QəRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə1/14
tarix14.12.2017
ölçüsü1,11 Mb.
#15954
  1   2   3   4   5   6   7   8   9   ...   14


QƏRƏNFİL DÜNYAMİN QIZI

MƏTBUAT-MİLLİ HƏMRƏYLİYƏ GEDƏN YOLUMUZ

BAKI-2015

Elmi redaktor və məsləhətçi: Şamil Vəliyev

f.e.d.professor

Qərənfil Dünyamin qızı Quliyeva. Mətbuat- milli həmrəyliyə gedən yolumuz. (Elmi-publisistik və bədii məqalələr toplusu). Bakı, --------------- nəşriyyatı, 2015, -- səh.


Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyamin qızı 2014-2015-ci illərdə qələmə aldığı və ölkə mətbuatında dərc etdirdiyi elmi-publisistik və bədii məqalələrini oxucularının diqqətinə çatdırır. Müəllif “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər) I hissə. Bakı-Elm. 2005.s.128. “Cümhu-riyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər) II hissə. Bakı-Elm. 2011.s.216.“Milli tərəqqiyə doğru”. ADPU-nəşri.2012.s.322.“Mətbuat-nicat yolu”. ADPU-nəşri.2013.s.291. kitablarında olduğu kimi bu topludakı məqalələrində də öz yazı tərzinə, üslubuna sadiqdir. Topludakı məqalələrin əksəriyyəti Azərbaycan mətbuatının yaranmasında və inkişafında əvəzsis rolu olan klassiklərimizin, milli ruhlu ziyalılarımızın, jurnalist və publisistlərimizin həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə, ədəbi-bədii irsinə həsr edilib.

Topluda Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması məsələlərinə həsr edilən məqalələr üstünlük təşkil edir. Toplu sahə mütəxəssisləri, gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu.


Q.Dünyamin qızı

Ön söz



ODLU BİR YOL KEÇƏNODLAR YURDU

Bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə olaraq ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır. Heç şübhəsiz ki, bu milli ideologiyanın yaranması formalaşması və onun ideoloji konsepsiyanın hazırlanmasında milli mətbuatın rolu böyükdür, danılmazdır.

Azərbaycanda milli ideoloji konsepsiyanın hazırlanmasında və təbliğində 1918-20-ci illər milli mətbuatımızın özünə məxsus rolu oldu. Bu illər ərzində milli mətbuatımızda çap olunan müxtəlif mövzulu materiallar bir daha sübut etdi ki, 1918-20-ci illər xalqımızın mədəni həyatında xüsusi bir mərhələdir və bu mərhələdə milli ruhlu mətbuatın yeri danılmazdır və həm keyfiyyət, həm kəmiyyət baxımından dəyişilən mətbuatımız Azərbaycanın canlı salnaməcisinə çevrildi...

1988-90-cı illərdə də belə oldu. Xalq bir daha öz tarixinə, azadlığına qovuşmaq üçün mübarizəyə qalxdı. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı 1918-20-ci illərlə 1988-90-cı illər arasında bir mənəvi körpü yaratdı. Məhz elə 1988-90-cı illər də başlanan milli azadlıq uğrunda mübarizənin başında bilavasitə 1918-20-ci illərdə olduğu kimi milli ruhlu mətbuat durdu.

20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan “Azərbaycan”, “İstiqlal”, “Qurtuliş” və “Bəsirət”in yolunu 20-ci yüzilliyin sonunda davam etdirən “Səhər”, “Meydan”, “Azərbaycan”, “Azadlıq”, “Odlar yurdu” qəzetləri nəşrə başladı. Əlbəttə qəliblənmiş sovet mətbuatından milli demokratik mətbuata keçid çox böyük çətinliklər bahasına başa gəldi. Lakin xalqın millətpərəst oğulları bu cətinlikləri qanı, canı bahasına dəf edərək qələmi və kalamı ilə mübarizəyə qalxdılar.

Bu mübarizədə hadisələrin çox gərgin, ziddiyyətli bir vaxtında nəşrə başlayan “Odlar yurdu”nun payı daha çoxdur desək məncə heç də yanılmarıq. Çünki məhz sovet mətbuatı tarixində ilk dəfə olaraq illərlə yasaq edilmiş, tənqidə, təhqirə məruz qalmış Azərbaycan Xalq Cümhuriyyətinin varlığından bəhs edən ilk qəzet “Odlar yurdu” oldu. Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq, suveren dövlətçilik arzusunun gercək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, atributları haqqında ilk dəfə olaraq Azərbaycan oxucusuna həqiqətləri məhz bu qəzet bəyan etdi. O, zaman ki, saysız-hesabsız, günahsız qanlara bais olan Sovet hökumətinin qılıncı Azərbaycanda hələ də qanlar tökürdü. Mərkəzi Komitənin vətənpərvərlikdən və millətsevərlikdən çox–çox uzaq olan, Moskvanın dirijorluğu ilə ona nökərçiliyi xalqına xidmətdən üstün tutan, öz ana dilini belə bilməyən ruspərəst, vəzifə düşgünü olan Azərbaycan rəhbərliyi hələ də öz çirkin əməllərini həyata kecirmək üçün ən alcaq işlərə belə əl atırdı.

Məhz belə bir vaxt da dövrün tanınmış yazarı Elcin Əfəndiyev Xaricdə Yaşayan həmvətənlərlə Azərbaycan mədəni əlaqələr Cəmiyyəti -“Vətən” Cəmiyyətini yaradaraq onun orqanı olan “Odlar yurdu” qəzetinin nəşrinə nail oldu. Yeri gəlmişkən qeyd edim ki, “Vətən” Cəmiyyəti Sovet dövründə yarandı və fəaliyyəti xariclə, diasporla bağlı olduğu üçün Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən çox ciddi nəzarətə götürüldü. Amma artıq gec idi. Zaman öz işini görmüşdür. Xalq öz azadlığı uğrunda çanını belə fəda edirdi. Belə olduqda DTK həmişəki kimi böhtanlara, təxribatlara, şayiələrə əl atdı. Xalqı öz-özünə düşmən etmək, üz-üzə qoymaq üçün Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin elə azərbaycanlı “baş bilən”lərinin əli ilə riyakarlıq siyasəti işə düşdü. Həbslər, işdən qovulmalar, böhtanlar... Lakin əbəs yerə. Mübarizəni yarımçıq qoymaq haqqında fikirləşmək belə heç kimin yadına düşmürdü.

Bu zaman Elcin Əfəndiyev qəzetin kollektivini daha da cəsarətli olmağa cağırırdı: “Bilirəm ki, senzura var. Dövlət Təhlükəsizlik Komitəsi nəzarət edir. Lakin dövr dəyərlərimizin doğru, düzgün qiymətləndirilməsini tələb edir”. Bu cağrışdan sonra qəzet oxucularına üz tutaraq yazırdı: “Əvvəlki nömrələrimizdən fərqli olaraq indi qəzetimizin səhifələrində dilimiz, tariximiz, keçmişimizlə bağlı yazılara milli mədəniyyətimizdən bəhs edən materiallara daha geniş yer veriləcək”.

Məhz belə bir çətin şəraitdə “Odlar yurdu” “qanlı köynəyini əyninə geyib” tarixi bir missiyanı yerinə yetirməyə başladı ki, təkcə “Vətən Cəmiyyətinin yox, bütün cəmiyyətin orqanı oldu. Bir zaman qəzetin müxbiri, məsul katibi və redaktor müavini olan, filologiya elmləri doktoru Abid Tahirli bu haqda illər sonra yazır ki: “...həqiqət və ədalət naminə deməliyəm ki, bu qəzet yalnız “Vətən” Cəmiyyətinin yox, geniş mənada bütün cəmiyyətin orqanı idi, təvəzökarlıqdan kənara çıxsam da qeyd etməliyəm ki, bəzən adama elə gəlirdi ki, cəmiyyət bu qəzetlə nəfəs alır”.

Deməli, çox yaxın amma eyni zamanda çox şərəfli bir tariximizin, yenidən müstəqilliyimizin bərpasında mühüm rol oynayan “Odlar yurdu” qəzetinin tarixi missiyası haqqında danışmamaq ədalətsizlik olardı. Hər şeydən əvvəl ona görə ki, milli azadlığımız uğrunda mübarizəyə qalxdığımız bir zamanda, Azərbaycan informasiya blokadasında böğulduğu anda “Odlar yurdu” üç əlifba ilə çıxaraq “Vətən” cəmiyyətinin xəttilə bütün dünyaya yayılaraq Azərbaycan həqiqətlərini bəyan edən yeganə mətbuat orqanı idi. Elə Qanlı Yanvar faciəsini də dünyaya bəyan edən “Odlar yurdu” oldu. Belə ki, Türkiyənin mətbuat orqanları “Vətən” Cəmiyyətində yerləşdirilmiş telekslə hadisə başlanan gündən müntəzəm məlumatla təmin olunaraq, ölkəmizdə baş verən hadisələr barədə obyektiv informasiya ötürürdü. Odur ki, tezliklə azadlığımız uğrunda mübarizəmizin tarixini yazan bu qəzetin tirajı 250 min nüsxəyə catmış, oxucularının sayı milyonları ötmüşdü.

Beləliklə Azərbaycan da və xaric də milyonlarla oxucusu olan “Odlar yurdu” ilk mətbu orqanı kimi 1918-ci illə, 88-ci il arasında bir mənəvi körpü yaradaraq, xalqın milli şüurunun dirçəldilməsi, oyanması üçün misilsiz xidmət göstərdi. Qəzetdə “Bu barədə ilk dəfə” rubrikası altında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə və onun amal dostları haqqında yazılar çap edilməyə başladı. SSRİ kimi bir dövlətin varlığı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin liderinin, dövlət atributlarının adlarının fəxrlə çəkilməsi elə azadlığımızın, müstəqilliyimizin təbliği demək deyildimi? Qəzet tariximizin bu şərəfli, lakin qaranlıq səhifələrini daha gur işıqlandırmaqla xalqını azadlığına, müstəqilliyinə səfərbər etmirdimi?!”

Güclü təxəyyülə, diqqətçəkən fəhmə malik olan sevimli yazıçımız Sabir Rüstəmxanlı hələ o vaxt “Odlar yurdu”nu Azərbaycanın “müstəqil mətbuatının qaranquşu” adlandırmaqda nə qədər haqlı imiş. Milli şüurun, milli təfəkkürün dirçəldilməsində, milli hərəkatın meydana gəlməsində “Odlar yurdu” Həsən bəyin, Mirzə Cəlilin, Əli bəyin və Məhəmməd Əminin şərəfli yolunun layiqli davamçısı olmaqla mətbuat tariximizdə iz qoydu.

Qəzet bu mövzuda olan yazıları vermək də məqsədi bir tərəfdən illərlə təhrif edilmiş, qərəzli yanaşılmış tariximizin bərpası, haqqı tapdanan şəxslərin bəraəti idisə, digər tərəfdən də milli heysiyyətin, milli mənlik hissinin, milli şüurun dirçəldilməsinə bir təkan idi. Çünki qəzetin ən başlıca vəzifəsi milli duyğu, düşüncə və şüura təsir edə biləcək, onu hərəkətə gətirə biləcək hər bir vasitəyə əl atmaq idi.

1988-ci ilin sonu, 89-cu ilin əvvəlləri Dağlıq Qarabağ mövzusu “Odlar yurdu” nun aparıcı mövzularından birincisinə cevrilmişdi. Məhz belə bir zamanda qəzet həm xarici mətbuat agentlikləri, həm də Avropa ölkələrindəki Azərbaycan mədəniyyət mərkəzlərinə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr barədə obyektiv informasiyalar ötürməyə başladı.

“Dağlıq Qarabağın tarixi və ona aid sənədlər”, “Milli tərkib”, “Cəhd çarıq yırtar”, “Dünənimizə bir səyahət”, “Tarix təkrar olur” kimi yazılar da Qarabağın tarixi, mənfur qonşularımızın çirkin niyyətləri, mərkəzin Moskvanın məkirli, ikiüzlü, ermənipərəst siyasəti faş edilirdi. Digər mətbu orqanlarından fərqli olaraq “Odlar yurdu” çox haqlı və bir mənalı olaraq oxucusuna təlğin edirdi ki, illərlə Azərbaycan xalqına edilən bu haqsızlığın başında yalnız və yalnız mərkəz Moskva və onun Bakıdakı əlaltıları durur. Azadlığı uğrunda çarpışan bir xalqı məhv etmək, manqurtlaşdırmaq, kölə etmək- budur məkirli, murdar niyyətləri. Qəzet isə hər hansı bir mövzuya müraciət etsə də sonunu bu məzmunda birləşdirərək xalqı səfərbərliyə səsləyirdi və sonda buna nail də oldu.

Bu sətirləri yazarkən şair Dilsuzun “Odlar yurdu”nun cəmiyyətdəki rolu və yeri haqqında söylədiklərini xatırladım: “Odlar yurdu” qəzeti təxminən yüz illik bir zaman təbəqəsinin altında qalmış, şüurlu və planlı şəkildə məhv edilmiş, dünyanın dörd bir səmtinə səpələnmiş Azərbaycan tarixini, mədəniyyətini, onu yaradan qüdrətli şəxsiyyətlərin ideya və məfkurələrini, eyni zamanda, acı talelərini bir-bir tapıb üzə çıxarırdı”.

Cəmiyyətin sədri Elcin Əfəndiyev qəzetin ətrafına gənc və eyni zamanda istedadlı yazarları toplamışdı. Qəzetə müxtəlif illərdə Ramiz Əsgər, Vaqif Bəhmənli, Rafiq Hacıyev kimi qələm əhli redaktorluq edib. Onlar calışırdılar ki, qəzetin hər sayı xalq arasında böyük mənəvi qida və ilham mənbəyinə çevrilsin.

“Odlar yurdu” çap olunarkən BDU-nun Jurnalistika fakültəsinin axrıncı kursunda oxuyurdum. Bu qəzetin Azadlıq meydanında əldən-ələ gəzdiyini, oxumaq üçün növbə gözləyənlərin olduğunu dəfələrlə gördüm...

Bu gün kitabxanada oturub qəzetin o illərdə çap olunan saylarını gözdən kecirərkən o günləri xatırladım. O günləri ki, xalq azadlığına, istiqlalına qovuşmaq vətənini, torpağını qorumaq üçün canından, qanından kecməyə belə hazır idi. Və bu yoldan onları gözləyən faciələr, təhlükələr, itkilər belə durdurmadı. Bu misilsiz mübarizədə xalqın ən böyük dəstəyi olan mətbuatın, o cümlədən odlu bir yol kecən “Odlar yurdu”nun da əvəzsiz rolunu sezdim!

“Kaspi” qəzeti, 5 fevral 2014




DHİYANƏ BİR İSTƏK

yaxud Əli bəyin arzuları

Kim idi, Əli bəy Hüseynzadə? Jurnalist, publisist, yazıçı, rəssam, şair, həkim, tərcüməçi, pedaqoq, dilçi, türkçü-turançı ideoloq və nəhəng şəxsiyyət. Şərq və Qərb ədəbiyyatını, fəlsəfi fikir tarixinin mükəmməl bilicisi, ərəb, fars, rus, latın, yunan, alman, fransız dillərini gözəl bilən, son yüzilliyin nadir fitri istedadı olan Əli bəy Hüseyn oğlu Hüseynzadə. Tanrının hər kəsə bəxş etmədiyi bir möcüzə, bir istedad. Xoşbəxtlikdən Əli bəy bunların hər birində mükəmməl bir sənət sahibi olaraq tarixə həkk oldu. Salığında mənsub olduğu cəmiyyətin üzərində “bir peyğəmbər təsiri icra edən” Əli bəy balaça bir məkanda, dünyaya gəlsə də Turan Yazqan demiş: “bütün Türk dünyasının mücahidi” oldu. Salyanda dünyaya gələn, İstanbulda Qaraca Əhməd məzarlığında uyuyan Əli bəy Hüseynzadə xalqına, millətinə, böyük türk dünyasına özünün dediyi kimi: “türk qanlı, islam etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli” bir fədayi olaraq xidmət etdi. 76 illik ömrünün cəmi 13 ilini doğma vətənində keçirsə də ömrünün sonuna kimi Vətəni, milləti, onun azadlığı, xoşbəxtliyi uğrunda çalışdı, vuruşdu...

Tiflis Gimnaziyasında, Peterburq Universitetində, İstanbul Darülfünundə təhsil almış, fəlsəfi fikirlərə sahib olmuş, dünya dillərinə yiyələnmiş Əli bəy sahib olduqlarını, cəhalətin girdabında cabalayan millətinə bəxş etmək üçün vətənə döndü...

Türkəm deyə bütün dünyaya bəyan edən və ömrü boyu Böyük Türk Dünyasının birliyi uğrunda mübarizə aparan Əli bəy Hüseynzadə “Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam” deyə bütün bəşəriyyətə öz kimliyini, varlığını hayqıraraq millətinin azadlığı, istiqlalı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə sürgünlərə, həbslərə, təhqirlərə, təqiblərə məruz qaldı, sevdiklərini itirdi... Amma inadını, inamını itirmədi...

“Milli mədəniyyətimizin böyük abidəsi” adlandırılan “Füyuzat”ı yaratmaqla nəyinki türk dünyasına, böyük “bəşər mədəniyyətinə çox qiymətli sərvət vermiş” oldu. “Füyuzat”ın əksər tədqiqatçılarının fikrincə Əli bəy Hüseynzadə “Füyuzat” ədəbi məktəbini yaratmaqla həm ədəbi məktəbin, həm də turançılıq məfkurəsilə siyasi hərəkatın bünövrəsini qoydu. Halbuki, Ə.Hüseynzadə çarizmin milli əsarətinə qarşı turançılıq məfkurəsilə mübarizəni “Həyat”dan başlamış və bir millət kimi Azəri-türklərinin öz milli istiqlalına qovuşmasını, muxtariyyatını tələb edərək yazırdı: “Biz qafqazlıyız-Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediriz”.

Təbii ki, bu muxtariyyata sahib çıxmaq üçün millətini böyük mübarizə yolu gözləyirdi. Çünki, çox qədim tarixə, mədəniyyətə sahib olan xalqının azadlığı çoxlarına sərf etmirdi. Xüsusən də uzun illər xalqını əsarət altında saxlayan rus imperiyasına. İmperiya isə öz çirkin siyasətini ona sadiq nökərlərinin əli ilə həyata keçirirdi. Bu isə bir vətənpərvər, millətsevər ziyalı, qələm, söz əhli kimi Əli bəyi çox narahat edirdi. Məhz ilk dəfə bunun əlehinə olaraq “Həyat”da rus erməni şovinizminin əsl mahiyyətinin doğru, düzgün ifşasını açıqlayaraq bu çağrışla xalqını milli oyanışa istiqamətləndirdi. Bu zaman 20-ci yüzilliyin əvvəlləri idi. Ölkədə baş verən ictimai-siyasi, mədəni-ədəbi proseslər xalqı öz milli müstəqilliyi uğrunda mübarizəyə doğru aparırdı.

Əhməd Cəfəroğlu bu haqda illər sonra Türkiyədə çap olunan “Azərbaycan” dərgisində yazırdı ki: “Azərbaycanda oyanan milli hərəkat xarakter etibarilə bir növ hazırlıq mahiyyətində idi”. Bu hazırlıqları isə xalqın millətpərəst oğulları Əli bəylər, Əhməd Ağaoğlular öz siyasi görüşləri və fəaliyyətləri ilə həyata keçirdilər. Onların Azərbaycanın və Türk dünyasının “dirçəlişi üçün edə bildikləri bir insanın cismani və mənəvi imkanlarından heyratamiz dərəcədə böyükdür” söyləyənlər nə qədər haqlı imiş. Odur ki, onların nəhəngliyini təkcə dostları deyil, düşmənləri də etraf edirdilər. Bütün ömrü boyu romantiklərin əlehinə olan, yerli-yersiz onları tənqid edən M.S.Ordubadi hələ o vaxt, 1920-ci ildə “Füqəra füyuzatı” qəzetində çap olunmuş “Pərdə eniyor, pərdə qalxıyor” adlı məqaləsində sonda yazırdı: “Biz mütəəssifanə bir surətdə elan ediyoruz ki, bir də o kibi dahilər meydana gətirə bilməriz”.

...Xalqının görən gözü, eşidən qulağı adlandırılan bu dahilər 1910-cu ildə Azərbaycanı tərk edib Türkiyəyə mühacirət etməyə məcbur olanda dövrün tanınmış publisisti Əliabbas Müznib bir ürək yanğısı ilə “İqbal” qəzetində yazırdı: “Onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki, o cənablar dilsizlərin dili, karların qulağı, körların gözü idilər”.

Amma onları vətənindən didərgin salanlar unudurdular ki, belə millətpərəst oğullar harda olmalarından asılı olmayaraq yalnız vətəni, xalqı üçün yaşayır, yaradır. Əli bəy də istər vətən də, istərsə də ondan uzaqlarda bütün fəaliyyəti dövründə türkçülüyü-turançlığı təbliğ edərək xalqının azadlığı, tərəqqisi uğrunda mübarizə apardı. Onun turançlığını Yusif Akçuraoğlu “şairanə turançılıq” adlandırırdı. Doğrudur. Amma bu o demək deyil ki, Ə.Hüseynzadənin turançlıq ideologiyası siyasi məqamlardan uzaq idi. Qətiyyən! Əli bəyin siyasi ideologiyasının əsas mahiyyəti millətini əsarətdən xilas etmək, ölkəsinin milli müstəqilliyini təmin etmək idi. Və bütün fəaliyyəti boyu bunu davam etdirən Əli bəyin hürriyyətə çağırışında siyasi amallar mühüm yer tuturdu.

Beləliklə, Əli bəy “Həyat”la başladığı bu xeyirxah işi, “Füyuzat”la davam etdirdi və bütövlüklə məqsədinə nail oldu. Heç də təsadüfü deyil ki, dövrün ədəbi, siyasi qüvvələri “Füyuzat”ın ətrafında toplaşaraq 20-ci yüzilliyin ilk onilliyində Azərbaycanda füyuzatçılıq adlı siyasi, ədəbi cərəyan yaradaraq, türkçülük ideologiyasını siyasi cərəyan kimi ön plana çıxararaq, bu məfkurənin əsl ocağına çevrildi. Unutmayaq ki, “füyuzatçılıq ilk növbədə çarizmə, milli əsarətə, istibdada qarşı çevrilmiş türk xalqlarının mənəvi birliyi-turançlıq ideologiyasıdır. Və bu ideologiyanın əsas məqsədi “milli məsələdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği deməkdir”.

Görgəmli şair və ədəbiyyatşünas alim Abdulla Şaiq çox haqlı olaraq “Füyuzat”ı “Azəri türklərinin milli haqlarının aynası” adlandırırdı. Bəlkə də buna görə tədqiqatçıların əksəriyyəti Əli bəyi təkcə Azərbaycanın deyil həm də böyük türk dünyasının nəhəng siyasi şəxsiyyəti” kimi yüksək qiymətləndirərək yazırdılar: “O, XIX əsrin sonu, XX əsrin əvvəllərində yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirdiyi nəhəng, ictimai, siyasi və ədəbi şəxsiyyətdir”. Bu nəhəng şəxsiyyət hələ salığında türk dünyasının görkəmli ziyalıları tərəfində “Böyük türk dünyasının mücahidi”, “Külli-müsəlman aləminin iftixarı”, “Qafqaz müsəlman-larının atası” kimi yüksək adlarla çağrılaraq “bütün türk dünyasının mücahidi”nə çevrilir.

Əli bəy Hüseynzadə bu müqəddəs amala nail olmaq üçün ilk növbədə xalqını ittihada çağıraraq yazırdı: “İttaihad etməliyik, ittihad! İttihada doğru tərəqqi etməliyik! İttihadın vacibliyini anlamayan, dərk etməyən, kor qalıb bunu görməyən millətlərin çıxılmaz girdablara düşəcəkləri gün kimi aşkardır”. Beləliklə, ədib bir ideoloq kimi “İttihada doğru tərəqqi” məramı ilə 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvəlləri türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açır. Ə.Hüseynzadə hələ Türkiyədə yaşayarkən 1889-ci ildə siyasi bir cəmiyyət yaradaraq onu “İttihad və Tərəqqi” adlandırır. Əlibəyşünasların yazdığına görə “bu cəmiyyət, türk xalqlarının ilk siyasi təşkilatı idi”.

İllər sonra isə Əli bəyin “İttihada doğru tərəqqi”si “Maarif, ittihad, hürriyyət” mərhələsindən kecərək 20-ci yüzilliyin əvvəllərində türk xalqlarının milli azadlıq hərəkatında yeni siyasi məfkurəni əks etdirən bir səfərbəredici proqram oldu. Müəllif hec də təsadüfən “hürriyyət” sözünü “maarif” sözü ilə yanaşı işlətmirdi. Ədib çox gözəl bilirdi ki, hər bir tərəqqinin, azadlığın yolu yalnız və yalnız maarifdən kecir. Ona görə də o zaman mövcud qurluşun inqilab yolu ilə deyil, təkamül yolu ilə tərəqqisini təbliğ edirdi. İnqilabları, silahlı mübarizə yolunu, qan-qadanı bir mütəfəkkir ideoloq kimi qəbul etməyən Əli bəy türk xalqlarını inqilab yolundan çəkindirməyə çalışırdı. Və inandırırdı ki, türk xalqlarının nicat yolu inqilabda deyil, tərəqqi və təkamülün inkişafındadır: “...Çünki tərəqqi etməsək, ittihadın da vacibliyini bilməyəcəyik”.

Ə.Hüseynzadənin istər bədii-publisistik, istərsə də elmi-nəzəri yaradıcılığına diqqət yetirsək görərik ki, o daha çox türk xalqlarını “ittihadi-türk” uğrunda mübarizəyə səsləyirdi. “O tayfa, o millət təriqi-fəlah və nicatda olur ki, özünü tanıya” deyən ədib türk xalqlarını milliözünüdərkə, milliözünüqaydışa çağırırdı.

Əlbəttə, öz kimliyini, tarixini, kecmişini bilməyən bir xalqın sabahı da ola bilməz. Türk xalqlarının kimliyini bərpa etməyi və onu qoruyub saxlamağı tövsiyyə edən Əli bəy “Bu məsələ qayət mühümdür” deməklə nə qədər haqqlı imiş. “Tariximizi və keçmişimizdəki əkabiri-milliyyətimiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl-əmrdə özümüzü tanımalıyız”.

Əli bəy özümüzü tanımaqla mədəniyyətimizi, dilimizi, tariximizi inkişaf etdirməklə yanaşı dünya mədəniyyətinin də öyrənilməsinə səylə çalışırdı. O, avropalaşmaqla Avropa elm-texnikasının yeni naliyyətlərini öyrənməklə, milli mədəniyyəti yaşatmaq istəyirdi. Bu haqda Rasim Kamaloğlu “Türkçülüyün babası” əsərində yazır: “O, avropalaşmağı öz millətinə xor baxmaqda, kafirləşməkdə deyi, Avropa elm və texnikasının naliyyətlərini öyrənib, öz elm və mədəniyyətlərini inkişaf etdirməkdə görürdü”. Odur ki, Əli bəyin mətbu irsi ilə tanış olarkən aydın olur ki, o humanist ideoloq olub. Ona görə də onun hürriyyət məramı milli olduğu qədərdə ümumbəşəri idi.

Türk yazarlarından Sadeddin Nüzhet Ergün Əli bəyin humanist görüşlərindən bəhs edərək yazırdı: “...girmədiyi, qarışmadığı fikir işi yapmadığı hürriyyət qovğası qalmamışdı. Renesansın böyük düşüncələri kibi, o, da hər düşüncəyə uyğun hezarfən bir qafa, orkestral bir ruhdur. Doktor, ixtilalçı, rəssam, ədib, jurnalist, dilçi, publisist, türkçü, cərrah, professor, şair, riyaziyyatçı, tərcüməçi hər şey, hər şey. O, humanizmin özü idi”.

1906-cı ildə Əli bəy xalqını düşdüyü bu cəhalətdən qurtarmaq, tərəqqiyə, hürriyyətə qovuşdurmaq üçün birliyə çağıraraq yazırdı: “Bən istərdim ki, öylə bir sehr və ya əfsun bulunsun ki, onun qüvvətilə “bütün millətimizi birdən-birə cəmi füyuzati-vicdaniyyəyə nail etmək mümkün olsun”. Dahiyanə bir istək! Elə bu gün də xalqımızın azadlığını, müstəqilliyini istəməyənlərə, milli varlığımızın kökünə balta çalanlara qarşı bir millət kimi birləşərək mübarizə etməyə nə böyük ehtiyacımız var! Unutmayaq ki, tarix həmişə öz hüquqlarını müdafiə edən və onun uğrunda mübarizəyə qalxan xalqa xeyirxah münasibət bəsləyir. Birdə ki, tarix, keçmişi inkar və ittiham etmək üçün yox, həm də ondan dərs almaq, ibrət götürüb nəticə çıxarmaq üçündür. Ömər Faiq əfəndi demiş: “Axı biz də bir millətik. Nə vaxta qədər dostumuzu, düşmənimizi tanımayacağıq?”. Ədiblərimizdən biri hələ 1909-cu ildə yazırdı ki: “Millət əgər öz vəzifəsini yerinə yetirsə, düşmənlər də dost olacaqlar. Əgər öz vəzifəsini yerinə yetirə bilməzsə, dostlar da düşmən olar”. Doğrudan da tarixi təcrübə göstərir ki, öz tarixi keçmişini, qeyrət və rəşadət mənbəyini bütünlüklə bilməyən xalqın gələcəyi qaranlıq olar! Bu qaranlıqlardan qurtulmaq, əsrlərlə düçar olduğumuz bəlaların tarixi köklərini və səbəblərini anlamaq üçün Əli bəylərimizi oxumaq, öyrənmək, öyrətmək çox vacibdir!!! Yoxsa... Yoxsa hər şeyin məhvinə doğru getmərikmi?

Bilmirəm, bu bir təsadüf idi ya yox məqaləni sona çatdırarkən professor Şirməmməd Hüseynovun “Mənəvi irsimiz və gerçəklik” adlı kitabı əlimə düşdü. Müəllif yazır ki: “Şuşanı işğal etdikdən sonra Üzeyir bəyin bu doğma şəhərdəki abidəsini dağıdıb, gülləyə tutub, sonra Tbilisi bazarlarında hərraca qoyan və gözdağı kimi onun Bakıya gətirilməsinə şərait yaradan daşnaklar... kam almaqdadırlar”. Yenidən Ömər Fair əfəndinin sözlərini xatırladım: “Axı biz də bir millətik”. Doğrudanmı? Bəs onda böyüklərimizə, kecmişimizə qarşı bu laqeyidlik, biganəlik, unutqanlıq necə yol acdı qəlbimizə? Məmməd Araz demiş:

Məndən ötdü, səndən ötdü,

Məndən, səndən ötən daşlar

Vətən sənə, sənə dəydi!

“Kaspi” qəzeti, mart 2014
ƏLİFBA OYUNU YAXUD UNUTQANLIĞA

DOĞRU ATILAN ADDIMLAR

Hörmətli oxucu! Əgər desəm ki, əlifba məsələsi ilə milli azadlıq hərəkatı arasında çox böyük əlaqə var. Çoxları bunu sadəlövlük olduğunu sanar. Amma unutmayaq ki, uzun illərin təcrübəsi göstərir ki, milli şüura, mənəvi-psixoloji duruma təsir edən amillərdən biri elə əlifba məsələsidir. Xüsusilə əlifbanın dəyişdirilməsi ilə bağlı tarixi araşdırdıqda bir çox mətləblər üzə çıxır və əlifba məsələsinin çox önəmli bir məsələ olduğunu sübut edir.

Bu mətləblərdən birincisi budur ki, əlifba tariximizin ayrılmaz bir parçasıdır. İkincisi, tariximizin tədqiqi, təbliği, tədrisi də əlifba ilə sıx bağlıdır. Üçüncüsü isə, əlifbanın dəyişdirilməsi, tarixə, millətin taleyinə qarşı ən amansız cinayətdir. Çünki bu “əlifba oynunda” ən böyük hədəflər nişana alınır. Bu hədəfin ən başlıcası xalqımızı maddi-mənəvi xəzinəmizdən ayırmaq, tariximizi, keçmişimizi unutdurmaqdır.

Diqqətlə fikir verək təkcə bir əsrdə 20-ci yüzillikdə dörd dəfə əlifbamız dəyişilib. 1929-cu ilə qədər əsrlərlə yazıb-yaratdığımız, ədəbiyyatımızın, mətbuatımızın zəngin tarixi inkişafını əks etdirən ərəb əlifbası 1929-cu ildə dəyişdirilib latın əlifbası ilə əvəz edilib. Bu proses 1929-1939-cu illəri əhatə edir. 1958-1991-ci illər ərzində isə ölkəmizdə kiril əlifbası hökmranlıq edib. Yenidən müstəqilliyimizin bərpası ilə əlaqədar 1991-ci ildə latın əlifbasına kecmişik. Təbii ki, hər dəfə əlifbanın dəyişdirilməsi ölkəmiz də həm madddi, həm mənəvi cəhətdən çox böyük fəsadlara səbəb olub. İnsanlar tarixindən, kecmişindən uzaq düşüb, gənc nəsil köhnə əlifbanı bilmədiyi üçün olub-kecənlərdən bixəbər böyüyüb. Əslində Sovet hökumətinə də bu lazım idi. İnsanları dünənindən qoparıb manqurtlaşdırmaq, sonda isə ruslaşma siyasətini çox asanlıqla təbliğ etmək.

Bizi bir millət kimi yer üzündən silmək üçün bu bir vasitə oldu düşmənlərimizin əlində. Xüsusən də dili, dini bir olan qardaş Türkiyə ilə (1928-ci il noyabrın 1-də Türkiyədə latın qrafikası əsasında yeni əlifbaya keçmək haqqında qanun qəbul edilmişdi) əlifba eyniliyinə mane olmaq və ən əsası kiril vasitəsilə ruslaşdırmaq! Deməli əlifba məsələsinin milli şüura, onun yaranmasına, inkişafına və formalaşmasına təsiri danılmaz bir faktdır ki, Sovet hökuməti məhz ilk olaraq bizi dünənimizdən bixəbər qoymaq üçün bu addımı atdı.



Beləliklə, hər mərhələdə də yazılanların çoxu elə o əlifba ilə tarixə gömülüb. Hər dəfə bu əlifbanın dəyişilməsi nəticəsində mərhələdən-mərhələyə, əlifbadan-əlifbaya keçdikcə biz əskidə qalanların, demək olar ki, böyük əksəriyyətini elə o əlifba ilə dəfn etmişik. Hər əlifba ədəbiyyatımız, düşüncə tariximiz üçün bir məzarlığa cevrilib. Bu məzarlıq niyə bizi düşünməyə vadar etmir? Ordakıların hər biri bizim tariximiz deyilmi? Biz o tarixdən uzaqlaşdıqca, dünənimizdən, kökümüzdən, kimliyimizdən uzaqlaşmırıqmı? Milli-mənəvi dəyərlərimizlə bağlı olan bu tarixin hansı mərhələsində, hansı əsrində olursa-olsun, bu günə daşınmalı və övladlarımıza təlğin olunmalı çox qiymətli xəzinəmiz var. Xüsusən də kirilə keçməklə bu xəzinəmizdən uzaq düşdük.

Bu danılmaz bir faktdır ki, sovet dövründə əksər valideyinlər rus ictimai mühitinə uyğunlaşmaq, hakim üsuli-idarədə qulluq sahibi olmaq üçün öz uşaqlarını daha çox rus təhsilinə meyilləndirirdilər. Təbii ki, rus dilli bağça da, məktəb də, təhsil alan gənc öz dilinə, kökünə-soyuna laqeyidləşəçək və elə laqeyidləşdi də. O, öz ədəbiyyatından, tarixindən, mənəviyyatından bixəbər yetişəcək və yetişdi də. Nəticədə boya-başa çatan “azərbaycanlı ziyalının” təfəkküründə nəinki öz millətinə, mədəniyyətinə, adət-ənənəsinə, hətta genindən gələn müqəddəs duyğulara da münasibət dəyişir və dəyişdi də. Ana dilinə, doğma xalqının tarixinə, adət-ənənəsinə bağlılıq aradan qalxandan sonra təbii onlar, mənsub olduğu xalqın övladı ola bilməz və olmadılar da. Çünki o nə öz əlifbasını bilir, nə də kimliyini. Bütün bunlar bir daha sübut edir ki, əlifba məsələsi xalqın tale yüklü, çox mühüm əhəmiyyət kəsb edən bir məsələsidir.





Unutmayaq ki, əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan xalqının əlifba mədəniyyəti dəfələrlə ciddi təsirlərə, dəyişikliklərə məruz qalmışdır. Azərbaycanın yazılı abidələri və dil tarixi ilə bağlı aparılan araşdırmalar, tədqiqatlar göstərir ki, ərəb qrafikalı Azərbaycan əlifbası daha uzunömürlü olmuşdur.

Ərəb əlifbasının dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri böyük alim, görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadə olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri, bu fikrin formalaşmasında əsaslı rol oynamışdır. O, uzun müddət ərəb əlifbasını sadələşdirmək, daha sonra isə soldan sağa yazılan bir əlifbaya, yəni müasir tələbləri ödəyən bir əlifbaya keçmək uğrunda mübarizə aparmış, layihələr hazırlayıb yaymışdı.

Amma mütəfəkkir alimin bu fikirlərini dəstəkləməyən ziyalılar da olmuşdur. Məsələn, Əlizadə Şirvani M.F.Axundzadəyə ünvanlandığı məktubunda yazırdı: “Buyurursunuz ki, vəsiləmiz yoxdur, yəni öz dilimizdə oxumaq, yazmaq çətindir. Əzizim, bu dərdə külli millətlər mübtəla olublar. Məsələn, buyurduğunuz Prus xalqı 150 il bundan əqdəm öz dilləri çətin olmağa görə tamam və yazmaqları latın dilində idi. Amma mürur ilə elm təhsil edib, indi öz dillərində oxumaqı – yazmağı elə asanlıqla çıxarıblar ki, qeyr millətlər onların dilində elm təhsil etməyə rağib olub”.

Dahi Cəlil Məmmədquluzadə demiş: “M.F.Axundzadə barədə ya yaxşı yazmaq lazımdır, ya heç yazmaq lazım deyildir”. Heç şübhə yoxdur ki, M.F.Axundzadə özünün də mənsub olduğu Azərbaycan xalqının və millətinin azad, xoşbəxt olmasını arzulamışdır, niyyəti xoş olmuşdur. Xalqını düşdüyü bu cəhalət girdabından qurtulmaq üçün hər vasitəyə əl atan Mirzə Fətəli bildiyi üsullarla mübarizə aparmağa çalışmışdır.“Yəqin ki, M.F.Axundzadə bilməmişdir ki, o, əslində qulluq etdiyi çar Rusiyasının “parçala, hökm sür” siyasətinin qeyri-ixtiyari icraçısı olmuşdur. İdeologiyada təfriqə salmaqla milli birliyə zərbə vurmağının, əsrlər boyu yaradılmış milli-mənəvi sərvətlərimizdən, soy-kökümüzdən ayrı düşməyə rəvac verməyinin fərqində olmamışdır”.

Hər vəclə işğal etdiyi əraziləri əlində əbədi saxlamaq üçün çalışan çar Rusiyası hər şeyə hazır idi. Buna görə ilk olaraq Şimali Azərbaycanı cənubdakılardan ciddi-cəhdlə ayrı salmaq üçün keçilməz tikanlı məftillərlə, amansız “qayda-qanunlarla” kifayətlənməmiş, mənəvi birliyi də pozmaq, məhv etmək üçün ilk olaraq Sovet imperialistləri Azərbaycanda əlifbanı bir neçə dəfə dəyişdirməklə həmin işi başa çatdırmışlar.

Əslində “müsəlman əlifbası” adlandırılan ərəb əlifbası böyük və zəngin bir tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin nişanəsi idi və bu əlifba ilə İslamdan da öncə çoxlu dəyərli əsərlər yaradılmışdır. “Dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqaları Allaha inanan dindar insanlar olmuş, öz əsərlərini məhz həmin əlifba ilə yazmış və bu əlifba onların dahiliyinə, adlarının və əsərlərinin dünya durduqca yaşamasına mane olmamışdı”.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə