Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

qarşısında müvəqqəti olaraq, acizləşən dəfolunmaz qəlbi yenidən güc toplayıb yer 
üzündə dərrakə və insan ləyaqəti deyilən hər nə varsa, hamısına qarşı bir az da 
qəddarlaşıb və bu dəfəki qəddarlaşmanın səbəbi – iyirmi üç fevral, bazar ertəsinin 
sübh çağı vəfat edən Bendisyon Alvaradonun faciəli ölümüdü. 
Bendisyon Alvaradonun ölümü ilə ölkə tamamilə yeni - qarmaqarışıq, narahat bir 
əsrə qədəm qoydu. Bizlərdən heç birimiz o qədər qoca deyildi ki, onun anasının 
dəfn tarixini dəqiq yadında saxlasın, lakin bu dəfn mərasimi haqda söz-söhbətlər 
bizim vaxtlara gəlib çatmışdı. Biz bilirdik ki, o, bir daha əvvəlki kimi, anasının 
sağlığında olduğu kimi olmayacaq – öz keçmiş həyat tərzinə qayıdacaq. Onün bu 
yetimçilik əhvalını nəyinki, həmin o yüz gün ərzində, sonralar da pozmağa heç 
kimin cürəti çamadı və o, özü də bu hüznlü sarayın – əbədi kədərə qərq olmuş bu 
qəm səltənətinin, matəm zənglərinin əbədi olaraq donub qaldığı, saatların, yalnız 
bir vaxtı – Bendisyon Alvaradonun ölüm vaxtını göstərdiyi, hamının ağır –ağır 
köks ötürə-ötürə danışdığı, qarovulun ayağıyalın gəzdiyi, rejimin ilk günlərindən 
toyuqlara azadlıq verildiyi, o matəmli gündən sonra görünməz adama çevrilən, 
qəlbi gücsüzlükdən və ələmdən qan axıdan monarxın icazəsi olmadan, heç bir 
hərəkətə icazə verilmədiyi sarayın sakinlərinin gözünə görünmədi; həmin vaxtlar 
isə, həyatın, ölümün çürüdə biləcəyindən daha pis çürütdüyü bədəniylə buzla 
bərkidilmiş taxta tilişkələri ilə dolu tabutda yatan anası təntənəli matəm 
izdihamının çiynində ölkənin ən ucqar məhəllələrinə aparılırdı ki, hər kəs 
mərhuməylə son vida görüşünün şərəfinə nail ola bilsin. Külək, hər tərəfdən 
asılmış matəm bayraqlarını yellədir, cənazəni, zəhlətökən, darıxdırıcı matəm 
musiqisi ilə, bir vaxtlar prezident qatarını dinməz üzlərlə qarşılayan həmin camaat 
qarşıladı; cənazə, bir vaxtlar darvazaları önündə hansısa alverçi-qadının, sonradan 
padşah olacaq körpəsini doğduğu monastran girəcəyinə də qoyuldu; bu 
münasibətlə, monastrın həmişəbağlı darvazaları, bəlkə də yüz il ərzində birinci 
dəfə taybatay açıldı, atlı əsgərlər hinduları, mal sürülərini qovan kimi, məbədin 
qapılarına sarı qovdular, camaatı tüfəng qundaqlarıyla döyə-döyə sürükləyib 
monastrın içinə saldılar, içəridə isə camaat, pəncərələrin şəbəkəli şüşələrinin 
rənglərindən sıxıla-sıxıla, zər-xarlı geyimli doqquz yepiskopun, mərhumənin 
ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsə xoru «Allah dərgahına 
doğru»nu oxuyur, məbədin çölündə yağış yağır və yağa-yağa, bir vaxtlar padşah 
olacaq uşağın doğulduğu gün təzəcə cücərməyə başlayan ətirşahları sulayır, 
monastır xadimələri, şərab və donuz qabırğaları, təsbeh və içinə müqəddəs su 
yığılmış şüşələr satır, alver hər pationun, daşdan hörülmüş girəcəyində gedir, 
yeməkxanalarda musiqi çalınır, arakəsmələrdə şıdırğı rəqs gedirdi; sonu, 
qurtaracağı olmayan bir bazar günü idi; uzun illərdən bəri gözlənilən bayram 
şənliyi gəlib yetmişdi; bu şənlik, bir vaxt Bendisyon Alvaradonun gümrah 
vaxtlarında, oğlunun ardınca federasiya uğrunda mübarizəyə getdiyi həmin gizli 
cığırlarla, dumanlı dərələrlə irəliləməkdəydi. Həmin o odlu-alovlu müharibə illəri 
o, tersiananın* odlu titrəməsindən yerə yıxılanda, anası qoymamışdı ki, oğlu ordu 
atlarının tapdağı altında qalıb əzilsin, naməlum, yad dənizin sahillərində yaşayan 
əhali üçün qorxulu olan təhlükələri əvvəlcədən duyub anlamağı da oğluna anası 
öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman 
qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər 
 
89


körpələrin göz yaşını içir; həmin o taleyüklü gecə, bomboz yağışlar dumanı içində 
əriyib itən nəhəng Hökumət Evini görəndə isə arvadın, həyəcandan əl-ayağı əsib 
titrəmişdi və o gecə arvadın heç ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o, elə 
həmin bu binada, oğlunun, üzü üstə döşəməyə düşərək, qəzəbdən boğula-boğula, 
dönə-dönə özü-özünə: «Sən hara ilim-ilim itdin lənət şeytana ana bu seyrək kol-
kosun içində necə azdın indi üzünə yığılan milçəkləri kim qovacaq?» - deyə 
inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək. 
O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam, öz tabutunda - 
platan yarpaqlarından hörülmüş örtüyün altında üfunətli iylər saçan bataqlığın içi 
ilə irəliləyən izdihamın çiyinləri üstə üzür, üzə-üzə, arada bir gah hansısa kənd 
məktəbinə, gah səhralıqdakı şor yığılan baraka, gah da ucqar bir hindu kəndinə 
qonaq oldur, kəndlərin ən gözəl evlərinə daxil olurdu; tabutun önünə, Bendisyonun 
gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon ona görə gözəl və 
ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı diadema 
taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk 
dəfə əlində zanbaq tutmuşdu. - «Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! 
Onu, guya bilməyərəkdən ətəyinizə salın...» - ona demişdilər və həmin bu pozada 
şəklini, Avropa monarxlarının şəklini çəkən venetsiyalı fotoqraf çəkmişdi; bu 
portreti də – dövlətin bir nömrəli xanımının portretini həmin o venetsiyalı 
düzəltmişdi; portreti bu səbəbdən tabutla yanaşı qoyurdular ki, sübut olsun ki, 
tabutda yatan, həqiqətən Bendisyon Alvaradonun özüdür və camaat, şəkillə 
tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən 
düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş 
kosmetika və parafin layı vaxtı-vaxtında dəyişilir, yağışlar vaxtı mərhumənin göz 
dəliklərinə yığılan kif təmizlənirdi; ordu dərziləri mərhumənin paltarına elə nəzarət 
edirdilər ki, baxanda, adama elə gəlirdi, meyiti indicə geyindirib bəzəyiblər; 
meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq bakirəlik 
fatasının təmizliyinə də onlar nəzarət edirdilər. 
«Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!» 
Əsrlər ötdükcə, burda - hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu 
unutmağa heç kimin haqqı olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, 
çəngəllik meşələrində belə, hakimiyyətin yenə yalınz və yalnız ona məxsus 
olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi, buna da kiminsə şübhə eləməyə 
cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu məmləkətin gözdən-
könüldən uzaq, sakit yerlərindən birində, sanki Nuh əyyamından qalmış yelkənli 
gəmi peyda oldu, avarlarını suda şappıldada - şappıldada, göyərtəsində ara-sıra 
yanan işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat, keçmiş, gözəl 
günlərin yenidən geriyə döndüyünü zənn edərək, gəmini, bayram təbillərini vura-
vura qarşıladı. «Yaşasın əsl kişi!» - yer-yerdən qışqırıqlar eşidildi. Haqq naminə 
geri dönənə eşq olsun!» Sonra camaat suya doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, 
ora cürbəcür, şirəli meyvələr və ayrı yeməklər çatdırsınlar. Onlar, gəminin naxışlı 
haşiyəli məhəccərlərinə dırmaşıb ordan göyərtəyə soxulurdular ki, üzüb gətirdikləri 
nemətləri, vətənin taleyini adətən domino oyunlarında həll edən dövlət başçısının 
ayaqları altına düzsünlər; lakinin bunun əvəzinə, onları tabutun önünə çəkib 
gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun 
 
90


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə