Rasim Gənzəli Qızıl türklərdən biri



Yüklə 472,95 Kb.
səhifə4/8
tarix23.10.2017
ölçüsü472,95 Kb.
#6402
1   2   3   4   5   6   7   8

Elçin böyük yolun yolçuluğuna çıxmışdı...

Bir gecənin tarixçəsi

Xudu Məmmədovun adı nəinki onun üçün, o dövrün zəkalı kəsiminin hər bir qismi üçün müqəddəs və əlçatmaz zirvə sayılırdı. Nağıllardan gəlmiş kimi görünən bu adam, sanki, insanın, insanlığın fövqündə dayanırdı. O dövrün hər bir adamı bu Böyük Ziyalını görmək, bir an da olsa, onun işığında yuyunmaq arzusu ilə alışıb yanırdı. Adamlara elə gəlirdi ki, bu adam yerdə, adamların yanında yaşamır. Sanki məkanı, yaşam yeri bir başqa planetdir. Və o, adam hərdənbir o planetdən enib yerə gəlir, adamların gözünə görünür, işığından zülmətlərə nur çiləyir, yenə də qayıdıb, yurduna, məkanına gedir. Elçin də bu dünyanı dərk edəndən bu insanın müqəddəsliyini qəbul eləmişdi. Hər zaman onu görməyin həsrətini çəkmişdi. Bilirdi ki, Xudu müəllim onun kimi işıqlı adamları çox sevir. Amma onun yanına getməyə cürət eləmirdi. Onun yanına getmək üçün əlində fundamental bir iş olmalıydı. Ki, Xudu müəllim onunla keçirdiyi vaxta görə təəssüf hissi keçirməsin. Hər halda, Elçin belə düşünürdü. Elə bu düşüncənin fonunda nələrsə etmək, elmə yeni nəyisə gətirmək intizarında sabahlarını açırdı. Bu düşündüklərini edəndən sonra rahatca Xudu Məmmədovun yanına gedə bilərdi. Onun qarşısında şax dayanıb, qazandığı uğurlardan danışardı. Bax, onda heç şübhəsiz Xudu müəllim onu maraqla qarşılayardı. Elmi kəşfi ilə tanış olar, başına sığal çəkər, gözündəki bir dünya işıqla onu başdan-ayağa süzüb, uğurlar diləyərdi. Belə bir günə qurban kəsməyin həsrətini çəkirdi Elçin...

Əvvəldə qeyd eləmişdim axı, məqam tapan kimi yolunu Ağdamdan, Şuşadan salırdı. Bu dəfə də yol üstündə idi. Ağdama, əzizlərinə baş çəkməyə gedirdi. Ali məktəbi bitirmişdi. Diplomunu almışdı. Amma sınıqlığı var idi. Çünki diplom işini elmi iş kimi təqdim edə bilməmişdi. Daha doğrusu, mərdümazarlar, Moskvada oturan nakəslər buna imkan verməmişdilər.

Belə bir zamanda Ağdama gedirdi. Axşamın alatoranında Bakı-Ağdam qatarında yola çıxmaq üçün dəmiryol vağzalına gəldi. Vağzalda böyük qələbəlik var idi. Əksər camaat Bakının istisindən qaçmaq, rayonda yayı keçirib, payızın əvvəlində yenə Bakıya qayıtmaq istəyi ilə yola çıxmışdılar. Elçin fikirli-fikirli dolaşıb, kupesini tapdı. Əynini dəyişib oturdu və Məmməd Arazın yeni çıxmış kitabını götürüb vərəqləməyə başladı. Bu an bir nəfər kupeyə daxil oldu. Salam verdi. Elçin bir qədər qanrılıb, onun salamını aldı. Bir anlıq nəzərləri gələn adamın üzündə dolaşdı. Və... dəhşətə gəlib, dib-dik ayağa qalxdı. Səhv etmirdisə, bu həmin adam idi; hər zaman həsrətini çəkdiyi, intizarında olduğu Xudu Məmmədov.

Utancaq-utancaq əlini ona sarı uzatdı.

-Salam... Xudu müəllim... Bu sizsiniz?

-Bəli, düz tapmısınız. Məni hardan tanıdınız?

-Siz... Nə vaxt gəlmisiniz?

-Hardan?

“Uzaq planetdən” demək istədi. Birtəhər o sözü boğazından qaytarıb, başqa söz dedi.

-Yəni deyirəm... Sizi görmədim.

-Mən elə indi gəlmişəm. Gəl tanış olaq, mən Xudu Məmmədovam, bəs sən?

-Mən də Elçinəm, Elçin İsgəndərov.

Sonra özü haqqında qısa tanışlıq verdi. Amma bu qısa tanışlıq da, deyəsən, Xudu Məmmədovda maraq yaratdı. Çünki yerini rahlaya-rahlaya onun haqqında başqa məlumatlar da almağa çalışdı.

Yarım saatdan sonra artıq neçə vaxtın tanışları kimi qaynayıb-qarışmış, söhbətə başlamışdılar. Elçin bu dahi insan haqqında çox şeylər bilirdi. Onun həyatını, demək olar ki, bütövlüklə kitablardan oxumuşdu. Demək olar ona görə deyirəm ki, bu böyük aydının, ümumiyyətlə, dahi şəxsiyyətlərin bütöv həyatını kitablardan oxumaq mümkün deyil. Onlar o qədər çoxşaxəli, çoxxətli, geniş əhatəli olurlar ki, bu taleləri cansız kitab səhifələrinə sığışdırmaq mümkün olmur. Ona görə gərək belə dühaları bir saatlıq da olsa, canlı görüb, ünsiyyətdə olasan. Onda o böyüklüyün fərqinə varırsan, o ucalığı yaxından anlayırsan.

Elçin, sanki, sirli bir aləmin sehrinə düşmüşdü. Ağlına gələrdimi ki, yay fəslinin qərib bir çağında Ağdama gedəndə onun kupe yoldaşı belə bir insan olacaq. Belə bir arzuyla içində işığı olan hər bir kəs yaşayardı. Hətta, belə bir təsadüf üçün ömrünün bir hissəsini qurban verənlər də olardı. Axı onunla üzbəüz oturan şəxsiyyət sıradan biri deyildi. Haqqında əfsanələr, rəvayətlər dolaşan bir alim idi. Elə bir alim ki, yaratdıqlarını insanlar hələ yetərincə anlamırdılar. Sadəcə, böyük insan kimi tanıyırdılar, vəssalam. Əslində onun yaratdığı elm sahəsi elmdə böyük kəşflərdən sayılırdı. Və əgər o, qeyri-slavyan xalqının nümayəndəsi olmasaydı, çox güman ki, adı dünyanın ən dahi bilim adamları sırasında çəkiləcəkdi.

Bunları bildiyinə görə, bu gecənin sirrindən qopa bilmirdi Elçin. İstəyirdi bu gecənin ömrü uzun olsun, bitib-tükənməsin. Elə hey yol getsinlər, qatarın qəribə ayaq səslər altında yollar uzansın. Bu yolçuluq Elçinə bir dünyanın işığını verəcəkdi, indidən bilirdi bunu. Ona görə bu işıqdan daha çox “oğurlamaq” üçün səhərin gec açılmasını istəyirdi.

Xudu Məmmədov danışırdı...

Tariximizdən, ötənlərdən, keçənlərdən. Tarix kitablarını yazanların səriştəsizliyindən, yaxud, mövcud quruluşa uyğun tarix yazmalarından. O quruluşa ki, burada əsil həqiqəti yazanların yeri zindan olardı. Gərək o tarix kitablarında özündən uydurub, sistemə xoş gələn formada yazaydın.

Xudu Məmmədov danışırdı...

Milli adət-ənənələrimizdən, özümüzdən, sözümüzdən, tarixi qan yaddaşımızdan... O qan yaddaşımızda çox şeylər vardı ki, bizə onları unutdurmuşdular. Yüz fitnə-fellə qan yaddaşımıza təcavüz edib, milli ruhumuzu qaranlıq boşluqlara atmışdılar. O boşluqlarda özümüzü tapa bilmir, hərdən özünü göstərən milli şüurumuzun közərtisində çabalayır, vurnuxa-vurnuxa qalırdıq.

Xudu Məmmədov danışırdı...

Folklordan, ədəbiyyatdan, bədii söz sənətindən... O folklorda, o ədəbiyyatda, o söz sənətində bizim özümüz vardıq. Dədə Qorqud qopuzunun sehri vardı. O sehrin içində min illərdi yol gəlirdik. Özümüzü tapa bilsəydik, hələ neçə min illər də beləcə yol gedəcəkdik.

Xudu Məmmədov danışırdı...

Dünya elmindən... Bu elmdə boy verən Azərbaycan alimlərinin töhfəsindən. O töhfədə görünən yerimiz olsa da, sistemin eybəcərliyi, dünya düzümünün nadürüstlüyü daha qabarıq görünməyimizə imkan vermirdi. Rus alimlərinin xırda bir kəşfi bizim alimlərimizin böyük kəşfi qarşısında daha qabarıq görünürdü.

Bütün bunlardan yana-yana danışırdı böyük alim. Bəzən əllərinin xırdaca əsməsindən, gözlərindəki kədərdən dünyanın “yaxşı yük” daşımaması aydınca sezilirdi...

Gecənin yarısına qədər söhbət elədilər. Sonra yataqlarına uzanıb, işığı sondürdülər. Ancaq Elçin yuxuya gedə bilmədi. Bu möcüzəli axşamdan sonra o, yuxuya gedə bilərdimi? Əlacı olsaydı, utanmasaydı Xudu müəllimi oyadar, onunla yenə üzbəüz dayanar, nəfəs dərmədən ona qulaq asardı.

İlahi, bu dünyanın necə sirli-sehrli insanları varmış. Bu dünyanı qoruyan, qopub məhvərindən çıxmağa qoymayan, şübhəsiz ki, bu insanlar idi.

Bu gecənin təsirindən hələ uzun müddət çıxa bilməyəcəkdi Elçin. Bunu indidən bilirdi. Bir də onu bilirdi ki... Bir gecədə bir böyük universitetin məzunu olmaq hər adama qismət olmurdu. Bəli, o tarixi yolçuluqda, Bakı-Ağdam qatarında bir neçə saat Xudu Məmmədovla yol gedən Elçin İsgəndərov daha bir universitet bitirmiş kimi hiss elədi özünü. O, bu gündən Xudu Məmmədov məktəbinin məzunu idi. Və o məzunluq ona həyatda çox şeylər verdi. Heç şübhəsiz ki, həyatının səmtini müəyyən eləməkdə o məktəbi bitirməyinin böyük rolu oldu.

Səhər tezdən ondan ayrılanda bir müddət dayanıb onun arxasınca baxdı. Onunla yenə də görüşmək arzusu ilə...

Lakin...

Onunla bir də görüşmək qisməti olmadı.

Onun yerini, yurdunu bilirdi, oturduğu məkanı tanıyırdı. Amma hələ onun yanına getmək istəmirdi. Axı söz vermişdi ona, demişdi, yaxın zamanlarda aspiranturaya daxil olacaq və qısa müddətdə elmi iş götürüb müdafiə edəcək. İstəyirdi Xudu Məmmədovun yanına gənc alim kimi getsin. Bilirdi axı, bilirdi ki, o, kişi elmi işlərin, fundamental kəşflərin dəlisidir. İndidən özündə xəyallar qururdu: elmlər namizədi diplomunu götürüb onun kabinetinə daxil olurdu. Onunla qucaqlaşıb, görüşür, sonra da müdafiəsi haqqında ona məlumat verirdi. Xəyalındaki Xudu Məmmədovun gözlərindəki nur selini də görürdü... Xudu Məmmədov ağızdolusu onu tərifləyir, elmi fəaliyyətində uğurlar diləyirdi...

Bax, onda gedəcəkdi Xudu Məmmədovun yanına.

Lakin bir səhər eşitdiyi bəd xəbərdən sarsılıb, yerində qaldı. Xudu Məmmədov qəfildən dünyasını dəyişmişdi.

Bu xəbər ona elə ağır təsir eləmişdi ki, əl-qolu soyuyub yanına düşmüşdü. Həyatda ən doğma, ən əziz, ən yaxın, ən məhrəm adamını itirmiş kimi özünə yer tapa bilmir, fikirlərinin kələfi dolaşır, arzuları daşa dəyib çilik-çilik olmuş kimi özünü ələ ala bilmirdi. Axı Xudu Məmmədov onun elmi işini görməliydi, bu işlə tanış olmalıydı, onun gələcək işlərinin xeyir-duasını verməliydi. Belə bir qarışıq gümanlar arasında çırpınan zaman Xudu Məmmədovu yuxusunda gördü. Xudu Məmmədov onlara gəlmişdi. Onun başına sığal çəkir, oxşayır, qəribə-qəribə gülümsəyir, sonra da dönə-dönə kitabları Elçinə göstərirdi.

O gecənin səhərindən Elçin özünü ələ almağa çalışdı. Axı o boyda kişi onun gələcəyindən nigaran qalmışdı, qapısına qədər gəlmişdi. Gəlmişdi ki, onu ovsundan çıxarsın, sabahlara səsləsin.

Və...


Xudu Məmmədovun ruhuna kişi sözü verib, kitabları yenə bağrına basdı. Əvvəlkindən də inamla, inadla mübarizəyə başladı. Artıq bu mübarizədə heç kəs onun qarşısını kəsə bilməzdi. Bir kimsənin onu dayandırmağa gücü, qüvvəti çatmazdı. İndi o, təkcə özünə görə yox, həm də Xudu Məmmədova görə elmin kəhkəşanına baş vuracaqdı. Bu mübarizədə Elçin ya qalib gəlməli, ya da yenə də qalib gəlməliydi...

Tanrının yar bəxşişi

Deyirlər, hər kəs doğulandan bu dünyada yarısını axtarır. Yarımçıq olan insan yarısını tapmayanda bütöv olmur, tamamlanmır, beləcə, çöllərdə dəli-divanə kimi dolaşıb, ömrünü yarımçıq başa vurur. Ona görə hər insanın tale payına bir yar qisməti yazılır. Elçinin də taleyinə Afəti yazmışdı Tanrı. Elə bir qismət ki...

Elçingilin qonşuluğunda Lyuba adında bir xanım yaşayırdı. Çox qəşəng, xanım-xatın olan bu qadın Elçingilin ailəsinə çox yaxın idi. Tez-tez onlara baş çəkir, maraqlanır, uğurlarına sevinir, kədərlərini öz kədəri bilirdi. Elçinə o qədər xoş münasibəti var idi ki, bu qadının. Öz doğma xalasi qədər, bibisi qədər... Elçinin uğurlarına çox sevinərdi. Gedib bu uğurlar haqqında bacısına, yaxınlarına danışardı. Ən çox da bacısı qızı Afətin yanında ondan söhbət açmağı xoşlayardı.

-Bilirsən, nə dərrakəli oğlandı bu Elçin?

Afət susub, xalasının üzünə baxardı.

-Məktəbi qızıl medalla bitirib.

Qız yenə onun üz-gözünü süzərdi.

-Ali məktəbi də qırmızı diplomla bitirib.

Qız bu dəfə astaca başını bulayardı.

Bununla xalasına çatdırmaq istəyirdi ki, ay xala, bunları çox demisən, az qala, o Elçin deyilən oğlan kimdirsə tərcümeyi-halını mənə əzbərlətmisən. Afətin qımışmağından nə demək istədiyini, ancaq deyə bilmədiyini anlayırdı Lyuba xala. Amma yenə də dediyini deyir, dayanmadan o, oğlanın bacarığından danışırdı.

-Tələbə vaxtı bir elmi ixtiranın müəllifi olub. Fikir verirsən, qızım, tələbə vaxtı?! Hər oğulun işi deyil bu...

Qız içində gülümsəyirdi.

-Heç üç il, beş il çəkməz alim olar bu oğlan.

Axırda Afət dözə bilmədi:

-Xala, o qonşunuzun oğlunu mənim yanımda niyə tərifləyirsən?

Xala ürəyində olanı gizlətmədi.

-Çox istəyərəm belə kürəkənimiz olsun.

Onda Afət ürəkdən gülmüşdü.

Bu gülməyinin bir səbəbi də başqaydı. Artıq o, Elçini tanıyırdı. Hətta məqam tapıb bir-iki dəfə görüşmüşdülər də.

Afət əslən Laçın rayonundan olsa da, Ağdamın bir başqa kəndində yaşayırdı. Hərdən xalasıgilə gəlirdi. Və bir kərə xalasıgilə gələndə xalasının çox təriflədiyi o, oğlanı görmüşdü. Bəzən eşqlər bir baxışdan yaranır. Bu da Tanrının bir möcüzəsi. Onların da bir-birinə sevgisi elə ilk baxışdan yaranmışdı...

... Elçin yenə Gəncəyə göndərilmişdi. Elə bil, onun taleyində Gəncə ilə bir bağlılıq var idi. Bu dəfə bir müəllim kimi burada işləyirdi və evlərinə bir-iki günlük istirahətə də bir gənc müəllim kimi getmişdi.

Hara getsəm, harda olsam,

Məmləkətdən uzaqda

bir Gəncə sevdası

yaşayır içimdə-

qatarda, gəmidə, uçaqda.

Hara getsəm qədim Gəncəyə dönürəm yenə,

Gəncənin çinarları

yaşıl yarpaq dodaqlarıyla

gülüm, sənin adını pıçıldayır mənı.

Onu görməyi çox arzulayırdı. Afəti. Lyuba xalanın çox təriflədiyi qızı. Və o qismət bu günəymiş. Təsadüfən qız qarşısına çıxdı. Tanıdı onu. İki-üç il bundan qabaq gördüyü qız idi. Çox dəyişməmişdi.

Hələ bir quş səsi qonmayıb

təzəcə şeh düşmüş ləçəklərə.

Xarıbülbül gülümsəyir

arzulara, ümidlərə, diləklərə,

bu anda

bir şeir yazmaq istədim,



bir şeir sənə...

Elə o gün o şeiri pıçıldadı ona. İlk sevgi şeirini. Sonra ülkər baxışlarla baxışıb o baxışların səssiz pıçıltısında əhdi-peyman bağladılar. Ancaq hələlik bir müddət bu məhəbbəti gizli saxlamağa qərar verdilər...

Lyuba xala Elçini tərifləyəndə ona görə içindən gülümsəyirdi Afət...

Elçinin anası Afəti tərifləyəndə, beləcə, Elçinin də içindən bir gülümsəmək keçmişdi...

Çox gizli saxlaya bilmədilər bu eşqi. Elçin anasına, anası atasına, atası Afətin atasına xəbər verdi. Elçi getdilər. Lyuba xalanın arzuladığı məhəbbət cütlüyünü rəsmiləşdirdilər.

Afətin atası rabitə işçisi, anası isə tibb bacısı işləyirdi. Bunlardan sonralar Elçin xəbər tutdu. Onu da öyrəndi ki, qızın atası çox mühafizəkar bir kişidir. Hətta o qədər mühafizəkar ki, orta məktəbi əla qiymətlərlə oxuyan qızını əyani təhsil almağa qoymamışdı.

Keçən əsrin səksəninci illərinin sonu yaxınlaşırdı. Ermənilər yenə də əfi ilan kimi baş qaldırıb, Azərbaycan dalı məmləkəti sancmağa hazırlaşırdılar. Məsələlər günü-gündən qəlizləşirdi. Elçin gənc və ağıllı bir adam kimi bu hadisələrin sonluğunun hansı nəticələr verəcəyi narahatlığı ilə gecələri yatağına girir, elə bu narahatlıqla da səhərlərini açırdı. Hələ çox gənc olsa da, erməni xislətinin nə olduğunu anlayırdı. Bir də onu anlayırdı ki, arxalı köpək qurd basar. Ermənilərin arxasında rusların, elə başqa xristian dövlətlərinin də dayandığını bilirdi. Ruslar Moskvada yaxşı vəzifələrin bir hissəsini ermənilərə vermişdilər.

Burada tarixə bir baxış:

Sovetin yarandığı vaxtlardan belə olmuşdu: ermənilər rus qardaşlarının yanında quyruq bulaya-bulaya əsas vəzifə halqalarının bir hissəsini ələ keçirmişdilər. Stalin dövründə onun yanında dolaşan Mikoyanın vasitəsi ilə türklərə qarşı çox qara planlar hazırlanırdı. Bu planın içində sonralar Qarabağı Azərbaycandan qoparmaq, Ermənistana birləşdirmək niyyəti də var idi. İştah diş altındadır, deyiblər. Əvvəl qədim oğuz yurdu olan İrəvanı min fitnə-fellə əlimizdən aldılar. Sonra Göyçə mahalı, Vedibasar, Zəngəzur... İndi də Qarabağ. Ermənilər bilirdilər ki, onların qara niyyətlərini ruslar müdafiə edəcək, alqışlayacaq, dünya birliyi də kormuş, karmış kimi bu işğala biganə yanaşacaq. Hər zaman dünyada ikili standartlar olub və bu gün də var. Ən dəhşətlisi odur ki, bu ikili standartlar burulğanında hər zaman müsəlmanlar, ən çox da türklər əziyyət çəkiblər. Görəsən niyə belə olub? Bəlkə müsəlmanın daha çox fanatizmə yuvarlanması, az oxuması, elmdən daha çox yuxuya, ehtimala, nağıl və əfsanələrə inanması onun bu faciələrə düşməsinin əsas səbəbi kimi görünməlidir? Ola bilər. Lakin başqa bir səbəb də var. Türkün çox qədimlərdən gələn möhtəşəm keçmişi başqa xalqların yaddaşından silinməmişdi. Onlar hər zaman türklərə qorxulu röya kimi baxırdılar. Və o röyadan qurtulmaq üçün türklərə müxtəlif tələlər qururdular. Hərdən o tələni çox ustalıqla işləyib, türkü türkə qarşı qoyurdular... İndi də çox böyük və hiyləgər bir tələ qurmuşdular. O tələyə düşməmək üçün çox mahir bilici və döyüş sirlərini bilmək bacarığına malik olmalıydın...

Qarabağ hadisələri başlayanda da bu iki hiss düşünən qəlblərə hakim kəsilmişdi. Yaxşı siyasət işlətmək, bir də vuruşmaq... İkinci məsələ bir qədər qəliz görünürdü. Çünki başımızın üstündə yekəpər rus dayanmışdı və yekəpər rus erməninin arxasındaydı. Qalırdı siyasət. Buna isə... Hər halda, bütün siyasətlər gücə tabe idilər. Hər zaman olduğu kimi sonda yenə də güc siyasət mətbəxində hazırlanan “təamları” yeyəcəkdi.

Deməli, belə görünürdü ki, heç də məsələ sadəlövh adamların düşündüyü kimi asan deyildi. Bütün bunları hələ çox da bərkiməmiş qəlbinin şah damarından keçirirdi Elçin. Vaxt tapan kimi Şuşaya gedir, hər yanı nəzərdən keçirir, elə bil, gördüyü hər nə var idisə bəbəklərinə yığmaq istəyirdi. Həm də çox qəribsəyirdi belə vaxtlarda. Qərib adamlar kimi nigaran hisslərin əlində giriftar qalır, əli hər yerdən üzüləndə qələminə güc verirdi.

Laçın yuvasıdı Laçın,

Şuşa Tanrı şüşəsi.

Qanımızla süslənib

hər daşı, hər guşəsi.

Topxana, Cıdır düzü,

Damcı bulaq,

Soltan bəyin meşəsi.

Qanımızdan rəng alıb

bağrı qara laləsi.

Gecələr dağ başında

Ayın bəyaz haləsi.

Ağdama gedəndə də belə ikili hisslərin əsarətində qalırdı. Bu torpaqların da düşmənin bəd nəzərində olduğunu bilirdi. Axı bu yerlərin mərd oğulları satqın və xəyanətkar ermənilərə çox qan uddurmuşdular. İndi düşmənin əlinə bəd fürsət düşmüşdü. Əslində düşmənin bu yerlərə ayaq basacağını ağlına sığışdırmırdı. Amma yenə də ikili hisslər ona rahatlıq vermirdi. Bir tərəfdən arxayınlıq, rahatlıq, öz kökünə inam və etibar, o biri tərəfdən indiki siyasi vəziyyət və ermənilərin rus havadarlığı ilə meydan sulamaları...

Bu ikili hisslərin, sevinc və həyəcanın haləsi altında ailə həyatı qurmuş, çox sevdiyi yarına qovuşmuşdu. İndi iki möhkəm qanadla Gəncədən Ağdama, Ağdamdan Gəncəyə gedib gəlirdi. Bir müddət beləcə yaşadılar. Hələ Afət Elçinin ata-anasının yanında qalırdı. Ata-anasının yanında çox utancaq olduğundan yarını götürüb yanına aparmağı dilinə gətirə bilmirdi. Ata-anası da gəlin qulluğunun ləzzətini görübən Elçinə xanımını yanına aparmasını deməyə tələsmirdilər. Amma bir günləri anası Elçini yana çəkib, Afəti Gəncəyə aparmasının lazım olduğunu dedi.

-Ay bala, nə qədər tək qalacaqsan? Bəlkə Afəti yanına aparasan?

Elçin başını aşağı saldı.

-Hə nə deyirsən, orda şəraitin var?

-Hə, hər bir şəraitim var, - Elçin tez dilləndi.

-Onda burda niyə qalır Afət?

-Nə bilim, deyirəm, bəlkə gəlin qulluğu görmək istəyirsiniz?

-Əlbəttə gəlin qulluğu görmək istəyirik. Mən bir yana, dədən onun əlindən bir fincan çay alıb içəndə, elə bil, dünyaları ona verirsən. Ancaq belə olmaz axı, sən orda, o, burda... Elə sabahdan götür apar yanına... Gəncə haradır ki?! Tez-tez biz gəlib-gedərik, siz gələrsiniz.

Bu sözlər lap Elçinin ürəyincə oldu. Sabah tezdən yığışıb Gəncəyə getdilər.

Elçin Afəti hələ indi yaxşı tanımağa başlayırdı. Üzünə deməsə də, qəlbində onunla ailə həyatı qurmağının fərəhini duyurdu. Qəlbində olanları ona görə ona demirdi ki, xanımını tərifləyən kişilərdən xoşu gəlmirdi. Xanımını tərifləyən kişiləri görəndə Məmməd Arazın bir şeiri yadına düşürdü. Bir də çin atalar məsəli. Çin atalar məsəlində deyilirdi ki, yeməyi yeyəndən, arvadı öləndən sonra təriflə. O tərifi deməyi arzulamasa da, hər halda, bu məsəlin müdrikliyinə inanırdı. Bir sözlə, Elçin qəlbində ideal sandığı, arzuladığı yarını tapmışdı. Bu da Tanrının ona bir mükafatı idi. Axı kişi gücsüz, dözümsüz, cəsarəti olmayan qadının yanında çox aciz görünür. Bəlkə də kişinin gələcək həyatının necə olacağını onun qadınının hansı aurada olacağı müəyyən eləyir. Kişini güclü edən də, zəif göstərən də onun yanında olan xanımıdır.

Afət də Elçini çox sevirdi. Xəyalında onunla gələcək həyatının işıqlı yollarını cızır, arzuların qanadında çox uzaqlara gedirdi. Elə bu arzuların biri kimi o elm mərkəzini yaratdılar...

Arzuların “Vektor”u

Hadisələr günü-gündən dramatikləşir, faciəyə doğru yön alırdı. Torpaqlarımızın bir hissəsi rus-erməni hərbi birləşmələrinin hücumu nəticəsində işğal olunmuşdu. Düşmən yenə də qara niyyətlərindən əl çəkmirdi. Belə görünürdü ki, onların istəyi bütün Azərbaycanı işğal edərək, müstəqilliyinə son qoymaqdır. Çünki Azərbaycanın böyük, qüdrətli, azad, suveren dövlət olması o düşmən gücləri qıcıqlandırırdı. Bu məqamda hər bir qeyrətli oğul sinəsini qabağa verib nələrsə etməli, vətənin azadlığını qorumaq üçün “vətən daşı” olmağı bacarmalıydı.

Elçin bu ağır məqamda Xudu Məmmədovun sağ olmasını çox arzulayırdı. Əgər o, sağ olsaydı, çəkinmədən onun yanına gedər, məsləhət alar, nə etmək lazım olduğunu ondan soruşardı. Elə bu nisgilin qübarı ilə onun məzarının üstünə getdi. Xəyalında onunla danışdı. Hələ layihəsini qəlbində cızdığı və ancaq həyat yoldaşı ilə məsləhətləşdiyi elm mərkəzinin xeyir-duasını Xudu Məmmədovun ruhundan dilədi. Sonra çiynindən ağır bir yük götürülmüş kimi xanımının yanına gəldi.

-Getmişdim Afət...

-Hara?

-Xudu Məmmədovun yanına.



-Nə dedi?

-Xeyir-dua verdi, uğurlar dilədi.

-Nə yaxşı, onda işimiz uğurlu olacaq.

Elə bu məqsədlə Gəncədən köçüb Bakıya gəlmişdilər. Kirayə ev tutub, orada yaşayırdılar. Maddi cəhətdən sıxıntı keçirsələr də, bu arzularının həyata keçməsi üçün son qəpiklərini belə xərcləməyə hazır idilər.

Elm mərkəzinin adını “Vektor” qoydular. Vektor üfüqdə parlayan nur kimi onların məqsədlərinə, ideya və məramlarına işıq çiləyəcək, arzularının həyata keçməsinə yardımçı olacaqdı. O məqsəd və məram nədən ibarət idi? İlk növbədə Qarabağ, Azərbaycan, Turan dünyasının həqiqətlərini dünyaya göstərmək. Daha sonra Azərbaycanın elm və zəka adamlarını dünyaya tanıtmaq. Axı hər zaman biz informasiya mübadiləsində və həm də mübarizəsində ermənilərə uduzurduq. Bunun da nəticəsində erməni həqiqət olmayanı da dünyaya həqiqət kimi sırıyırdı. Biz isə öz ağappaq həqiqətlərimizi dünya birliyinə çatdırmağa çətinlik çəkirdik. Burada bir tərəfdən dünyanın ermənilərə ərköyün uşaq kimi baxması və züy tutması rol oynayırdısa, o biri tərəfdən öz zəifliyimiz və çəkici bir nöqtəyə vurmağı bacarmamağımız faciələrimizin sayını daha da artırırdı. Axı qlobal dünya informasiya üzərində qurulmuşdu. Afrikanın uzaq bir ölkəsində yaşayan zənci hardan biləydi ki, Azərbaycanın Qarabağ bölgəsi var və o bölgəni ermənilər rusların əli ilə işğal ediblər? Onlar ancaq qəzetdə, jurnalda yazılana, televiziyada, radioda deyilənə inanırdılar. Əslində bu heç də onların günahı deyildi. Günah bizim özümüzdən gəlirdi. Ona görə ki, informasiya yarışında ermənilərə uduzduğumuz kimi lobbiçilik, diaspora yaratmaq işində də onlardan geri qalırdıq. Elə bunun səbəbi idi ki, dünya birliyinin böyük bir hissəsi erməni yalanlarına inanırdı.

Bunları yaxşı anladıqlarına görə dünya xalqları ilə elmi mübadilələri həyata keçirmək şərti ilə “Vektor” nəşrlər evini də təsis elədilər. İndi dünya ilə elmi, mədəni, ədəbi əlaqələr sayəsində daha böyük nailiyyətlər əldə etmək olardı. Bu yöndə dünya klassiklərinin tanınmış, oxucu rəğbəti qazanmış əsərləri dilimizə tərcümə olunur, öz kamil bədii nümunələrimiz dünyaya tanıdılırdı. Bir azca qabağa gedərək onu da deyim ki, iş-işi göstərər prinsipindən yararlanan Elçinlə Afət cütlüyü bir az sonra “Bayatı” dərgisini yaratdılar. Bu dərgi otuzdan artıq ölkədə yayımlanaraq Azərbaycan həqiqətlərinə çıraq tutdu. Sonra isə iki beynəlxalq mükafat təsis elədilər. Elm sahəsində uğurlar qazanan bilim adamlarını “Xudu Məmmədov Beynəlxalq mukafatı”, ədəbi sahədə uğur qazananları isə “Şahmar Əkbərzadə Beynəlxalq mukafatı” ilə dəyərləndirdilər.

Məram çox düzgün seçilmişdi. İki cəfakeş insanın min bir əziyyəti bahasına başa gələn “Vektor” milli dəyərlərimizin qorunması, təbliğ olunması, sabaha çatdırılması yönündə çox böyük işlər görürdü. Bundan başqa “Vektor” hələ Azərbaycanda görünməmiş xeyirxah işlərə də rəvac verirdi. Yazmaq qabiliyyəti olan, ancaq imkansızlıq ucbatından yazdıqlarını ictimaiyyətə təqdim edə bilməyən xeyli sayda insanların kitablarını “Vektor” nəşrlər evi nəşr edir, heç bir təmənna ummadan onları xalqa tanıdırdı. Belə imkansız yazarların sayı-hesabı yox idi. Ancaq sözlə əlləşən bu adamların kitablarını dərc etməkdən yorulmur, usanmır, hələ desən, yaxşı əsərlərin sorağı ilə gələnləri həsrətlə gözləyirdi Elçinlə onun həyat yoldaşı.

Bəzən kamil insanlar tərəfindən elə işlər görülür ki, bu işlərin mahiyyətinə varanda dəhşətə gəlirsən. Sözün yaxşı mənasında tüklərin biz-biz dayanır. Və istər-istəməz düşünürsən; dünya belə insanların çiynində bərqərardır. Yoxsa dünya bu zorun, bu yalanın, bu fitnə-fəsadın qarşısında dayanıq gətirə bilməz, məhv olub gedər. Bu yöndə psixoloqlar, filosoflar, zəka sahibləri də maraqlı fikirlər səsləndiriblər. Bu fikirlərin toplum halında məcmusu bunu deməyə əsas verir ki, yer üzərində olan bütün canlıların heç də hamısı dünyanın əşrəfi deyil. Söhbət təbii ki, insanlardan gedir. Dünyanı qoruyan, məhvərində saxlayan çox az faizli kamil insanlardır. Ki, onların Tanrı ilə şüuraltı əlaqəsi yeri öz oxu ətrafında saxlayır, uçub-dağılmağa qoymur. Elçin də Tanrının belə bəndələrindən idi. Bəlkə də onun özü bunu bilmirdi. Heç çevrəsində olanlar da. Amma iti bucaq altında baxanda Elçinin Tanrının seçilmişlərindən olduğu görünürdü.


Yüklə 472,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə