Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   ...   161

 
15
çəkən Səlim Bədbin kimi cavan yazıçıların!), ədəbiyyat həvəskarlarının yanından 
gözə görünmədən uzaqlaşıb getməyinin xəcaləti soyuq tər gətirirdi, öz 
mənasızlığını, bu dünyada tamam artıq bir adam olduğunu o balaca otağın daş 
divarları arasına sığışmayan bir əlacsızlığa çevirirdi və tələbə Murad İldırımlını, 
iyirmi yeddi yaşına baxmayaraq, ağladırdı – gecənin yarısı tək-tənha yerində uzanıb, 
o yazıq Xədicə arvad, o qapıbir kirayənişin Xosrov müəllim eşitməsin deyə, səsini 
boğa-boğa ağlayırdı; sonra səhər açılırdı, universitetdə dərslər başlayırdı və həmişə 
ora-bura tələsən, bir yerə yığışanda gəzdikləri qızlardan, yaşadıqları arvadlardan 
danışan (və yaxud gopa basan) tələbələrin, əlbəttə, ağlına da gəlmirdi ki, səhərdən-
axşama qədər kitab oxuyan, qəzetləri, jurnalları izləyən, cidd-cəhdlə bütün 
mühazirələri yazan bu qaradinməz adamın – tələbə Murad İldırımlının beləcə çətin 
gecələri olur və həmin Murad İldırımlı indiyə qədər də nə bir qızla gəzib, nə də bir 
arvadla yaşayıb, ümumiyyətlə, indiyə qədər lüt arvad görməyib, bu iyirmi yeddi il 
ərzində heç gizlincə də lüt arvada baxmaq imkanı olmayıb, təkcə on dörd-on beş il 
bundan əvvəl o gözəl dağlardan axan çayın kənarında kəndli bir arvadın öz qızını 
çimizdirəndə, həmin qızın çılpaq döşlərini görmüşdü; qızlar yalnız xəyal aləmində 
idi və illər ötdükcə tələbə Murad İldırımlı o xəyal aləmində həmin qızlarla artıq 
cismani yox, mənəvi dostluq edirdi. O çətin gecələrin dünyada başqa heç bir 
kimsəyə yox, yalnız tələbə Murad İldırımlıya məxsus olan o hisslər aləminin öz 
məxsusi kövrəkiyi, məxsusi təskinliyi, məxsusi dəyanəti var idi və elə ki, iyirmi 
yeddi yaşa yaraşmayan o kövrəklik baş qaldırırdı, əvvəlcə nənəsinin səsini eşidirdi 
və ümumiyyətlə, tələbə Murad İldırımlıya elə gəlirdi ki, ölsə, – əlbəttə, haçansa 
öləcəkdi və o ölüm hissi kənddə kitabxanaçı işlədiyi vaxtlarda onun ürəyini çox 
qısmışdı– yenə nənəsinin səsini eşidər – o səsdə onun üçün o dərəcədə bir doğmalıq 
var idi və əslində, o səs, xüsusən, Bakıya gələndən sonra, həmişə bu cavan adamla 
birgə olurdu. O zaman ki, darıxırdı, imtahanlara hazırlaşmaq, kitab oxumaq, 
kitabxanada məşğul olmaq istəmirdi, gözləri mətbəə şriftlərinin qara rəngindən, 
barmaqları qələm tutmaqdan bezirdi, kino-teatrlarda baxmağa layiq bir film olmurdu 
(detektivlərdən, hind filmlərindən zəhləsi gedirdi, sovet filmlərindən də ancaq 
elələrinə baxırdı ki, mətbuatda onları tənqid edirdilər – hərgah tənqid edirdilərsə
deməli, içində nəsə bir işıqlı şey var idi...), teatra gedib, həmişə olduğu kimi, 
beletajda da oturmağa həvəsi olmurdu (kinoya, teatra, hərdənbir konsertə həmişə tək 
gedərdi), onda axşamçağı dənizkənarı bulvara çıxırdı, hamının gözündən uzaq 
ağacların, dekorativ kolların arası ilə gedirdi və elə ki, ona nəsib olmayan (və yəqin 
ki, heç vaxt da nəsib olmayacaq!) bir aləmdə – cəmi on addım aralıda bir-birinin 
əlindən tutmuş, yaxud qol-qola girmiş, qayğısız və sərbəst gəzişən, yaraşıqlı, dəblə 
geyinmiş oğlanla qız görürdü, elə bil, tələbə Murad İldırımlı eyni zamanda, o 
oğlanla qızın qarşısında açılmış sonsuz bir genişliyi, təmizliyi, işığı da görürdü, 
özünün ətrafındakı qaranlığı, nəmişliyi, dar-düdtəkliyi isə daha artıq, az qala, 
cismani hiss edirdi və belə anlarda nənəsinin o səsi əbədi bir həsrətin səsinə 
çevrilirdi və o həsrət kənd həsrəti, dağ, meşə, çəmən, çay həsrəti deyildi, sevinc 
kimi, kədər kimi, arzu kimi, tələbə Murad İldırımlının içinə hopmuş məkansız bir 
hiss idi. Tələbə o səsi sevirdi, amma, eyni zamanda, o səsdə tələbə üçün taleyin 
əbədi bir məhkumluğu da var idi: mən sənin nənənin səsiyəm, mən o gözəl dağların, 
meşələrin səsiyəm, səni mən yetirmişəm, səni mən boya-başa çatdırmışam, amma 
sən bax bu gözəl bulvarda həmişə beləcə tək olmağa, beləcə yöndəmsiz, beləcə 


 
16
utancaq, beləcə gözəgəlimsiz olmağa məcbursan, necə ki, o gözəl dağların, 
meşələrin qoynunda, o pıqqıldayan bulaqların, şırıldayan çayların kənarında da 
beləcə vecsiz və mənasız bir məxluq idin... 
Tələbə Murad İldırımlı əvvəllər tez-tez, indi isə hərdənbir M.F.Axundov adına 
Respublika Dövlət Kitabxanasında akademik Kraçkovskinin tərcüməsində Quranı 
oxuyurdu, ayrı-ayrı ayələri yaxşı başa düşsün deyə özü üçün Azərbaycan dilinə 
tərcümə edirdi. Inqilabdan sonra Azərbaycan dilində Quran nəşr edilməmişdi, buna 
görə də kitabxanalarda yox idi; rus dilində o kitabdan istifadə etmək üçün xüsusi 
icazə lazım idi və tələbə çox böyük çətinliklərlə həmin icazəni ala bilmişdi. Quran 
«Ali-Imran» surəsi»ndə deyirdi: 
«Əgər, Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz; yox, əgər, 
sizi zəlil edərsə, ondan sonra kim sizə köməklik edə bilər?»  
Tələbə bu fikirdə idi ki, Allah onu zəlil etmişdi və buna görə də bütün ömrü də 
belə keçəcəkdi. Allah ona kömək eləməmişdisə, heç kim ona kömək edə 
bilməyəcəkdi, amma niyə belə olmuşdu, o hansı günahın sahibi idi ki, Allah onu 
beləcə zəlil etmişdi, nə üçün onu belə bir yöndəmdə dünyaya gətirmişdi, nə üçün 
onu bu geniş dünyada məhkum yaratmışdı, həmişə özü öz içində, özü özüylə 
çarpışmalıydı, özü özünü içəridən yeməliydi? 
Görünür nə isə var idi... Quran da deyir ki, səbəbsiz cəza yoxdur... 
Nənəsi belə bir əfsanə danışırdı (bəlkə heç əfsanə deyildi?) və o əfsanə heç 
vaxt tələbənin yadından çıxmırdı: Peyğəmbər hər gün səhər-səhər bir gölün 
yanından keçirdi. Həmin göldə atılıb düşə-düşə, cığır-bağır sala-sala bir dəstə oğlan 
uşağı çimirdi. Ayaqları şikəst olan bir oğlan uşağı isə göldə çimə bilmirdi, həsrət 
dolu qəmli gözlərini göldə çimən oğlanlara zilləyirdi, baxırdı, baxırdı. Peyğəmbər 
daha həsrət dolu o gözlərin kədərinə dözə bilmədi: «Ya Allah! – dedi. Nə üçün o 
uşağı eləcə şikəst yaratdın?» Allah: «– Sən mənim ədalətimə şübhə etdin?» – 
soruşdu. Səhərisi gün peyğəmbər gördü ki, o oğlan şikəstlikdən xilas olub, uşaqlarla 
birlikdə atılıb-düşür, uşaqlarla birlikdə göldə çimir, gözləri gülür və o həsrət yox 
olub... Bir gün belə keçdi, iki gün belə keçdi, üçüncü gün peyğəmbər gördü ki, 
həmin oğlan səhər tezdən gölə gəldi, qamışları kəsib bir-bir ucunu yondu və gölə baş 
vurub o qamışları suyun dibinə basdırmağa başladı ki, iti ucları bir azdan gəlib gölə 
atılacaq uşaqların başına-qarnına batsın... Peyğəmbər dedi: «Ya Allah! Bağışla 
məni...»  
Tələbə bəzən həmin yaraşıqlı, müasir geyimli, müasir hərəkətli bulvarda 
gəzişən camaatı vecinə almayan oğlanla qızın qucaqlaşıb öpüşdüyünü görəndə 
addımlarının sürətini artırırdı və o qucaqlaşmaqdan, o öpüşməkdən qaçıb qurtarmaq 
istəyirdi. Bəzən də qızla qol-qola gedən, qucaqlaşan, öpüşən oğlanı tanıyırdı 
(ümumiyyətlə, Bakıda yaşadığı az qala bu dörd ildə tələbə Murad İldırımlı çox 
adamı tanıyırdı, amma onu heç kim tanımırdı və belə bir birtərəfli tanışlığın özü də 
həmişə bədbinlik, ümidsizlik gətirirdi...), universitetin arakəsmələrində, həyətində 
atalarının puluna alınmış bahalı siqaretlər çəkə-çəkə, gecənin yarısına qədər 
restoranlarda, kafelərdə, barlarda yeyib-içməkdən hələ də başları ağrıya-ağrıya 
gəzdikləri, görüşdükləri qızlar haqqında əxlaqsız söhbətlər eləyən tələbələrdən 
olurdu və o zaman Murad İldırımlının bədbinliyi, həyatdan küskünlüyü ədavətə 
çevrilirdi, həmin oğlanla öpüşən qızı gizlin izləmək istəyirdi, ünvanını öyrənib 
imzasız məktub yazmaq istəyirdi, o imzasız məktubda oğlanı ifşa etmək istəyirdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə