Rasim Gənzəli



Yüklə 0,71 Mb.
səhifə1/12
tarix20.10.2017
ölçüsü0,71 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Rasim Gənzəli
Qismətin rəngi

Roman
Qaranlıq dünyanı qəlbinin işıqlı

gözləri ilə görən qəm şairi Zaur

Vediliyə.
-Hara gedirsən, oğul?

-Həqiqəti axtarmağa.

-Onu tapa bilərsənmi?

-Ürəyimin bəsirət gözü işıqlı

olsa tapa bilərəm.

-Onda xeyirə qənşər!!!
Bir az belini dikəldib oturdu. Astadan sızıldadı. Əlini mizin üstünə apardı. Nə isə axtardı. Tapa bilməyəndə başını qaldırıb o biri otağa səsləndi:

-Bir çay gətirin, boğazım quruyub.

Bu gün yaman fikirliydi. Səhərdən heç özünə gələ bilmirdi. Gecəni də düz-əməlli yata bilməmişdi. Bir azca yuxuya keçən kimi dəli-dəli yuxular onu yatmağa qoymamışdı. Bu dəli yuxular ondan nə istəyirdilər axı? Axı niyə keçmişlər, ölənlər, itənlər, batanlar ondan əl çəkmirdilər? Yuxuda gördüyü adamların çoxundan şeytan da əl çəkmişdi. Ancaq onlar bu zavallıdan əl çəkmək istəmirdilər ki, istəmirdilər. Biri elə Zərintac arvadın özü: o, balaca, bapbalaca uşaq olanda bu dünyadan əl götürüb, haqq deyilən dünyaya köçmüşdü Zərintac arvad. Sifəti də birtəhər yadına gəlirdi. Qara, qapqara, yumru bir arvad idi. Deyəsən, bir yanağında yekə bir xalı da var idi. Zərintac arvad onlara gələndə onlar pərən-pərən düşüb, hərəsi bir otaqda gizlənərdilər. Gizlənərdilər ki, arvad çirkli cibindən qurtlu-murtlu ərik, armud, tut qurularını onlara verməsin. O, arvaddan yaman iyrənirdilər. Onun çay içdiyi stəkanda heç biri çay içmirdi. Stəkanın bir böyrünə xırda işarə qoymuşdular. Ki, çaşıb o stəkanı öz stəkanlarına qatmasınlar.

İndi Zərintac arvad nə istəyirdi onun yaxasından? Bəlkə o vaxtın hayıfını çıxırdı ondan? Qərib gecələrdə onun yuxusuna girib, rahat olmağa qoymurdu.

İndi o, arvadın qəbri hardadı görəsən? Ən yaxşı halda o qəbrin üstünü yovşanlar örtər. Bəlkə yovşanların ətrindən ətrafda gəzib-dolanmaq da olmaz. Axı o yovşanları neçə illərdi təmizləyən olmurdu. Bəlkə... Yox, yox, yovşanlar qoymaz ki, gavurlar o qəbrə əl qaldırsınlar.

Bu anda burnuna yovşanların ətri gəldi. Uşaqlıqda sevmədiyi bu bitkiyə qəlbində bir anda məhəbbət yarandı. Uşaqlıq vaxtı gördüyü yovşanları yenidən görmək həsrəti, qoxusunu başı dumanlanana qədər ciyərlərinə çəkmək istəyi qəlbinə hakim oldu. Elə o anda da bunun ancaq arzu və istəkdən başqa bir şey olmadığını anlayıb qollarını yanına saldı.

Təkcə Zərintac arvad deyildi ki, onun yuxusuna girən. Lopabığ Cahandar qağanın özü; iki gündən, üç gündən bir gəlib girirdi yuxusuna. Ona anlaşılan, anlaşılmayan sözlər deyib, çəkilib gedirdi. Daha düşünmürdü ki, bu sözləri ilə yuxu görən adamı nə qədər narahat edir, haldan-hala salırdı.

Gördüyü yuxular haqqında heç kəsə danışmırdı. Nə danışasıydı ki: danışsaydı, onları da narahat edəcəkdi, onları da xəyala salacaqdı, onların da dərdini dəbərdib, yaralarının qaysağını qoparacaqdı. Qoy barı onlar bu əzabı çəkməsinlər... O biri yandan da, qəribəydi, çox qəribəydi, bir üç gün, dörd gün o adamlar ondan əl çəkib, yuxusuna girməyəndə onlardan ötrü darıxırdı. İstəyirdi gecə olmamış yatağına girsin, yatsın, onları yuxusunda görsün. Sonra da yatağına qor dolmuş kimi yerinin içində o yana, bu yana dönüb, narahat-narahat səhərin gəlməsini gözləsin.

Həyat yoldaşı Əsmər çayı gətirib astaca onun qarşısına qoydu. Sonra divanın bir küncünə qısılıb, gizlin-gizlin ona baxmağa başladı. Hissedilməz tərzdə ah çəkdi.

-Nə olub, Əsmər, yenə rəngim qaçıb?

-Yox, yox, heç nə olmayıb, maşallah, lap yaxşısan.

-Bəs onda niyə ah çəkdin?

-Mən ah çəkdim? Yalançı. Boynuma yalandan qoyma.

Ancaq ürəyində ərinin fəhmindən heyrətə gəldi. “ Bir səs çıxarmadım, bu hardan bildi ki, mən ah çəkirəm? “

-Qorxma, canım, yaxşıyam. Sən uşaqlardan muğayat ol.

Son vaxtlar ərinin tez-tez xəstələnməyindən narahat olurdu Əsmər. Ən çox da axırıncı xəstəliyindən sonra. Yusif peyğəmbər haqqında filmə baxandan, daha doğrusu, dinləyəndən sonra çox pis hala düşmüşdü. Üç-dörd gün özünə gələ bilməmişdi. Həkimlərin gərgin səyindən sonra onu yenidən həyata qaytarmışdılar. Sonra da Əsmərə dönə-dönə tapşırıq vermişdilər, demişdilər, onu qətiyyən həyəcanlandırmaq olmaz. Əsmər də onu həyəcanlandırmamaq üçün bu filmə baxmağı uşaqlarına da qadağan eləmişdi.

-Zaur, dərmanlarını içmisənmi?

-İçmişəm.

-Hamısını?

-Sən bilirsən ki, mən dərman işində çox diqqətliyəm. Uşaq yaşlarımdan dərmanların əhatəsindəyəm. Sən qədər olmasalar da, onlar mənə çox doğmadılar. İkinci sevgilim dərmanlardır.

Zaurun səsi titrəsə də, öz sözlərinə gülməyi gəldi. Əsmər isə yenə astaca ah çəkdi.

-Uşaqlar hardadılar?

Zaurun sualı elə-belə söz xətrinə və mövzunu dəyişmək üçün dediyi Əsmərin nəzərindən yayınmadı.

-Hələ məktəbdən gəlməyiblər.

Bu günün ruhunda, elə bil, başqa bir hava çalınırdı. Zaur qərib və qəribə ovqatın əsirliyinə çox düşmüşdü. Bəzən o əsirlikdən günlərlə çıxa bilməmişdi. Ancaq indiki hiss tamam başqa bir hiss idi. Bunun niyə belə olduğunu, hardan və nədən qaynaqlandığını kəsdirə bilmirdi. Əslində o hisslərin nədən gəldiyinin məğzinə varmaq da ağlından keçmirdi. Axı belə hisslər çox qəribə olur. Adamı özündən alıb, uzaqlara, lap uzaqlara aparır. İndi Zaur da çox uzaqlarda idi. Lap elə bil qeybə çəkilmişdi. Arvadıynan da sanki qeybdən danışırdı. Qeybdən gələn səs Əsmərə necə çatırdı, görəsən? Yəqin sehrli səs kimi. Bəs onda Əsmər niyə təlaşa düşmürdü? Niyə qərib-qərib Zaurun üzünə baxıb, onu silkələmir, qeybdən çəkib yenidən evinə, uşaqlarının yanına gətirməyə cəhd eləmirdi?

Telefon zənginin beyinə işləyən cingiltisi Zauru diksindirdi. Tez dəstəyi qaldırıb, qulağına apardı ki, bu zəhlətökən səsdən canını qurtarsın.

-Alo, eşidirəm.

-Salam, Elçindi danışan?

-Bəli... bəli... Zaurdu.

-Elçin, tanıdın məni?

-Tanıdım.

-Kiməm ki?

-Duyğu.

Telefonun o başındakı xanım sevindiyindən elə ürəkdən güldü ki, Zaura elə gəldi onun gülüşünü nəinki evdəkilər, qonşular, uzaqlar, yadlar da eşitdilər.



Zaur bir anlıq çaşıb, heç nə danışa bilmədi. Simin o biri ucundakı xanım isə danışır, bir az pauza verib, yenidən davam edirdi.

-Pirə ziyarətə gəlmişdim. Rəfiqəm ilə. Dedim, bir sənə də zəng edim. İmkan olsa görüşərik... Gör nə zamandı görüşmürük... Bu gün axşam, ya sabah səhər Bakıya qayıtmalıyıq. Mən də işləyirəm, rəfiqəm də. Yubansaq, işdən götürüb bayıra atarlar.

Zaur dəstəyi yerinə qoydu. Elə bil, başı gicəllənirdi. Əli ilə yastığını düzəldib uzandı. Alnını ovuşdurdu. Əllərinin içi ilə gözlərini qapayıb, qaranlığın lap dibinə düşdü... Və dərin xəyala daldı...
X-X-X

...Gün günorta yerindən bir az o yana əyilmişdi. Əslində günəşin indi harda dayandığından buralarda heç kəsin xəbəri yox idi. Qapqara buludlar göy üzünü aldığından günəşin yeri-yurdu bilinmirdi. Ancaq saat hesabına görə müəyyən etmək olardı ki, günün hansı çağıdır. Qələndər ora-bura qaça-qaça bağın dörd ətrafına dolanırdı. Hərdən ayaqları da qıyıq otlara dolaşırdı. Birtəhər tarazlığını saxlayıb, yenə işinin dalınca qaçırdı. Əslində yağışın bol mövsümü olsa da çoxları yağışın yağacağını gözləmirdilər. Neçə günlər idi beləcə günorta üstü qara buludlar bütün göy üzünü ağuşuna alır, hər yanı qaranlıq haləyə bürüyür, ancaq gecəyarısı yerə bir damcı da yağış atmadan çəkilib gedirdilər. Amma necə olsa Qələndər narahat idi. Bulud idi, özü də qapqarasından. Birdən gördün göz yaşlarını dörd yandan yerə ələdi, yeri, göyü, aləmi sulara qərq elədi. Bir tərəfdən elə bol yağışların yağmasını gözləyirdi də Qələndər. Axı indi yağışlar yağmasaydı yayda quraqlıq olacaqdı. Gərək ki, bu çağlar yağışlar yağa, torpaq yuyuna, islana, sinəsinə çoxlu su yığıb saxlaya ki, yayın cırhacır istisində onu yavaş-yavaş, səxavətlə insanlara qaytara. Ancaq nə edəsən ki, yağmırdı o yağışlar... O gün də kənd meydanında birisi əyilib Qələndərin qulağına pıçıldamışdı, demişdi, Qələndər, bu nətəri yazdı, bir gilə yağışını göndərmir Allah? Sonra da Qələndərin dinmədiyini görüb, özü öz sualına cavab vermişdi: “Axı kimin üzünə göndərsin yağışları? Bir adam qalıb ki?! Bütün adamların xarabı çıxıb.”

Qələndərin belə tələsik ora-bura qaçmasının səbəbi o idi ki, biçib, qurutduğu otlar hələ yerdəydi. Bu gün əmin olmuşdu ki, otlar quruyub, onları yığıb, bir salamat yerə qoymaq olar.

Bağın yanındakı əyri dərənin qənşərinə gəldi. Gözlərini qıydı, Məcidin otlağına tərəf baxdı, amma Məcidi görə bilmədi. Ayağını bir az da irəli qoyub, Məcidi hayladı:

-Məcid, ay Məcid... Hardasan?

Elə bil Məcid hardasa, lap yaxın bir yerdə dayanıb Qələndəri güdürdü. Bir anda dərəni keçib, onun qarşısında dayandı.

-Nə olub, ayə, nə səs-küy salmısan bu bozanaq havada?

-Deyirəm, bəlkə məftilin olar?

-Məftili neynirsən?

-İstəyirəm otları bağlayım. Görürəm əməlli-başlı quruyublar. Yağış yağsa, çəkdiyim zəhmət hədər gedəcək.

-Heç qorxub eləmə, ayə, yağış-zad olmayacaq. Göy üzünün qaralmağına baxma. Dünən televizordakı havadan deyən toppuş qız bilirsən nə dedi? Dedi, havanın başına hava gəlib. Qar yağmalı yerlərdə yağış yağır, yağış yağmalı yerlərdə heç daş da yağmır... Gəl otur burda, otun-ələfin fikrini eləmə.

Ayın-arxayın, tələsmədən çöməlib qoz ağacının dibində oturdu. Arxasını ağaca söykədi, cibindən papiros çıxarıb damağına qoydu. Dərindən qullab vurub, gözlərini qıydı. Deyəsən, sözlü adama oxşayırdı. Qələndərin bir anda xəyalından qara fikirlər keçdi. Bilirdi ki, bədniyyət Məcid bəd xəbərlərdən söhbət açsa, onlardan hamısı da olmasa, çoxusu düz çıxacaq. Çünki Məcidi kənddə belə tanıyırdılar. Bir neçə il bundan qabaq xəbər gətirmişdi ki, bizim qədim, ata-baba kənd, el-oba, dağ-daş adlarını dəyişdirib, gavur dilinə çevirəcəklər. Onda kənddə hamı ona gülmüşdü, demişdilər, Məcid, sayıqlama, sən Allah, daşın-torpağın da adını dəyişərlər? Onda Məcid daha heç nə deməmişdi, xırda-xırda gülümsəmişdi və astadan, lap astadan “bir azdan görərsiniz”- deyə pıçıldamışdı. Onun bu sözlərindən bir müddət ötmüş, dədə-baba yer adlarının gavur adları ilə əvəzlənməsinə başlamışdılar.

İndi Məcid nə xəbər gətirmişdi, görəsən? Kaş ondan heç məftil soruşmayaydı. Bir tərəfdən havanın qaşqabaqlı dayanması, bir tərəfdən nəvəsinin əhvalı, bir yandan da Məcidin deyəcəyi dəli-dəli sözlər onun ovqatını tamam təlx eləyə bilərdi.

-Bilirsən dünən axşamüstü kəndə kim gəlmişdi?

-Yox, iki gündü evdən eşiyə çıxmamışam.

-Varzabet gəlmişdi...

Məcid bu sözləri deyib güldü. Daha gülməyini saxlaya bilmədi. O qədər güldü ki, öskürmə tutdu onu. Xırıltılı-xırıltılı bir xeyli güldü, öskürdü, nəfəsi daraldı, gözləri yaşardı. Bu müddət ərzində Qələndər otları evə necə daşıyacağının yollarını aradı. Yadına düşdü ki, indi Qıllı Səməd evdə boş olar. Qatırı da özü kimi. Düşündü ki, Məcidi yola verə bilsə, Qıllı Səmədin dalısınca gedər, onun qatırını gətirib, otları daşıyıb apararlar.

Məcid sakitləşib özünə gəldi. Cibindən kirli dəsmalını çıxarıb gözlərinin, burnunun suyunu sildi.

-Həmişə bu Varzabetin adını çəkəndə məni gülmək tutur... Ada bax e, Varzabet... Köpək uşağına bir adam kimi ad qoyaydılar da. Elə bil bizim dilimizdə Kələntər Varzabetin tərcüməsidir. Hələ ondan da pisdir.

-Ay kişi, sözünü de, mən tələsirəm axı.

-Hə, ayə, bu Varzabet Ohanyan dünən klubda yaman hətərən-pətərən danışıb.

-Nə deyib ki?

-Güya onu İrəvana çağırıblar, bəzi təlimatlar veriblər. Bu da yəni bizim halımıza yanır dana.

Varzabet Ohanyan rayon partiya komitəsində ictimai-siyasi şöbədə təlimatçı işləyirdi. Son zamanlar kəndə yaman ayaq açmışdı. Təkcə bu kəndə yox, deyilənə görə, bütün türk kəndlərinə gediş-gəlişi çoxalmışdı. Hər dəfə gələndə də bir yekə bəd xəbər gətirirdi. Güya Azərbaycanda ermənilərə qarşı çox pis planlar hazırlayırlar. Erməniləri Azərbaycandan didərgin salmaq üçün gizli işlər gedir. Nə bilim, vəzifədə olan bütün erməniləri həbs eləməyin yolları aranır...

-Heç belə qəliz danışmamışdı yoldaş Varzabet.

Yenə gülməyi tuturdu ki, Qələndər tez araya söz atıb, gülməyə başlamasına imkan vermədi.

-Məcid, o gün Azərbaycandan gəlmişdilər, dedilər, təlaş yaratmayın, özünüzdən şübhələr quraşdırıb, qorxuya düşməyin. Heç nə yoxdu, nə bu tərəfdə, nə də o tərəfdə. Üç-beş adamın hoppanıb-düşməyiynən bu boyda dövləti dağıtmaq olmaz ki.

-Yox, e, ayə, deyəsən bu həna, o hənadan deyil. Deyirdi, saqqallıların qabağını saxlamağa daha gücümüz çatmır. Onlar türk kəndlərinə gəlib çatsalar bu kəndlərdə yaşayan türklərin işi fəna olacaq.

-Sən nə danışırsan, ay Məcid, qandığını da deyirsən, qanmadığını da. Bu ata-baba yurdumuzda gəlib bizə nə deyəsidilər ki?! Ermənilərin özləri də yaxşı bilirlər, bilirlər ki, bu torpaqlar türk torpaqlarıdır. Dağın-daşın adını dəyişməyinən elə bilirsən insanların yaddaşını silib yox eləmək olar? Ermənilər respublika yaratsınlar deyə, bu torpaqları onlara veriblər. Çox keçməz haqq-ədalət yerini tapar. Sənin kimi boşboğazlar da ağzını Allah yoluna açıb, boş-boşuna zəvzəməz.

-Mən neyniyim, ayə, Varzabet...

-O, da qələt eləyir, sən də. Get arağını iç, Allahına dua elə. Bu işlər sənlik deyil.

Qələndər əməlli-başlı əsəbiləşmişdi. Bəlkə bir az da oturub Məcidlə dilləşsəydi onu vura da bilərdi. Ona görə də hirsli addımlarla ondan aralanıb, əyri dərəyə düşdü. Üç-dörd addıma dərəni adladı. Şaftalı bağlarına girdi. Bu ağacların arasından Qıllı Səmədin evi görünürdü.

Axır zamanlar Qələndəri ən çox nəvəsi Elçinin xəstəliyi narahat edirdi. Bir-iki il bundan əvvəl uşağın birdən-birə gözləri zəifləməyə başlamışdı. Dədəsiynən uşağı götürüb rayon xəstəxanasına, göz həkiminin yanına aparmışdılar. Həkim müayinə edəndən sonra müəmmalı şəkildə qaşlarını çatmışdı, sonra asta səslə Qələndərin qulağına pıçıldamışdı:

-Mən şübhəli qaldım. Bizdə elə aparatlar yoxdur ki, dəqiq diaqnoz qoyaq. İmkan olsa bir İrəvana aparın. Orada rentgen edən kimi nə olduğunu deyəcəklər.

Həkimin sözlərindən Qələndərin bir anda, elə bil, ürəyi kökündən qopub ayağının altına düşmüşdü. Elçini dədəsi ilə eşiyə ötürüb, həkimə and vermişdi, uşaqda nə xəstəlik ola biləcəyini soruşmuşdu.

-Nə bilim, kişi, hələ heç nə demək olmaz. Ancaq beynində şiş olacağından şübhələnirəm.

Qələndər eşiyə çıxanda, sanki, içəridə olduğu beş-on dəqiqə ərzində on-on beş il qocalmışdı, çiyinləri aşağı əyilmişdi. Bu Elçinin dədəsinin nəzərindən qaçmadı. Və o anda onun da qəlbinin dərinliyində sıxıntılı, üzücü bir boşluq yarandı.

Götürüb uşağı İrəvana apardılar. Müayinə, rentgen, həkimlərin məsləhətləşməsi... Və sonda baş həkim Aranik Matevosyanın bəd xəbəri:

-Beyninin sol kürəciyində şiş aşkar elədik. Təcili əməliyyat olunmalıdır!

Əməliyyat gününə qədər ailənin bütün üzvləri hüzn və kədər dolu günlər yaşadılar. Onlar bir yandan bu günün tez gəlib çatmasını istəyirdilər, əməliyyatın uğurla başa çatacağını gözləyirdilər. O biri yandan da... Qorxurdular. Yaman qorxurdular. Düşünəndə, sanki, beyinlərində dəhşətli ildırımlar çaxırdı, tufanlar, qasırğalar qopurdu.

O gün gəlib çatdı. Uşağı götürüb apardılar. Üç saatdan sonra xəbər gətirdilər ki, əməliyyat uğurla başa çatıb. Xəstəxananın həyətində gözləyən doğmalar, yaxınlar bu xəbərdən sevindilər. Qucaqlaşıb, göz yaşlarını bir-birinin göz yaşlarına qatdılar.

Qələndər baş həkimlə söhbət edəndə həkim çox ümidlə danışdı:

-Hər şey biz istədiyimiz kimi olacaq. Düzdür, ən yaxşısını Allah bilər, ancaq heç narahat olmayın, necə istəyirdik, eləcə də əməliyyatı yerinə yetirdik.

Qələndər həkimin yanından çıxanda, bəlkə də, son vaxtlar birinci dəfə idi ki, üzündə gülüşün ifadəsi görünürdü. Çiyinləri də yerinə oturmuşdu elə bil. Əvvəlki şuxluğu, az da olsa, özünə qayıtmışdı.

Əməliyyatdan bir həftə sonra Elçinin gözlərini açdılar. Ancaq... Həkimin yanına getdilər. Həkim yenə ümidli danışdı:

-Müsəlman ki, müsəlman, teztovluğunuz həmişə başınıza bəladır. Mən demişəm ki, hər şey istədiyimiz kimi olacaq.

Bir aydan sonra uşağın gözləri işıqlandı bir az. Ailə sevincə qərq oldu. Evə gəlib-gedənlərin, gözaydınlığı verənlərin sayı, hesabı olmadı. Bir Allaha dua edəndə, bir də erməni həkimə dua eləməyi yaddan çıxarmadılar. Amma bu sevincin ömrü yaz yağışı kimi qısa oldu. Yenə Elçinin gözlərinə qaranlıq çökdü. Götürüb yenə İrəvana apardılar. Həkim onları görən kimi sevincək əlindəki işi buraxıb, onların yanına gəldi.

-Ara, gəldinizmi? Bilirdim gələcəksiniz. Bir gözüm yollarda qalmışdı. Deyirdim, bu gün olmasa da, sabah türklər gələcəklər. Mənə deyəcəklər ki, həkim can, uşağın gözləri yenə niyə qaranlıqlaşdı? Qorxmayın, beş aya, altı aya lap yaxşı olacaq. Uzaq başı bir ildən sonra sizdən də, məndən də yaxşı görəcək.

Sonra baş həkim bic-bic gülümsədi. Yanındakı gözəl tibb bacısına xırda, hiss olunmayan bir tərzdə göz vurdu. O birilər bunun fərqinə varmasalar da, Qələndərin nəzərindən heç nə yayınmadı.

Bir-iki su dərmanı yazdı. Dedi, gündə üç dəfə gözlərinə damızdırın. Sonra təcili əməliyyata girəcəyini deyib, onlardan uzaqlaşdı.

Altı ayda Elçinin görməsi bir az da çətinləşdi. Özünü idarə etməsində müşküllər yaranmağa başladı.

Onsuz da o vaxtdan bəri Qələndərin qəlbində şübhə toxumları cücərmişdi. O vaxtdan ki, baş həkim bic-bic gülümsəyib, gözəl tibb bacısına göz vurmuşdu. O anda, elə bil, kişinin qəlbinin pünhan yerindən qırmızı oxla vurmuşdular. Ancaq o, bu barədə heç kəsə bir kəlmə də söz deməmişdi. Nə onda, nə də sonra. Elə o anda ürəyinə izahı olmayan bir hiss dolmuşdu. Elə bir hiss ki, o qara-qura duyğuları açıb bir kimsəyə deməyə dili gəlmirdi. Desəydi, dili ağzında yanardı. Bir də ətrafında olanlar yanıb, qovrulardılar axı kişinin bu sözlərindən. Bu qədər adamı dəli-divanə eləməyə dəyərdimi? Bir də ki, özünün qəlbində də ikili hisslər bir-biri ilə mübarizə aparırdı. Biri deyirdi, sən düz duymusan, o birisi inkar edirdi onu, deyirdi, adam dəli olmaz, heç nədən qəlbinə şübhə toxumu səpib, özünü incitməz.

Aylar ötdükcə o şübhələr qatılaşırdı. Şirin yuxuda da baş həkim gəlib gözlərinin qabağında dayanırdı. Ona naz satan gözəl tibb bacısına xırda-xırda gülümsəyib, göz vururdu. Onda zavallı kişinin yatağına qor dolurdu elə bil. Səhəri dirigözlü açırdı. Özüylə özünün mübarizəsi günəşin dağların arxasından doğan çağına qədər davam edirdi. Dərdini kimə deyəydi axı? Gözgörəsi uşaq gündən-günə gözlərinin nurunu itirirdi. Evdə ümidlə sabahların açılacağını və o sabahlardan birində uşağın gözünə nur gələcəyini gözləyirdilər. Hər sabah beləcə Elçinin gözlərinə baxır, nələrin dəyişəcəyini görmək həsrəti ilə alışıb, yanırdılar. Qələndər isə... Qələndərin ümidi hər gün bir az da azalırdı...

Qıllı Səməd sıx ağacların altında eşələnirdi. Deyəsən, qatırını yola çıxmaq üçün hazırlayırdı. Yəqin o, da yağışın yağacağını gözləmirdi.

-Hara belə hazırlaşırsan, Səməd?

-Nə əcəb Qıyyı Səməd demədin?

Qələndər eyvana işarə eləyib, Səmədin arvadının orada dayandığını ona çatdırmaq istədi. Tək olanda ona həmişə Qıllı Səməd deyirdi. Amma arvad, uşağının yanında etikanı gözləyirdi, qıllı sözünü işlətmirdi.

-Deyəsən, Qəyəndəy, yavas-yavas ağıyyanıysan axı?

-Az danış, Səməd, hara gedirsən?

-Heç yeyə, səni gözdüyüydüm.

-Məni?

-Hə. Biyiyəm ki, çövsəndə otun qayıp. Biyiydim, üyəyimə dammısdı, deyiydim, bu dəyqə cəyib, zəhyəmi apayacaqsan.



-Sən mənim canım, tez elə, birdən yağış...

-Nə yağıs, ə, sənin üzünə yağacax o yağıs?

Elə bil, göylər Qıllı Səmədin sözünə bənd idilər. Bu anda ildırım çaxdı, göy gurladı, sel-su aləmi başına götürdü. Səməd Qələndərin orada olduğunu unudub, qatırı tövləyə çəkdi, sonra özü də evə cumdu.

Qələndər evə çatanda bütün paltarları suyun içində idi. Eyvana girən kimi içəriyə göz gəzdirdi. Qorxurdu ki, birdən Elçin evdə olmaz. Şükür ki, uşaq divanda uzanıb, tavana tərəf baxırdı. Deyəsən, xəyala dalmışdı. Heç yağışın yağmasını da hiss eləmirdi yəqin ki. Hərdən beləcə fikrə dalır, uzun müddət özündə, sözündə olmurdu. Qələndər onun xəyalını dağıtmaq istəmədi. Ayaqlarının ucunda o biri otağa keçdi, islanmış paltarlarını dəyişdi. Qızınmaq üçün döşəkcənin üstünə uzanıb, Elçinin yorğanını üstünə çəkdi. Bir anda xəyal yenə onu ağuşuna aldı. “Məcid köpək oğlu nə danışırdı belə? Yenə dostlarının xəbərlərini kəndə yaymaqda məqsədi nə idi? O, ki bəd danışmağa başladı, deynən, dünyanın axırıdı. Bəlkə doğrudan da nəsə bəd əməllər baş qaldırırdı? Yox əşi, belə şey olsaydı, Bakıdan bizə xəbər edərdilər. Onlar çox sakit danışırlar. Deyirlər, beş-altı ermənidir, daşnaqdı-maşnaqdı hürüb-hürüb oturacaqlar yerlərində.”

Məcidin arvadı erməni idi. İki qızları da yekəlib ərsəyə çatmışdılar. Deyirdilər, o qızlar bir kəlmə də bizim dildə danışmırdılar. Bilməyinə bilirdilər, necə olsa, dörd bir yanları türklər idi. Gözlərini açanda da onları görürdülər, yumanda da. Ancaq bu dildə danışmağı nə anaları, nə də özləri özlərinə sığışdırmırdılar. Məcid də az aşın duzu deyildi. Kənddə hamı onu ermənilərin agenti kimi tanıyırdı. Bir söz-söhbət olan kimi gedib qoyurdu rayon keqebesinin ovcuna. Buna görə rayon rəhbərliyindən bəzi imtiyazlar da əldə eləmişdi. Çoxlarının gizlində, gecəyarısı elədiyini o, açıq-aşkar eləyirdi. Camaat ev tikmək üçün daşı, sementi oğrunca gətirirdilər. Ya da üç-dörd adamın bığının altından keçirdilər. Məcid isə bu materialları günün günorta çağı gətirib, şarıltı, şırıltı ilə həyətinə boşaldırdı. Hamı ondan ehtiyat edirdi. Onunla üzbəüz qalmamaq üçün yollarının səmtini dəyişirdilər. Ağrımaz başlarına bəla açmaq istəmirdilər.

Qələndər bunları düşünəndə dalısınca onu da düşündü ki, gərək heç ona baş qoşmayaydı. Bir dəfə onsuz da onun əlindən zərbə yemişdi. Heç nəyin üstündə az qala kişini şərləyib dama basacaqdılar. Başqa vaxt olsaydı Qələndər özünə nəzarəti belə boş buraxmazdı. İndi dərdinin dərindən dəbərdiyi bir zamanda ayıq-sayıqlığını bir az sərvaxt tutmadığını da elə bu fikir bolluğunun üstünə atmaq olardı. Bunları düşünəndə həm də qəlbinin lap dərinliyindən qeyizlənməyi də gəlirdi. Fikrinə gətirirdi ki, əgər Məciddən ona bir ziyan dəysə, onu kövşənin lap dərin yerinə aparıb, malı döyən kimi döyəcək.

Belə dərin fikirlər içində Qələndər yuxuya getdi. Heç onu da bilmədi ki, sel gəlib onun bağ-bostanını yuyub, qurutduğu otları da qabağına qatıb çayaşağı aparıb.
X-X-X
Ədəbiyyat dərsi idi. Müəllim sinif boyu gəzişib, mövzunu uşaqlara başa salır, ədəbi nümunələrdən sitatlar gətirir, bədii aləmin sehrli ruhunu sinifin havasına qatıb, uşaqları qəribə aləmin möcüzünə salırdı. Ədəbiyyat dərsi sinifdə oturan uşaqların çoxusu üçün maraqlı idi. Ən çox da Elçin üçün. Bu dərsin başlanmasını o, həmişə səbirsizliklə gözləyirdi. Müəllim də ilk növbədə onu lövhənin qabağına çağırırdı. Hələ indiyə qədər olmamışdı ki, Elçin ədəbiyyat dərsinə hazır gəlməsin. Rayondan komissiya gələndə müəllim tərəddüd eləmədən Elçini ayağa qaldırırdı. Elçin də müəllimin etimadını doğruldurdu. Nə sual verilsəydi, o saat sualın cavabını geri qaytarırdı. Hətta, inşa yazı üzrə keçirilən yarışda da Elçinin yazdığı inşa birinci yerə layiq görülmüşdü. Buna görə ona fəxri fərman da vermişdilər. Bu fəxri fərmanı Elçin evə gətirəndə evdə aləm bir-birinə dəymişdi. Evdəkilər gah Elçini, gah da fəxri fərmanı sinələrinə basır, oxşayıb, əzizləyirdilər. Atası Həsən o gün bəlkə də özünü dünyanın ən bəxtəvər atası hesab eləyirdi. Şadlığından nə edəcəyini bilməyən kişi bir maşın tutub, Elçini rayon mərkəzinə aparmış, ona əyin-baş, sevdiyi şirniyyat və konfetlərdən almış, bir az gəzdirib, könlünə sığal çəkəndən sonra kəndə, evlərinə qaytarmışdı.

Ancaq bu gün Elçinin halı-əhvalı özündə deyildi. Əslində dünəndən özünü yaxşı hiss eləmirdi. Lakin bunu ciddi-cəhdlə evdəkilərdən gizlətməyə çalışırdı. Bilirdi ki, onun narahatçılığını bilsələr, məktəbə buraxmayacaqlar. Onsuz da bu il çox dərslərdən qalmışdı. Özü də hiss edirdi ki, yavaş-yavaş uşaqlardan geri qalmağa başlayır. Bir də sabah ədəbiyyat dərsi olacaqdı axı. Bu dərsdən qalanda, özünü çox narahat hiss edirdi. Özündə-sözündə olmurdu. Bunu bacardı. Evdəkilər bilmədilər. Amma özünə gün kimi aydın olan o idi ki, əhvalı heç də ürəkaçan deyil. Başında tez-tez gicəllənmələr olur, ürəyi bulanır, görməsi də ki... Erməni baş həkimin heç də dediyi kimi olmadı. Gözlərinin qabağına, elə bil ki, ağ tor çəkirdilər. Hərdən bu torun qatılığı elə artırdı ki, lap yaxında olan adamı da düz-əməlli tanıya bilmirdi. Rayon xəstəxanasının həkimi ona eynək də təyin eləmişdi. Amma bu da kömək eləmirdi. Hələ bərkiməmiş kövrək uşaq qəlbinə damırdı ki, gözləri onun başına, deyəsən, çox oyun açacaq.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə