Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Şiə alimlərinə təqiyyə ittihamı



Yüklə 497,65 Kb.
səhifə7/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8

5. 2. Şiə alimlərinə təqiyyə ittihamı

Vəhhabi sələfilərinin başa düşmədiyi, yaxud düşmək istəmədiyi mövzulardan biri də təqiyyədir. Hər bir normal insanın qəbul etdiyi ağıllı və ehtiyatlı gediş olan təqiyyəni bəzən riyakarlıq, yalan və hiyləgərlik kimi qələmə verirlər. Onlar açıq-aşkar Quranın təhrif olunmadığını söyləyən çoxsaylı Şiə alimlərinin təqiyyə etdiklərini, əslində isə bu fikirdə olduqlarını bildirirlər. (Xətib M. “Əl-Xütut əl-ərizə”, 14-15; Qəfari N. “Üsul məzhəb əş-Şiə əl-İmamiyyə”, 1/219-220) Burada təqiyyə barədə geniş danışmaq imkanımız olmasa da, məsələ üzərində azca dayanmaq lazım gəlir; hərçənd, əslində, onlar buyurub elmi dəlillərlə fərziyyələrini isbat etməlidirlər.

Nuri Təbrisinin təkfir edilməməsi, Nəcəfdə dəfn olunması, digər kitablarının oxunması və sair belə əsassız bəhanələrlə 400 milyon şiənin küfrünə hökm çıxarmaq ən azı dəhşətdir və bu təfəkkür tərzini “təkfir eşqi” adlandırmaq daha doğru olar. Bəlkə də belə ifrat “eşq” səbəbindən onlar qeyri-təkfirçiləri anlamaq nemətindən məhrumdurlar. Şiə alimləri Nurini çox sərt sözlərlə tənqid etmişlər. Lakin istənilən halda, elementar məntiq qaydalarına görə, təkfir etməmək onunla razılaşmaq demək deyil, əslində təkfir meyarları fərqli ola bilər. İman və küfr barədə müxtəlif məzhəblərdə müxtəlif meyarların olması isə çox normaldır və yerində dartışıla bilər. Necə ki, biz bir çox sələfi alimlərindən fərqli olaraq, namaz qılmayanları təkfir edib qətllərinə fərman vermirik, amma eyni zamanda hərəkətlərinə bəraət qazandırmır və böyük günaha yol verdiklərini söyləyirik.

Yuxarıda Şeyx Səduq haqda danışarkən toxunduq ki, onun, eləcə də, Şeyx Müfidin və Seyid Mürtəzanın bütün həyatlarını əhatə edən 100 ildən artıq bir dövrdə Şiə etiqadlı Ali-Buyə ailəsi hakimiyyətdə olub, hətta istədikdə Abbasi xəlifəsini dəyişib. Həmçinin Səfəvilər dövründə də heç bir təqiyyə şəraiti olmayıb, amma çoxlu alimlər Quranın təhrif olunmadığını açıq söyləyiblər. Müasir dövrdə də təqiyyəyə heç bir əsas yoxdur və hər hansı təqibə məruz qalanlar ən mütərəqqi ölkələrdə sığınacaq ala bilirlər. Bu arada Şiənin ümumi imicinə hər hansı xələl gəlməsindən çəkinib təqiyyə etmələri də real deyil. Qeyd etdik ki, Quranın təhrifi üçün istinad olunan “rəvayətlər” ən pis halda onun ayələri daxilindən hansısa sözlərin çıxarıldığına əsas verə bilərdi. Buna isə güclü elmi dəlillər olsaydı, əsla təqiyyə etməz və fikirlərini əsaslandırardılar. Çünki Allahın kitabının təhrif edilməsi qarşısında susmaq təqiyyə yox, xəyanət və nankorluqdur. Quranın təhrif edildiyini söyləyənlər buna görə söyləyiblər, söyləməyənlər də onun həqiqətən təhrif edilmədiyini bildikləri üçün söyləməyiblər. Quran təhrif edilmiş olsaydı, bütün Şiə alimləri bunu söyləyər, onu təhrif edənləri tənqid edər, uzaqbaşı, İslamın erkən çağında, Peyğəmbərin vəfatından sonra baş verən bir çox hadisələr kimi üstünü vurmaz və birlik yaratmaqdan ötrü susmağa üstünlük verərdilər, daha müxtəlif əqli və nəqli dəlillərlə inkar etməz, təsdiqləyənləri qınamazdılar.

Ehsan İlahi Zəhirin iddiasına görə, Səduq, Mürtəza, Tusi və Təbrisinin təhrifə zidd fikirləri heç bir əqli və ya nəqli dəlilə dayanmır, yalnız təqiyyə məqsədi daşıyır. Müasir Şiə alimləri də əslində Quranın təhrif olunduğunu düşünürlər, amma bu fikrin onların bütün məzhəblərini və hətta imamət etiqadlarını kökündən uçurduğunu görüb təqiyyə edir və düşüncələrinin əksini söyləyirlər. (Ehsan İlahi Zəhir, 91)

İddiaların nə qədər absurd və gülünc olduğu göz önündədir. Əvvəla, adları çəkilən dörd alim Quranın təhrif olunmadığına dair rəylərini kifayət qədər əsaslandırıblar və bunu bilmək Nuri Təbrisinin bədnam kitabını bir kənara qoyub onların öz əsərlərinə müraciət etmək qədər bəsit bir işdir. Müasir alimlərin təqiyyəsinə gəldikdə isə, yenə yada salmalıyıq ki, söhbət Qurana hansısa əlavələrin edilməsindən deyil, yalnız bəzi sözlərin müəyyən ayələrdən çıxarılmasından gedir və belə bir iddia nəinki digər Şiə etiqadlarına və imamət nəzəriyyəsinə zərbə vurmur, hətta onları gücləndirir də. Və elə məhz buna görə Nuri kimilər uyğun iddianı etmiş, mövzu ilə əlaqəsi olmayan dəlillərə də üz tutmuş və tarixin qınağını qazanmışlar.

Mövzuda təqiyyənin olmadığına bir dəlil elə məhz böyük Şiə alimlərinin sözgəlişi və dəlilsiz deyil, ən güclü dəlillərlə təhrifi rədd etmələridir. Onlar ya Şiə etiqadlarına, ya Qurana dair, ya da Nuriyə qarşı yazdıqları əsərlərində Qurana, sünnəyə, ağla və tarixi faktlara istinadla bunu sübuta yetirmişlər. Belə olan halda hansı təqiyyədən söhbət gedə bilər?! Quranın təhrif olunduğunu qətiyyətlə və dönə-dönə inkar edən Şiə alimlərinə zorla təhrif düşüncəsini yapışdırmağa cəhd edən əxbari və vəhhabilər bununla Qurana xidmət etdiklərinimi düşünürlər?!

Bütün müsəlmanlarda tarix boyu eyni Quran olub və var. Bu gün demək olar bütün müsəlmanlar və İslam alimləri Quranın təhrif edilmədiyini söyləyirlər. Və bütün bunlar birlik amili olmalıdır. Lakin təəssüf ki, müsəlmanları İslamın ilk əsrlərinə qaytarmaq istəyən sələfilər bu günlə deyil, keçmişlə düşünür, keçmişə görə qiymət verir və mühakimə yürüdürlər; həm də çox təəssüf ki, qərəzli və qeyri-obyektiv tərzdə. Onların spesifik xüsusiyyəti erkən İslam çağının gözəl xüsusiyyətlərinə, Peyğəmbər dövrünün sarsılmaz qardaşlığına deyil, bir qədər sonrakı məzhəb ixtilaflarına, firqələrarası qarşıdurmalara, bir-birini təkfiretmə ənənəsinə dəvətdən ibarətdir. Görünür, İslam dünyasının belə ağır durumunda, düşmənlərin onları parçalamaq üçün hər gün yeni sürprizlər təqdim etdiyi bir gündə kimlərsə müsəlmanları “kafir”, “müşrik” adlandırıb daha da parçalamaq, cin və insanlardan olan şeytan dostlarını sevindirmək istəyirlər.




Altıncı fəsİl: Şİə etİqadları və Quran
Bəzi qərəzli vəhhabilərin iftirasına görə, Şiə etiqadları Qurana zidd olduğundan bu firqənin alimləri onun təhrif olunduğunu düşünürlər. Biz sözügedən alimlərin belə bir düşüncədə olmadıqlarını yuxarıda sübut etdik. Lakin bu iftiranın birinci hissəsi diqqətimizi çəkdi. Gəlin görək Şiə etiqadları Qurana ziddirmi ki, kimsə buna görə Quranın təhrif olunduğunu söyləməyə ehtiyac duysun?!

Əvvəla, Əhli-beyt yoluna nifrətdən gözləri tutulan, beyinləri quruyan adamlar əgər həqiqətən din alimidirlərsə, bilmiş olmalıdırlar ki, Quranın təhrif olunduğunu düşünən bir neçə əxbari alimi də ona əlavələr edildiyini qətiyyətlə rədd ediblər. Bu baxımdan, bütün şiə və sünni alimlər mövcud Quranın Allah kəlamı olduğunu düşünürlər və onun hər hansı inanca uyğun olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Halbuki Şiə etiqadları hər hansı Quran ayəsinə zidd olsaydı, həmin ayələrin sonradan əlavə olunduğunu söyləməli idilər ki, belə bir söz söyləyən yoxdur.

Digər tərəfdən, Şiə alimləri təfsirə və digər Quran elmlərinə dair minlərlə kitab yazmış və öz etiqadlarına zidd olan heç bir ayə ilə rastlaşmamışlar. Şiə alimləri təvəssül, təbərrük, şəfaət, imamət, ismət, Allahdan qeyrisinə and içməyin haram və küfr olmaması və digər etiqadlarını əsasən Quranla isbat edir və bunda heç bir çətinlik çəkmirlər. Şiə bəlkə də yeganə mühüm firqədir ki, inanclarının böyük əksəriyyətini və çoxlu hüquqi məsələlərini Qurana və müxalif məzhəblərin mənbələrinə istinadla sübuta yetirir. Bu baxımdan, öz etiqadi əsaslarına nəinki şübhə etmir, hətta oyunu meydançanın rəqibə aid hissəsində aparır.

İndi isə Əhli-beyt məzhəbi olan Şiəliklə Sələfilik arasında əsas etiqadi fərqi qısa şəkildə araşdıraq:

Əhli-beyt davamçıları insanları Quran, sünnə və Əhli-beyt yoluna, sələfilər isə Quran, sünnə və sələflərin yoluna dəvət edirlər. Onlar “sələf” dedikdə səhabələri və onlardan sonra gələn iki nəsli, yaxud İslam tarixinin ilk üç əsrinin görkəmli şəxslərini nəzərdə tuturlar. Göründüyü kimi, fikir ayrılığı yalnız üçüncü qaynaqdadır. Belə ki, Əhli-beyt davamçıları Quran və sünnənin, İslam etiqadlarının və şəriətinin mübahisəli məsələlərini Əhli-beytdən – yəni Peyğəmbərin öz ailəsi arasından seçdiyi və elminin varisi olan xüsusi şəxslərdən, sələfilər isə digər səhabə, tabei və alimlərdən öyrənirlər. Görək bunların hansı biri kitab və sünnəyə əsaslanır? Yəni Quranın və Peyğəmbərin özü fikir ayrılığı zamanı kimə müraciət etməyi tapşırmışdır?

Öncə qeyd edək ki, bəhanələrin qarşısını almaq üçün burada da Əhli-beyt vasitəsi ilə deyil, digər səhabə və tabeilər vasitəsi ilə nəql olunan Peyğəmbər hədislərindən istifadə edəcək, Şiə kitablarından deyil, sələfilərin mötəbər saydığı kitablardan sitatlar gətirəcəyik.


6. 1. Əhli-beyt yolunun dəlilləri

1. Təthir ayəsi: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi paklamaq istər!“ (Əhzab/33)

Təbii ki, ayədə məqsəd fiziki çirkinlik deyil, mənəvi və əxlaqi qüsurlar, günah və sapınmalardır. İslam hədislərinə əsasən, “Əhli-beyt” sözündə məqsəd isə Peyğəmbərin bütün ailə üzvləri yox, Əli, Fatimə, Həsən və Hüseyndir. Nümunə üçün, Səhih-Müslimdə nəql olunmuş hədisə nəzər salaq:

Aişə deyir: “Peyğəmbər səhər çağı çiynində yun parça otaqdan çıxdı. Həsən ibn Əli gəldi. Peyğəmbər onu əbanın altına saldı. Sonra Hüseyn gəldi - onu da əbanın altına saldı. Sonra Fatimə gəldi - onu da əbanın altına saldı. Sonra Əli gəldi - onu da əbanın altına saldı. Daha sonra isə bu ayəni oxudu: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi paklamaq istər!“ (Müslim, 4/1883, h: 2424)

Hədis əksər rəvayət kitablarında mövcuddur və məzhəbindən asılı olmayaraq, demək olar ki, bütün alimlər tərəfindən qəbul olunur. Tirmizinin nəql etdyi oxşar hədisdə isə deyilir ki, hadisə Ümm Sələmənin evində baş vermiş, bu zaman Ümm Sələmə Peyğəmbərdən soruşmuşdur: “Ey Allahın rəsulu, mən də Əhli-beytdənəmmi?!” Peyğəmbər isə onu əbanın altına salmayaraq buyurmuşdur: “Sən öz yerində qal, sən xeyirdəsən” (Yəni Əhli-beytdən sayılmırsan). (Tirmizi, 6/132, h: 3787)

Bu ayəyə əsasən, Əhli-beyt günahlardan uzaqdır və yolunu azmaz. Odur ki, mübahisəli məsələlərdə etimadlı mənbə tapmaq üçün uzağa getmək lazım deyil, Quranın xüsusi mesajlara malik bu kimi ayələrinə əməl etmək və Əhli-beytə üz tutmaq lazımdır.
2. Səqəleyn hədisi: Cabir ibn Abdullahın rəvayətinə əsasən, Allahın rəsulu həcc zamanı, Ərəfə günü müsəlmanlara buyurdu: “Ey müsəlmanlar! Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim. (Tirmizi, 6/131, h: 3786)

Zeyd ibn Ərqəmin rəvayətində isə belə buyurur: “Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız. Onların daha böyük olanı Allahın kitabıdır... O birisi isə Əhli-beytimdir. Onlar qiyamətə qədər bir-birindən ayrılmazlar”. (Tirmizi, 6/133, h: 3788)

İslam alimlərinin böyük əksəriyyəti, o cümlədən məşhur sələfi hədisşünası Şeyx Albani bu iki hədisi, eləcə də Səhih-Müslim, Müsnəd-Əhməd və digər kitablarda yer almış oxşar hədisləri səhih sayır. Peyğəmbər bu hədisi dəfələrlə, həm də ömrünün sonunda buyurmuş, son vəsiyyəti kimi Quranı və Əhli-beyti tapşırmışdır. Yuxarıdakı Təthir ayəsindən əlavə, bu mütəvatir hədis də Əhli-beytin məsum olduğunu göstərir. Peyğəmbər bu hədislə Əhli-beytin söz və əməllərinin doğruluğuna, hidayətdən kənar və Qurandan ayrı olmadığına zəmanət vermiş olur. Bundan əlavə, bu hədisə əsasən, Peyğəmbərin hər hansı məsələyə dair fikrini məhz Əhli-beytdən öyrənmək lazımdır. Çünki Peyğəmbərin öz övladlarının – haqqında bu qədər fəzilətlər bəyan olunmuş Əhli-beytin nəql etdiyi hədislər digər səhabə və tabeilərin nəql etdiklərindən daha etibarlıdır və Peyğəmbərin özü məhz bunu vəsiyyət etmişdir.

Əhli-beytə dair həmçinin Məvəddət, Vilayət, İtaət, Mübahilə və digər ayələri, On iki əmir, Qədir-Xum, Nuh gəmisi və digər hədisləri də qeyd etmək olardı. Lakin yuxarıdakı bir ayə və bir hədisin yetərincə konkretliyini nəzərə alıb yazını uzatmaq istəmirik.


6. 2. Sələf yolunun dəlilləri

İndi isə İbn Teymiyyə, İbn Qəyyim başda olmaqla sələfilərin dəvət etdiyi yolun dəlillərini araşdıraq:



1. Tövbə surəsi, ayə 100: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Qeyd etmək lazımdır ki:

Əvvəla, ayədəki “irəli düşən mühacirlər və ənsar” məhz Allaha iman gətirməkdə irəli düşənlərdir. Bu baxımdan, ayə İslam inancına dairdir və hər məsələdə deyil, bu məsələdə ilk səhabələrə tabe olanlar təriflənir, onlara Allahın razılığı və cənnət vəd olunur. Təbii ki, İslam dəvətinin ilk çağlarında, məşəqqət dolu Məkkə dövründə müsəlman olanların imanı daha səmimi və düzgün olmuşdur. Odur ki, digər insanlara da belə səmimi və təmənnasız iman gətirmək tövsiyə olunur.

İkincisi, Quranın bir ayəsindən tələsik hökm çıxarmaq olmaz, hər hansı hökmdən qabaq onun bütün ayələrini araşdırmaq lazımdır. Quranın “Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz, açıq-aşkar azmışdır!” (Əhzab/36), “Kim zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zilzal/8) kimi çoxlu ayələrinə əsasən, demək olar ki, bu ayə səhabələrin iman gətirməsi ilə bağlıdır və onların bütün əməllərinə yekun qiymət sayılmır. Həm də səhabələrin doğru və haqlı əməllərində onlara tabe olmaq lazımdır, hər əməldə yox.

Üçüncüsü, səhabələr arasında kifayət qədər fərqli, bir-birinə zidd və hətta düşmən fikirlər mövcud olmuşdur. Belə olan halda, Allah onların hamısını höccət və meyar təyin edə bilərmi?! Hikmətli Allahın müsəlmanları belə ziddiyyətli yollar ayrıcında qoyması mümkündürmü?! Üstəlik, dərhal sonrakı ayədə deyilir: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq”.

Dördüncüsü, ayənin özü bu təfsiri inkar edir və səhabələrin əməllərinin höccət olmamasına əsas verir. Çünki əvvəla, onlar bir-birinin əməllərini höccət saymamışlar və onlara tabe olsaq, biz də höccət saymamalıyıq; ikincisi isə, fikir ayrılığı olan məsələlərdə birinin əməlinə tabe olmaq, mütləq o birinə tabe olmamaqla nəticələnir.


2. Səhih-Buxari, hədis: 2652, 3651, 6429: "Ən xeyirli insanlar (və ya nəsil) mənim dövrümün insanlarıdır, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər".

Qeyd etmək lazımdır ki:

Əvvəla, hər hansı dövrün adamlarının xeyirli olması nisbi məsələdir və onların hamısının əməllərinin düzgün və ya xeyirli olmasına dəlalət etmir. Həmin dövr əslində faiz etibarilə yaxşı insanların sayı, İslamın möhkəmlənməsi və yaxud Əhli-beyt imamlarının məhz həmin dövrdə yaşaması baxımından xeyirli ola bilər.

İkincisi, insanların xeyirli olması onların əməllərinin digərlərinə meyar olması anlamına gəlmir. Yalnız məsum olanların əməlləri meyar ola bilər ki, səhabələr barədə belə iddia yoxdur. Səhabələrin icmasına – onların hamısının ortaq düşüncə və əməllərinə gəldikdə isə, bunlar o qədər azdır ki, mövcud ixtilafların həllində rol oynamırlar.

Üçüncüsü, həmin dövrün alimləri, səhabə və tabeilər arasında yetərincə konflikt olmuş, bəzən bir-birini kafir saymış, hətta qətlə yetirmişlərsə, əksər firqə və məzhəblər də məhz həmin dövrdə yaranmışdırsa, o – yəni İslamın ilk üç nəsli və ya əsri necə meyar ola bilər?!
3. Hidayət hədisi: İbn Abbasdan nəql olunan hədisdə Peyğəmbərin belə buyurduğu qeyd olunub: “Mənim səhabələrim ulduzlar kimidir. Hansına üz tutsanız, hidayət olarsınız”.

Qeyd etmək lazımdır ki:

Əvvəla, hədisin sənədi zəifdir. Əhməd ibn Hənbəl, Dariqutni, İbn Həzm, Beyhəqi, İbn Əsakir, İbn Cövzi, İbn Həcər Əsqəlani, Süyuti, İbn Teymiyyə, Şovkani, Albani və digərləri onu zəif saymışlar.

İkincisi, hədisin mətni də problemlidir. Belə ki, hər bir ulduz yolçuya düzgün istiqamət göstərmir. Bu, xüsusi ulduzlara aiddir.

Üçüncüsü, qəti tarixi faktlar bunu inkar edir. Tarixdə bəzi səhabələrin yollarını azması, haqdan dönməsi, bir-birini qətlə yetirməsi qeyd olunub. Bu baxımdan, onların hamısı hidayət məşəli ola bilməzlər.

Bu tip hədislər Peyğəmbərin Əhli-beyt haqqında buyurduğu bəzi hədislərə qarşı uydurulub. Məsələn, Hakim Nişapuri Buxari və Müslimin şərtlərinə cavab verən səhih sənədlə nəql etdiyi hədisdə Peyğəmbərin belə buyurduğunu yazır: “Ulduzlar insanları suda qərq olmaqdan qoruduğu kimi, Əhli-beytim də ümmətimi ixtilafdan qoruyur. Hansı ərəb qəbiləsi ona qarşı çıxsa, ixtilaf törətmiş və şeytan dəstəsindən olmuşdur”. (Hakim Nişaburi, 3/162, h: 4715)


4. İftiraq hədisi: Peyğəmbərə aid edilən bir hədisdə deyilir: “Yəhudilər 71 firqəyə, məsihilər 72 firqəyə bölündülər. Mənim ümmətimsə 73 firqəyə bölünəcək”. Bəzi hədislərdə belə bir əlavə var: “Birindən başqa onların hamısı cəhənnəmlikdir”. Qurtulacaq firqə haqqında da Şiə və Əhli-sünnə hədislərində müxtəlif fikirlər gözə çarpır. Belə ki, “Ey Peyğəmbər! Qurtulacaq firqə hansıdır?” – deyə soruşana onun “Camaatla olan”, “Mənim və səhabələrimin yolu”, “Əhli-beytimin yolu”, “Mən və şiələrim (ardıcıllarım)” və digər cavablar verdiyi bildirilir. Sələfilər bu hədisdən istifadə edərək səhabələrin yolunu xilas olacaq yeganə yol sayır, bəziləri isə aldıqları təkfir tərbiyəsinə uyğun olaraq, Əhli-beyt yolu olan Şiəliyi ümumiyyətlə 73 firqədən hesab etmir və İslamdan kənar adlandırırlar.

Qeyd etmək lazımdır ki:

Əvvəla, bu hədis sənəd baxımından etibarsızdır. O, Əhli-sünnənin iki Səhih kitabında, eləcə də Şiənin dörd əsas hədis kitabında gəlməmişdir. Sənəd baxımından qüsurlu olan “Rövzə əl-Kafi”də və digər Şiə kitablarında, həmçinin sünni mənbələri arasında Müsnəd-Əhməd, Sünən-İbn Macə və digər əsərlərdə qeyd olunmuşdur. Rəvayət sənədində mövcud qüsurlara görə məşhur hədisşünas alim İbn Həzm yazır ki, bu hədis hətta etiqadi məsələlərdə vahid hədisi mötəbər sayanların meyarına əsasən də səhih deyil. (İbn Həzm Ə. “Əl-Fəsl fi əl-miləl”, 3/138) Sələfi imamı Şovkani hədisin “birindən başqa hamısı cəhənnəmlikdir” hissəsini zəif sayır. Yeri gəlmişkən, Əbu Davudun, Tirmizinin, İbn Macənin, İbn Hibbanın və Hakimin Əbu Hüreyrədən nəql etdiyi oxşar hədislərin zəif olmasından əlavə, onlarda bu hissə yoxdur. İbn Vəzir bütün hədisi, xüsusən də sözügedən hissəni şübhə altına salaraq onun İslama zərbə vurmaq üçün dinsizlər tərəfindən artırıldığını istisna etmir.

Müasir Əhli-sünnə alimi Şeyx Yusif Qərzavi də bəzi rəvayətçilərini nəzərə alaraq, hədisi zəif hesab edir. Qərzaviyə görə, bəzi hədisşünaslar, o cümlədən İbn Teymiyyə müxtəlif vasitələrlə nəql olunduğuna görə onu səhih saymışdır. Halbuki hədisin məzmunu nöqsanlı, yaxud ona müxalif ayə və ya hədis mövcud olduqda bu qayda ilə səhih saymaq doğru deyil. Necə ki, hədisşünaslar bir çox hədisləri məhz buna görə səhih saymamışlar. (Qərzavi Y. “Əs-Səhvə əl-islamiyyə”, 34-39)

İkincisi, müəyyən şərtlərə görə hədisi qəbul etmək mümkün olsa da, bu yalnız birinci hissəsinə aiddir. Həm də ən azından xəbər vahiddir və belə hədislərlə müsəlmanların imanını şübhə altına salmaq olmaz.

Üçüncüsü, hədisin mətnində ciddi qüsurlar var və Qurana ziddir. Bu hədis İslam ümmətini xristianlıq və yəhudilikdən də pis və cəhənnəmlik ümmət kimi göstərir. Hələ qurtulacaq firqənin yalnız sələfilikdən ibarət olduğunu düşünsək, vəziyyət çox bərbad olar və kiçik bir qrupu çıxmaqla bütün müsəlmanların cəhənnəmə gedəcəyini söyləmək lazım gələr. Bu isə “Ali-İmran” surəsinin 110-cu ayəsi ilə daban-dabana ziddir: “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.”

Dördüncüsü, bu hədis rəsmən təkfirçiliyə rəvac verib müsəlmanları bir-birinə qarşı qaldırır ki, bu da Quranın “Bütün müsəlmanlar qardaşdır” (Hucurat, 10), “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (Ənfal, 46) kimi çoxlu ayələrinə, eləcə də Peyğəmbərin “Allan Onun razılığından ötrü (ixlasla, səmimi şəkildə) “La ilahə illəllah” deyənlərə cəhənnəm alovunu haram etmişdir” (Buxari. Əs-Səhih, 2/59, h: 1186), “La ilahə illəllah” deyib mənim Allahın elçisi olduğuma şəhadət verənlər cəhənnəmə daxil olmazlar” (Müslim, 1/61, h: 33 (54)) kimi çoxlu hədislərinə, həmçinin fitnədən uzaq durmağa dair əmrlərinə ziddir. Unutmayaq ki, İftiraq hədisində söhbət Məhəmməd ümmətindən, yəni tövhid və nübüvvəti qəbul edənlərdən gedir, kafir və ya mürtədlərdən deyil. Bu hədisdən sonra isə təbii ki, hər bir firqə və məzhəb özünü xilas olacaq yeganə firqə elan edib digər müsəlmanların yollarını azdığını və cəhənnəmə gedəcəklərini söyləyər.

Beşincisi, “Mənim və səhabələrimin yolu” nə deməkdir və hansı anlaşılmazlığı həll edir? Məgər səhabələrin hamısı eyni eiqadlara malik olmuş, eyni düşünmüşlər?! Məgər səhabələr arasında müharibə baş verməyib, bir-birini kafir adlandıran, bir-birini lənətləyən olmayıb?! Məgər Qurani-kərim bəzi səhabələri məzəmmət etmir, fasiq və hətta münafiq adlandırmır?! (Bax: Tövbə/101; Hucurat/6; Münafiqun/1-2 və s.) Elə isə Peyğəmbərə aid edilən bu söz onların hansının haqlı olduğunu bildirir və uyğun ixtilaflara nə çarə qılır?!


Yekun söz

Deyilənlərdən aydın olur ki, sələflərin – yəni bütün səhabə və tabeilərin yolunun haqq və əməllərinin örnək olmasına dair dəlil yoxdur, bunu nə ağıl təsdiqləyir, nə də tarixi faktlar. Əhli-beyt yolunun haqq və meyar olması isə Quran və sünnəyə istinadla sübut olunur, ağılla və tarixi faktlarla təsdiqlənir.

Beləliklə, Şiəlik Sələfilik kimi digər müsəlmanlara qarşı nifrət aşılayan və təkfirçiliyə meylli saxta hədisləri bayraq edən bir cərəyan olsaydı, etiqadlarını isbatlamağa çətinlik çəkərdi. Lakin o, Peyğəmbərin dövründə bəlli xətləri ilə seçilmiş, Allah rəsulunun ən yaxın adamı olmuş Əliyə və digər Əhli-beytə bağlı bir firqədir, etiqadlarını da Qurandan, Peyğəmbər sünnəsindən və mübahisəli məqamlarda Əhli-beytin açıqlamalarından alır. Şiə etiqadları Qurana zidd olsaydı, nə vəhhabilər körfəz neftinin bitib-tükənməyən pulları və dünyanın ən güclü dövlətlərinin siyasi dəstəyi ilə ona qarşı bu qədər dəridən-qabıqdan çıxar, nə də bu qədər vəhhabi alimi şiə olardı. Şiə etiqadları Qurana zidd olsaydı, İbn Teymiyyə Şiə mütəkəllimi Əllamə Hillinin bircildlik “Minhac əl-kəramə” kitabını səkkiz cildlə tənqid etməyə çalışmazdı. Görünür Hillinin dəlilləri o qədər də zəif, yaxud vəhhabilərin dediyi kimi, Qurana zidd olmayıb!

Şiə etiqadları Qurana tam uyğun və Quranla isbatı olduqca asandır. Bu baxımdan, ən qərəzli, ən təəssübkeş şiənin də insanların hidayəti üçün nazil edilmiş Allah kitabını sevməməsinə heç bir əsas yoxdur. Əslində, Qurani-kərim Əməvilərə yaxınlığı ilə seçilən sələfilərin etiqadlarına ziddir. Çünki bu müqəddəs kitabda Əhli-beytin adı keçib; hansı ki, Peyğəmbərin özü daxil “Əhli-beyt” kimi təqdim etdiyi 5 nəfərin məhz 3-ü – Əli, Həsən və Hüseyn Əməvilərin zülmü nəticəsində qətlə yetirilmişlər. Çünki bu müqəddəs kitabda Təthir ayəsi var, Peyğəmbər yaxınlarına sevgi vacib buyurulub, rükuda zəkat verənlərin itaəti tapşırılıb, Əliyə Peyğəmbərin özü deyilib və sair.

Təbii ki, əsl Şiəliklə haradasa mövcud olan, kimlərinsə əməlində görünən və ya təsəvvüründə canlanan Şiəlik arasında fərqlər ola bilər. Biz burada Şiə adına bağlanan hər bir etiqad və əməli müdafiə etmək fikrində deyilik. Öz vətənimizdə mövcud olan, xalqın düşüncə və əməllərində görünən Şiəliyi də qüsursuz saymırıq. Lakin bundan sui-istifadə edib Əhli-beyt məzhəbini günahlandıran vəhhabi sələfilərindən fərqli olaraq, 70 illik ateist-marksist təfəkkürünün amansız istismarını, böyük din alimlərinin repressiya qurbanına çevrildiyini, Şiəliyin əsasən məhdud savadlı ruhanilər tərəfindən təbliğ olunduğunu nəzərə alırıq. Bizim dərk etdiyimiz Şiəlik Əhli-beytin məhəbbətini və rəhbərliyini əsas bilməkdən əlavə, hər bir xurafatdan uzaq duran, İslam birliyini prioritet seçən, Peyğəmbər zövcələrini uca tutan, Əhli-sünnəni qardaşı deyil, özü və canı bilən, onun sevdiyi hər bir şəxsin gizli və aşkarda hörmətini saxlayan firqədir. Biz digər düşüncələrə malik insanlarla eyni cəmiyyətdə söyüşmədən-didişmədən, sivil və normal şəkildə yaşamaq mədəniyyətindən məhrum olan bəzi bədəvilərdən fərqli olaraq, digər din və məzhəblərin ardıcıllarını söymür, inanclarını aşağılamır, başa düşürük ki, əvvəlcə insan, müsəlman və sonra şiəyik.


Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə