Qələmə və onun yazdıqlarına and olsun


(Gülablı) 391. “Ay bülbüllər”



Yüklə 0,67 Mb.
səhifə8/10
tarix18.06.2018
ölçüsü0,67 Mb.
#49577
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

(Gülablı)

391. “Ay bülbüllər”

Yayın qızmar çağında ata, ana və uşaq iri gövdəli, qollu-budaqlı, şaxəli qoz ağacının altında əyləşib dincəlirdilər. Sərin dağ mehi əsirdi. Süfrədə pendir, çörək, qarpız, ayran vardı. Yaxınlıqdakı kolluqda cırcıramalar səs-səsə verib həvəslə cırıldaşırdılar. Otla-rın, güllərin xoş ətri yayılırdı... İdillik bir mənzərə idi!

Uşaq radioda hansısa müğənninin ifa-sında “Ay bülbüllər” mahnısına qulaq asırdı.

Ata bir qədər naşı müğənninin zəngulə-lərinə qulaq verib dedi:

- Bala, söndür o radionu! Zövqümüzü korlama. O gədənin cırıltısına qulaq asmaq-dansa, qoy kolluqdakı təbii cırcıramaların səsini dinləyək...

(Gülablı)

392. Qudurğanlıq

Restorana uca boylu, səliqə ilə geyinmiş yaşlı bir cənab daxil oldu. Yemək sifariş verdi.

Qonşu stolda dostları ilə yeyib-içən bir eybəcər adam onu tanıdı. Yerindən qalxıb səliqəli cənaba yaxınlaşdı və ofisiantın tə-zəcə gətirdiyi yemək boşqabını arxadan gö-türüb, gülə-gülə içinə tüpürdü. Sonra qabı cənabın qarşısına qoyub özündən razı halda yerinə qayıtdı.

Ucaboylu səliqəli cənab sakitcə ofisiantı çağırdı, təkrar yemək sifariş verdi. Gətir-dilər.

Həmin eybəcər adam yenə qalxıb ona yaxınlaşdı, boşqabı götürüb içinə tüpürdü. Və yenə hırıldaya-hırıldaya yerinə qayıtdı.

Ucaboylu səliqəli cənab bir müddət din-məz-söyləməz başıaşağı dayandı. Stola, süf-rəyə, çəngələ, bıçağa baxdı. Sonra boğazı-na taxdığı salfeti sakitcə çıxarıb stolun üstü-nə atdı, asta-asta ayağa qalxdı. Arxadan ey-bəcər adama yaxınlaşdı. Əlini uzadıb onun saçından yapışdı və başını sərt hərəkətlə ge-ri çəkdi. Eybəcərin ağzı açıldı, üz-gözünü qırışdırıb inildədi, nəsə demək istədi, ancaq gec idi. Ucaboylu səliqəli cənab cəld hərə-kətlə belindəki tapançanı çıxarıb lüləsini eybəcərin açılı ağzına basmışdı. Eybəcərin gözləri bərəldi. Sifəti qıpqırmızı qızardı. Ucaboylu cənab üstdən aşağı sakitcə ona baxdı, stolun ətrafında əyləşənlərə baxdı. Hamısının gözü bərələ qalmışdı. İşarə etdi ki, heç kəs tərpənməsin.

Eybəcər ağzında tapança donub qalmış-dı. Böyüyüb hədəqəsindən çıxan gözləri qorxu içində cənabın üzünə dikilmişdi. Səli-qəli cənab ikrahla onun yağlı, eybəcər si-fətinə baxdı-baxdı və birdən bu eybəcər si-fətə tüpürdü. Və... eyni soyuqqanlıqla tətiyi çəkdi. Qan və beyin parçaları süfrəyə da-ğıldı, əyləşənlərin üz-gözünə sıçradı, üstünə yayıldı. Eybəcər adamın parçalanmış qanlı başını qarşısındakı boşqaba qoyan ucaboy səliqəli cənab əlinin qanını ağ salfetlə silə-silə dönüb getdi.

Hamı heyrət içində susaraq bu uca boy-lu, səliqə ilə geyinmiş cənabın aramla, arxa-yın addımlarla restorandan çıxıb getməsinə baxırdı...



393. Ailə tərbiyəsi

İki qardaş uzun müddət dərsə gəlmirdi. Müəllimə narahat olub qardaşların evinə getdi. Ataları ilə danışdı.

Səhərisi gün uşaqlar məktəbə gəldilər.

Müəllimə nədən dərsə gəlməmələrinin səbəbini soruşdu. Uşaqlar dəhşətlər danışdı-lar, dedilər atamız bizə sənət öyrədir, deyir dolana bilmirik, məktəbdə oxumaqdansa çörək pulu qazanmaq lazımdır. Bizimlə məşq edir, saatlarla onun şalvarının arxa ci-binə girib ora qoyduğu 5 manatlığı çıxar-maq üçün üsullar öyrədir. Pulu ehmallı gö-türə bilsək, çörək verir. Yox, hiss eləsə - bizi döyür, təpikləyir, ac saxlayır...

Müəllimə heyrət içində bu zavallı uşaqlara baxıb nə deyəcəyini bilmədi...

...Həmin qardaşların biri məktəbdə id-man müəlliminin cibinə girdiyi üçün tutu-lub türməyə göndərilir, o birisi isə peşəkar oğru kimi məşhurlaşıb uzun müddət “işlə-yəndən” sonra “iş başında” öldürülür...



394. Çoban

...Şəhərə oxumağa gələn gənc oğlan heç cür şəhər həyatına alışa bilmirdi.

İlk öncə institutda “Elmi kommunizm” müəlliminin haqsızlığını görüb sarsılmış, xəyalında qurduğu dünya dağılmağa baş-lamışdı.

Bir müddət sonra institutda rəqs dərnə-yinin üzvü olan bir tələbə qıza aşiq oldu. Kəndli oğlanın kövrək hissləri, ümidləri, ideal həyatı bu qızla, - səhnədə qu quşu ki-mi süzən zərif rəqqasə xanımla bağlanır. Amma evdəkilər bunu biləndə “ay bala, qız nədi, səhnə nədi” - deyə ata-anası, qohum-əqrabaları, dost-tanışları onu danladılar. Həyatda növbəti zərbəsini bu zaman alan oğlanın gələcəklə bağlı arzu-istəkləri bir az da dağıldı. Onun dünyaya baxışları tədricən dəyişməyə başladı.

Xəyal dünyası qırılır, tapa bilmirdi...

Bir gün institutdakı süni maneələrə, bəzi fənn müəllimlərinin, dekanın haqsız iradla-rına dözməyib təhsilini yarımçıq kəsdi, birbaş kəndə qayıtdı.

Bir müddət fermada çoban işlədi, mal-qaraya baxdı. Dağda-daşda dolaşaraq gününü keçirtdi. Gah müdirə etiraz etdi, gah sədrə...

Rəqqasə qız isə yadından çıxmırdı, qızın məsum çöhrəsi gözü önündən getmirdi.

Çoban öz taleyindən, baxtından narazı halda ağır həyat keçirirdi. Bu fani dünyanın gərdişinə alışa bilmirdi. Ədalətsizliklərə dözə bilmirdi... Əzab çəkirdi...

Nəhayət, bir gün qəflətən o yoxa çıxdı. Hər yanı axtardılar, tapmadılar. Dedilər yə-qin şəhərə, qızın yanına qaçıb...

Axşam çobanın yoldaşı mal-qaranı töv-ləyə salanda gördüyü dəhşətdən bağırdı. Qışqırıb haraya çağırdı. Camaat tökülüşüb gəldi.

...Və gəlib gördülər ki, çoban tövlədə özünü asıb.



395. Fabula

Namusu, qeyrəti, evinin, ailəsinin əmin-amanlığı naminə namussuz bir yad kişi ilə əlbə-yaxa döyüşə qalxan qəzəbli Qadının intiqamı yaman oldu. O fürsət tapıb qəfil sıçrayışla kişinin boğazından yapışdı və dişləri ilə onun hulqumunu çəkib qopartdı, ətini qəzəblə çeynədi...



396. Güllədən ölən adamın

təəssüratları

Hissiyyatlı gənc əsgər ağır döyüş meyda-nında ətrafındakı ucuz ölümləri görüb çox üzülürdü. Bir yaralı döyüşçünün: “Ana, öl-düm, ana, qoyma, mən ölmək istəmirəm axı... Mən yaşamaq istəyirəm...” - deyə inil-dəməsindən lap sarsıldı, yaralıya qoşulub o da zarıdı, zarıdı... və daxilən yaşadığı o şid-dətli əzaba dözməyib özünü güllə ilə vurdu:

“Güllə qəflətən qabırğalarımın arasına girdi. Qızmış nər kimi bir anda içimi didiş-dirdi, parça-parça elədi. Sonra kürəyimdə od hiss elədim. İsti bir şey qarnıma tökü-lürdü, qarnım dolub şişdikcə heydən düşürdüm. Halsızlaşırdım. Bir azdan daha nələr baş verdiyini bilmədim...

Gözümü açanda başımın üstündə qır-mızı-qırmızı ulduzlar sayrışırdı. Qulağımda, burnumda, yanağımda gərək ki qarışqalar gəzişirdi. Ancaq heyim yox idi əlimi qaldırıb onları qovam. Elə bil üstümdən ağır qırbasan maşın keçmişdi və məni torpağa pərçimləmişdi.

Bərk zərbə hiss elədim və birdən birə bü-tün ağrılar sürətlə məndən kənar oldu. Ha-rasa uzaqlaşdım. Bədənim aşağıda qalmışdı və mən onu görürdüm. Qan içində döyüş meydanında düşüb qalmışdı. Əsil qəhrəman kimi uzanmışdım. Baxdım, baxdım... Özü-mə yazığım gəldi. İndi anam məni görsə neyləyərdi? - düşündüm. - Nə yaxşı bizim-kilərin xəbəri yoxdur,- dedim.

Və sürətlə göyə doğru çəkildim. Bədə-nim orda, qara qayanın dibində qaldı, özüm uzaqlaşdım, uzaqlaşdım, uzaqlaşdım... uzaqdan Yeri gördüm... Yupyumru idi, nə-həng idi... Üstündə buludlar üzürdü. Sonra hər yan qaranlıqlaşdı. Dünya zülmətə qərq oldu. Saysız-hesabsız ulduzlar içində qaldı. Mən qapqara boşluqda uçurdum. Hara gedirdim görəsən?.. Hara... Bilmədim... Getdim.”



397. Səsli naxışlar

Cücələrim”. Birinci sinif. Birinci parta. İri-iri mavi bantlar. Ağ bənizli, göy gözlü qızcığaz. Qəhvəyi məktəbli forması, üstün-dən qar kimi ağ önlük. İlk cazibə qüvvəsi...

Bəlkə, bəlkə, bəlkə də...” Ağ bənizli, qəhvəyi ipək telli, püstə dodaqlı, fındıq burunlu xanım-xatın... İlk məhəbbət. Gələr, gedər... qalmaz... unudulmaz.

“Tələbəlik illəri”. Karnavallar, əylən-cələr... parad, iclas, iməcilik... Şən, maraqlı günlər, aylar, xatirələrlə dolu illər... Ötən qayğılar...

“Leyli və Məcnun”. Dəniz kənarı. Sübh tezdən bulvarda yalnız itlər, pişiklər və sevgililər gəzər. Yağış gölməçələrində sərçələr çimişər. Mavi dəniz gün işığında bərq vurar. Ah, romantika! Səhradakı ilğım kimi. Parlaq və uzaq: əl uzatsan çatarsan, ha gedərsən çatmazsan...

Günəş kimi yanaram”. Sirli-sehrli bağlar. Ürək titrədən və ürəyə ömürlük şı-rım çəkən baxışlar. Alına yazılan ilk qırışlar...

Səni gözləyəcəyəm, gəlsən də, gəlmə-sən də”. Təbii, gələ bilməz... Və gəlməz!

Düşürsən yadıma yağanda yağışlar”. Ömür xalısının zərif ilmələri. Butalar, naxışlar, güllər. Kövrək, kamil duyğular. Yeni düyünlər, buğumlar...

Nigah masası”. Qu quşunun son nəğməsi. Və... Final səhnəsi.

Qarabağ şikəstəsi”. Məskən, məkan, ocaq, bulaq, duracaq... Yurd, yuva, el, oba, nəsil, kötük. Dayan zaman, dayan, desən dayanar, durar. Don ey əsrarəngiz an, don desən, donar...



398. Məktublarla roman

(Plan)


a) Kişinin Qadına məktubları. (“Səni sevirəm, sənsiz yaşaya bilmirəm.”)

b) Kişinin həmin Qadına məktubları. (Bu dəfə artıq öz arvadı kimi. Münasibət-lərin aydınlaşdırılması, hisslərin səngi-məsi, baxışların dəyişməsi.)

c) Kişinin yenə həmin Qadına məktub-ları. (İttiham dolu sözlər, boşandıqları üçün qınaqlar, günahlı-günahsız irad-lar...)

Qadın isə bütün bu müddət ərzində Kişiyə heç vaxt heç bir cavab yazmır. Ömrü boyu birtərəfli, cavabsız məktublar yazan Kişinin faciəsi!

Kədərli tale...

399. Gəlinə bax...

Ata evində olanda bu mahnını çox se-vərdi, tez-tez zümzümə edərdi. Gəlin ge-dəndən sonra isə ər evində ona bu “ev yı-xan” mahnını oxumağı qadağan etdilər. “Pah, buna bir bax!” – dedilər. Və oxumadı. Uzun illər boyu susub öz ailəsi, əri, uşaqları üçün, qohum-əqrabaları üçün yaşadı. Na-musla, vicdanla yad evində dos-doğma bir gəlin oldu...

Və beləcə illər ötdü. Ömür getdi. Hər şey unuduldu. Cavan gəlin qocalıb qarı ol-du. Doğmalaşan yadlar bir-bir köçüb get-dilər. Qarı tək qaldı. Və cavanlıqdan ürə-yində saxlayıb, içində gizləyib unuda bil-mədiyi sevimli mahnısını yenə ucadan oxudu:

Gəlinə bax, gəlinə,

Örpək alıb əlinə.

Gəlinə söz deməyin –

Küsüb gedər evinə...

400. Vicdanlı cəllad

Zabit Şairin incə biləyini ilgəyə keçirib bərk dartdı. Sonra onun nazik, uzun bar-maqlarını ağır dəmir qapının arasına saldı. İpi daha da bərk çəkdi və qəflətən var gü-cüylə qapını çırpdı. Üstündən də dizi ilə basdı, sıxdı, sıxdı...

“Deyəcəksən?!”

Dəmir qapının arasında Şairin barmaq-ları xırçıldadı, qançır-qançır oldu, əzilib tö-küldü, sümükləri ətə qarışdı. Zabit isə var gücü ilə qapını yenə sıxırdı. Çərçivənin qı-raqları ilə üzüaşağı qapqara qatı qan süzü-lüb axdı. Şair divara söykənib sustaldı, inil-dədi.

Zabit qapını açanda Şair divara söykən-mişdi, sürüşüb yerə oturdu. Ürəyi getdi. Za-bit nifrətlə ona baxıb növbətçini çağırdı. İki əsgər qaça-qaça gəlib Şairi ayaqlarından sü-rüyə-sürüyə kamerasına apardılar.

Şairi aparandan sonra onun barmaqları-nı qapı arasına salıb sındıran Zabit yorğun-yorğun dindirmə otağının tən ortasında yerə bərkidilmiş qırmızı kətilə çökdü. Nəsə onun da ürəyi bulandı. Bayaq burda Şair oturub onun suallarına cavab verirdi. Zabit fikir-ləşdi ki, Şairi çox incitdim deyəsən. Amma nə etməli, əlindən başqa iş gəlmir, onun da bildiyi budur. Kimi şer yazır, kimi qəbir qa-zır. O həzzə görə maaş alır, bu - işgəncəyə görə. Fikirləşdi ki, adamlara işgəncə ver-mək də asan iş deyil. Bu vəzifə də xüsusi is-tedad, bacarıq, iradə, yüksək peşəkarlıq qa-biliyyəti tələb edir. Ürəyi yanır dustaqlara, yazığı gəlir, amma elə ürəyi yana-yana da barmaqlarını sındırır, dırnaqlarını qoparır, sinəsinə, kürəyinə dağ basır, dişini kəlbə-tinlə çəkir, gözünü deşir... Əlbəttə asan de-yil... Amma neyləsin? Belə tapşırırlar. Bu da onun vəzifə borcudur, işidir, maaş alır, balalarına çörək pulu qazanmalıdır, ya yox...O da adamdır axı? Onun da ailəsi var! O da dolanmaq istəyir. Yaşamaq istəyir. Özü də hamı kimi yaxşı yaşamaq istəyir...

Nədənsə bu dəfə Şairin əhvalı ona pis təsir elədi. Heç vaxt belə olmurdu. Məhv et-diyi adamlara yazığı gəlmirdi. İncitdiyi dus-taqlar əlinin altında miskinləşdikcə Zabit ruhlanırdı, onlar yalvardıqca bu alovlanırdı. Amma indi Şairin dözümü, iradəsi, əzəmətli duruşu onun cılız adam olmadığını və bir də günahsızlığını göstərirdi. Onsuz da bu yarı-qaranlıq, havasız, rütubətli zirzəmiyə enən kimi dərhal kimin insan, kimin əclaf oldu-ğu bilinirdi. Bu zirzəmidə kimin günahkar, kimin günahsız olduğunu da hamı bilirdi, adamlara işgəncə verən də, verdirən də... Amma sirri heç vaxt heç kim bu zirzəmidən bayıra çıxartmırdı və burda heç kim vicdan əzabı çəkmirdi.

İndi qəflətən peşimançılıq hissi Zabiti bürümüşdü. Hətta əzabdan əsəb sarsıntısı keçirtdi. Bütün bədəni titrədi. Özünə nifrət elədi. Yumruğunu stola, stula, divara, daşa çırpdı. Ürəyi soyumadı. Ucadan bağırmaq istədi. Amma burda zabitlər vicdan əzabı çəkməməli idi. Çəksə də büruzə verməməli idi. Bura “məclisi-üns” deyildi, bura ciddi dövlət idarəsi idi və burda çox ciddi dövlət əhəmiyyətli işlər görülürdü. Şer vaxtı deyildi...

Zabit qəflətən yerindən sıçrayıb qapıya tərəf atıldı, əlini ağır dəmir qapının arasına soxub var gücü ilə çırpdı. Qapını aralayıb bir də çırpdı və... ucadan bağırdı.

Qəfil səsə postdakı gözətçilər tökülüş-dü. “Nolub, cənab zabit?”

“Heç nə!” – Zabit inildədi.

Gözətçilər gördükləri mənzərədən dəh-şətə gəldilər. Hamıya işgəncə verən bu qəd-dar adam öz kobud barmaqlarını qapının arasına qoyub qəzəblə çırpmış, əzmiş, sın-dırmışdı, əti sümüyünə qarışmışdı. Yara-larından qan axırdı... Ağır-ağır nəfəs alan Zabit gənc əsgərlərə baxıb təkrar elədi:

- Dedim heç nə olmayıb. Gedin öz yeri-nizə... Qapı təsadüfən əlimdən çıxdı... Təsa-düfən... Tez olun həkim çağırın, nə durmu-sunuz, tez, indi ürəyim gedəcək... Yıxı-lacam... Tez!

401. Satirik personajlar

Cəsarət Cılız

Tazı Tərlan

İsa Musalı

Ata Babalı

Qara Haray oğlu

Hır Zıroviç

Tovariş Şimaldanski

Hünər Zəfərli

Yoldaş Dərəbəyli

Cənab Cındırlı

Xosrov Şirinov



402. Üstüaçıq kəndin sakinləri

Topal Temir

Agent Şəmil

Şərab Şirxan

Nəhəngciyəz

Keçəl Telli



403. Ər və arvad

Brilliantla Daşdəmir

Yaqutla Polad

Cəvahirlə Misgər

Gümüşlə Qaley

Firuzə ilə Qənbər

Almazla Dəmirçi

Mirvari ilə Qaya

Zümrüdlə Kömürçü

Aybənnizlə Qarakişi



404. İroniya

Andreybaycan SSR




1988

405. Baş-Burun

- Deyəsən onun başı hər şeydən çıxır?



- Yox əşi, sadəcə o, burnunu hər yerə soxur...

406. Sensasiyasayağı

- Həkim, təzyiqim qalxıb...



- Nə yemisən?

- Təzə qoyun əti.



- Bay, adə, sən təzə qoyun ətini hardan almısan? Yerini bizə də de. “Zamaro-jonnu” ət yeməkdən mədəmiz dondu...

407. Söz-söhbət

– Eh, a bala, sizin toyunuz mənim çox yaxşı yadımdadır.



- Ola bilməz.

- Vallah-billah, dədəmin goru haqqı, özüm ölüm yadımdadır.



- Axı mənim toyum olmayıb, mən qoşulub qaçmışam.

- Buy, elə niyə az? Dəlisən?



408. İnkoqnito

-Kişi, hardaydın?



- Papağımın altında.

- Hardan gəlirsən?



- Ordan.

- Hardan axı?



- Elə ordan dana!

- Bəs hara gedirsən?



- Ayağım hara, başım ora.

- Əh, kül elə başa ki, ayağın dalınca gedir... Get görək hara gedirsən.



409. Senzorun müəllifə iradı

- Anuş, sənin əsərinin I hissəsi düz yazıl-mayıb. Tarix təhrif olunub. Ona görə də biz onu cırıb atdıq, yandırdıq. Get II hissəni yaz gətir, baxaq...



- A... Sizin nə ixtiyarınız var?! Mənim əsərim... Əlyazmam...

- Bəs sənin nə ixtiyarın var?.. Mənim millətim... tarixim... hə, Anuş?



410. Deyimlər, ifadələr

* Əslini danan – nadandır.

* Ləyaqətsiz düşmənin də üzərində gərək ləyaqətlə qələbə çalasan.

* Şair satqın olmaz. Şair böhtan atmaz. Şair donos yazmaz. Ev yıxmaz. Kiminsə çörəyinə bais olmaz... Olsa, ol şair olmaz!

* Bəzən yazıçıların ən böyük kəşfi – öz ləqəblərini tapmaları olur.

* Adam boş-bekar vaxtlarında yox, işi başından aşanda daha səmərəli, məhsuldar işləyər.

* Allah əlbəttə var! O – ali həqiqətdir. Mütləq ədalətdir. Haqqdır!

* O özünü xeyirxah adam kimi göstərməsinə baxmayaraq, hamı bilirdi ki, ondan adama xeyir gəlməz.

* Çoxlu pis yazı yazmaqdansa, az – yaxşı yazmaq yaxşıdır!

* Katib olmaq eşqi ilə yaşayan gənc, nə-hayət katibənin eşqi ilə kifayətlənməli oldu.

* Qızqardaş bəyin evlənmək istedadı yox idi.

411. Fraqment

“...O indi yatırdı və bu nəhəng bədən yatıb yuxusunu alandan, dərin dincələndən sonra qalxıb millət uğrunda, azadlıq uğrun-da amansız döyüşə atılacaqdı. Onun yuxulu, süst bədəni tədricən daxili güclə, qüvvətlə dolacaq, qanı coşacaq və ilahi bir ruh bu bə-dəni əzəmətlə doldurub mərdlik meydanına atacaqdı. Onun qəhrəmanlığı hələ sonra ola-caqdı. Hələliksə o yatırdı, yuxusunu alıb dincəlirdi...”



412. Taylı-taylar

Lenin – N.Nərimanov,

Stalin – M.C.Bağırov,

M.Qorbaçov – Ə.Vəzirov




413. Antikvariat

Antik dövr mədəniyyətinə dair mühazirə olacaqdı. Dinləyicilər auditoriyada əyləşib professorun gəlməsini gözləyirdilər. Bir az-dan xəbər çıxdı ki, müəllim gəlir. Assistent-lər mumiyalanmış kimi qupquru bir qoca kişinin qollarından tutub az qala sürüyə-sü-rüyə auditoriyaya gətirdilər. Qoca profes-soru güc bəla astanadan keçirib içəri saldı-lar, kürsüyə söykəyib getdilər. Dinləyicilər heyrət içində bu dekora baxırdılar. Başı əsən qoca professor isə xəyallar içində xeyli müddət dodaqlarını tərpədə-tərpədə öz-özü-nə nəsə danışandan sonra, qəflətən o dünya-dan gələn bir səslə ciyildədi: “Açın dəftər-lərinizi yazın...”

Beləliklə, antik dövr mədəniyyətinə dair mühazirə başladı...

414. Başlanğıc

(Xatirələr)

...19 fevral 1988-ci il. Gecə qəribə yuxu gördüm. Gördüm ki, döşəməsində illümi-nator olan nəhəng sərnişin təyyarəsində uçuram. Həm qabağı, buludları, həm aşa-ğını, yeri, torpağı seyr edir, həm də təyya-rəçiləri görürəm. Qəribə yuxu idi.

Sübh tezdən Ali Partiya Məktəbində “an-tropoloji cəhətdən iyrənc” saydığım tələbə qadın məni kənara çəkib srağagün, yəni ayın 17-də auditoriyada Qarabağ ermənilə-rinin özbaşınalığı barədə dediyim kəskin ifadələrin hansı mənbədən alınmış faktlara əsaslandığını bilmək istədi. Çünki rəsmi mətbuatda Stepanakertdə ermənilərin tor-paq iddiası ilə mitinqlərə başladığı haqda xəbərlər hələ yox idi! Dedim: “Bunun mən-bəyi xalqdır. Bunu mənə xalqın nümayən-dələri çatdırıb və bu mənbə mənim üçün mətbuatdan daha mötəbərdir!” Qadın iddialı tərzdə mənim Ali Partiya Məktəbində ehti-yatsız davrandığımı, dost və qardaş ermə-nilər barəsində belə sərt danışmağın səhv olduğunu “nəzərimə çatdırdı”. Mən onunla çox danışmaq istəməyib “Bunun sənə dəxli yoxdur!” (rusca təxminən: “Не твое со-бачье дело!”) dedim və uzaqlaşdım.

Zavoda təcrübə mübadiləsinə getməli idik.

...Saat 11-12 radələrində biz “Soyudu-cular” zavodundan qayıdanda Mərkəzi Komitənin qarşısında yolların kəsildiyini və minlərlə adamın toplaşdığını gördük. Dayanıb toplaşanlara baxmağa başladıq. Mən artıq işin nə yerdə olduğunu bilirdim: Qarabağ məsələsi! Ancaq aramızdakı əksər “ayıq-sayıq” dinləyicilər Qarabağda nələrin baş verdiyini ilk dəfə burada eşidirdilər...

MK-nın qarşısına toplaşan gənclər “Er-məni şovinistlərinə ar olsun!”, “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!” və bu kimi transporantları başları üzərinə qaldırıb Ağanbekyanın Parisdə həyasız tək-lifi əleyhinə çıxışlar edir, şüarlar deyir, vəcdlə nitqlər söyləyirdilər. Onların saqqallı gənc liderləri (şəhərdə ilk dəfəydi görünən bu saqqallı, Kerenski sayağı kitel geyinmiş qəribə gənclər lap əski inqilabçı-demo-kratları xatırladırdılar) MK-nın qarşısındakı pilləkənlərin üstünə yığışıb Azərbaycanın bölünməzliyi, ermənilərin həyasızlığı, Or-dubad, Qazax, indi isə Qarabağ torpaqlarına göz dikmələrinin artıq dözülməz olduğunu bildirirdilər. Minlərlə toplantı iştirakçısı on-ların sözlərini təkrar edərək etiraz ifadələri ilə qışqırırdılar.

Hökumət və partiya işçiləri, ziyalılar onları sakitləşdirmək üçün məsələnin artıq həll edilmək üzrə olduğuna inandırmağa çalışırdılar. MK-nın inzibati orqanlarla iş şöbəsinin müdiri meqafonu aldı: “Mən dörd gün yoldaş Konovalovla Qarabağda olmu-şam, partiyanın rəyini onlara bildirmişik, demişik ki, partiya torpaq bölgüsü məsə-ləsinə baxmır. Dünən Konovalov yoldaş Qorbaçov yoldaşla da bu məsələni danışıb həll ediblər. Sov.İKP MK-nın qərarı qətidir – heç bir torpaq bölgüsü aparılmayacaq. Bu məsələni Lenin 1921-ci ildə (o səhv edirdi, DQMV məsələsi 1923-cü ildə həll olunub) necə həll edibsə, əraziləri necə bölübsə, eləcə də qalacaq.” Sonra məşhur yazıçılar çıxış edib camaatı sakitləşdirməyə çalışır-dılar ki, arxayın olun, torpağımız ayrılma-yacaq. Gənclərsə deyirdilər: “Belə olsa on-da biz Cənubi Azərbaycanla birləşmək ide-yasını reallaşdırmağı tələb edəcəyik... Qoy Ermənistandakı azərbaycanlıları dinc bu-raxsınlar...Yoxsa...” və s. Nəhayət, onlar mətbuatda bu məsələ barədə rəsmi mövqe bildirilməsə sakitləşməyəcəklərini deyib da-ğılışmağa başladılar. Camaat da dağılışdı...

Qəlbim fərəhlə dolmuşdu! Millətimiz varmış! Səbri daralanda ayağa qalxır! Sö-zünü deyə bilir! Özünü müdafiə edir! Mən hələ ömrümdə belə sevinməmişdim. Öm-rümdə azərbaycanlıları belə mübariz gör-məmişdim. Mən uçurdum, yerə, torpağımı-za və irəliyə, gələcəyə baxaraq uçurdum... Eynən gecə yuxuda gördüyüm kimi...

Bu zaman “antropoloji cəhətdən iyrənc” qadın öz “kurnosunu” bir az da dik tutaraq iti addımlarla yanımızdan keçib getdi. Mən ona tərs-tərs baxıb heç nə demədim. Onun cavabını xalq özü vermişdi...


Axşam 21.50-də və 22.50-də televizi-yada Azərbaycan, rus və erməni dillərində Azərinformun məlumatı verildi. Məlumatda əhalini sakitləşməyə çağıraraq deyilirdi: “Qarabağın Azərbaycandan ayrılması məsə-ləsi heç bir rəsmi instansiyada baxılmayıb və baxılmır. Partiya ərazi bölgüsü aparmır. Leninin 1923-cü ildə razılaşdığı bölgü qalır və qalacaq. Şovinistlərin çıxışlarına aldanmaq lazım deyil.”

...Bəli, Qarabağ ətrafında hadisələr başlanırdı. Hiss olunurdu ki, bu xəmir hələ çox su aparacaq...



415. Tarix

Moskva, Kreml. SSRİ Ali Sovetində Qa-rabağ məsələsinin müzakirəsi başlanır. Öm-rümün ən həyəcanlı gecələrindən biridir!



416. “Aktuallıq”

Deyirlər: “Leninin sosialist təsərrüfatı, əmək intizamı, kooperasiya və s. barədə de-diyi fikirlər bu gün də öz aktuallığını sax-layır, elə bil o dahi insan bütün bunları bu gün üçün deyib...”

Amma məncə, belə “aktuallıq” – cəmiy-yətin 70 il ərzində əhəmiyyətli inkişaf etmə-diyini, iqtisadiyyatın dondurularaq geri qal-dığını göstərir.

417. Telefon danışığı

-Alo! Nə var - nə yoxdu?



- Əşi, bu cavan oğlana batmaq olmur da... Gül kimi vəzifəni “zanit” eləyib, otu-rub üstündə. Düz beş ildir bir qəpik “le-vi” qazancımız yox... Kəsib arxın qaba-ğını... Bilmirəm onu necə ələ alaq.

- Hamını necə, bunu da elə... Şirnikləndir.



- Yox, bu çox təmiz adamdı. Tamahı yoxdur. Almır. Yemir. Ancaq şirin çayla dolanır. İkrasız, yağsız-balsız, qaymaq-sız, toyuq-cücəsiz yaşaya bilir, bədbaxt. Qalmışam məəttəl. Belə də adam olar, nə təhər ələ alaq bunu?!

- Niyə özünü yorursan e? Vur başını yar, qandır...



- Adamı tutdurar e?! Cinni şeydi...

- Onda sən qabağa düş. Üstünə yalandan şər at tutdur rədd elə getsin...



418. Aman, televiziya!

Televiziya işçisi xüsusi peşə xəstəliyinə tutulan adamdır. Ona elə gəlir ki, vaxt kosmik sürətlə uçur, dünya çox sürətlə fır-lanır, hazırladığı verilişə dair işləri bu də-qiqə, bu an görməsə dünya dağılacaq, hə-yat dayanacaq, aləm qopacaq... Hər an, hər dəqiqə, hər saat, hər gün nə isə həll edir və o an, o dəqiqə, o saat, o gün görülən iş o qədər vacibdir ki, respublikanın taleyi məhz o işdən asılıdır, dövlətin siyasəti, hökumətin qərarı bircə o işə bağlıdır, televiziya işçi-sinin görəcəyi fəaliyyətə möhtacdır və əgər bu işi ləngitsə siyasət laxlayacaq, hökumət yıxılacaq, ölkədə “proval” olacaq və s. Bu qaçha-qaçın zərbi-zəhmi adamı sıxır, hə-mişə gərginlikdə saxlayır, sanki daim nəza-rət altındasan. Bundan yorulursan, əldən düşürsən, tez əsəbiləşirsən, tez qıcıqlanıb özündən çıxırsan, həmişə narazı və narahat yaşayırsan, ürəyin daim sıxılır, darıxır, üzülür... Və beləcə peşəkar televiziya işçisi əzmkar addımlarla şəstlə infarkta doğru ge-dir. Hətta özü bunu bilsə də dayanmır, min bir xırda işin axarına düşüb gedir, gedir, ge-dir... Axı o peşəkar televizionçudur! Tele-konveyerin axını onu götürüb aparır, hey aparır...

Televiziya işindən çıxandan sonra isə adam baxıb görür ki, nəinki saniyələr, də-qiqələr və saatlar, heç günlər və həftələr də, bəlkə aylar, illər də bir şey həll etmir. Dün-yanın gedişi elə yavaş, elə aram və rəvandır ki, elə bil qış gecəsində qaranlıq göydən səssiz-səssiz narın-narın qar yağır, heç nə hiss etmirsən. Görürsən ki, sənin gündəlik, həftəlik “provalların” nə dövlətin, nə höku-mətin, nə ölkənin gedişini nəinki sarsıtmaq, heç tərpətmək gücündə deyil, sənin işin bu ümumi nəhəng konveyerdə heç gözə belə çarpmır və əgər həftədə-ayda bir dəfə televizora baxsan da, nə həyatda, nə TV-də heç bir dəyişiklik baş vermədiyini görürsən.

Televiziya işindən uzaqlaşan adam bol vaxt axınına düşür, istədiyi qədər oxuya, yaza bilir, düşüncələrə dalır, yaradıcılıqla məşğul olur, musiqiyə qulaq asır, yatır, din-cəlir... Amma vaxt yenə qurtarmır. Ətrafda heç nə dəyişmir, dünya, evlər, ağaclar, yol-lar, adamlar elə olduğu kimi qalır. Tama sa-kitlik, rahatlıq, dinclik hökm sürür... Hətta demək olar ki, həyat gözəldir! Yazmaq, oxumaq, musiqiyə dalmaq, düşünmək çox gözəldir... Azad, asudə, sərbəst yaşamaq lap gözəldir...

...Və məmnun qaldığın bu xoşbəxt həya-tını tam dolğunluğu ilə yaşaya bilmək üçün yeganə çatışmayan şey – daim həsrətini çəkdiyin, nostalji içində xatırladığın və təəssüf ki daha heç vaxt duya bilməyəcəyin peşəkar televizionçu narahatlığıdır...

Ah, TV-də keçən günlər!



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə