Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

78 


Əvəzində  Ağtəpə  kolxozunun  sədrini  qulaqlayıb  atdı  bayıra.  Çağırıb  yanına,  deyib  ki, 

hansı  su  ilə  suvarmısan  taxılını?  Kolxoz  sədri  utandığından  qıpqırmızı  qızarıb,  başını 

aşağı  salıb.  Başçı  deyib,  sən  nə  həyasız  adamsan,  cındır  bir  möhürdən  ötrü  adam  da  o 

sifətə düşərmi? 

Həə… Yaxşı adamdı bizim başçı, işin yönünü-yöntəmini biləndi. Bakıda da böyük 

hörməti  var. Sən öl,  müşavirəyə gələn adamları  heç adam  yerinə qoymurdu. Qonaqlığı 

da, qalmaq məsələsini də Ağcabədi İcra Hakimiyyətinin boynuna qoydu».     

Mamoğlu sözünü qurtarıb dərindən ah çəkdi: 

«Həə,  dayoğlu,  dünyanın  belə-belə  işləri  olur»  -  sonra  başını  qaldırmadan  əlavə 

etdi – «Axşam kök bir çəpiş kəsmişəm, gedək uşaqlara qovurtdurum, toqqamızın altını 

bərkidək. İçmək istəmirsən?». 

*** 


Yeməkdən  sonra  qalxıb  yatağın  ortasında  kəndçilərimlə  gap  edirdim.  Birdən 

məktəb  direktorunun  müavini  uzaqdan  mənə  əl  elədi.  Yaxınlaşdım.  Mamoğlu  da 

hardansa peyda oldu. Müavin mamoğluna baxa-baxa əlindəki əmri mənə uzatdı: 

«Təbrik edirəm, 16 saat dərs düzəltdik sənə. Adətən təzə gələnlərə 12 saatdan artıq 

verilmir,  amma  day  sən  özümüzünküsən»  -  sarı,  yarıçürük  dişlər  ölü  bir  təbəssüm 

yaratdı  müavinin  sifətində.  Mamoğlu  da  irişdi  və  əlimdəki  əmri  alıb  diqqətlə  gözdən 

keçirdi: 

«Allah xeyir versin!» 

Günəş  artıq  qüruba  əyilmişdi.  Hardansa  buzov  mələməsi  eşidildi.  Təbiətin 

sozalmaqda olan işığı palçıq daxmalardan ibarət bu şəhristanı daha da hüznlü göstərirdi.    

 

Hərbi-siyasi məsələ 

 

“Budrudum!!!” 



Yarıoyaq olsam da, sırazı anlayıram. Top səsidi. Top səsi... Yaddaşımı kirkirədən 

keçirsən də, bu səs qulaqlarımdan gedəsi deyil. 

...Füzuli bazarından aldığım karalyoku pencəyimin qoluna silib təzəcə bir dişlək 

almışdım ki, ərəsət qopdu. Elə bil hər şey mənim bu karalyoku dişləməyimə bənd imiş. 

Qaçhaqaç,  qovhaqov,  yıxılan,  duran,  büdrəyən,  qışqıran,  zarıyan...  hamı  qarışdı  biri-

birinə.  Birdən:  «Budrudum!!!»  Dalınca  da  insanın  qulaqlarını  cırıqlayan  vəhşi  bir 

uğultu... Yenə şəhəri top atəşinə tuturdular. Qaçmağa macal yox idi. Yetən-yetən əlləri 

ilə  başını  qucaqlayıb  yerindəcə  şöngüyürdü.  Səs  gələn  səmtə  baxdım,  heç  nə 

görünmürdü.  Uğultunun  vahiməsi  çiyinlərimdən  aşağı  basdı,  mən  də  oturdum.  Bu  an 

ikinci gurultu və ikinci uğultu göylərin boşluğunu ağuşuna aldı. Saniyədən də az zaman 

ərzində  nəsə  qara  bir  şeyin  şəhərin  üstü  ilə  keçdiyini  hiss  etdim.  Uğultudan  əlavə, 

partlayışabənzər  səs  gəldi,  şəhər  silkələndi.  Qorxmağa  başlamışdım.  Görünür,  Füzuli 

şəhərinin şimalında, ən əhəmiyyətli yüksəkliklərin birində qərar tutan erməni hərbçiləri 

bazarın  koordinatını  düz  götürmüşdülər.  Tərs  kimi  bazar  günü  idi,  adam  əlindən 

tərpənmək  olmurdu.  Bazara  düşən  istənilən  mərmi  bir  göz  qırpımında  böyük  fəsadlar 

törədərdi və başına mərmi düşən həmin adamlardan biri də mən ola bilərdim. 

Füzulidə hamı topu, qradı, minemyotu səsindən tanıyırdı. Hətta qırıcının səsini o 

biri  uçaqlardan  ayıra  bilirdilər.  Bu  mənada  şəhər  əhalisinin  sluxuna  yağlı  bir  beş! 




 

79 


İntəhası, qırıcı elə bir zibildi ki, raketi səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raketi 

gəlir,  sonra  özü,  ən  axırda  səsi.  Atdığı  raketlər  Qarabağ  insanının  həyatından  qiymətli 

olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.  

Sağlığınızı  görüm,  mən  də  burada  yaşadığım  aylar  ərzində  bütün  silah  səslərinə 

öyrəşdim. Part eləməmiş ürəyimdə deyirdim: «peka... avtamat... qrad...». 

Üstəlik  səslərə  uyğun  rəftar:  top,  qrad  atıldısa  yerə  yat,  avtamat  və  tank  səsi 

eşitdin  qaç,  bu  artıq  düşmənin  yaxında  olduğunu  göstərir.  Ama  ən  yaxşısı,  elə  yerdə 

yaşa ki, bu səslərin heç birini eşitməyəsən. 

Eeeee.... şəxsən mən o qədər qaçmışam ki! Özü də tumançaq.  

“Erməni  gəldi!!!”  –  gecənin  bir  aləmi  eşitdiyin  bu  dəhşət  dolu  səsdən  sonra  nə 

ana-bacı yada düşür, nə də pal-paltar.  

“Budrudum!!! Uğğğğuğğğuğğğuuuuu... Bışşş!!!” 

Hövlank qalxıram.  

“Dam! Dam! Daram!” 

Oğlumdu.  «Elmlər»dəki  oyuncaq  mağazasından  aldığı    bir  bölük  əsgəri  yenə 

divanın, yorğan döşəyin ən əhəmiyyətli yüksəkliklərinə düzüb əməlli-başlı döyüş aparır. 

Nə qədər çalışsam da, uşağa bu adətini tərgitdirə bilmirəm. Məni boğaza yığıb. Uşaqdı 

də...  Başa  salmaq  olmur.  Başa  salmaq  olmur  ki,  ay  bala,  görürsən  yatmışam,  nə 

guppagup  salmısan.  Bəlkə  elə  qorxuram!  Nədi,  adam-zad  deyiləm?  Topdan-qraddan 

qorxmayan  kafirdi.  Bu  sənin  üçün,  razborka-zaddı  bəyəm?  Mərmidi,  üstünə  düşdü, 

düşdü də, neyləyə bilərsən?! 

 “Tr...trrr...tererere... dam!” 

Bilirəm, tankdı.  

“Ay uşaq, qoy yataq!”  

Hara yatıram.  

...Füzulinin  Veysəlli  kəndinin  yanında  bir  ferma  var  idi.  Payız  vaxtı  Haramı 

düzünün  qüzeyindəki  dərə  yoxuşa  bu  fermaya  tərəf  köç  gedirdik.  Birdən  bir  tank 

göründü  və  tırhatır  gəlib  yanımızda  dayandı.  Düzü  ilk  dəfə  idi  ki,  tank  görürdüm.  Nə 

bədheybət  səsi  varmış!  Bir  az  qorxdum  da.  Biləndə  ki,  bizimkilərdi,  toxdadım.  Tank 

dayanan  kimi  içindən  bir  əsgər  hobb  eləyib  yerə  düşdü,  salamsız-kalamsız  yaxınlaşıb 

say-seçmə qoyunlardan birini qoltuğuna vurdu. Müdirimiz qışqırdı: 

“Ə, neynirsən?!” 

Cavab gəlmədi. Əsgər qoyunu tankın içinə salladı, sonra da özü yox oldu. Müdir 

atını tankın qabağına sürdü: 

“A bala, bu qalxoz heyvanıdı, neyniyirsiz?” 

Tank  kərkinə-kərkinə  müdirin  üstünə  yeridi.  Müdir  çəkilmədi.  Əksinə  atı 

mahmızlayıb tankla döş-döşə dayandı.  

“Qoyunu verin köpəyuşağı! Dərəbəylikdi bəyəm!”  

Part,  tanka  bir  ağac.  Tank  sanki  ağrıdan  dəli  bir  nərə  çəkdi,  tüstü-toz  bir-birinə 

qarışdı. Müdirin atı hürkdü. O, uzaqlaşan tankın arxasınca baxıb tüpürdü:  

“Bay sizin ananızı... Qiryətiniz varsa, gedin Xocalının hayıfını alın.”  

Sonralar öyrəndik ki, həmin tankdakılar Aşağı Veysəllidə xidmət edən əsgərlərdi. 

Bu bölgədə  vur-tut bircə tank  var  idi, camaatın  gözündən basıb  lotuluq eləyirdi.  Aşağı 



 

80 


Veysəlliyə erməni hücum edəndə nə qədər əlləşdilərsə həmin tank işə düşmədi, kənddə 

qoyub qaçdılar.  

“Da-da-da-da!” 

Zibilə düşmədim: 

“Ay  uşaq,  qoy  gözlərimin  çimirini  alım”  –  bunu  da  mən  deyirəm.  Dalınca  da 

ürəyimdə:  «Avtomatdı.  Görəsən,  bu  köpəyoğlu  silahların  səsini  belə  dəqiq  çıxarmağı 

hardan öyrənib?» 

...Örüşdən  evə  qayıdırdım.  Bir  atlı  çıxdı  qarşıma,  əynində  hərbi  paltar,  əlində 

avtamat. Yuxarıdan aşağı mənə baxıb:  

“Sizin  uşaqlar  axşam  bizim  fermanın  üstündən  güllə  atıblar.  Bu,  adama 

sataşmaqdı. İndi səni öldürəcəm, onlara ibrət olsun.” – dedi.  

“Qardaş, Allaha and olsun xəbərim yoxdu.” 

“Kəs, düdük gədə! Bu da o döyül ki, müdiriniz əmimi ağacla vura!”  

“Müdir vurub, get onu öldür də.” 

“Qohumu  döyülsən,  səni  öldürəcəm.  Ora  baax”  -  əlini  Əmralılar  kəndinə  tərəf 

uzatdı – “bilirsən orda hər gecə neçə adam ölür? Sən də onların biri...”  

Avtomatı  ayağa  verdi.  Çaşıb-qalmışdım,  təzəcə  qorxmağa  başlayırdım  ki, 

güllələr  səpələndi.  Ayağımın  altındakı  toz-torpaq,  xırda  daş-kəsək  sifətimə  çırpıldı, 

gözlərim  tutuldu,  elə  bildim  öldüm.  Yalnız  qarşımdakı  adamın  bərkdən  güldüyünü 

eşitdim. Gülüş at ayaqlarının səsinə qarışıb zəiflədi və itdi. Hardasa on dəqiqə yerimdən 

tərpənə bilmədim. Elə bil ayaqlarımı yerə mıxlamışdılar. 

“Da-da-da-da...” 

Nə  olur-olsun  avtomat  qüdrətli  silahdı.  Ama  hərdən  düşünürəm  ki,  gör  bu 

Kalaşnikov  əclaf  bəşəriyyətə  nə  qədər  ziyan  verib.  Bəlkə  də  dünyada  onun  kəşf  etdiyi 

avtomat  qədər  insan  qətlə  yetirən  silah  olmayıb.  Həm  də  avtomat  daha  çox  ədalətsiz 

əllərdə qaqqıldayıb. 

Avtomat  dedim  yadıma  düşdü,  Ağcabədidə  məşhur  bir  adam  vardı:  Cəbhəçi 

Mamed. Raykomu devirib, bir müddət hakimiyyəti əlinə almışdı. Mamedin avtomatının 

güllə  yerləri  uzun  zaman  Ağcabədi  rayon  İcra  Hakimiyyətinin  binasını  və  qarşısındakı 

heykəlin  postamentini  bəzəyib.  Sağlığınızı  görüm,  o  güllə  yerlərinə  çox  baxmışam, 

hətta  sığallamışam  da!  Mənə  elə  gəlib,  hələ  də  istidi  bu  güllə  yerləri.  Elə  bil  Səməd 

Vurğun  məşhur  misrasını  məhz  burada  qələmə  alıb:  Soyuq  divarlarda  güllə-filan... 

Əvvəllər  binanın  qarşısında  Leninin  heykəli  olub.  Deyilənə  görə,  Mamed  onun  da 

təpəsini odlayıbmış. Sonra heykəli çiyinlərindən bir-iki santimetr aşağıdan kəsib ondan 

Məmmədəmin  Rəsulzadə  düzəltdilər.  Ağcabədidəki  Rəsulzadənin  köksündə  Leninin 

ürəyi  «çırpınırdı».  Aşağısında  isə  Cəbhəçi  Mamedin  güllə  naxışı...  Avtamat  gülləsinin 

yeri ağ mərmərdə gül kimi açılır. 

“Uuuuuuu.... Uuuuuuu....” 

Təyyarədi  yəqin...  Qırıcı.  Ama  qırıcının  səsini  dəqiq  çıxara  bilmir  oğlum. 

Qırıcının səsi hardasa burulur, əyilir, uzaqlaşdıqca daha çox uluyur. 

...Bizimkilər  Füzulinin  ermənilər  tərəfindən  zəbt  olunmuş  Hoğa  kəndinə  hücum 

planlaşdırmışdılar.  Plan  belə  idi:  əvvəlcə  qırıcılar  qalxıb  kəndi  bombalayır,  sonra 

tanklar-beempelər  gedir,  ardınca  pexota.  Qırıcılar  gəlmədi,  texnika  işə  düşmədi, 

əsgərləri verdilər qabağa. Yalan olmasın, hər  metrəyə bir əsgər  itirmək bahasına kəndə 




 

81 


girdilər.  Erəmənilərin  qoyub  qaçdığı  ağ  çaxırdan  nübar  eləməmiş,  qırıcılar  Yevlaxdan 

qalxdı.  Hava  əlaqəsi  alınmadığına  görə  kənddə  bizimkilərin  olduğunu  qırıcılara  xəbər 

verə  bilmədilər.  Yevlax  susurdu...  Bu  susqunluğu  qırıcıların  Hoğa  kəndinə  yağdırdığı 

bombalar pozdu. Qırıcıları ruslardan od qiymətinə kirayə götürüblərmiş.  Kim  idi bizdə 

qırıcı  alan,  ya  onu  idarə  edən.  Deyirdilər,  ruslar  qəsdən  bizimkiləri  qırıblar…  Axşam 

gün  batmamış  ermənilər  təzədən  yerlə  yeksan  olan  Hoğa  kəndinin  bütün 

yüksəkliklərinə qayıtdılar. 

“Vğğğğğğğğ.... ıııııııınnn....!”  

Bu da hərbi maşın – rus “Ural”ı...  

...Xocavənd  qaçqınları  Ağcabədi  ilə  Taxtakörpü  arasındakı  asfalt  yolla  qoyun 

sürüsü  aparırdı.  Birdən  bu  urallardan  biri  nəriltiylə  döngədən  çıxdı.  Çobanlar  birtəhər 

yolun  sağ-soluna  atıldılar.  Ural  gəldiyi  sürətlə  sürünün  ortasına  helləndi.  Təkərlərə 

dolaşan qoyun-quzu krelə dəyib cındır əsgi kimi  yan-yörəyə səpələnirdi. Maşın sürünü 

başa-baş iki yerə böldü və uzaqlaşdı.  

Bir-iki  ağsaqqal  kişi  qəza  ilə  əlaqədar  ordunun  rayon  mərkəzindəki  qərargahına 

getdi.  Qərargah  rəisi  heç  kimi  qəbul  etmədi.  Axşam  işdən  çıxanda  yaşlı  kişilərin  biri 

onu yaxaladı: 

 “Başına  dönüm,  yoldaş  mayor,  bu  qoyunların  yiyələri  Kurapatkində  vuruşur. 

Hamısının  ailəsi,  uşağı  burda  yataxda  bu  heyvanlarnan  birtəhər  dolanırdılar,  indi  biz 

neyləyək?” 

“A kişi, özün bilirsən, hərbi vəziyyətdi, gündə yüz meyit gəlir, sən də iki-üç qotur 

qoyunun dalınca düşmüsən.” 

“Yoldaş mayor, vallah əlacımız yoxdu.” 

“Sən  nə  təhər  adamsan,  a  kişi!  Əmr  dalınca  gedən  maşın  yubana  bilməz!  Sürü 

asfalt yolda nə gəzir?” 

“Başqa yol yoxdu, qadan alım.” 

“Get, get burdan, vaxtımı alma!”  

Kişini itələyib UAZ markalı maşına yaxınlaşdı. Kişi dözmədi: 

“Qurumsaxlar! Siz öləsiz, düz prezidentin yanınacan gedəcəm!”  

“A  kişi,  ağzının  qatığını  dağıtma,  get,  nə  bilirsən  elə!  Get,  get...”  –  qərargahın 

qarşısındakı  əsgərlər  kişini  zorla  itələyib  darvazadan  çölə  çıxartdılar.  Kişi  arxasını 

səkidəki  ağacların  birinə  söykəyib  dərindən  köks  ötürdü,  sonra  boynunu  büküb 

çarəsizcə duran yoldaşlarına baxdı və dedi: 

“Evin yıxılsın, fələk!”               

“Dam-daram-dam-duuuuum!!!!” 

Bu dəfə, day özümü saxlaya bilmirəm, oğlumun  hərbçilərinə əməlli-başlı hücum 

edirəm.  Ayağımı  yüksəkliklərdən  enib  döşəmənin  üstündə  sıraya  düzülən  əsgərlərin 

üstünə qoyub yerimdə bir dəfə buruluram. Ayağım da, nəmxuda, qırx dörd razmer! Başı 

üzülən, qılçası çıxan, avtamatı düşən... Hərbi texnikaya dəymirəm.  Hər  necə olsa, əsas 

insandı.  İnsan  olmayandan  sonra  topu,  qradı  kim  atacaq?!  Sonra  bu  şil-şikəst  əsgərləri 

xışmalayıb balaca yataqxana otağının künc-bucağına səpələyirəm… Bölük komandirinə 

də bir şapalaq: 

“Dur əynini geyin, kaşanı ye! Baş-beynimi aparma!”  



 

82 


Və  təbii,  atəşkəs  bərpa  olunandan  sonra  gedib  rahatca  yatmağıma  davam 

edirəm...  

Ən  yaxşı  müdafiə  hücumdur deyənlər  haqlı  imişlər. Oğlumu elə susdurmuşdum, 

“mıq” eləyə bilmirdi. Ama əsgərlərini bir daha səfərbər etmək istəyini eşidəndə dalağım 

sancdı.  Bu  xəbəri  mənə  arvad  verdi.  Bizim  arvadağa  evdə  KİV  rolunu  oynayır.  Hər 

axşam bütün xəbərləri mənə və ailə üzvlərinə o çatdırır; larmpıçka yanıb, video işləmir, 

yataqxanada otaq satırlar, anamın  təzyiqi qalxıb, çörək qurtarıb və s. Onu da deyim ki, 

qaynanamgilnən lap yaxın oluruq. Demək olar, bir yerdə... Aramızda bir divar var. Sizə 

deyim,  qaynata-qaynana  ilə  yaxın  olmaq  Rusiya  və  İran  kimi  ölkələrlə  qonşu  olmaq 

kimi  bir  şeydi.  İstənilən  vaxt  «ölkə  KİV»inə  sensasion  xəbərlər  ötürməyi,  daxili 

münaqişələrdən  istifadə  edib  bu  və  ya  digər  məsələləri  öz  mənafelərinə  uyğun  həll 

etmək  üçün  «ölkə»yə  burun  soxmağı  bacarırlar.  Bu  da  təbii,  kişinin  hakimiyyətinin 

ictimai  dayaqlarını  sarsıdır.  Necə  olur-olsun  kişi  evin  ali  baş  komandanıdı.  Bütün 

hakimiyyəti  –  lap  belə  maliyyə  naziri  postunu  arvada  güzəştə  getmək,  xəzinəni  onun 

ixtiyarına  vermək  olar,  ancaq  ali  baş  komandan  vəzifəsini  heç  zaman  əldən  vermək 

olmaz! Əsgərlikdə olmasam da, belə işlərdə təcrübəliyəm.  

Etiraf  etməliyəm  ki,  qaynatam  və  qaynanam  Rusiya  və  İran    kimi  həmişə  mənə 

qarşı  qərəzli  olublar,  qızlarının  və  nəvələrinin  tərəfini  saxlayıblar.  Odur  ki,  bu  atəşkəs 

məsələsində sərt siyasət yürütdüyüm üçün mənə yumşaq notalar göndərdilər: 

“Uşağın  xətrinə  dəymə.  Sən  o  yaşda  olanda  şalvarının  düymələrini  aça 

bilmirdin.” 

Mənim  qohumlarım,  yəni  atam  və  anam  beynəlxalq  təşkilatlar  timsalında  çıxış 

edirlər. Çünki onlar  uzaqda – rayonda yaşayır və bizə az-az gəlirlər. Üzdən arvadın  və 

oğlumun  sözünü  deyib  Rusiya  və  İranla  hesablaşsalar  da,  mahiyyət  etibarı  ilə  mənim 

tərəfimdədirlər.  Çünki  mən  ailəni  onlar  istəyən  kimi  idarə  edirəm.  Lazım  gəlsə, 

«polis»in,  yəni  iri  və  güclü  yumruqlarımın  hesabına  arvad  üzərində  tam  və  qəti 

qələbəmi  təmin  edirəm.  Amma  nə  olar,  nə  olmaz,  həddi  çox  aşmıram,  arvadın  etiraz 

aksiyalarına,  qonşularla  qeybətləşməsinə,  hətta  mənim  qarama  döşəməsinə  icazə 

verirəm.  İstənilən  məsələdə  onun  səsini  qiymətləndirir,  təkliflərini  dinləyir,  sonda  öz 

bildiyimi edirəm.      

Nə  isə,  arvaddan  aldığım  son  məlumata  görə,  oğlumun  bölüyündə  ölən,  qılçını-

qolunu  itirənlərlə  yanaşı itkin düşənlər də vardı. Ölənlər və  yaralılar  hamısı tapılmışdı, 

itkin düşənlərin işi fırıq idi. Çünki bizim otaqda hündür və ağır şkaflar var, bu şkaflarla 

divarın arasına düşən əsgərin yiyəsinə xeyri yoxdu. Üstəlik, mən bilən, əməliyyat vaxtı 

pəncərə  açıq  olub.  Güman  ki,  itkin  düşənlərin  bir  qismini  fırıldatmışam  küçəyə  – 

maşınların  təkəri  altına.  Oğlum  ümidlərini  üzmüşdü  tamam.  Bölüyü  bərpa  etmək  üçün 

ona  vaxt  lazım  idi. Əlbəttə o, atəşkəsdən  istifadə edib öz  işini  görə bilərdi. Buna  görə, 

diqqətini bağça, məktəb, əlifba kimi zərərsiz istiqamətlərə yönəltmək lazım idi. Mənim 

son siyasi missiyam bu idi. Bacarırdım da!  

Günlərin birində qaynım bir kulyok əsgər, texnika və hərbi sursat gətirdi evimizə. 

Oğlum  sevindiyindən  dingildəyirdi.  KİV,  müxalifət,  Rusiya,  İran  tamamilə  onun 

tərəfində olduğundan səsimi çıxara bilmədim. Bu azmış kimi, beynəlxalq təşkilatlar  da 

təxminən arvadın və oğlumun tərəfində idilər. Təklənmişdim.  



 

83 


Qayınımın  gətirdiyi  kulyokdan  nələr  çıxmadı:  3-4  bölüyün  əsgəri,  3  qırıcı 

təyyarə, 10 tank, 4 top, 11 hərbi maşın, çoxlu qumbaralar, minalar, tapança, avtamat və 

pulemyotlar, hətta ovçarka... Bütün bunlar bir yana, səngərin üstünə yerləşdirmək üçün 

qum  doldurulmuş  kisələr  və  sairə  və  sairə...  Bu  açıq-aşkar  hərbi  müdaxilə  idi. 

Beynəlxalq  aləmin  hadisəni  susqunluqla  qarşılaması  isə  tarixi  ədalətsizlikdən  başqa nə 

ola bilər ki? 

İndi,  hər  səhər  oğlumla  aramda  belə  bir  dialoq  gedir.  O,  var  səsi  ilə,  mən  isə 

yarıyuxulu ürəyimdə: 

“Budrudum!!!” 

“Top.” 


“Tr...trrr...tererere... dam!” 

“Tank.” 


“Da-da-da-da...” 

“Avtamat.” 

“Vğğğğğğğğ.... ıııııııınnn....!”  

“Bu xocavəndlilərə divan tutan “Ural”. 

“Uuuuuuuuuuuuu....” 

“Bu da Yevlaxdan Hoğa kəndi üçün qalxan qırıcılar...”   



 

 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə