi isə o heysiz bir qoca idi! Halbuki bir vaxtlar 
onun hökmü o qədər əzəmətli və kəsərliydi ki, o, kimdənsə saatı soruşanda: «Saat 
neçəni əmr etsəniz, mənim generalım!» - cavabını alırdı və həqiqətən də o, günləri, 
həftələri könlü istədiyi kimi idarə edir, ona lazım və sərfəli olanda, gündüzləri 
gecə, gecələri gündüz bilməyi əmr edirdi; qəbulolunmuş ənənəvi bayram günlərini 
də o, istədiyi kimi dəyişdirirdi, təqvimi elə tərtib edirdi ki, onun ölkənin bu və ya 
digər rayonuna gəlişi hansısa bayramla bir vaxta düşsün ki, özünü başqa yerdə də 
həmin bayrama çatdıra bilsin; hər yerdə də onu, gölgəsi, əli maçeteli olan, 
ayaqyalın hindu, qaragün senatorları və taxta qəfəslərdə döyüş xoruzları müşayiət 
edirdi: o, tamaşaçılarla, bu və ya digər xoruza görə ucadan mərc gəlir, təbil səsini 
andıran əcayib qəhqəhəsindən qalyeranın taxta meydançası titrəyirdi; bu qəhqəhə, 
musiqinin səsini də, göyə atılan fişənglərin parıltısını da asanca batırırdı, çünki biz 
hamımız onunla birgə qəhqəhə çəkməli, o susub həyəcanlananda, iztirab içində 
susmalı, onun xoruzları bizim xoruzlara qalib gəldikdə, bu qələbəni sürəkli 
alqışlarla qarşılamalıydıq; xoruzlarımız onun xoruzlarına basılmağa elə ustalıqla 
öyrəşmişdi ki, bu savaşlarda demək olar, heç vaxt pərtlik olmurdu; yalnız bir dəfə 
Dionisio İquaranın qoçaq xoruzu qarşısıalınmaz sərt bir həmləylə, adlı-sanlı 
qonağın göyümsov xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız 
qorxudan yerimizdə donub qalmışdıq, general isə qalxıb Dionisioya tərəf 
yönəlmişdi və onun əlini sıxaraq: «Afərin! – demişdi. – Əsl kişisən!» Onda iş elə 
gətirmişdi ki, bu oyun generalın kefinin yuxarı vaxtına təsadüf eləmişdi, odu ki, 
Dionisionun xoruzunun ədəbsizliyi onun kefini poza bilməmişdi. Əksinə, bu yeni 
növ hiss-həyəcana görə bir növ ona minnətdarlıq hissi duymuşdu. 
Prezident:«Bu xoruza neçə verim?» - deyə soruşanda, Dionisio İquaran çəkinə-
çəkinə: «Peşkəşdi, cənab general, - demişdi - götürün». Dionisio İquaran, camaatın 
alıqışı, musiqi və fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu 
hamıya, məğlubedilməz, qırmızı xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd 
yarlı-yaraşıqlı, cins xoruzu göstərib öyünəndə, çoxları ona qibtə eləmişdi; lakin elə 
həmin gecə Dionisio İquaran yataq otağına girib qapını arxadan bağlamışdı, bir 
şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın kəndirindən 
asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş 
şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə 
şeylər əsla düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra, 
görüş vaxtı hal-əhval tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi 
adamların başına bu qədər faciəli hadisələrin gəlməsi də niyəsə onu düşündürmür, 
arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu narahat eləmirdi; onu 
sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı kimsəninsə onun 
adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu 
müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu 
adamın təqibinə başlamaq işarəsi kimi yozsunlar. 
O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər 
iyi verən vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə 
mətbəxində peyda olurdu; ilk baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev 
 
59


sakinlərinin canına vəlvələ salır, o, totunayla** gil badyadan su götürür, onu 
fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana yaxınlaşıb əlini onun içinə soxur, 
ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, köpənəcən yeyirdi; o elə 
sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, amma özünün 
ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik 
olaraq bu evdə qalacaqdı; bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar 
da olduğu kimi, xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, 
çünki bu məhəbbətə ehtiyaclıydı, bir də ona görə belə eləyirdi ki, əslində, o çox 
sadə adam idi, necə görünürdüsə, elə həmin o adam idi. Həmin dövrdə hakimiyyət 
onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu kimi, adamı tədricən 
içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın gözləri 
qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi; 
hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan 
ağacı barmağıyla göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan 
heyvanı göstərməyi kifayət idi ki, o heyvan balalasın, hansısa məqsədə yetmək 
istəyən adamı göstərməyi kifayət idi ki, həmin şəxs öz məqsədinə çatsın; o, yağışı, 
məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq torpaqlara yağmağa məcbur 
eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə görmüşəm!» 
Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna 
inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif 
əlamətlərə, qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı. 
Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı 
üzərindən uçub keçən piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş 
tutmalı görüşü başqa vaxta keçirirdi ki, bəs anası Bendiyon Alvarado toyuq 
yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti səfəri ərəfəsində, onu hər 
yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı nitqləri 
onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən 
imtina etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, 
mebelsiz bir otaqda, onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla 
yaraqlanmış boz pencəkli kişilərin arasındadı… onlar, irişə-irişə, əllərindəki 
bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha yana gedirsə, üzünü 
yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, özünü, bu 
əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış 
heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu 
və həlledici zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun 
qanından içmək şərəfinə nail olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə 
qəzəb hiss edir, daxilində qəribə bir əminamanlıq duyur, həyat bədənini tərk 
etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz cismini, çəkisini daha 
duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir aydınlıq 
sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və 
budur, nəhayət onlardan biri - yuxuda onun oğlu olan şəxs, əlindəki qəssab 
bıçağını onun qasığına soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ 
divarlarına, bu dəhşətin ağlığına çiləndi… «Onda mən qana bulaşmış ponçomu 
üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni tanımayanlar, ölü halımda da 
tanıya bilməsinlər və yerə yıxıldım, can verməyə başladım…» Yuxu o qədər real 
 
60


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə