yığılmış diri qardeniyalar, etiketlərində şəcərə gerblər döydürülmüş fransız
losyonları alır, qalan məsələlərdə isə özünə sərt
qadağalar qoyurdu; məşuqəsi yox
idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-filanı, hətta öz evi belə
yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o qədər
işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç
saatdan çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız,
deyilənə görə, yediyi yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti
bağırsaqlarını almayanda, az qala öz dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq,
yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə kabinetə yaxınlaşdığını hiss edən
köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal sahibini oyadırdı;
kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da heç
kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə
məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra
özü qəbul edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı
guşəsində ən adi qaçqının nəfəs alması da, Xose İqnasio Saens de la Barraya,
gözəgörünməz hörümçək toru telləriylə bəlli olurdu; o, qorxu, şantaj
və səxavətli
rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə salmışdı; düzdü, o
səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, xəbər
gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə
tək bircə o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya
onun muzdla tutduğu cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik
məbləğdə haqq aldıqlarına görə, hər cür cinayətə getməyə hazırdılar; bu adamların
bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu adamlar, öz analarını belə
şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu könüllü
halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik
mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-
rasionalistlərinin əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət
məktubu və arayış əvəzinə, törətdikləri əclaflıqlar
haqda sənədlər gətirirdilər; bu
könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi kimi, həmin o «qanun çərçivəsində
tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma kafelərinin
taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən
keçirənlər, ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə
qadınlara verənlər də onlar idi; elektrik və santexnik işləyənlər, həyatlarının
yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla yanaşı yaşayanlar, okean
laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların
və fahişələrin təsadüfi
ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist
agentlərinin əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç
kəsin ağlına belə gətirə bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı
yatırmağa kömək edənlər, təhlükəli adamları aradan götürənlər, həddən artıq çılğın
və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-qəsdlərin üstünü açanlar da onlar
idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul olurdular,
sözün əsl
mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən prezidentin
xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» -
deyə ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə
xatırlayır və uşaq sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri
145
generalın qulağına çatsaydı, Saens de la Barra, çoxdan bu satqınları liman qalasının
yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl vətənpərvərlərdən biri, nəhayət ki,
özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə danışdı və sarsıldı…
general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından assın ki,
bu barədə heç
vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey
haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət
həmin bu vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca
sakitləşmişdi, amma bu sakitlik çox az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir
ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər çoxalmışdı ki, daha Xose İqnasio
Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi məqsəd güdmədən,
tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin,
öz miskin
gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə
istəməmələri, ona lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının,
üsyan etməmələrinin, bu cür azğın hərəkətlər edən bu adamın aradan götürülməsini
tələb etməmələrinin əsl səbəbini öyrənmək üçün, hərbçilərin vəziyyətiylə daha
yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən, cəsur hərbçidən
soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını
bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox,
mənim generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla
bağlı bədbəxt uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində
Tərəqqi» adlı bic qurğuda, kimin kim tərəfində olduğunu,
kimin kimə zidd
olmasını heç cür ayırd edə bilmirdi; Xose İqnasio Saens de la Barra da ayıq-sayıq
idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla yatırdırdı: «Rahat yatın,
mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-təkrarlaya
generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox
sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla
gedirdi; o, həmin qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident
sərdabəsinin qaranlıq dəhlizlərində vurnuxur, tez-tez bu vurnuxmadan bezir və
ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən kiməm – insanam, yoxsa insanın
güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda ins-cins yoxdusa,
onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu belə
yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün
ala-toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic
xəstələrin hay-küyü eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək
təzəklərinin üstüylə sürüşdüyü, uzaq-uzaq
yerlərdən tökülüşüb gələn, kişili-qadınlı,
saysız-hesabsız adamın, qarşısında diz çöküb, yaralarını sağaltmağı, uşaqlarını
xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş edib, yalvaran günləri yadına
saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – köksümə dolmuh
bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim
generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin,
buludların pərdəsini yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən
qorxur!» – deyirdilər. Hüzuruna can atan minlərlə adam, onun hər şeyə qadir
olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək qabiliyyətinə, bütün Yer üzündə
qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın özüylə də baş-başa
gələ bilmək qabiliyyətinə malik
olduğuna qəti əmin idilər; o özü də yavaş-yavaş bu
146