Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1,75 Mb.
səhifə8/12
tarix24.12.2017
ölçüsü1,75 Mb.
#17861
1   ...   4   5   6   7   8   9   10   11   12

NEÇƏ YAŞINDADIR
Yer götürən sarı sığır,

Bilməm, neçə yaşındadır,

Dörd min dörd yüz ayağı var,

Hamısı da döşündədir.


Burnunu fərmanlı tutar,

Quyruğu fələkdən ötər,

Məkkəni beldə götürər,

Mədinənin tuşundadır.


Yer üzündə vardır xətti,

Dünyanı tutar heybəti,

Yer teyində yatan Mehdi

Ol öküzün qaşındadır.


Quyruğu zəminin yarı,

Gövdəsi dünyanın varı,

Məğribdən məşriqə sarı,

İki şahı başındadır.


Məxdumqulu, dünya fani,

Bu cahana gələn hanı,

Bir cütə kim qoşa onu,

Tamaşa onun işindədir.




DEDİM – DEDİ
Dedim: «Üzün tabana». Dedi: «Bənzər!» Mənli xan,

Dedim: «Qoydun ərmana». Dedi: «Könüldür viran»,

Dedim: «Ölürəm indi». Dedi: «Qalarsan aman»,

Dedim: «Ox kirpiklərin». Dedi: «Qaşlarım kaman»,

Dedim ki: «Puşeş geymiş». Dedi: «Doni-zərəfşan».
Dedim: «Üzdə xallar var». Dedi: «Ruyda güllər, hey»,

Dedim: «Qumru zəbandır». Dedi: «Şəhdi-dillər, hey»,

Dedim: «Gəl, sən xəbərləş». Dedi: «Bilər ellər, hey»,

Dedim: «Ol nə sərvdir?» Dedi: «İncə bellər, hey»,

Dedim: «Tavus bəs hardan?» Dedi: «Cayi-Hindistan».
Dedim: «Gecən qaranlıq». Dedi: «Uyğuda ayım»,

Dedim: «Kimlər yasavul?» Dedi: «Kirpiyim − yayım»,

Dedim: «Harda məskənin?» Dedi: «Laməkan cayım»,

Dedim: «Zərəfşan olar». Dedi: «Kövsərdir çayım»,

Dedim: «Ondan ver mənə!» Dedi: «İstərmiş bican».
Dedim: «Bu nə tütündür?» Dedi ki: «Qara marlar»,

Dedim: «Qorxaram ondan». Dedi: «El-oba zarlar»,

Dedim: «Sözün əslini». Dedi: «Sorar, duyarlar»,

Dedim: «Sirri faş etdin». Dedi: «Demiş əğyarlar»,

Dedim: «Ölüm var sənə». Dedi: «Sənə həm fərman».
Dedim: «Ey Məxdumqulu!» Dedi: «Gözlər yaş olar!»

Dedim: «Ol nə oğlandır?» Dedi: «Sizə baş olar»,

Dedim: «Yaxındır Kəbə». Dedi: «Köhnə daş olar»,

Dedim: «Yaxşı zamandır». Dedi: «Bu həm düş olar»,

Dedim: «İndi gedərəm». Dedi: «Getsən, var aman!»

GÖZLƏR


Elindən ayrı düşən

Ah çəkər, eli gözlər.

Yolundan ayrı düşən

Cəhd edib, yolu gözlər.


Göydə fələk gərdandır,

Xalq yerdə sərgərdandır,

Nə tamahkar cahandır,

Göz açan malı gözlər.


Kimlərdə altın tacdır,

Kimlər sail, möhtacdır,

Kimlər dibdən qəllacdır,

Kim xalça, xalı gözlər.


Kim nan tapmaz yeməyə,

Kim yer tapmaz qoymağa,

Kim don tapmaz geyməyə,

Kim tirmə şalı gözlər.


Bu cahan bir heçdədir,

Kim oyaq, kim düşdədir,

Hər bəndə bir işdədir,

Hər kəs bir halı gözlər.


Həngam uzun, ömür az,

Dörd mövsümə başdır yaz,

Göydə qanad qərən qaz –

Gözləri gölü gözlər.

Məxdumqulu huş edər,

Gözlərindən yaş gedər,

Dəli könül coş edər,

Yüz min xəyalı gözlər.



SARI
Onda adam sayılar,

Min bir astana sarı.

Fələk baqqal ötürmüş

Bazaristana sarı.


Qara yer ağzın aça,

Qafildir adam, keçə,

Bülbüllər istər köçə

Baği-bostana sarı.


Nurata, Baba Darğan,

Dövrəsi dərya, orman,

Yol üstədir Bakırğan,

Şol Türküstana sarı.


Haqdan rəhmət səpilər,

İmarətlər yapılar,

Getsən, Kəbə tapılar,

Urumistana sarı.


Gündoğardan günbatar,

Tərsa, cuhud, həm tatar,

Şəhərlər qatar-qatar

Məğribistana sarı.


Aşiq deyər: «Ya sübhan,

Müşkülümü qıl asan.

Şəfaət eylə, yaran,

Şol Dehistana sarı!»

Məxdumqulu dillənər,

Gözdə yaşı sellənər,

Gündə köçdür, yollanar

Məzaristana sarı.



HEYRANDADIR-HEYRANDA

Aşiqlər haqq eşqində,

Heyrandadır-heyranda.

Gözlər zəəf içində,

Giryandadır-giryanda.
Qıldı ona haq rəhmət,

Nuri-təcəlli qüdrət,

Xirqə geyən Xoca Əhməd

Sayramdadır-Sayramda.


Yerdən çıxan ağaclar,

Dili sənalı quşlar,

Sübhan sevən dərvişlər

Dövrandadır-dövranda.


Ayıl, aşığım, ayıl,

Məcnun ol, xalqa yayıl,

Xəlil oğlu İsmayıl

Qurbandadır-qurbanda.


Tur dağında duranlar,

Neçə qaib ərənlər,

Camalını görənlər

Fərmandadır-fərmanda.


Dolduran bu dünyanı,

Sözlə iki cahanı,

Külli işin bəyanı

Qurandadır-Quranda.

Məxdumqulu, aç dillər,

Qulluq et aylar, illər,

Ertə qulluqsuz qullar

Ərmandadır-ərmanda.



SAYAR
Dağlar yerin mıxıdır,

Təpə özün dağ sayar.

Qarğa deyər bülbüləm,

Sərçə özün zağ sayar.


Qənaətdə kamal var,

Mənlik etmə, zaval var,

Hər başda bir xəyal var,

Qul özünü bəy sayar.


Gücündən, qüvvətindən,

Dünyanın qismətindən,

Varlının izzətindən

Yoxsul özün bay sayar.


Nadanam, zad bilmənəm,

Bir günahlı qul mənəm,

Sirkə deyər: bal mənəm,

Neft özünü yağ sayar.


Hər səy çıxar bir evdən,

Özün kəm saymaz devdən,

Öz yanında bədəvdən

Eşşək özün yey sayar.


Dərd çəkənlər dərd bilər,

Namərd özün mərd bilər,

Tülkü özün qurd bilər,

Tula özün səg sayar.

Məxdumqulu bir quldur,

Qulluğuna qaildir,

Axmaq deyər aqildir,

Ölən özün sağ sayar.



QARŞI
Ağız açdım, göz yumdum,

Əl atdım tasa qarşı,

Tas üstündə yatıbdır

Qələndər yasa qarşı.


Saqi durdu, səs etdi,

Kim gec qaldı, kim yetdi,

Qələndər tasın tutdu,

Düşdüm həvəsə qarşı.


Mən bikamal ol yerdə,

Eşq içrə düşdüm dərdə,

Gül üzə gülgün pərdə,

Tutdu palaza qarşı.


Xəbər tutan cahandan,

Ayrılar xanimandan,

Aşiqlər keçər candan,

Tutulsa kasə qarşı.


Bu dünya bir saraydır,

Gələn keçib varaydır,

Məxdumqulu haray der,

Xıdır İlyasa qarşı.



DƏYMƏZ
Bir neçənin dövranı,

Fani cahana dəyməz.

Buncanın yeni salı

Dərya-ümmana dəyməz.


Kor əlində dayağı,

Göz yerində ayağı,

Buncaların ayağı

Xərə, madyana dəyməz.


Dağlar başı dumandır,

Yellər daim rəvandır,

Onca dağlar virandır,

Qədri dumana dəyməz.


Kiminə vermiş malı,

Kimi görər vəbalı,

Neçələrin iqbalı

Fani cahana dəyməz.


Görkü var mərmərlərin,

Damarıdır yerlərin,

Görün, neçə pirlərin

Əli Qurana dəyməz.


Məndən qeyri yox odlu,

Daim ondan adətli,

Məxdumqulu həsrətli,

Əli dastana dəyməz.



GÖZLƏR
Mərd qədrini bilməz xan,

Eldə namərdi gözlər.

Ağzı yanan bir çoban,

Daima qurdu gözlər.


Hicran oduna bişən,

Ayrılıqdan pərişan,

Yurdundan ayrı düşən

Mehriban yurdu gözlər.


Bir dərd gələrsə yaman,

Nə mərd dözər, nə mərdan,

Dəri-dərmanlı Loğman

Mal deməz, dərdi gözlər.


Payın qiymətin görən,

Yaxın-irağı gəzən,

Səfil-sərgərdan yürən,

Xər deməz, atı gözlər.


Görüb qalar asmana,

Düşməz ulu ümmana,

Eşq aşiqi pərvana

Gecə ol odu gözlər.


Axır zamana haçan,

Varmıdır ondan qaçan,

Cəsədi qalan bican

Abi-həyatı gözlər.

Zinhar, olmayın sirdaş,

Qocaldar ol cavan baş,

Namərdə olsan yoldaş,

Durub fürsəti gözlər.


Gözüm bağlı mən uçub,

Bişmişəm nara qaçıb,

Müftilər Quran açıb

Ulu taəti gözlər.


Kim qaldı qocalmayan,

Düxtərlər oldu cavan,

Bağda sərvi-xuraman,

Gül deməz, badı gözlər.


Bir neçələr ar edib,

Beytinləri zar edib,

Gözəl elin xar edib,

Bir ulu adı gözlər.


Dəştdə qurbandır güllər,

Ruyin öpərmiş yellər,

Ovu hesabsız çöllər

Türgən sayyadı gözlər.


Ərşə çıxdı nalələr,

Harama döndü mallar,

Bu zamanda mollalar,

Yortub, zəkatı gözlər.


Üzündədir nurları,

Gözündədir narları,

Bu əyyamın ərləri

Atı, sursatı gözlər.


Hara dönübdür dini,

Məgər yoxdur imanı,

Xəsis yığıb dünyanı,

Feli-həcatı gözlər.


Pünhan sirrim aşkara,

Neylək, çıxıb şikara,

Məxdumqulu biçara

Bircə züryəti gözlər.



DÜŞMƏZ
Gözlərimin rövşəni

Əcəb nurana düşməz.

Baği-İrəm gülşəni

Fani cahana düşməz.


Boş qoyubsan bu səri,

Vurdu eşqin əsəri,

Can şəhrində bir pəri

Bazar-dükana düşməz.


Sevdiyim şirin candır,

Ol pəriyə qurbandır,

Külli aşiq heyrandır,

Atəş-suzana düşməz.


Mən fəqirəm, neyləyim,

Dərdi-halım söyləyim,

Yarım tərif eyləyim,

Qeyri zəbana düşməz.


Türküstandır xəyalım,

Açgil, tanrım, sən yolum,

Hicran qərq edən salım

Dəli ümmana düşməz.


Siyahdır bitən gülü,

Amma şirindir dili,

Dəşt içrə ərəb eli

Adil fərmana düşməz.


Gözüm görmüş Hindistan,

İran ilə həm Əfqan,

Ümman, Xəzər, Dehistan...

Yürsəm, mizana düşməz.
Mərd igidə ver qeyrət,

Viranı qılgil abad,

İti qılınc, ərəb at

Feli-yamana düşməz.


Qibləyə tutdum üzüm,

Qələt deyildir sözüm,

Məxdumqulu der, gözüm

Qeyri vətənə düşməz.



VAR
Səhər durdu peyğəmbər,

Məscid içrə Bilal var,

Çıxdı Bilal içərdən,

Gördü iki hilal var.


Davud əlində polad,

Bunca tutmaz nə halət,

Yetmiş iki, dörd millət,

Yüz on dörd də dəllal var.


Çarən yox, bitədbirsən,

Söylə, nə cavab versən,

Niyə haram yeyirsən,

Haq verdiyi halal var.


Yeddi dərviş, əhli-hal,

İsfəndiyar, Rüstəm Zal,

Qırx aşiq var, qırx abdal,

Hər başda bir xəyal var.


Məxdumqulunun bəndi, −

Dəştdir, bil, bəndlər bəndi,

Bütün işin sərbəndi,

Yaradan – zülcəlal var.



MOLLA NƏFƏS

(1810-1862)
Türkmən ədəbiyyatının görkəmli nümayəndələrindən Ən­də­lib, Aza­­di, Məx­dimqulu, Məğribi, Kə­minə, Talıbi, Katibi, Se­yidi, Zəlili ki­mi bö­yük söz us­taları ilə bir cərgədə dayanan Mol­la Nəfəs XIX əsr türkmən po­e­­ziyası ta­rixinə parlaq istedad sa­hibi kimi da­xil olmuş­dur. Onun bir-bi­rindən gö­zəl gəraylı, qoş­ma və müxəm­­məsləri, ictimai-siyasi məzmun­lu şeirləri, qoş­du­ğu dastanlar on­illiklərdən bəri türkmən xalqının zövqü­nü oxşa­yır, ona milli şüur aşılayır, gənc nəsil­ləri milli ruhda tərbi­yə edir.

Molla Nəfəsin həyatı haqqında məlumat olduqca azdır. Şairin 1810-cu ildə Marıda (Mərv) təkə türkmənlərinin yazı, başqa bir mə­lu­ma­ta gö­rə, toxtamış tayfasına mənsub Qədirverdi adlı bir sərracın ailəsində dün­yaya gəldiyi təxmin edi­lir. Dövrünün savadlı adamla­rından olan Qədir­verdi eyni zamanda həm də mollalıqla məş­ğul ol­muş, uşaqlara dərs de­mişdir. Onun Ağacıq bəxşi, Ödək­verdi, Haqver­di ve Molla Nəfəs adlı dörd oğlu olmuşdur. Mütə­­xəs­­sislərin fikrincə, Molla Nəfəs şairin lə­qə­bidir, onun gerçək adı Tanrıver­di imiş. Çünkü Xivədə təhsil adlığı za­man müəl­lim­lərinin onu bu adla ça­ğır­dığı ba­rədə vaxtilə şairin oz nəvəsi mə­lumat ver­miş­dir. Molla Nəfəsin böyük qardaşı Ağacıq bəxşi də sa­za-sözə bağ­lanmış, döv­rü­nün tanınmış sənətkarlarından ol­muş­dur.

Molla Nəfəs ilk təhsilini evdə atasından, daha sonra Mərvin məş­hur pedaqoqlarından olan Molla Məmmədsalihdən almışdır. Təbii ki, molla­xana təhsili onu qane etməmişdir. Böyük fitri iste­dada və dərin zəkaya sa­hib olan Molla Nəfəs mükəmməl mədrəsə təhsili almaq arzusunu ata­sı­na bildirmişdir. Oğlunun parlaq yetə­nə­yini və oxu­ma­ğa olan sonsuz ma­rağını görən Molla Qə­dir­verdi onu Buxaraya göndər­mişdir. Gənc şair bu şə­hər­dəki mədrəsədə tanın­mış alimlərdən dərs almış, türk (çağatay), ərəb və fars dil­ləri ilə yanaşı hə­min dövrdə tədris olu­­nan elmləri, o cümlədən ila­hiy­yat (Quran, fiqh, təfsir), ri­yaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədədbiyyat, tarix, coğrafi­ya sahə­sində dərin bilik əldə etmişdir. Molla Nəfəs daha sonra müəllimlərinin tövsiyəsi ilə həmin dövrün ən iri mədə­niyyət və elm mərkəzlərindən biri, Xarəzm xanlığını paytaxtı Xivə şəhə­ri­nə gedərək oradakı mədrəsəyə daxil olmuşdur.

Ədəbiyyata xüsusi maraq duyan Molla Nəfəs Buxarada və Xivə­də klassik Şərq po­e­ziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Yunus İmrə, Nizami, Sədi, Ha­­­fiz, Cami kimi nü­ma­yəndə­lə­ri­nin əsərlə­ri­ni, türkmən şa­irlərindən Əndəlibin, Aza­di­nin və Məxdumqulunun şeirlə­ri­ni, ­habelə şi­fahi xalq ədə­biy­yatını, dastan və nağılları diqqətlə öyrən­miş, ədə­biy­yat nə­­zəriy­yəsini, bə­dii ifa­də va­sitələ­ri­ni, ədəbi janrların növ­lərini, bir sözlə, Şərq po­etik sis­temini mükəm­məl şəkildə mənim­səmiş, ilk əsərlərini də elə bu­rada yazmağa baş­la­mış­dır.

Təhsilini başa vuran Molla Nəfəs oz doğma yurduna qayıt­mış, bu­ra­da ailə qurmuşdur. Şeirlərindən anlaşıldığına görə, o, Durduxal adlı bir qı­­­za aşiq olmuş, lakin ona qovuşmamışdır. Şair ilk sevgisini ömrü bo­yu unut­mamış, onu daim xatırlamış, bəzi şe­ir­lərində isə adı­nı çəkmişdir:
Nəfəs deyər, yara belim bağlaram,

Gecə-gündüz dərya kimi çağlaram,

Ta ölüncə Durduxal der ağlaram,

Gözlərimdən axar iki çay indi.
Şairin Molla Rəsul və Molla Rəhim adlı iki oğlu olmuşdur. Molla Nəfəsin nəsli­nin davamını kişi xəttilə 1940-cı illərin sonuna qədər iz­lə­mək mümkün olsa da, ikinci dünya müharibəsi dövründə baş verən aclıq və qıtlıq, həmin illərdə bölgədə tüğyan edən qa­rın yatalağı epidemiyası nə­­ticəsində tükən­diyi təxmin edilir.

Sənətkarın özünün ölüm ili də dəqiq bilinmir. Bu barədə bir-bi­rin­­dən kəskin şəkildə fərqlənən fikirlər var. Bəzi tədqiqatçılar onun 1860-cı illərin ortalarında, bəziləri isə 1872-ci ildə vəfat etdiyini ya­­zırlar. Şair oz şeirlərinin birində sinninin 60-ı haxladı­ğını qeyd edir:


Yaşın altmışa yetibdir, novca çağlardan keçib,

Şər işə baş qoyarsan, kari-rəhmətdən qaçıb,

Qəhri-həqdən qorxuban, hər gündə göz yaşın saçıb,

Hər səhərlər «hu» deyib, vəhdət şərabından içib,

Məşrəbü Mənsur kimi məstanə olsan vəqtidir.
Böyük söz ustasının təvəllüd və vəfat tarixləri barədə müba­hisə­lər bu­gün də davam edir. Rəsmi ədəbiyyatşünaslıqda Molla Nə­fəsin doğum ta­­rixi olaraq 1810-cu il, ölüm tarixi olaraq 1862-ci il qəbul edilmişdir.

Molla Nəfəs tanınmış aşıq və şair kimi bütün Orta Asiyanı və Qaf­­qa­zı gə­zərək toylar və məclislər keçirmişdir. Onun şeir­lə­rində Çər­cov, Sə­raxs, Murqala, Mürqab, Marı-Şahi-cahan, Ür­gənc, Sə­mər­­qənd, Bu­xa­ra, Əndi­can, Xa­rə­zm, Qən­də­har, Kabil, He­rat, Asta­rabad, Həmədan, İs­fa­han, Xo­ra­­san, Teh­ran, Qəzvin, Şam, Bağdad şəhərləri­nin, hətta Misir, İraq, Rum, Firəng ölkə­lərinin adı çəkilir. Təbii ki, bu coğrafi məkanların bir qis­minin adı poetik ehtiyaca görə zikr edilmiş­dir. Lakin onun Azər­bay­canda ol­duğu heç bir şüb­hə doğurmur. Şair bir şeirində belə ya­zır:


Təvriz diyarında olmuşam səyyad,

Həzirbaycan şəhrin gəzdim adbaad.
Deməli, ulu türkmən şairi Odlar yurdunu da gəzmiş, bura­dakı şair və sənətkarlarla görüşmüş, Azərbaycan ədəbiyyatı haq­qında əlavə mə­lu­mat­lar almışdır.

Maraqlıdır ki, Molla Nəfəslə onun dahi sələfi Məx­dumqulu Fə­raqi­nin ədəbi ta­leyi arasında böyük bənzərlik vardır. Onların hər ikisi əvvəlcə ev­də öz ata­la­­rından dərs almış, sonra molla­xa­na­da, daha sonra isə Buxara və Xi­və­ məd­rəsələrində oxumuşlar. Za­man etibarilə ara­larındakı yetmiş il­lik fər­qə bax­mayaraq təx­minən eyni proqram üzrə təhsil almış, eyni el­mi və ədəbi mək­təblərdə, eyni mə­nə­vi iqlimdə və mühitdə nəşvi-nüma tap­­mışlar. Bu ox­şarlıq onların yaradıcılığında da özünü biruzə verir. Xü­susilə üç möv­zu hər iki sənətkara çox doğma və əzizdir: türkmən birliyi, dini-ruhani şeirlər və lirika. Onu da vurğulamaq lazımdır ki, Molla Nəfəs məhz Məxdumqulunun davamçısıdır. Mövzu və janr baxı­mından Mə­x­dumqulu daha geniş və əhatəli olduğu halda, Molla Nəfəsin yaradıcılı­ğın­da lirika üstünlük təşkil edir. Onun məhəbbət şeir­ləri saf və göz yaşı kimi dumduru bir çeşməni an­dırır. Bu əsərlər sadə, incə, hə­zin və səmi­midir, mayasını və qi­dasını xalq ya­radıcılığından, doğma türkmən folk­lo­rundan alır. Şa­irin gəraylı, qoşma, qəzəl, müxəmməs, müsəddəs janrla­rında qə­­ləmə aldığı əsərlər, xüsusilə türkmən qızının fiziki və mənəvi gö­zəlliyini, saf eşqi, məhəbbəti vəsf edən «Dəlbəra», «Nazənin», «Göz­lə­rin», «Ay­rıldım», «Ola, ya olmaya», «İs­tə­yib gözəl yarı», «Gözəl», «Kiç­­ginə», «Tapılmaz», «Dilbər», «Qız», «Dedim-dedi» və digər şeirləri öz ül­viliyi ilə seçilir.

Şərq poezi­ya­sı­na xas olan epitet və bən­­zət­mə­lər, mə­cazlar sistemi ümumən on­lara ha­kim olsa da, şairin deyim tərzi bir çox hallarda ol­duqca ori­jinal və yeni­dir. Xüsusilə onun gəraylı, qoş­ma və müxəm­məs­ləri öz lirizmi ilə adamı heyrətə salır. Mi­sal üçün bu bəndlərə baxaq:
Dilbər, yazım vəsfini,

Yandım ki fərağından.

Mən təşnəni yandırma,

Busə ver dodağından.
Yar qaməti ərərdir,

Rüxsarı onun zərdir,

Aləm ki münəvvərdir

Köksündəki ağından.
Və yaxud bu bəndin poetik mükəmməlliyinə, gözəlliyinə diq­qət ye­tirək:
Tiği-peykanından bağrım dəlindi,

Razıyam, öldürüb canım al indi,

Qara zülfün üzdə yüz-yüz bölündü,

Hər zülfün üzündə yüz para könlüm.
Şairin qismən irihəcmli məhəbbət şeirləri də həm məz­mu­nuna, həm də formasına görə fərqlənir. Onun «Bu məkana gəl­mişəm» ad­lı po­eması isə öz orijinallığına görə dünya poeziyasında misli-bəra­bəri ol­ma­yan bir şedevrdir. Bu əsərdə eşq ən yüksək poetik səviyyədə ülvi­ləş­di­rilmiş, hətta ila­hiləş­di­rilmişdir. Bu­nu başqa heç bir şairin yara­dıcılı­ğın­da görə bil­mi­rik. Molla Nəfəs lirikasının zirvəsi olan bu əsər üzərində bir qədər geniş dayan­ma­ğa ehtiyac var. Müsəddəs janrında aaaaba, ccccda, ssssta sxemi üzrə yazılan poema altı misralıq 34 bənddən iba­rətdir. Sər­bəst olan hər beşinci misra iki yerə bölünərək öz arasında qa­fiyələnir ki, bu da gözəl bir şeiriyyət yaradır. Məhəbbət himni adlandırılan bu poema­nın aşağıdakı xüsusiyyətlərini qeyd etmək mümkündür:

1. Poema qəhrəmanlarının böyük əksəriyyəti dini obraz­lar­dır. Onla­rın arasında Allahı (əsərdə həm də başqa adları ilə – Möv­lam, Rəhman, Mür­təza pirim adları ilə yad edilir), mələkləri (Cəbrayıl və Əzrayıl), pey­ğəmbərləri (İbrahim, Xıdır, İlyas, Da­vud, İsa, Yəqub, Əyyub, Loğman, Yu­sif, Süleyman, sahib-axır-əz-zaman Mehdi), fəriştələri (adbaad gös­tə­rilməsə də) görürük;

2. Poemanın bəzi personajları islam dininə mənsub tarixi şəx­siyyət­lərdir. Burada Məhəmməd peyğəmbəri (əsərdə Əmin adı ilə veri­lir), onun dörd əshabəsindən üçü (Ömər, Osman, Əli) və ardıcılı Veysəl Qərani, bö­yük mütəsəvvif şair Xoca Əhməd Yə­səvi iştirak edirlər;

3. Bunlardan başqa, poemada bəzi mifik, əfsanəvi və ta­ri­xi şəxsiy­yətlərin, o cümlədən dində böyük yeri olan 360 ərə­nin, Sü­leymanın ar­va­dı Bilqeysin, Yusifin sev­gilisi Züleyxanın, Məcnu­nun və Fərhadın, Ha­runun və Hatəm Tainin adları çəkilir.



Poemanın süjeti olduqca sadədir. Onun mərkəzində şairin sevgi­li­sı dayanır. Bu qənirsiz dünya gözəlini görən bütün mələklər və peyğəm­bər­lər ona vurulurlar. Yer üzündə bir qarışıqlıq oldu­ğu­nu görən Allah qə­zəb­lənərək Əzrayılı onun canını almağa gön­də­rir. Lakin ölüm mələyi hə­min qı­zı görüncə «Can verməyə gəl­mi­şəm» deyir və verilən əmri unudur. Ya­qub Yusifi, Yusif Zü­ley­xa­nı, Sü­leyman Bilqeysi yaddan çıxarır. Əlinin Zülfüqarı əlin­dən ye­rə düşür. Bütün dərdlərin dərmanı Loğman o qızdan dərman al­maq üçün yalvarır. Allah bu dəfə Cəbrayılı göndərir. O da gör­dü­yü mənzərə qarşısında heyrətə gəlir və aşiqlər cərgəsinə qoşu­lur:

Cəbrail nəzər salar, qafil oturmuş Osman,

Bihuş, yerdə təprənər Xıdır, İlyas, Süleyman.

Yusif, Əyyub, ərənlər, Yəqub, Davud, həm Loğman,

Veys, Əhməd Yəsəvi, İbrahim çəkib ərman,

İsa özün unudub,

Bir dilbəri yad edib,

Derlər: «Eşq yandırdı, həqq, lərzana gəlmişəm».
Axırda Allah özü vəziyyəti yerində tədqiq etmək üçün lamə­kandan yer üzünə gəlir və qızı görərək özündən gedir. Qız bildirir ki, o, Molla Nə­fəsin yarıdır. Əsərin son parçasında şair yazır:
Çəkdi sünbül saçların nazlı dilbər üzündən,

Gün tutulub, bu aləm şölə aldı gözündən,

Mövlam taqət gətirməz, getdi şol dəm özündən,

Dedi yarım: «Həqq aşiq dönə bilməz sözündən,

Hökmü rəvan Birivar,

Mən Nəfəsə xiridar,

Bir şol deyib əzəldən, bu məkana gəlmişəm».
Çıxdı suyi-asmana gecələr çıxan ahım,

Aşna oldu canana, nəzər qılsın xudahım,

Vallah, həqqin alnında olmaz mənim günahım,

Məşuq varın saxlayır, eşq müqəddəs pənahım,

İnsan Nəfəsin yarı,

Külli aləm qərarı,

Mən əndəlib xoşbəxt, nov reyhana gəlmişəm.
Molla Nəfəsin vətəndaşlıq, vətənpərvərlik şeirləri də öz milli ru­hu­na görə diqqəti cəlb edir. Həmin dövrdə Türkmənistanı, eləcə də bütün Tür­küs­tanı is­ti­la etməyə çalışan çar Rusi­yasına, ara-sıra baş verən İran hü­cumla­rına qarşı mübarizədə öz sazı-sö­zü, hətta silahıyla iştirak edən Molla Nə­fəsin belə vuruş­maların birində yaralanaraq şə­hid olduğu barə­də rə­vayət­lər də vardır. O, ana vətəni, yurdu igid­liklə qoruyan türkmən sər­kərdələ­ri­­nin, xan­ları­nın, bəylərinin rə­şadətini tərən­nüm etmiş, döyüş­çü­­lə­ri qə­lə­bə­yə ruhlan­dır­mışdır. Şairin Qara­oğlan, Qa­carbay, Övəzmura­d xan, Mir Məmməd xan və digər adlı-sanlı rəhbərlərin şə­ninə həsr etdiyi 20-dən ar­tıq şeir, milləti birliyə səsləyən qoşmalar buna parlaq nümunə­dir. Bun­ların arasında «Yetişsin», «Sərdarı», «Bər­qərar ol­sun», «Qara­oğlan», «Gə­­lən Qaraoğlan», «Gəldi», «Bəy­lər», «De­­yim», «Sutnanıdır» şeirləri öz mübariz ruhu ilə fərqlənir. Türk-islam birliyindən çıxış edən Molla Nəfəs «Cahana gəldi» şei­rində qonşu Xarəzmdən səksən minlik bir ordu­nun türkmən qo­şununa köməyə gəldiyini sevinclə xəbər verirdi:
Xarəzm şəhrindən səksən min ləşkər,

Məmmədəmin xandan nişana gəldi.
Şairin ictimai-siyasi məzmunlu şeirləri sayca çox olmasa da, məz­munca dərin və dəyərlidir. Bu əsərlərdə haqsızlığa, ədalət­sizliyə qarşı eti­raz, dünyanın gərdişindən şikayət motivləri güclü­dür. Mərdliyə, kişiliyə, insanlığa böyük qiymət verən şairin həyat kredosu belədir: «Qırx ol ma­ya kimi gəzməkdənsə, bir il nər kimi gəzmək yaxşıdır». Onun «Nər kimi gəz», «Ayrıldım», «Gəlmi­şəm», «Xəbər ver», «Var ikən», «Olar», «Baş olar», «Vəqtidir» ad­lı şeirlərində sosial motivlər güclüdür.

Molla Nəfəsin yaradıcılığında dini şeirlər də mühüm yer tu­tur. Şa­irin Allaha, Məhəmməd peyğəmbərə həsr olunmuş «Edən cəlil», «Gör­düm», «Məhəmməd», «Fəda eylədi» kimi şeirləri diqqəti cəlb edir.

Təəssüf ki, Molla Nəfəsin şeirlərinin böyük əksəriyyəti bizə gəlib çatmamışdır. Xüsusilə ötən əsrin 20-30-cu illərində keçmiş Sovet İtti­fa­qında türk xalqlarının ziyalılarına qarşı yürüdülən qanlı repres­siya­lar, türk tarixinə, mədəni irsə vurulan ağır yaralar bir sıra sənət­kar­la­rı­mız ki­mi Molla Nə­fəsin də sovet-bolşevik ideo­lo­goyası ilə ziddiyyət təş­kil edən bir çox əsər­lə­ri­nin nəşr edilmə­məsi, gizlədilməsi, üzə çı­xarıl­ma­ma­sı, hət­ta yan­dı­rılması ilə nə­ti­cələn­miş­dir. Puşkinin «Qaf­qaz, təs­­lim ol, üs­tü­nə Yer­molov gəlir» mis­rası bol­şe­vik qılığına girən veli­ko­­­rus şo­viniz­minə nə qə­dər xoş gəl­mişsə, Mol­­la Nəfəsin, Çolpa­nın, El­bə­kin, Batunun, Mağ­ca­nın, Al­mas İldırı­mın, Əh­məd Cavadın mil­li şeir­lə­ri onu o qə­dər qı­­­­cıq­lan­dırmış, təşvişə salmışdır. Elə bu sə­bə­bə gö­rə də Molla Nəfəsin ic­­­ti­mai-si­ya­si lirikasının, mil­­li azad­lıq və və­tən­­pərvərlik möv­zu­sun­da yaz­­­­dığı əsər­lə­rinin üs­tün­dən sovet döv­rün­də sü­kut­la keçil­mişdir. Onun di­ni-didaktik məzmunlu şeirləri də eyni aqibə­tə uğ­ramışdır.

Bundan başqa, Molla Nəfəsin bəzi şeirləri başqa şairlərin, xüsu­silə Sayadi, Miskin Nəfəs, Məxdimqulu, Kəminə, Talıbi, Molla Murad, Kati­bi və başqala­rı­nın adı­­na çı­xıl­mışdır. Təbii ki, sırf ədə­biyyatşünaslığa aid olan bu mə­sə­lələr ya­vaş-yavaş öz həl­lini tapır. Lakin də­qiq olan bir mə­sələ var­dır. Sovet döv­ründə Mol­­la Nəfəsin yaradıcılığı öz həqiqi qiymə­tini al­ma­mışdır. Onun ilk şeirlər kitabı yalnız 1940-cı ildə (cəmisi 27 şeir) nəşr edilmiş­dir. 1947-ci ildə çapdan çıxan kitabında 75 şeir, 1955-ci il­­də bu­ra­xılan kita­binda isə vur-tut 70 şeir veril­mişdir. 1961, 1962, 1963 və 1973-cü illərdə də nəşr olu­nan kitablara şai­rin ədəbi irsinin so­vet ide­o­logiyası ilə «səs­ləşən» kiçik bir qismi d­a­xil edilmişdir. Ötən il Türk­mə­nistanın «Mi­ras» Milli Mə­dəniyyət Mər­kəzi şairin həcmcə ən iri, ən mü­kəm­məl şeir­lər toplusunu (ça­pa ha­zırla­yan An­­naqur­ban Aşı­­­rov) oxu­cu­lara təqdim et­mişdir.

Molla Nəfəsin zəngin irsində «Zöhrə-Ta­hir» das­tanı xüsusi yer tu­tur. Xalq arasında təxminən X-XII əsrlərdən bəri yayılmağa başlayan, eş­qin-məhəb­bətin və humanizmin əbədi və ədəbi abidəsi olan bu əsər Mol­la Nəfəs tərəfindən ta­mamilə yenidən işlənərək orijinal bir hala gəti­ril­miş, türkmən həyatının, ruhunun, mədəniy­yətinin və etnoqrafiyasının en­siklo­pediyası səviyyəsinə çatdırıl­mışdır. Molla Nəfəs dastanı tam bir zər­gər də­­qiqliyi ilə cilalamış, onun süjetini, qəhrəmanlarının xarakterini tək­mil­­ləşdirmiş, şeirlə­ri­ni yenidən yazmışdır. Buna görə də Molla Nəfəs de­dik­də ilk növbədə «Zöhrə-Ta­hir» das­­tanı, «Zöhrə-Ta­hir» das­tanı dedikdə isə Molla Nə­fəs yada düşür. 2009-cu ildə Türk­mənistanın «Mi­ras» Milli Mə­dəniyyət Mər­kəzi şairin «Zöhrə-Ta­hir» das­tanını (nəşrə ha­zırlayan Rəh­manverdi Qo­da­rov) nəfis şəkildə nəşr etmişdir.

2010-cu ildə qardaş türkmən xalqı öz böyük övladının 200 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Türkmə­nistan Elmlər Akademiyası Marı vila­yətinin icra ha­ki­miyyəti ilə birlikdə 7-10 aprel 2010-cu ildə Marı şə­hərində «Molla Nəfəs və XIX əsr­də tükmənlərin həyatı» mövzusunda beynəlxalq elmi kon­frans ke­çirdi. Bu elmi məclisdə şairin həyatı və dövrü, onun liri­ka­sı və Şərq ədə­biy­yatının problemləri, «Zöhrə-Tahir» dastanı və Molla Nəfəsin po­etik şəx­siyyəti, sənətkarın ədəbi irsi və xalq yaradıcılığı ki­mi möv­zular mü­zakirə edildi. Bir şairin yubileyinə bundan gözəl töh­fə ola bil­məz.

Məmnuniyyətlə qeyd et­mək lazımdır ki, Türkmənistanda hər il müx­təlif mövzu­lar­da bir-bi­rindən maraqlı simpozium və konfranslar ke­çi­rilir. Məsələn, son illər­də dahi ensik­lopedist və dil­çi Mahmud Kaşğari­nin, böyük mütəfəkkir Zə­məx­şərinin və baş­qa ko­rifeylərin yubiley­lərinə, Səlcuq dövrünün mə­də­niyyətinə və ədə­biy­­yatına, türkmən xalçasına, türk­­mən atına həsr olu­nan beynəlxalq elmi tədbirlər xarici mütəxəssislər, o cümlədən Azər­baycan alimləri tə­­rə­findən razılıqla qarşılan­mışdır. Şüb­hə yox ki, Molla Nə­fəsin yu­bileyi ilə bağ­lı təşkil olunan həmin konfrans da həm şai­rin, dolayısı ilə türkmən mədəniyyətinin və ədə­biy­yatının ta­nı­dıl­masın­da, həm də müstəqil Türkmənistanın beynəlxalq imi­ci­nin yük­­səlmə­sin­də mühüm mər­hə­­­lə kimi yadda qaldı.

Azərbaycanlılar və türkmənlər daima bir-birinə qarşılıqlı şə­kildə də­­­rin məhəbbət bəsləmiş, soyu, qanı, canı, ruhu bir olan iki qardaş xalq ki­­mi mədəniyyət, xü­susilə də ədə­biyyat, musiqi, teatr, kino sahəsin­də hə­mi­şə bir-birindən öyrən­miş, faydalan­mış­lar. Bu mənada Molla Nəfəsin anadan olmasının 200 illiyi Azər­baycanın da bayramıdır. Biz də Azər­bay­can ziyalıları ola­raq bö­yük türkmən şairi, ümum­türk ədəbiyyatının görkəmli nümayən­dəsi Molla Nə­fəsin yubi­leyinə kiçik bir qardaşlıq töh­fəsi vermək istə­dik və şairin iki kitabı („Bu məkana gəlmişəm», Bakı, MBM, 2010, 160 s. və «Seçilmiş əsərləri», Bakı, MBM, 2010, 240 s. ) ha­zırladıq. Zən­nimizcə, bu ki­tablar şairin sə­nə­tinə sonsuz rəğ­bət bəs­ləyən Azər­baycan oxucu­la­rı­na gözəl hədiy­yə oldu, xalq­la­rı­mız və ədəbiy­yat­larımız ara­­sındakı əlaqələrin inkişa­fı­na təkan ve­rdi. Onu da qeyd et­mək lazımdır ki, əvvəllər ölkəmiz­də şairin bəzi şe­ir­ləri çap edilsə də, bunlar Molla Nəfəsin Azərbaycanda nəşr olunan ilk ki­ta­blarıdır.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə