Qurban bayramı
Bütün müsəlman aləmində Qurban bayramı hər il hicri təqvimi ilə
Zilhiccə ayının 10- cu günündən başlayır və adətən 3 gün davam edir.
Dini Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən
əhvalatdan sonra yaranmışdır. Beləki, yuxuda Allah (S. S.) İbrahim
peyğəmbərə oğlu İsmayılı qurban verməyi ( onların Allaha inamını
yoxlamaq üçün ) əmr etmişdir. İbrahim əsl dindar kimi Allahın əmrini
yerinə yetirməyə hazır olmuş, İsmayıl özü də qurban olmağa
razılaşmışdır. Lakin uca Allah bunu öz elçisinə rəva bilməmiş və
qurbanlıq üçün ona bir qoç göndərmişdi. Buna görə də bu bayramda
kəsilən qurbana “İsmayıl qurbanı” da demişlər.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib
sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iri buynuzlu dana, yaxud da
dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna
görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq
qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana,
yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında
kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı
nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan , axtalanmış
heyvanın qurban kəsilməsi İslam da məsləhət görülmür. Kəsiləcək
qurbanlıq gözəgəlimli olmalıdır. Qurbanın bir hissəsindən din
xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya
bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.
Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu
gün həmin mərasimlərə dəvət olunurlar.
Qurbanlığın şərtlərindən bir də budur ki, qurban kəsmək yalnız buna
imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama
isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan
almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti
zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı
sevinməlidir: varlılar- Allaha xoş gedən əməli icra etdikləri və kasıbları
sevindirdiklərinə görə, kasıblar isə - dünya nemətindən əldə etdiklərinə
və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Çox sevdiyi övladını Allh yolunda qurban verməyə hazır olması
peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin
bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə allaha
imanın, dərin etiqatın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-
əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban
kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları
qurban verməyə ayinlərinə rast gəlmək mümkündür. Məsələn,
atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın
olduqlarını göstərərdilər. Qədim Çində də insanları tanrılara qurban
vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz
olunmaq üçün uşaqları suya atırdılar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul
etdiyi 1992- ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının
bayramları haqqında” Qanuna əsasən qurban bayramı ölkəmizdə də
dövlət səviyyəsində bayram edilir.
Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir icra
edirlər.
Allah kəsilən bütün qurbanlarımızı qəbul etsin!