Rasim Gənzəli Qızıl türklərdən biri



Yüklə 472,95 Kb.
səhifə3/8
tarix23.10.2017
ölçüsü472,95 Kb.
#6402
1   2   3   4   5   6   7   8

Uşaqlar onun bu sözlərinin qarşısında bir söz deyə bilmir, daha Salman müəllimin arxasınca danışmaqdan da əl çəkirdilər.

Amma göyərçinin dimdiyində də olsa, idmanla məşğul olmağa vaxt tapırdı. Gündə bir saat, uzağı iki saat. İnstitutun idman zalında həm güləş, həm də ağırlıq qaldırma növləri ilə məşğul olurdu. Bu növlərdə qırx səkkiz kiloqram çəki dərəcəsində onun qolunu bükən tapılmırdı. Hərdən yoldaşları zarafat edirdilər, deyirdilər, yaxşı, beynin var oxumaqda bizi üstələyirsən, bəs bu güc səndə hardandır? Belə olanda Elçin yoldaşlarını başına yığıb, onlara babasından danışırdı...

Əhəd babanın mərdliyi

Yoldaşlarına deyirdi, qohumlarım, babamı tanıyanların hamısı məni Əhəd babama bənzədirdilər. Atamın atası Əhəd babama.

Əhəd babam çox mərd kişi idi. Nəinki öz rayonlarında, ətraf bölgələrin hamısında qoçaqlığı, mərdliyi ilə ad qazanmışdı. Yaşlı adamlar danışırdılar onun mərdliyindən. Deyirdilər, onun qolunun gücü qarşısında dayanan az olardı. Hələ o qanlı çağlarda, erməni davası olan vaxtda onun igidliyini görmüşdülər. Elə bir döyüş olmazdı ki, Əhəd o döyüşdən erməni öldürməmiş qayıtsın. Ermənilər də onun şücaətindən xəbər tutmuşdular. Onu öldürmək, aradan götürmək üçün planlar cızır, lakin onu qurduqları pusquya sala bilmirdilər. Bir ağır döyüşdə kişini ağır yaralayırlar. Elə mövqedə imişlər ki, oradan çıxmaq, öz tərəflərinə qaçmaq da mümkün deyildi. Belə vaxtda qanının qurtaracağını görən Əhəd kişi belinin kəməri ilə yarasını bağlayır. Bir gün ərzində beləcə yaralı halda dağda-daşda ermənilərin gözündən yayınır. Evlərinə gəlib yetişəndə qanının azaldığından danışmağa da taqəti olmur. Özünü qaydaya salıb, yenə düşmənin üzərinə yürüyür. Yaralı aslan kimi bu dəfə bir neçə ermənini təkbaşına məhv edir...

Babası olduğuna görə belə danışmırdı Elçin. Həqiqətən Əhəd kişi öz igidliyi, mərdliyi ilə ad qazanmışdı. Çətin məqamlarda adamlar onun yanına gələrdilər. Ondan bir yol, məsləhət alardılar. Əhəd kişi də aram-aram gələnləri dinləyər, çıxış yolunu onlara deyərdi.

Keçən əsrin əvvəllərində ermənilər yenə də öz havadarlarının diktəsi ilə türklərə qənim kəsilmişdilər. Bu iki millətin düşmənçiliyi çox qədim zamanlara gedib çıxırdı. Baxmayaraq ki, Tanrının bir çətirinin altında yaşayırdılar, bir havanı udurdular, bir yeməyi yeyir, bir musiqiyə köklənirdilər, hətta, qohum, küvrə olurdular, amma məqam düşən kimi hay deyilən ermənilər bütün bu münasibətləri, türklərin onlara etdikləri yaxşılıqları unudub, arxadan zərbə vururdular. Babək zamanından belə olmuşdu. Hələ ondan da qabaq.

Burada yenə bir haşiyə:

Şah İsmayıl Xətainin zamanında İrəvan hökmdarı Rəvan xan Şah İsmayıla məktub yollayır. Məktubda o, təlaşla bildirir ki, hansı qüvvələrsə erməniləri iki-iki, üç-üç bizim mahalın kəndlərində məskunlaşdırırlar. Bunun qarşısı alınmasa, gələcəkdə bizim üçün çox çətinliklər olacaq. Çünki onlar hər zaman məskunlaşdıqları yerlərdə bir az çoxalan kimi faciələr törədiblər, yerli əhalinin isti aşına soyuq su qatıblar.

Sonra Rəvan xan Şah İsmayıldan onları buralardan qovmaq üçün izn istəyir. Lakin yazılı mənbələrdə bilinmir, bilinmir ki, Şah İsmayıl Xətai Rəvan xanın məktubuna hansı münasibət bildirib.

Deməli, bu millət lap qədim zamanlardan başqa millətlər üçün baş ağrısı olublar.

Bunlardan danışırdı Əhəd kişi. Camaata ayıq-sayıq olmağı tapşırırdı. Deyirdi, evinizdə çörək yeyən erməni küvrələrinizə də inanmayın. Ona görə ki, məqam düşən kimi çörək yedikləri qaba tüpürə, xəyanət edə bilərlər.

1915-1918-ci il hadisələrində döyüşlərin ən qaynar nöqtəsində olmuşdu bu kişi. Ona görə həqiqəti yaxşı bilirdi. Sonralar ermənilərin uydurduqları yalanlara da inanmırdı. O yalanlara ki, güya türklər məzlum erməniləri öldürmüş, onların kökünü kəsməyə çalışmışdılar...

Bir ucu Türkiyənin şərqindən, ta Naxçıvan, Zəngəzur, Qarabağa qədər çox faciələr törətmişdilər bu ermənilər. Qarşılarına keçən qocanı, uşağı öldürür, qadınları zorlayır, hamilə qadınların qarnına süngü soxur və bütün bu elədikləri vəhşiliklərdən ləzzət alır, şənlənirdilər.

Canlı bir kitabə kimi çox işlərdən, iştəklərdən xəbərdar idi Əhəd kişi. Ali təhsil almamışdı. Ancaq oxuyanlardan çox bilirdi. Dünyanın gəlindən-gedindən, əməllərindən xəbəri vardı. Böyük Sovetlər Birliyi deyilən öz ölkəsini üzdə, görüntüdə sevsə də, daxilən bu dövlətin gələcəyinə inanmırdı. Hələ bir-iki dəfə lap məhrəm bildiyi adamların qulağına da pıçıldamışdı, demişdi, qan üzərində qurulan dövlətin axırı yaxşı olmaz.

Finlandiya müharibəsi başlayanda artıq əsgər çəkmələrini hazırlamağa başlamışdı. Bilmişdi ki, dünyanın bu təlatümlü çağında cahan savaşının başlamasına az qalıb.

Müharibə başlayandan bir az sonra onu hərbi komisarlığa çağırıb, davaya göndərmişdilər. O yerlərdən, odun-alovun içərisindən vaxt tapıb ailəsinə məktublar yollayırdı. Sonra o məktubların ardı kəsildi. Və daha sonra poçtalyon onun qara kağızını gətirdi.

Bitdi Əhəd kişinin ömrü. Amma deyirlər, biri öləndə mütləq onun yerinə bir başqası doğulur. Elçinin dünyaya gəlməsinə hələ xeyli illər qalırdı. Bu illər ərzində dünyada Əhəd kişinin oxşarı yarandı, yaranmadı, orasını bilmədilər. Ancaq 1964-cü ildə yeni doğulan uşaq, deyilənə görə, onun tam oxşarı idi. Həm boy-buxunca, həm sifətcə, həm də əməllərin eyniliyi ilə...

Bunları tələbə yoldaşlarına danışanda, daxilən bir qürur hissi keçirirdi Elçin. O anlarda Əhəd baba düz gəlib gözlərinin önündə dayanırdı. Həyatda görmədiyi, səsini eşitmədiyi Əhəd baba... Elə bil, onun səsini də eşidirdi. O məğrur səs Elçinə öyüd-nəsihət verir, sabahın yollarını göstərirdi. Və babasını görmədiyinə görə müharibə salanlara, insanları isti evindən soyuq səngərlərə, sonra da ölümə aparan tiranlara nifrətini bildirir, onları xoş olmayan sözlərlə yad edirdi.

Çox qəribə idi, Elçin hər dəfə atasına, anasına hesabat verəndə bir də məqam tapıb babasının ruhuna hesabat verməyi lazım bilirdi.

“-Bu gün əla aldım, baba.

-Əhsən, oğul balam...

-Bu gün də beş aldım.

-Hansı müəllimdən?

-Salman Qarayevdən.

-Oy, nə yaxşı, əhsən sənə, oğlum...

-Bu gün Urisetə gedirəm.

-Nəyə gedirsən?

-Tələbələrin konfransına.

-Eşq olsun sənə!..

-İnstitutu fərqlənmə diplomu ilə bitirdim.

-Sağ ol, oğlum, ruhumu şad elədin...”

Belə vaxtlarda babasının qəbri üstə getmək, onu yad eləmək, ruhuna dualar oxumaq həyatda ən böyük arzusu olurdu. Nə yazıqlar ki, o qəbir çox-çox uzaqlarda, bilinməyən, tanınmayan yerlərdə idi. Ancaq yenə də xəyalən babasının döyüşdüyü yerlərə gedir, oralarda bir “qardaşlıq qəbristanlığı” tapıb, babasını yad eləməklə özünə təskinlik verirdi.

Elçin xəyallar qatarının sərnişini olan vaxtı çox şeylər haqqında düşünürdü. Olanları, keçənləri, ötənləri... Bir də onu düşünürdü, düşünürdü görəsən, o, Əhəd babasını görsəydi, indidən çoxmu fərqlənən bir insan olacaqdı? Bəlkə uşaq çağlarında babası ona qəribə nağıllar danışacaqdı?! Elə nağıllar ki, o nağılların ətəyindən tutub, lap uzaqlara gedəcəkdi? Elə uzaqlara ki, o uzaqlardan vətən daha aydın görünəcəkdi. Və o uzaqdan daha aydın görünən vətənə bundan da yararlı övlad olacaqdı?..

Elçinin qoçaqlığını, zəhmətsevərliyini də babasına bənzədirdilər. Müharibə Əhəd kişinin ömrünə son qoymasaydı, bəlkə də o, özünün bənzəri, ciyərparası Elçin üçün öyünər, fəxrlə ona baxıb, sinədolusu “ot kökü üstə bitər”- deyərdi. Yaşasaydı, bəlkəsiz belə olacaqdı. Çünki Elçin yuxularında hər zaman babasının onunla öyündüyünü görmüşdü.

Poetik dünyanın işığı

Öndə qeyd olunduğu kimi, Elçinin poetik dünya ilə ilk tanışlığı çox erkən başlamışdı. İlk sevgisindən, dünyanı tanımasından da əvvəl... Onda hələ Elçin dünyanı başqa rəngdə görürdü. Cahan gözündə yeddi rəngli, min ahəngli çalarsız gözəlliyi ilə onun ruhunu oxşayırdı. Hələ qəmdən, kədərdən, dünyanın gəlişindən, gedişindən, kinindən, küdurətindən, məkrindən, hiyləsindən, yalanından, şərindən, böhtan və iyrənc işlərindən xəbərsiz bir uşaq ömrü yaşayırdı. Elə bu gördüyü gözəlliklər bu erkən çağında onu əlinə qələm götürməyə, bacardığı formada dünyanı poetik rənglərlə bəzəməyə vadar eləmişdi. İlk şerini bir müəlliməsinə həsr eləmişdi. Buna şeir demək olardı, ya olmazdı – orasını hələ bilmirdi. Yazdığını bir kimsəyə göstərməyə də cəsarəti çatmırdı. Qorxurdu birdən onun yazdığını bəyənməzlər, gülüb, lağa qoyarlar. Axı uşaq olsa da, elə uşaq fəhmi ilə dərk edirdi ki, Azərbaycan deyilən məmləkətdə şeir yazmaq asan məsələ deyil. Axı bu torpağın dahi, böyük, şedevr şairləri olub. Elə şairləri ki, yazdıqları poetik nümunələrlə bütün dünyanı mat qoyublar. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Səməd Vurğun... Bu dahilərin ruhu önündə özündə cəsarət tapıb əlinə qələm götürmək, şeir yazmaq heç də asan iş deyildi. Uşaq ağlı ilə bunu bilirdi Elçin. Ancaq yenə də qələm, dəftər onu özünə sarı çəkir, rahat olmağa, ancaq dərsləri ilə məşğul olmağa imkan vermirdi.

O, da götürüb yazdı. Onda hələ on yaşı da tamam olmamışdı. Öz yazdıqlarından xoşu gəlirdi. Bir tənha yer tapır, yazdıqlarını ucadan oxuyur, özü-özünə əhsən deyirdi. Sirli, gizlin heç nə qalmır bu dünyada. Elçinin də bu gizlinindən xəbər tutdular. İlk öncə məktəbin ədəbiyyat müəllimi onun bu marağına, cəsarətinə heyran qaldı və düz onların evlərinə gəldi. Yaxşı ki, evdə Elçindən başqa heç kim yox idi. Ədəbiyyat müəlliminin sözlərindən Elçin həyəcanlandı. Müəllim onu dilə tutmağa çalışdı.

-Müəllim xəstələnəndə, dərsə gəlməyəndə bir müəllim kimi onu əvəz edirsən, özündən yekə uşaqlara dərs deyirsən, onda həyəcanlanmırsan, indi nə olub, yazdığını üzə çıxarmağa cəsarətin çatmır?

-Müəllim, bilirsən...

-Heç nə bilmirəm, gətir görüm nə yazmısan.

-Yaxşı gətirərəm.

Bu sözləri çox ürəklə dedi. Elə bil, daxilən özündə yaratmaq istədiyi cəsarətlə yazdıqlarının işə yarayacağını sübut etməyə çalışdı.

Gətirdi də. Müəllim baxdı.Onu xoş bir baxışla süzüb, xırda-xırda gülümsədi. Müəllimin o xırda gülüşü Elçinin sinəsinə yağ kimi yayıldı. Deyirlər, bəzən böyük kəşflər xırda təsadüflərdən yaranır. Bəlkə o ədəbiyyat müəlliminin xırda gülüşü və xoş sözləri olmasaydı, Elçin bədii yaradıcılıq qələmini elə o gündən sındırıb, bir küncə atacaqdı. Müəllimin ona ruh verməsi, bəlkə də, onun ədəbiyyata açılan qapısını taybatay araladı. Düzdür, Elçin uşaqlıqdan texnika elmlərinə daha çox maraq göstərirdi. Texnika sahəsində kəşflər edən alimlərin həyatını izləyir, onlar haqqında yazılanları oxuyur, onlardan biri olmağı həyatının ən böyük amalı sayırdı. Ən çox da görkəmli rus alimi Lomonosova maraq göstərirdi. Hansı sahənin bilicisi olduğunu dəqiq bilməsə də, nəyə görəsə ona daxilən həsəd aparır, bəzən onun paxıllığını da çəkirdi. İstəyirdi gələcəkdə Lomonosov qədər tanınmış alim olsun. Hələ ondan da irəli getsin. Bəzən yuxularında Lomonosovu görürdü. Yuxuda Lomonosov ona baxıb gülümsəyirdi. Yuxudan ayılandan sonra ürəyi quş ürəyi kimi çırpınır, Lomonosovon gülümsəməyinin mənasını tapmağa çalışırdı. Bəlkə Lomonosov onu lağa qoyurdu? Bəlkə bu gülümsəməyi ilə deyirdi, bala, get öz işinlə məşğul ol. Sizin millətdən Lomonosov çıxmaz. Öz ədibinizin də dediyi kimi, sizin işiniz başqadır: xoruz döyüşdürmək, hamamda yatmaq, cadu yazdırmaq, cinlə, şeytanla əlləşmək... Bunları düşündükcə daha da qeyzlənirdi Elçin. Yenə yatmaq, yenə də yuxuda Lomonosovu görmək, ona sözlərini demək istəyirdi. Yuxuda Lomonosova cavab vermək imkanı olsaydı, görəsən ona nə deyəcəkdi? Yəqin ki, Lomonosovun ruhuna onu gələcəkdə izləməyi, necə bir alim olacağını görməyi xahiş edəcəkdi...

Məqam tapdıqca yazırdı. Təbiətdən, torpaqdan, yurddan, adamlardan... Amma bacardıqca bu yazdıqlarını gizli saxlamağa çalışırdı. Axı onun əsas amalı şeir yazmaq deyildi. Özünü hamıya, elə Lomonosovun ruhuna da sübut eləmək üçün başqa sahədə tanınmış adam olmaq istəyirdi.

Yenə bir sözardı:

Ali məktəbi bitirəndə diplom işi yazırdılar. O vaxtkı dövlətin qanunları başqaydı. Əgər ali məktəbi bitirən tələbə yaxşı diplom işi yazırdısa, bu ali məktəbin elmi şurası tərəfindən dissertasiya mövzusu kimi qəbul edilə bilərdi. Belədə artıq ali məktəbi bitirən məzun qısa müddət ərzində elmlər namizədi alimlik dərəcəsi ala bilərdi. Onun da diplom işi çox maraqla qarşılanmışdı. Hətta bu iş institutun elmi şurasının müzakirəsinə də çıxarılmış və müsbət rəy almışdı. Lakin təəssüflər ki, o zamanlar özümüz-özümüzü idarə etmək, öz müsbət işlərimizə dəyər vermək iqtidarında deyildik. Çünki başımızın üstündə Moskva, rəy verənlərimiz ruslar idi. Onlar isə ya pənah, ya xuda, istədiklərini edirdilər. Hətta çox vaxt bir zəif erməni elmi işini çox güclü azərbaycanlı (əslində türk) elmi işindən daha üstün tuturdular. Ona görə ki, bu erməni idi, xristian idi. Və onları özlərininki bilib, daha müsbət rəylə cəmiyyətə sırıyırdılar.

Elçinin də işi Moskvaya qədər gedib çıxdı. Elçin xoş xəyallara düşdü. Velişaqin yaşında düstur icad edə bilməsə də, Lomonosov yaşından əvvəl alim olmaq istəyindən vəcdə gəldi.

Amma...

Əmması o oldu ki, Moskva yenə göz yaşlarına inanmadı. Əgər Elçin İsgəndərov erməni (Allah eləməmiş) və yaxud, bir başqa xristian ölkəsinin nümayəndəsi olsaydı, yüzə-yüz onun işi dissertasiya mövzusu kimi qəbul ediləcək və ona alimlik dərəcəsi veriləcəkdi...

Bu əngəllər onun erkən alim olmaq arzusunu da ürəyində qoydu...

Poetik aləmin kəhkəşanına baş vurduqca, sanki saflaşır, durulaşır, özünü tapır, keçmişlərdən gələcəyə körpülər tikirdi. O körpünün üzərindən keçən Allahın bəndələri məkr, hiylə bilmədən öz həmcinsinin, hətta, bütün canlı aləmin ağrısına acıyır, dərdinə yanır, yarasına məlhəm olmaq üçün adam balası adam olurdular. Onun hələ kövrək, bərkiməmiş şeirlərində bir dünya işıq olurdu. O işıqda baxıb gördüklərindən heyrətə gəlməyə bilmirsən. Quşun yaralı qanadı da sənin ürəyinin telindən keçir. Qırılmış budaq, əzilmiş yarpaq, bulanmış su, cadarlanmış torpaq şah damarından keçərək, səni sən eləyir.

Səni sən eləyir... Səni sən etməyən insan övladının bir-birinə qənim kəsilməyi, düşmən olması lap uşaq çağlarından Elçini düşündürür, balaca qəlbinə nahamar hisslər, duyğular gətirirdi. Böyüdükcə bu hissləri, duyğuları da böyüyürdü.

O vaxtlar məktəbdə oxuyanda “Zəncinin arzuları” poemasını keçirdilər. Və Elçin ruhən, xəyallən bir müddət dönüb o zəncinin yerində özünü hiss edirdi. Təkcə o zənci yox, məhrumiyyətlər içərisində ömür sürən insanların, xüsusən, cocuqların taleyi qəlbinə hakim kəsilir, insanları fəlakətlərdən qurtarmaq üçün özünün ağappaq nağıllarını yaradırdı. O nağıllarda sərhəd dirəkləri olmurdu. Dövlətlər bir-birindən aralı düşmür, xalqlar bir-birinə düşmən kəsilmirdilər. Adamlar müxtəlif dinlərə iman gətirmirdilər. Hər kəs bir Tanrının göy çətiri altına yığışıb, “insanlıq marşı”nı ifa edirdilər. Bütün adamlar bir dildə danışırdılar, bir əlifbada yazırdılar. Onda dünya elə gözəl idi ki... Masmavi gölləri, dənizləri, bəyaz buludları, qızıl qumlu sahilləri, rəngbərəng uca dağları, Tanrıya duaçı olan ağacları ilə cahan insanın gözündə cənnətin bir bucağına bənzəyirdi.

Elçin yazırdı. Niyə yazdığını hələ düz-əməlli bilməsə də, qələm-dəftər onsuz, o, da qələm-dəftərsiz qala bilmirdilər. Gündə heç olmasa bir sətir yazmayanda elə bil, nəyisə çatışmırdı. Gecənin yarısı da olsa, qalxıb sevimli dəftər-qələminə yanaşır, ürək sözlərini ağ kağıza deyəndən sonra gedib yatırdı.

Ancaq ağlının bir küncünə də gəlmirdi ki, vaxt gələcək sətir-sətir dərdləşdiyi yazılar kitablara dönəcək. Ağlına gəlmirdi ki, vaxt gələcək ona şair deyəcəklər...

Gəncədən gəlirəm, yüküm... kitabdı

Onun lap gənc alim olmaq arzusu ürəyində qalsa da, Lomonosova çatmaq istəyi hələ də qəlbində boy verirdi. O vaxt çıxmış yeni qanuna görə, aspiranturaya daxil olmaq üçün iki il istehsalat təcrübəsində olmalıydın. Elçin könülsüz də olsa, bu iki illik təcrübəni keçməli idi.

Onu Gəncə Maşınqayırma zavoduna göndərdilər. Yeni mühit, ilk dəfə gördüyü texnoloji avadanlıqlar, tanış olmadığı iş sistemi, tanımadığı adamlar... İlk vaxtlar ona ağır gəldi. Əsgərliyə gedib, günlərini sayan adamlar kimi ötən hər gününü bir qənimət hesab elədi. Ancaq insan elə məxluqdur ki, dayandığı, nəyəsə maraq göstərdiyi yerlərə tez isinişə bilir. Elçinə də az müddətdən sonra çox şey maraqlı görünməyə başladı. Xüsusən, texnoloji avadanlıqların iş sistemi ona çox qəribə göründü. Bir də adamlar doğma gəldilər ona. İlahi, bu yerlərin adamları necə də tez bir zamanda qaynayıb qarışırlar. Heç iki ay ötməmiş bu adamları lap əvvəldən tanıyırmış kimi doğma bildi özünə. Və çox qəribə idi ki, indidən onlardan ayrılmağın çətinliyi haqqında düşünməyə başlamışdı.

Nazlı Gəncə... Azərbaycanın nur qönçəsi... Nizami yurdu... İndi Elçinə çox şeylər aydın olmuşdu. Bu yerlərdə yaşayan elə Nizami Gəncəvi olar. Hər dəfə şəhərə çıxanda, onun mərkəzini, ətrafını gəzib-dolananda bu qəribə fikirlər qəlbinə hakim kəsilirdi. Bir də bu yerlərin tarixi, keçmişi, ötən günləri bir kino lenti kimi gəlib gözlərinin önündən keçirdi. Elə bil, o dövrləri yaşamışdı, o günlərin canlı şahidi olmuşdu. O günlərin ki... O günlər haqqında kitablarda o qədər də düzgün, səhih məlumatlar verilmirdi. Və bəzən çox böyük yanlışlıqlar, yalanlar, böhtanlar kitablarda özünə yer tapırdı. Ancaq bəzi həqiqətləri gizlincə əldə elədiyi kitablardan tapıb oxuya bilirdi. Ona görə bu yerləri canlı gördüyünü düşünürdü.

Gör bu qədim yurdun başına nə oyunlar gətirmişdilər. Əvvəl heç dilə də düz-əməlli yatmayan bir qondarma ad yapışdırmışdılar bu şəhərə: Yelizavetpol... Allah, bu qədər də haqsızlıq olardımı? Rus çariçası Yelizaveta hara, Gəncə hara? Elə bil, bununla bu yerlərin adamlarına əzab verib, öldürmək istəyirdilər. Heç olmasa, Yeliza desəydilər, bir az qısa ifadə etsəydilər, adamlara bu qədər dərd, ağrı verməzdilər. Elə bilərdilər, Yeliza da hansısa bir türk sözünün törəməsidir. Ancaq, Yelizavetpol... Bu faciə idi və bu faciəni yaşamaq qürurlu insanlar üçün heç də asan deyildi. Məsələ burasındaydı ki, belə qədim kökü olan, böyük ənənələrə söykənən şəhərin adamları çox qürurlu olurlar. Deməli, belə adın altında yaşamaq onlar üçün çəkilməsi ağır olan işgəncə idi.

Daha sonra şəhərin adını yenə dəyişib Kirovabad qoydular. Kirovabad... Yelizavetta getdi, Sergey Mironoviç gəldi. İlahi, dərdə bax, bu məkanın yerli sakinləri bir yana qalmışdılar, gəlmələr gündə şəhərə bir ad qondarırdılar.

Kirov... Bu adam kim idi axı? Azərbaycan dövləti qarşısında hansı xidmətləri olmuşdu? Gəncə camaatına nə yaxşılığı keçmişdi? Bakının ən hündür yerində onun əzəmətli abidəsini ucaltmışdılar. Oradan o, Bakıya, Bakının çoxmillətli əhalisinə əl sallayırdı. Onda hələ Şaumyanın da abidəsi önünə gül-çiçək dəstələri düzürdük. Elə bilirdik bu adam yaxşı adam olub, bizi ağ günə çıxardıb. Onun haqqında filmlər çəkir, kitablar bağlayır, az qala barəsində əfsanələr yaradırdıq... Daha sonra, lap sonralar anladıq ki... Demə, bu quldur soyumuza, kökümüzə qənim kəsilən bir cani imiş. Bunları anlayanda, artıq iş-işdən keçmişdi.

Sergey Mironoviç Kirov da onun kimi. Onun göyə yüksələn qolunu qırıb, abidəsini aşıranda, Gəncənin üstünə çökmüş qəm haləsi kimi adını yığışdırıb, şəhəri süni nəfəsdən azad edəndə, bəlkə heç onun ruhu da incimədi. Çünki keçmişdə elədiyini eləmişdi. Onun bu yurda vurduğu yaraları sağaltmaq üçün, bəlkə də, neçə-neçə yüz illər lazım olacaqdı.

Elçin öz yaxınları arasında bu şəhərə Gəncə deyirdi. Kirovabad sözü heç dilinə yatmırdı. Elə bil, yüz ilin Hacı Məhəmmədinin adını dəyişib, Seryoja qoymuşdun. Amma Gəncə sözünü çoxunun yanında, həm də ucadan demək qorxulu idi. Onda gərək Dövlət Təhlükəsizlik idarəsinə gedib izahat verəydin, Kirovabada Gəncə deməyinin bədəlini ödəyəydin. Ha çalışlb, vuruşaydın, yüz-yüz, min-min dürlü faktlar gətirəydin, bu şəhərin dədə-babadan Gəncə olduğunu sübuta yetirəydin, yenə xeyri yox idi. Kor tutduğunu buraxmadığı kimi bunlar da səni buraxmazdılar. Ən azı kürəyinə bir şiddətli töhmət yapışdırıb yola salardılar. Sonra da dönə-dönə tapşırardılar ki, özünü yaxşı apar, danışığına fikir ver, yoxsa... Bu yoxsanın sonrası çox böyük faciələrdən xəbər verirdi. O faciələr haqqında Elçin yaşlı adamlardan eşitmişdi. Onu da eşitmişdi ki, bu yoxsanın sonrasında görkəmli şairimiz Hüseyn Cavidin başına nə oyun gətirmişdilər. Sonra da Bəxtiyar Vahabzadənin. “Şəki fəhləsi” qəzetində dərc olunmuş “Gülüstan” poemasına görə milli-vətənpərvər şairi az qala dar ağacına çəkəcəkmişlər. O, bu fəlakətdən zor-bəla canını qurtara bilmişdi. Bundan sonra uzun müddət danışmağı, yazmağı ona yasaq eləmişdilər. Nəyə görə? Ona görə ki, o poemada şair həqiqəti yazmışdı. Vətəni iki yerə bölən namərdləri öz qələmi ilə qamçılamışdı.

Daha bir sözardı:

Sonralar Bəxtiyar Vahabzadə ilə münasibət quranda, onunla yaxınlıq edəndə şair ona əllinci illərin sonunda baş verən bu hadisədən danışardı. Yana-yana, qovrula-qovrula... Sonra da sözlərini nikbin notlarla bitirərdi. Deyərdi, yüz belə imperiyalar ola, qan içən hökmdarlar meydan sulaya, yenə də millətin birliyini əlindən ala bilməzlər. Vaxt gələr bu haqsızlıqlar yerini haqqa verər. O zaman bütün bu ayrılıq ağılarının yerini vüsal nəğmələri doldurar... Bəxtiyar Vahabzadə ona həm də Məhəmmədhüseyn Şəhriyardan danışardı. Onun həsrət və intizar şeirlərindən sitatlar gətirərdi.

Heydərbaba, gün dalını dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

Böyük şairin söhbətləri ona o qədər təsir edirdi ki, o təsirdən uzun müddət çıxa bilmirdi. Belə vaxtlarda gücü heç nəyə çatmayanda, qələmindən dayaq tutub, üzü işığa sarı getmək istəyirdi. O işığa çatmağın yollarını arayırdı. Və inanırdı. İnanırdı bir gün o işığa qovuşacağına. O gün millətin ən böyük, ən ulu, ən müqəddəs bayram günü olacaqdı. O günün bir gün gəlib yetişəcəyinə şəksiz bir inam bəsləyirdi...

Hələliksə...

İstehsalat təcrübəsi keçə-keçə bir an da olsun kitablardan ayrılmırdı. Yatanda da mütləq sinəsində bir kitab yatırdı. Elə bil, ən böyük həmdəmi, ən yaxın sirdaşı, sirli-sehrli dünyasının qibləgahı bu kitablar idi. Bu kitablar Elçini gələcək işıqlı dünyaya aparan mayak kimi yollarına nur çiləyirdi.

Və qarşıda böyük şəfəqlər görünürdü. O şəfəqlərin işığında ömrünün şirin nağılını yaradırdı. Bu nağılın qəhrəmanı onun özü idi. Bu nağıl qəhrəmanı haralara gedib çıxacaqdı, səsi haralardan gələcəkdi-bu hələ gələcəyin işi idi və o gələcəkdən Elçin çox şeylər gözləyirdi.

Adı dilinə yatmayan bu şəhərin səsli-küylü təcrübə sahəsində, adamı duyğulandıran şəhər ətrafında, gecələrin tənha səssizliyində də o nağıl qəhrəmanının izi ilə yeriyir, onu bir an gözündən qoymur, hərdən də ağ atlara süvari olub uzaqlara, lap uzaqlara gedib çıxırdı.

Hələ yarımçıq qalan arzularını həyata keçirmək üçün bu kitablardan bərk-bərk yapışmalıydı. O kitabların səhifələrində öz taleyinin ağ cığırlarını tapmalıydı. Kim nə deyirsə-desin, insanın tale yazısı onun alnına yazılmır. Belə olsaydı əgər Tanrı insana düşüncə, ağıl, dərrakə verməz, onu bir robot kimi yaradardı. İnsan Tanrının müəyyən elədiyi milyonlarla kodlaşdırılmış cığırların əhatəsində dolanır, özünü axtarır və tapdığı qədər tapır. Güclü adamlar, zəhmətlə yoğrulanlar o milyonlarla kodun içərisindən öz işıqlı şifrələrini tapa bilir, həyatda önəmli bir mövqe tuta bilirlər. Zəif, iradəsiz, tənbəl kəslər isə elə hər şeyi mövcud olmayan o alın yazısına bağlayır, nahamar işlər görərək, ya da heç nə etməyərək zülmət qaranlıqlara doğru sürünürlər. Elçinin belə adamlara yazığı gəlirdi. Axı Tanrı insana bu ömrü yandırmaq üçün deyil, yaşamaq üçün bəxş edir. Ömrü yanan insanların ruhunu dikəltmək üçün az-çox, bacardığı qədər təsir etmək istəyirdi onlara. Beynində az-çox nuru olanlar onun dediyi sözlərin işığından bir damla götürə bilirdilər. Qəlbinin nuru yatanlar isə... Belələri artıq indidən yanan talelərinə doğru tələsirdilər. Özləri də bilmədən, Tanrının möcüzəsinə ümid bəsləyərək...

Lap tez ötdü bu iki il. Yenə yollar onu Bakıya sarı gətirirdi. Bu dəfə başqa inamla, başqa ruh və inadla.

Bakıya çatanda yüz illərdi buralardan ayrılmış kimi şəhəri bağrına basdı. Sanki bu gəlişin bir başqa gəliş olduğunu şəhərə demək istəyirdi.

Gəncədən qayıdıb gəldi. İstehsalat təcrübəsi ilə bərabər böyük həyat təcrübəsi də qazandı. Ən azı gələcək həyat yükünün bir hissəsini tutdu. Amma bu yük xurma deyidi. Elm və biliklərlə dolu kitablar idi. O kitabların işiğı indi onu Gəncədən Bakıya gətirirdi. Bir azdan isə uzaqlara, dünyanın o başına aparıb çıxaracaqdı.


Yüklə 472,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə