Ramin allahverdi TƏQVİm miFLƏRİ VƏ novruz baki 2013 Elmi redaktor: Seyfəddin rzasoy



Yüklə 0,67 Mb.
səhifə1/9
tarix08.04.2018
ölçüsü0,67 Mb.
#36628
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________


RAMİN ALLAHVERDİ

TƏQVİM MİFLƏRİ

VƏ NOVRUZ


BAKI - 2013

Elmi redaktor: Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru


Rəyçilər: Xatirə BƏŞİRLİ

filologiya üzrə elmlər doktoru



Adil CƏMİL

filologiya üzrə fəlsəfə doktoru



Ramin Novruzəli oğlu Allahverdi (Allahverdiyev). Təq­vim mifləri və Novruz. Bakı, Nurlan, 2013, 180 s.

Monoqrafiyada Azərbaycan türklərinin zamanla (zaman-məkan kontinuumu ilə) bağlı mifoloji görüşləri, təqvimi dünyabaxışları ümum­türk kontekstində tədqiq olunur. Kitabda elmi təhlillər dünyanın bir çox xalqlarının zamanla ilişgili əski əsatiri görüşləri ilə müqayisə müstəvisində də apa­rılır. Həmçinin Novruz mərasimlərində kristallaşmış bir çox mi­fopoetik semantik laylar aktual elmi-nəzəri metodların kö­məyi ilə aşkara çıxarılır.

Monoqrafiya mütəxəssislər, ali məktəb müəllimləri və tələbə­lər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

folklorinstitutu@com


A 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013


© Folklor İnstitutu, 2013

MİFİK ZAMAN VƏ NOVRUZ

FENOMENİNƏ YENİ BAXIŞ
Hörmətli oxucular, R.Allahverdinin sizlərə təqdim olunan «Təqvim mifləri və Novruz» monoqrafiyasının elmi əhəmiyyəti ilk növbədə onda aprobasiya olunan mövzunun tematik oriji­nallığı ilə şərtlənir. Belə ki, mövzu ilk baxışdan mif mətn­lə­ri­nin ana tiplərindən olan zaman-təqvim miflərinin ümu­mnəzəri poe­tikası təsiri bağışlasa da, bu mövzu öz fəlsəfəsi baxımından dünya fəlsəfi fikrinin minillər boyu həll edə bilmədiyi bir sualın – «Zaman nədir?» probleminin həllinə həsr olunmuşdur.

«Zaman nədir» sualı dünya intellektinin qərinələr boyu cavab axtardığı və hər dəfə öz verdiyi cavabla qane olmadığı fundamental kosmik problemdir. Bəşəriyyət öz ilkin duru­mundan hazırkı intellektual səviyyəsinə, əslində, bu suala cavab axtara-axtara gəlib çıxmışdır. Varlıq aləminin məkan-zaman kosmik kontinuumunun ən mürəkkəb tərəfi, xassəsi, keyfiyyəti olan zaman öz mahiyyətini insan intellektindən gizlətməkdə, özünü intellektual epoxalar boyunca çox kiçik praporsiyalarda təzahür etdirməkdə davam edir. Elmin zaman anlayışından hər kiçik bir detalı belə «fəth etməsi» elm tarixində böyük kəşflərə gətirir. Hal-hazırda qeyri-xətti, qeyri-səlis sistemlərin tədqiqini nəzərdə tutan sinergetik yanaşmalarda «sinergetik tempaləmlər» anlayışına gəlib çıxılması elmi zamanın teokosmik mahiyyətinə yaxınlaşdırmaqdadır. Bu da öz növbəsində miflərin tədqiqini indi heç vaxt olmadığı kimi aktuallaşdırmış olur.

Sinergetika varlığın dərkində artıq xaosun astanasına gəlib çıxmışdır. Xaos kosmosun qurtardığı, insan düşüncəsi üçün bilinməz bir aləmin başlandığı məqamdır. Dünya elminin XX əsrin ikinci yarısından etibarən kəşf etməyə başladığı xaos minillər boyu miflərin əsas məzmununu təşkil edir. Bu cəhətdən miflər kosmosla xaos arasında vasitə, keçid məqamını təşkil edən aləm kimi, əslində, «zaman nədir» sualının teokosmik mahiyyətini də özündə gizlədir. R.Allahverdinin «Təqvim mif­lə­ri və Novruz» adlı tədqiqatının mövzusu öz fəlsəfi-nəzəri əsas­ları etibarilə bu aktual məqama bağlanır. Başqa sözlə, tədqiqat işinin əsas mahiyyəti «Zaman nədir» sualına türk mifik düşün­cə­sinin təqvim miflərində reallaşmış mətnləri əsasında cavab axtarılmasıdır.

R.Allahverdi problemin həlli zamanı üç əsas baxış buca­ğından yanaşıb:

Birincisi, mifoloji zaman və onun məkani obrazları olan təqvim modelləri haqqında dünya elmi-nəzəri fikrinin öyrə­nilməsi;

İkincisi, problemlə bağlı Azərbaycan alimlərinin fikrinin öyrənilməsi;

Üçüncüsü, problemin türk mifik təfəkkürünü gerçəkləş­dirən mətnlərdən öyrənilməsi.

R.Allahverdi monoqrafiyada bu üç fikir axınını nəinki bir­ləşdirməyi bacarmış, eyni zamanda əsas işi – nəzəri-praktiki materialları mənimsəyib ümumiləşdirərək, onların fövqündə öz tədqiqatçı sözünü deməyi bacarmışdır. Məhz bunun nəticəsi ola­raq R.Allahverdinin tədqiqatının nümunəsində artıq hu­mani­tar-filoloji fikir dövriyyəsinə türk mifoloji zamanının təqvim miflərində reallaşmış «səsi» daxil edilmişdir. Bu, sözün hər iki – həqiqi və məcazi mənasında bir elmi hünərdir.

Monoqrafiyada müəllifin əsaslandığı əsas nəzəri-meto­do­loji postulat ondan ibarətdir ki, türk mifik təfəkküründə zaman maddiləşərək modelləşir: maddi varlıqlar görkəmində reallaşır, başqa sözlə, bu maddi varlıqların modelləri kimi qavranılaraq təqdim edilir.

R.Allahverdi mifik zaman modellərinin təqdimatında onun canlı varlıqlar şəklində maddiləşməsinin bioklas­sifi­kasi­ya­sına əsaslanmışdır. Bu cəhətdən zamanın zoomorfik modellərin­də on iki heyvanı təmsil edən on iki illik qədim türk təqvim sistemi zamanın türk mifik təfəkküründə on iki heyvan gör­kəmində modelləşməsinin təzahürü kimi aydınlaşdırılır. Hər bir zoomor­fik zaman modelinin ayrılıqda mifoloji semantikası, xü­susilə, zaman-məkan kontinuumu ilə bağlı semantik layları üzə çıxa­rılır. Zamanın antropomorfik modellərində insan şək­lində qav­ranılaraq modelləşən zaman modellərinin mifoloji se­mantikası, xüsusilə, zaman-məkan kontinuumu ilə bağlı se­man­tik laylar müəyyənləşdirilir. Zamanın bitkisəl modelində Dünya Ağacı şəklində qavranılan zaman modelinin zaman-məkan kontinuumu ilə bağlı mifoloji semantikası üzə çıxarılılr. Cansız varlıqlar görkəmində modelləşən zaman modellərində Ay, Gü­nəş, Dan ulduzu, Ülkər, alma, ərik və s. modeli kimi qav­ranı­lan zaman modellərinin mifoloji semantikası müəy­yənləşdirilir.

Tədqiqatda Azərbaycan xalqının folklor məfkurəsində Za­man məfhumunun məxsusi poetik modelləri rekonstruksiya olunur. Mifoloji təfəkkürdə on ikilik təqvim modelinin zaman məfhumunun (zaman-məkan kontinuumunun) simvolu kimi işarələnməsi aşkarlanır və onun kosmoqonik tamlığın işarəsi olması müəyyənləşdirilir.

Araşdırmada ən böyük təqvim mərasimlərimizdən olan Novruz mərasimlərinin ritual-mifoloji mahiyyətini təşkil edən arxaik, arxetipik semantik laylar üzə çıxarılır.

Qeyd etmək istərdik ki, R.Allahverdinin Novruz bayramı ilə bağlı Azərbaycan folklorşünaslığında stereotipləşmiş ya­lanları aradan qaldırması onun novruzşünaslıq sahəsində xüsusi xidmətidir. Müəllif göstərir ki, Azərbaycan folklor­şünasları bir ənənə olaraq Nizamülmülkün «Siyasətnamə»sini Novruz bay­ramı haqqında məlumatların verildiyi əsas mənbələr sırasında qeyd edir və bu zaman «Siyasətnamə»nin 1987-ci ildə S.Rə­himovun tərcüməsində çap olunmuş nəşrinə istinad edirlər. R.Allahverdi aşkarlamışdır ki, Azərbaycan novruzşünasları göstərilən nəşri, demək olar ki, oxumamışlar. Çünki «Siya­sət­na­mə»nin nə 1987, nə 1989, nə də 2007-ci il nəşrlərində Novruz bayramı haqqında heç bir məlumat verilmir.

Bəs Azərbaycan folklorşünaslığında belə eybəcərliklər nədən qaynaqlanır? Bununla bağlı qeyd etmək istərdik ki, R.Allahverdinin diqqət yönəltdiyi bu məqam, əslində, başqa forma və məzmunlarda Azərbaycan foklorşünaslığında zərərli bir tendensiya kimi davam etməkdədir. Son dövr Novruz bay­ramı ilə bağlı tədqiqatlarda Novruza həsr olunmuş türk və rus dilli tədqiqatlardakı məlumat və ədəbiyyatların mexaniki şəkildə mənimsənilməsi yolu ilə ştampovka əsərlərin meydana çıxması bölgələrdə əsrlər boyunca yaşanan Novruz bayramının əsil milli siması və elmi obrazının hələ də tədqiqatlardan kə­narda qalmasına rəvac verməkdədir.

R.Allahverdinin «Təqvim mifləri və Novruz» əsərinin «Mi­foloji təfəkkürdə zaman və təqvim» adlanan birinci fəslində problem «Zamanın mifoloji təfəkkürdə modelləşməsi» («Zoo­morfik modelləşmə», «Antropomorfik modelləşmə», «Biomor­fik (bitkisəl) modelləşmə», «Cansız varlıqlarla (astral-əşyəvi) modelləşmə»), «Folklorda zamanın poetik modelləri», «Mifoloji düşüncədə zamanın on iki sayı ilə modelləşməsi» strukturunda öyrənilmişdir.

Araşdırmanın «Təqvim mərasimlərinin ritual-mifoloji se­man­tikası» adlanan ikinci fəslində problem aşağıdakı ardı­cıllıq üz­rə tədqiq edilmişdir: «Təqvim mərasimləri və Nov­ruz», «Nov­ruz bayramı şifahi və yazılı ədəbiyyatımızda», «Çər­şən­bələr təq­vim mərasimləri kimi», «Çərşənbələrin ritual-mifoloji se­man­tikası», «Novruz təqvim-ritual kompleksində tonqal (od) və su simvolları», «Novruz bayramının ritual-mifoloji semantikası».

Monoqrafiyanın «Nəticə» hissəsində əldə olunan qənaətlər ümumiləşdirilmiş, əsas fikir və mülahizələr şərh olunmuşdur.

Tədqiqatda istifadə olunmuş ədəbiyyat problemlə bağlı elmi-nəzəri minimumu və praktiki ədəbiyyatları əhatə edir. Burada Azərbaycan və dünya alimlərinin mövzu ilə əlaqədər tədqiqatlarından istifadə öz əksini tapmışdır.

R.Allahverdi sitatlardan elmi tələb və normalara uyğun istifadə etmişdir. İstifadə olunmuş hər bir fikrin mənbəyi dəqiq göstərilmişdir. Sitatlar verilərkən onların aydın şəkildə bilin­məsi, kimə aid olması prinsipi gözlənilmişdir. Əsərdə sitatçılığa yol verilməmişdir. İstifadə olunmuş hər bir fikrə münasibət bildirilmişdir.

Monoqrafiyanın mühüm keyfiyyətlərindən biri də müəl­lifin polemika tələb olunan məqamlarda bundan yan keçməməsi, cəsarətli, ağıllı, elmi məntiq və etikaya uyğun polemika apar­masıdır. Məsələn, Azərbaycan ictimai fikrində çərşənbələrin ad­ları ilə bağlı son onillikdə yaranmış dolaşıqlığa münasibətdə R.Allahverdi aydın və dəqiq mövqe nümayiş etdirmişdir.

Qeyd edək ki, R.Allahverdi müstəqil düşüncəyə sahib olan tədqiqatçıdır və bu baxımdan, o tədqiqat prosesində qarşılaşdığı bütün elmi informasiyaları öz intellektual süzgəcindən keçir­dikdən sonra işə tətbiq etmişdir.

R.Allahverdinin AMEA Folklor İnstitutunun doktorantı kimi akademik elmi axtarışlarının məhsulu olan bu əsərinin oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq. Sərrast elmi dillə, dərin məntiqi mühakimələrlə yazılmış «Təqvim mif­ləri və Novruz» monoqrafiyası yeni elmi fikir və əsas­landırılmış polemikalarla zəngindir. Tədqiqatda xüsusilə milli varlığımızın yeni epoxada özünütəşkil proseslərinin mühüm mexanizm­lə­rin­dən olan Novruz bayramı haqqında bir sıra yeni və fundamential baxışların ortaya qoyulması bu işin Azərbaycan elmi fikir dövriyyəsində özünə möhkəm yer tutacağına və novruzşünaslıq sahəsindəki tədqiqatları sağlam istiqamətə yönəldəcəyinə ümid və zəmanət verir.


Seyfəddin RZASOY

AMEA Folklor İnstitutu

Mifologiya şöbəsinin müdiri,

filologiya üzrə fəlsəfə doktoru

GİRİŞ
Folklorşünaslığımızda təqvim miflərinin araşdırılması bü­tövlükdə Azərbaycan türklərinin mifoloji sisteminin daha dərin­dən öyrənilməsi baxımından mühüm bir məsələdir. Ümumtürk, o cümlədən Azərbaycan türk mifik görüşlərinin əsas nüvəsini təşkil edən zamanla (zaman-məkan kontinuumu ilə) bağlı əsatiri görüşlərin araşdırılması vahid ümumtürk mifoloji sisteminin öyrənilməsi nöqteyi-nəzərindən də olduqca aktual bir məsələdir. Azərbaycan təqvim miflərinin tədqiq olunması bu ortaq vahid mifoloji sistemin sistemdaxili qarşılıqlı müna­sibə­tlərinin, təsir istiqamətlərinin, orijinal yerinin müəy­yənləşdirilməsi kimi mə­sələlərə aydınlıq gətirə bilir.

Zamanla bağlı əsatiri dünyagörüşlərin ehtiva olunduğu təqvim mifləri bu və ya digər etnosun bütövlükdə yaşam tərzinin həmin etnosun mifoloji məfkurəsində müəyyənləşmiş kodlarla, simvollarla ifadə olunduğu mürəkkəb işarələr sistemidir. Həmin işarələr sisteminin semantik qatlarının araşdırılması onu yaradan etnosun etnik-psixoloji, əxlaqi-mənəvi, mədəni və s. bu kimi spesifik xüsusiyyətlərinin öyrənilməsi prizmasından vacib bir problem olaraq qalmaqdadır.

Təqvim mifləri ümumilikdə mifoloji sistemin tərkib his­səsi olduğundan onun semantik laylarının üzə çıxarılması bü­tövlükdə bu sistemin öyrənilməsinə yönəldilmiş lazımi məsələ kimi də son dərəcə önəmlidir.

Bəşər tarixində şüurun ilkin inkişaf mərhələsi hesab olu­nan mifik təfəkkürün məhsulu sayılan mifoloji işarələr sis­te­minin dərindən öyrənilməsi ondan sonra gələn təfəkkür mər­hələlərinin (dini, bədii, fəlsəfi düşüncənin) materiallarının asan başa düşülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İlkin formalaşan dini görüşlərdə, eləcə də sonrakı formalaşmış din­lərdə özünü göstərən mifoloji təfəkkürün bu və ya digər ar­xetipləri, simvolları məhz mifoloji sistemin dərindən öyrə­nil­məsi nəticəsində anlaşılır. O cümlədən, müasir bədii yara­dı­cı­lıqda, bədii əsərlərdə bir sıra təhtəlşüuri olaraq simvollar şək­lində əksini tapan arxetiplərin də anlaşılması mifoloji sistemin dərindən öyrənilməsinin zəruriliyini ortalığa qoyur.

Vahid mifoloji sistemin aparıcı tərkib hissəsi olan təqvim miflərinin müxtəlif elementləri, simvolları təfəkkür tərzinin, xüsusən, xalq bəddi təfəkkürünün sonrakı inkişaf mərhələlərində müxtəlif folklor janrlarına səpələnmiş halda aşkarlanır. Ona görə də miflərin semantik laylarının üzə çıxarılması üçün aparılan digər tədqiqatlar kimi bu tədqiqat da qeyd etdiyimiz folklor janrlarına səpələnmiş mifoloji elementlərin, simvolların əsatiri məzmununun, mifoloji köklərinin aşkara çıxarılması baxımı­n­dan son dərəcə əhəmiyyətlidir.

Təqvim mifləri birbaşa mövsüm mərasimləri ilə vəhdət təşkil etdiyindən, başqa cür ifadə etsək, təqvim mifləri mövsüm mərasimlərinin mətn (işarələr sistemi) şəkli olduğundan, bu mənada birincinin araşdırılması, elə ikincinin tədqiq olunaraq öyrənilməsi deməkdir. Belə ki, ritual simvolların semantik lay­larını aşkara çıxarmaqdan ötrü, o cümlədən, həmin ritual sim­vollarla ritual subyektlərinin (ritual icraçılarının) qarşılıqlı mü­nasibətlərinin və bunun fonunda ortaya çıxmış digər semantik qatların dərindən araşdırılması üçün təqvim miflərinin tədqiqi məsələsi qaçılmaz bir zərurətə çevrilir. Burada ritual-mif kon­tekstinin öyrənilməsi də təqvim miflərinin tədqiq olun­ma­sından keçir. Göründüyü kimi, bütün bu qeydlərimiz Azər­bay­can folk­lo­runda təqvim miflərinin hərtərəfli öyrənilməsi məsələsinin aktuallığını bir daha təsdiqləyir.

Tədqiqatın obyektini Azərbaycan türklərinin kosmoqonik, təqvimi, zaman məfhumu (zaman-məkan kontinuumu) ilə bağlı əsatiri görüşlərinin əks olunduğu mifoloji mətnlər (eləcə də ümumtürk mifoloji mətnləri), həmçinin Azərbaycan folklorunun nağıllar, dastanlar, əfsanələr, bayatılar, atalar sözləri, tap­ma­ca­lar, inanclar və s. digər janrları təşkil edir.

Monoqrafiyanın predmeti kimi isə Azərbaycan mifoloji məfkurəsində təqvimi, zamanla (zaman-məkan kontinuumu ilə) bağlı əsatiri, ritual-mifoloji görüşlər nəzərdə tutulur. Novruz mə­rasimlərinin ritual simvollarının, bu simvollarla ritual sub­yektlərinin (icraçılarının) münasibətlərinin öyrənilməsi də araş­dırmanın predmetinə daxildir.

Azərbaycan türklərinin təqvimlə, zamanla (zaman-məkan kontinuumu ilə) bağlı mifoloji görüşlərini öyrənmək, həmçinin ümumtürk mifoloji sistemində bu mifik baxışların tutduğu yeri müəyyənləşdirmək, eləcə də ritual-mifoloji görüşləri özündə eh­tiva edən mifik mətnləri və digər faktiki folklor materiallarını dərindən təhlil edərək təqvim (Novruz) mərasimlərinin bütöv­lükdə ritual-mifoloji mahiyyətli semantik laylarını praktiki özü­nü doğrultmuş və hal-hazırda dünya folklorşünaslıq elmində ge­niş istifadə edilən elmi-nəzəri metodların (psixoanalitik, semi­otik, strukturalist, müqayisəli-tarixi və s.) köməyi ilə üzə çıxar­maq tədqiqat işinin başlıca məqsədidir. Bu başlıca məqsədə çatmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

Zaman məfhumunun (zaman-məkan kontinuumunun) ək­sini tapdığı Azərbaycan və ümumtürk mifoloji mətnlərini, eləcə də digər folklor materiallarını öyrənmək, araşdırma zamanı onlardan (həmçinin müqayisə üçün bir çox qədim dünya xalq­larının zamanla bağlı mifoloji görüşlərinin əks olunduğu mə­tnlərdən də lazım gəldikdə nümunələr gətirməklə) maksimum yararlanmaq;

Bu faktoloji materialların təhlili və tədqiqi zamanı elmi-nəzəri mülahizələrdən (metodlardan) yerində məqsədyönlü şə­kildə bəhrələnmək.

Təqvim mifləri ilə bağlı məsələlər milli folklor­şüna­slı­ğımızda araşdırılarkən tədqiqatçılar ən çox Novruz mərasimləri və onların adət-ənənələrindən bəhs etmişlər. Burada mifoloji təfəkkürdə təqvimi görüşlərin əsasını təşkil edən zamanla bağlı məsələlərə ya toxunulmamış, yaxud da ötəri toxunulmuşdur. Təqvim miflərindən bəhs edən araşdırıcıların diqqətindən ya­yınmış məsələlərdən biri də on iki heyvanı təmsil edən qədim türk təqvim sistemidir. Novruz mərasimləri ilə bağlı mifoloji, təqvimi görüşlərə diqqət yönəldiyindən bu məqam təd­qiqat­çıların nəzərindən yayınmışdır.

Novruz bayramı, onun adət-ənənələri haqqında isə bir sıra tədqiqatçılar bu və ya digər formada yazmışlar. Y.V.Çə­mən­zəminli, M.Təhmasib, M.Seyidov, Ə.Sultanlı, H.İsmayılov, B.Abdulla, M.Qasımlı, N.Rzayev, M.Allahverdiyev, A.Nəbiyev, F.Bayat, S.Rzasoy, Ş.Albalıyev, Ə.Şamil, A.Xəlil, C.Qasımov, C.Bəydili və digər tədqiqatçılar Novruz mərasimlərini müxtəlif aspektlərdən tədqiqə cəlb etmişlər. Bizdən öncə bu səpkidə apa­rılan bütün araşdırmaları təqdirəlayiq hal kimi dəyər­ləndirməklə yanaşı qeyd etməliyik ki, həmin tədqiqatlar Novruz məra­sim­lərinin müxtəlif məqamlarını işıqlandırsa da, məsələnin sistemli şəkildə öyrənilməsi zərurəti qalmaqdadır. Bu tədqiqat işinin yazılması da həmin zəruri ehtiyacı müəyyən mənada ödəmək üçün nəzərdə tutulur.

Araşdırmada aşağıdakı konkret yeni mülahizələr, fikirlər, tezislər irəli sürülür. Birinci fəsil üzrə mifik təfəkkürdə zaman məfhumunun maddiləşərək modellər şəklində qavranılması və təqdim olunması məsələləri müəyyənləşdirilir. İkinci fəsildə isə təqvim (Novruz) mərasimlərinin ritual-mifoloji semantikası aydınlaşdırılır. Bütövlükdə tədqiqat işinin qarşıya qoyulmuş məqsəd və vəzifələrinin tələblərinin həyata keçirilməsinin mən­tiqi yekunu kimi dəyərləndirilən elmi yenilikləri aşağıdakı ümu­mi müddəalar təşkil edir:



  • Azərbaycan və ümumtürk mifik təfəkküründə Zaman məfhumu maddiləşərək modelləşir. Yəni maddi varlıqlar gör­kə­mində dərk olunur, bu maddi varlıqların modelləri kimi qav­ranılır və təqdim edilir.

  • Canlı maddi varlıqlar şəklində maddiləşərək qavranılan Zaman modelləri bioloji təsnifata uyğun olaraq üç yerə bölünür.

  • Zamanın zoomorfik modelləri; on iki heyvanı təmsil edən on iki illik qədim türk təqvim sistemi Zamanın türk mifik təfəkküründə on iki heyvan görkəmində modelləşməsinin təza­hürü kimi aydınlaşdırılır. Hər bir zoomorfik zaman modelinin ayrı­lıqda mifoloji semantikası, xüsusilə, zaman-məkan konti­nuumu ilə bağlı semantik layları üzə çıxarılır.

  • Zamanın antropomorfik modelləri; insan şəklində qav­ranılaraq modelləşən zaman modellərinin mifoloji seman­tikası, xüsusilə, zaman-məkan kontinuumu ilə bağlı semantik laylar müəyyənləşdirilir.

  • Zamanın bitkisəl modeli; Dünya Ağac şəklində qav­ranılan zaman modelinin zaman-məkan kontinuumu ilə bağlı mifoloji semantikası üzə çıxarılır.

  • Cansız varlıqlar görkəmində modelləşən Zaman mo­delləri, məsələn Ay, Günəş, Dan ulduzu, Ülkər, alma, ərik obra­zında qavranılan zaman modellərinin mifoloji semantikası mü­əyyənləşdirilir.

  • Azərbaycan xalqının folklor məfkurəsində Zaman məf­humunun məxsusi poetik modelləri müəyyən edilir.

  • Mifoloji təfəkkürdə on iki sayının Zaman məfhumunun (zaman-məkan kontinuumunun) simvolu kimi işarələnməsi aş­karlanır və onun kosmoqonik tamlığın işarəsi olması müəyyən­ləşdirilir.

  • İkinci fəsildə Novruz mərasimlərinin ritual-mifoloji mahiy­yətini təşkil edən arxaik, arxetipik semantik laylar üzə çıxarılır.

  • Folklorumuzun digər janrlarında və yazılı klassik ədə­biy­yatımızda Novruz mərasiminin hansı şəkildə əksini tap­dığı göstərilir.

  • Novruz mərasimləri və onun adətləri haqqında orta əsr yazılı mənbələrindəki məlumatların saf-çürük edilməsi nəti­cəsində Novruz bayramının bir sıra qaranlıq məqamlarına işıq salınır.

  • Çərşənbələrin adlandırılması məsələsinə aydınlıq gəti­rilir.

  • Çərşənbələr arxaik rituallar kimi nəzərdən keçirilərək onların ritual-mifoloji əsasını təşkil edən semantik laylar müəy­yənləşdirilir.

  • Novruz mərasimlərinin ritual simvollarından olan Ton­qal (od) və Su simvollarının bir sıra arxaik semantik layları, mifoloji funksiyaları aşkara çıxarılır.

  • Novruz mərasimlərinin ritual simvolları ilə ritual sub­yektləri arasındakı münasibət və bu qarşılıqlı münasibətdən do­ğan mifoloji funksiyalar aydınlaşdırılır.

  • Novruz mərasimlərinin, çərşənbələrin əsasını təşkil edən ritual simvolların təhlili nəticəsində ritualın zamandan ası­lılığı nəzəri mülahizəsi irəli sürülür.

  • Novruz mərasimlərinin, çərşənbə rituallarının “ol zamanda”, ilkin başlanğıc, mifik zamanda yaradılış (kos­mo­qoniya) aktını, Xaosdan Kosmosa keçid aktını reak­tuallaşdıran (yenidən canlandıran) arxaik rituallar, yaxud onların qalığı ol­ması tezisi sübuta yetirilir.

Araşdırmanın nəzəri-metodoloji əsaslarını müasir elm sahələrində geniş şəkildə istifadə olunan, praktiki olaraq özünü doğrultmuş elmi-nəzəri metodlar təşkil edir. Konkret olaraq, psixoanalitik (Z.Freyd, K.Yunq), strukturalist (K.Levi-Stos, R.Karnap, L.Tondl və b.), semiotik (F. De. Sössür, Ç.Pirs, A.Qreymans, R.Bart, V.Terner və b.) elmi-nəzəri metodlardan təqvimi, zamanla bağlı görüşləri əks etdirən mifoloji mətnlərin, eləcə də digər folklor materiallarının təhlilində yerində və məqsədyönlü şəkildə istifadə olunur.

Habelə, tədqiqat zamanı antropoloji məktəbin (E.Taylor, A.Lanq, C.C.Frezer və b.) aktual mülahizələrindən, müqayisəli-tarixi metodun (E.Taylor, C.C.Frezer, N.Konrad və b.) əsas tezislərindən də istifadə edilmişdir.

Bütün bu elmi-nəzəri metodlardan yerində və məqsəd­yönlü faydalanmaq araşdırmada qarşıya qoyulmuş əsas məqsəd və vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə və nəticədə lazımi elmi yeniliklərin üzə çıxarılmasına zəmin yaratmışdır.


I FƏSİL

MİFOLOJİ TƏFƏKKÜRDƏ ZAMAN VƏ TƏQVİM


    1. Zamanin mifoloji təfəkkürdə modelləşməsi

Təqvim mifləri bütövlükdə mifoloji sistemin vacib hissəsini təşkil etdiyindən bu miflərin dərindən araşdırılması həm də bütöv mifoloji sistemin öyrənilməsi deməkdir. Təqvim mifləri hər şeydən qabaq mifoloji təfəkkürdə zaman məfhumu ilə əlaqəli məqamları özündə cəmləşdirir. Zaman anlayışı ilə bağlı əsatiri görüşlər təqvim miflərinin mahiyyətini təşkil etdi­yindən bu miflərin araşdırlması etnosun yaşam tərzi ilə bağlı bir sıra məqamları işıqlandırmağa imkan verir.

Ümumiyyətlə, zaman anlayışı insan şüurunun və yaşam tərzinin müxtəlif inkişaf mərhələlərində fərqli prizmalardan yanaşılaraq qavranılmış, onun izahının verilməsinə çalışılmışdır. Əlbəttə, bu yanaşmaların, şərhlərin bir-birindən bəzən hətta kəskin şəkildə fərqlənməsinin səbəblərindən biri zaman anla­yışının özünün mürəkkəb və mücərrəd olması ilə bağlıdırsa, digər mühüm səbəb onun insan şüurunun müxtəlif mərhələlərinə xas olan qavrayış çərçivəsindən dərk olunması ilə əlaqədardır. Məsələn, ibtidai dövrlərdə insanlar zaman məfhumunu mifoloji təfəkkürün spesifik qavrayış prizmasından dərk edirdi. Ətraf aləmi sinkretik formada dərk edən mifoloji təfəkkür zamanı maddi varlıqların vasitəsi ilə qavrayaraq onu maddiləşdirir və yaxud modelləşdirir. Maddi olanın daimi olaraq ölüb-dirilmə təkrariliyi prosesinin fonunda zaman anlayışı həm də qapalı çevrə boyu daimi təkrarlanan gerçək hadisələr kimi qavranılırdı.

Dini təfəkkürün tam formalaşdığı inkişaf mərhələsində isə zaman anlayışı mütəmadi qapalı çevrədə təkrarlanan hadisələr kimi yox, düz xətt boyunca istiqamətlənən proses kimi başa düşülür. Dini düşüncəyə görə, zaman iki yerə bölünərək, birin­cisi, qiyamət gününə qədər müvəqqəti, fani sayılan dünyəvi za­man kimi, ikincisi isə qiyamət günündən sonrakı sonsuza qədər uzanan əbədi zaman olaraq dəyərləndirilir.

Elmi təfəkkürün inkişafı zamanla bağlı elmi və fəlsəfi görüşlərin yeni baxış bucağının formalaşmasına gətirib çıxarır. Xüsusilə, Eynşteynin “Nisbilik nəzəriyyəsi”ndən sonra zaman anlayışı ilə bağlı görüşlərin yeni səhifəsi açılmış olur. Fəlsəfədə isə zamanla bağlı müxtəlif (hətta bəzən ziddiyyətli) mülahizələr bu günün özündə də aktual olaraq qalmaqdadır.

M.Xaydeqqer varlıq və zaman anlayışlarından bəhs edər­kən onları təfəkkür predmetləri kimi təqdim edir. O yazır ki, “varlıq – nə isə bir predmetdir, lakin hansısa bir mövcud olan deyil. Zaman – nə isə bir predmetdir, lakin hansısa bir vaxt deyil” (130, 83). Buradan göründüyü kimi, filosof zaman anlayışının hansısa bir konkret vaxtla, zaman kəsimi ilə şərt­lənmədiyini göstərir, bütövlükdə bunların hamısını ehtiva edən mücərrəd təfəkkür predmeti kimi səciyyələndirir.

Fəlsəfi düşüncədən fərqli olaraq, ilkin şüur mərhələsi sa­yılan mifoloji təfəkkürdə zaman məfhumu artıq qeyd etdiyimiz kimi mücərrəd bir proses kimi deyil, konkret maddi varlıqlar şəklində qavranılaraq dərk olunur. Bu monoqrafiyada biz bunu konkret təhlillər əsasında göstərməyə çalışacağıq.


      1. Zoomorfik modelləşmə

Zamanın müxtəlif rakurslardan dərki onu qavrayan dü­şün­cə tərzinin özündən də asılıdır. Başqa sözlə, zamanın mifoloji təfəkkürdə qavranılması onun mifoloji düşüncənin spesifik xüsusiyyətləri çərçivəsində dərk olunması deməkdir. Mifik dü­şün­cənin bu kimi xüsusiyyətlərindən bəhs edən Y.M.Me­letinski yazır: ”Mifoloji təfəkkürün bəzi xüsusiyyətlərinin nəti­cəsidir ki, “ibtidai” insan hələ özünü onu əhatə edən ətraf aləm­dən aydın şəkildə ayırmamış və təbiət obyektlərinə öz məxsusi xüsusiy­yətlərini köçürmüş, onlara həyat, insani hisslər, şüurlu, məqsədli təsərrüfat fəaliyyəti, insan fiziki görkəmində çıxış et­mək imkanı, sosial təşkilata malik olmaq və bu kimi xüsu­siyyətləri şamil etmişdir. Bu “ilkin ayırdedilməzlik” insanın özünün təbii aləmlə vəhdətini instinktiv duymasının, təbiəti stixik dərketməsinin deyil, məhz insanı təbiətdən keyfiyyətcə ayırd etməyi bacarma­sının nəticəsidir” (108, 164-165).

Göründüyü kimi, ətraf mühiti, orada baş verənləri sin­kretik şəkildə qavrayan mifoloji təfəkkür zaman anlayışına da bu sinkretik qavrayış prizmasından yanaşır. Buna görə mifik dü­şüncədə zaman anlayışı ayrıca mücərrəd bir proses kimi qav­ranılmır və maddi olan varlıqların fonunda dərk olunur.

Zamanın mifoloji düşüncədə maddiləşməsi məsələsindən bəhs etmiş rus alimi Steblin-Kamenski yazır: “... Bununla belə, Edda miflərində zamanın mücərrəd proses kimi qavranılmasının hansısa bir izini görmək qeyri-mümkündür. Bu miflərdə məkani, yəni predmetiv-hissi təsəvvürlər zaman haqqında təsəvvürlərlə eyniləşdirilir. Buna görə, Edda miflərində əks olunan məkan haqqında təsəvvürlərdə məkana daxildən baxış olduğu kimi, bu miflərdə əks olunan zaman haqqında təsəvvürlərdə də zamana daxildən baxışı, yəni dərk olunan subyektə nisbətən qarışıq istiqamətliliyi, zaman sferasında qarışıq subyekt-obyekt münasi­bətlərini müəyyən etmək olar” (123, 44).

Burada zamana daxildən baxış dedikdə, zamanın insan özü də daxil olmaqla ətraf aləmlə sinkretik vəhdətinə həmin vəhdətin öz içindən baxılması nəzərdə tutulur. Belə olduqda, zaman bu vəhdətin özü və yaxud istənilən bir hissəsi ilə də təmsil oluna bilir. Ona görə də bu vəhdəti təşkil edən ayrı-ayrı mifoloji ob­razlar (bitki, heyvan, insan, ay, ulduz və s.) həm də zamanı simvolizə edir.

Azərbaycan mifologiyasında zamanın maddiləşməsi mə­sə­ləsi araşdırılmasa da, bu məsələ bir neçə müəllifin diqqətini bu və ya digər şəkildə çəkmişdir. Prof. M.Seyidov “Oğuzdan üç yüz altmış altı alp qopdu, igirmi dört xas bəy, otuz iki sancaq Sultan Salur Qazan aqçisi Quzan peklisi Qormuş oğlundan Qor­qud” (75, 6) arxaik oğuz atalar sözünə əsaslanaraq, zamanın insan şəklində təsəvvür edilməsini göstərmişdir (70, 6-7). Yu­xarıdakı atalar sö­zünə əsaslanan dosent S.Rzasoy da qeyd edir ki, “mifoloji DM-də (Dünya Modelində - R.A.) zaman maddi­ləşir, məkani dəyərlər­dən qavranılaraq məkani-maddi obraz kimi təsəvvür olunur” (70, 11).

Beləliklə, mifoloji təfəkkürdə zaman ayrılıqda mücərrəd bir hadisə kimi deyil, məkan-zaman kontinuumu kimi qavranılır. Məkan-zaman kontinuumu isə maddi varlıqlarda inikas olunur. O.M.Freydenberqin təbirincə desək, “Zaman ibtidai şüurda mü­əyyən hissələrə malik olan məkan görkəmində təsəvvür olun­muş; məkan isə əşyalar görkəmində qavranılmışdır” (128, 20). Deməli, mifoloji təfəkkürdə zaman maddiləşərək müəyyən mad­di varlıqlar formasında modelləşir. Bu halda “modelləşmə” bir proses olaraq diqqəti cəlb edir.

Model və modelləşmə anlayışlarından geniş şəkildə bəhs edən V.A.Ştof göstərir: “Model dedikdə, biz, əlbəttə, xarici alə­min insan şüurunda elementar formalar və vasitələrlə əks olun­masını deyil, insan şüurunun çox mürəkkəb və çoxobrazlı for­maları və üsulları ilə birgə əksini nəzərdə tuturuq. Biz, həm­çinin əks etdirmənin ayrı-ayrı aspektlərini (baxmayaraq, onlar burada müəyyən mənaya malikdir) deyil, qnoseoloji planda əks etdir­məni nəzərdə tuturuq” (136, 130). Müəllif, həmçinin mo­dellərin məzmunca ətraf aləmlə əlaqədə olmasını, gerçəkliyi şüurda ide­ya, fikir formasında əks etdirdiyini qeyd edir (136, 132).

V.Q.Afanasev isə yazır ki, “model hər şeydən əvvəl tamın ayrı-ayrı komponentlərini, eləcə də tamın digər komponentlər və funksiyalarla bağlılığı xaricində olan müəyyən funksiyalarını əks etdirir. Əslində, təqlid edilən konkret tamın təşkili öz-özlüyündə onun bütün komponentlərinin qarşılıqlı təsir və ayrıl­maz bağlılığını, onun bütün xüsusiyyətlərinin, funksiya­larının vəhdətini ifadə edir” (94, 226).

“Model” termininin müxtəlif mənalarda işləndiyini və hər tədqiqatçıda öz anlamına malik olduğunu göstərən A.F.Losev yekun olaraq belə qənaətə gəlir: “Beləliklə, model tərəfimizdən təhlil edilmiş nəşrlərdə bu və ya digər obyektlərin məntiqi sistem və onun elementlərinin məna münasibətlərinin təsbit edil­məsi nəticəsində dəqiq strukturun qurulmasına əsaslanan veril­miş əksi kimi izah olunur” (105, 226).

Göründüyü kimi, elmi ədəbiyyatda model və modelləşmə məsələsi ilə bağlı fikirlər bir-biri ilə tam səsləşməsə də, onları ümumiləşdirən mülahizələr daha çoxdur. Belə mülahizələrdən ən başlıcası model anlayışına forma-məzmun vəhdəti priz­masından yanaşılmasıdır. Modelləşmə hər hansı bir məzmunun formaya aid edilməsini nəzərdə tutur. Mifoloji təfəkkürdə modelləşmə bu və ya digər mifik semantikanın hər hansı bir formaya müncər olunması kimi özünü göstərir. Burada ayrı-ayrı mifoloji varlıqlar (obrazlar) arxetipik məzmunlu modellər kimi təqdim olunur, yəni həmin mifik obrazlar həm də mifoloji semantik funksiyalarla yüklənmiş modellər kimi anlaşılır.

Beləliklə, mifoloji təfəkkürdə maddiləşmiş halda qav­ranılan Zaman anlayışı sanki mifik semantikasını maddi­ləşdiyi varlıqlara pərçim edərək, zamanın mifik modelləri kimi mey­dana çıxır. Burada mifoloji təfəkkürdə zamanın modelləşməsi dedikdə, insanın özünün, yaşam tərzinin ətraf aləmlə vəhdətdə dərkini ehtiva edən zaman-məkan kontinuumunun maddi var­lıqlar görkəmində, yaxud əşyəvi formada qavranılaraq təqdim olunması nəzərdə tutulur.

Maddi varlıqların canlı və cansız olmaqla iki yerə bö­lünməsi zamanın mifoloji təfəkkürdə modelləşməsinin də bu iki istiqamət əsasında təsnifləndirilməsini şərtləndirir. Birincisi za­manın canlı varlıqlar, ikincisi isə cansız varlıqlar görkəmində modelləşməsidir. Canlı varlıqların üçlü (bitki, heyvan, insan) təsnifinə uyğun olaraq, mifoloji təfəkkürdə zamanın model­ləş­məsini də üç yerə bölə bilərik:

1. Zamanın zoomorfik modelləşməsi;

2. Zamanın antropomorfik modelləşməsi;

3. Zamanın biomorfik (bitkisəl) modelləşməsi.

Təqvim mifləri arasında zamanın zoomorfik obrazda modelləşməsi özünü geniş şəkildə göstərir. Mifoloji təfəkkürdə zamanın canlı maddi varlıq kimi qavranılması həm də zoo­mor­fik mifoloji modellərlə xarakterizə olunur. Qədim türk xalq­larının istifadə etdikləri on iki heyvanın adını daşıyan on iki illik təqvim sisteminin timsalında bunun şahidi ola bilərik. Mahmud Kaşğari möhtəşəm “Divani lüğət-it türk” kitabında həmin təq­vimdən bəhs edir və təqvimin illərini aşağıdakı ardıcıllıqla sa­dalayır:

“Ud yılı: sığır(inək) ili.

Pars yılı: qaplan ili.

Tavışğan yılı: dovşan ili.

Nək yılı: timsah ili.

Yılan yılı: ilan ili.

Yund yılı: at ili.

Koy yılı: qoyun ili.

Biçin yılı: meymun ili.

Takağu yılı: toyuq ili.

İt yılı: it ili.

Tonquz yılı: donuz ili.

Say donuz ilinə çatanda dönərək yenə siçan ilindən baş­lanır” (47, 354-355).

Qeyd edək ki, bu təqvimdən geniş şəkildə türklərin istifadə etdiklərini əski türk yazılı abidələri də göstərir. Məsələn, həmin yazılı abidələrdən bununla bağlı bir sıra ifadələrə nəzər yetirsək bunun şahidi olarıq: “otuzun lağzın yılka”, yəni “ikinci donuz ilində” (67, 165), “otuz oğlan sağdıçları piçin (a) altı igirmi (a)” (66, 311), tərcüməsi “otuz olan sağdışları meymun ili on altısında” (66, 312), “bars yılka” (66, 40), tərcüməsi “bars ilində” (66, 41), “anta kisrə takığu yılqa ... bodun... un tuyup” (65, 406), tər. “ondan sonra toyuq ilində.... xalq... duyub” (65, 411), takağu yılqa ...(birmis)... yoq qılmıs” (65, 409) tər. “toyuq ilində ... (vermiş) ..yoz (məhv) etmiş” (65, 415), “üzrə tenqri kan lüi yılka yetinç ay küçlig alp kağanımda adıralu bardınız” (65, 271), tər. “üstdə tanrı xan əjdaha ili yeddinci ayda güclü igid xaqanımdan ayrılaraq getdiniz (vəfat etdiniz)” (65, 272).

“Türk illəri və falnamə”də isə on iki illik qədim türk təq­vi­minin hər bir ilini təmsil edən heyvanla bağlı inanclar, ruzi-bərə­kətin bolluğu və ya qıtlığın olması, insanların xarakterləri, hava­nın, fəsillərin sərt və yaxud mülayim keçməsi və s. ilə bağlı proq­nozları özündə cəmləşdirən inamlar əksini tapmışdır (87, 5-12).

On iki heyvanı səciyyələndirən bu təqvim, əslində, mifik düşüncədə zamanın on iki zoomorfik obrazda modelləşməsinin ifadəsidir. Ayrı-ayrılıqda hər bir heyvanı təmsil edən il, zamanın on iki müəyyənləşdirilmiş müvafiq hissədən ibarət zoomorfik modeli kimi anlaşılır. Başqa cür desək, on iki heyvanı rəmz­ləşdirən bu qədim türk təqvimi mifoloji təfəkkürə görə zamanın on iki zoomorfik modelidir. Bu cəhətdən həmin zoomorfik modellərin semantik laylarını üzə çıxarmaqla təqvim miflərinin dərin mahiyyətini müəyyən rakurslardan işıqlandırmağa nail ola bilərik. Həmçinin bu səpkidə əski düşüncənin öyrənilməsi bizə qədim türk yaşam tərzi haqqında dəyərli informasiyalar hasil etməyə imkan yaratmış olar. Zamanın zoomorfik modellərinin semantikasını araşdırarkən burada iki məqama, birincisi, üzdə olan məzmuna və ikincisi, alt qatdakı mifoloji semantikaya diqqət yetirmək lazımdır.

Beləliklə, müasir dövrdə də istifadə etdiyimiz on iki hey­vanı səciyyələndirən on iki illik təqvim bizə zamanın on iki zoomorfik modelini təqdim edir. Bu modellər aşağıdakılardır:

Siçan zoomorfik modeli;

Öküz zoomorfik modeli;

Qaplan (pələng) zoomorfik modeli;

Dovşan zoomorfik modeli;

Əjdaha zoomorfik modeli;

İlan zoomorfik modeli;

At (kund) zoomorfik modeli;

Qoyun zoomorfik modeli;

Meymun zoomorfik modeli;

Toyuq zoomorfik modeli;

İt zoomorfik modeli;

Donuz zoomorfik modeli.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə