Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Əlavə təfsirlərin çıxarılması



Yüklə 497,65 Kb.
səhifə2/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8

1. 1. 3. Əlavə təfsirlərin çıxarılması

Mübahisəli hədislərin bir qismi bəzi ayələrin içində qeyd olunan əlavə təfsirlərlə bağlıdır. Əhməd ibn Məhəmməd deyir: “Əbülhəsən (İmam Kazim) mənə bir müshəf (kitab və ya Quran) verib dedi ki, buna baxma. Mənsə açıb bunları oxudum: Kitab əhlindən kafir olanlar və müşriklər... (Bəyyinə/1) Mən orada Qüreyşdən 70 nəfərin adını gördüm”. (Kuleyni, 2/631) Göründüyü kimi, bu hədisdə Quranın təhrifinə işarə belə yoxdur. Harada deyilir ki, bu adlar Quranın tərkib hissəsi imiş?! Biz bilirik ki, İmam Əlinin topladığı Quranda qısa təfsirlər də olmuşdur. Bəlkə həmin kitab İmam Əlinin Quranı və bu adlar da təfsir olub. Yəni hədisin düz-səhvliyindən asılı olmayaraq, burada 70 adın Quranın tərkib hissəsi olduğu söylənmir.

Yeri gəlmişkən, deyək ki, bu növ təfsirlərə işarə vuran hədislər çoxdur. Oxşar rəvayətlər qeyri-şiə mənbələrində də var. Məsələn, çoxlu səhabə və katiblərin dediyinə görə, Xanım Aişənin müshəfində Bəqərə surəsinin 238-ci ayəsinə “və əsr namazı” əlavə olunmuşdu, onun üçün Quran köçürənlərə tapşırırmış ki, bu hissəni də ayəyə yerləşdirin, çünki Peyğəmbərdən belə eşitmişəm. (İbn Əbu Davud A. Əl-Məsahif, 208-211) Böyük ehtimalla Peyğəmbər sözügedən hissəni təfsir məqsədilə söyləyib və Aişə ya onun ayənin tərkib hissəsi olduğunu zənn edib, ya da elə təfsir kimi Qurana salınmasını söyləyib. Xatırladaq ki, Peyğəmbərin digər xanımları Həfsə və Ümm Sələmənin də bu ayəni eyni əlavə ilə yazdırmaları nəql olunmuşdur. (Yenə orada, 211-218)

Yaxud İbn Məsud deyir ki, biz Peyğəmbərin dövründə Maidə surəsinin 67-ci ayəsini belə öyrədirdik: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et - ki, Əli möminlərin mövlasıdır. - Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”. (Süyuti C. “Əd-Durr əl-mənsur”, 3/117) Göründüyü kimi, “ki, Əli möminlərin mövlasıdır” hissəsi ayədən deyil, onun təfsiridir. Bir ayənin tilavəti və ya təlimi əsnasında da hər hansı açıqlama verməyin heç bir eybi yoxdur. Üstəlik, erkən İslam çağında Quran öyrətmək, Quran dərsi keçmək onu yalnız üzündən oxumaq və ya oxutdurmaqdan deyil, həm də açıqlamalarını, təfsirini bəyan etməkdən ibarət idi.

Bundan əlavə, bəzi Əhli-sünnə təfsirlərinin yazdığına görə, Abdullah ibn Məsud Ali-İmran surəsinin 33-cü ayəsini “və alə Muhəmməd” əlavəsi ilə oxuyurmuş. (Əbu Həyyan Andalusi M. “Əl-Bəhr əl-muhit”, 3/111) İbn Abbasın və Qətadənin rəvayətinə əsasən, Übəy ibn Kəbin qiraətində Nisa surəsinin 24-cü ayəsində mütə nikahına dəlil olan “ila əcəlin musəmma” hissəsi vardır ki, bu gün əlimizdə olan Quranda mövcud deyil. (Təbəri M. Təfsir, 8/177-178, h: 9036-9041; İbn Əbu Davud, 164) Hətta ən güclü quranşünas səhabələrdən olan İbn Abbas 3 dəfə Allaha and içərək bu hissənin Qurandan olduğunu bildirmişdir. (Təbəri. Təfsir, 8/177-178, h: 9038-9041)

Mühəddis Nuri öz kitabında bu kimi rəvayətləri də Quranın təhrifinə dəlil kimi qeyd etmiş, sələfilər də bundan Şiə əleyhinə sui-istifadə etmişlər. Halbuki bu növ rəvayətlərdə mövcud olan və bugünkü Quranda yer almayan hissələrin Quran sözü deyil, Cəbrayıl tərəfindən çatdırılmış əlavə izah olmasını Əhli-sünnə alimləri də qəbul edirlər. Süyuti (1445-1505) İbn Abbasın Bəqərə surəsinin 198-ci ayəsinə “həcc mövsümlərində” ifadəsini artırmasını (Buxari M. Əs-Səhih, 2/181-182, 3/53, 3/62, 6/27) da məhz əlavə təfsir kimi izah etmişdir. (Süyuti C. “Əl-İtqan fi ülum əl-Quran”, 1/265) Qurtubi deyir ki, səhabə və tabeilərin bəzi ayələri müəyyən əlavələrlə oxumaları açıqlama və təfsirlə bağlıdır, həmin əlavələrin Quranın tərkib hissəsi olması demək deyil. (Qurtubi M. Təfsir, 1/86) Əsasən izah məqsədilə səhabələr tərəfindən əlavə təfsir və ya duaların qiraətə daxil edilməsini digər Əhli-sünnə alimləri də qəbul edirlər. (İbn əl-Cəzri M. “Ən-Nəşr fi əl-qiraat əl-əşr”, 1/32; Zərkəşi M. “Əl-Burhan fi ülum əl-Quran”, 2/127-128) Və burada ortaya belə bir sual çıxır: səhabələr barədə bu qədər müsbət və nikbin yanaşmaların olduğu halda, nə üçün növbə Əhli-beyt imamlarına – Peyğəmbər övladlarına çatanda oxşar təfsirləri Quranın tərkib hissəsi kimi qəbul edib böhtan və iftiralar yağdırır, Şiə məzhəbini təhrif düşüncəsində ittiham edirlər?! Bəzi sələfilərin belə ikili yanaşmasına, bu gün də utanmadan “Şiə kitablarında Quranın təhrifinə dair 2000 hədis var” söyləməsinə nə ad vermək olar?!

Şiə və Sünni rəvayətlərində mövcud olan bu növ əlavələr ya Cəbrayıl tərəfindən Quran deyil, qüdsi hədis kimi və təfsir məqsədilə nazil olub, ya da səhabələr izah kimi Peyğəmbərdən belə eşitmişlər. Bəzi hədislərdə deyilmiş “belə nazil olub” ifadəsi birinci versiyanı gücləndirir.

Yeri gəlmişkən, deyək ki, tənzil və nazilolmada məqsəd ayənin zahiridir: sözlərindən başa düşülən leksik mənası və ona uyğun təfsiri. Təvil isə zahiri və sözləri ilə çox da uyğunluğu olmayan batini mənasıdır. Hədisdə göstərilir ki, hər bir ayənin zahiri və batini vardır. (Zərkəşi, 2/154) Zahiri sözlərlə və nazilolma səbəbi ilə birbaşa əlaqəsi olmayan batini məna təvillə əldə olunur, təfsir isə Quranın zahiri və tənzili ilə bağlıdır. İmam Baqir buyurub: “(Quranın) zahiri tənzili, batini isə təvilidir”. (Hürr Amili M. “Vəsail əş-Şiə”, 27/196) Bu baxımdan, bəzi hədislərdə işlənmiş “belə nazil olub”, yaxud “tənzili belədir” ifadəsi təvil qarşısında işlənib ayənin sözlərinə, nazilolma səbəbinə və ya sözlərindən başa düşülən təfsirinə aid edilə bilər. Bu növ hədislərdə Qurandan olmayan əlavələr üçün qeyd olunmuş bu ifadə məhz onun təfsirinə və ya nazilolma səbəbinə aiddir. Bunu əl-Kafinin şərhçiləri də təsdiqləyirlər. Misal üçün, Feyz Kaşani bir hədisdə İmam Sadiqin Əhzab surəsinin 71-ci ayəsini oxuyarkən “Əlinin və sonrakı imamların vilayəti haqda” hissəni artırıb “belə nazil olub” deməsi barədə yazır: “Yəni bu mənada nazil olub. Buna bənzər ifadələrdə məqsəd budur”. (Feyz Kaşani M. Əl-Vafi, 3/885) Yaxud Molla Saleh Mazandarani bir yerdə “belə nazil edilib” sözünü şərh edərkən yazır ki, bu, qeyd olunan əlavənin Quran olması demək deyil. Çünki vəhy zamanı Peyğəmbərə nazil olan sözlər Quran da ola bilər, əlavə izah və təfsir də. (Mazandarani M. “Şərh əl-Kafi”, 7/74) "Onu (Quranı sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!" (Qiyamət, 17-19) ayələrinə əsasən, bunu Bəyan və açıqlama vəhyi də adlandırmaq olar. Ayədən göründüyü kimi, Qurana aid olmayan bəzi əlavə izahlar da Cəbrayıl vasitəsilə Peyğəmbərə nazil olmuşdur və bu növ hədislərdə məhz həmin əlavələr nəzərdə tutulur. İddianın isbatı üçün “O, kefi istəyəni danışmır. O (onun sözləri), ancaq nazil olan bir vəhydir” (Nəcm/3-4) ayələrinə də istinad etmək olar.

Bəzi hədislərdə ayəyə edilən əlavə isə təfsir deyil, təvil xarakteri daşıyır. Nümunə üçün, İmam Sadiq Zümər surəsinin 8-ci ayəsini batini məna və təvil olaraq İmam Əli ilə əlaqələndirdikdən sonra deyir: “Ey Əmmar! Bu, ayənin təvilidir”. (Kuleyni, 8/204-205)
1. 1. 4. İmamlarda olan fərqli Quran

Bir çox hədislərdə İmam Əlinin topladığı Quranın indiki Qurandan fərqli olduğu və İmam Mehdi gələndə həmin Quranı aşkara çıxaracağı deyilir. (Kuleyni, 2/633) Əslində burada da anlaşılmaz bir şey yoxdur. Tarix və hədis qaynaqlarından bəllidir ki, Peyğəmbərin vəfatından sonra toplanmış ilk Quran kitabında (İbn Nədim M. Əl-Fihrist, 1/45-46) – yəni İmam Əlinin müshəfində surələr tarixi ardıcıllıqla düzülüb: Ələq, Müddəssir, Qələm, Müzzəmmil, Təbbət, Təkvir və s. (Süyuti. Əl-İtqan, 1/216) Müxtəlif səhabələrin topladığı Quran kitablarında surələrin fərqli düzülüşü də göstərir ki, ayələrdən fərqli olaraq, surələrin düzülüşü Peyğəmbər tərəfindən təyin olunmayıb. Bu baxımdan, İmam Əlinin müshəfindəki əsas fərq onun ayələrinin az-çoxluğunda deyil, yalnız surələrinin düzülüşündədir və yuxarıda dedik ki, bu, Quranı təhrif etmək sayılmır. Bundan əlavə, imamın topladığı Quranda möhkəm və mütəşabih, nasix və mənsux ayələr, habelə bəzi əlavə təfsir və təvillər yer almışdır.


1. 1. 5. Mənəvi təhrif

Quranın təhrifinə dəlalət etdiyi iddia olunan digər hədislər yalnız mənəvi təhrifi nəzərdə tutan rəvayətlərdir. İmam Kazimin Əli ibn Süveydə yazdığı məktubunda keçmiş təhrif və dəyişdirmə ifadələri də məhz məna və təfsirdə təhrifə aiddir. Bu hədisə görə, İmam Kazim belə yazmışdı: “Allahın kitabı bu insanlara əmanət verildi, onlarsa onu təhrif edib dəyişdirdilər”. (Kuleyni, 8/125) Hər bir imam kimi, İmam Kazim də mövcud Quranda İmam Əlinin və Əhli-beytin vilayətinə - rəhbərliyinə işarə vuran ayələrin olduğunu bilirdi. Onun məqsədi bu ayələrin fərqli şəkildə təfsir olunmasıdır ki, bunun başqa bir adı mənəvi təhrifdir.

İmam Baqirin “bütün ayələrimizi yalanladılar” (Yenə orada, 1/207) hədisi də Əhli-beytə aid ayələrin ya bilərəkdən, ya da bilmədən yanlış izah edilməsinə, mənaca təhrif olunmasına etirazdır. “Peyğəmbər (qiyamət günü) “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək” (Furqan/30) ayəsi də oxşar məzmunu ifadə edir. Burada Peyğəmbərin məqsədi Quranı qəbul etməmək, onun yazı və vərəqlərindən uzaqlaşmaq deyil, buyruqlarına əməl etməmək, onunla yaşamamaq olduğu kimi, sözügedən hədislərdə də məqsəd Quranın ayə və surələrini dəyişdirmək deyil, mənasını təhrif etmək və nəticədə, ondan uzaqlaşmaqdır. İmam Baqirin “(Allahın) kitabından üz çevirməyin bir növü belədir ki, hərflərini qoruyub, hədlərini (mənalarını) təhrif edirlər” (Kuleyni, 8/53) hədisi bunu daha aydın göstərir.
1. 1. 6. Quranın üç və ya dörd hissədən ibarət olması

Təhriflə bağlı olduğu iddia edilən bəzi rəvayətlər Quran ayələrini üç və ya dörd hissəyə bölən rəvayətlərdir. Nümunə üçün, əl-Kafidə mövcud olan 3 belə hədisin birini qeyd edirik: Əsbəğ ibn Nübatə deyir ki, Əmirəlmöminindən belə eşitdim: "Quran üç hissədən ibarətdir: biri biz və düşmənlərimiz barədə, biri sünnə və məsəllər, biri isə vacib və digər hökmlərdir". (Kuleyni, 3/627)

Təhrif iddiaçılarına görə, əlimizdəki Quranın üçdə biri Əhli-beyt və onların düşmənləri barədə olmadığı üçün, bu hədisə əsasən, təhrif olunmuş sayılır. Halbuki hər hansı bir şeyi müxtəlif hissələrə bölmək həmin hissələrin bərabər paya malik olması demək deyil. Məsələn, biz bir kitabı müqəddimə, əsas mətn və nəticə hissələrinə bölürüksə, bu o demək deyil ki, müqəddimə də əsas mətn qədər olmalıdır. Hədisdə işlənmiş "süls" (üçdə bir) sözünü məhz hərfi mənada qəbul etsək belə, bu, təxmini və nisbi bir bölgü kimi başa düşülməlidir. Yəni Qurani-kərim ümumi olaraq bu mövzuları ehtiva edir. "Bir hissəsi (yaxud üçdə biri) biz və düşmənlərimiz barədədir" sözünün də təhrifə əsla dəxli yoxdur. Burada "biz" deyəndə həm də bütün peyğəmbərlərin nəzərdə tutulması mümkündür. Və bilirik ki, bu haqda ayələr yetərincədir.

Xatırladaq ki, qeyri-şiə mənbələrində Peyğəmbərdən də bu növ hədislər nəql olunmuşdur. Belə ki, o həzrət buyurub: “Quranın dörddə biri yalnız biz Əhli-beyt haqda, dörddə biri düşmənlərimiz, dörddə biri halal və haram, dörddə biri də fərz və hökmlər barədədir”. (İbn əl-Məğazili Ə. “Mənaqib Əli”, 394, h: 375)


1. 1. 7. Qiraət fərqləri

Əsassız olaraq, təhrif kimi qələmə verilən digər hədislər qiraət fərqlərinə aiddir. Nümunə olaraq, Kafidə qeyd olunmuş bir hədisə nəzər salaq: Əbu Bəsir deyir ki, mən İmam Sadiqə bu ayəni oxudum: “Bu, sizin əleyhinizə haqqı deyən kitabımızdır”. (Casiyə/29) O dedi ki, kitab danışmaz, Allahın rəsulu kitabla (kitabda yazılanlardan) danışar. Bu ayə təhrif olunub və əslində, Allah-Taala belə buyurub: “Bu, sizin əleyhinizə həqiqət danışılan kitabımızdır”. (Kuleyni, 8/50) Əvvəla, bu hədisin saxtalığı uzaqdan bəllidir. Bu ayələrdə söhbət Qurandan getmir ki, Allahın rəsulu onda yazılanlardan danışsın. Burada söhbət qiyamətdən və orada insana verilən əməl kitabından gedir. Lakin hədisin səhihliyini fərz etsək belə, Qurandakı qiraət fərqlərinə aiddir və təhrif dedikdə məhz bu nəzərdə tutulur. Çünki bu hədisdə “yəntiqu” sözünün “yuntəqu” kimi oxunması vacib sayılır ki, yalnız qiraətə - oxunuşa aid olduğu şübhə doğurmur.

Yaxud Osman əl-Xəmisin təhrif saydığı başqa bir hədisə baxaq: Rəvayətçi deyir ki, bir nəfər İmam Sadiqin yanında Quran oxuyurdu. Mən onun qiraətində camaatın oxuduqlarından fərqli hərflər eşidirdim. İmam ona dedi ki, bu qiraəti boşla, Qaim (İmam Mehdi) qiyam edənə qədər camaatın oxuduğu kimi oxu. O, qiyam edəndə isə Allah-Taalanın kitabını olduğu kimi oxuyacaq və Əlinin topladığı müshəfi aşkara çıxaracaq. (Kuleyni, 2/633) Rəvayətçinin “fərqli hərflər eşidirdim” ifadəsindən bəlli olur ki, həmin adam Quranı başqa ləhcədə oxuyurmuş. Qiraət elmindən xəbəri olanlar əsasən bədəvi ərəb qəbilələrinin Quranı müxtəlif ləhcələrdə oxumalarını bilirlər. Göründüyü kimi, burada imam onun qiraətini təsdiqləmir, hamı kimi oxumasını tapşırır, “Qaim qiyam edəndən sonra belə oxuyarsan” da demir. Sadəcə olaraq, bildirir ki, İmam Mehdi həzrət Əlinin topladığı, surələri nazilolma ardıcıllığı ilə tərtib olunmuş, bəzi təfsirləri və digər açıqlamaları olan Quran kitabını aşkara çıxaracaq və onu ən düzgün qiraətlə oxuyacaq. Hədisin doğru olduğu təqdirdə, burada imamın ozamankı məşhur qiraəti tam düzgün saymadığı bəlli olur ki, bu da bir qiraət məsələsi olaraq, təhriflə bağlı deyil.

Qiraət fərqlərinə dair rəvayətlər qeyri-şiə mənbələrində də kifayət qədərdir. İbn Əbu Davudun 7 təriqlə nəql etdiyi rəvayətə görə, Xəlifə Ömər Ali-İmran surəsinin 2-ci ayəsinin “qəyyum” sözünü “qəyyam” kimi oxuyurmuş. (İbn Əbu Davud, 161-163) Başqa rəvayətlərə görə, Übəy ibn Kəb öz müshəfində Bəqərə surəsinin 226-cı ayəsinin “yulunə” sözünü “yuqsimunə”, 158-ci ayəsinin “yəttəvvəfə” sözünü “yətufə” kimi yazıbmış. (Yenə orada, 165) Başqa bir rəvayətə görə, Xanım Aişə Muminun surəsinin 60-cı ayəsinin “yutunə mə ə`təu” hissəsinin Peyğəmbər tərəfindən “yətunə mə ətəu” şəklində oxunduğunu bildirib, sonradan təhrif edilərək mövcud şəklə salındığını deyirmiş. (Əhməd ibn Hənbəl. Əl-Müsnəd, 41/185, h: 24641) Lakin qeyd etdiyimiz kimi, bütün bunlar təhriflə deyil, qiraət fərqləri ilə bağlı nümunələrdir.

Qiraət fərqləri haqda danışarkən bir məsələni də qeyd etmək vacibdir: Texnikanın bu qədər inkişaf etdiyi bugünkü gündə də kitablarda hərf səhvləri görünürsə, təbii ki, onların ən ibtidai üsulla köçürüldüyü dövrlərdə daha çox və daha kobud səhvlər baş verə bilər. Bəzi hədislərdə qeyd olunan ayələrin yazılışındakı belə fərqlər zamanı bunu da nəzərə almaq lazımdır.
1. 1. 8. Nüsxə yanlışı

Təhrif iddiaçılarının əl-Kafiyə qarşı ən çox istinad etdikləri hədis “Quranın fəziləti” kitabının “Nadir hədislər” babının sonuncu – 28-ci hədisidir. Bu hədisdə İmam Sadiq buyurur: “Cəbrayılın Məhəmmədə (s) gətirdiyi Quran on yeddi min ayədən ibarətdir”. (Kuleyni, 2/634) Halbuki əlimizdə olan Quranın ayələri bu rəqəmin üçdə birindən bir qədər artıqdır.

Bu hədis bizə Əhli-sünnə mənbələrində olan bir rəvayəti xatırladır. Xəlifə Ömərdən nəql olunan rəvayətdə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir. Bu baxımdan, bəziləri bu iki rəvayəti eyni şəkildə həll etmək istəmişlər: əgər hər iki rəvayət səhih olsa, deməli, Xəlifə Ömər kimi İmam Sadiq də nəsx olunduğuna görə Quranda yazılmayan ayələri nəzərdə tutmuşdur.

Həqiqət isə başqadır. Əslində, İmam Sadiq bu hədisdə Quranın on yeddi min deyil, yeddi min ayədən ibarət olduğunu buyurmuş, “on” sözü isə rəvayətçi və ya nüsxə köçürənlərin səhvi ucbatından hədisə daxil edilmişdir. Buna dəlil Feyz Kaşaninin əl-Kafiyə şərh olaraq yazdığı əl-Vafi əsəridir. Feyz heç bir tərəddüd və şübhə etmədən uyğun hədisi “yeddi min” kimi qeyd və sonra şərh etmiş, (Feyz Kaşani M. Əl-Vafi, 9/1780-1781) təfsir kitabında da bunu bir daha vurğulamışdır. (Feyz Kaşani M. “Təfsir əs-safi”, 1/54) Buna əsasən, onda olan əl-Kafi nüsxəsində hədisdə “on” sözünün olmadığı ortaya çıxır. Feyz Kaşaninin təhrif düşüncəsini çəkinmədən və açıq şəkildə Kuleyniyə aid etdiyini (Feyz Kaşani, “Təfsir əs-safi”, 1/52) nəzərə alsaq, burada onun bilərəkdən hədisi dəyişdirmə ehtimalı da sıfra enir. Xatırladaq ki, Feyz Kaşani əl-Kafinin ən qədim şərhçilərindəndir və alimlər əl-Kafinin onda olan nüsxəsini daha etibarlı saymışlar. Əllamə Şərani bu barədə deyir: “Buradakı “on” sözü heç şübhəsiz, bəzi nüsxə köçürənlər və ya rəvayətçilər tərəfindən artırılmışdır”. (Mazandarani, 11/76) Beləliklə, bu rəvayətə əsaslanan ittiham qapısı bağlanır və yaranmış şəkk həm sağlam məntiqə, həm də İslam hüququnun “Dər əl-hüdud bi əş-şübuhat” prinsipinə görə, müttəhimin xeyrinə işləyib, onu məsuliyyətdən azad edir.

Xatırladaq ki, məzhəbindən asılı olmayaraq, bəzi qədim əsərlərin mövcud nüsxələrində də belə səhvlər var.

Quranın yeddi min ayədən ibarət olmasına gəlincə isə, yuxarıda qeyd etdik ki, bu, tərtibatla bağlı məsələdir və həcmcə hər hansı dəyişiklik nəzərdə tutulmadığı üçün təhrif hesab olunmur.

Əl-Kafi kitabından Quranın azaldığına dəlil kimi göstərilən hədislər bunlardan ibarətdir və göründüyü kimi, onların biri də uyğun iddiaya əsas vermir. Bəhanəyə qalsa, çox sözdən bəhanə tapmaq olar, lakin İslam məntiqində belə bir şey yoxdur. İslama görə, dəqiq bilmədiyin bir iddianı edə, bilmədiyin məsələ ilə bağlı kimisə günahlandıra bilməzsən; üstəlik, bu məsələ çox ciddi və taleyüklü bir məsələdirsə. Çünki barəsində danışdığımız gözəl kitabımızda belə yazılıb: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz, ürək - bunların hamısı sorğu-sual olunacaqdır”. (İsra/36) Həmçinin oxuyuruq: “Onların buna dair heç bir elmləri (əminlikləri) yoxdur, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqəti çatdıra bilməz!” (Nəcm/28)
1. 2. Digər hədis kitabları

Bir daha vurğulamaq istəyirik ki, rəcm ayəsi kimi qeyri-şiə mənbələrindən keçmiş bir neçə hədisi çıxmaq şərtilə, Şiənin dörd əsas hədis kitabında, həmçinin Nəhcül-bəlağə və Səhifeyi-Səccadiyyədə Quranın təhrifinə - azaldılıb-artırılmasına dair hədis yoxdur. Lakin ikinci-üçüncü dərəcəli kitablarda və ya elmi çəkisi olmayan, əsas Şiə alimlərinin də əhəmiyyət vermədiyi bəzi əsərlərdə belə hədislərin olmasını istisna etmirik. Təbii ki, sayı bir neçə milyona çatmış İslam hədislərinin böyük əksəriyyəti elmi baxımdan etibarsızdır. Həm də bu yalnız Şiə rəvayətlərinə aid deyil. Unutmayaq ki, Buxari öz kitabında qeyd etdiyi təxminən 7 min yarım hədisi 600 min hədisin arasından seçib yazmışdır. Bu baxımdan, həm Şiə, həm Əhli-sünnə rəvayətləri arasında yüz minlərlə zəif və uydurma rəvayət olub və onların böyük qismi müxtəlif kitablarda hələ də qalmaqdadır.

Nəzərə almaq lazımdır ki, əl-Kafidə təhriflə bağlı olduğu iddia edilən 80-dən artıq hədisin heç birinin məsələyə dəxli yoxdursa, 2000 hədisin də çox böyük əksəriyyəti belə gülünc iftiralardan, yumşaq desək, yanlış iddialardandır. Hərçənd bunu anlamayan sələfilər hansı kitabda bu hədislərdən birini görürlərsə, o saat müəllifi təhrif düşüncəsində günahlandırır və təbii ki, ardınca lənətləyir və təkfir edirlər.

Hər halda, biz Şiə alimlərinin rəyi haqda danışarkən bu mövzuya bir də qayıdacağıq, lakin bütün kitablarda yazılmış təhrif hədislərini araşdırıb onların neçəsinin iddiaya uyğun olduğunu söyləmək çətindir. Hələliksə bildiririk ki, məhz təhrifə dəlalət edən və başqa bir açıqlaması olmayan azsaylı rəvayətlərin hamısı zəifdir, hədisləri az qala Qurandan da artıq müqəddəsləşdirən, əməldə isə həqiqətən ondan önə keçirən Əxbari alimlərinin uyğun rəyi Şiə məzhəbinə aid deyil. Həm də xatırladaq ki, sələfilərin mötəbər saydıqları mənbələrdə belə rəvayətlər dəfələrlə çoxluq təşkil edir. Lakin onlar öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtarır, vecsiz uşaqlar kimi ona-buna sataşmaqla ətrafdakıların diqqətini çəkməyə çalışırlar.

Yalnız təhrifə dəlalət edən rəvayətlərin zəif və uydurma olmasını hələ imamların dövründə yaşamış Fəzl ibn Şazanın (vəfatı: 260 h.) əl-İzah kitabı da təsdiqləyir. Təhrifə dair Əhli-sünnə hədislərinə kəskin etirazlarından (Bax: Fəzl ibn Şazan. Əl-İzah, 209-229) bilirik ki, belə Şiə rəvayətləri onun dövründə hələ uydurulmamış, yaxud ğalilərin saxta hədis toplularından kənara çıxmamışdı.

Burada bir mühüm məqam da var: Şiə mənbələrində gəlmiş azsaylı təhrif hədisləri arasında bütöv bir ayə və ya ayələrin Qurandan çıxarıldığını, yaxud ona əlavə olunduğunu göstərən rəvayət yoxdur. Qeyri-şiə mənbələrindən daxil olmuş bir neçə rəvayəti çıxmaq şərtilə bütün belə rəvayətlərdə ən pis halda hansısa ayənin söz və ya sözlərinin çıxarılmasından, yaxud dəyişdirilməsindən söhbət gedir. (Bax: Nəccarzadeqan F. Quranın təhrifdən qorunması haqda sual-cavablar, 25) Vilayət və Nureyn adlı qondarma surələrə gəlincə isə, ilk dəfə 17-ci əsrdə kimliyi, zərdüşt, yoxsa müsəlman sufi olması belə bəlli olmayan hindistanlı müəllifin “Dəbestane məzaheb” kitabında gəlmiş, Nuri də heç bir əsası olmayan bu iddianı uğursuz əsərinə daxil etmişdir.

Digər tərəfdən, qeyri-şiə mənbələrinə aid təhrif hədislərində nəinki bütöv bir ayənin, bəzən hətta yüzlərlə ayənin Qurandan çıxarılmasından, bəzən isə bütöv surələrin əlavə edilməsindən söhbət gedir. Bir azdan bu haqda danışacağıq.

Yenə vurğulamaq istəyirik ki, əvvəlcə guya Əhli-beyti sevən bəzi Əxbari alimləri Şiə etiqadlarını Quranın təhrifi ilə bağlamağa cəhd etmiş, sonra isə vəhhabilər bunu böyüdərək Əhli-beyt məzhəbi əleyhinə dəlil-sübut kimi istifadə etməyə çalışmışlar. Həmin Əxbari alimlərindən biri Quranın təhrifinə dair bədnam kitabın müəllifi olan Mühəddis Hüseyn Nuri Təbrisidir.


1. 3. Mühəddis Nuri və onun kitabı

Şiənin Əxbari qolunun ifratçı nümayəndələrindən olmuş Hüseyn Nuri Təbrisi «Fəsl əl-xitab fi təhrif kitabi-Rəbb əl-ərbab» adlı kitab yazaraq Qurani-kərimin Peyğəmbərdən sonra təhrifə məruz qaldığını, onun bəzi hissələrinin çıxarıldığını iddia etmişdir. Biz müxtəlif məsələlər haqda danışarkən Nurinin fikirlərinə toxunacağıq. Lakin əl-Kafinin sözügedən hədisləri də daxil olmaqla, onun istinad etdiyi rəvayətlərin böyük əksəriyyətinin təhriflə əlaqəsi yoxdur, gətirdiyi bəzi əsassız dəlilləri görəndə isə Əllamə Şəraninin dediyi kimi, “adam bilmir ki, ona nə desin”.

Bəzi vəhhabilər bilmir, ya da bilərəkdən deyirlər ki, Nuri bədnam kitabını məhz Şiə hədislərinə istinadla yazmışdır. Ehsan İlahi Zəhir özünün “Şiə və Quran” kitabında Nurinin əsas dəlilləri olan Əhli-sünnə rəvayətlərini görməzdən gələrək yalnız Şiə rəvayətlərini qeyd etmişdir. Halbuki onun ayrı-ayrı fəsillərdə təqdim etdiyi 12 dəlilinin azı 6-7-i Əhli-sünnə rəvayətlərinə, yalnız 2-i Şiə rəvayətlərinə, qalanı isə müştərək rəvayətlərə əsaslanır. Bunu uyğun dəlillərə qısa nəzərdən də anlamaq olar:

Birinci dəlil: Keçmiş ümmətlərin Tövrat və İncil kitabları təhrif olunduğu üçün bu ümmətin Quran kitabının da təhrif olunmasının labüdlüyü;

İkinci dəlil: Quranın kitab halına salındığı zaman baş verənlərin normalda təhriflə nəticələnməsi;

Üçüncü dəlil: Oxunuşun (tilavətin) nəsxinin rəddi və bunun təhrif olması;

Dördüncü dəlil: İmam Əlidə mövcud Quranla fərqlənən Quran kitabının olması;

Beşinci dəlil: Abdullah ibn Məsudun mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;

Altıncı dəlil: Übəy ibn Kəbin mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;

Yeddinci dəlil: Osman ibn Əffan ikinci dəfə Quranı toplayanda bəzi söz və ayələri düşürməsi;

Səkkizinci dəlil: Qeyri-şiələrin rəvayətlərindən əlavə, Quranın azalmasına dəlalət edən Şiə rəvayətlərinin də çoxluğu;

Doqquzuncu dəlil: Keçmiş müqəddəs kitablarda vəsi və canişinlərin adlarının qeyd olunduğuna görə, onların Quranda da qeyd olunmasının vacibliyi;

Onuncu dəlil: Quranın hərf və sözlərinə dair qiraətçilərin fikir ayrılığı;

On birinci dəlil: Quranda ümumi şəkildə azalmaya dəlalət hədislərin çoxluğu;

On ikinci dəlil: Quranda konkret yerlərdə azalmaya dəlalət hədislərin çoxluğu və bəzi şübhələrə cavablar.

Bu baxımdan, iddia edə bilərik ki, Nuri şiə olsa da, onun Quranın təhrifinə dair əsaslandığı əksər dəlillər qeyri-şiə mənbələrində yer almış rəvayət və ya tarixi materiallardır. Onun bu əməlini Əllamə Əsgəri daha dəqiq xarakterizə etmişdir: “Şeyx Nuri ən etibarlı Əhli-sünnə kitablarına əsaslanmış və bu yarışmada Əhli-beyt məktəbinin Xəlifələr məktəbindən geri qalmamasını istəmişdir. Lakin Əhli-beyt məktəbində oxşar dəlillər tapa bilmədiyinə görə sapqın ğalilərin rəvayətlərini, sənədsiz dualardan cümlələr, Xəlifələr məktəbindən keçmiş hədislər və müəllifləri tanınmayan kitablardan rəvayətlər toplayaraq Əhli-beyt məktəbinə aid etmişdir”. (Əsgəri M. “Əl-Quran əl-kərim və rivayat əl-mədrəsəteyn”, c. 3, fəsil: 1)


Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə