Redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 0,91 Mb.
səhifə3/11
tarix12.03.2018
ölçüsü0,91 Mb.
#31300
1   2   3   4   5   6   7   8   9   10   11

yiyəsi olur.

yavuz yellərə yeltəndiη,

qayıda döngil!

Ağ saqallu babaηı,

Qarıcıq olmuş anaηı bozlatmağıl! – dedi” (D- 175-176).

Bu parçada həmqafiyə kimi işlənmiş sözlər cərgəsində incə saitli sözlər yox dərəcəsindədir, daha dəqiqi, “görklüsü” sözündən başqa, qalanları qalın saitli sözlər olub, ahəngdarlıq yaradan, poetik mənanı qüvvətləndirən vasitələr kimi çıxış edir: yolları olur, balçığı olur, ormanı olur, qalası olur, cəlladı olur (burada yalnız “cəlladı” sözündə incə sait işlənib). Bu cür həmqafiyə sözlər sırasında “yiyəsi” deyil, “babası” oxunuş formasının açıq-aydın şəkildə görünür (babası olur); ikincisi, “Kitab”da “baba” (ata) statusunda çıxış edənlərin şücaəti, igidliyi, eyni zamanda silahlanmaları tam fərqli şəkildə təqdim olunur: qurt sinirli yay yalnız Dirsə xana aiddir: “Dərsə xan qurt siηirli qatı yayı əlinə aldı (V-12); “Yüzi dönməz qılıcum ələ aldım” (D-277), “Qazan qalqan yapındı, sügüsin əlinə aldı” kimi cümlələr daha çox Qazan xan obrazını səciyyələndirir; düşmən Bəkilin atını görəndə vahiməyə düşür: “Bu at Bəkiliη, biz qaçırız” (D-246). Deməli, həmin yazılış şəklinin “babası” formasında oxunuşu daha məntiqli görünür; üçüncüsü, Oğuz cəmiyyətində atanın xüsusi statusa malik olması qabarıq şəkildə canlandırılıb: “Ata tururkən oğıl əlinmi öpərlər?” (D-74); dördüncüsü, Qanturalının dilindən verilmiş parçada həmin yazılış şəkli, əsasən, eynilə təkrarlanıb (-nın şəkilçisi istisna olmaqla) və bu yazılış şəkli qorqudşünaslıqda daha çox “babasının” formasında oxunub (H.Araslı, F.Zeynalov, S.Əlizadə...). V.V.Bartold da babasının (atasının) mənasında başa düşüb: отцу (göstərilən mənbə: səh.65). Bu, Qanlı qoca (ata) və Qanturalı (oğul) obrazlarının dilindən verilmiş misraları (həmin yazılış şəkilləri işlənmiş misralar nəzərdə tutulur) qarşılaşdırdıqda daha aydın görünür: “Yağrınında qalqan oynar babası olur” (Qanlı qoca) – “Yağrınında qalqan oynar babasınıη//Qadir qorsa, başın kəsəyim” (Qanturalı). Bütün bunlar yuxarıdakı yazılış şəklinin məhz “babası” formasında transkripsiyasının düzgün olduğunu arqumentləşdirir.


ÜÇ YÜZ SAY CİDALU YİGİT
Qorqudşünaslıqda Drezden nüsxəsinin 254-cü səhifə­sindəki “say” sözünə (“Üç yüz say cidalu yigit bunıη yanına cəm oldı”) müxtəlif bucaqlardan münasibət bildirilib:

− V.V.Bartoldun tərcüməsində “say” miqdar bildirən söz mənasında verilib: “...джигиты в числе трехсот…» (göstərilən mənbə: səh.89);

− O.Ş.Gökyaya görə, “say” leksemi düz, düzgün, cilalı mənasındadır (İstanbul, 2000);

− M.Erginin fikrincə, “Kitab”da işlənmiş “say “sözü düz, düzgün, cilalı, parlaq kimi mənaları ifadə edir (Ankara, 1958);

− Zeynalov-Əlizadə nəşrində “say” leksemi “seçmə” mənasında “igid” sözünün təyinedicisi kimi təqdim olunur: “Üç yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi” (Bakı, 1988, səh.208). Bu cür sadələşdirmənin yerinə düşmədiyi A.Hacıyev tərəfindən əsaslandırılıb: “...müəlliflər “say” sözünün “yigit” sözünü deyil, “cida(lu)” sözünü təyin etməsini, nədənsə, nəzərdən qaçırmış və buna görə də söz sırasını dəyişməli olmuşlar: müqayisə et: üç yüz say cidalu yigit – üç yüz nizəli seçmə igid...”1.

− Ə.Sadıqov “say” sözünü düz, dümdüz anlamlı sifət kimi təqdim etsə də, nədənsə, bəlkə də, assosiativ olaraq “saymağa başlamaq” anlamlı “saya varsam” ifadəsindəki “say” (maq) felini də sifət hesab edir: “Say. sif. Düz, dümdüz: Üç yüz say cidalu bunıη yanına cəm oldı; saya varmaq – saymağa bağlamaq: Saya varsam, dügənsə (tükənsə - Ə.T.) olmaz, Qalın Oğuz bəgləri bindi” (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.149);

− A.Məmmədova “Kitab”ın dilindəki polisemantiklik və omonimlikdən bəhs edərkən “say” sözünün semantikasına da münasibət bildirir: I say – seçmə; II say – hesablamaq. I Üç yüz say cidalu yigit bunuη yanına cəm oldı; II Otuz biη ər yigit gördümsə, ota saydım”1 . Qeyd etdiyimiz kimi, “say” sözü Zeynalov-Əlizadə nəşrində “seçmə” mənasında verilib (Bakı, 1988, mətnin müasir şəkli nəzərdə tutulur). Bu isə o deməkdir ki, A.Məmmədova araşdırmalarını daha çox Zeynalov-Əlizadə nəşrinə istinad etməklə aparıb;

− A.Hacıyev “say” sözünü daha geniş və sistemli şəkildə tədqiq edən qorqudşünaslardan biridir. Müəllif mübahisə obyektinə çevrilmiş “say” sözünün semantik yükünü sanballı mənbələr kontekstində araşdırır. Məsələn, V.V.Radlova istinad edərək göstərir: “...say cidalu birləşməsində də bu arxaik söz qədim silah növlərini yaxşı hazırlanmasına, döyüşə hazır vəziyyətdə olmasına görə səciyyələndirən sifətdir”2. Yaxud M.Kaşğarinin “Divan”ına əsaslanaraq yazır: “M.Kaşğari lüğətində ümumən yaraq (silah) mənasında işlənən “yaraq” arxaizmini də səciyyələndirən “say” (“say yarıq”. III c., s.158) sözü z>y səs keçidi yolu ilə “saz” sifətindən düzəlmişdir”3.

Yuxarıdakı şərhlərin hər biri ilə müəyyən mənada razılaşmaq olar. Amma bir sıra faktlar “say” sözünün seman-tikasına nisbətən başqa prizmadan yanaşmağı diktə edir:

− Oğuz igidlərinin sayca çox olması “Kitab”da xüsusi olaraq vurğulanır, sanki “Kitab”dan bir leytmotiv kimi keçir: “Saya varsam, tükənsə olmaz” (D-37); “Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz” (D-63); “Saydıqımca Oğuz bəgləri dükənsə olmaz”. Bu cümlələrdəki “saya varmaq”, “sayılmaqla”, “saydıqımca” sözləri assosiativ olaraq “üç yüz say cidalu” ifadəsini yada salır ki, bu da “üç yüz sayda” (adlıq halın yerlik halı əvəz etməsi abidələrimizin dili üçün səciyyəvidir), yaxud “sayı üç yüz cidalı” mənasına uyğun gəlir. Bu həm də onu deməyə əsas verir ki, V.V.Bartoldun tərcüməsi mətnin semantik tutumu ilə səsləşir;



− Ə.Cəfəroğlu “sayaçı” sözünün etimologiyasından bəhs edərkən göstərir: “...lüğətlərdə “sayaçı” kəlməsinin yarana biləcəyi söz kökləri sırasında “saya”, “əlsavə” və “sayı” söz kökləri göstərilməkdədir. Birinci kəlmə, Əhməd Vəfiqin də anlatdığı kimi, “piyada adam” mənasını bildirir”1. Bu mənada təqdim etdiyimiz cümlədəki “say” sözü numerativ söz kimi də götürülə bilər: üç yüz say (piyada) cidalı... Bütün bunlar belə bir həqiqəti reallaşdırır: cəmi üç səsdən ibarət “say” sözünün semantikası ilə bağlı kifayət qədər söz deyilib və bundan sonra da deyiləcəkdir. Çünki “Kitab” sirli-sehirli bir dünyadır.
ON YELƏK
Üçüncü boyda, daha dəqiqi, Drezden nüsxəsinin 84-cü səhifəsində belə bir cümlə verilib: “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı”. Buradakı “on yelək” ifadəsini V.V.Bartold “on il” mənasında başa düşüb: “...в десять лет …” (göstərilən mənbə: səh.37); O.Ş.Gökyayın fikrincə, “yelək” sözü təkcə oxa taxılan tük (quşların qanad tükü, lələk) yox, həm də “Bir ox atımı uzaqlıq” mənasını ifadə edir (İstanbul, 2000); həmin cümlə Zeynalov-Əlizadə nəşrində belə sadələşdirilib: “Dədəni qova-qova Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan Dədə Qorquda çatdı” (Bakı, 1988, səh.154). Bəri başdan deyək ki, “yelək” sözü ilə bağlı yuxarıda deyilmiş fikirlərdən yalnız V.V.Bartoldun tərcüməsi yerinə düşmür. Digər tərəfdən, qorqudşünaslıqda “on yelək” (on ox məsafəsi) ifadəsinin nə qədər və ya neçə kilometr mənasında işləndiyi dəqiqləş­dirilməyib. Əvvəlcə, qeyd edək ki, müasir idman yarışlarında oxatma məsafəsi ilə bağlı norma bu cür müəyyənləşdirilib: kişilər üçün: 30, 50, 70 və 90 metr. “Kitab”dakı “on yelək” (on ox məsafəsi) ifadəsini bu normaların maksimum həddi (90 m) ilə hesablasaq, cəmi 900 m. olur (10 yelək x 90 m. = 900 m.). Bu isə “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” cümləsindən əvvəl verilmiş “Dədə Qorqut göstəgi üzdi; durmadı, qaçdı. Dəli Qarçar ardına düşdi. Toqlı başlu Turı ayğır yoruldı. Dədə Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi” (D-84) parçasının semantik yükünə, ümumən dastan poetikasına uyğun gəlmir. Başqa fakta diqqət yetirək: M.Çobanov və M.Çobanlı müxtəlif mənbələrə istinad edərək göstərir: “...hərb tarixində türklərin özünəməxsus döyüş taktikası olmuşdur. Onlar döyüş zamanı, əsas etibarı ilə, uzaqdan savaşı üstün tutmuşlar. Onlar böyük döyüşlər keçirərkən at üstündən təxminən 700 metr məsafəyə ox atırdılar...”1 “Kitab”dakı “on yelək” (on ox məsafəsi) ifadəsinin məna yükünü “bir ox məsafəsi = 700 m” modelinə uyğun hesablayaq: 10 yelək (on ox məsafəsi) x 700 metr = 7.000 metr, yəni 7 km. Bu, mətnin semantik yükü ilə səsləşir. Deməli, Dəli Qarcar müdriklər müdriki Dədə Qorqudu 7 km. qovub. Bu mənada Dədə Qorqudun yorulmuş Turı ayğırın əvəzinə, sıçrayaraq Keçər ayğıra minməsi olduqca təbii qarşılanır. Bütün bunlar bir daha sübut edir ki, “Kitab”ın dilində “yelək” sözü həm də “ox məsafəsi” mənasında işlənib. M.Kaşğarinin “Divan”ında isə bu cür hesablama “oktam” sözü ilə ifadə olunub: “oktam: bir oktam yer = bir ox atımı yer, bir ox məsafəsi” (I cild, səh.169). Maraqlıdır ki, “Divan”dakı “burunq” sözü də həmin mənadadır: “burunq attı = bir ox məsafəsi uzaqlıqdakı yerə atdı” (III cild, səh.120). Deməli, “”on yelək”, “oktam”, “burunq attı” kimi vahidlər qədim türk etno­qrafiyasının zənginliyini əks etdirir.
SİRRİ AÇILMAYAN, YAXUD QORQUDŞÜNASLARI

DÜŞÜNDÜRƏN CÜMLƏ
“Kitab”ın Drezden nüsxəsinin 109-cu səhifəsindəki ikinci cümlə belə transkripsiya olunub:

− O.Ş.Gökyayın nəşrində: “Tul tulara gerdügüm.

Tuladarı duharlayı koduğum” (İstanbul, 2000, səh.50);

− M.Erginin nəşrində: “Tul tulara girdügüm tulararı Duharluyı koduğum yağı yurdı” (Ankara, 1958, səh.143);

− H.Araslının nəşrində: “Tul tulara girdiyim, Toladarı doxarları qovduğum” (Bakı, 1978, səh.65);

− Zeynalov-Əlizadə nəşrində: “Tul tolara girdigim, Tuladarı, doxarlıyı qodığım” (Bakı, 1988, səh.63);



− S.Əlizadənin nəşrində: “Tol-tolara girdigim, Tolar əri, doxarlıyı qodığım” (Bakı, 2000, səh.62);

Bu cərgəyə S.Cəmşidov və A.Hacıyevin tədqiqat­larındakı oxunuş formalarını da əlavə etmək olar: “Tul-tulada gərdiyim // Tulu avarı, duxarlıyı qovduğum”; “Tul tulada gərdiyim//Tulu aya doxarluyı qovduğum”1; “Tul tulada girdigim tula dəri//Doxarlayı qodığım yağı yurdu”2. Təqdim etdiyimiz oxunuş formalarındakı müxtəliflik (bəzən isə birinin digərini təkrarlaması) onların şərhində də müşahidə olunur. Bu mənada həmin cümlədəki sözlərin izahı ilə bağlı araşdırmalara diqqət yetirmək zərurəti yaranır: V.V.Bartolda görə, Beyrəyin yaya müraciəti tam anlaşılmır: “Первая часть обращения Бейрека к луку не вполне понятна; возможно, что еë следует понимать в том смысле, что Бейрек при вxоде к женщинам свобод-ного поведения оставил свой лук как знак своего пре­бывания” (göstərilən mənbə: səh.268); O.Ş.Gökyay tərtib etdiyi lüğətdə həmin cümlədəki sözlərdən dördünün qarşısında sual işarəsi qoyub. Daha dəqiqi, belə təqdim edib: “Tul – 5026 (?), (Tuladara – 5027 (?), Tulara – 50 (?), Duharlamak – 5027 (?) (İstanbul, 2000, səh 199, 294). Bu cəhət, yəni həmin sözləri şərhsiz, olduğu kimi təqdimetmə M.Erginin tərtib etdiyi lüğətdə də müşahidə olunur: “tul, tulara, tularar, duharlu” (Ankara, 1963, səh.294); Burada onu da qeyd etmək lazımdır ki, O.Ş.Gökyay tərtib etdiyi lüğətdə həmin sözlərin qarşısında sual işarəsi yazsa da, kitabının “Dil və üslub” bölməsində imkanı daxilində bütün mümkün variantlara müraciət edərək problemə aydınlıq gətirməyə çalışıb. Müəllif yazır: “Tul, tuladar, tular. “Yazma 1092-4deki şu soylama da Dede Korkut Kitabında çüzülmeyen yerlerden biridir... Burada geçen kelimelerin (Drezden nüsxə­sinin 1092-4-cu səhifəsindən eynilə, ancaq 6 misra şəklində təqdim etdiyi parçanı nəzərdə tutur – Ə.T.) birkaçını sözlüklerdə hiç bulamıyoruz, bulsak ta verilen karşılıqlar tutmuyor”. Sonra isə müxtəlif mənbələrdəki oxşar variantları təqdim edir: 1. dul, kocasız kadın; 2. taziye için ürüste edilen at; 3. koyun veya sığır yavrusu (“töl”); 4. benzetme edatı; tulamak “tolamak) (Sengulah); tulmak (tolmak) – “topa vurmak”; tularsuk: “topuk” (ayak ökçesi); tuldramak – her tarafa dağıtmak (“Divanu lugati`t Türk. Besim Atalay çevirisi)... tula: küçük köpek (A.Cefer­oğlu)... (İstanbul, 2000, səh.CCXLI, CCXLII). “Bu misallar KDQ-nin çətin oxunan və dəqiq anlaşılmayan yerlərindəndir”, - deyən S.Əlizadə əvvəlcə V.V.Bartoldun fikirlərini verir (yuxa-rıdakı fikirlər nəzərdə tutulur), sonra M.Ergin, O.Ş.Gökyay və H.Araslının transkripsiyalarını eynilə təqdim edir, daha sonra isə fikirlərini belə ifadə edir: “Bizcə, burada “tul” - ərəbcə “uzun”, “to” – türk mənşəli “tovlamaq “ felinin kökü, “tuladarı, doxarlıyı qodığım” isə “ov itlərini saxlayanları, şahin (qızılquş) quşlu ovçuları qovduğum” deməkdir” (“Kitab”, 1988, səh.238). Bu şərh Zeynalov-Əlizadə nəşrinin “Mətnin müasir şəkli” hissəsində də nəzərə alınıb: “Ovda uzun qovhaqova girdiyim// Tuladarı, şahinçini qovduğum” (Bakı, 1988, səh.161). Elə buradaca qeyd edək ki, görkəmli qorqudşünas S.Əlizadə “Kitab”ın 2000-ci il Bakı nəşrində bir neçə sözü tam başqa formada transkripsiya edib. Konkret desək, “tul tolara” “tol-tolara” ilə, “tuladarı” isə “tolar əri” ilə əvəzlənib (Bakı, 1988, səh.63; Bakı, 2000, səh.62). Bu, onu deməyə əsas verir ki, ərəb mənşəli “uzun” anlamlı “tul”, həm də “ov itlərini idarə edən şəxs” anlamlı “tuladar” sözü mətnlə səsləşmədiyi üçün müəllif həmin oxunuş formalarını “Kitab”ın 2000-ci il Bakı nəşrində nəzərə almayıb (yuxarıdakı qarşılaşdırmalara bax); Ş.Cəmşidov mübahisə obyektinə çevrilmiş sözlərin məna yükünü belə izah edir: tul-tulada=döyüşdə-vuruşda; tulu avarı-avar quldurları, yol kəsənləri; doxarlı-toxardan olan adamlar. Müəllifə görə, həmin misralarda türk xalqları ilə avar və toxarlar arasında olan döyüşlərə işarə edilir1; A.Hacıyev əvvəlcə “tola dəri” birləşməsini “sepilenmemiş dəri”, yəni “xam (aşılan­mamış) dəri” mənasında izah edən T.Tekinin fikirlərini qüvvətləndirir: “Bu məqamda “tola” sözünün qırğız dilində qalmış “bütöv soyulmuş dəri mənası da məzmunla uyuşur və mahiyyətcə bir-birini tamamlayır”. Sonra isə T.Tekinin “...o halde, bütün misra şöyle olacaktır: Tol tolada girdügim tola deri (çuval (gibi) dolarak içine girdigim ham deri” – fikrinə istinad edərək bir sıra mülahizələr irəli sürür. Öz sözləri ilə desək, T.Tekinin “fikir­lərinə qüvvət vermək üçün bir neçə əlavə fakta müraciət edir”. Dəqiq desək, “tol” sözünün Q.Bürhanəddinin “Divan”ında, “Əsli və Kərəm” eposunda, dialektlərimizdə “qab” mənasında işləndiyini göstərir. Eyni zamanda “qablamaq”, “bükmək” anlamlı “tulğa” (maq) sözünü “Kitab”ın dilindəki “çulğamaq” feli ilə müqayisəli şəkildə araşdırır və belə bir nəticəyə gəlir: “Bizcə, “tol” arxaizmi dastanın nəsr dilinə sonradan düşməklə onu əvəz etmiş eyni mənalı “çuval” sözünün daha qədim fonetik variantıdır. Belə ki, “tul” sözü t→ç səsdə­yişməsi və ilkin uzanma yolu ilə “u” səsinin diftonqlaşması nəticəsində tol//tul~tuul~çuul~çual~çuval xəttilə yaranmışdır”1. A.Hacıyev “doxarlayı” şəklində transkripsiya etdiyi sözün semantikasından bəhs edəndə isə problemə tam yeni prizmadan yanaşır. Dəqiq desək, “...Bütün misra şöyle düzeltilmelidir: Doharlayı kodu-ğum yağı yurdu “İhtiyarlayıp kaldığım düşman yurdu”, - deyən T.Tekinin qənaətlərini qəbul etmir və belə bir ümumiləşdirici fikir söyləyir: “...bütövlükdə “doxar” sözünü “doğma adam, yoldaş” mənasında açıqlamaq olur. T.Tekindən fərqli olaraq, “qoduğum” sözünü “qaldığım” mənasında deyil, elə abidənin digər məqamlarında olduğu kimi (məsələn: bir yasduqda baş qoduğum) “qoyduğum” mənasında başa düşürük. Odur ki, misranı “Yoldaş kimi qoyduğum yağı yurdu” kimi anlamaq soylamanın məqsədinə daha uyarlı görünür”2.

Göründüyü kimi, haqqında bəhs etdiyimiz misraların həm transkripsiyası, həm də yozumu ilə bağlı fikir müxtəlifliyi var. Bəri başdan deyək ki, bu fikirləri söyləyənlərin hər biri qorqudşünaslıqda öz dəsti-xətti ilə tanınır. Amma bu da var ki, bir sıra faktlar problemə yenidən qayıtmağı diktə edir. Bu cür faktları isə aşağıdakı kimi sistemləşdirmək olar:

− M.Kaşğarinin “Divan”ında “silah” anlamlı “tolum” sözünün rəngarəng məna çalarlarının izah olunması: “ər tolum mandı” = “adam silah qurşandı” (II cild, səh.56); “ol yağıka tolum anuttı” = “o yağıya qarşı silah hazırladı”; “Tolum anutsa, kulun bulur, Tolum unutsa, bulun bulur” = “Silah hazırlayan qulun, dayça tapar, silahı unudan əsir olar” (I cild, səh.256, 257); “Kamuğ tolmun tokuştılar//Kılıç kınka küçün sığdı” = “Bütün silahlarla toqquşdular// Qılınc qına güclə sığdı” (I cild, səh.232, 233); “tolumluğ ər” = “silahlı adam” (I cild, səh.477)... Bu cür çoxsaylı faktlar “tolum”la “Kitab”dakı “yaraq” sözünü sinonimik vahidlər kimi təqdim etməyə imkan verir. Bu da assosiativ olaraq başqa bir detalı yada salır: müasir dilimizdəki “yar-yaraqlı” sözü ilə “Kitab”ın dilindəki “tol-tolara” ifadəsi təkcə semantikasına yox, həm də formasına görə eyni xətdə birləşir. Bu cür oxşarlıqları başqa müstəvidə nəzərdən keçirək: Azərbaycan dilinin qərb şivələrində “toxmağa bənzər ağac” mənasında “tolamazda” sözü işlənməkdədir. Bu sözün forma və semantikası barədə K.Ramazanov maraqlı bir şərh verir: “tolomazda//tolamazdı//tulamazda//tulamazdı – ağacın əl çatmayan budaqlarından meyvələri yerə tökmək (salmaq) üçün boyca gödək, vəzncə ağır, toxmağa bənzər ağac (Bir tolamazda at cö:z tökülsün; Tulamazda ağaj belə atıllar, ona deiller tulamazda)1. Deməli, “toxmağa bənzər ağac” anlamlı “tolamaz-da” sözünün “tola” hissəsi həm “Kitab”ın dilindəki “tol-tolara” ilə, həm də M.Kaşğarinin “Divan”ındakı “tolum”la səsləşir, üçbucağın tərəflərindən biri kimi görünür. Bu oxşarlıqları belə sistemləşdirmək olar: “Kitab”da: tol-tolara; M.Kaşğarinin “Divan”ında: tolum (silah); Azərbaycan dilinin qərb şivələ-rində: tola(mazda) (toxmağa bənzər ağac). Belə bir qarşılaş­dırma isə “Kitab”dakı “tol-tolara” sözünü silahla bağlı sözlər cərgəsində təqdim etməyə imkan verir.

− M.Kaşğarinin “Divan”ında “qayıdanda geri alınmaq üzrə savaş zamanı əsgərin minməsi üçün xaqan tərəfindən verilən at” anlamlı “tuğrağ” (I cild, səh.450) sözü ilə haqqında bəhs etdiyimiz “duxarlıyı” sözünün fonetik tərkib və semantika baxımından oxşarlığı; tuğrağlıyı – duxarlıyı (aşağıdakı şərhlərə bax);

− “Kitab”ın dilində “ox atmağa başlamaq” anlamlı “oxa girmək” (Azğun dinlü kafər buηaldı, oxa girdi. D-133), eləcə də “düşmən arasına girmək”, “döyüşə girmək” anlamlı “yağıya girmək” frazemləri işlənir ki, bu da “tol-tolara girdigim” birləşməsi ilə səsləşir, hətta ümumi semantik tutum baxımından eyni yuvaya daxil ola bilir;

− “Tol-tolara girdim” misrası ilə başlanan parçada öz yayına müraciət edən Beyrək sanki gördüyü işlər barədə hesabat verir. Burada həlledici kod isə belədir: Beyrək ilk dəfə yağı yurdunda gördüyü məşhur yayına işarə edir.



Fikrimizcə, yuxarıdakı faktlar mübahisəli oxunuş və yozum­­lara müəyyən qədər işıq sala bilər. Amma həmin sözlərin izahı ilə bağlı bütün detallar daha aydın görünsün, - deyə aşağıdakıları təqdim edirik:

Silah anlamlı “tolum” sözünün, eyni zamanda “ox atmağa başlamaq” anlamlı “oxa girmək” və “düşmən arasına girmək” anlamlı “yağıya girmək” ifadələrinin forma və semantikası istər “tul tulara” (O.Ş.Gökyay, M.Ergin, H.Araslı), istərsə “tul tolara” (Zeynalov-Əlizadə), istərsə də “tul tolada” (Ş.Cəmşidov, A.Hacıyev) deyil, məhz “tol-tolara” (S.Əlizadə) şəklində transkripsiyanın düzgün olduğunu qeyd etməyə imkan verir. Bu məqamda bərpa üsulundan istifadə yerinə düşür: “tol-tolumlara” (silahlara). Bizcə, “tol-tolara” ifadəsi “tol-tolum­lara”nın qısaldılmış forması, daha doğrusu, şifahi nitqin tran-skripsiyası kimi görünür: tol-tolumlara=tolara. Burada “lum” hecasının düşməsi açıq-aydın şəkildə görünür. Bu cür heca düşümü (qaplologiya) isə Azərbaycan dili şivələrinin əksəriy-yəti baxımından səciyyəvidir: qarğıdalı=qardalı... Bəs onda “tol-tolara girdigim” (silahlara girdiyim, silahlanaraq döyüşə başladığım) misrasının semantik yükü nəyi işarələndirir? Fikri­mizcə, bu misranın semantikası birbaşa Beyrəyin ilk döyüşünü əks etdirən parça ilə bağlanır. Belə ki, həmin döyüş­dən əvvəl Baybörənin tacirləri Boz oğlanı (Beyrəyi) köməyə çağırır. Boz oğlan da tacirlərin sözünü yerə salmır, kafirləri qılıncdan keçirərək öldürür: “Hə dedigimi yetürüη geyünimlən mənim şahbaz atımı gətürüη ... Bazırganlar dəxi öglərinə düşdi, qulağız oldı... Bir-iki demədi, kafərlərə qılıc urdı. Baş qalduran kafərləri öldürdi, ğəza eylədi. Bazırganlarıη malın qurtardı (D-72). Bu parça isə yuxarıda təqdim etdiyimiz ikinci misranın məna yükü ilə bağlı yeni fikirlər söyləməyə imkan verir. İlk olaraq qeyd edək ki, parçanın ümumi semantik yükü Drezden nüsxəsindəki yazılış şəklini (D-1092 ) “tuladarı”, “toladarı”, “tolar əri”, “tulu avarı”, “tula dəri” şəklində yox, məhz “tolararı” formasında transkripsiya etməyə imkan yaradır. Bu cür transkripsiya isə, bir tərəfdən, M.Kaşğarinin “Divan”ındakı “tolumlug ər” (silahlı adam) (I cild, səh.477) ifadəsi ilə səsləşir. Digər tərəfdən, “toraları” oxunuş formasının “tolar” hissəsi S.Əlizadənin, “arı” hissəsi isə M.Erginin transkripsiyası ilə üst-üstə düşür. Burada da ilkin söz formasının fonetik dəyişikliyə uğramasından bəhs etmək olar: qeyd etdiyimiz kimi, “tolar” (“tolumlar”ın qısaldıl-mış forması) sözü “silahlar” mənasına uyğun gəlir. Bu baxımdan “tolar əri//tolar arı = tolararı” modelindəki “tolararı” sözü “silahlara cavabdeh olan şəxs” və ya hər cür silahla silahlanmış ər (döyüşçü, igid)” mənasında götürülə bilər. Deməli, “tolararı” sözü “tol-tolara girdigim” (silaha girdiyim, döyüşə girdiyim) birləşməsinin məntiqi davamı kimi işlənərək birbaşa “qodığım” (qovduğum) sözü ilə bağlanır, daha doğrusu, feli birləşmənin asılı tərəfi kimi çıxış edir. Bu da, qeyd etdiyimiz kimi, “Baş qaldıran kafərləri öldürdi, ğəza eylədi...” (D-72) cümləsinin semantikası ilə səsləşir. Digər tərəfdən, bu cür zəncirvari bağlılıq “şahinçini” (Zeynalov-Əlizadə), “toxar xalqı” (Ş.Cəmşidov), “ihtiyarlamak” (T.Tekin), “yoldaş kimi” (A.Hacıyev) və s. mənalarda izah olunmuş “duxarlıyı” (bu cür oxunuş formasını məqbul hesab edirik) sözünü “tuğrağlıyı” (xaqan tərəfindən verilən ata minən əsgər) sözünün fonetik dəyişikliyə uğramış variantı hesab etməyə əsas verir: birincisi, ona görə ki, “tuğrağlıyı” (Drezden nüsxəsində “duxarlıyı”) sözü “tol-tolara girmək” (silaha girmək, döyüşə girmək) ifadəsi və “tolararı” (hər cür silahla silahlanmış ər – döyüşçü, igid) sözü­nün məntiqi davamı kimi işlənib. Yəni semantik dinamikada dördüncü söz kimi çıxış edir: ikincisi, “tuğrağlıyı” sözü də “qodığım” (qovduğum) sözünə idarə əlaqəsi ilə bağlanıb, konkret desək, həmin birləşmədə asılı tərəf kimi çıxış edir; üçüncüsü, “tuğrağlıyı” sözü də “...kafərləri öldürdi, ğəza eylədi” (D-72) cümləsinin semantik yükü ilə səsləşir; dördüncüsü, “tuğrağlıyı” sözü fonetik tərkibcə “doxarlıyı” oxunuş formasına çox yaxındır, daha doğrusu, “doxarlıyı” forması “tuğrağlıyı” sözünün fonetik deformasiyaya uğramış variantı kimi görünür: tuğrağlıyı – duxarlıyı. Buradakı t→d, ğ→x səsəvəzlənmələri dilimiz üçün səciyyəvidir: müq.et: tər-dər; qabığ-qabıx (nümunələr Azərbaycan dili şivələri ilə bağlı materiallardan götürülüb). Yaxud həmin sözün “rağ” hecasındakı səslərin yerdəyişmə ilə işlənməsi (tuğğarlıyı) və yanaşı işlənmiş iki “ğ” səsindən birinin düşməsi (tuğğarlıyı-tuğarlıyı) dilimiz üçün məqbul hesab olunan hadisələrdəndir: müq.et: -gəc-cəg //-cək; -ğac-cağ//-caq; kiçikcik-kiçicik (burada söz ortasındakı “k” samiti tələffüzlə bağlı olaraq düşüb). Deməli, “duxarlıyı” yazılış şəkli “tuğrağlıyı” sözünün fonetik deformasiyaya uğramış variantı kimi götürülə bilər. Bu da istər-istəməz belə bir fikri reallaşdırır: “Tolararı, duxarlıyı qodığım” misrası hər cür silahla silahlanmış döyüşçünü (igidi), xaqan atına minəni qovduğum” mənasında yozula bilir. Bu isə “Kitab”ı n dilində “yağı qovmaq” hadisəsini əks etdirən cümlələrlə eyni xətdə birləşir: “Qanturalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar” (D-195).

“Yağı yurdu əlümdə qıl kişlim ayğır malı” misrası da tacirlərin soyulması və kafirlərin Beyrək tərəfindən öldürül­məsindən sonrakı hadisələrlə səsləşir. Yeri gəlmişkən, təqdim etdiyimiz misradakı “yurdu” sözü mətnə daha yapışıqlı görünür (bu mənada həmin yazılış şəklini “yordu” deyil, “yurdu” şəklində transkripsiya etmiş O.Ş.Gökyay, M.Ergin, H.Araslı və A.Hacıyev haqlıdır). Belə ki, Beyrək hamını heyrətləndirən, məşhur yayını məhz yağı yurdunda görüb: “mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və bu gürzi maηa veriη” – dedi” (D-72). Bu hadisənin düşmən torpağında (yağı yurdunda) baş verdiyi “Kitab”da aydın şəkildə, həm də bir neçə dəfə ifadə edilib: “Evnik qalasının beş yüz kafiri üzərimizə qoyıldı” (D-71); “Əgər səniη oğluη olmasaydı, bizim malımız Gürcüstanda getmişdi, həpümiz tutsaq olmuşdı”, - dedilər” (D-74). Burada xüsusi olaraq vurğulayaq ki, hər iki cümlə Beyrək üçün təkcə ayğır və gürz yox, həm də “yay” almış tacirlərin dilindən verilib. Burada assosiativ olaraq başqa bir detal yada düşür: tacirlərin malı kafirlər tərəfindən qarət olunur: “Bazırgan aydır: “... Dan-danışux kafər malın Oğuz bəglərinə gətürür idik... beş yüz kafəri üzərimizə qoyıldı... Malımızı, rizqimizi yağmaladılar, gerü döndilər...” (D-71); Beyrək tacirlərin malını kafirlərin əlindən alır: “Baş qaldıran kafərləri öldürdi, ğəza eylədi. Bazırganlarıη malını qurtardı” (D-72). Bu qarşılaşdırma onu deməyə əsas verir ki, Beyrək həm də ona veriləcək “yayı” xilas edib. Belə bir nəticə isə başqa bir hökmü reallaşdırır: “yağı yurdu”, “qıl kişli” kimi ifadələrin Beyrəyin dilində işlədilmə (yuxarıdakı misra nəzərdə tutulur) səbəbləri məhz bu cür detallar kontekstində araşdırılmalıdır. Digər tərəfdən, həmin misradakı “qıl kişlim” ifadəsi Beyrəyin düşmən yurdunda tacirlərdən minnətlə almaq istəmədiyi, atası Baybörənin yanında isə hədiyyə kimi aldığı “yayı” işarələndirir. Deməli, Beyrək ilk dəfə düşmən yurdunda gördüyü yayın kirişinin nədən düzəldildiyini də yadına salır. Maraqlıdır ki, semantik dinamika sonrakı misralarda məhz “qıl kişlim” ifadəsinin assosiativliyi ilə davam etdirilir: ayğır malı = yay; ayğır verib yay üçün boğma kiriş almaq. Bu tipli söz və birləşmələrə mətn daxilində diqqət yetirək:


“Yağı yurdu əlümdə qıl kişlim,

ayğır malı.

Ayğır verüb aldığım,

tozlu qatı yayım.

Buğa verüb aldığım boğma kirişim” (D-109)

.

Bu misralardakı sözlərin hər biri “yay”la bağlı işlədilib ki, bu da “yay”ı müxtəlif bucaqlardan təyin edir. Misralarda “ayğır” sözünün iki dəfə işlənməsi də maraq doğurur. Bu məqamda A.Hacıyevin “Kitab” və digər mənbələrə istinadən söylədiyi fikirlər yada düşür: “Demək olar ki, bütün araşdırıcılar bu sözləri eyni anlamda “erkək cins at” mənasında dərk etmişlər. Bizcə, birinci mənada “ayğır” sözü “erkək təkə”, “erkək dağ keçisi” mənasında işlənmişdir... abidənin dilində yayın məhz erkək təkə buynuzundan düzəldilməsi ehtimalımızın doğrulu-ğuna dəlalət edir: Avcına sığmayan əlüklü oğlı//Ərdil təkə buynuzundan qatı yaylı”1.Birinci misradakı “yağı yurdu” ifadəsi isə, qeyd etdiyimiz kimi, Gürcüstanı, bir də Evnik qalasını işarələndirir. Amma nəzərə almaq lazımdır ki, “yaxşı ərməğanlar Rum elindən – İstanbuldan alınıb. Bu da təsadüfi deyil. Belə ki, “Oğuz insanı alış-veriş, ticarət mərkəzləri olan şəhərlərin topoqrafiyasına, onun marginal aspektinə yaxşı bələd idi. Baybörə bəg sakral nəsnələrin – “yaxşı ərməğanların” gətizdirilməsi üçün bəzirganları uzaq şəhərə - Rum elinə, İstanbula göndərir”1.

Sonuncu misrada birinci növ təyini söz birləşməsinin asılı tərəfi kimi işlənmiş “boğma” sözünün hansı mənada işlənməsi, demək olar ki, müəyyənləşdirilməyib. Konkret desək: O.Ş.Gökyay belə təqdim edib: boğaz ağrısı, boğan, boğmaca, kuşpalazı, boğaz iltihabı, tık – nefeslik” (İstanbul, 2000). Burada təkcə onu qeyd edirik ki, müəllif istinad etdiyi lüğətlərdə “boğma” sözünün qarşısında hansı sözü görübsə, elə onu da tərtib etdiyi lüğətinə daxil edib. Əgər belə olmasa idi, müəllif “boğma kiriş” birləşməsindəki “boğma” sözünün izahında ilk söz kimi “boğaz ağrısı” birləşməsini yazmazdı; Zeynalov-Əlizadə nəşrində “boğan” şəklində sadələşdirilib ki, bu da semantika baxımından “kiriş”lə tam bağlanmır: “Buğa verib aldığım boğan kirişim” (Bakı, 1988, səgh.161); “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə isə daxil edilməyib. Daha doğrusu, yalnız “boğma çıqarmaq” ifadəsi cüzi fonetik dəyişmə ilə təqdim olunub: boğma çıqarmaq – boğma çıxarmaq” (Bakı, 1999, səh.38). Bu cür izahla razılaşmaq olmaz. Çünki ən azı bu ifadənin “qarğış əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstərmək” və ya “boğma xəstəliyinə tutulmaq” mənasında işləndiyi qeyd oluna bilərdi. Yeri gəlmişkən, O.Ş.Gökyay da bu ifadənin semantik yükünü dəqiq göstərməyib (İstanbul, 2000, səh.178)... Fikri­mizcə, “boğma kiriş” ifadəsin­dəki “boğma” sözü “boğmaq” felindən yaranmış isim kimi “tarım”, “tarım çəkilmiş” mənasındadır ki, bu da “kiriş” sözünün semantikası ilə birbaşa bağlanır: boğma kiriş = tarım çəkilmiş kiriş; kirişi (yay ipini) tarım çəkərək yaya bağlamaq: müq.et: kirişlə yayı boğmaq – iplə çuvalın ağzını boğmaq; kəmərlə beli boğmaq. Təsadüfi deyil ki, V.V.Bartold da “boğma” sözünü məhz qeyd etdiyimiz mənada başa düşüb: с тугой тетивой (boğma kiriş – tarım çəkilmiş kiriş) (göstərilən mənbə: səh.44). Burada Azərbaycan-monqol söz paralellərini sistemli şəkildə təhlil süzgəcindən keçirmiş Ə.Abdullayevin bir qarşılaşdırmasını eynilə təqdim etmək lazım gəlir: monqolca: baqlas, book; rusca: упаковать; Azərbaycanca: bağlamaq, bəzən boğmaq da bu mənada işlənir”1. Bu fakt da “boğma kiriş” birləşməsindəki “boğma” isminin məhz çoxmənalı “boğmaq” feli əsasında yarandığını təsdiq edir.

“Buηlu yerdə qodım-gəldim

Otuz doqquz yoldaşım, iki arğışım! – dedi” (D-109)

Bu misraların semantik yükü onu deməyə əsas verir ki, Beyrək kafir düşərgəsində dustaqlıqda qalan otuz doqquz yoldaşına işarə edir, onları xatırlayır. Beyrəyin dilindən verilmiş sonuncu misra da mətnin əvvəlki hissələri ilə birbaşa bağlanır: “Otuz toquz yigidlən Beyrək tutsaq getdi” (D-90); “Otuz toquz yigidim əmanəti, mərə kafər!” (D-100). Təhkiyəçinin (birinci cümlə) və Beyrəyin (ikinci cümlə) dilindən verilmiş bu nümunələr dediklərimizi qüvvətləndirir. Burada bir qarşılaşdır-maya ehtiyac duyulur: haqqında bəhs etdiyimiz parçanın yalnız son iki misrasında silaha, silahdan istifadəyə birbaşa işarə edilmir. Daha dəqiqi, belədir:

−üçüncü misrada: qıl kışli = at qılından düzəldilən yay kirişi (Yağı yurdu əlümdə qıl kişlim);

− dördüncü misrada: ayğır malı = təkə buynuzundan yay (ayğır malı);

− beşinci misrada: ayğır verib yay almaq (Ayğır verüb aldığım). Bu ifadənin tərkibindəki verib (verüb) sözü barədə A.Hacıyev maraqlı bir açıqlama təqdim edir: “Bu sözün “verüb” variantında yazılıb oxunmasına baxmayaraq, boydakı hadisələ-rin məntiqinə uyğun tərzdə “urub” kimi oxunub mənalandı-rılmasını daha düzgün hesab edirik; Beyrək yayını at verməklə deyil, yağı üzərinə at salmaqla – hücum etməklə qazanır”1. Qeyd edək ki, müəllifin fikirləri, bir tərəfdən, həmin parçanın üçüncü misrasındakı “Yağı yurdu” ifadəsinin semantik tutumu ilə səsləşirsə, digər tərəfdən də birinci misradakı “to- tolara” ifadəsi silahla bağlıdır – qənaətini qüvvətləndirir;

− altıncı misrada: tozlu qatı yay = (tozlu qatı yayım);

− yeddinci misrada: boğma kiriş = tarım çəkilmiş kiriş; buğa verib boğma kiriş almaq (Buğa verüb alduğum boğma kirişim).

Bu faktlar həmin parçanın ilk iki misrasında oxunuşu və yozumu mübahisəli olan sözlərlə bağlı təqdim etdiyimiz arqu-mentləri qüvvətləndirir. Belə ki, yuxarıda yeddi istiqamətdə qruplaşdırdığımız söz və ifadələrin hamısı silahla (yayla) bağlı olduğu kimi, ilk iki misranın anlaşılmasını çətinləşdirən sözlər də məhz silahla, döyüşlə bağlıdır:

− tol-tolara girmək = silaha (silahlara) girmək, döyüşə girmək;

− tolararı – hər cür silahla silahlanmış ər (döyüşçü, igid);

− duxarlıyı = tuğrağlıyı (tuğarlıyı) = xaqan tərəfindən verilən ata minən əsgər.

Bu cür qarşılaşdırma bir həqiqəti də xüsusi olaraq vurğula­mağa imkan verir: parçadakı söz və ifadələrin əksəriyyəti məhz silah və döyüşlə bağlı olan sözlər cərgəsində birləşir. Bu da “Kitab”, ümumən qəhrəmanlıq eposları üçün xarakterik cəhət­lərdəndir.


DƏDƏ QORQUD KİTABI”NDA SİLAH

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə