Qara Qarayev-100 (1918 1982)



Yüklə 15,89 Kb.
tarix21.06.2018
ölçüsü15,89 Kb.

Qara Qarayev-100

(1918 - 1982)

Qara Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Onun dərin məzmunlu, zəngin, milli gercəklik hüdüdlarından kənara çıxan, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi XX əsr ümumbəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir. Q.Qarayevin həyata müasir baxışı, həyat həqiqətlərini əsl vətəndaş mövqeyindən tərənnüm etmək, ona müdaxilə etmək bacarığı, milli mötivlərə müasir münasibət, onun sənət qayəsinə xas olan əsas cəhətlərdir. Ənənəyə sadiqlik və müasirlik Qarayev yaradıcılığında ülvi vəhdət təşkil edir. Bəstəkar özündən əvvəl gələn sənətkarların yaradıcılıq irsinə yeni baxışla yanaşmış, incəsənətdə öz yolunu tapmağa nail olmuşdur. Bəstəkarın "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürləri, "Vyetnam suitası", "Alban rapsodiyası", III simfoniyası, skripka və orkestr üsün əsərləri musiqi salnaməsinin ən qiymətli səhifələridir. Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı müasir ifadə vasitələri, yeni janrlar gətirmişdir. Bəstəkar həm klassikaya arxalanır, həm də klassik ənənələri daxilən dinamik şəkildə dəyişdirir, müasir məzmüna tabe edir



Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda həkim ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini musiqi məktəbində Kozlovun başçılığı altında alır, 30-cu ildə isə Bakı musiqi texnikumunda yüksək professional keyfiyyətlərə malik müəllim Şaroyevin sinfində təhsilini davam etdirir. Bəstəkarlığa olan meyl onu Konservatoriyaya gətirib çıxarır. Hələ tələbə ikən o, öz qələmini simfonik və kamera əsərlərində sınayır. 1937-ci ildə onun "Tsarskoye selo heykəli" fortepiano əsəri, orkestr üçün yazılmış" Nəğmələr" əsəri meydana gəlir. Bəstəkar 1939-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olur. Burada təhsil illərində Cövdət Hacıyevlə birgə "Vətən" operası üzərində işləyir. Bu dövrdə yazdığı əsərlər artıq onun fitri istedada malik olduğunu nümayiş etdirir. Bu, fortepiano üçün yazılmış "üçsəsli fuqa" (1939), simfonik orkestr üçün "Passakaliya və üçmövzulu fuqa" (1941), nəfəsli alətlər üçün "İdman" süitası (1938), "Ömər Xəyyamın sözlərinə 6 rübai" (1946) romanslar məcmuəsi idi. 1943-cü ildə bəstəkar 2 hissədən ibarət olan si-minor simfoniyasını başa çatdırır. Bu əsər S.Hacıbəyov və C.Hacıyevin simfoniyaları ilə yanaşı milli simfonizmin yaranmasına zəmin yaradır. 1946-cı ildə bəstkar Do-major tonallıqlı II simfoniyasını başa çatdırdı. 5 hissədən ibarət olan bu əsərdə Böyük vətən müharibəsinin qurtarması ilə əlaqədar olaraq insanların keçirdiyi həyacan hissi təsvir olunmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar Q.Qarayev "Leyli və Məcnun" simfoinik poemasını yazır. Bu əsər bir hissəli simfonik poema üçün ənənəvi olan sonata formasında, lakin yeni traktovkada yazılmışdır. Nizami obrazlarından ruhlanan bəstəkar 1949-cu ildə "Yeddi gözəl" simfonik süitasını yazır. Musiqimizin ən məşhur əsərlərindən olan bu süita dünyanın bir çox guşələrində dinləyicilərin rəğbətini qazanmışdır. Onlardan "Yeddi gözəl" baletinə daxil olan məşhur "Vals", "Brilyant" xalq rəqsi əsasında yazılmış "Təlxəklərin rəqsi", "Yeddi gözəl"in ayrı-ayrılıqda portreti məhz ilk dəfə süitada səslənmişdir. Görkəmli rejissor G.Hidayətzadənin təklifilə bəstəkar Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri əsasında "Yeddi gözəl" baletini yazır (baletmeyster P.Qusev). Balet 1952-ci ildə Azərbaycan opera teatrının səhnəsində tamaşaya qoyulur və o gündən ayaq açıb bütün dünyanı gəzir. Əgər "Leyli və Məcnun" simfonik poemasında bəstəkar etiraz səsini ucaldıb, xeyirlə şərin toqquşmasını verirsə, "Yeddi gözəl" baletində xalqın taleyi ilə ayrılmaz tellərlə bağlı olan insanın orta əsrlərin zülm
və əsarətinə qarşı mübarizəsini açıqlayır. 1958-ci ildə bəstəkarın 2-ci baleti səhnəyə qoyulur. Bu, Leninqrad (indiki Sankt- Peterburq) opera və balet teatrının sifarişi ilə yazılmış "İldırımlı yollarla" baleti idi. Burada bəstəkar XX əsrin irqi ayrı-seçkilik, müstəmləkəçiliyə qarşı mübarizə kimi mühüm problemlərini təcəssüm etdirmişdir. Q.Qarayevin vokal əsərlərini bir neçə qrupa bölmək olar. 1.Lirik romanslar 2.Xor üçün yazılmış əsərlər 3.Kütləvi və estrda janrlarında olan əsərlər Bu mənada onun xor və simfonik orkestr üçün yazılmış "Fokstrot", "Sülh haqqında mahnı", A.S.Puşkinin 150 illiyinə həsr edilmiş "Gürcüstan təpələrində", "Mən sizi sevirdim" romansları, Lenqston Hyuzun şeirlərinə səs və caz orkestri üçün 3 noktürn əsərlərini qeyd etmək lazımdır. Q.Qarayev yaradıcılığının ən mühüm və parlaq səhifələrindən birini də onun kino və dram tamaşalarına yazdığı musiqi təşkil edir. Bu mənada onun "Uzaq sahillərdə" (rej. T.Tağızadə), "Don Kixot" ( rej. Kozintsev), "Qoyya" (rej. Volf), "Bir məhəlləli iki oğlan" (rej. Qurun və Ə.İbrahimov) bədii filmlərinə, "Xəzər neftçiləri haqqında dastan", "Vyetnam", "Dənizi fəth edənlər" sənədli filmlərinə, "Nikbin faciə", "İnsan məskən salır", "Kral IV Henrix", "Otello", "Qış nağılı", "Ölülər", "Antoni və Kleopatra" tamaşalarına yazdığı musiqi qeyd olunmalıdır. Q.Qarayev həm də gözəl pedaqoq idi. O, 35 illik müəllimlik fəaliyyəti dövründə (Azərbaycan Dövlət Konservatoriyasında) 70 nəfərə yaxın professional, indi adları dünyanın hər tərəfindən eşidilən bəstəkarlar  nəsli yetişdirmişdir. R.Hacıyev, F.Əlizadə, A.Məlikov, H.Xanməmmədov, V.Adıgözəlov, X.Mirzəzadə, O.Zülfüqarov, T.Bakıxanov və başqaları məhz Q.Qarayevin yetirmələridir. Ölməz sənətkar ictimai işlərdə də fəal çalışmışdır. Uzun illər SSRİ Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Bəstəkar iki dəfə Dövlət mükafatına layiq görülmüşdür. Q.Qarayev 1982-ci ildə Moskvada vəfat edib. Onun yaradıcılığı və sənətə, həyata münasibəti gələcək nəsillərə örnək olmuş və olacaqdır.

17 oktyabr 2017- ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirib. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.



Bu münasibətlə kitabxanalarda “Qara Qarayev-100”, ”Notlarda döyünən ürək”, ”Qara Qarayevin musiqi fəlsəfəsi”, ”Qara Qarayev və Azərbaycan musiqisi ” adlı sərgi, həyat və yaradıcılığına həsr olunmuş oxucu konfransı, kitab müzakirəsi, musiqili gecə təşkil olunmalı, söhbətlər aparılmalı, slayd, video-çarx nümayiş etdirilməlidir.

Metodika və biblioqrafiya şöbəsi




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə