Qabriel Qarsia Markes
"Patriarxın payızı"
Roman
Latın Amerikasının Nobel mükafatı laureatlı - dünyaşöhrətli yazıçısını şah əsər
azərbaycan dilində…
Afaq Məsudun azərbaycanca çevirməsində
Afaq Məsud
Romana ön söz
Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu
məşhur romanı, mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu
1
və ruhuyla hakimiyyət zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç
cür vidalaşmaq istəmədən, ölümünün astanasınacan mübarizə aparan qoca diktator
haqqında, onun hakimiyyətinin qürub çağı – payızı haqqındadır.
Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus
yazıçı qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan
ölçülərinin itirildiyi, müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və
situasiyaların, eyni bir müstəviyə - yaşı və məkanı dəqiq bilinməyən, ilğımvari
yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və insan talelərinə, guya
təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu
mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan
obrazlarının markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi
kimi, iyirminci əsr ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır.
Yazıçının, xüsusi bir şövqlə, adi insan normalarına sığmayan sirli dünyasını zərgər
incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə tarixin müxtəlif dönəmlərində gələn,
hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç bir vəchlə əlindən
buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz
önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik
cəmiyyətə doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və
cığırları öz kasad dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi
kəsən, zamanın bütün sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan,
dünya müharibələrindən və inqilabi çevrilişlərdən, təbii fəlakətlərdən və
xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların mistik əbəliyini,
dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli
insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş
Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla,
insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində
qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz
haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.
A. Məsud
«PATRİARXIN PAYIZI» HAQQINDA
Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər
və Fuentes, Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin
diktatoru haqqında bir fəsil yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə
qərara gəlirlər ki, Fuentes – Porfirio Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya
2
diktatorlarından hər hansı birinin, Varqas Lyosa – Legianın, Otero Silva (yəni
mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa oxşayan uydurma bir
diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər
göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o xahişi
yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam,
çünki ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə
yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun
«Mən, Ali», Karpentyerin diktator Maçadonun müəyyən xarakterik cizgilərini
ehtiva edən «Metodun yanlışlığı» və Qarsia Markesin «Patriarxın payızı» kitabları
bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nəticəsi kimi ən azı üç roman
yarandı...
Migel Otero Silva,
Venesuela yazıçısı
Q.Q.Markes özü isə
roman haqqında belə düşünür
…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab
edirəm ki, «Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni
unudulmaqdan xilas etməyə qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır.
Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin tənhalığı» yox, əvvəl yazdığım əsərlərin
hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə desək, mənim, daim
axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox,
«Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir
ki, məhz həmin bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik
də, mən onu öz işimdən ləzzət ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan.
«Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf ki, belə imkandan məhrum idim.
***
…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də
Romansero poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm
və bu poeziyanın mənə çox köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda
şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər Qəraib xalqlarının şerləri ilə, xüsusən də
3
Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin mütərcimlərinin hansı
çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər üçün
problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan
dünyasından, Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya,
ayrı dillərə demək olar ki, tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində
Ruben Dario poeziyasının dili üstündə qurulub.
***
Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım,
amma nədənsə iş ləng gedirdi.
…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam
edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı
ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən
idi. Onun törətdiyi bütün qanlı cinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim
ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə oturub dinləyirdim. Ölüm
hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində bircə əzələ
də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu
və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur.
Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları –
məktubları, bioqrafiyaları, reportajları oxudum. Yazmağa başlayanda isə həmin
faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım
mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın.
***
…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da,
Frankodan da, Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira
etmişdi – bu qəfəsin bir hücrəsinə siyasi dustaqları salırdılar. Bununla belə,
Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki, qaldı Qomesə – Xuan
Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, venesuelalılar
özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də
qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və
mənim personajım daha çox ona oxşayır.
4
Dostları ilə paylaş: |