Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Təhrifdən ağır iddia: Qəraniq



Yüklə 497,65 Kb.
səhifə4/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8

1. 7. Təhrifdən ağır iddia: Qəraniq (durnalar) əfsanəsi

İndi isə Əhli-beyt məzhəbini gözdən salmaq üçün yerli-yersiz hər bir fürsətdən istifadə etməyə, özlərini Quran keşikçisi kimi göstərməyə çalışan sələfilərə öz kitablarında qeyd olunan Qəraniq (durnalar) əfsanəsini xatırlatmaq istəyirik. Qurana, vəhyə və Allah rəsuluna hörmətsizlik sayılan, bütün Quranı sual altına salan bu iftiranın məzmunu belədir:

Peyğəmbər bir gün Qüreyş müşrikləri ilə oturmuşdu, Allahdan müşrikləri uzaqlaşdıracaq bir ayənin nazil olmamasını arzulayırdı. Bu zaman Nəcm surəsi nazil oldu. “Lat və Üzzanı gördünüzmü?! Digər üçüncü (büt) olan Mənatı da həmçinin?!” (Nəcm/19-20) ayələrindən sonra Şeytan Peyğəmbərə iki cümlə təlqin etdi və o da oxudu: “Onlar uca durnalardır. Onların şəfaət edəcəyinə ümid var”. Sonra surənin davamını oxudu, axırda o və ordakıların hamısı səcdə etdilər. Vəlid ibn Müğirə isə qoca olub səcdəyə gedə bilmədiyindən yerdən torpaq götürüb alnına qoydu. Hamı, o cümlədən müşriklər Peyğəmbərin bu sözlərindən razı qaldılar. Axşam Cəbrayıl Peyğəmbərin yanına gələndə surəni ona oxudu və sözügedən iki ayəyə çatanda Cəbrayıl dedi ki, bunları mən gətirməmişəm. (Təbəri. Təfsir, 18/663; Təbəri. Tarix, 2/338-339; İbn Səd M. “Ət-Təbəqat əl-kubra”, 1/160-161)

Buxari sözügedən iki cümləyə toxunmadan çox qısa şəkildə belə bir hadisə qeyd edir: “Peyğəmbər Nəcm surəsini oxuyandan sonra hamı bir nəfər kimi səcdəyə getdi. Yalnız bir kişi yerdən bir ovuc daş və ya torpaq götürüb üzünə sarı qaldırdı və dedi ki, bu mənə bəsdir. Abdullah (ibn Məsud) deyir ki, sonralar həmin kişinin kafir halda öldürüldüyünü gördüm”. (Buxari. Əs-Səhih, 2/40-41, h: 1067, 1071)

Şiə alimləri və Əhli-sünnə alimlərindən İbn Həzm, Nəvəvi, Fəxr Razi və digərləri qeyri-şiə mənbələrində gəlmiş bu hədisi uydurma hesab edirlər. Onun düzgünlüyünü fərz edən bəzi təfsirçilər də Şeytanın Peyğəmbəri bu şəkildə çaşdırmasını və Peyğəmbərin bilmədən Şeytanın sözlərini təkrarlamasını rədd edirlər. Onların bəzisi deyir ki, Şeytan bu sözləri müşriklərin qulağına çatdırdı, bəzisi deyir ki, yerdəki müşrik və ya münafiqlərdən kimsə bu sözləri söylədi və oradakılar Peyğəmbərin dediyini zənn etdilər. Sələfizmin banisi İbn Teymiyyə isə həm hadisənin doğruluğunu, həm də Peyğəmbərin Şeytanın sözlərini təkrarladığını təsdiqləyib (İbn Teymiyyə Ə. “Minhac əs-sünnə”, 1/471) sələflərinin də bu fikirdə olduğunu bildirir. (İbn Teymiyyə. “Məcmu əl-fətava”, 10/291-292) Belə çıxır ki, Cəbrayıl vəhyi çatdırdığı zaman Şeytan müdaxilə edib öz fikirlərini təlqin etmiş və Peyğəmbər də bunun fərqində olmayaraq Şeytanın sözlərini vəhy kimi camaata çatdırmışdır. Bu isə bütün əqli və nəqli dəlillərdən əvvəl, elə həmin surənin əvvəlində yer almış iki ayə ilə ziddiyyət təşkil edir: “O, kefi istəyəni danışmır. O (onun sözləri), ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Nəcm/3-4)

İbn Teymiyyə Həcc surəsinin 52-ci ayəsinə istinadla yazır ki, bu, mümkündür və baş verdikdə Allah Şeytanın sözlərini ifşa edər. (İbn Teymiyyə. “Məcmu əl-fətava”, 10/291-292) Lakin Şeytanın müdaxiləsini məqbul saydıqdan sonra haradan bəlli olar ki, bu ayənin özü onun sözü deyil?! Bu baxımdan, məsələdə ən düzgün yol heç bir əsası olmayan Qəraniq əfsanəsini kökündən rədd etməkdir ki, İbn Teymiyyə bunu etməyib.

Yeri gəlmişkən deyək ki, Salman Rüşdi bədnam Şeytan ayələri romanını məhz bu rəvayət əsasında qələmə alıb, Allahın kitabını təhqir etmişdi.
Yekun söz

Yuxarıda deyilənlərdən bəlli oldu ki, Şiə kitablarında Quranın təhrifinə dair 2000 və ya 1000 hədisin olduğu barədə iddia yalan, üstəlik, belə hədislərin səhih olması isə ağ yalandır. İstinad olunan rəvayətlərin çox böyük əksəriyyəti mövzudan xaricdir və qeyri-şiə mənbələrində də yetərincə olan bu rəvayətlər əlavə təfsirlərin çıxarılmasına, qiraət fərqlərinə, mənəvi və ya tərtibatda təhrifə aiddir. Məhz təhrifə dəlalət edən və müvafiq açıqlaması olmayan azsaylı rəvayətlərə gəldikdə isə, qeyri-şiə mənbələrində belə rəvayətlər dəfələrlə çoxluq təşkil edir. Qurana zidd olduğu üçün bu rəvayətlərin hamısı əsassız sayılır və rədd edilir. Bu baxımdan, şiələr sözügedən rəvayətləri çox düzgün və məntiqi şəkildə həll etmiş sayılırlar. Lakin sələfilərin öz uyğun rəvayətlərini heç bir dəlilə əsaslanmayan “Oxunuşun nəsxi” adlı bir fərziyyə ilə həll etmə cəhdləri uğursuz, bəzi nümunələrdə isə hətta imkansız olmuşdur.



İkİncİ fəsİl: şeyx Səduqdan öncəkİ İmam və alİmlərİn rəyİ
Başqa bir böhtan budur ki, Şeyx Səduq hicri 368–ci ildə əl-Etiqadat kitabını yazana qədər nə bir Əhli-beyt imamı, nə də bir Şiə alimi Quranın təhrif olunmadığını deməyib. Şeyx Səduq da hamının buna görə şiələri məzəmmət etdiyini görüb bu ittihamı rədd edir və yalana əl ataraq deyir ki, kim təhrifə inanmaq fikrini bizə aid etsə, yalançıdır.

Burada Şeyx Səduqu öz arşınları ilə ölçən vəhhabilərdən soruşmaq lazımdır ki, siz hansı dəlilə əsaslanaraq bu iddiaları edirsiniz? Nəyə əsasən deyirsiniz ki, ondan öncə bütün Şiə alimləri Quranın təhrif olunduğunu düşünürdü, Şeyx Səduq da firqəsini vəziyyətdən çıxarmaq üçün bu yalana əl atdı? Bu sual əvvəl-axır onlardan soruşulacaq və o zaman Allah bəndələrinə iftira atanların səsi cəhənnəmin ortasından gələcək.

Əslində, güman ki, Şeyx Səduq bu ittihamla tanış olmuş, Əhli-beytin, həmçinin özünün və digər Şiə alimlərinin bu fikirdə olmadığını əsas götürərək onu rədd etmişdir: “Kim Quranın bundan çox olması fikrini bizə aid etsə, yalançıdır”. (Səduq M. Əl-Etiqadat, 84) Şeyx Səduq bu barədə nə müstəqil kitab yazmış, nə də geniş söhbət açmışdır, sadəcə olaraq, imla şəklində dediyi və digərlərinin yazdığı “Şiə etiqadları” kitabında Quranın təhrif edilməməsi fikrinə qısa işarə vurmuşdur. Bunun özü göstərir ki, sözügedən ittiham onun dövründə də ciddi olmamışdır və vəhhabilərin uydurma təhlillərinə heç bir əsas yoxdur. Üstəlik, tarixi faktlar da bu “kəşf”in qərəzli olduğunu sübut edir. Belə ki, Səduq şiə ailəsi olan Ali-Buyənin hakimiyyəti dövründə yaşayıb, əmirlərin şəxsi himayəsində olub, bu kitabı isə sülalənin ən qüdrətli hökmdarı Əmir Əzüd əd-dövlənin vaxtında yazıb. Əgər o, Quranın təhrif olunduğunu düşünsəydi, bunu gizlətməz, bundan ötrü yalan danışmaz və siyasi imkanlardan istifadə edib hər yerdə fikrini əsaslandırar, müxaliflərə isbat edərdi. Göründüyü kimi, hər hansı təhlükə olmadığı üçün təqiyyəyə də əsas yoxdur.
2. 1. Əhli-beyt imamları

Əhli-beyt imamlarının Quranın təhrif olunmadığı haqda fikirlərinə gəlincə isə, İmam Əli və İmam Həsənin 5 ildən artıq sürən xilafətlərindən başlaya bilərik. Allah-Taalanın bu qədər təkidlə nazil etdiyi, dönə-dönə tapşırdığı kitabının təhrifi kiçik məsələdir ki, onlar çıxarılmış ayələrin bərpasına heç bir cəhd etməsinlər?! Əgər Əhli-beyt Quranın təhrif olunduğunu düşünsəydi, ən azı xilafətləri zamanı bunu bildirər və müsəlmanları əsl Quranla tanış edərdilər. Halbuki belə bir hal baş verməyib, onlar da bu gün əlimizdə Quran ayələrini oxumuş, həmin ayələrlə hökm çıxarmışlar. Xəlifə olmuş bu iki imam Quranın sözlərinin yox, məna və məğzinin təhrif olunduğunu, cəmiyyətin Quran yolundan uzaq düşdüyünü düşünür və imkanlarını ümmətin kəmiyyət deyil, keyfiyyət artımına sərf edirdilər. Allahın rəsulu bu haqda İmam Əliyə işarə edərək buyurmuşdur: “Mən Quranın tənzili (nazil olması) üçün vuruşduğum kimi, sizin aranızdan biri də onun təvili üçün vuruşacaq”. (Əhməd, 17/360, 391; 18/296; Albani M. “Silsilə əhadis əs-səhihə”, 5/639-640)

Mötəbər kitablarda İmam Əlinin, ona yaxın səhabələrin və digər Əhli-beyt imamlarının ilk xəlifələr haqda bəzi tənqidləri yer almışdır. Lakin onların arasında Quranın təhrifinə dair etiraz gözə dəymir. Halbuki bunun əhəmiyyəti nəinki digər məsələlərdən, heç xilafətdən də az deyil. Digər tərəfdən, bəzi saxta hədisləri çıxmaq şərtilə, onlar heç bir yerdə Əhli-beytin xeyrinə, yaxud səhabələrin əleyhinə hansısa bir cümləyə istinad edib onun təhrif olunmuş ayələrdən olduğunu söyləməmişlər.

İmam Əli Quranın mötəbərliyinə və kənar müdaxilələrdən qorunmasına işarə vuraraq buyurur: “Sizin aranızda olan Allah kitabı dili yorulmaq bilməyən natiq, dirəkləri xarab olmayan bir evdir”. (Nəhcül-bəlağə, xütbə: 133)

İmam Baqir Səd əl-Xeyrə yazdığı məktubunda müsəlmanların Quranın ayələrini diqqətlə qoruduqlarını, amma mənasını təhrif etdiklərini açıq-aşkar bildirirdi: “(Allahın) kitabından üz çevirməyin bir növü belədir ki, hərflərini qoruyub, hədlərini (mənalarını) təhrif edirlər. Rəvayət edirlər, lakin riayət (və əməl) etmirlər. Cahillər onun rəvayətinin qorunduğuna sevinir, alimlər isə ona əməl olunmadığına görə kədərlənirlər”. (Kuleyni, 8/53)

İmam Baqir Quranın müxtəlif həcmlərdə deyil, eyni olduğunu bildirərək buyurur: “Quran birdir, Bir olan tərəfindən bir nəfərə nazil olub. Fərqlər isə yalnız rəvayətçilərə görədir”. (Kuleyni, 2/630) Eyni hədisi Şeyx Səduq İmam Sadiqdən nəql etmişdir. (Səduq. Əl-Etiqadat, 86) Bu və eyni məzmunlu digər hədislər göstərir ki, Quran təhrifə uğramayıb, fərqlər isə yalnız rəvayətçilərə - onu fərqli qiraət edənlərə görədir.

Məlum olduğu kimi, Quranın təhrif edildiyini düşünənlər imamların, xüsusən də İmam Əlinin adının çıxarıldığını iddia edirlər. İmam Sadiq isə Quranda heç bir imamın adının olmadığını açıq-aşkar bildirir və bu yanlış düşüncəni kökündən rədd edir. Ondan “Əlinin və Əhli-beytin adları nə üçün Quranda qeyd olunmayıb?” – deyə soruşanda cavab verir ki, Allah namaz haqda ayə göndərib, amma onun üç, yoxsa dörd rəkət olduğunu deməyib. Bunu Allahın rəsulu təfsir edib. “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsində Əlinin və Əhli-beytin nəzərdə tutulduğunu da Peyğəmbər söyləyib. (Kuleyni, 1/286-287)

Şeyx Müfidin İmam Baqirdən nəql etdiyi bir hədisdə də belə deyilir: “(Mehdi) qiyam edəndə Quranı Allahın nazil etdiyi kimi tədris edənlər üçün çadırlar quracaq. Əlimizdəki Quran tərtib (düzülüş) baxımından fərqli olduğu üçün əzbərləməsi çətindir”. (Müfid M. Əl-İrşad, 2/386) Göründüyü kimi, bu hədis də Quranın təhrif olunmadığını və yalnız tərtib baxımından nazilolma ardıcıllığı ilə toplanmadığını göstərir. Bu isə hamının bildiyi və qəbul etdiyi məsələdir.

Əhli-beyt imamlarının Quranın təhrif olunmadığı haqda sözlərindən bir qismi hədislərin Quranla ölçülməsi, dəyərləndirilməsi barədə buyruqlarıdır. (Bax: Hürr Amili. “Vəsail əş-Şiə”, 27/109-124) Müxtəlif Şiə mənbələrində yer alan çoxsaylı belə hədislərin birində İmam Sadiq buyurur: “Qurana müvafiq olmayan hər bir hədis cəfəngiyatdır”. (Kuleyni, 1/69) Bu söz hədisləri Quranla deyil, Quranı hədislərlə ölçən və beləliklə də bəzən təhrif fikrilə nəticələnən Əxbari düşüncəsi ilə daban-dabana ziddir. Bu qədər böyük sözü söyləməkdən ötrü ilk öncə Quranın təhrif olunmadığını, toxunulmaz və dəyişməz meyar olduğunu qəbul etmək lazımdır ki, heç şübhəsiz, imamlar bunu qəbul etmişlər.

Başqa bir hədis onuncu imam həzrət Hadidəndir. Onun sözlərini olduğu kimi tərcümə edirik: “Ümmətin hamısı yekdilliklə Quranın haqq olmasına dair icma etmişlər. Bütün firqələrə görə, onda heç bir şübhə yoxdur... Onların arasında Quranın tənzil və təsdiqi barədə fikir ayrılığı mövcud deyil”. (İbn Şöbə Hərrani H. “Tuhəf əl-uqul”, 458)

Əhli-beyt imamlarının Quranın təhrif olunmadığını bildirən sözləri çox, onların hamısını qeyd etmək imkansızdır. Həm də nəzərə almaq lazımdır ki, o zaman Quranın söz təhrifi deyil, məna təhrifi və şəxsi rəyə əsaslanan təfsiri daha aktual olub. Bu baxımdan, bu növ təhrif və təfsirləri qadağan edən hədislərin daha çox olması da təbiidir. Nümunə üçün, İmam Sadiq buyurub: “Quranı öz rəyinə uyğun təfsir edənin təfsiri təsadüfən düz çıxsa belə, ona savab verilməz”. (Əyyaşi M. Təfsir, 1/27) O dövrün təfəkkür tarixini araşdırdıqda və müsəlmanları düşündürən məsələlərlə tanış olduqda bu nəticəyə gəlirik ki, o zaman əsas problem Quran ayələrinin yanlış izahı və mənəvi təhrifi olmuşdur və imamlar da əsasən bu məqam üzərində dayanmışlar.

Bununla yanaşı, biz yuxarıda Əhli-beyt imamlarının uyğun sözlərindən nümunələr qeyd etdik. Görəsən sələfilər öz sələflərindən nə qədər belə nümunə gətirə bilərlər? Məsələn, Quranın dəyişdirilmədiyinə dair Xəlifə Əbu Bəkr, Ömər və ya Osmandan bir səhih sitat gətirə bilərlərmi?! Halbuki bunun əksinə nümunə var: ikinci xəlifə ömrünün sonlarında da rəcm ayəsinin Qurandan çıxarıldığına təəssüf edir, Peyğəmbərin sağlığında bu ayənin oxunduğunu bildirir və onu yenidən Qurana daxil etmək istəyini ifadə edirmiş. Yaxud sələfilərin sevimli şahları olan Müaviyə və Yezid harada Quranın təhrifə məruz qalmadığını, Allah tərəfindən nazil olduğu kimi bizə çatdığını bildirmişlər? Biz Əhli-beyt imamlarına irad bildirərək onların Quranın təhrif edilmədiyinə dair bir söz demədiklərini iddia edən sələfilərə cavab verdik. Əhli-beyt imamlarının dedikləri isə Peyğəmbərin öyrətdikləri və ondan irs aldıqlarıdır. İndi isə sələfilər öz kitablarından Quranın dəyişdirilməyəcəyinə dair Peyğəmbərdən və məzhəb imamlarından səhih rəvayətlər söyləsinlər.


2. 2. Şiə alimləri

Əhli-beyt imamlarından əlavə, onların səhabələri, yəni Şiə alimləri də Quranın təhrif olunmadığını bildirmişlər. Lakin qədim kitabların əksəri bizə çatmadığından, yaxud olduğu kimi çatmadığından onlara qəti istinad etmək olmur. Hər halda, dörd imamın səhabəsi olmuş Fəzl ibn Şazanın əl-İzah kitabında bu haqda geniş söhbət açılmışdır. O, Quranın təhrifinə dair səhabələrə aid edilən Əhli-sünnə rəvayətlərini – biz onların bəzisini yuxarıda qeyd etdik – tənqid edir, bunu səhabələrə böhtan və Allaha qarşı cəsarət adlandıraraq Quranın təhrif olunmadığını söyləyir, ayələrin mütəvatir şəkildə deyil, iki səhabənin təsdiqi ilə Qurana salınmasına dair rəvayətlərə etirazını bildirirdi. (Fəzl ibn Şazan, 209-229) Təəssüf ki, Mühəddis Nuri onu düzgün anlamamış və Əhli-sünnə mənbələrindən gətirdiyi dəlilləri qəbul etdiyini sanaraq Quranın təhrifinə inandığını bildirmişdir.

Burada Osman əl-Xəmisin Əhli-beyt imamlarına tutduğu bir irada qısa cavab vermək istəyirik. Əl-Xəmis deyir ki, nə üçün sizin imamlarınız Quran qiraətini rəvayət etməmişlər. Əvvəla, suala sualla cavab vermək olar: digər dörd məzhəb imamının hansı biri Quranı rəvayət etmişdir? O zaman bununla məşğul olan qiraətçilər vardı və biz yuxarıda dedik ki, mövcud qiraət İmam Əliyə çatan bir Şiə qiraətidir. İkincisi, məgər qiraət etsəydilər, nə dəyişəcəkdi?! Qəbul edəcəkdilərmi onların qiraətini? İmam Əli Quranı toplamasaydı, deyəcəkdilər ki, nə üçün bu qədər mühüm işi görməyib? Məhz bunun əhəmiyyətinə görə Peyğəmbərin vəfatından sonra imam tez bir zamanda Quranı kitab şəklində topladı, amma qəbul olunmadı. Üstəlik, bu gün bəzi nadanlar onun topladığı Quranın bəzi tərtibat fərqlərini anlamayıb təhrif nəğmələri oxuyurlar. İmamların fərqli qiraətləri olsaydı, eyni vəziyyət yaranmayacaqdımı?! Məgər Əhli-beyt məzhəbinə qarşı bəzi təhrif iddiaları elə qiraət fərqlərinə görə deyilmi?!

ÜÇÜNCÜ FƏSİL: fərqlİ Quran İttİhamı

Sələfizmin banisi İbn Teymiyyə (1263-1328) əsrlər öncə yazırdı ki, yəhudilər Tövratı təhrif etdikləri kimi, şiələr də Quranı təhrif etmişlər. (İbn Teymiyyə. “Minhac əs-sünnə”, 1/25.) Vəhhabi sələfiliyinin banisi Məhəmməd ibn Əbdülvəhhab (1703-1792) isə yazırdı ki, deyilənə görə, bugünkü şiələr Quranın sonuna Nureyn və Vilayət adlı iki surə əlavə ediblər. (Məhəmməd ibn Əbdülvəhhab, 1/14) Bu iddiaların həqiqətdən uzaq olması bu gün heç kimə sirr deyil. Nə indi, nə də tarixin hər hansı dönəmində şiələrin fərqli Quranı olmayıb və bunu təsdiq edəcək heç bir fakt yoxdur. Sayı 400 milyonu ötmüş şiənin birində də fərqli Quran yoxdur. Belə mühüm məsələlərdə qeyri-dəqiq məlumatlara, hansısa deyilənlərə güvənib nə qədər müsəlmanın günahına girmək, digər tərəfdən də, Quranı təhrif edənə təkfir hökmü çıxarmaq İslama, insafa, həqiqətə, ədalətə nə qədər uyğundur? Bunu oxucunun öhdəsinə buraxırıq.

Ən acınacaqlısı budur ki, rabitə və informasiya mübadiləsinin bu qədər inkişaf etdiyi, sürətləndiyi bugünkü dövrdə də eyni ittihamı səsləndirənlər var. Bunu xəstə xislətli insanların İslama və ümmətə xəyanəti adlandıran müasir əhli-sünnə alimi Şeyx Məhəmməd Qəzzali yazır: “Belələrinin biri bir elmi toplantıda dedi ki, şiələrdə məşhur Quranımıza nisbətən bəzi artıq-əskikliyi olan başqa bir Quran vardır. Mən ondan soruşdum ki, bu Quran haradadır? Üç qitəyə uzanmış İslam dünyasında 14 əsrdir əvvəli, sonu, surə, ayə və sözləri bəlli olan bir Qurandan başqası görünməyib. Bəs bu fərqli Quran haradadır? Bu qədər uzun müddət ərzində nə üçün bir cinni-ins onun bir nüsxəsindən də xəbər tutmayıb?” (Qəzzali M. “Difa ən əl-əqidə və əş-şəriə”, 216)

Dördüncü fəsİl: şİə alİmlərİnİn Quranın təhrİfİ barədə fİkİrlərİ
Bəzi iddia və iftiralara görə, əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləmişlər. Hətta bir qədər də irəli gedərək Şiə alimlərinin bu haqda icma etdiklərini, yekdil rəyə malik olduqlarını iddia edənlər də tapılır.

Təbii ki, bütün, yaxud əksər Şiə alimlərinin uyğun fikirdə olması iddiası ağ yalandan və ya çox kobud səhvdən başqa bir şey deyil. Lakin həm şiə, həm qeyri-şiələrdən bu düşüncədə olub Quranın təhrif edildiyinə – bəzi ayələrin çıxarıldığına inananlar olub.

İslam tarixi boyu yüzlərlə böyük Şiə alimi gəlib-getmiş, ümumilikdə təfsirə və Quran elmlərinə dair şiələr tərəfindən beş mindən çox kitab və risalə yazılmışdır. Təbii ki, burada onların hamısının Quran barədə fikirlərini araşdırmağa lüzum və imkan yoxdur. Biz Şiə tarixini 3 hissəyə bölərək əvvəlcə Əxbariliyə qədərki, sonra Əxbari dövründəki, daha sonra isə Əxbarilikdən sonrakı ən əsas Şiə alimlərinin fikirlərinə nəzər salacağıq:
4. 1. Əxbariliyə qədərki əsas Şiə alimləri

4. 1. 1. Əli ibn İbrahim Qumi (vəfatı: 919)

Əli ibn İbrahim Qumi həqiqətən mötəbər Şiə alimi olub. Lakin məsələ burasındadır ki, bu gün ona aid edilən təfsirin hamısını o yazmayıb, hansı hissələrini yazması da bəlli deyil. Təfsiri ikinci bir adamın qələmə aldığı bəzən aydın gözə çarpır. Bəzi yerlərdə atası İbrahimdən vasitə ilə hədis nəql olunur ki, bu da kitabın onun özü tərəfindən imla üsulu ilə yazıldığını inkar edir. Üstəlik, bəzi rəvayətlər açıq-aşkar Qurana, ağla və Şiə etiqadlarına ziddir ki, bu da Əli ibn İbrahimin şəxsiyyəti ilə heç cür uyğun gəlmir. Eyni zamanda bir çox yerlərdə sapqın Əbülcarudun təfsirində mövcud olan zəif və saxta rəvayətlər qeyd olunmuşdur. Bu gün alim və tədqiqatçılar bu kitabın ona aid edilməsini məqbul saymırlar. Bu baxımdan, bu növ kitablardan sitat gətirib Şiəni ittiham etmək absurddur.

Müəllifə nisbəti şübhə doğuran belə kitablar qeyri-şiələrdə də var. İmam İbn Qüteybəyə (828-889) aid edilən “İmamət və siyasət” kitabı belə nümunələrdəndir. İki ayağını bir başmağa dirəyib “Qumi təfsiri”ndə yazılanların hamısını Əli ibn İbrahim Qumiyə aid edənlər “İmamət və siyasət” kitabında yazılanları da İbn Qüteybəyə aid etməlidirlər. Lakin bu zaman sələfi etiqadından nəsə qalacaqmı? Bax bu, sual altındadır.

Sual oluna bilər ki, müəllifin nə fərqi var; hər halda, bu təfsir bir Şiə aliminə məxsusdur. Cavab olaraq deyirik ki, bu da bəlli deyil. Bu kitabda ğülüvv edən – Peyğəmər və ya imamları ilahiləşdirən çoxlu rəvayətçilərdən uydurma hədislər nəql olunmuşdur. Bu baxımdan, gerçək müəllifin də ğali olması ehtimalı var və ğalilik nəinki Şiəliyə, heç İslama dəxli olmayan azğın bir cərəyandır.


4. 1. 2. Məhəmməd ibn Məsud Əyyaşi (vəfatı: 932)

Əyyaşi təfsirində araşdırma əsasında bəlli olub ki, Nurinin və onun ardınca Ehsan İlahi Zəhirin təhrifə aid etdiyi 90 rəvayətdən yalnız 2-i buna aid ola bilər. (Həddadian Ə. "Əl-Kafi və Əyyaşi təfsiri kitablarında təhrif rəvayətlərinin araşdırılması". Magistr dissertasiyası. Qum universiteti, 2008) 1700-dən artıq rəvayəti olan bir kitabın yalnız 2 zəif rəvayətinə görə isə müəllifi ittiham etmək olmaz; üstəlik, bu 2 rəvayət Qurani-kərimə və digər çoxlu rəvayətlərə ziddirsə. Çünki müəllif kitabının müqəddiməsində rəvayətlərin dəyərləndirilməsində oların Qurana uyğunluğunu meyar saymışdır.

Sözügedən iddiaçılar iddialarına uyğun hədislərin sayını artırmaq üçün bəzən elə rəvayətləri təhriflə bağlamışlar ki, adam təəccübdən donub qalır. Misal üçün, bu təfsirdə deyilir ki, İmam Sadiq Həmd surəsinin üçüncü ayəsini "Məliki yəumid-din" şəklində qiraət edirmiş. (Əyyaşi, 1/22; Nuri, 201; Ehsan İlahi Zəhir, 168) Yaxud başqa bir yerdə deyilir ki, İmam Sadiq Yusif surəsinin 110-cu ayəsinin (کذبوا) sözünü təşdidsiz olaraq "kuzibu" kimi oxuyurmuş. (Əyyaşi, 2/201; Nuri, 244; Ehsan İlahi Zəhir, 242-243) Halbuki əlimizdəki Quranın yazılışı da məhz belədir: “məliki” əlifsiz, "kuzibu" təşdidsiz. Bunların və bunlar kimi digər 8 hədisin təhriflə əlaqəsizliyi gün kimi aydın olduğu üçün Mühəddis Nurinin və sözügedən sələfilərin təfəkkür tərzinə nə ad vermək olar, bilmirik.
4. 1. 3. Şeyx Kuleyni (864-940)

Yuxarıda əl-Kafi kitabının hədislərini araşdırarkən gördük ki, Məhəmməd ibn Yəqub Kuleyninin ittiham olunduğu hədislərin heç biri Quranın təhrifinə dəlalət etmir. Təbii ki, həm Şiə, həm Əhli-sünnə kitablarında açıq-aşkar təhrifə dəlalət edən rəvayətlər vardır, heç şübhəsiz, Kuleyni də onları görmüş, lakin nəinki kitabında yazmamış, hətta təhrifi – Quran ayələrinin artırılıb-azaldılmasını inkar edən çoxlu hədisləri yazmışdır. Bir qədər yuxarıda İmam Sadiqin, uyğun fikri kökündən rədd edən hədisini qeyd etdik. Kuleyninin yazdığına əsasən, İmam Sadiq “Əlinin və Əhli-beytin adları nə üçün Quranda yoxdur?” – deyə soruşana cavab verir ki, Allah namaz haqda ayə göndərib, amma onun üç, yoxsa dörd rəkət olduğunu deməyib, bunu Allahın rəsulu təfsir edib. “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” ayəsində Əlinin və Əhli-beytin nəzərdə tutulduğunu da Peyğəmbər söyləyib. (Kuleyni, 1/286-287.)

Ayətullah Xoi bu hədis barədə deyir: “Bu səhih hədis bütün belə hədislərə hakimdir və onların məqsədini açıqlayır”. (Xoi Ə. “Əl-Bəyan fi təfsir əl-Quran”, 232) Yəni imamlar Quranda adla deyil, işarə və xüsusiyyətlərlə tanıtdırılmışlar.

Lakin əl-Kafidə təhrif hədisləri olsaydı belə, bunu Kuleyninin fikri kimi qələmə vermək düzgün olmazdı. Çünki bu kitabda təhrifi inkar edən hədislər də var. Bunu bir qədər açıqlayaq.

Vəhhabilər deyirlər ki, Kuleyni əl-Kafinin müqəddiməsində yalnız səhih hədisləri topladığını yazmışdır; deməli, hər bir hədisdə mövcud fikir həm də Kuleyninin fikri hesab olunmalıdır. Bu da növbəti savadsızlıqdan, ya da bəhanədən başqa bir çey deyil. Əl-Kafidə kifayət qədər ziddiyyətli hədislər var. Bu zaman onların hansını müəllifin fikri hesab etməliyik?! Təsadüfən, yuxarıda qeyd etdiyimiz hədislər arasında da beləsini gördük. Bir hədisdə deyilir ki, Fatimə müshəfində bir Quran ayəsi belə yoxdur, digər hədisdə isə bir ayənin Fatimə müshəfində filan formada qeyd olunduğu göstərilir. İndi Kuleyninin fikrini necə təyin edə bilərik: Kuleyniyə görə, Fatimə müshəfində Quran ayəsi varmı, yoxmu? Müəllif öz meyarlarına əsasən, səhih bildiyi hədisləri qeyd etməklə kifayətlənib, aralarındakı ziddiyyəti həll etməyibsə və öz fikrini açıq şəkildə ortaya qoymayıbsa, onun hansı mövqedə olduğunu təyin etmək mümkün deyil. Təbii ki, onun meyarları kökündən yanlış ola, səhih yerinə zəif hədisləri yaza da bilər, amma indi söhbətin mövzusu bu deyil. Yuxarıda isə Kuleyninin Əhli-beyt imamlarının Quranın təhrif edilməməsinə dair hədislərindən bəzi nümunələri gördük. Həm də o, əl-Kafinin müqəddiməsində yazdığı “Hədisləri Allahın kitabı ilə tutuşdurun; düz gələni götürün, zidd olanı rədd edin” (Kuleyni, 1/8) hədisi ilə özünün əsas meyarını bəyan etmişdir.

Bütün deyilənlərdən əlavə, yenə də təkrar edirik ki, “rəcm ayəsi” hədisi kimi qeyri-şiə mənbələrindən daxil olanları çıxmaq şərtilə, Kuleyninin əl-Kafidə topladığı hədislərin heç biri Quranın təhrif olunduğuna əsas vermir. Hələ üstəlik, müəllifin də belə bir fikirdə olduğunu söyləmək isə, yumşaq desək, xüsusi insafsızlıq tələb edir.


4. 1. 4. Şeyx Səduq (923-991)

Biz ikinci ittihama cavab verərkən Məhəmməd ibn Əli Səduqun Quranın təhrifinə dair fikrinə toxunduq. O yazır: “Etiqadımız budur ki, Allah-Taalanın Öz peyğəmbəri Məhəmmədə göndərdiyi Quran iki cild arasında və xalqın əlində olandır, ondan artıq deyil... Kim ondan artıq olması fikrini bizə aid etsə, yalançıdır”. (Səduq. Əl-Etiqadat, 84)


4. 1. 5. Şeyx Müfid (948-1022)

Vəhhabi sələfilərinin iftiralarına məruz qalan Şiə alimlərindən biri Məhəmməd ibn Məhəmməd Müfiddir. Onlar şeyxin sözlərinin bir hissəsini kontekstdən çıxararaq Quranın təhrif olunduğunu, bəzi hissələrinin azaldığını təsdiqlədiyini iddia etmişlər. (Bax: Malullah M. “Əş-Şiə və təhrif əl-Quran”, 63, 72; Əs-Seyf M. “Əş-Şiə əl-İsna əşəriyyə və təhrif əl-Quran”, 18) Əslində isə Şeyx Müfid yazır:

“Əhli-beyt imamlarından Quranın fərqləndiyinə, müəyyən hissələrinin çıxarıldığına dair müstəfiz (vahid həddini aşan və mütəvatir həddinə çatmayan) hədislər söylənmişdir. İmamiyyə şiələrinin bir hissəsi deyir ki, Quranın nə bir surəsi, nə bir ayəsi və nə bir sözü dəyişilib. İmam Əlinin müshəfində olub, mövcud Qurandan çıxarılan hissələr isə Qurana açıqlama kimi nazil olan və möcüzəvi Quran vəhyindən sayılmayan təfsir və təvillərdir... Mənim üçün bu söz məhz Quran sözlərinin azaldığını iddia edənlərin fikrindən daha doğrudur və mən bunu məqbul sayıram”. (Müfid M. “Əvail əl-məqalat”, 80-81)

Göründüyü kimi, burada Müfidin fərqli fikri təhrif hədislərinin müstəfiz həddində olduğunu söyləməsi, eləcə də Şeyx Səduqdan fərqli olaraq, Quranın dəyişmədiyi barədə fikri şiələrin hamısına aid etməməsidir. Bununla yanaşı, o öz mövqeyini ortaya qoyaraq bu növ hədisləri qəbul etmədiyini və Quranın təhrif olunmadığını açıqca bildirmişdir. Vəhhabi alimləri isə onun şəxsi mövqeyinin ifadəsi olan son hissəni görməzdən gəlir və müsəlmana yaraşmayan tərzdə fikrini təhrif etmiş olurlar.

Şeyx Müfidi təhrif düşüncəsində ittiham edən Vəhhabi alimi Ehsan İlahi Zəhir isə onun başqa bir cümləsinə istinad edir: “Əlimizdəki Quranın hamısı Allah kəlamıdır... Allahın (Quran olaraq) nazil etdiyinin qalanı isə şəriət keşikçisində (İmam Mehdidədir)”. (Ehsan İlahi Zəhir, 45; Müfid M. “Əl-Məsail əs-sərəviyyə”, 78) İlk baxışdan Quranın azaldığını bildirən bu sözlər əslində iddiaya yetərli deyil. Əvvəla, kitabın əsas nüsxələrində “قرآنا” – yəni “Quran olaraq” sözü yoxdur və min il yaşı olan bir kitab haqda mühakimə yürüdərkən belə fərqləri nəzərə almaq vacibdir. İkincisi, hətta bu söz olsa belə, Müfidin yuxarıdakı fikrindən də bilirik ki, sonuncu imamda olan Quran İmam Əlinin topladığı, həm də təfsir və təvili, nasix və mənsuxu qeyd olunmuş Qurandır. Onun Quran haqqındakı sözlərinə kompleks baxış sübut edir ki, “Quran olaraq nazil etdiyi” dedikdə məqsədi həm də Quranın təfsiri və təvili olaraq vəhy olunanlardır. Üçüncüsü, uyğun cümlənin yer aldığı doqquzuncu məsələ “Quranın təhrifdən qorunması” adlanır və Müfid elə oradaca yazır: “Əgər kimsə “hazırkı Quranın artırılıb-azaldılmadığını necə söyləmək olar, halbuki siz imamların “ümmə” sözünü “əimmə” kimi... oxuduğunu rəvayət edirsiniz?!” desə, cavab verilər ki, vahid rəvayətlər olduğu üçün bunları qəbul edə bilmərik. Bundan əlavə, ayənin hər iki qiraətlə nazil olması da mümkündür. (Müfid. “Əl-Məsail əs-sərəviyyə”, 82-84)

Sonda bir məqamı da xatırlatmaq olar. Şeyx Müfid Şeyx Səduqun əl-Etiqadat kitabına şərh yazaraq razılaşmadığı məqamlara dair fərqli fikrini ortaya qoymuş, lakin onun Quranın təhrif olunmadığı ilə bağlı çox qəti və şəffaf mövqeyinə heç bir etiraz etməmişdir. Bütün bu faktlar isə göstərir ki, Şeyx Müfid Quranın təhrif olunduğunu düşünməmişdir, milli və əcnəbi vəhhabilərin uyğun iddiaları isə iftiradan başqa bir şey deyil.


Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə