Qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir



Yüklə 15,96 Kb.
tarix01.05.2022
ölçüsü15,96 Kb.
#86372
toponim


Kirzan – Tovuz rayonun Əlimərdanlı inzibati ərazi vahidində kənd. Kür çayı sahilində, Gəncə-Qazax düzənliyindədir. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək “Kür sahili, Kür qırağı” kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udinlər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udin ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində “yad, qohum olmayan” mənasında işlənmişdir.

İstisu – Kəlbəcər rayonu ərazisində min bulaqlar. Tərtər çayının hər iki sahiləndə yerləşir. Yuxarı və Aşağı İstisu bulaqlarına bölünür. Aşağı İstisu bulaqları çox debitli 8 bulaqdır. Suyunun dadı turşməzədir. İçmək və müalicə üçün istifadə edilir. Yuxarı İstisubulaqları 23 bulaqdan ibarətdir. Ətrafında kurort salınmışdır. Salyan, Dəvəçi, Quba rayonlarında da eyniadlı termik min bulaqlar var.

Aşağı Mollu – Qubadlı rayonun Yuxarı Mollu inzibati ərazi vahidində kənd. Həkəri çayının sağ sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVI-XVIII əsrlərdə Cənubi Azərbaycandaki Mollu kəndindən gəlmiş ailələr salmışlar. Mol sözü türk dillərində bir çox mənalarla yanaşı, “torpaq bənd, qumdaşı” mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir.

Kürəkçay – Xanlar, Yevlax və Goranboy rayonları ərazisində çay. Kürün sağ qoludur. Mənbəyini Murovdağ silsiləsinin yamacından (3100 m yüksəklikdən) alır. Ən böyük qolları sağdan Ağsu, Sarısu, Buzluq çayları, soldan isə Azad və Korçaydır. Çayın üstündə kiçik SES tikilmişdir. Tədqiqatçılara görə, çayın adı qədim türk dillərindəki kürək/kükrək sözü ilə bağlı olub, “sürətli çay, iti axan çay” mənasındadır.

Əsgəran – Xocalı rayonunda şəhər. Qarqar çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Toponim XVIII əsrdə Qarabağ xanlarından birinin tikdirdiyi Əsgəran qalasının adındandır. Yerin adı qədim mənbələrdə məlum olan əskiAran komponentlərindən ibarət olub, “köhnə Aran, qədim Aran” deməkdir.

Cıdır düzü – Şuşa şəhərinin şərqində dağın üstündə düz. Cıdır düzü Ağzıyastı qaya, Üçmıx, Qırxpilləkən, Gəlin qayası, Xəzinə qayası, Topxana adlı sıldırım qayalar və meşələrlə əhatə olunmuş mənzərəli yerdədir. Vaxtilə (1935-ci ilədək) burada müntəzəm olaraq cıdır yarışları keçirildiyi üçün belə adlandırılmışdır.

Əlincə - Naxçıvanın Culfa rayonun ərazisində, eyniadlı çayın sağ sahilində dağ. Hündürlüyü 1811 m, vulkan mənşəlidir. Dağda yerləşən Əlincə qalası da sıldırım qayalığın üstündədir. VII əsrə aid mənbələrdə qalanın adı Erincak, XVIII əsrə aid mənbələrdə isə Alınca variantlarında çəkilir. Bəzi tədqiqatçılar dağın adının monqolların yürüyüşündə iştirak etmiş elcikin tayfasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikrinə görə, toponim türk dillərindəki alancik (meydança) sözündəndir.

Banazur – Xocalı rayonunda eyni adlı inzabi ərazi vahidində kənd. Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Oykonim bana (alçaq, tirə) və zur (üst, təpə) sözlərindən düzəlib, “tirənin üstü” deməkdir. Kəndin adı 1992-ci ildən Binədərəsi kimi rəsmiləşdirilmişdir.



Fitdağ – İsmayıllı rayonu ərazisində dağ. Basqal kəndindən şimal-şərqdə yerləşir. Hündürlüyü 1810 m. Orta əsrlərdə Şirvanşahların yay iqamətgahı və sığınacağı olmuşdur. Bəzi tədqiqatçılar oronimi İran mənşəli pət (qoruyan, müdafiə edən) sözü ilə bağlayırlar. Qalanın adının dağın adından olması da ehtimal edilir. Oronim fit (uğultu, fışıltı) və dağ komponentlərindən düzəlib, “uğuldayan, fışıldayan dağ” deməkdir.

Daşlı – Xəzər dənizində, Bakı arxipelaqında ada. Səngi-Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatıya (Müqəddəs İqnati dağı) adlandırılmışdı.  Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür. Daşlı adı adanın relyefi ilə əlaqədardır.
Yüklə 15,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə