3
REDAKTORDAN
Məlumdur ki, hər hansı böyük və ya kiçik müqəddiməni,
adətən, oxucunun diqqətini kitaba cəlb etmək üçün yazırlar.
Mətbuatımızın və nəşriyyatımızın veteranı, qocaman ədib Qulam
Məmmədlinin tərtib edib nəşrə hazırladığı bu kitabın belə bir
köməyə ehtiyacı yoxdur. Azərbaycan ədəbiyyatında və mətbua-
tında müxtəlif zamanlarda işlənən gizli imzaların və təxəllüslərin
şərhinə həsr olunmuş bu kitab, heç şübhəsiz ki, özü diqqəti cəlb
edəcək, mütəxəssislər, müəllimlər və oxucular üçün faydalı kitab
olacaqdır.
Biz ancaq bir cəhəti qeyd etmək istəyirik. Bu kitab Azər-
baycan mətbuatının tarixi ilə bilavasitə bağlı olan, mətbuat xa-
dimlərimizin bir neçə nəslini yaxından tanıyan, onların bir çoxları
ilə dostluq edən, qəzetlərin, jurnalların səhifələrində, arxivlərin
təkində uzun illər boyu axtarışlar aparan yorulmaz tədqiqatçı,
qocaman jurnalist Qulam Məmmədlinin yarım əsrlik gərgin
əməyinin, fəal müşahidələrinin məhsuludur.
“Bir neçə söz” adı altında kitaba yazdığı kiçik müqəd-
dimədən biz öyrənirik ki, Q.Məmmədli hələ 60 il əvvəl – 1917-ci
ildən gizli imza müəlliflərinin şəxsiyyətləri ilə maraqlanmağa
başlamışdır. Müəllifin özünün də dediyi kimi, ola bilər ki, burada
verilmiş dörd minə yaxın gizli imzanın bəzilərinin sahibləri dü-
rüst göstərilməmişdir. Çox ehtimal ki, bir sıra gizli imzalar kitaba
düşməmişdir. Lakin ümumiyyətlə götürüldükdə, demək lazımdır
ki, ədəbi ictimaiyyətin və oxucuların mühakiməsinə təqdim edi-
lən həmin kitab nəşriyyatımızın tarixində bu mövzuda ilk qiymətli
əsərdir.
4
BİR NEÇƏ SÖZ
Naməlum, gizli, örtülü və uydurmalı imzalar, müəllifi mə-
lum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqi-
labından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet
və jurnallarda görünməyə başlamışdır. Bu kimi imzalarla çıxan
şeir və nəsr əsərlərinin çoxu satirik səciyyədə olsa da, ədəbiyya-
tımızda əvvəllər tez-tez rast gəldiyimiz həcvlərə oxşamırdı. Çünki
əvvəllər həcv yazan şairlər əksəriyyətlə bu və ya digər bir adama
sataşır, əksər hallarda isə bu həcvlər subyektiv münasibətlərdən
irəli gələn “öcəşmələrdən” ibarət olurdu. Buna görə də belə
əsərlərin müəllifləri öz adlarını gizlətmirdilər.
Birinci rus inqilabından sonra nəşrə başlayan qəzet və
jurnallardakı gizli imzaların sahibləri isə belə hərəkət etmirdilər.
Onlar öz əsərlərində ictimai məsələlərə toxunur və mətləb ilə
bağlı olan “qəhrəmanın” əməllərinə gülürdülər. Buna görə idi ki,
bir çoxları acı gülüş doğuran belə əsərlərdə özlərini görür, şəx-
sən adları çəkilməsə də, xalq arasında “barmaq ilə göstərilmək
şərəfi” qazandıqlarını hiss edirdilər. Belə “qəhrəmanlar”, adətən,
“millət atası” sayılan bəylər, xanlar, ruhanilər, mülkədarlar, dövlət
məmurları, tacirlər, mollalar və s. tüfeylilər idi.
Zəhmətkeş xalqın istismarına qarşı etiraz, burjua və feodal
əxlaqına, dini xurafat və cəhalətə qarşı mübarizə məqsədi ilə ya-
zılmış satirik əsərlər təbiidir ki, müəllifləri üçün, onların həyatı üçün
təhlükə doğurmaya bilməzdi. Keçmişdəki ağır şəraitdə, mətbu-
atda açıq imza ilə quruluşu, istismarçı sinfi tənqid etmək, şübhə-
siz ki, qorxulu idi. Misal üçün, hələ 1905-ci il inqilabından qabaq
Göyçaydan “Şərqi-Rus” qəzetinə yazılmış məktubda deyilirdi:
“Ad yazmadıq. Ad yazan vaxtda hər tərəfdən məzəmmət
edirdilər. Ona görə də ad yazmamağı xahiş edirik... hərgah
5
qəzetdə bizim adımız olsa da, daha yazmarıq. Hərgah adımızı
yazmasanız, həmişəlikdə sizə söz yazarıq. Vəssəlam”
∗
.
1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının
ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox
idi. Beləliklə də, “Molla” örtülü imza ilə mətbuatda çıxış etməyi
“qanuni” bir şəklə saldı. Doğrudur, bu daimi deyil, müvəqqəti bir
çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə
yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə
və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən
edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də “Molla
Nəsrəddin” jurnalında və başqa satirik orqanlarda gizli imza ilə
iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai
dərdlərini, eybəcərliklərini ürək ağrısı ilə kəskin tənqid atəşinə
tutan mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə
şiddətli təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gə-
tirmək olar. Bakı qoçularının “qozdəstə” götürüb Tiflisə Molla
Nəsrəddini (Cəlil Məmmədquluzadəni – Q. M.) öldürməyə get-
mələri, Şamaxıda Mirzə Ələkbər Sabirin başına gətirilmiş müsi-
bətlər, Suraxanıda mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna
atəş açılması, Mərvdə müxbir Yusif Heydərzadənin polis idarə-
sində qətl edilməsi, Təbrizdə İskəndər Qaffarinin məscid həyə-
tində döyülməsi və bir başqasının qəzet oxuduğu üçün Təbriz
küçələrində doğranması, mollanəsrəddinçi şairlərdən Ə.Qəmkü-
sarın Naxçıvanda, Əli Razinin Gəncədə küçədə döyülmələri,
müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri, Mirzə Cəli-
lin, Ömər Faiqin və Qəmküsarın dəfələrlə məhkəməyə çəkil-
mələri, “Molla Nəsrəddin” jurnalının idarəsinə göndərilən hədə-
qorxu məktubları və s. . .
Odur ki, yuxarıda deyildiyi kimi, gizli imzalar bəzən “faş”
olunur, nəticədə müəlliflər gizli imzalarını da “gizlətmək” məc-
∗
“Şərqi-Rus”, 24 noyabr 1904, № 174.
6
buriyyəti qarşısında qalıb tez-tez dəyişirdilər. Buna görə də bir
müəllif bir neçə gizli imzadan istifadə etməli olmuş, hətta, bəzən
hansı gizli imzalardan istifadə etdiklərini onların özləri belə son-
ralar unutmuşlar.
Məsələn, Cəlil Məmmədquluzadənin özü “Molla Nəsrəd-
din”də də işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün
1927-ci ildə Tiflisdə – jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı
Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur.
Mirzə Cəlilin həmin məktubuna İ.H. Həsənzadə belə cavab ver-
mişdir:
“Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan
birinci nömrəsindən ta axıradək “Molla Nəsrəddin” imzası ilə,
“Lağlağı” imzası ilə, “Hərdəmxəyal” imzası ilə, “Dəli” imzası ilə,
“Cırcırama” imzası ilə və “Dəmdəməki” imzası ilə yazılan cəmi
məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış mə-
qalələrdir”.
Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil
istifadə etmişdir. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil,
başqaları da istifadə etmişlər. Məsələn, “Lağlağı” imzası ilə C.
Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli
Şərifov, Əbdürrəhimbəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə
etdiyi kimi “Mozalan” imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev,
Məşədi Qurbanəli və Salman Mümtaz da istifadə etmişlər.
Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəl-
lifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir.
Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbə-
bini mollanəsrəddinçi şair Əli Nəzmi sonralar Mirzə Cəlil haqqın-
da yazdığı “Böyük jurnalist” adlı məqaləsində belə izah etmişdir:
“Molla Nəsrəddin”in bəzi müxburləri olmuşdur ki, təsadü-
fən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar
atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəm-
xəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir
əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu im-