121
9.2. Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər)
İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə
özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.
XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək,
geyindirmək və evlə təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın
20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min ilə
yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli
problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin,
mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə
aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət
olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının
əsas mənbəyidir. Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun əldə
edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar
və yosun əldə edir.
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi
ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. FAO-
nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 mln. tona yaxın
buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış
(sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan,
60 mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.
Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən bitkilər və heyvanlar 100 mln.
əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd təsərrüfatı inkişaf etdikcə torpaqların 10%-i insan tərəfindən
şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu torpaqlar 5 milyard insanın yaşamasını təmin
edirdi.
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə
təsiri köçəri təsərrüfata nisbətən bir neçə qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır.
Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın saxlanma texnologiyası təkmilləşdirilir.
Ötən dövr ərzində baş verimş dəyişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının inkişafı çox vaxt
geniş ərazilərdə ilkin bitki örtüyünün tamamilə məhv edilməsi ilə müşahidə olunurdu. Qida üçün faydalı olan
bitki növləri olan kiçik sahələr insanlar tərəfindən saxlanılır və bu növlər tədricən mədəniləşdirilir və onların
daimi yerdə becərilməsi təşkil olunur.
Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə faciəli təsir göstərir.
Geniş ərazilərdə meşələrin məhv edilməsi, mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə
edilməməsi tarixən formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii biosenozların,
ekosistemlərin, landşaftların yerində aqrosferlər, aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana
gəlir.
Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş bütün sahələrin məcmusunu
əks etdirən qlobal sistemdir.
Aqroekosistemlər – kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemlərdir.
Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.
Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə
yaradılan biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub,
ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir
(çeşidlər, cinslər).
Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.) kənd təsərrüfatının təsiri ilə dəiyşilərək
formalaşan ekosistemlər aqrolandşaft adlanır.
XX əsrin əvvəllərinə qədər aqroekosistemlər kifayət qədər müxtəlif olmuşdur: xam torpaqlar, meşələr.
çoxsahəli oturaq təsərrüfatları olan rayonlar az dəyişikliyə məruz qalmışdır. Aqroekosistemlər öz ilkin
nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə ov və ev heyvanlarını yeməklə
dolayısı yolla qidalanmışlar. İlkin bitkilər – avtotroflar insanları bitki lifləri və meşə materialları ilə təmin edir-
di. İnsan bu ekosistemlərin əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi və ev heyvanları
122
böyük kütlə təşkil edirdi, insan tərəfindən istifadə olunan məhsullar tullantılara transformasiya olunur, onlar
isə redusentlər və ya destruktorlarla parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar, fosfatlar,
digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən istifadə olu-
nur.
Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə maddələrin dövranı pozulmurdu.
İnsanın qidalanması zamanı maddələr mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin
axını (adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki (çəkici qüvvə) şəklində
təxminən istifadə etdiyi enerjinin miqdarına bərabər idi.
XIX əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzində ilkin konsumentlər tərəfindən
toplanan, həmçinin çox illər ərzində ağaclar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu. Bir
insan tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın neolit dövründə istifadə
etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə qədər) artıq təşkil edirdi.
Beləliklə, aqrar sivilizasiya təşəkkül tapdığı zaman insan ekosistemi yüksək səviyyəyə - homeostaza
malik idi. Ekosistemin antropogen dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi
və o, biosferdə enerji axınını dəyişdirmirdi.
XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin biosferinin bərpa olunmaz qlobal
dəiyşməsi kəskin gücləndi. XX əsrin 70-90-cı illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar
mühafizə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su və külək eroziyası, təkrar
şorlaşma, torpağın gücdən düşməsi, torpağın deqradasiyası, edafon və mezofaunanın kasatlaşması, meşəlik
faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.
9.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası
Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm
2
-a hər dəqiqə 2 kalori Günəş enerjisi
düşür, bu günəş sabiti və ya konstantı adlanır. İşıq enerjisinin bitkilər tərəfindən istifadə olunması nisbətən
çox deyildir. Günəş spektrinin yalnız FAR (dalğasının uzunluğu 380-710 nm, günəş radiasiyasının 21-46%-ni
təşkil edən fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi fotosintez prosesində iştirak edir. Təbii və
aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir.
1. Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə xarakterikdir, bu onların əsaslı
xassəsi – davamlılığa yönəldir, qruplaşanın davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan
çıxarır.
Aqroekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin başlıca istiqaməti süni üsul
olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdir.
İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesabına «təkamül» keçirir və
insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə girmək qabiliyyətinə malik deyildir.
2. Təbii ekosistemlərdə fitosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı illərdə hava şəraitinin
tərəddüdü zamanı onun davamlığını təmin edir. Bir neçə bitki növünün məhv olması digər növlərin
məhsuldarlığının yüksəlməsinə şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fitosenoz
bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.
Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur.
Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafının
sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində
aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.
3. Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müxtəlifliyinin mövcudluğu
bütün vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata
keçirməyə, istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya mövsümündən qısa olur. Təbii
fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum
biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin ardıcıllığı, bir
qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi
məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.
4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddələr mübadiləsinin
kompensasiya (əvəz) olunma dərəcəsi hesab olunur. Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi
elementlər) qapalı tsikllə, yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil
Dostları ilə paylaş: |