Axşama yaxın
biz saraydan, iylənmiş inək cəmdəklərini yığışdırdıq, bu fantastik
xarabalıqda cüzi də olsa, nə isə sahmana oxşar bir şey yarada bildik, amma yenə
tapdığımız meyiti müvafiq görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa
qabiliyyətimiz çatmadı; biz meyitin dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq,
dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır qatına bənzər sürüşkən
örtüyünü birtəhər soya bildik, sonra onu qətran yağıyla yağlayıb duzlu məhlulda
yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların, meyitin üzündə oyub açdığı
dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq,
yanaqlarına çəhrayı boya, dodaqlarına pomada çəkib, üzünə həyat rəngi verdik,
içiboş göz oyuqlarına şüşə gözlər taxdıqsa da, cəsəddə,
ümumxalq nümayişinə
çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada bilmədik. Bir yandan
məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında, əsrlik despotizmin
qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat
çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə
varsa, hamısının azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm
xəbəri, inadlı şəkildə gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında
ölkənin dörd bir yanına yayıldı, bir vaxt vətəndən didərgin güşənlər geriyə
döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı iddialarını unudan liberallar və
konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş ali rütbəli
generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop,
bir sözlə, qoca despotun, qoz
ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra
həmin bu adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa
necə çatdırsınlar ki, hay-küy qalxmasın, xalq kütlələri kor-təbii surətdə küçələrə
tökülüşməsin. Nəhayət, bu qərara gəldilər ki, xəbər, iki bülleten şəklində xalqa
çatdırılsın: bir nömrəli bülletendə prezidentin səhhətinin yüngülcə pozulması və
onun, məhz bu səbəbdən, bir sıra rəsmi ictimai tədbirlərdə və audiensiyalarda
şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əla
həzrətləri, öz yataq otağından, təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa
bilmir. Həmin bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün
sübh şəfəqi çəhrayı rəngə bürünən vaxt, kilsə zənglərinin səsi hökmdarın ölüm
xəbərini elan etdisə də,
yenə heç kim onun ölümünə, ölənin məhz o olduğuna inana
bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm çaşdırmışdı, üfunətli meyiti əl-
qolumuzu keyitmişdi, bəlkə də biz ona görə bu günə düşmüşdük ki, onda bu əllamə
qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə
bilmirdik, axı o, xudbinliyindən, sağlığında özünə davamçı seçmək haqqında
nəyinki heç fikirləşməmişdi, bu barədə ümumiyyətlə,
eşitmək belə istəmirdi;
qocalıq hikkəsiylə, ölümündən sonra olacaqları müzakirə etməkdən boyun qaçırır,
ələlxüsus da, dövlət aparatı yeni, şüşəli beton binaya köçəndən və o, öz
iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə, yüz bəhanəylə
söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi, təzəklərin
arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox, qocalıqdan ölən
korlardan, cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi.
Amma elə ki, söz yenə davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə
tərsliyi tutur, bütün müəyyənliklər qeyri-müəyyənliyə çevrilir,
bütün cümlələr
müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. - «Məndən sonra dünyada nə baş
107
verəcəyi haqqında fikirləşmək, ölümün özü qədər qaranlıq məsələdi! Sizin
nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən, başımı yerə qoyan kimi
siyasətçilər yığışıb bu andır ölkəni, bir vaxt böldükləri kimi böləcəklər! Bax
görərsiz, bu bölüşmə mərasiminə keşişilər də tökülüşüb gələcək, dövlətlilər də
özlərini yetirəcək və hər şeyi çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə
catmayacaq, onların güzəranı əvvəlkindən də pis olacaq. O bədbəxtlərin taleyi
belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa
başlayacaqlar! Elə də olacaq, görərsiz!» Sonra o, kiminsə, bir vaxt onun şan-
şöhrətli dövrlərində dediyi kəlamı misal gətirib, özü-özünü rişxəndlə ələ salıb gülə-
gülə deyirdi ki, onu,
ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə
yanaşı yerləşdirməyə zəhmət çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. -
«Bir də, bütün bu söhbətlər boş cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən
məsələlər, gün gələcək, həyata keçəcək. Mən əbədiyəm!» Həqiqətən də o vaxtlar
onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim şübhəylə yanaşmırdı. Heç
nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün olmurdu. Biz
hətta, dəqiq bilə bilmirdik ki, bu, onun bədənidi, yoxsa yox. Biz, vətənimiz
haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun,
öz istəyinə uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın
özünü belə, öz
istədiyi şəkildə axmağa məcbur etdiyi vətəndən savayı, ayrı bir vətən tanımırdıq.
Tarixin bu səhifələri, ölkənin mənzərəsiylə bir, onun xatirələr bulağının lap
çeşməsində, yaddaşının dumanlı, ucqar bir döngəsində parlayıb yox olurdu; o, bu
xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim alçaqlığın yuva saldığı, bircə
dəfə belə olsun, xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib dolaşır,
yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu
lazımsız əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola,
buzlu limonad tələb edir, sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa
stulu bir yerdən götürüb başqa bir yerə qoydurur, sonra əksinə, əvvəlki yerinə
gətirtdirirdi; - bütün bu xırda şıltaqlıqlar, onun tamahkar hakimiyyət hərisliyi
ocağına atdığı son,
miskin kömürlər idi; o, ölkəni, heç nə eləmədən, mürgü içində,
uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdən bir mürgülərinin
içində nə isə aydınlaşır, köhnə konstruktorun, hakimiyyətə gəldiyiniə qədərki
dövrün hansısa detalı onu mürgüdən ayıldır, bu nəhəg ölkəyə – bu sonsuz tropik
bitkilər, keçilməz bataqlıqlar, qədim, dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur
ovçuların, canavarları yalın əllərlə tutduqları yerlərə nəzər salır, «Bax belə!» -
deyərək, şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə gedirdi.
Sonra danışırdı ki, bir dəfə - bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin
uğultusunu eşidərək, sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və
baxıb görübmüş ki,
sən demə bu, külək yox, günün günorta çağı göyün üzünü
tutub, qabağına çıxanları dağıdıb sökən, özündən sonra çımçılpaq mənzərələr,
aara-sıra göy işığı qoya-qoya, yaxınlaşan çəyirtkə bulududu; çəyirtkələrdən sonra
Yer üzü, yarandığı günün mənzərəsini xatırladırdı; o, bu fəlakəti yaxşı xatırlayırdı,
xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; o gün
həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində
iştirakını da yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cırcındırla bəzədilmiş
meyit uzadılan xərəyin ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə, elə hey külək
108