Qoşa qanad


Texnika və texniki tərəqqi



Yüklə 1,22 Mb.
səhifə12/13
tarix17.09.2017
ölçüsü1,22 Mb.
#587
1   ...   5   6   7   8   9   10   11   12   13

Texnika və texniki tərəqqi
Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənil­mə­si, elmin tədqiqinə nəzarət xeyli əvvəl başlanmış və bu sahədə bir sıra vacib məsələlər marksizm-leninizm klas­sikləri tərəfindən artıq həll olunmuşdur. Lakin «texnika» anlayışını dəqiq şəkildə təyin etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi yalnız indiki dövrdə – elmi-texniki tərəqqinin yeni keyfiyyətli mərhələyə keçməsi ilə əlaqədar olaraq meydana çıxmışdır.

Məsələ burasındadır ki, müasir texnika məzmun və strukturu, habelə ictimai həyatda oynadığı rola görə XIX əsr və ondan əvvəlki dövrlərin texnikasından ciddi surətdə fərqlənir. Bu baxımdan, texnikanın keçdiyi tarixi inkişaf yolunu izləmək, bu inkişafın meyllərini, qanunauyğun­lu-ğu­nu ortaya çıxarmaq onun müasir mərhələdəki spesifika­sını müəyyənləşdirmək üçün də mühüm əhəmiyyətə ma­likdir. Texniki tərəqqinin nə kimi yeni keyfiyyət və xüsu­siy­yət kəsb etdiyini, onun elmlə qarşılıqlı təsirinin xa­rakterində baş verən dəyişiklikləri öyrənmədən müasir dövrdə elmi-texniki tərəqqinin səciyyəsini vermək də mümkün deyil.

Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və on-dan kənarda təsəvvür oluna bilməz. Elmin inkişafı texniki tərəqqi üçün kafi şərt olmasa da, zəruri şərtdir. Əgər əv­vəllər texnika elmə nəzərən qabaqlayıcı rol oynayırdısa, elm texnikanı qabaqlayır və ona istiqamət verir.

Elmin tədqiqinə müvafiq olaraq, texnikanın tədqiqi də sistemli şəkildə, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. “Texnika” anlayışı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi və mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, bu da texnika haqqında vahid elmi nəzəriyyənin işlənib-hazırlanmasına mane olmuşdur.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində va­­sitələndirici sistem kimi öyrənilmədiyindən onun ma­hiy­­yətinin dəqiq müəyyənləşdirilməsi hələ indiyədək mümkün olmamışdır. Bu isə elm ilə texnikanın əlaqəsinin optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir.

Texnikanın tədqiqindəki vəziyyət göstərir ki, bu sahədə öyrəniliməli olan əsas məsələlər aşağıdakılardan ibarətdir:



  1. Texnika ictimai istehsalın tərkib his­sə­sidirmi, yoxsa o daha geniş əhatə dairə­si­nə­mi malikdir? Başqa sözlə, insan qeyri-is­teh­sal sahələrindəki fəaliyyəti zamanı texniki vasi­tələrdən istifadə etmirmi?

  2. Əgər «istehsal texnikası» ilə para­lel surətdə digər texnika növlərini də qəbul edi­riksə və «texnika» anlayışı altında bu müxtəlif növlərin kompleksini nəzərdə tuturuqsa (və ya «texnika» anlayışı bu müxtəlif növlər üçün ümumi olan cəhətləri ifadə edirsə), onda bu növ­lərin öz aralarındakı qarşılıqlı münasibəti və onların tarixi ardıcıllığı haqda nə demək olar?

  3. Elm ilə texnikanın qarşılıqlı əlaqə-sin­dən danışarkən ümumiyyətlə texnikamı, yox­sa yalnız istehsal texnikasımı nəzərdə tutu­lur? Bəs elm texnikası? Bəs elmin digər fəaliy­yət sahələrinə tətbiqi? Televizor istehsal vasi­tə­si deyil, texnikaya da aid deyilmi?

  4. Texnika həmişəmi elmlə qarşılıqlı əlaqədə olmuşdur, yoxsa onun inkişafında tam müs­təqil mərhələlər də olmuşdurmu?

  5. Tarixi ardıcıllıq baxımından elmi, yoxsa texnikamı haqqında fikirlər necə başa düşülməlidir?

  6. Texnikanın tarixi inkişaf mərhələ­ləri hansılardır?

  7. «Texnika» və «elm» hadisələri öz daxili strukturlarına görə simmetrikdirlərmi? Tex­nikaya sistem kimi baxmaq olarmı?

  8. Süni olaraq dəyişdirilmiş təbiət his­səsi (ikinci təbiət) texnikanı bütövlükdə əhatə edirmi, yoxsa iki nisbi müstəqil tərəfin kəsişməsindənmi danışmaq lazımdır?

  9. Texniki tərəqqinin meyarı nədən iba­­rətdir?

  10. Texniki tərəqqinin hərəkətverici qüvvələri texnika daxilindəmi, yoxsa kənar hadisələrdəmi axtarılmalıdır?

  11. Texniki tərəqqidə elmin rolu nə­dən ibarətdir? «Elm – texnika» sistemindən hansı mənada danışmaq mümkündür?

  12. Elmi və praktik (əməli) biliyin dialektikası məsələsi elm-texnika münasibətləri ilə nə dərəcədə əlaqədardır?

Biz bu məsələlərdən yalnız bəzilərini – sonrakı tədqiqatımız üçün lazım olanları təhlil edəcəyik.

İlk formalaşma dövründə texnika heç də istehsal texnikası kimi meydana çıxmamışdır. Başqa sözlə, tex­nikanı yalnız «istehsal texnikası» çərçivəsində öyrənən təlimlər texnikanın genezisini aşkara çıxarmağa imkan vermir.

K.Tessman yazır: «Əksəriyyət tərəfindən qəbul olun­muş mənaya görə texnika dedikdə istehsal texnikası nəzərdə tutulur... Bütövlükdə texnika və cəmiyyətin qarşılıqlı təsir və münasibətlərini texnikanın məhz bu hissəsi təyin edir».1 Texnikanın təyinindəki «fikir ayrılıqları da iki əsas sual ətrafında cəmləşdirilə bilər: texnikanın xüsusi bir «istehsal texnikası» anlayışına gətirmək və istehsal texnikasını ümumiyyətlə texnika ilə eyniləşdirmək mümkün­dürmü? «İstehsal texnikası» anlayışını nə dərəcədə ge­niş götürmək mümkündür?».2

Mövcud ədəbiyyatda əksər hallarda «texnika» anlayışı, doğrudan da, məhz «istehsal texnikası» əvəzində işlədilir. Bu da doğrudur ki, texnikanın müxtəlif növləri arasında ən çox istehsal texnikası əhəmiyyətə malikdir. Lakin bu, heç də digər texnika növlərini nəzərdən qaçırmağa əsas vermir və hətta K.Tessmanın asanlıqla razılaşmasına baxmayaraq, «cəmiyyətlə olan qarşılıqlı təsirlər» də təkcə istehsal texnikasına şamil edilə bilməz. O ki, qaldı bu anlayışları «eyniləşdirmək» məsələsinə, bu barədə mübahisə etməyə ehqiyac yoxdur; hər şey texnikanın həqiqi mahiyyətinin düzgün metodoloji prinsiplər əsasında müəyyənləşdirilməsindən asılıdır. Bu problem həll olunduqdan sonra başqa asılı məsələlər ətrafındakı əvvəlki mübahisələr sadəcə olaraq öz əhəmiyyətini iti­rə­cəkdir.

İctimai həyatın müasir inkişaf mərhələsində elmi-texniki tərəqqi haqqında düzgün təsəvvür əldə edə bilmək üçün texnikanın müxtəlif növlərinin dəqiq təsnifatı olduqca vacibdir. Xüsusən, elmin rolunun artması ilə əlaqədar olaraq elm texnikası getdikcə daha böyük əhəmiyyət kəsb edir. İstər elm və texnikanın qarşılıqlı münasibətinin dəqiq müəyyənləşdirilməsi, istər bu sahədə təsəvvürümüzün tam­lığı, istərsə də «elm» anlayışının öz əhatə dairəsinin öyrənilməsi üçün əvvəlcə «elm texnikası» anlayışının da­xil edilməsi tələb olunur.

Bizcə, «elm texnikası» anlayışına elmi fəaliyyət zamanı zəruri olan yaradıcı təfəkkürə nəzərən obyektiv surətdə mövcud olan və elmi işçi tərəfindən tədqiqata cəlb edilən, daxil edilən maddi vasitələr (eksperimental cihazlar, təcrübə vasitələri, duyğu üzvlərinin imkanlarını artıran aparatlar, hesablama maşınları, o cümlədən kompüter və s.), bu maddi vasitələrdən habelə, riyazi əməliyyat və metodlardan istifadə vərdişləri daxildir. Burada maddi istensalla analogiyanı axıradək davam etdirsək görərik ki, elmi idrak metodları elmin texnologiyasına uyğun gəldiyi halda, onlardan praktik istifadə vərdişləri elm texnikasına aid olur.

Texnika çox vaxt yalnız istehsal texnikası kimi qəbul olunsa da, heç kim raketin, televizorun, avtomobilin, sinxrotronun, elektron hesablama maşınının «texnika» anlayışına daxil olmasına etiraz etmir. Halbuki göstərilən qurğulardan heç biri maddi istehsal vasitəsi deyildir.

İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.

Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına ma­şınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxildir. Bu anlayışa hələ Aristotelin əsər­lərində də müraciət edilmişdir və heç də istehsal texnikası mənasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahədəki qabiliyyət, mənimsənilmiş vər­dişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduqca mühüm bir obyektiv ifadəsidir. Təsadüfi deyil ki, texnika dilində sənətkarlıq, qabiliyyət, bacarıq mənasını verir.

Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək, ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik biliklərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və məq­sədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün isti­qamətə yönəldilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin for­malaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.

Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkündür. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli vər­diş­lərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vərdişləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.

Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – ye­ni keyfiyyətli əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında mü­va­fiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Ye­ni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləşmiş və ictimai tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çevrilmişdir.

Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qaydaları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən keçilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə birlikdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı.

Əgər biz insanın məqsədəuyğun fəaliyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, obyektivləşən (ondan istifadə edənlərin şəxsiyyətindən asılı olmayan) vasitələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil etməliyik. İstifadə qaydası məlum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. Lakin alətdən isti­fadə qaydası hələ texnikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərəncamından çıxıb, əlin sərəncamına kecdikdə, qabiliy­yətə çevrildikdə vərdiş anlayışında əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müxtəlif termin­lərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamamlanmış təsəvvür əldə oluna bilməz.

Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ iş­çi maşınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi ma­şınların əsas funksiyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K.Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mü­hərrik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər biz yaxud əsl iş maşınına yaxından nəzər salsaq ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bü­tün­lükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni apparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud mexaniki alətlərdir».1 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəhlənin özünü və onun peşə alətini əvəz edir.

Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə onların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vər­dişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdudlaşması demək deyildir, zira indi də ye­ni vərdişlər – maşınları idarə etmək vərdişləri forma­laş­mağa başlayır.

Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlə­rində əvvəlcə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qismini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb olmuşdur. Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı ke-çidlər mövcuddursa, deməli, onları əks etdirməli olan an­layışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının mahiyyəti düzgün aydınlaşdı-rıl­mamışdır. Vərdiş – şüur hadisəsindən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik biliklərin, konstruktor təxəyyülünün insandan kə­nardakı şeylərdən özgələşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləş­dik­də «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəz­gah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki,* o da maddi olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər. Doğrudan da texnikanın hər bir sonrakı inkişaf mər­hələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. Kompleks maşının strukturuna insanın bu və ya digər funk­siyasını əvəz edən müxtəlif komponentlər daxil edil­dikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı av­tomat olmaq xüsusiyyətindən getdikcə daha azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yi­yələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən «əl­ləri, qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qı­zıl» olması köməyə gəlmir, məhz əllər «qızıl» olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir. Digər tərəfdən də, hər bir konkret situasiya özünəməxsus cəhətlərlə fərqləndiyindən yalnız standart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndirmək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müd­dətdə təıtil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş ol-du­ğu müxtəlif səpgili əməli vərdişlər toplusu sistemi vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vər­dişin işə düşməsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəy­yən proqram əsasında fəaiiyyətə cəlb olunmasını nə­zərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avto­matlara – robotlara ehtiyac yaranır. Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır.

Texnikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəndi nə qədər də qusurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə is­teh­sal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alət­lərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtiraların olan sadə əmək alətləri heyvan qüvvəsindən isti­fa­də edilməsi və sürtmə yolu ilə od alınması, heç şüb­həsiz, in­sanın praktik bilikləri ilə bağlı idi.

Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün olmuşdur. Texnikanın elmlə əlaqə xüsusiyyət­lə-ri­nin daha dəqiq araşdırıla bilməsi üçün elm, texnika, elm texnikası anlayışlarından başqa, texniki elm, texniki bilik, elmi-texniki bilik, elmi-texniki fənn və s. bu kimi anlayışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır.

Elm texnikası həm elm, həm də texnikanın mühüm ünsürlərindən biridir. Bəs texniki elmlər hansı sistemə daxil olur? İkinci təbiətin, texniki qurğuların özünəməxsus qanunauyğunluqlarını əks etdirmək baxımından texniki elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız həmin fənnin predmeti kimi çıxış edir.

Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elmlər «süni təbiəti», nə vaxtsa insan yaradıcı­lı­ğının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir, nə vaxtsa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.

Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəsmiş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiətşünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» tədricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarışır, ilkin zid­diy­yətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun struktu­runda insan komponenti, mənəvi yaradıcılığın özgələş­miş, maddiləşmiş formaları və s. iştirak edir.

Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliy­yətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və maddi fəaliyyətlə müəyyən aralıq vasitə sayəsində əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Texnika öz funksiyasına görə insanın təbiəti dəyişdir-mə­sinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da, texnika koqnitiv bi­lik­lərin də əməli nəticə verməsinə səbəb olur.

Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların icra­sına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlardan istifadə vərdişləri əhatə olunur. Bu vərdişlər məhz müvafiq əməli biliklərin «avtomatlaşmış», qeyri-şüuri hala keçmiş formasıdır.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla təbiət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yuxarıda qeyd etdiyimiz kimi, texnika maddi komponentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan isti-fadə qaydasının texnologyanın vərdişə çevrilmiş, «maşın­laş­mış», «texnikalaşmış» tərəfini də əhatə edir. Lakin bu istifadə qaydaları koqnitiv yox, əməli biliklərdir, bu bilik­lə­rin «texnikalaşmış» variantı isə bizim əvvəllər tədqiq etdiyimiz formaya, fəaliyyətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli biliklərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən primitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşəkar fəaliyyətin son həddi, final momentidir.

Burada biz əməli biliklərin bu cür mühüm həyati əhəmiyyəti üzərində geniş dayanmadan, texnikanın məhz maddi komponentin «təbii təbiətdən» fərqli və bu «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsə­lə­si­nə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Texnika mükəmməlləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu maşınla «süni təbiət» prosesləri va­sitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi maşınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddi­ləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qismən maşınlar tərə­findən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.

Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdi­yindən elmi biliklər də texnikada öz əksini yalnız maddi­ləş­miş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisə­lə­rin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın mənafeyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır.

Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla praktika sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürək­kəbliyindən ikili funksiyasında irəli gəlir.

Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, di­gər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əlamətdar haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin ya­zır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərəcəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil. Elm, ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir.

Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bil-mək üçün insan – təbiət münasibətində insanın vasitəçi sis­temlə münasibətinin müxtəlif spesifik formalarını nə­zərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi da­xil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir me­xanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə biruzə verir və insan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur və bunların həlli müxtəlif ictimai-iqtisadi sistemlərdə müxtəlif olur.

Elə kənar hal da təsəvvür etmək olar ki, insanın tə­biətə təsiri «insan əli dəyməmiş» «saf» təbiətin özü tə­rə­findən həyata keçirilsin. Daha doğrusu, insan təbiətin «ob­yektiv məntiqini» dərk etməklə, onun müxtəlif hissə­lərini elə əlaqələndirə bilər ki, və ya onlar arasındakı obyektiv əlaqəni elə yönəldə bilər ki, «təbii» (ciddi yanaşdıqda, tam təbii prosesləri heç bir dəyişikliksiz nəzərdə tutulan is­tiqamətə yönəltmək mümkün deyil) proses insanın məq­sədinə uyğun nəticə versin. Tam idealizasiya halında insanla təbiət arasındakı vasitələndirici sistemə insan kompo­nenti daxil olmur, insan ünsürü texnikadan çıxır.

Təbiət özü həm də vasitə rolunu oynayır, insan isə istehsalçı, əməkçi deyil, yalnız istehlakçı olur. Bu halda yenə də özünəməxsus mənəvi problemlər ortaya çıxır.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə