Qülzar Əliyeva,imza: 11. 01. 16 Pulmonologiya klinik hallar-misallar



Yüklə 56,89 Kb.
tarix22.03.2018
ölçüsü56,89 Kb.
#33140

Qülzar Əliyeva,imza: 11.01.16


Pulmonologiya - klinik hallar-misallar

Məsələ №1.

Poliklinikaya 60 yaşlı kişi cüzi fiziki gərginlik zamanı artan təngnəfəslik şikayəti ilə müraciət etmişdir. Sorğu-sualdan məlum olmuşdur ki, belə hal ilk dəfə 3 ay əvvəl yaranmış və getdikçə şiddətlənmişdir. Həmçinin xəstədə fikir vermədiyi adətən qurumtul, bəzən isə az miqdarda qatı selikli bəlğəmlə öskürək olduğu və bunu 40 il ərzində günə 30-40 ədəd siqaret çəkməsi ilə əlaqələndirdiyi bəlli olmuşdur. Vərəmli xəstələrlə təmasda olmayıb. Obyektiv döş qəfəsi çəlləkvarı, qabırğalar nisbətən üfuqi istiqamət almışdır. Cüzi periferik sianoz qeyd edilir. Aşağı ətraflarda ödem yoxdur. Auskultasiyada ağ ciyərlər üzərində zəif sərt tənəffüs fonunda yayılmış quru xırıltılar eşidilir. 1 dəq. tənəffüsün sayı 20, nəbzi - dəqiqədə 98 vurğu, Sa-94%.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Əsas müayinələr: spirometriya, döş qəfəsinin rentgenoloji müayinəsi, qanın ümumi (kliniki) analizi. Əlavə müayinələr: EKQ (imkan olduqda ExoKQ), kompüter tomoqrafiya, bədən çəkisi və siqaret çəkmə indekslərinin hesablanması, bronxodilatasion test, fiziki yükləmə testi və s.

2. ACXOX

3. Müalicə taktikası spirometriya nəticələrinə əsaslanmalıdır. Müalicənin əsasını bir və ya bir neçə uzun müddətli təsirə malik bronxolitiklər təşkil etməlidir, məsələn Formoterol və/və ya Teofillin, və ya Tiotropium və/və ya Teofillin.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol” – Bakı -2009
Məsələ №2.

Klinikaya 57 yaşlı kişi güclü təngnəfəslik, az miqdarda çətin ifraz olan qatı irinli-selikli bəlğəmlə öskürək, ürəkdöyünmə şikayətləri ilə daxil olmuşdur. Özünü 5 ilə yaxındır xəstə hesab edir. Deməsinə görə ara bir xroniki bronxitə görə müalicə alıbmış. Son 2 ildə təngnəfəslik yarandığını və bu səbəbdən müntəzəm berodual istifadə etdiyini bildirir. 1 həftə əvvəl qripp infeksiyasına yoluxubmuş, 2 gün hərarəti 38oC olubmuş, heç bir əlavə müalicə qəbul etməyib, sonrakı 4 gün ərzində hərarət olmayıb, lakin öskürək artıb, bəlğəm yaranıb və təngnəfəslik şiddətlənib. Anamnezində vərəm xəstələri ilə təmasda olmayıb, allergiya halları müşahidə edilməyib, 40 ildir günə 20-30 ədəd siqaret çəkir.

Obyektiv: dəri örtükləri çəhrayı-boz, ağ ciyərlərin əhəmiyyətli hiperinflyasiya əlamətləri, auskultasiyada zəif sərt tənəffüs fonunda quru xırılılar eşidilir, Sa-83%, Ps-115 v. dəq., BÇİ - 18

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Əsas müayinələr: spirometriya, döş qəfəsinin rentgenoloji müayinəsi, qanın ümumi (kliniki) analizi. Əlavə müayinələr: EKQ (imkan olduqda ExoKQ), kompüter tomoqrafiya, bəlğəmin qeyri-spesifik floraya müayinəsi.

2. Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi, emfizematoz tip (forma), ağır gedişli (dərəcəli), kəskinləşmə mərhələsi (fazası).

3. Oksigen terapiya; sistem steroidlər, sonralar inhalyasion formalara keçmək; uzun təsirə malik bronxolitiklər; bakterial flora təyin edildikdə müvafiq antibiotiklər; mukolitiklər.


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik protokol” – Bakı -2009
Məsələ №3.

Təcili tibbi yardım evə çağırılır. 30 yaşlı kişidə boğulma tutması müşahidə edilir. Anamnezində bir qədər yüngül boğulma tutması bir neçə dəfə olubmuş, müalicəsiz qısa müddət ərzində keçibmiş. Hal hazırdakı boğulma evdə təmir olarkən qəfldən yaranmışdır. Xəstə məcburi oturaq vəziyyətində, əlləri ilə çarpayı kənarına dirənib. Dəri örtükləri nəm, dodaqların yüngül sianozu nəzərə çarpır. Tənəffüsü distansion fitverici-fışıltılı xırıltılarla müşahidə eşidilir. Qeyri produktiv öskürək boğulmanı artırır. Auskultasiyada çox saylı quru fitverən xırıltılar eşidilir. 1 dəq. tənəffüsün sayı 26, nəbzi 92 v.dəq.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Əsas - allerqoloji anamnezi dəqiqləşdirmək, pikfloumetriya və ya spirometriya; əlavə - tənəffüs yollarının hiperreaktivliyinin aşkar edilməsi, allergenlərlə dəri testləri, qan zərdabında İgE təyini

2. Atopik bronxial astma, boğulma tutması

3. Sürətli təsirə malik inhalyasion β2-aqonistlər (β2-aqonistlər olmadıqda metilksantinlər), effekt olmadıqda sistem kortikosteroidlər


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bronxial astma üzrə klinik tövsiyyələr (protokol)” – Bakı -2012
Məsələ №4.

36 yaşlı qadın gecə və səhər saatlarında xışıltılı tənəffüsdən və boğulma tutmasından şikayətlənir. Özünü 2 ildir xəstə hesab edir. Heç bir müalicə almayıb. Allerqoloji anamnezi ağırlaşıb - toza və sitruslara qarşı allergiya olduğunu bildirir. Anası uzun illərdir bronxial astmadan əziyyət çəkir. Auskultasiyada ağ ciyərlər üzərində vezikulyar tənəffüs, sürətlənmədə quru fitverən xırıltılar yaranır. 1 dəq. tənəffüsün sayı 16, nəbzi 72 v.dəq.

Döş qəfəsinin rentgenoloji müayinəsində patologiya aşkar edilməyib.

Spirometriyada ventilyasiya pozğunluğu aşkar edilməyib.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Bronxoprovokasion və ya bronxodilyatasion test (tənəffüs yollarının hiperreaktivliyinin aşkar edilməsi), allergenlərlə dəri sınaqları, qanda zərdab İgE təyini

2. Atopik bronxial astma

3. Aşağı dozalı inhalyasion kortikosteroid və ya antileykotriyen preparatı. Bundan başqa ehtiyac yarandıqda sürətli təsirə malik β2-aqonistlər. Yun və tükdən yataq dəsti pambıq və ya sintetik dəstlə əvəz edilməli. Yataq otağından toz yığan əşyalar (xalça, kitablar və s.) çıxarılmalı.


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bronxial astma üzrə klinik tövsiyyələr (protokol)” – Bakı -2012
Məsələ №5.

46 yaşlı xəstə 2 ildir müntəzəm Salmeterol/Flutikason 50/100mkq dozada qəbul edir. Son 3 ayda dərman qəbuluna baxmayaraq boğulma tutmaları tezləşib - gündüz vaxtı həftədə 4-5dəfə narahat edir. Gecə vaxtı simptomların olmadığını deyir. Fiziki gərginlik zamanı təngnəfəslik yarandığını qeyd edir. Heç bir kəskin infeksiya və ya soyuqdəymə son aylarda olmayıb. Allerqoloji anamnezi ağırlaşıb - tozla təmasda güclü boğulma tutması və təngnəfəslik yaranır, lakin son aylarda belə bir təmasın olmadığını bildirir.

Auskultasiyada ağ ciyərlər üzərində sərt tənəffüs fonunda quru xırıltılar eşidilir.

Döş qəfəsinin rentgenoloji müayinəsində hər iki tərəfdə ağ ciyər şəkli güclənib.

Spirometriyada FEV1 - 69%, FEV1/ FVC - 70%, mötədil ventilyasiya pozğunluğu.

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Obstruksiyanın geriyə dönməsini təyin etmək üçün sürətli təsirə malik bronxodilyatatordan sonra spirometriya (bronxodilyatasion test), allergenlərlə dəri sınaqları, qanda zərdab İgE təyini

2. Bronxial astma, atopik variant, hissəvi nəzarət olunan

3. Flutikasonun dozasını qaldırmaq, müalicəyə antileykotriyen preparatı və/və ya yavaş xaric olunan teofillin əlavə etmək.


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bronxial astma üzrə klinik tövsiyyələr (protokol)” – Bakı -2012
Məsələ №6.

25 yaşlı xanım yüksək hərarət 39 oC, döş qəfəsinin sağ tərəfində tənəffüslə əlaqəli ağrı, "paxır" rəngli az miqdarda qatı bəlğəmlə öskürək, ümumi halsızlıq, tərləmə şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Özünü 3 gündür xəstə hesab edir. Xəstəliyi soyuqlama ilə əlaqələndirir. Heç bir müalicə almayıb. Xroniki xəstəlikləri yoxdur, hər hansı bir digər patologiyaya görə dərman qəbul etməyib. Allerqoloji anamnezi ağırlaşmayıb. Vərəmli xəstələrlə təmasda olmayıb. Obyektiv: dəri örtükləri nəm, avazımış, dodaqların yüngül sianozu, tənəffüsün dəqiqədə sayı 28-taxipnoe. Auskultasiyada sağ ağ ciyərin aşağı nahiyyəsində tənəffüs xeyli zəifləyib, lokal kiçik qabarcıqlı yaş xırıltılar eşidilir. Solda sərt tənəffüs eşidilir. Nəbzi 96 dəq., AT - 110/70 mmHg.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. İki proyeksiyada rentgen və qanın ümumi analizi. Əlavə - Bəlğəmin müayinəsi aparıla bilər, lakin müalicə empirik başlanılmalıdı.

2. Sağ ağ ciyərin pnevmoniyası

3. Müalicənin əsasını antibiotiklər təşkil edir. Bu xəstəyə β-laktamlar və makrolidlər kombinasiyası tövsiyə edilir. Adekvat hidratasiya.


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” – Bakı -2012


Məsələ №7.

45 yaşlı kişi xəstə yüksək hərarət (39-40 oC), titrətmə, döş qəfəsinin sağ tərəfində ağrı, kəskin üfunətli iylə bulanıq-boz bəlğəmlə öskürək, iştahsızlıq və halsızlıq şikayətləri ilə stasionara daxil olmuşdur. Özünü 1 həftədir xəstə hesab edir. Xəstəliyi güclü soyuqlama ilə əlaqələndirir. Heç bir müalicə almayıb. Anamnezində hər hansı bir xəstəlik keçirməyib. Vərəmli xəstələrlə təmasda olmayıb. Allerqoloji anamnezi ağırlaşmayıb. Zərərli vərdişləri inkar edir. Obyektiv - xəstə passivdir, döş qəfəsinin sağ tərəfi tənəffüsdə zəif iştirak edir. Auskultasiyada sağda sərt tənəffüs fonunda amforik tənəffüs və lokal yaş xırıltılar eşidilir, solda sərt tənəffüs. AT -110/70mmHg, Ps-117, Sa -93%.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Döş qəfəsinin iki proyeksiyada rentgenoqrafiyası (və/və ya kompüter tomoqrafiyası), bronxoskopiya, bəlğəmin müayinəsi.

2. Sağ ağ ciyər absesi.

3. "Müdafiə olunmuş" penisillinlər və ya karbamazepinlər və ya ftorxinolonlar+metronidazol və ya linkozamidlər+II-III nəsil aminoqlikozidlər


Ədəbiyyat: «Пульмонология. Национальное руководство», Под ред. А. Г. Чучалина, Москва, 2009, с. 263-267
Məsələ №8.

34 yaşlı kişidə profilaktik müayinə zamanı rentgenoqrafiyada ağ ciyərlərdə hər iki tərəfdə düyünlü ocaqlar və ikitərəfli limfadenopatiya aşkar edilmişdir (bir il əvvəl aprılan müayinədə patologiya qeyd edilməmişdir). Şikayətləri yoxdur. Özünü praktiki sağlam hesab edir. Vərəmli xəstələrlə təmasda olmayıb. Zərərli vərdişləri inkar edir. Obyektiv - dəri örtükləri adi rəngdə, nəm, periferik limfa düyünləri əllənmir. Auskultasiyada ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Qanın ümümi analizində və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi zamanı patologiya aşkar edilməyib.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Döş qəfəsinin kompüter tomoqrafiyası, bronxoskopiya, qanın biokimyəvi analizi. Daha dəqiq diaqnostika üçün limfa düyünlərinin transbronxial biopsiyası

2. Sarkoidoz

3. Vitamin E (200-400mq/sutkada). 3 aylıq nəzarət ərzində xəstəliyin proqressivləşməsi müşahidə edilərsə sistem kortikosteroidlər təyin edilməli (20-40mq/sutkada).


Ədəbiyyat: «Пульмонология. Национальное руководство», Под ред. А. Г. Чучалина, Москва, 2009, с. 685-292
Məsələ №9.

27 yaşlı qadın çox miqdarda əsasən səhərlər ifraz olan irinli bəlğəm ifrazından şikayətlənir. Son üç-dörd ildə bu cür bəlğəm olmasını hər soyuqlamada və ya qripp infeksiyasından sonra yarandığını və aylarla davam etdiyini bildirir. Ara bir bəlğəmgətiricilərdən istifadə etmişdir. Vərəm xəstələri ilə təmasda olmayıb. Auskultasiyada ağ ciyərlər üzərində hər iki tərəfdə sərt tənəffüs fonunda aşağı nahiyyələrdə müxtəlif həcmli yaş xırıltılar eşidilir. Əsas ürək tonları sağda eşidilir. Rentgenoloji müayinədə hər iki tərəfdə ağ ciyərlərin aşağı paylarında iltihabi dəyişikliklər fonunda ağciyər şəklinin kistavarı dəyişiklikləri və dekstrakardiya müşahidə edilir. Ultrasəs müayinəsində qara ciyərin solda, dalağın isə sağda yerləşməsi müşahidə edilir - Situs inversus.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Cavablar:

1. Döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası, bəlğəmin müayinəsi

2. Bronxoektaziya, Kartagener sindromu

3. Postural drenaj, mukolitiklər, bəlğəmin florasından asılı olaraq antibiotiklər, iltihabəleyhinə preparatlar, immunokorreksiya. Mümkün olduqda sanasion fibrobronxoskopiya.


Ədəbiyyat: «Пульмонология. Национальное руководство», Под ред. А. Г. Чучалина, Москва, 2009, с. 410-424
Məsələ №10.

Dekabr ayının əvvəli poliklinikaya 22 yaşlı gənc müraciət edir. Şikayətləri - hərarət (38-39 oC), titrətmə, zökəm, rinoreya, səsin batması, quru öskürək, baş ağrıları, ürəkbulanma, bədəndə əzginlik, ümumi halsızlıq. Özünü axşamdan xəstə hesab edir. Gündüz idarələrində olarkən üşütmə olmasını və son 1-2 həftədə bir neçə iş yoldaşının da xəstə olduğunu qeyd edir. Vərəm xəstələri ilə təmasda olmayıb. Allerqoloji anamnezi ağırlaşmayıb. Zərərli vərdişləri inkar edir. Obyektiv - xəstə halsızdır, dəri örtükləri avazımış, t - 39 oC. Görünən selikli qişaları solğun. Əsnək hiperemiyalı. Auskultasiyada ağ ciyərlər üzərində sərtləşmiş tənəffüs eşidilir. AT - 110/60 mmHg, Ps-98.


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.



Cavablar:

1. Diaqnoz adətən klinik əlamətlər əsasında qoyulur. Xəstənin ümumi vəziyətini qiymətləndirmək üçün qanın ümumi analizi və flüoroqrafiya müayinələrini etmək olar.

2. Kəskin respirator infeksiya, qripp

3. Qızdırma salan və qeyri-steroid iltihab əleyhinə preparatlar, virus əleyhinə preparatlar (amantadin və ya oseltamivir və ya zanamivir və s.) və/və ya interferonlar və ya onların induktorları



Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qripp üzrə klinik protokol” – Bakı -2008; «Пульмонология. Национальное руководство», Под ред. А. Г. Чучалина, Москва, 2009, с. 196-199
*******************cəmi 10 məsələ*****************************


Yüklə 56,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə