1
Şahin Böyükağa oğlu Əlibəyli
Qan yaddaşı
2008-ci il 12 dekabrında saytlardan birində rus alimi, Rossiyskiye nedra»
qəzetinin müxbiri Mixail İvanoviç Burleşin tərəfindən təqdim edilən «Qanın yaddaşı olur»
adlı maraqlı bir məqalə yerləşdirilmişdi [2]. Suyun və fizioloji mayelərin qeyri-adi xassələri
haqqında danışılan həmin məqalə 2010-cu ildə cüzi dəyişikliklərlə «Qan və suyun yaddaşı
fenomeni» adı altında «Pensioner Rossii» qəzetinin yanvar buraxılışına salınmışdı [3].
Məqalə müəllifi kifayət qədər nüfüzlu alim və ciddi araşdırıcı olduğundan orada qeyd
edilənlər elm adamları tərəfindən maraqla qarşılanmışdır. Beynəlxalq Akademik Ali
Attestasiya Komissiyasının qərarı ilə professor elmi dərəcəsi verilmiş geologiya-
mineralogiya elmləri namizədi Mixail İvanoviç Burleşin həmişə dərin məzmunlu yazıları
ilə gündəmdə olmuşdur.
Məqalədə qeyd edilirdi ki, Rusiyanın bioloq-alimləri və həkimlərinin iştirak
etdiyi seminar «canlı» və «ölü» su, həmçinin insanın qanından istifadə edərək onun
sağlamlığına təsirin mümkünlüyü haqqında problemlərə həsr olunmuşdu. Seminarda qanla
bağlı maraqlı məlumat hamının diqqətini özünə cəlb etmişdi. Məruzəçinin fikrincə, hər
insan dezoksiribonuklein turşusu (DNT) molekulunun yalnız ona məxsus olan hərəkət
tezliyinə malikdir. İnsanın hüceyrələrinin bütün DNT molekulları bir tezlikdə rəqs edir. Bu
minvalla onların əmələ gətirdiyi sahəyə rəqslərin dayaq sahəsi deyilir. Orqanizmdə gedən
fizioloji proseslər bu istinad sahəsində «yığılır» («qalaqlanır») və insan üçün fərdi titrəyişli
hərəkət rejimində olur.
İnsandan götürülən və hətta onun cismindən ayrı düşən qan onunla əlaqə
saxlamaqda və dayaq sahəsi rejimində titrəməkdə davam edir. Cihazlar insandan götürülən
qana təsir etməklə dayaq sahəsi titrəyişləri vasitəsilə onun bədənində gedən fizioloji
proseslərin xarakterini dəyişdirməyin mümkün olduğunu obyektiv olaraq qeydə alırlar.
Qanın elmi metodla aşkar olunmuş belə bir maraqlı xüsusiyyəti, sən demə, uşaq vaxtı
hamımızın oxuduğu iki əkiz qardaş haqqında nağılda artıq təsvir edilibmiş. Qardaşlardan
biri yola düzəlib səfərə çıxır, digəri isə evdə qalır. Qərib ölkəyə səyahət edən əkiz qardaşın
taleyi haqqında məlumatlı olmaq üçün ondan bir damcı qan alır və fincanda suda həll
edərək saxlayırlar. Hesab edirlər ki, qürbətdə olan qardaşın vəziyyəti, başına nəsə bir pis iş
gəlməsi, ona bədbəxtlik üz verməsi suyun rənginə görə bilinəcəkdir. Səyahətdəki qardaş
sağ-salamat olanda su şəffaf olaraq qalırdı. Ancaq küpəgirən qarı və yaxud hər şeyə qadir
olan cadugər qürbətdəki oğlanı daşa çevirən kimi elə həmin andaca fincandakı su dərhal al-
qırmızı rəngə boyanır. Yeri gəlmişkən qeyd edək ki, nağılda ikinci qardaşda gələcəyi
görmə qabiliyyəti çox tez-tez özünü büruzə verir.
Əlbəttə, nağılda danışılanların nə vaxtsa reallıqla səsləşəcəyini heç kim
təsəvvürünə belə gətirməzdi. Ancaq orada danışılanlar heyrandoğurucu dəqiqliklə
eksperimentdə baş vermişdir. Belə ki, yeni diaqnostik cihazların yaradılması problemi ilə
məşğul olan elmi-tədqiqat institutlarından birində oxşar eksperiment aparılmışdır. İnsanın
qanından bir damcı götürülür və suda həll edilir. Sonra içərisində praktik olaraq təmiz
hesab edilən suyun olduğu uzun menzurka bir xronoqrafın yaxınlığında quraşdırılır.
Menzurka dərəcələrə bölünmüş stəkan olub, mayeni ölçmək üçün lazım gəlir, xronoqraf
2
isə rəngin hətta cüzi dəyişikliyini qeydə alan xüsusi həssas cihazdır. Menzurka və
xronoqraf quraşdırıldıqdan sonra ekstrasens təsir etməyə başlayır. Qanın götürüldüyü insan
laboratoriyadan bir neçə kilometr aralıda dolaşır. Ekstrasens bir az da uzaqda, məsələn,
deyək ki, evində olur, tamamilə mücərrəd işlərini görür, kitab oxuyur, məqalə yazır, yaxud
başqa şeylər edir. Ancaq saata dəqiq baxmaqla «üzərində təcrübə qoyulan» insanın şəklinə
(obrazına) dövri olaraq təsir edir. Aydın olur ki, qanın götürüldüyü insanın obrazına
ekstrasens təsir göstərməyə başlayan anda suda həll edilmiş qan bunu «hiss edir» və
rəngini dəyişdirir. İçərisində bir damcı qanın həll edildiyi suyun yaxınlığında quraşdırılmış
cihaz işə düşür və qanın rəngindəki belə bir dəyişikliyi qeydə alır. Rəngin dəyişməsini fiksə
edən xronoqrafla birləşdirilmiş kompüterin ekranında aydın pik nəzərə çarpır.
Görünür ki, cadugər, gözbağlayıcı, ovsunçu və sehrbazlar insanın qanının onun
özü ilə əlaqə saxladığını intuitiv olaraq bilirlər. Belələri müəyyən məqsədlə bir adamın təsir
altına salınması və ona xoşagəlməzliklərin tuşlanması üçün onun qanının əlverişli vasitə
kimi xidmət göstərə bildiyini yaxşı anlayırlar. Cadugərliklə məşğul olanların nəzərincə,
qan təsir altına salınacaq adamda azar əmələ gətirilməsi, ona bəla yönəldilməsi, xətər
yetirilməsi, bədbəxtlik verilməsi üçün çox münasib bir vasitədir.
Belə güman olunur ki, baş verənlərdən xəbərdar olma qanda həmişəlik yaşayan
yaddaş hüceyrələri hesabına həyata keçir. İnsanın qanı onun keçirdiyi bütün tarixi yadında
saxlayır. İnsanın nə vaxtsa müəyyən bir xəstəliyi keçirməsi haqqında informasiya onun
qanında hifz edilir. Tədqiqatçılar bunu «qan yaddaşı» adlandırırlar. Qan yaddaşının hətta
əqli yaddaşdan daha qüvvətli olduğu qeyd edilir. Qanın yaddaşı özlüyündə bir süni
intellekt rolunu oynayır. Qanı öyrənməklə məşğul olan nüfuzlu alimlər bu qırmızı mayenin
fövqəlağıllı substansiyadan ibarət olduğunu söyləməkdə yanılmırlar. Qanın tədqiqi
sahəsində yeni kəşflər edildikcə onun sirr və qəribəliklərindən bir qisminin açılacağı
təxmin olunur.
Sonda bir şeyi qeyd edək ki, «qan yaddaşı» frazeoloji ifadəsi də işlənir.
Filoloqlar Qulu Məmmədqulu oğlu Məhərrəmli və Rafiq Ələkbər oğlu İsmayılovun 2015-
ci ildə çap etdirdikləri «Azərbaycan dilinin frazeologiya lüğəti»ndə oxuyuruq: «Qan
yaddaşı – tarixin yaddaşlarda həkk olunmuş faciəvi hadisələridir» [1, səh. 180].
İstifadə olunmuş mənbələr
1. Məhərrəmli Qulu Məmmədqulu oğlu, İsmayılov Rafiq Ələkbər oğlu.
Azərbaycan dilinin frazeologiya lüğəti. 7000-ə yaxın frazeoloji ifadənin izahı. Bakı, «Altun
kitab» məhdud məsuliyyətli cəmiyyəti, 2015, 288 səh.
2. Кровь имеет память // www.svpressa.ru (12 декабря 2008 года)
3. Феномен памяти крови и воды // www.374.ru