Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   10   11   12   13   14   15   16   17   ...   161

 
31
Xədicə arvad ölüb, əvvəllər də burada belə bir yas məclisi qurulub, Xədicə arvadı 
məsciddən ikinci dəfə gətirirdilər, ikinci dəfəydi ki, o arvadın cəsədini gecələr 
tələbənin üstünə saldığı o göyümtül adyala bükürdülər, Balaniyaz ikinci dəfə gəlib 
məhəllə kişilərinə beləcə başsağlığı verirdi, işinin çoxluğu üçün üzrxahlıq edirdi, 
Molla Əsədulla da ikinci dəfəydi ki, Xədicə arvadın matəm məclisini aparırdı və 
əvvəlki o yas məclisi zamanı da krant bax beləcə damcılayırdı. 
Tələbə Murad İldırımlı barmağını tez ağzından çəkdi ki, dırnaqlarını 
çeynəməsin. Məhəllənin yeniyetmə oğlanları (onlar da bu gün məhəllədəki yasa 
görə məktəbə getməmişdilər) mizin arxasında əyləşmiş kişilərin qabağına (o 
cümlədən, tələbənin qabağına) çay düzdülər. Məhəllənin simsiz teleqrafı öz işini 
görmüşdü: vaxtıyla bu məhəllədə yaşayan, sonra təzə ev alıb Bakının 
mikrorayonlarına, Əhmədliyə, 8-ci kilometrə, Musabəyov qəsəbəsinə, Günəşliyə və 
ilaxır kənar-bucaq yaşayış yerlərinə köçmüş adamlar bir-bir həyətə girdi, kişilər bir-
biri ilə görüşüb, bir-birinə başsağlığı verib mizin arxasında əyləşdi, arvadlar evə 
qalxdı, tələbənin də, Xosrov müəllimin də otaqları arvadlarla doldu, Xədicə arvadın 
cənazəsi isə öz otağında qoyulmuşdu.  
Əlbəttə, dünən axşam heç kimin ağlına gəlməzdi ki, bu gün bu həyətdə belə 
bir yas məclisi qurulacaq; dünən hər şey krantın o yeknəsəq damcılarının müşayiəti 
ilə daimi (sanki daim!) bir eynilik içində idi. Elə ki, iş saatı qurtarırdı, adamlar işdən 
çıxıb gedib evlərinə çatırdılar, uşaqlar məktəbdən qayıdırdılar, bu küçə də boşalırdı, 
qaranlıq düşəndən sonra isə tamam bomboş qalırdı; məhəllənin adamları evlərinə 
çəkilirdilər, gediş-gəliş kəsilirdi və Xədicə arvad tum kisəsini balaca taxta kətilin 
küçə qapısının ağzından götürüb evə qayıdırdı. Dünən də belə olmuşdu. Xosrov 
müəllim otağına girib qapısını həmişəki kimi, açarla bağlamışdı. Tələbə də öz 
otağında oturub kitab oxuyurdu, amma tələbə öz qapısını Xosrov müəllim kimi 
açarla bağlaya bilmirdi, çünki Xədicə arvad min bir bəhanə ilə gəlib qapını döyürdü, 
tələbə də durub qapını açmalı olurdu (Xosrov müəllim kimi qaradinməz adamın isə 
qapısını döyməyə cəsarət etmirdi). Dünən tum satmaqdan qayıdanda yenə tələbəni 
öz otağında kitab oxuyan gördü: «–Sənnən qabaqkı da (Murad İldırımlıdan əvvəl 
beş il bu otaqda kirayənişin olub, institutu bitirib öz rayonlarına qayıtmış oğlanı 
nəzərdə tuturdu) kitab oxuyanıydı, ancaq day sənün kimi yox də... Sən alayı 
şeysən... Yaxçı eləyirsən!.. Oxumağın axırı yaxçı olur də... Ode, Molla Əsədulla 
mürdəşir üzünü yumuşun həyətində Mürşüd Gülcahani yaşayırdı. Çoxdan e-e-e... 
Yarımdəstə Mürşüd deyirdilər, nöşün ki, bazara gedəndə göyü yarım dəstə alıb 
gətirirdi. Sonra kitab yazdı, böyük adam oldu. Özüm görmüşəm onun kitabını... 
qəzetdə şəkilləri çıxırdı, kulok düzəltmirdim onnan, saxlayırdım, bilmirəm hara 
qoydum sonra... Ev verdilər əntiqə, köçdü getdi burdan...»  
Tələbə Azərbaycanda adını yazıçı qoyub yazanların hamısından xəbərdar 
olduğu kimi, Mürşüd Gülcahanidən də xəbərdar idi, həmin müəllimin ««Şən həyat» 
kolxozunda» romanını oxumuşdu və tələbənin fikrincə o cür yazıçıların qalın-qalın 
romanları Azərbaycan ədəbiyyatına yalnız üzüqaralıq gətirirdi, amma, əlbəttə, bu 
barədə Xədicə arvadla mübahisəyə girişməyin mənası yox idi, buna görə də təbiəti 
etibarilə höcət olan, birdən-birə başqa tələbələrlə, universitetdəki və Yazıçılar 
Ittifaqındakı ədəbi dərnək üzvləri ilə qızğın ədəbi mübahisəyə girişən, sərbəst şeri 
müdafiə edən, Avropa modernistlərinin, xüsusən, ekzisentalistlərin yaradıcılığına bir 
o qədər dərindən bələd olmasa da, onların təəssübünü çəkən, Yevgeni 


 
32
Yevtuşenkonun, A.Voznesenskinin, B.Axmadulinanın bəzi şerlərini rus dilində 
əzbər bilən və girişdiyi mübahisələrin axırını gözləməyib, əsəbiləşib yarımçıq çıxıb 
gedən Murad İldırımlı özünü məcbur etdi və Xədicə arvadın bədii zövqünün fərqinə 
varmadı. Xədicə arvad Muxtar Xudavəndə kimi qəzetdə ədəbiyyat şöbəsinin müdiri 
deyildi (illərdən bəri kötük kimi bitib o şöbədə qalmamışdı!) və Xədicə arvadın 
bədii zövqünün Azərbaycan ədəbiyyatının taleyinə dəxli yox idi.  
Xədicə arvad öz otağında oturub danışa-danışa boyat küftəsini yedi, çox 
təmizkar olduğu üçün, o saat da durub (və yenə də danışa-danışa) tələbə Murad 
İldırımlı ilə Xosrov müəllimin otaqlarının arasındakı balaca mətbəxdə boşqabı yudu, 
dəsmalla qurulayıb yerinə qoydu, tələbənin otağının qabağından keçəndə Xosrov 
müəllimin bağlı qapısına tərəf işarə etdi, səsini yavaşıdıb: «Bu nöş indidən qapını 
bağlayıb?» – soruşdu, guya ki, Xosrov müəllim qapısını həmişə beləcə bağlamır. 
Sonra Xədicə arvad səsini daha da yavaşıdıb: «– Gecə durub su başına çıxanda, 
görürəm ki, bu fağır ağlayır yuxuda... – dedi. – Ölsə bunun xərcini kim çəkəcək? 
Mağul, bir uşağı-zadı da yoxdu, tək canıdı... Özünün pulu var görəsən? Hə?» Xədicə 
arvad bu sualı açıq-aşkar bir maraqla verdi və tələbə Murad İldırımlıdan bir cavab 
eşitməyəndən sonra lap yavaş səslə, az qala pıçıltıyla: «– Sən bunun beləliyinə 
baxmaginə e... – dedi. – Bir dəfə yayda Kislavodskiyə getmişdi... Yəqin pulu var 
də... Ancaq ölsə yazığın işi pis olıcek...»  
Bu sözləri yazıq Xədicə arvad dünən deyirdi... Xınasının vaxtı keçdiyi üçün, 
dibi ağarmış, üstü xoruz pipiyi kimi qıpqırmızı qızarmış saçlarına köhnə (amma 
tərtəmiz) çit yaylılığının altından sığal çəkə-çəkə, arıq, nazik dərili və qırışmış 
sifətiylə gülümsəyə-gülümsəyə deyirdi...  
Xosrov müəllimin hərdən gecələr yuxuda ağlamağını tələbə də eşitmişdi, daha 
doğrusu, əvvəlcə başa düşməmişdi ki, gecənin yarısı bu nə səsdir belə, amma sonra 
başa düşmüşdü və bu barədə Xosrov müəllimin özünə heç nə deməmişdi; düzdü, 
bəlkə Xosrov müəllimin özünün heç xəbəri yox idi ki, bəzən gecələr yuxuda ağlayır, 
amma bu uzun, arıq kişi o qədər dinməz-söyləməz bir adam idi ki, heç Xədicə arvad 
da gecələr ağlamağını ona deməmişdi.  
Tələbə Murad İldırımlı səkkiz aya yaxın idi ki, Xosrov müəllimlə bir evdə 
yaşayırdı, amma təkcə onu bilirdi ki, bu adam əvvəllər məktəbdə rus dilindən dərs 
deyib, sonra köşkdə qəzet satıb, sonra da pensiyaya çıxıb, öz evi yoxdur və uzun 
müddətdir ki, ayda 70 manata Xədicə arvadın kirayənişinidir. Xosrov müəllim evdə 
olmayan vaxtlarda hərdən Xədicə arvad deyirdi: «–Xosrov müəllim veteran trudadı 
e!.. Nöşün gedib hökumətdən ev istəmir bu?.. Fağır, bu da belə qaragündü də!..» 
Əlbəttə, Xosrov müəllim ev alsaydı, ayda Xədicə arvada 70 manat pul 
verməyəcəkdi (o verməyəcəkdi, başqası verəcəkdi), amma Xədicə arvad təəccübünü 
gizlətmirdi və ümumiyyətlə, Xosrov müəllimin qapalı həyatı hərdən tələbəni də 
düşündürürdü və bəzən tələbəyə elə gəlirdi ki, illər keçəcək, o özü eynilə Xosrov 
müəllim kimi bir adam olacaq; yəni bəzən tələbəyə elə gəlirdi ki, yaşlarının, 
boylarının, sir-sifətlərinin müxtəlifliyinə baxmayaraq, Xosrov müəllim də, o 
dünyanın eyni aqibətli, daha doğrusu, eyni qəlibdən çıxmış adamları zümrəsinə 
daxildirlər...  
Sonra Xədicə arvad öz otağına getdi, oturub danışa-danışa qəzetdən təzə 
torbacıqlar düzəltdi, müştərilərin get-gedə azaldığından şikayət etdi, xeyli 
qovrulmuş tum qaldığı üçün, təzə tum qovurmadı, hətta birdən-birə tələbəyə dedi ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə