REDAKSİYADAN
Əvvəli də var. Ancaq “özünü dərk” mənasında sinfi şüur anlayışını Marksdan
başlada bilərik. Fransa kəndliləri haqqında yazarkən “...mənfəətlərin eyni olması bir
topluluq və bir siyasi birlik yaratmadığı üçün, onların bir sinif əmələ gətirməsindən
bəhs edə bilmərik” deməsi bunun ən açıq göstəricisidir. Yazdıqları ilə dünyanı həm
nəzəri, həm də praktiki olaraq bir daha geri dönülməz şəkildə dəyişdirən Marksın
bəlkə ən böyük xidməti də elə bu idi - özündə sinfi baxışı ehtiva etməyən istənilən
nəzəriyyənin uğrayacağı fiaskonu bizə xatırlatması.
Şübhəsiz, Marksdan sonra da siniflər və sinfi şüur anlayışı haqqında çox yazılıb,
bu haqda bir çox təcrübə toplanıb. Ancaq Marksdan sonra sinfi baxışı mənimsəməyən
nəzəriyyələr belə onunla hesablaşmaq məcburiyyətində qalıb. Məsələn, 1960-cı
illərdə yüksəlməyə başlayan kimlik hərəkatlarının - antikolonializmin, feminizmin,
LGBT hərəkatların, irqçilik əleyhdarlığının və s. - bütün proqressiv məfhumlarında
belə sinfi baxışın işığı var idi. Amin Maalouf “Ölümcül Kimliklər” əsərində Əlcəzairdəki
radikal islam hərəkatını nəzərdə tutaraq, “İslam tarixi haqqında cildlərlə kitab oxusan
da, oradakı vəziyyəti anlaya bilməzsən. Ancaq müstəmləkəçilik tarixi haqqında 5-10
səhifə oxumağın, orada nə baş verdiyini anlamağına kifayət edər” yazırdı. Sinfi
baxış cildlərlə başqa nəzəriyyəyə bərabər olan həmin 5-10 səhifədir.
Bu sayda biz də həmin səhifələri bir daha yada salmaq istədik. Mövzunun
əhatəsinə uyğun olaraq, Araz Bağırov “1 May” tarixçəsi ilə birlikdə sinfi mübarizənin
keçən əsrdəki tarixini yada salır. Məmməd Süleymanov “Sinfi Mübarizə - Dünən və
Bu Gün” məqaləsində sinfi mübarizənin anlayış olaraq keçdiyi yoldan, həmçinin
əvvəli ötən sayımızda yer alan “Azərbaycanda sol hərəkatın tarixi” yazısında
Azərbaycandakı sinfi mübarizənin və solun tarixindən bəhs edir. Loğman Qasımov
“Sinfi strukturun müasir marksist konsepsiyaları və solun sosial bazası” məqaləsində
bugünkü marksist nəzəriyyədə sinfi bölgünün necə ələ alındığından söz açır. Sinfi
bölgünün əsaslandığı istismar münasibətlərini isə Nicat Qarayevin “Kapitalizmdə
İstismar” məqaləsində oxuyacaqsınız. Qarayev bu məqalədə, “istismar”ı əxlaqi kod-
lar içərisində görməyə meylli geniş yayılmış anlayışı tənqid edərək, onun kapitalizmin
istehsal münasibətlərinin özəyinə necə yerləşdiyinin izahını verir. Fəlsəfə bölmə-
sində Ziya Bayramovun “Sinfi mübarizənin ontologiyası” məqaləsində məhz Marksın
öz fəlsəfəsində sinfi bölgünün necə aparıldığının və sinfi mübarizəni şərtləndirən
amillərin kökünün nəyə əsaslandığının izahını tapacaqsız. Mədəniyyət bölməsi
də mövzuya uyğun iki məqaləni ehtiva edir. Toğrul Abbasov mədəniyyət və sinfi
mübarizə arasındakı nəzəri münasibətlərin analizini, Maxim isə “İşçi Sinfi Cənnətə
Gedir” filminin geniş sosioloji analizini aparır. Bu saydan başlayaraq jurnalda yeni
müsahibələrlə də tanış olacaqsınız. İlk müsahiblərimiz “Neftçilərin Hüquqlarının
Müdafiə Təşkilatı”nın rəhbəri Mirvari Qəhrəmanlı və rus marksist-sosioloqu Boris
Kaqarlitskidir. Mirvari Qəhrəmanlı ilə SSRİ sonrası Azərbaycandakı neft sektorunun
və işçilərinin vəziyyəti ilə bağlı, Kaqarlitski ilə isə Ukrayna böhranı başda olmaqla,
dünyadakı mövcud ictimai-siyasi vəziyyət və solun buradakı perspektivləri ilə bağlı
söhbətləşdik.
Biz bu sayı çapa hazırlayarkən, Azərbaycan ictimaiyyətinin də yaxından izlədiyi
Türkiyədə bir mədən cinayəti baş verdi. Rəsmi açıqlamalara görə, 301 işçinin
yanaraq can verdiyi bu cinayət qarşısında verilən reaksiyalarla, sinfi anlayışdan
məhrum “ütülü humanizmə” məhz hegemonların öz iqtidarlarını davam etdirmək
üçün ehtiyac duyduğunu bir daha anladıq. Elə isə, zəncirlərimiz humanizmin qızıl
suyuna batırılmış olsa da, hələ də onlardan başqa itirəsi heç nəyimiz yoxdur...
Toğrul Abbasov
3
Məmməd Süleymanov
Azərbaycanda Sol hərəkatın
tarixi (II yazı)
(əvvəli ötən sayda)
1904-cü il. “Mazut Konstitusiyası”
İndiki nəsillər üçün az məlum faktdır, ancaq
bütün çar Rusiyasında ilk dəfə olaraq məhz Bakıda
fəhlələrlə sahibkarlar arasında Kollektiv əmək
müqaviləsi imzalanıb. Tarixə “Mazut Konstitusiyası” adı ilə düşən o sənəddə
fəhlələrin hətta indikindən də mütərəqqi statusu və hüquqları təsbit olunmuşdu.
Təqvimin vərəqi isə 1904-cü ilin 30 dekabrını göstərirdi.
O sənəd Bakı fəhlələrinin 1 ay davam edən mütəşəkkil və radikal iqtisadi
tələbli mübarizəsinin nəticəsi idi. Mübarizəyə isə 3 qardaş başçılıq edirdi.
Şendrikov qardaşları - İlya, Lev və Dmitri - Bakıya 1903-cü ildə Daşkənddən
gəlmişdi. Dərhal da Sosial-demokrat partiyasının (RSDRP) Bakı komitəsində
fəaliyyətə başlamışdı. “Şendrikovların təşkilatı”nın yaranması 1904-cü ilin avqustuna
təsadüf edir. Bu təşkilat “Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı” (1905-ci ildən
isə - “Bakı fəhlələrinin İttifaqı”) adını daşıyırdı.
İlk vaxtlar RSDRP-nin menşevik rəhbərliyi və onların “İskra” qəzeti
Şendrikovçuları Bakı bolşevik təşkilatına qarşı qoyurdu, bolşeviklər isə fəhlə
hərəkatında “dağıdıcı, ziyanlı qrup” sayırdı.
Bir müddət sonra Şendrikovçuların təkcə bolşeviklərlə yox, həm də
menşeviklərlə ziddiyyətləri başlayır. Fikir ayrılıqları həm siyasi, həm də iqtisadi
TARİX
Dostları ilə paylaş: |