“Xalq qəzeti”.-2013.-18 yanvar.-N 11.-S.4.
Qanlı Yanvar – xalqımızın qan yaddaşı
Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il
20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış
edən Ermənistanın təcavüzkar siyasətinə qarşı kəskin etiraz bildirən və SSRİ rəhbərliyinin
ermənilərə haqsız olaraq himayədarlıq etməsinə hiddətlənən xalqımız paytaxt Bakının küçə və
meydanlarına çıxaraq tapdalanmış hüquqlarını tələb etməyə başladı.
Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda
izdihamlı mitinqlər təşkil edildi. Dağlıq Qarabağın Ermənistana birləşdirmə cəhdləri, erməni terror və
quldur birləşmələrinin Azərbaycan kəndlərinə vəhşicəsinə basqını, silahsız və günahsız soydaşlarımızın
qətlə yetirilməsi, yüzminlərlə soydaşımızın öz qədim yurdundan - Qərbi Azərbaycan torpaqlarından
işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər.
SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün
münasib şəraiti tapa bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali
Sovetinin razılığı olmadan yanvarın 20-də saat 24-dən “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq
edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi
ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin
başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi
Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu
təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin eyni
zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə
girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqın məlumatlandırılmaması üçün
yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı.
Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun
hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı
əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik
edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma
keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir,
eyni zamanda adamları avtomat silahdan atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə
elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda
gizlənən adamlar döyüş texnikasının projektorlarının köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin
küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq
olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur,
yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın
tırtılları altına salır, əzabla Qanlı Yanvar – xalqımızın qan yaddaşı öldürürdülər. Onlar tibb müəssisələrini
dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi personalın yaralılara köməyə
getməsinə mane olurdular.
Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 137 nəfər, o
cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfərdən çox
insan həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə
böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan
olunmuşdu. Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummmilli tətil başlandı.
Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə, vəzifə
kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalılar yanvarın 20-də Elmlər
Akademiyasında etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin
iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi. SSRİ
Müdafiə Nazirliyinin, DİN və DTK-nın keçirdiyi əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ
DTK-nın “A” təxribat qrupları oynayırdı.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin
Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası
Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq
respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız
olması üçün qoşun birləşmələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan
erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən
ermənilər, hətta erməni kursantları da daxil
edilmişdi.
“Şit” təşkilatına mənsub müstəqil hərbi ekspertlərin hesabatından bəlli olur ki, Bakıya yeridilmiş
qoşun kontingentinin sayı 60 minə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm
psixoloji hazırlıq keçmişdilər. “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları
vəhşicəsinə məhv edir, ektremistlər Salyan kazarmalarının (Bakıda əsas qarnizonun yerləşdiyi ərazi)
ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar,
mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə
tutacaqlar”- kimi fikirlər sovet generallarının əsgərlərə verdiyi göstərişlər idi.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından”
məharətlə istifadə etdi. Güya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi
ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi.
Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet rəhbərliyinin gəldiyi bu “qənaət” tamamilə
ağ yalan və hiyləgərliyin göstəricisi idi. Məsələ ondadır ki, əgər sovet rəhbərliyinin iddiaları həqiqət
olsaydı belə, Bakıya 60 minlik qoşun göndərməyə ehtiyac yox idi.Çünki, həmin vaxt burada daxili
qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,
hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Yəni
bütün bunlar Sovet rəhbərliyinin göstərdiyi amansız şou idi və xalqın silahsız olduğunu görəndən sonra
belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi.
Həmin gün xalqımız ən ağır günlərini yaşayırdı. Vahimə içində hadisələrin gedişatını həyəcanla
izləyən kütlə nə edəcəyini də doğru-dürüst anlamırdı. Yaşanan şok və 70 il qardaş və xilaskar obrazı kimi
xalqa təbliğ edilmiş bir ordunun belə qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki,
Sovet İttifaqı artıq etibarını və əvvəlki imicini itirmişdi.
Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. Bu ağır günlərdə böyük
siyasətçi xalqla bir yerdə olduğunu bildirərək, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın
qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan
xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla
olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi.
Bakı şəhəri və bütün Azərbaycan, fövqəladə vəziyyətin olmasına baxmayaraq, yanvarın 22-də
şəhidlərlə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. “
Azadlıq” meydanında böyük izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə milyondan artıq insan iştirak
edirdi. Bu görünməmiş izdiham idi. Azərbaycan xalqı ilk dəfə idi ki, belə böyük etiraz səsini ucaldan
izdihamın şahidi olurdu. Tarixən böyük dövlətlər yaratmış xalqımız sovet müstəmləkəsinə çevriləndən
sonra ilk dəfə idi ki, öz haqq səsini belə ucaldırdı. O gün, hamı bir yumruq kimi Vətənin dərdini
bölüşmək üçün meydana axın-axın gəlirdi. Gurultulu, emosional, milləti milli mübarizəyə səsləyən
bəyanat və çıxışlar eşidilirdi. Küçələrdə, Azərbaycan KP Mərkəzi Komitəsinin binasının divarlarında
“Qorbaçov cəlladdır!”, “ Rədd olsun Sov. İKP!”, “ İşğalçılar, rədd olub gedin!” və s. kimi şüarlar
yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. Şəhidlər izdihamın müşayəti ilə şəhərin ən hündür
nöqtəsində—Dağüstü Parkda dəfn edildilər. Xalq dəfn mərasimində iştirak etdi. Hamı bir nəfər kimi
şəhidlərimizin layiqli şəkildə torpağa tapşırılması üçün əsl milli qeyrət nümayiş etdirdi. Görünməmiş
hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət edirdi. Bütün bölgələrimizdən olan
vətəndaşlarımız şəhidlərimizlə vidalaşmağa gəlmişdilər. Hətta elə insanlarımız da var idi ki, hər gün
oranı ziyarətə gəlirdi. Bu birlik ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən
Vətən övladlarının şərəfinə idi. Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda
olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan millətimizin həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi.
SSRİ rəhbərliyi öz bədnam cinayətkar əməllərindən peşman olmaqdansa hadisələri təhrif etmək və
dünyaya yalan informasiya çatdırmaq yolunu tutmuşdu. Yanvarın 20-də artıq bütün dünya Bakıda
törədilmiş dəhşətli qırğından xəbər tutduğu bir vəziyyətdə o vaxtkı sovet imperiyasının ideoloji ruporu
olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün
görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar
xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet
ordusuna və hüquq - mühafizə orqanlarına qarşı qaldırmaqdır”. Bu da öz növbəsində Mərkəzin başında
duranların və onlara canla-başla xidmət edənlərin iç üzünü bir daha üzə çıxartdı.
“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi
Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan
xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq
olduğu qiyməti almayıb. Ümumxalq matəm günü elan edilmiş hər il yanvarın 20-də başda cənab
Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyi, ölkədəki diplomatik korpusun təmsilçiləri,
bütün ictimai sektoru təmsil edən fəallar, vətəndaşlar faciə nəticəsində həlak olmuş insanların dəfn
olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.
20 Yanvar qətliamının ildönümlərində Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və
qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilir, Bakı vaxtı ilə saat 12.00-da ölkə
ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, bütün gəmilər, avtomobillər və qatarlar
siqnal verir.
İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi.
Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər. Azərbaycan şəhidi
mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl
nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi
öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız
var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.
Anar Turan