Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 497,65 Kb.
səhifə6/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8

4. 3. 3. Əllamə Əmini (1902-1970)

Təbrizli alim Əllamə Əmini də Şərif Mürtəzadan başqa bütün şiələri Quranın təhrif olunması, həm artırılması, həm də azaldılması düşüncəsində ittiham edən İbn Həzmə cavab olaraq yazırdı: “Kaş hörmətsizlik edən bu adam iftirasına dair etimadlı Şiə kitablarından birinə, şiələr arasında çəkisi olan bir alimə, əksəriyyət tərəfindən tanınmasa da, qabaqcıl olan tələbələrindən, yaxud cahillərindən, sadə kəndlilərindən və ya ağzına gələni danışan boşboğazlarından birinin sözünə işarə vuraydı. Əgər oxucu araşdırsa, İmamiyyənin erkən çağında bu iftiranın inkarından başqa bir şey tapmaz... İmamiyyə başda olmaqla bütün Şiə firqələri mövcud Quranın Allahın hər bir şəkk-şübhədən uzaq kitabının özü olduğuna dair yekdil fikirdədirlər. Hansısa şiədən “təhrif” sözü eşidilsə də, onun məqsədi yanlış təvil və açıqlamadır, artırılması, azaldılması və ya hərflərinin dəyişdirilməsi deyil”. (Əmini Ə. Əl-Qədir, 3/101)

Əmininin bu iddiası bir qədər böyük görünə bilər. Osman əl-Xəmis onun fikirlərini qeyd etdikdən sonra yazır: “Şübhə yoxdur ki, yuxarıdakılara (Şiə alimlərinin sözlərinə) əsasən, İbn Həzm doğru, Əmini isə yalan deyir”. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net)

Cənab Xəmisə xatırlatmaq istəyirik ki, Əmini bu sözləri İbn Həzmə cavab kimi söylədiyi üçün onun məqsədi İbn Həzmdən qabaqkı şiələr ola bilər. Və siz həmin dövrün bir alimindən – təbii ki, dəyişdirilmiş kitablardan deyil, müəllifə istinadı şübhə doğurmayan əsl Şiə kitablarından Quranın təhrif olunduğuna dair bir cümlə göstərməmisiniz. İbn Həzmin Şiə alimlərindən Şeyx Tusi ilə təxminən həmyaşıd olduğunu nəzərə alsaq, ondan qabaq yalnız Mürtəza deyil, Səduq, Müfid və Tusinin özü də bunu açıq-aşkar rədd etmişlər və siz bunu yaxşı bilirsiniz. Belə olan halda, İbn Həzm necə doğru söyləyə bilər?!


4. 3. 4. Əllamə Təbatəbai (1903-1981)

Əllamə Təbatəbai özünün 20 cildli əl-Mizan təfsirində “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsini təfsir edərkən Quranın təhrif edilmədiyini, artırılıb-azaldılmadığını Quran ayələri və hədislərdən əlavə, əqli dəlil və tarixi faktlarla isbat etmiş və uyğun şübhələri cavablandırmışdır. (Təbatəbai M. “Təfsir əl-mizan”, 12/104-132)


4. 3. 5. İmam Xomeyni (1902-1989)

İmam Ruhullah Xomeyni Nuri Təbrisiyə ciddi etirazını bildirərək yazırdı: “Quran əsla təhrif olunmamışdır. Əhli-sünnə və Şiə firqələrinin tədqiqatçı alimlərinin fikri də belədir... Fəsl əl-xitab” kitabının müəllifinin xəyalları isə nə elm və nə əməl baxımından yararlıdır. Bu kitab Şiə alimlərinin üz çevirdiyi və qədim alimlərimizin qəbul etmədiyi zəif rəvayətlərə istinaddan başqa bir şey deyil. Onun Müstədrək kimi hədis kitablarının vəziyyəti bəllidir, əksəri yumora bənzəyən qəribə nağıl və hekayələrlə dolmuş digər kitabları haqda isə danışmağa dəyməz. O mərhum saleh və zəhmətkeş insan olmuş, lakin faydalı sözlərdən daha çox, sağlam ağıl və düşüncənin qəbul etmədiyi zəif və qəribə hədisləri toplamağa həvəs göstərmişdir. Onunla eyni dövrdə yaşamış ayıq insanlara təəccüb edirəm ki, necə diqqətsizlik etdilər və nəticədə göyləri ağladan, az qala yeri parça-parça edən hadisə baş verdi (və o, Quranın təhrif edildiyinə dair kitab yazdı)”. İmam Xomeyni sonra bu iddianın əleyhinə bəzi dəlillərini qeyd etmişdir. (Xomeyni R. “Ənvar əl-hidayə”, 1/243-245)


4. 3. 6. Ayətullah Xoi (1899-1992)

Təkcə öz dövrünün deyil, həm də bütün Şiə tarixinin ən böyük din alimlərindən olmuş azərbaycanlı müctəhid Ayətullah Xoi deyir: “Quranın təhrif olunması fikri xurafat və xəyaldır... Ağlı, insafı və dərin düşüncəsi olan heç kəs təhrif fikrinin əsassız və cəfəngiyat olmasına şübhə etməz”. (Xoi, 259)


Yekun söz

Biz böyük qeyb dövründən – eyni zamanda Kuleyninin vəfat etdiyi hicri 329-cu ildən günümüzədək yaşamış ən əsas və tanınmış Şiə alimlərinin Quran təhrifinə dair fikirlərinə nəzər saldıq. Aydın oldu ki, təfsir kitabı sonradan dəyişdirilmiş Əli ibn İbrahim Qumini və əl-İhticac kitabının məchul müəllifini çıxmaq şərtilə burada sözü keçənlərin hamısı müqəddəs kitabımızın təhrifdən qorunduğunu bildirmiş və elmi dəlillərlə əsaslandırmışlar. Bu arada əsas Şiəliyə deyil, onun Əxbarilik və Şeyxilik qollarına, həmçinin bəzi sufi təriqətlərinə mənsub olmuş və əsasən 17-19-cu əsrlərdə yaşamış bir qrup alim isə İmamiyyə şiələrindən fərqli olaraq, Quranın təhrif olunduğunu söyləmişlər.

Əgər məhdudiyyət olmasaydı, biz Quranın təhrif edilmədiyini söyləmiş Şiə alimlərinin siyahısını artıra, Məhəmməd ibn Həsən Şeybani, Kəmaləddin Kaşifi, Məhəmməd ibn Əli Şeybani, Fətullah Kaşani, Nakuri, Fazil Tuni, Humsi, Şərif Lahici, Həsəni, Şüştəri, Əbdülali, Bəyazi, Şahşahani, Kuhkəməri, Mühəqqiq Ərdəbili, Mühəqqiq Təbrizi, Mühəqqiq Bağdadi, Şərəfüddin Amili, Məhəmməd Cavad Müğniyə, Əllamə Bəlaği, Milani, Müzəffər, Həkim, Aştiyani, Mamaqani, Bürucerdi, Məhəllati, Fəzlullah, Lənkərani və digərlərinin, həmçinin hazırda yaşayan Şiə alimlərinin də fikirlərini qeyd edə bilərdik. Əslində, Əxbari dövrünün bir qisim alimini çıxsaq, bütün Şiə alimlərinin Quranın təhrif olunmadığına dair icma etdiklərini söyləyə bilərik. Necə ki, əxbarilərdən öncə yaşamış bəzi alimlər belə bir icma iddiasında olmuşlar. Bunun əksini, yəni Şiə alimlərinin Quranın təhrif olunduğuna dair icma etdiyini söyləmək isə elmdən bəhrəsi olmayan cahillərə yaraşar; istər əxbari olsunlar, istər Əhli-beyt məzhəbinə qarşı qərəzli mövqedə olan sələfilər, istərsə də müsəlmanlar arasında parçalanma yaratmağa çalışan qərbli şərqşünaslar.

İcma olmadıqda isə heç bir məzhəb ümumilikdə ittiham olunmaz, hansısa alimlərin fikirləri yalnız özlərinin subyektiv rəyi kimi qəbul olunar. Nümunə üçün deyək ki, Peyğəmbər və imamların məsumluğu, onların Allah tərəfindən təyin olunmaları, qiyamətdə şəfaət etmələri və sair bu kimi etiqadlara dair Şiə alimlərinin icması olduğu üçün onları ümumilikdə Şiə firqəsinə aid etmək olar.

Təhrifdə ittiham olunan Şiə alimləri haqda əsl həqiqət bundan ibarətdir. Göründüyü kimi, onların bəzisinin sözü yanlış anlaşılmış, bəzisinin sözü kontekstdən çıxarılmış, bəzisi istinadı bəlli olmayan kitablara görə ittiham olunmuş, bəzisi isə qərəzli şəkildə iftiraya məruz qalmışdır. Bu arada həqiqətən Quranın Peyğəmbərdən sonra azaldığını düşünən bir neçə nəfər də olmuşdur və onlar Şiənin əsas xəttinə deyil, əsasən Əxbari qoluna - Quranın zahirini höccət saymayıb hədisləri daha üstün tutan qrupa mənsubdurlar. Lakin hətta Əxbariliyə deyil, əsas Şiəliyə mənsub olsaydılar da, yüzlərlə böyük alim arasında bir neçə nəfərin səhvini bütün məzhəbin adına yazmaq düzgün olmazdı. Bu, xüsusi məntiqsizlik və aqressiya tələb edir ki, bunu da yalnız bəzi vəhhabilər bacarırlar.
4. 4. Şiə alimləri tərəfindən Nuriyə qarşı yazılan bəzi kitablar

Mühəddis Nuri özünün bədnam və uğursuz kitabını yazdıqdan sonra Nəcəf, Samirra və digər şəhərlərdə kütləvi etirazlar baş vermiş, bəzi yerlərdə matəm elan olunmuş, Şiə alimləri onu tövbəyə çağırmış, kitabın çap və nəşrini qadağan etmiş, əleyhinə təbliğat aparmışlar. Bundan əlavə, günümüzədək ona və bəlli “kəşfinə” qarşı çoxlu məqalə və kitablar yazılmış, dissertasiya və elmi işlər müdafiə olunmuş, Qurana, təfsirə və ya Şiə etiqadlarına dair təxminən bütün əsərlərdə fikirləri rədd edilmiş, əleyhinə dəlillər göstərilmişdir. Onların hamısı haqda məlumatımız olmasa da, şiələr tərəfindən məhz bu məqsədlə ərəb və fars dillərində yazılmış elmi-monoqrafik kitablardan aşağıdakıların adlarını çəkə bilərik:

“Ala ər-Rəhim fi ər-rəddi əla təhrif əl-Quran” – Əbdürrəhim Xiyabani Təbrizi

“Defa əz hərime Quran” – Məhəmmədcavad Fazil Lənkərani

“Ədəme təhrife Quran” – Həsən Tahiri Xürrəmabadi

“Əfsaneye təhrife Quran” – Əhməd Məhdəvi Fəxr

“Əl-Burhan əla ədəmi təhrif əl-Quran” – Mirzə Mehdi Bürucerdi

“Əl-Burhan əla ədəmi təhrif əl-Quran” – Mürtəza Rəzəvi

“Əl-Höccə əla Fəsl əl-xitab” – Əbdürrəhman Məhəmmədi

“Əl-Quran əl-kərim və rivayat əl-mədrəsəteyn” – Mürtəza Əsgəri

“Əl-Quran məsun min ət-təhrif” – Lütfullah Safi

“Ət-Təhqiq fi nəfy ət-təhrif” – Əli Milani

“Fəsl əl-xitab fi ədəm ət-təhrif” - Həsən Həsənzadə Amuli

“Həqaiq hammə hövlə əl-Quran əl-kərim” – Cəfər Mürtəza Amili

“Hifz əl-kitab əş-şərif” – Məhəmmədhüseyn Şəhristani

“Kəşf əl-irtiyab fi ədəmi təhrif əl-kitab” – Müərrəb Tehrani

“Nəfy ət-təhrif və ət-təshif” – Məhəmmədhüseyn Cəlali

“Nəqd və bərrəsiye rivayate təhrif dər ketabe Fəsl əl-xitab” – Möhsün Bəyat.

“Nəzahəte Quran əz təhrif” – Cavadi Amuli

“Nəzahət əl-Quran min ət-təhrif” – Baqir Şərif Qürəşi

“Səlamət əl-Quran min ət-təhrif” – Əli Musa Kəbi

“Səlamət əl-Quran min ət-təhrif” – Fətullah Nəccarzadeqan

“Siyanə əl-Quran min ət-təhrif” – Kamal Heydəri

“Siyanə əl-Quran min ət-təhrif” – Məhəmmədhadi Mərifət

“Tənzih ət-tənzil” – Əlirza Xosrovani

“Ukzubə təhrif əl-Quran” – Rəsul Cəfərian və sair.


4. 5. Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimləri

İndi isə Quranın təhrif olunduğunu düşünən qeyri-şiə alimlərinə - sələfilərin bəzi sələflərinə ötəri nəzər salaq. Hicrətin 21-ci ilində dünyaya gəlmiş, qiraət və təfsir elmlərini İbn Abbasdan öyrənmiş, Aişə, Əbu Hüreyrə və Abdullah ibn Ömər kimi səhabələrdən hədis nəql etmiş görkəmli tabei Mücahid ibn Cəbrin (642-722) belə söylədiyi qeyd olunmuşdur: “Əhzab surəsi Bəqərə qədər və ya ondan da uzun olmuş, Müseylimə ilə döyüşdə (Quran hafizlərinin şəhadəti səbəbindən) çoxlu ayələr əldən çıxmışdır”. (İbn Əbdülbirr Y. Ət-Təmhid, 4/275) O həmçinin Ali-İmran surəsinin 81-ci ayəsinin katiblərin səhvi ucbatından səhv yazıldığını söyləyir, “nəbiyyin” sözünün yerinə “əlləzinə utul-kitab” oxunmasını düzgün sayırmış. (Mücahid ibn Cəbr. Təfsir, 254; Təbəri M. Təfsir, 6/553-554) Bir daha xatırladaq ki, o, ayənin mövcud Qurandakı formasını fərqli və hətta zəif bir qiraət deyil, yazanların səhvi hesab edir və bununla Allah kəlamının səhvən dəyişdirildiyini düşünürmüş. Təbəri başqa bir alim olan Rəbi ibn Ənəsin (vəfatı: 757) sözügedən ayəni Mücahidin dediyi tərzdə öyrətdiyini də qeyd etmişdir. (Təbəri. Təfsir, 6/554)

Əməvi xilafətinə yaxın alimlərdən olmuş İbn Şihab Zöhri (671-741) deyir: “Bizə məlumat çatıb ki, çoxlu Quran ayələri nazil olmuşdu, lakin onları bilənlər Yəmamədə öldürüldülər. Onlardan sonra da həmin hissələr nə bilindi, nə də yazıldı”. (İbn Əbu Davud, 99) Süfyan Sauri (716-778) isə yalançı Müseyliməyə qarşı Yəmamə döyüşündə şəhid olmuş yüzlərlə Quran hafizini xatırlayaraq deyirmiş ki, bununla Quranın bəzi hissələri itmişdir. (Sənani Ə. Əl-Müsənnəf, 7/329)

Bütün bu fikirlər Peyğəmbərdən sonra Quranın bəzi hissələrinin əldən çıxdığını və mövcud Quranda yer almadığını göstərir. Çünki Müseylimə Kəzzaba qarşı döyüş və orada yüzlərlə Quran hafizinin şəhidliyi Xəlifə Əbu Bəkrin dövrünə aiddir.

Quranın təhrif olunduğunu düşünən qeyri-şiə alimlərinə misal olaraq, məşhur əs-Sünən kitabının müəllifi Əbu Davudun oğlu Abdullah ibn Əbu Davudun da adını çəkmək olar. O özünün əl-Məsahif kitabında “Həccac ibn Yusifin Qurana yazdıqları” və “Həccacın Osman müshəfinə etdiyi dəyişikliklər” kimi fəsillər ayırmışdır.

Hicrətin ilk əsrlərində yaşamış Əhli-sünnə alimi İbn Şənbuz (vəfatı: 940) Quranın təhrif olunduğunu söyləyir və onu fərqli şəkildə oxuyurmuş. (Xətib Bağdadi Ə. “Tarix Bağdad”, 1/296; İbn Xəllikan Ə. “Vəfəyat əl-əyan”, 4/299-300; Zəhəbi M. “Tarix əl-İslam”, 24/28) Sufi məsləkli olsa da, ən məşhur sünni alimlərindən olmuş İbn Ərəbi çoxlu ayələrin Osman müshəfində yer almadığını təəssüflə və açıq şəkildə söyləmişdir. (İbn Ərəbi M. “Əl-Futuhat əl-məkkiyyə”, 2/447) Onun sözlərindən iksir mislində olanları seçib toplamağa çalışmış və qətiyyətlə təsdiqləmiş başqa bir qeyri-şiə alimi Şərani isə yazırdı: “Əgər zəif qəlblərdə şübhə yaranmasaydı və hikmət ona layiq olmayanlara aşkarlanmasaydı, Osmanın topladığı Quranda yer almayan ayələrin hamısını açıqlayardım”. (Şərani Ə. “Əl-Kibrit əl-əhmər”, 285)

Sələfi etiqadlı Alusi təfsirində yazır ki, Osmanın xilafəti zamanı qiraətlər toplananda Zeyd ibn Sabit Əhzab surəsinin 23-cü ayəsini Xüzeymə ibn Sabitdən tapıb Qurana əlavə etmişdir, lakin belə kiçik əlavələr ciddi dəyişiklik sayılmır. (Alusi, 1/24) Bu isə ən yaxşı halda o deməkdir ki, Osmana qədər müsəlmanların əlində olan Quran tam deyilmiş və üstəlik, Quranın bəzi ayələri mütəvatir şəkildə deyil, vahid sənədlə bizə çatmışdır.

Və nəhayət, yenə sünni alimlərindən olmuş İbn Xətib Misri Quranın təhrif olunması barədə əl-Furqan kitabını yazmışdır. “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsini Quranın sözlərinə deyil, məfhum və məzmununa aid edən İbn Xətib öz kitabında Həccac ibn Yusifin Quranın 12 yerində dəyişiklik etdiyini, bir ayədə işlənmiş sözü başqa bir ayədə işlənmiş sözlə əvəzlədiyini yazmışdır. (İbn Xətib M. “Əl-Furqan”, 50-52) Səhabələrin Quran ayələrini fərqli şəkildə oxumalarına dair misallara da bu kitabda geniş yer verilmişdir. (Yenə orada, 106-111)

Quranın təhrif olunduğunu düşünmüş, söyləmiş və ya təsdiq etmiş qeyri-şiə alimlərinin siyahısını uzatmaq da olar. Üstəlik, Şiə hədis kitablarının müəlliflərini ittiham edən məntiqlə yanaşsaq, Buxarini (810-870), Müslimi (815-875), sünən və müsnəd müəlliflərinin hamısını da buna əlavə edə bilərik. Lakin biz hansısa alimlərə, icma edilməyən, yekdilliklə qəbul olunmayan hansısa fikirlərə görə heç bir firqəni ittiham etmirik. Uyğun firqə alimlərinin böyük əksəriyyəti – oxunuşun nəsxinə dair fikirlərində yanlışa yol versələr də - belə alimlərlə razılaşmadıqlarını açıq şəkildə bildirmişlər. Misirdə əl-Furqan kitabı yazıldıqdan dərhal sonra öz məzhəbdaşları müəllifə sərt etirazlarını bildirmiş, sözügedən kitab yığışdırılıb məhv edilmiş və bu fikrə qarşı çoxlu əsərlər qələmə alınmışdır.

Əl-Əzhər alimlərindən olmuş Məhəmməd Mədəni şiələri təhrif düşüncəsində ittiham edənləri qınayaraq yazırdı: “Bir misirli 1948-ci ildə əl-Furqan adlı kitab yazıb Əhli-sünnə mənbələrində yer almış çoxlu saxta təhrif hədislərini qeyd etmişdi. Sonra həmin kitablar əl-Əzhərin tələbi ilə dövlət tərəfindən müsadirə olundu. İndi demək olarmı Əhli-sünnə Quranın müqəddəsliyini inkar edir və ya onun azaldığını düşünür?!” (Mədəni M. “Rəccə əl-bəs”, 382-383)




Beşİncİ Fəsİl: Quran təhrİfİ və təkfİr amİlİ
Vəhhabi alimlərinin növbəti iddiası budur ki, Nuri kafir və mürtəd elan edilib qətlə yetirilmədiyinə görə, digər Şiə alimləri də onu təsdiqləmiş sayılırlar. Əl-Xəmis məsləkdaşı Ehsan İlahi Zəhirin “bütün şiələr Quranın təhrif olunduğunu düşünürlər” fikrini bununla izah etməyə cəhd göstərmişdir. Yəni Şiə alimləri Cəzairi və Nuri kimiləri təkfir etmədiklərinə görə onlarla eyni fikri bölüşmüş sayılırlar. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net) İddianın absurdluğu aksiom olsa da, bunları deməyi lazım bilirik: Biz məzhəb olaraq, təkfirçi deyilik, müxalif fikirləri təkfirlə cavablandırmır, insanlara düşüncə və etiqad azadlığı tanıyırıq. Yaşadığımız cəmiyyətdə Quranın nəinki bəzi hissələrinin azaldığını düşünən, ümumiyyətlə, hamısının bəşər tərəfindən yazıldığını deyən, Allah-Taalanın nəinki kitabını, hətta Özünü belə inkar edənlər var və biz onları nə təkfir edir, nə də qətllərinə fərman veririk. Çünki dinimiz, Quranımız bizə belə deyir. Biz insanları söyməklə, lənətləməklə deyil, hörmətlə, ağıl və məntiqlə İslama dəvət etməyi vacib sayırıq. Biz müharibə vəziyyətinə aid hökmləri sülh şəraitində tətbiq etmir və nəticədə mütərəqqi İslama mürtəce don geyindirmirik. Bizim peyğəmbərimiz adi şəraitdə müşriklərlə də normal davranırdı, imamımız Cəfər Sadiq məsciddə ateistlərlə elmi mübahisə edir, suallarını cavablandırırdı, onları söyüb məsciddən qovmurdu.

Həm də unutmaq lazım deyil ki, Quranın təhrif edildiyinə dair xəstə təfəkkür Nurinin mənsub olduğu Əxbari cərəyanının vurduğu ziyanlardan yalnız biridir. Biz ümumiyyətlə, Əxbariliyi, onun düşüncə və metodlarını yanlış sayırıq, lakin bu o demək deyil ki, Əxbari alimlərinin yazdığı bütün kitabları, o cümlədən Nuri Təbrisinin digər əsərlərini odda yandırmalıyıq. Onların işi əsasən, hansısa mövzu haqda hədisləri və ya alimlərin sözlərini toplamaqdan ibarət olub. Yəni Məclisinin Bihar və ya Təbrisinin Müstədrək kitabları müəlliflərinin fikirlərinə görə deyil, çoxlu kitablardan seçib topladıqları rəvayət və iqtibaslara görə dəyərlidir. Həmin kitabların bəzisi bizim dövrümüzə gəlib çatmayıb və biz belə ensiklopedik topluların hesabına onların müəyyən hissələrini bərpa edə bilirik.

Biz qeyri-şiələrin, hətta qeyri-müsəlmanların da yazdığı elmi əsərlərə hörmət edirik, eyni məzhəbi bölüşməsək də, dəyərli tarix kitabına görə Təbərini, obyektiv İslam araşdırmalarına görə Masinyonu uca tuturuq. Biz digərlərinin əsərlərindən, elmi fikirlərindən istifadə edərkən təəssübkeşlik etmir, din və məzhəbini araşdırmır, Şiəliyə və Əhli-beytə qarşı qərəzli mövqedə olan Lamens və Donaldsonun digər fikirlərini də qaralamırıq. Osman əl-Xəmisin hikkə ilə: “İş o yerə çatıb ki, Nurinin “Müstədrək əl-Vəsail” kitabı şiələrin mötəbər kitablarındandır” deməsi isə, nəinki elm adamına yaraşmayan yanaşmadır, hətta bu baxımdan əsl məzhəkəyə bənzəyir. Üstəlik, bu kitab heç də əl-Xəmisin və digər vəhhabilərin sandığı qədər uca tutulmur, əslində, Hürr Amilinin öz Vəsail kitabını toplayarkən zəif sayıb kənara qoyduğu hədislərdən ibarətdir və Şiə alimləri fətva verərkən ona istinad etməməyə çalışırlar.

Digər tərəfdən, Şiə hüququ o qədər mükəmməldir ki, əl-Xəmis kimilərin iman və küfr meyarlarını öyrətməsinə ehtiyac yoxdur. Biz bu meyarları kiminsə əks-təbliğatından, yaratdığı ajiotajdan deyil, Allahın kitabından və Peyğəmbərin sünnəsindən əxz edirik. Vəhhabilərin az qala bütün Orta Şərqi xarabalığa çevirməkdə olan küfr meyarları isə özlərinə qalsın.

Başqa izahı olmayıb məhz Quranın təhrifinə dəlalət edən azsaylı hədislərə (xatırladaq ki, qeyri-şiə mənbələrində belə hədislər dəfələrlə çoxdur) və hansısa Şiə alimlərinin yanlış fikrinə görə bütün Əhli-beyt davamçılarını kafir adlandıran vəhhabilərə isə sözümüz budur: Quranın azaldığını düşünənləri kafir sayırsınızsa, ayrıseçkilik etməyin, cürətiniz çatırsa, lap əvvəldən – Quranın təxminən üçdə ikisinin çıxarıldığını söyləyən xəlifə və səhabələrdən başlayaraq hamısının hökmünü verin. Heç olmasa, təkfirçiliynizdə səmimi olun. Peyğəmbərin “(Ey Əli!) Sənə yalnız münafiq kin bəsləyər və səni yalnız mömin sevər” (Müslim, 1/86, h: 78; Əhməd, 2/71, h: 642; Albani, 4/298, h: 1720), “Əlini söyən məni, məni söyən də Allah-Taalanı söyüb” (Hakim Nişaburi, 3/130) dediyi halda, nə üçün Əliyə qarşı qiyama qalxan, onu öldürməyə çalışan, on minlərlə müsəlmanın qətlinə bais olan, şəhadətindən sonra da minbərlərdə ona lənət oxutduran (Müslim, 4/1871, h: 2404) Müaviyəni təkfir etmir, hətta çoxlu səhabələrdən uca tutursunuz? Allah və Rəsulu dəfələrlə Əhli-beyti, ən azı, onları sevməyi tapşırdığı halda, nə üçün Peyğəmbərin ciyərparəsinin başını kəsib qız-gəlinlərini əsir tutan Yezidi təkfir etmir, üstəlik, Əmirəlmöminin adlandırırsınız? Nə üçün bunlara çatanda rəvayətləri inkar edir, mümkün olmadıqda isə cinni-insin ağlına gəlməyən ehtimallarla vəziyyətdən çıxmağa çalışır, Əhli-beyt imamlarının səhabə və tərəfdarlarına gəldikdə isə ən zəif ehtimalla ən böyük iddialar qaldırır, küfr, qətl, cihad hökmləri verirsiniz?! Bunları, xüsusən də təhrif düşüncəsində olan səhabə və tabeiləri təkfir etmirsinizsə, onda heç kimi təkfir etməyin, lal-dinməz yerinizdə oturun, iftiralardan əl çəkin, bir neçə nəfərin fikrini bütöv bir məzhəbə aid etməyin.

Sələfilərin mövcud Quranla razılaşmayan, ona nə isə artırmağa və ya ondan nəyisə çıxarmağa çalışan səhabələri təkfir etdiyini görə bilməzsiniz. Onlar bundan ötrü “Oxunuşun nəsxi” nəzəriyyəsini düşünsələr də, hətta bu “nəzəriyyə”yə uyğun gəlməyənləri də təkfir etmir və Abdullah ibn Məsudda gördüyümüz kimi, hansısa yolla təmizə çıxarırlar. Onlar səhabə olmayan və Quranın təhrif olunduğunu söyləyən qeyri-şiə alimlərini – Mücahidi, Zöhrini, Süfyan Saurini, İbn Şənbuzu da təkfir etmirlər. Onlar əsassız olaraq Kuleynini təkfir edirlər, amma kitablarında çoxlu təhrif hədislərini qeyd etmiş səhih və sünən müəlliflərinə rəhmət oxuyurlar. Halbuki onlar bu hədislərin oxunuşun nəsxinə aid olduğunu da söyləməyib, səhih hədis olaraq yazıblar. Bu nə deməkdir?! Məgər təkfir qaydası - əgər əsaslıdırsa - yalnız şiələrə aiddir?!

Bir daha xatırlatmağı vacib bilirik ki, biz kiminsə təkfir edilməsinin tərəfdarı deyilik, yuxarıda işarə vurulan meyarlara görə kimisə kafir hesab etmirik. Heç İmam Əlinin özü də ona qarşı vuruşanları kafir saymayıb, döyüşdə öldürülənlərin hamısını müsəlman kimi dəfn edib. Bu sözlərimiz təkfirçilərin ikili standartlarına etirazdır.

Biz indi diqqəti başqa bir məqama yönəltmək istəyirik: Hörmətli sələfilər! Tutaq ki, sizin hədis kitablarınızda təhrifə aid bircə nümunə belə yoxdur və heç bir aliminiz belə bir iddiada olmayıb. Əksinə, 100 il öncəyə qədər istisnasız olaraq, bütün Şiə alimləri Quranın təhrif olunduğunu deyiblər. Amma 100 ildir bu firqənin alimləri sələflərinin səhvini başa düşmüşlər və Quranın təhrif edilmədiyini söyləyirlər. Əgər belədirsə və bu firqə hidayət yolunu tapıbsa, nə üçün buna sevinib müsəlmanları təbrik etmir, hələ üstəlik, (fərzimizə uyğun olaraq) qədim alimlərin sözlərini bayraq edib indiki şiələri də kafir sayırsınız? Əgər sizin məqsədiniz bəşəriyyətin hidayətidirsə, nə üçün hər hansı məzhəb haqda mühakimə yürüdərkən indiki etiqadlarını deyil, (fərzimizə uyğun olaraq) 100 il qabaqkı etiqadlarını əsas götürürsünüz? Sizdə baş kəsməkdən, qan tökməkdən başqa hidayət yolu yoxdurmu?


5. 1. Qeyri-şiə alimlərinin rəyi

Quranın təhrif edildiyini, onun bəzi hissələrinin mövcud Quran kitabından çıxarıldığını düşünən bəzi əxbarilər çox pis və yanlış düşüncədə olmalarına baxmayaraq, nəinki şiə, hətta bir çox sünni və sələfi alimlərə görə də kafir sayılmırlar, onları təkfir etmək hətta sələfilərin dini əsaslarına görə də yolverilməzdir. Çünki onların bu fikrə düşməsinə bəzi hədislər səbəb olmuşdur. Və bu alimlər bəziləri kimi kimlərəsə külli miqdarda pul verib yalan hədis qoşdursaydılar, onları xəyanətdə günahlandırmaq olardı. Onlar isə qabaqcadan uydurulmuş belə hədisləri düzgün araşdırma metodlarını bilməmişlər, dominant düşüncəyə çevrilmiş Əxbarilik onları bəlli fikirlərə sövq etmişdir. Onların günahı elmi əsaslarının yanlışlığı və bunun da nəticəsində yanlış elmi nəticələrə gəlmələridir. Buna isə Sələfizmin banisi İbn Teymiyyənin sözləri ilə cavab vermək istəyirik. O yazır: “Quranın Allah kəlamı olmadığını deyən şəxs iftiraçı və bidətçidir... Təkfirə gəldikdə isə, doğrusu budur ki, Məhəmməd ümmətindən ictihad edən və haqq niyyətilə səhvə yol verən təkfir olunmur. Əslində, onun səhvi bağışlanacaqdır. Amma kimin üçün Peyğəmbərin gətirdikləri aydın olsa və o, hidayəti açıq-aşkar dərk etdikdən sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan ayrısına üz tutsa, kafirdir... Hər xətakar və bidətçi, hər cahil və sapqın nəinki kafir, heç fasiq və günahkar da hesab olunmur”. (İbn Teymiyyə. "Məcmu əl-fətava", 12/179-180) Bir qədər sonra isə yazır: “Sələflərdən çoxları çoxlu belə məsələlərdə səhvə yol vermiş, amma bununla təkfirin yolverilməz olduğuna dair həmfikir olmuşlar. Məsələn... bəzi sələflər Quranın bəzi hərflərini inkar etmiş, “yəyəs” sözünü “yətəbəyyən”, “qada” sözünü “vassa” kimi oxumuş, bəzisi Fələq və Nas surələrini Qurandan çıxarmış, bir başqası ona Qünut surəsi əlavə etmişdir. Bunlar icma və mütəvatir nəqlə əsasən, səhvdir, lakin onların nəzərində mütəvatir olmadığına görə təkfir olunmurlar. Mütəvatir nəqllə höccət tamamlanan (qəti dəlilləri qəbul etməyə bilməyən) şəxs isə kafir olur”. (Yenə orada, 12/492-493) İbn Teymiyyə həmçinin deyir: "Səhvə yol vermiş heç bir müsəlman alimi ictihadına görə təkfir etmək olmaz. Alimləri kafir adlandırmaqla cahilləri onların canına salmaq çox xoşagəlməz haldır... (Hədisdə deyildiyi kimi) alim ictihad edərkən doğru nəticə aldıqda iki savab, yanlış nəticə aldıqda isə bir savab etmiş olur". (Yenə orada, 35/100, 103)

Bəlli təkfirə qarşı etirazlardan və İbn Teymiyyənin uyğun fikrinin yayılmasından sonra Osman əl-Xəmis onun ümumi şəkildə dediyi bir sözünü saytına yerləşdirərək əsassız fikrinə bəraət qazandırmağa çalışmışdır. (Əl-Xəmis O. “Hökm Şeyxülislam limən yətəqid təhrif əl-Quran”. www.almanhaj.net) Halbuki yuxarıda göründüyü kimi, İbn Teymiyyə məsələyə dair mövqeyini məhz burada detallarıyla açıqlamış və hansısa şübhə səbəbindən yanlış elmi nəticə almış alimləri təkfir etməmişdir.

Vəhhabi sələfizminin banisi Məhəmməd ibn Əbdülvəhhabın bəzi fikirləri də bu baxımdan diqqətəlayiqdir: "Kitabın (Quranın) və mütəvatir sünnənin dəlillərini rədd etmək küfrdür, ancaq bunları rədd edənin kafirliyinə hökm çıxarmaq olmaz. Burada cəhalət, aşkar mətnə qarşı çıxdığını bilməmək, yaxud onun mənasını anlamamaq kimi amillər ola bilər". (Nəcd alimləri. "Əd-Dürər əs-səniyyə", 10/432-433)

Eyni fikri qədim Əhli-sünnə alimlərindən də söyləyənlər az olmayıb. Nümunə üçün, Beyhəqinin bu cümləsini qeyd etmək olar: “Son iki surənin Qurandan olduğunu inkar edən dindən çıxmır, çünki buna (ciddi elmi) şübhə səbəb olmuşdur”. (Beyhəqi Ə. “Əs-Sünən əl-kubra”, 10/349, h: 20899) Əhli-sünnə arasında ən çox tərəfdara malik olan firqə imamı Əbülhəsən Əşəri isə deyirdi: “Mən qiblə əhlindən heç kimi təkfir etmirəm. Çünki hamı eyni tanrıya üz tutur. Fərq və ixtilaflar isə yalnız sözlərdədir”. (Yenə orada) Yaxud Misirin görkəmli Hənəfi alimlərindən olmuş İbn Nüceym yazır: “Ortada güclü şübhə olduğu təqdirdə qəti inkar küfrə bais olmur; necə ki, Bismillah ayəsində belədir”. (İbn Nüceym Z. “Əl-Bəhr ər-raiq”, 1/330-331)

Heç şübhəsiz, bəzi Əxbari alimlərinin Quranın təhrif olunduğunu düşünmələrinə də Şiə və Əhli-sünnə kitablarının uyğun hədisləri bais olmuşdur. Əxbarilərin yanlış elmi metodlarını da nəzərə alsaq, bu, ciddi şübhədir və ciddi şübhəyə əsasən, ictihad edib yanlış nəticə alan alim kafir sayıla bilməz. Doğrudur, nass – Quranın təhrifdən qorunacağını bildirən ayələr qarşısında ictihad yolverilməzdir. Lakin unutmayaq ki, hər bir mətni müxtəlif cür izah etmək olar və Quranın çoxlu ayələrini müxtəlif firqələr tam fərqli şəkillərdə açıqlayırlar. Heç şübhəsiz, sözügedən alimlər də uyğun ayələri, yanlış olaraq, Quranın azalma təhrifindən də qorunacağına dəlil kimi başa düşməmişlər.

Bütün bunlardan sonra israrla əxbarilərin təkfir edilməsini tələb edən vəhhabi alimlərini, onların bu israrlarının mənşəyini anlamaq çox da çətin deyil və bunu vəhhabizmin hətta İbn Teymiyyə daxil bütün müsəlmanlardan fərqlənən təkfirçi mahiyyətində axtarmaq lazımdır. Maraqlıdır ki, bu tələbdə olanlar özlərini “təkfirçi”, “xəvaric” deyil, mötədil sələfi adlandıranlardır. Belələrindən soruşmaq lazımdır ki, siz Allahın rəsulumusuz, yoxsa səlahiyyətli səfiri?! İnsanların inanc və əməllərini təftiş etmək səlahiyyətini sizə kim verib?! Ümumiyyətlə, İslamın harasında təkfir sünnəsi var və təkfir etməyənlər üçün hansı cəzalar nəzərdə tutulub ki, bu qədər əl-ayağa düşüb müsəlmanları kafir elan etməyə can atırsınız?!

Sonda qeyd edək ki, Şiə alimləri arasında da kimisə düşüncəsinə görə təkfir edən olub, xüsusən firqələrarası iğtişaşlar dövründə bəzi alimlər çox nahaq yerə bəzi firqə və ya məzhəbləri kafir sayıblar, lakin bu hal Şiəlikdə hakim ənənə deyil, həmişə müəyyən şəxslərin subyektiv fikri olub. Ümumiyyətlə, İslamın ilk əsrlərində firqə və məzhəblər arasında dözümsüzlük güclü olub, onlar bir-birini təkfir ediblər. Sələfilik isə bu gün də həmin dövrü yaşayır və əsrlərin elmi-praktik inkişafı nəticəsində belə hallara son qoymuş müsəlman ümmətini həmin dövrə qayıtmağa çağırır.


Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə