Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə161/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   153   154   155   156   157   158   159   160   161

 
333
 

 
Yazıçıların «Hüsü Hacıyev» küçəsindəki beşmərtəbəli məşhur binaları 60–70-
ci illərdə əslində Bakının duzlu-məzəli bir ziyalı ocağı idi. 
Bir gözəl günlü-işıqlı bazar günü səhər  Əliağa Kürçaylı bazarlıq eləyib evə 
qayıdırmış  və  həyətə girəndə üçüncü mərtəbədəki eyvanında dayanmış  İlyas 
Əfəndiyev onu çağırır: 
– Əliağa, həmişə bazarlıqda! 
– Çox sağ olun, İlyas müəllim! 
– Əliağa, yaxşıca bir toğlu əti almısanmı? 
– Bəli, İlyas müəllim! 
– Nəlikdi? 
– Bozbaşlıq. 
– Bəs, bozbaş üçün yaxşı soğan necə? 
– Onu da almışam. 
Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi 
Seyidzadə yuxarıdan qışqırır: 
– Ey zalım, mən dünən soğan almışam, bal kimi çıxıb! 
İlyas Əfəndiyev eləcə Əliağa Kürçaylıya müraciətlə: 
– Əliağa,– deyir, – çayı balla içərlər, bozbaşı soğanla bişirərlər! 
 
II 
 
Bir gün yenə səhər tezdən Əliağa Kürçaylı bazarlıq eləyib evə qayıdırmış və 
yenə də üçüncü mərtəbədəki eyvanında dayanmış İlyas Əfəndiyev onu səsləyir: 
– Əliağa, həmişə bazarlıqda! 
– Çox sağ olun, İlyas müəllim! 
– Yaxşı nə almısan? 
– Hinduşka almışam, İlyas müəllim. 
– Çolpadı? 
– Bəli. 
– Neçə kilo olar? 
– Iki-üç kilo. 
Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi 
Seyidzadə deyir: 
– Ey zalım, mən srağagün hinduşka almışdım, on kilo! 
İlyas Əfəndiyev yenə də eləcə, Əliağa Kürçaylıya müraciətlə: 
– Əliağa,– deyir, – on kilo dana olar. Yeməli hinduşka elə iki-üç kilo olar.  
 
HAYIF SƏNƏ, OSETRİNA!  
 
Bir gün axşam Mehdi Hüseynlə  İlyas  Əfəndiyev, həmişəki kimi, zəngləşib, 
dəniz kənarında gəzməyə çıxırlar.  
Gəzişə-gəzişə söhbət zamanı Mehdi Hüseyn yazıçılıq iddiası ilə yerə-göyə 
sığmayan bir nəfər haqqında deyir: 


 
334
– Dünən axşam qapının zəngi basılır, açıb görürəm ki, filankəsdir. Bir əlində 
qalın bir qovluq, o biri əlində də yekə bir osetrina. Qovluğu uzadır ki, təzə əsərimdi, 
xahiş edirəm, oxuyub fikrinizi deyəsiz. Dedim, mənim indi əsər oxumağa vaxtım 
yoxdu! Suyu süzülə-süzülə çıxıb getdi. 
İlyas Əfəndiyev soruşur: 
– Bəs osetrina nə oldu? 
Mehdi: 
– Onu da verdim qoltuğuna!– deyir. 
İlyas Əfəndiyev: 
– Nahaq!– deyir.– Gərək deyəydin, osetrinanı bizə gətirəydi! 
 
TOLSTOY  KƏŞFİ  
 
İlyas  Əfəndiyev ilə Zeynal Xəlil Hüsü Hacıyev küçəsindəki Yazıçılar evinin 
üçüncü mərtəbəsində üzbəüz qonşu olurdular. 50-ci illərin ortalarında ikisi də 
Yazıçılar Ittifaqında məsləhətçi işləyirdi. 
Bir gün təsadüf elə  gətirib ki, ikisi də eyni vaxtda evdən çıxıb, piyada işə 
yollanırlar. 
İlyas Əfəndiyev fikirli imiş və onun söhbətə həvəsi olmadığını görən Zeynal 
Xəlil də yol boyu susur.  
Eləcə sükut içində bir xeyli gedib Yazıçılar Ittifaqı ilə üzbəüz, keçmiş 26-lar 
bağına çatanda, görünür, daha bu sükuta dözməyən Zeynal Xəlil, yəqin, başqa bir 
söz tapmadığı üçün:  
– Balam, bu Tolstoy çox böyük yazıçıdır!– deyir. 
 
BƏS, SÜLEYMAN RÜSTƏM NİYƏ 
BOYNUNA ALMIR?   
 
Bir gün söhbət əsnasında İlyas Əfəndiyev Əbülhəsənə deyir: 
– Əbülhəsən, sən xəsissən də! Niyə boynuna almırsan? 
Həmin gün gecə saat 2-də  İlyas  Əfəndiyevin evində telefon zəng çalır. İlyas 
Əfəndiyev bu gecə zənginin nigarançılığı içində tələsik telefonun dəstəyini götürür. 
–  Əzzim,  əzzim, mənəm,  Əbülhəsəndi. Yaxşı, mən boynuma alıram ki, 
xəsisəm! Bəs, Süleyman Rüstəm niyə boynuna almır ki, xəsisdi?! 
 
İLYAS ƏFƏNDİYEVİN EHTİYATSIZLIĞI 
 
1960-cı illərdə  İlyas  Əfəndiyevin yeznəsi Üzeyir Məmmədov Masallı 
rayonunun Baş  həkimi işləyirdi və  İlyas  Əfəndiyev tez-tez dostlarını onlara qonaq 
aparırdı. 
Bir yaz günü də  İlyas  Əfəndiyev Süleyman Rüstəmlə Masallıya gedir və 
bacısıgildə gözəl bir süfrə arxasında oturub yeyib-içirlər. 
Televizorda muğamat konserti göstərilir və  İlyas  Əfəndiyev müğəninin 
oxuduğu hansısa bir qəzələ qulaq asa-asa deyir: 
– Ə, belə də bekara sözlər olar? 
Süleyman Rüstəm qızara-qızara: 
– Əşşi, cavan vaxtlarımda yazmışam...– deyir. 
  
ADIL İSGƏNDƏROV YENƏ İNFARKT OLUB  


 
335
 
İlyas  Əfəndiyevlə Adil Isgəndərov sözləşirlər ki, sabah səhər teatrda 
görüşsünlər.  
İlyas Əfəndiyev sözləşdikləri vaxtda teatra gedir və görür ki, dəqiq adam olan 
Adil Isgəndərov hələ gəlməyib.  
Bir müddət keçir və nəhayət Adil Isgəndərov gəlib çıxır. 
İlyas Əfəndiyev: 
– Ədil, səndən çıxmayan iş, hardaydın?– soruşur. 
Adil Isgəndərov üzrhahlıq edir: 
– Qadam, sən Allah, bağışla, bir az gecikdim. Səhər yuxudan duranda yenə 
infarkt olmuşdum!.. 
 
CABBAR MƏCNUNBƏYOV VƏ  
ƏLİ VƏLİYEV DASTANI  
 
1940-cı il idi, gənc yazıçı İlyas Əfəndiyev Füzulidən Bakıya təzə gəlmişdi və 
yenicə  nəşr olunmuş ilk hekayələr kitabı «Kənddən məktublar»dan sonra dərhal 
məşhurlaşmışdı.  
Bir payız axşamı  İlyas  Əfəndiyev hansı yazısına görə isə, qonarar alır və 
Abdulla Faruqla Əlirza Abdullayevi köhnə «Inturist»in restoranına dəvət edir.  
Restoranda yeyib-içirlər, məclis qızışır və necə olursa yanaşı mizin arxasında 
əyləşmiş adamlarla sözləşib dalaşırlar. 
Onların bu hərəkəti Yazıçılar Ittifaqının Rəyasət Heyətində müzakirə edilir və 
Rəyasət Heyətinin üzvləri belə  qərara gəlirlər ki, bu cavan yazıçılara töhmət 
versinlər. Bu vaxt Əli Vəliyev təklif edir ki, Cabbar Məcnunbəyovu isə Yazıçılar 
Ittifaqından çıxarsınlar. Hamı təəccüb edir: 
– Əli, axı, Cabbar Məcnunbəyov Soçidə istirahət edir, bunlarla olmayıb, onu 
niyə Ittifaqdan çıxaraq? 
Əli Vəliyev deyir: 
– Bəli, Cabbar Məcnunbəyov Soçidədir. Bəli, bunlarla olmayıb. Amma 
Cabbar Məcnunbəyov Bakıda olsaydı,  şübhəsiz ki, bunlarla bir yerdə restorana 
gedəcəkdi, bunlardan da çox içəcəkdi və özünü də bunlardan pis aparacaqdı! 
Axırda restoranda şuluqluq edənlərə töhmət verirlər, Cabbar Məcnunbəyovu 
isə Əli Vəliyevin təkidi ilə Yazıçılar Ittifaqının üzvlüyündən azad edirlər. 
 
KİM KİMƏ BORCLUDUR?  
 
Gözəl yaz günlərindən birində  İlyas  Əfəndiyev oğlu Timuçinin sürdüyü 
maşına minib Qubaya gedir və orada rastına çıxan Yusif Həsənbəyi də özü ilə 
götürür, gedirlər Qəşrəşdə kabab yeməyə. 
Təbiətin bu məhrəm guşəsində bir xeyli oturub yeyib-içirlər və axırda  İlyas 
Əfəndiyev məşhur kababxana müdiri Babanı çağırıb soruşur: 
– Baba, nə qədər borcumuz var? 
Baba deyir: 
– İlyas müəllim, sizin mənə borcunuz yoxdu. Əksinə, mən sizə borcluyam. 
İlyas Əfəndiyev Babanı başa düşmür: 
– Necə yəni sən mənə borclusan? 


 
336
Məlum olur ki, Babanın digər müştəriləri İlyas Əfəndiyevi görüb tanıyırlar və 
bir-bir Babanı çağırıb İlyas Əfəndiyevin hesabını ödəyirlər. Baba nə qədər and-aman 
edir ki, hesab verilib, mümkün olmur.  
Baba: 
–  İlyas müəllim,– deyir,– nə  qədər eləmişəm, olmayıb, düz dörd dəfə sizin 
hesabınızı veriblər. Biri heç, qalan üçünü mən sizə borcluyam. 
İlyas Əfəndiyev: 
– Onda, halal xoşun olsun!– deyir. – Borclu borclunun sağlığını istər!– Və 
Qəşrəşdəki o gözəl günü beləcə başa vururlar. 
 
MİR MEHDİ SEYİDZADƏNİN  
TƏRCÜMƏÇİLİYİ  
 
Mir Mehdi Seyidzadə bir ara rus və fars dillərindən, Xəyyam və  Sədidən, 
Puşkin və Nekrasovdan tərcümələr edirdi. Bir gün İlyas Əfəndiyev ona deyir: 
– Ağa, yaman tərcüməyə girişmisən ha!..  
Mir Mehdi Seyidzadə: 
– Ey zalım!– deyir.– Bəs neyləyim? 
 
Otururam hər cümə, 
Eyləyirəm tərcümə, 
Bəlkə köməklik edə 
Xırda-xuruş xərcimə!.. 
 
«POSPELOV POSPEL...»  
 
Bir gün Mir Mehdi Seyidzadə İlyas Əfəndiyevə deyir: 
– Ey zalım! Sabah günorta saat 12-də radio ilə  mənim təzə  qəzəllərimi 
oxuyacaqlar, qulaq as, gör nə qiyamət eləmişəm! 
Sabahkı gün saat 12 olur, amma radio ilə Mir Mehdi Seyidzadənin qəzəlləri 
əvəzinə, diktor o zaman Sovet Ittifaqı  Kommunist Partiyasının katiblərindən biri 
olan Pospelovun hansı iclasdasa söylədiyi uzun bir məruzəni oxuyur. 
Həmişəki kimi axşam İlyas Əfəndiyev üçüncü mərtəbədə sağ tərəfdəki həyət 
balkonuna çıxır, Mir Mehdi Seyidzadə  də dördüncü mərtəbədə sol tərəfdəki həyət 
balkonuna və İlyas Əfəndiyev onu səsləyir: 
– Ağa, qəzəlləri vermədilər... 
Mir Mehdi Seyidzadə: 
– Ey zalım!– deyir.– Neyləyim? 
 
Pospelov pospel,  
Mir Mexdi ne uspel!.. 
 
MİR MEHDİ SEYIDZADƏ 
RESTORANA LİFTLƏ GEDİR  
 
Bir gün İlyas  Əfəndiyev, Mehdi Hüseyn, Adil Isgəndərov və Mir Mehdi 
Seyidzadə «Köhnə Avropa» mehmanxanasında ikinci mərtəbədəki restorana 
gedirlər.  
Mir Mehdi Seyidzadə birinci mərtəbədə dayanıb lifti gözləyir. 


 
337
İlyas Əfəndiyev deyir: 
– Ağa, gəl pilləkənlə qalx də, restoran ikinci mərtəbədədir. Lifti niyə 
gözləyirsən? 
Mir Mehdi Seyidzadə: 
– Ey zalım!– deyir.– Niyə özüm qalxım? 
 
Minirəm liftə, 
Qalxıram müftə!.. 
 
 
MİR MEHDİ SEYİDZADƏ  
VƏ İSLAM SƏFƏRLİ  
 
Mir Mehdi Seyidzadə ilə Islam Səfərli yaxın dost idilər və aralarında 
məhrəmanə zarafatları var idi. 
Bir axşam Mir Mehdi Seyidzadə eyni blokda yaşadıqları İlyas Əfəndiyevgilə 
gəlir. 
İlyas Əfəndiyev zarafatla soruşur: 
– Ağa, nə əcəb təksən, bəs Islam Səfərli hanı? 
Mir Mehdi Seyidzadə: 
– Ey zalım!– deyir.– Görürsən də! 
 
Islam Səfərli 
Çıxmadı fərli!  
           
AĞASADIQ GƏRAYBƏYLI  
ATASINI ARZULAYIR  
 
İlyas  Əfəndiyevin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş 
«Xurşid Banu Natəvan»  əsərində yaşı 90-nı keçmiş böyük aktyor Ağasadıq 
Gəraybəyli Qoca knyaz rolunu ifa edirdi. 
Əvvəlki tamaşalar kimi, növbəti tamaşa da çox müvəffəqiyyətlə keçir və 
tamaşaçılar qocaman sənətkarın ifasını da uzun müddət alqışlayırlar.  
Tamaşadan sonra İlyas Əfəndiyev teatrın bədii rəhbəri və direktoru Həsənağa 
Turabovla birlikdə  Ağasadıq Gəraybəylinin qrim otağına gedib onu təbrik etmək 
istəyir, amma qocaman aktyoru bir az mütəəssir görür və: 
– Nə olub, Ağasadıq?– soruşur.– Gözümə birtəhər dəyirsən. 
Ağasadıq Gəraybəyli əməlli-başlı kövrəlir və: 
– İlyas, kaş atam sağ olaydı,– deyir.– Mənim bu müvəffəqiyyətimi görəydi! 
 
QABİLİN SAĞLIĞI  
 
1974-cü ildə İlyas Əfəndiyevin anadan olmasının 60 illiyi münasibətilə köhnə 
«Inturist»in restoranındakı ziyafətdə kefi bir az kök olan Qabil sağlıq söyləmək üçün 
ayağa qalxır, qolunu yuxarı qaldırıb diqqətlə saatına baxır və deyir: 
–  Əziz dostlar! Bu saat, bu dəqiqə bütün Azərbaycanda  İlyas  Əfəndiyevdən 
böyük dramaturq yoxdur! 
Belə bir sağlıqdan pərt olan Mirzə Ibrahimov deyir: 
– Qabil, istedadları saata baxıb təyin etməzlər! 


 
338
Məclis davam edir. Qırx dəqiqədən sonra, Qabil ayağa qalxır, yenə biləyini 
gözünün qabağına gətirib diqqətlə saatına baxır və deyir: 
–  Əziz dostlar! Aradan düz qırx dəqiqə keçib. Mən yenə  təkrar edirəm: bu 
saat, bu dəqiqə bütün Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur! 
Mirzə müəllim lap əsəbiləşir və ziyafətdə  iştirak edən Azərbaycan Nazirlər 
Soveti sədrinin müavini Kamran Hüseynov onu məzəmmət edir: 
Ay Mirzə, Qabildi, görürsən ki, bir az da vurub... Bu saat İlyasa möhürlü 
vəsiqə vermədi ki!.. 
Qabil deyir: 
– Kamran müəllim, möhürlü vəsiqəni İlyas Əfəndiyevə Qabil yox, Allah özü 
artıq verib!.. 
 
EVLƏNƏNDƏ, GƏRƏK QIZ YAŞAYAN  
MƏNZİLİN MƏRTƏBƏSİNƏ BAXASAN  
 
Bürkülü bir sentyabr axşamı Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul 
Rza və İlyas Əfəndiyev gənc yazıçı Əfqan Əsgərovun elçiliyinə gedirlər.  
Elçiliyə getdikləri mənzil beşmərtəbəli bir binanın beşinci mərtəbəsində imiş 
və lift olmadığı üçün həmin bürküdə  tər-qan içində piyada pilləkənləri qalxan 
Süleyman Rəhimov orta mərtəbələrdən birində ayaq saxlayıb deyir: 
– A kişi, adam da beşinci mərtəbədən qız alar? 
 
TƏLƏT ƏYYUBOVUN HİKKƏSİ  
VƏ ƏLİ VƏLİYEVİN QƏZƏBİ  
 
Azərbaycan yazıçılarının arasında ən hündür boylulardan biri Əli Vəliyev, ən 
gödək boylulardan biri isə Tələt Əyyubov idi. 
Bir gün Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Imran Qasımov, Zeynal 
Xəlil və Əhməd Cəmil Yazıçılar Ittifaqında, sədrin otağında oturub söhbət edirlər.  
Moskva səfərindən təzə qayıtmış Mehdi Hüseyn səfərlə bağlı  nəsə deyir və 
İlyas Əfəndiyev bərkdən gülür. Elə bu dəm Tələt Əyyubov içəri girir və Mehdinin 
nəsə dediyini, İlyas Əfəndiyevin də bərkdən güldüyünü görüb pərt olur. 
– Niyə mənə gülürsüz?– soruşur. 
Mehdi Hüseyn deyir: 
– Tələt, sənə gülmürük. Başqa söhbət var idi. 
Tələt: 
– Xeyr, siz mənə gülürdüz!– deyir. 
İlyas Əfəndiyev: 
– A kişi, deyirik ki, sənə gülmürdük də!.. 
Tələt sakit olmur: 
– Xeyr, siz mənə gülürdüz! 
Bu vaxt  Əli Vəliyev birdən ayağa qalxıb düz Tələt  Əyyubovun qabağına 
yeriyir və yuxarıdan aşağı Tələtə baxaraq: 
– Nədi, sənə gülmək olmaz? – soruşur.– Lap yaxşı edirdik sənə gülürdük! 
Tələt Əyyubov aşağıdan yuxarı Əli Vəliyevə baxır və daha bir söz demədən 
otaqdan çıxır. 
 


 
339
ƏLİ VƏLİYEV VƏ  
DƏLLƏK ƏHVALATI  
 
Əli Vəliyev hündür boylu, cüssəli, uzunsifət bir adam idi. Şəxsiyyəti də 
olduqca səmimi idi, düzlüyü və dəqiqliyi çox sevirdi, özü də həyatı boyu buna riayət 
edirdi. 
İlyas Əfəndiyev də, Əli Vəliyev də bir müddət indiki Istiqlaliyyət küçəsində, 
Əlyazmaları Institutu ilə üzbəüz eyni dəlləkxanaya, eyni dəlləyə gedirdilər. 
Bir gün İlyas Əfəndiyevin saçını qırxan dəllək şikayət edir: 
– Əli müəllimdən narazıyam... 
– Niyə?  
– Üzünü qırxıram, mənə 25 qəpik verir... 
İlyas Əfəndiyev divardan asılmış preyskurantı göstərir: 
– Bilirsən,  Əli Vəliyev çox düz adamdı. Orda yazıblar ki, üz qırxmaq 25 
qəpikdir, o da sənə 25 qəpik verir. 
Dəllək: 
– 
Orası elədi e, İlyas müəllim...– deyir.– Ancaq Əli müəllimin sifəti, 
maşallah, üç kişi sifəti boydadı... 
 
 
MƏRAHİM FƏRZƏLİBƏYOV  
ÖZÜNƏ ŞƏR ATIR 
 
İlyas Əfəndiyev təbiətən bir az vasvası adam idi. 
Bir gün Akademik Milli Dram Teatrında «Hökmdar və  qızı» tamaşasının 
məşqləri gedir və  İlyas  Əfəndiyev də  həmişəki kimi, «öz»» lojasında (birinci 
mərtəbənin birinci sağ lojası) oturub məşqi izləyir. Quruluşçu rejissor Mərahim 
Fərzəlibəyov isə parterdə orturub məşqə rəhbərlik edir. 
Tamaşanın Sisiyanov ilə Lisaneviç səhnəsində  nə isə  İlyas  Əfəndiyevin 
xoşuna gəlmir və o, iradını demək üçün rejissoru çağırır: 
– Mərahim! 
– Bəli, İlyas müəllim. 
– Gəl bura! 
Mərahim Fərzəlibəyovun  İlyas  Əfəndiyevə böyük hörməti var idi, eyni 
zamanda  İlyas  Əfəndiyevdən çəkinirdi. Bu dəfə  də hiss edir ki, İlyas  Əfəndiyev, 
deyəsən, əsəbiləşib, ona görə də lojanın qapısını açır, amma içəri girmir. 
– Eşidirəm, İlyas müəllim. 
İlyas Əfəndiyev hirsli-hirsli: 
– Içəri gir!– deyir. 
İlyas Əfəndiyevin vasvasılığını bilən Mərahim: 
– Yox, içəri girmək olmaz, İlyas müəllim,– deyir. 
İlyas Əfəndiyev təəccüblə: 
– Niyə?– soruşur. 
Mərahim deyir: 
–  İlyas müəllim, qotur tutmuşam, bütün günü qaşınıram. Gecə  də vannada 
yatmışam ki, evdəkilərə keçməsin... 
İlyas Əfəndiyev tələsik: 
– Onda, get, get yerinə, – deyir. – Get!.. Sonra danışarıq... 
 


 
340
REDAKTƏ YOX, KORREKTƏ! 
 
İlyas Əfəndiyev ərəb əlifbası ilə yalnız ibtidai siniflərdə təhsil almışdı, amma 
sonradan əlifbamız iki dəfə (kirildən latına keçməyimizi də saysaq, üç dəfə!) dəyişsə 
də, İlyas Əfəndiyev ömrünün sonuna kimi bütün əsərlərini ərəb qrafikası ilə yazdı və 
onun xəttini  Yazıçılar Ittifaqının makinaçısı, yazıçıların çox hörmət bəslədiyi, 
rəhmətlik Sona xanım Sadıqovadan başqa heç bir makinaçı oxuya bilmirdi. Əlli 
ildən artıq idi ki, İlyas  Əfəndiyevin  əlyazmalarını (bütün romanlarını, pyeslərini, 
hekayələrini!) Sona xanım makinada çap edirdi. 
1980-ci illərin sonu, 90-cı illərin  əvvəllərində Sona xanım artıq yaşlaşmışdı, 
tez-tez xəstələnirdi, İlyas Əfəndiyev də məcbur olurdu ki, kiçik yazıları kiril əlifbası 
ilə yazsın və  həmin yazıları makinadan çıxarmaq üçün «Vətən» Cəmiyyətinin çox 
savadlı və səliqəli makinaçısı Sara xanıma verirdi. 
Bir dəfə Sara xanım görür ki, İlyas  Əfəndiyevin verdiyi mətndə bir söz 
«qofta» kimi oxunur və müəllifin yazı-pozu işlərində çox ciddi olduğunu bildiyi 
üçün İlyas Əfəndiyevə telefon açır: 
– İlyas müəllim, mətndə bir söz «qofta» kimi oxunur, amma mən elə bilirəm 
ki, «kofta»dır. Icazə verirsiz redaktə edim? 
İlyas Əfəndiyev: 
– Sara,– deyir.– Redaktə yox, korrektə edə bilərsən! 
 
ƏLİ VƏLİYEVİN ÜRƏYİ GENİŞDİR 
 
Yazıçılar Ittifaqının Rəyasət Heyəti bir dəstə  gənc yazıçının Ittifaqa qəbul 
olunması  məsələsinə baxır.  Əli Vəliyev birinci ayağa qalxıb söz alır və özünə xas 
olan bir qətiliklə  təkid edir ki, bu gənclərin hamısı Yazıçılar Ittifaqına qəbul 
olunsun. 
Əli Vəliyev yerinə əyləşəndə onunla yanaşı oturmuş İlyas Əfəndiyev yavaşca 
soruşur: 
– Əli, bunların hamısını tanıyırsan, əsərlərini oxumusan? 
Əli Vəliyev də yavaşdan: 
– Yox,– deyir.– Bunların birini  mənə tapşırıblar, amma adı, famili yadımdan 
çıxıb. Ona görə  də, cavandılar, qoy, elə hamısını götürsünlər Ittifaqa. Sən də 
hamısına səs ver! 
 
QARYAGINDƏ (FÜZULİDƏ)  
YÜZLƏRLƏ BOLŞEVİK OLUB? 
 
1980-ci ildə, Kommunist Partiyasının 26-cı qurultayı qurtarandan bir-iki gün 
sonra  İlyas  Əfəndiyevlə  Cəmil  Əlibəyov görüşür. Hal-əhvaldan sonra İlyas 
Əfəndiyev soruşur: 
– Cəmil, gözümə birtəhər dəyirsən, nə olub? 
Cəmil Əlibəyov deyir: 
– İlyas müəllim, hansı bir namərdsə 26-cı qurultaya məndən onanim məktub 
yazıb. 
– Nə yazıb? 
– Yazıb ki, Əlibəyova kinostudiyanın direktoru kimi bir vəzifə tapşırıbsız, 
amma onun atası Ədil bəy Qaryagində yüzlərlə bolşeviki qanına qəltan eləyib. 
İlyas Əfəndiyev gülür: 


 
341
– Cəmil, Ədil bəyin yaxşı güllə atmağını  mən rəhmətlik atamdan eşitmişəm. 
Amma Qaryagində yüzlərlə bolşevik hardaydı ki, Ədil bəy də onları bir-bir tutub 
qanına qəltan eləsin? 
 
10 
 
İlyas Əfəndiyev 82 il yaşadı. 
Əlbəttə, az deyil. 
O, bu dünyadakı missiyasını yerinə yetirdi və getdi. 
Ancaq bir epizod həmişə mənim fikrimdədir. 
İlyas  Əfəndiyev mistik, sirli əhvalatlarla, anomal hadisələrlə, o cümlədən, 
Uçan Naməlum Obyektlərlə çox maraqlanırdı. 
1996-cı ilin – ömrünün sonuncu ilinin bir yay axşamı, Zuğulbada, bağda, onun 
çox xoşladığı boylu-buxunlu evkalipt ağacının altında oturub söhbət edirdik və o 
söhbət fırlanıb gəlib Uçan Naməlum Obyektlərin üstünə çıxdı.  
İlyas Əfəndiyev yarızarafat, yarıciddi: 
– Onları çox görmək istəyirəm!– dedi.  
Mən: 
– Neynirsən onları?– soruşdum. 
İlyas  Əfəndiyev bir az rişxəndli, bir az da kədərli, qayğılı gözləri ilə göyə 
baxıb: 
– Onlara deyəsi bir-iki sözüm var! – dedi. 
Bəli, İlyas Əfəndiyev bu dünyada 82 il yaşadı və çox Söz dedi. 
Amma, bununla belə, İlyas Əfəndiyev bu dünyada deyə bilmədiyi o «bir-iki» 
Sözü də həmişəlik özü ilə apardı... 
O «bir-iki» Sözü daha heç kim deməyəcək...  
 
 
       2002. 
 
 
 
 


 
342
MÜNDƏRİCAT 
 
ROMANLAR 
Ölüm hökmü ………………………………………..4 
İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti ……………267 
 


 
343
ELÇİN 
(ƏFƏNDİYEV ELÇİN İLYAS oğlu) 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ
 
(10 cilddə) 
 
5-ci cild
 
 
 
 
 
 
NƏŞRİYYAT REDAKTORU 
 
Akif Dənzizadə, 
RƏSSAMI   
İlqar Tofiqoğlu, 
BƏDİİ REDAKTORU   
İlham Niftəliyev, 
TEXNIKI REDAKTORU      
 
 Denis Izuf, 
KORREKTORLAR           
 
Rəfiqə Qəmbərqızı, 
  Fəridə Ələsgərli, 
Gülarə Qədirova, 
OPERATORLAR 
 
Aygün Əmirli, 
 Elnurə Abuşeva, 
Ramilə Əliyeva, 
ÇAPA MƏSUL 
Sərraf Mürsəlov
 Anar Abdullayev, 
Azər Yunusov. 
   
 
 
 
 
 
 
Çapa imzalanmış 29.09.2005,  
formatı 60x90 1/16,  
 31 ç.v.  
ofset kağızı ¹1, tayms qarnituru,  
sifariş 01/05, 
sayı 1000.  
 
 
Kitab  
 «ÇİNAR-ÇAP»  
nəşriyyatında nəşrə hazırlanmış  
və  
ofset üsulu ilə çap olunmuşdur. 
Tel.: 4989555, 4937255, 4902757    
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə