Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam... 
Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu 
sözləri o qədər inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün 
özündə hirsə, acığa oxşar bir şey tapa bilmədi, son tutmalar, son qıcolmalar 
başlayanacan çarpayının kənarında oturub, Patrisionu yataqdan yumalanıb yerə 
düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli qucaqlayıb ağrıdan, 
xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim 
generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi 
başa düşdü, amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə 
doğrudan doldurub. Onda general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən 
oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» - dedisə də, artıq gec idi... Artıq 
vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones döşəməyə yıxılıb son 
titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində çabalayırdı... 
O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə 
yudu, əynində nə vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə 
çılpaq qaldı. Qarnını saxlayan brezent qayışını da çıxarıb Patrisionun qurşağına 
bağladı. Uzunboğaz çəkmələrini soyunub Patrisionun ayaqlarına geyindirdi, qızılı 
mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. Bütün bunları da öz 
tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha keçəcək 
həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə 
apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-
falçı qadının suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü 
hansı vəziyyətdə tapacağı da yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən 
kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə – orden-medalsız hərbi səhra 
geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə döşəmədə 
üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə 
tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç 
kim onun öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir, 
xəlvət məşvərətlər aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, 
onun ölümü barədə gəzən şayələrin qarşısını da nəyə görəsə alırdılar, bizim 
hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon Alvarado yaslı deyil, 
arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü paltar 
keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli 
şlyapa, daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, 
guya xöşbəxtəm... Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, 
indi ölkə göz yaşı içində boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu 
bilmirdim, elə bilirdim, ölən oğlumdu, bunlar isə, bu hərbiçilər, durduğum yerdə, 
foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur eləyirdilər ki, gülümsəyim, özü 
də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!» 
Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-
üzülə, özünü yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra 
bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, 
çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə, bazar günü elə bazar günü 
qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?» 
General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında topdan atəş açıldı, 
 
21


kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş şəhər 
bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına 
axışdı... 
Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına 
qoyulub ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində 
baş vermiş ölüm hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl 
bəzədilən cəsədini gördü… güllərin içində ağaran pudralı sifətinə, boyalı 
dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin üstə çarpazladığı 
sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub 
düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma 
xəncərinə oxşar gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə 
baxdıqca içini xəcalət və dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma 
qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi. Bu gödək qılınca görə hər bir şey - 
hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas mərasimi, hərbi 
təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib 
adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. 
O isə ömrü boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə 
baxdıqca, əsəbiləşir, öz-özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - 
deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, ucu-bucağı görünməyən adam axını 
cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların tamaşa olduğunu, bu 
tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş və 
alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət 
şeytana!» - deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların 
davranışına göz qoya-qoya, öz-özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə 
başladı. O, bir çoxlarının özünü itirib köməksiz vəziyyətə düşdüyünü gördükdə 
ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən biçarələrin halına 
acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-
ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün 
bunların oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. 
Cənazənin önündə donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca 
veteranı, tabutun üzərinə əyilib, mərhumun üzüyündən öpən, qolu qara matəm 
sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq litsey tələbəsini gördü və onları 
yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan arvadı. Balıqsatan 
arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin üstünə 
atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi 
biz neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda 
hamı xısın-xısın pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü 
ki, var! Ölüb!» - «Bu, odur! Odur! Odur!» - deyə Armas meydanında günün altında 
yanıb qarala-qarala cavab gözləyən adamların bir-birinə ötürdüyü bu xəbərdən 
sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl kilsənin, sonra ətrafdakı 
bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində olduğu kimi, 
şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut 
fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən 
qarovulun yanından ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan 
qiyamçıların dəstələrini gördü… onların, cənazənin önündə duranları dəyənəklə 
 
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə