Qloballaşma seliNİn etibarli süZGƏCİ: MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 58,39 Kb.

tarix20.09.2018
ölçüsü58,39 Kb.


«Qobustan».-2010.-№3(149).-S.6-10.

QLOBALLAŞMA SELİNİN ETİBARLI SÜZGƏCİ: 

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR

Mübariz SÜLEYMANLI

Qloballaşan  dünyada  milli-mənəvi  dəyərlərin  mühafizəsi,  mədəni  inteqrasiyanın  optimal  yollarının

axtarılması  və  müəyyənləşdirilməsi  baxımından  mövcud  kulturoloji  baxış  və  təmayüllərin  konseptual  bir  şəklə

gətirilməsinə,  ölkələrin  mədəni  inteqrasiyasının,  xalqların  mənəvi  ünsiyyətinin  intensivləşməsinə,  mənəvi

yaxınlaşma  prosesinin  sürətlənməsinə  və  nəticədə  mükəmməl  bir  bəşəri  tamlığa  və  birliyə  qovuşmasına  böyük

ehtiyac  duyulmaqdadır.  Artıq  mədəni  müxtəlifliyə  tərəfdar  olan  müasir  dünyanın  xoşməramlı  söz  sahibləri  dərk

etmişlər  ki,  modern  texnogen  tərəqqiyə  köklənmiş  sivilizasiyanın  ruhi-mənəvi  dəyərlərlə  vəhdətinə  diqqət

yetirilməzsə, bütövlükdə insanlığın harmoniyası pozular, bəşəriyyət intellektual və mənəvi tarazlığım itirməklə daha

böyük  qlobal  təhlükələrlə  üzləşər.  Beynəlxalq  mədəni  təşkilatlar  səviyyəsində  maddi  və  mənəvi  inkişafdakı

tarazlığın saxlanmasına göstərilən əhdlərin dəstəklənməsi isə dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnoz və

fəaliyyətləri hələ də stimullaşdırmaqdadır.

Bu mənada dövlət mədəniyyət siyasətində də yalnız bu amillərin nəzərə alınması, qlobal mədəni proseslərlə

milli  prioritetlərin  uzlaşdırılması,  texnogen  mədəniyyətlə  yanaşı  milli  və  bəşəri  dəyərlərin  mühafizəsi  effektiv

nəticələr verə bilər. Dünyanın bir parçası olan Azərbaycanın gələcəyə, qədim yunan filosoflarının təbirincə desək,

"qızıl  orta"nın  təmin  edildiyi  intellektual  və  mənəvi  bütövlük  halında  gedə  bilməsi  üçün  keçmişin,  milli-tarixi

təcrübənin  nailiyyətlərinin  bir  araya  gətirilməsi,  elmi  süzgəcdən  keçirilməsi  və  gələcək  nəsillərə  ötürülməsi

qarşımızda duran ən ümdə vəzifələrdəndir.

Belə  bir  tənzimləmədə,  təbii  ki,  hər  kəs  tərəfindən  qəbul  ediləcək  zəruri  ölçü,  meyar  və  kriteriyaların

müəyyənləşdirilməsi  çox  çətindir.  Əgər  bu  sahədə  texnogen  mədəniyyətin  tarixi  inkişaf  təcrübəsi  ürəkaçandırsa,

mənəvi  dəyərlərlə  bağlı  dinamik  mənzərəyə  münasibət  heç  də  birmənalı  deyil.  Cəmiyyət  həyatında  yazılmamış

qanunların  rolunu  izah  etmək  nə  qədər  çətindirsə,  maddi  və  texnoloji  sahədəki  etalonlarla  müqayisədə  mənəvi

dəyərlərin ölçü vahidini müəyyənləşdirmək də bir o qədər çətindir. Misal üçün, təəssüf ki, bir insanın şərəf, namus,

ləyaqət, vicdan və s. kimi mənəvi keyfiyyətlərini ölçəcək bir termometr yoxdur ki, qoltuğunun altına qoyub ölçəsən.

Və ya, qan təzyiqini, şəkərin, hemoqlobinin  miqdarmı ölçən  aparatlar  kimi  elə  bir  cihaz  ixtira  edə  bilməmişik ki,

insanın əxlaqi səviyyəsini və içindəki niyyətini açıb göstərə bilsin. Bu kimi dəyərlərin etalonu əsrlərin sınağından

keçmiş, min illərlə qan və gen yaddaşımıza hopmuş milli və insani dəyərlərdir ki, bəzən görməzə-bilməzə Avropa

mədəniyyəti  adı  altında  bizə  sırınan  mədəni  suroqatlara  dəyişirik.  Mədəniyyət  siyasətimizin  ən  ağrılı,  ən

məsuliyyətli problemi, fikrimizcə, məhz bu dəyərlərin ailədən, ibtidai siniflərdən tutmuş, ali məktəblərə, idarəetmə

sferalarına  qədər  insanlarımıza  aşılanması,  təbliği,  mühafizəsi  və  tətbiqi  məsələsidir  ki,  gələcəyimizin,  milli

varlığımızın əsas qarantlarından biri məhz budur.

Bu gün dövlət mədəniyyət siyasətimizin əsas hədəflərindən biri Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq,

inteqrasiya  prosesinə  milli  prioritetləri  rəhbər  tutaraq  qoşulmaqdır.  Ona  görə  də  beynəlxalq  mədəni  əməkdaşlıq,

mədəni-iqtisadi  tərəfdaşlıq,  elmi-mədəni  turizmin  inkişafı  kimi  sahələrdə  dünyaya  səxavətlə  açdığımız  qapıları,

gərək  milli  dəyərlər,  ruh  və  mənəviyyat  alış-verişində  taybatay  qoymayaq.  Çünki,  dünya  yalnız  xoşniyyətli  və

xoşməramlı güclərin  nəzarəti  altında  deyil.  Təəssüflər  olsun  ki,  iqtisadi  mənafeləri  naminə  öz  istehlak  bazarlarmı

hər cür qeyri-insani vasitələrlə genişləndirmək imkanına malik qüvvələr də vardır. Daha az pul xərcləmək, daha az

etiraza və müqavimətə rast gəlmək yolu tutmuş və modern təsir mexanizmlərilə təchiz olunmuş  bu güclər istehlak

cəmiyyətlərini topsuz-tüfəngsiz,  mənəvi  işğal  yolu  ilə  genişləndirmək niyyətindədirlər.  Ənənəvi  ailə  strukturlarını

dağıtmaq  məqsədi  güdən,  çox  vaxt  qadın-kişi bərabərliyi  adı altında  süni  ailədaxili  dəyişikliklərə  rəvac  verən  bu

güclər  mənəviyyatsızlaşdırma  siyasətlərinə  sadə  yollardan  başlayırlar.  İnsanların  ağızlarının  dadmı,  zövqlərini

dəyişirlər, bayağı musiqilərlə beyinləri kütləşdirirlər, moda və dəb təbliğatları ilə göz görə-görə qadınları yarıçılpaq

hala gətirirlər. Tədqiqatlar təsdiqləyir ki, silah alveri, narkobiznes və qadın alverilə məşğul olan güclər hədəf kimi

seçdikləri  cəmiyyətləri  intellektual,  ruhi  və  mənəvi  tələbatlardan  məhrum  edilmiş,  yalnız  mədə,  qarın,  yemək

ehtiyaclarına köklənmiş insan topluluğu halına gətirmək istəyirlər.

Təəssüfləndirici haldır ki, müasir dünyada intellektual, maddi və texnoloji inkişaf uğrunda gərgin rəqabət hiss

etdiyimiz  halda,  ruhi-mənəvi  saflıq  uğrunda  mübarizənin  şahidi  deyilik.  Mənəviyyat  sahəsində  hətta  bütün

bəşəriyyət  üçün  dəyişilməz hesab  edilə  bilən  klassik  dəyərlərin  belə  aşınmasını müşahidə  edirik.  Deməli,  mənəvi

dəyərlər də siyasi mənafelərə tabe etdirildikdə və alış-veriş obyektinə çevrildikdə söz dəyərdən düşür, sözlə əməlin

harmoniyası pozulur, insanlıq naminə verilən vədlər yerinə yetirilmir, yalan, şər, böhtan ayaq tutub yeriyir, rüşvət

və  saxtakarlıq  hər  yanı  bürüyür,  qürur,  səmimiyyət,  təşəbbüskarlıq  kimi  hisslərin  yerini  yaltaqlıq,  məddahlıq  və

riyakarlıq tutur.

Qazaxıstanın  tanınmış  filosofu  Muxtar  Şaxanov  "Sivilizasiyanın  yanlışlıqları"  əsərində  SSRİ-yə  qarşı  hələ

1945-ci ildə işlənib hazırlanan bir Qərb doktrinasının mahiyyətini açır.

Həmin  doktrinada  deyilirdi:  "Biz,  ehtiyatla  onların  mənəvi  dəyərlərini  dəyişərək,  şüurlarına  seks  kultu,




zorakılıq,  sadizm,  sözə  xəyanət,  sırtıqlıq,  alkoqolizm  və  narkomaniya,  qorxu  və  həyasızlıq,  bir  sözlə,  əxlaqa  zidd

olan  şeyləri  yeritməliyik.  Namus  və  vicdan  lağa  qoyulacaq,  keçmişin mənasız  qalığına  çevriləcək.  Yalnız çox  az

adam  bundan  xəbər  tutacaq,  hətta  nələr  baş  verdiyini  anlayacaqlar  da.  Onları  da  gülünc  vəziyyətə  salıb,  aciz

durumda buraxacağıq" (Zablujdenie sivilizasii: Saqa o nravax epoxi. Almatı: Olke, 1999). Çox təəssüflər olsun ki,

demokratiya ixracı adı altında öz iqtisadi planlarını həyata keçirməyə çalışan güclərin bu tipli  doktrinaları bu gün

də bəşəriyyəti təhlükələrlə üz-üzə qoymaqdadır.

Müasirləşmək və mədəni dünya ilə ayaqlaşmaq cəhdi hər bir cəmiyyətin haqqı və qaçılmaz tələbatıdır. Bəşər

tarixi  ilə  az-çox  maraqlanan  hər  kəs  bilir  ki,  mədəniyyət  tarixinin  inkişaf  mərhələləri  dünyanın  müxtəlif  ölkə  və

xalqlarını əhatə  etmiş, zaman-zaman  bu  mədəniyyətin  konturları çox  fərqli  coğrafi  hüdudları aşmış, geniş  məkan

çərçivələrini  kəsib  keçmişdir.  Tarixən  sivilizasiyaların  çox  müxtəlif  yerdəyişmələri  olmuş,  bəzən  şərqdən  qərbə,

bəzənsə  qərbdən  şərqə  doğru  yayılmışdır.  Burada  mübahisə  doğuracaq  məqamlar  həmişə  olmuşdur  və  yəqin  ki,

bundan sonra da olacaqdır.  Amma bir məsələ tam  aydındır  ki,  dünya  xalqları hər  zaman  çağdaş  mədəni  dəyərləri

mənimsəməyə  can  atmışlar.  Mədəniyyətdə  müasirləşmə  probleminin  son  yüzillik  inkişaf  mənzərəsinə  diqqət

yetirdikdə isə məlum olur ki, bu mövzu elmi-mədəni və ictimai fikri daim məşğul etmişdir. Xüsusilə də XX əsrin

əvvəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə bu mövzu on illik bir zaman ərzində

mətbuatın gündəmindən düşməmiş, bu məsələ ətrafında çox qızğın müzakirələr açılmışdır.  Müəyyən hallarda fikir

birliyinə  gəlinmiş,  bəzən  isə  fərqli  və  bir-birinə  zidd  qənaətlər  söylənmişdir.  Lakin  ziyalılarımızın  bu  problemin

həlli ilə bağlı təklif etdikləri yollar müxtəlif olsa da, məqsədləri eyni olmuşdur: cəmiyyətin ictimai-siyasi və iqtisadi

dirçəlişi ilə yanaşı millətimizin intellektual və ruhi-mənəvi tərəqqisinə nail olmaq.

Yalnız  Azərbaycan  ziyalılarını  deyil,  bütün  Şərq  ölkələrində  elmi-mədəni  fikri  məşğul  edən  bu  problemin

daha  əvvəlki  dövrlərdə  özünü  büruzə  verən  tarixi  səbəbləri  var  idi.  Belə  ki,  cəmiyyətlərin  istər  ictimai-siyasi,

hərbi-iqtisadi,  istərsə  də  mənəvi  həyatındakı  geriləmələrin  islahatlar  yolu  ilə  aradan  qaldırılmasına  yönəldilmiş

təşəbbüslər  Şərq  ölkələrində  hələ  XIX  əsrdən  intişar  tapmışdı.  Qərbin  texnogen  mədəniyyət  sahələrində  Şərqdən

üstünlüyünün  etirafından  başlayan,  elmi-texniki  və  hərbi-iqtisadi  sahələrdəki  böhranını  səbəbləri  ətrafındakı

mübahisə  və  çarpışmalardan  doğan,  ən  nəhayət  dünyanın  tarazlığı  pozulmuş  iki  qütbü  arasındakı  müvazinəti

saxlamaq  uğurundakı  səy  və  cəhdlərin  nəticəsi  kimi  meydana  çıxan  modernləşmə,  müasirləşmə,  avropalaşma

hərəkatları uzun zaman Şərq cəmiyyətlərini bürümüş, ictimai həyata ciddi nüfuz etmişdir. İctimai düşüncəyə çeşidli

adlar  və  vasitələrlə,  həm  də  müxtəlif  səviyyələrdə  təsir  göstərən  bu  nəzəriyyələrin  ideya  sahibləri  heç  şübhəsiz

ayrı-ayrı  şəxsiyyətlər,  mütəfəkkirlər  olmuşdur.  Nəinki  fərqli  coğrafi  ərazilərdə,  siyasi  quruluşları  müxtəlif  olan

dövlətlərdə,  hətta  eyni  ölkə  hüdudlarında  belə  müasir  sivilizasiya  ilə  ayaqlaşmanın  çarəsi  barədə  ziddiyyətli  və

mübahisəli  fikirlər  hökm  sürdü.  Misal  üçün,  müasirləşmə  haqqında,  çarizm  məngənəsində  yaşayan  türk

mütəfəkkirlərindən  Mirzə  Fətəli  Axundov  bir  cür,  İsmayıl  bəy  Qaspıralı  başqa  cür  düşünürdü.  Türklüyün  digər

böyük  bir  nümayəndəsi  -  həyatını  islam  birliyi  uğrunda  mübarizəyə  həsr  etmiş,  müsəlman  şərqinin  böhranlardan

qurtulmasının yalnız islahatlar yolu ilə mümkünlüyü ideyasının ömrünün sonunadək təbliğ etmiş Şeyx Cəmaləddin

Əfqani  isə  fərqli  əqidə  sahibi  idi.  Elm,  təhsil,  məktəb,  təlim  və  tərbiyənin  ictimai  mahiyyətinə  eyni  mövqedən

yanaşan bu şəxsiyyətlərin hər birinin avropalaşma məfhumuna reaksiyaları müxtəlif idi. Hətta zaman, məkan, mühit

şərtlərinin eyni olduğu halda belə ziyalılar arasındakı fikir fərqliliyi özünü göstərmişdir. Milli mənafe baxımından

eyni  məqsəd,  amal  uğrunda  mücadilə  etmiş  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu  və  Məhəmməd  Əmin

Rəsulzadə  kimi  zəka  sahiblərinin  belə  avropalaşma  zehniyyətinə  münasibətlərindəki  ziddiyyətli  məqamlar

görünməkdədir.

Yüz  illik  zaman  məsafəsinə  baxmayaraq  bu  gün  müasirləşmək  və  avropalaşmağın  daha  ifrat,  sərt,  amansız

şəkli  kimi  (mədəni  inteqrasiya  adı  və  bəhanəsilə)  həyatımıza  soxulan  qloballaşma  ətrafında  da  bir-birinə  zidd

mühakimələr  yürüdülməkdədir.  Bir  fikri  qətiyyətlə  söyləmək  mümkündür  ki,  bu  prosesə  sağlam  düşüncə  ilə

qoşulmanın  və  mənəviyyatımızın  kürəsəlləşmə  bəlasından  itkisiz  sovuşmasının  yeganə  yolu  tarixi  təcrübənin

mənimsənilməsi və milli-mənəvi dəyərlərin mühafizəsidir.

Müasirləşmək  məramı  ilə  Qərb-Şərq  sintezini  ilk  dəfə  ictimai,  mədəni,  elmi-ədəbi  fikrə  gətirən  Əli  bəy

Hüseynzadə Avropanın elmi-texniki nailiyyətlərinin, iqtisadi və siyasi idarəetmə strukturlarının öyrənilməsini tələb

edərkən  ifratçılığa  yol  verməməyə,  ayıq-sayıq  olmağa  çağırırdı.  Çünki  bəzən  ona  müraciət  edirdilər  ki,  avropalı

işğalçılar müsəlman ölkələrinə düşmən kəsildikləri halda siz nədən qərbliləşməlim, avropalaşalım deyirsiniz?! Həm

bu suala, həm də müasirləşmək məsələsinə münasibətini yığcam  və aydın şəkildə  ifadə  edən  Əli  bəy Hüseynzadə

"Füyuzat" məcmuəsinin 1907-ci il 24-cü sayında yazırdı: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və

maariflərinə,  kəşfiyyat  və  ixtiraatlarına  müraciət  etmək  istəyiriz,  özlərinə  degil.  Biz  istəyiriz  ki,  İslam  ölkəsinə

onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz  istəriz  ki,  ölkəmiz onların beyinnlərini  həzm

etsin, yoxsa mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə var isə, o da

onların  məhsulati-dəmağiynyələrini  alıb  həzm  etməkdən  başqa  bir  şey  degildir"  (Seçilmiş  əsərləri.  Bakı, 2007,  s.

268).


M.Ə.  Rəsulzadə  isə  mədəniyyətdə  müasirləşmə  probleminə  müxtəlif  adlar  qoyannlara,  çağdaş  dünyanın

elmi-mədəni dəyərlərini yalnız müəyyən coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq deyirdi ki, gəlin yanlış

termin  işlətməyək.  Çünki  onun  fikrincə  "Dünya  mədəniyyətinin  seyrini  təqib  edərsək,  onun  şaquli  istiqamətdə

inkişaf  edən  mərhələlərindən  bəhs  etmək  daha  doğru  olur.  Bu  baxımdan  Şərq  mədənniyyəti  ilə  Qərb




mədəniyyətindən  deyil,  orta  cağ  mədəniyyəti  ilə  çağdaş  mədəniyyətdən  bəhs  etmək  lazımdır"  (Milli  təsanüd.

Ankara,  1978,  s.  22).  Bu  mənada  M.Ə.  Rəsulzadə  bəşəriyyətin  mədəni  tərəqqisində  elm  və  mədəniyyətin

məqsədlərinə  də  toxunaraq  yazırdı ki,  "Mədəniyyətin  qayəsi  siyasəti  elmə  tabe  etdirməkdir.  İdarəçilik  sahəsində

qazanılmış  qiymətləri  elm  ölçüsü  ilə  dəyərləndirərək,  cəmiyyət  nizammı  ona  görə  qurmaq  ictimai  bir  idealdır"

(Milli təsanüd, s. 88).

Təəssüflər  olsun  ki,  həmişə  olduğu  kimi,  bu  gün  də  mədəniyyətdə  müasirləşmənin  məhz  nələrdən  ibarət

olduğunu  anlayanlar  azlıq  təşkil  etməkdədir.  Mədəniyyət  sahəsində  təbliğatımızın  əsas  hədəflərindən  biri  də

müasirlik anlayışının geniş kütləyə izahı məsələsidir. Təbii  ki, mövzuya dair geniş  müzakirələr də açmaq olar, bu

sahədə  təbliğatı  işin  müxtəlif  forma  və  yolları  ilə  bağlı  təkliflər  də  vermək.  Sonda  əldə  ediləcək  effektiv  nəticə

bundan  ibarət  olmalıdır  ki,  hər  kəs  bir  həqiqəti  aydın  dərk  etsin:  Tariximizin  bizə  bəxş  etdiyi  ən  qiymətli  miras

milli  mədəniyyətimiz  olduğu  üçün  müasirliyin  meyarları  da  öncə  buradan  əxz  edilməlidir.  Bu  səbəbdən  də  hər

şeydən əvvəl və hər sahədə mədəniyyətdə varisliyin qorunması, tədqiqi və təbliği mövzusuna üstünlük verilməlidir.

Babalarımızın  bizə  əmanət  qoyduğu  milli  mədəniyyət  gələcək  nəsillərə  daha  da  zənginləşdirilmiş  halda

ötürülməlidir. Heç şübhəsiz, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığım qoruya bilməz. Bu məqsədlə

yaradıcı  və  qurucu  səciyyəli  hər  cür  fəaliyyət  təşviq  edilməli,  yeni  qabiliyyətlərin  kəşf  edilməsi,

istiqamətləndirilməsi və dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Bu  gün  beynəlxalq  mədəniyyət  təşkilatlarında  "kültürəl  çeşidlilik" və  ya  "mədəni  müxtəliflik"dən  danışılır,

milli-mədəni özünəməxsusluğun mühafizəsinə, dünyanın mədəni eqzotikasının qorunmasına səylər göstərilir. Çünki

hazırda milli mədəniyyətlər lokal çərçivələrdən çıxıb qlobal mədəni məkanda inteqrasiyaya cəlb olunsa da, hələlik

sosial-mədəni  fərqlər,  bənzərsiz,  bir-birini  təkrarlamayan  mədəniyyətlər  mövcuddur.  Gözəgörünməz  güclər  isə,

yenə nəticə etibarilə insanları robotlaşdırmağa, millət, din fərqi qoymadan dünya əhalisini tək əldən idarə olunan bir

mexanizm  halına  gətirməyə,  müasir  texnoloji  dillə  desək,  onları pultla  idarə  etməyə  çalışırlar.  İnsanları rəngsiz,

ruhsuz,  mənəviyyatsız  robota  döndərməyə,  nəhayət  yaddaşsız  manqurt  halına  salmağa  cəhdlər  edirlər.  Bəzən

mədəni fərqlər, kültürəl çeşidlilik qlobal səviyyədə dialoqa və inteqrasiyaya mane olan səbəblər kimi qavranılır. Bu

səbəbdən də inteqrasiya prosesində ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü kimi təbii reaksiyalar

da müşahidə edilir.

Müasir  dünya,  könüllü  və  ya  könülsüz,  nəticə  etibarilə  qloballaşmaya  doğru  istiqamət  alsa  da  siyasi  və

iqtisadi  sahədə  bu  proses  çox  vaxt  milli-mənəvi  dəyərlər  problemi  ilə  qarşılaşır.  Çünki  qloballaşan  kapitalizm

demokratiyaya  böyük  təhlükə  olub  kütləvi  işsizlik  yaradır.  O,  ənənəvi  ailə  münasibətlərini  dağıdır,  dövlətlilərlə

kasıblar arasındakı uçummu dərinləşdirir, kütləvi əhali axınına səbəb olur.

Tarixən  mənəviyyatsızlığa  qarşı  etiraz  səsi  eşidilməz  olan  cəmiyyətlərin  aqibəti  rəzalət  və  məhrumiyyət

olmuşdur.  Bu  baxımdan  mədəniyyət  siyasətimizdə  istiqlalçılıq  məfkurəsini,  dövlətçilik  rəmzlərini  xalqın  qəlbinə,

ruhuna  hopduran  milli  ideallarımızın  və  obrazlarımızın  düşüncələrdə  süni  surətdə  dəyişdirilməsi  təbliğatlarının

qarşısı  alınmalı,  tarixi  sərvətimiz  olan  milli-mədəni  irsin  tanıdılması  ilə  bağlı  fəaliyyətlər  təşviq  edilməlidir.

Milli-mənəvi  dəyərlər  aşınmalardan  qorunmalı,  milli  mədəniyyət  qloballaşmanın  mənfi  təzahürlərindən

özünümüdafiə vasitəsinə çevrilməlidir.

Təcrübə göstərir ki, mədəniyyətə tətbiq olunan qloballaşma nəticəsində milli mədəniyyət özünəməxsusluğunu

itirir  və  kültürəl  çeşidlilik  aradan  qalxır.  Qərbin  mənəvi  əsası olmayan,  heç  bir  milli,  bəşəri  təməl  prinsiplərinə

söykənməyən mədəni surroqatları təkrarlanmağa başlanır və bu təbliğat maşının təsirilə milli-dini dəyərlər əriyir və

aşınmaya məruz qalır. Bu prosesin təzyiqi altında iqtisadiyyatı zəif olan, müstəqillik yoluna yenicə gədəm qoymuş

ölkələrin gəncləri mədəni irsi inkar edib, mənəvi dəyərlərə xor baxıb ucuz sənət nümunələrinə meyllənir, ən yaxşı

halda  yad  kültürlərə  heyranlıqla  yanaşaraq  milli  irsin  varisliyini  təhlükə  qarşısında  qoyurlar.  Halbuki,  bəşəri

dəyərlərə, insanlığa xidmət etməyən inteqrasiyanda nə mənəvi dəyər var, nə bədii-estetik, nə də tərbiyəvi. Ona görə

də  bu  gün  Azərbaycan  cəmiyyətinin  xarici  dilləri  bilən,  kompüterdən  baş  çıxaran,  internet  vasitəsilə  dünyaya

"pəncərə  açan"  gənclərə  ehtiyacı  olduğundan  daha  artıq  heysiyyətli,  qürurlu,  vətənpərvər  vətəndaşlara  ehtiyacı

vardır. Dünyaya inteqrasiya nə qədər önəmlidirsə, milli mədəniyyətə sahib durmaq da bir o qədər mühümdür.

Siyasi,  iqtisadi  və  mədəni  həyat  sahələri  bir-biri  ilə  qırılmaz  tellərlə  bağlı olduğu  üçün  cəmiyyətin  inkişaf

perspektivlərinə  də  kompleks  halda  yanaşmaq  lazımdır.  Xalqın  mədəni  və  intellektual  səviyyəsi  cəmiyyətdə  10

cərəyan edən bütün hadisələrə nüfuz edir. İqtisadiyyatın dirçəldilməsi də xeyli dərəcədə mədəni səviyyədən asılıdır.

Bütün hallarda mədəniyyətin inkişafı cəmiyyəti  xoş  gələcəyə aparan ən mühüm amillərdəndir. Ona görə də bütün

real imkanlardan istifadə etməklə mədəniyyət problemlərinin həllinə çalışmaq hamımızın borcudur.

Cəmiyyətin bütün aspektlərinə müdaxilə edən mədəniyyət fasiləsiz olaraq özünü yeni-yeni formalarda büruzə

verir və onu hər hansı hüdudda saxlamaq çətindir. Ona görə də bu fenomen siyasəti idarə edən şəxslər, mədəniyyət

və  təhsil  sahəsinin  mütəxəssisləri,  habelə  yaradıcı  işçilər  qarşısında  daim  yeni  vəzifələr  qoyur.  Bu  mənada

mədəniyyət siyasətinin əsas hədəflərindən biri, gələcəyimizin təminatçısı olan yeni nəsil, uşaqlarımız, yeniyetmə və

gənclərimizdir.  Çox  vaxt  bilik,  savad,  zövq,  abır-həya  tərbiyəsi  sahəsində  ailə,  məktəb  və  cəmiyyət  miqyasında

vahid  meyarlarla  çıxış  edəcəyimiz  halda,  uşaqlarımızı  televiziya,  internet  və  s.  modem  informasiya

texnologiyalarının uyuşdurucu təbliğatlarının, narkotik informasiyalarının  öhdəsinə buraxırıq ki, gələcəkdə bu gec

partlayan bombalardakı qəlpələrin  dağıdıcı təsirləri  mənəviyyatımıza  infeksiya  salar,  ruhumuzda  sağalmaz ləkələr

yarada bilər. Bu mənada milli-mənəvi dəyərlər mənəviyyat atmosferimizdə yaradılacaq şəffaf ozon qatı, ruhumuzu




zərərli  təbliğatlardan  və  dağıdıcı  informasiyalardan  mühafizə  edəcək  süzgəc  halına  gətirilməlidir.  Yalnız  bu

dəyərlərin mənəvi meyarlara çevrilməsi yolu ilə milli mədəniyyətimizin yad təsirlərə qarşı immunitetini, müqavimət

gücünü artıra bilərik.

Bu  sahədə  hər  bir  səmərəli  təklif,  sağlam  tənqidi  münasibət,  yaradıcı  və  elmi  yanaşma,  təşəbbüskarlıq

fəaliyyətləri  dəstəklənməlidir  ki,  burada  da  yükün  ağırlığı  yenə  ziyalıların,  elm,  təhsil  və  mədəniyyət  işçilərinin

üzərinə düşməkdədir.

İlk növbədə mədəniyyətimizin keçmişini, mədəniyyət xəzinəmizi layiqincə mənimsəmiş, həzm etmiş nəsillər

yetişdirməklə  işə  başlamalıyıq.  Dünyaya  inteqrasiya  yolunu  tutduğumuza  görə,  mədəniyyətimizin  təməl

prinsiplərində  böyük  bir  dəyişiklik  etmədən,  yəni  milli  şəxsiyyətimizi  təşkil  edən,  mühafizə  edilməsi  zəruri  olan

xarakterik  keyfiyyətlərimizi  zədələmədən,  təcrübəyə  və  elmin  mütərəqqi  nailiyyətlərinə  söykənərək,  forma

dəyişikliklərini  şüurlu  surətdə  aparmaq  məcburiyyətindəyik.  Əsrlər  boyu  varlığımızı,  milli  kimliyimizi  təyin  edən

mədəniyyətimizi  bəşəriyyətin  insanlıq  meyarları  və  zamanın  mədəni  dəyərləri  içərisində  yoğurub,  onu  yalnız

mühafizə  və  öyrənməyə  deyil,  həm  də  bizi  yönəldən,  idarə  edən  bir  daxili  çağırış,  ruhi-mənəvi  ehtiyaclar  halına

gətirməyə çalışmalıyıq.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə