Redaktor: Muxtar kazimoğlu (İmanov)


Qılıc yarası önəlür, dil yarası önəlməz. Q.Bürhanəddinin “Divan”ında: ...Qanda əgri var isə tutmağıl dəq. Saiqə, qoç qılıcı



Yüklə 0,91 Mb.
səhifə5/11
tarix12.03.2018
ölçüsü0,91 Mb.
#31300
1   2   3   4   5   6   7   8   9   10   11

Qılıc yarası önəlür, dil yarası önəlməz.

Q.Bürhanəddinin “Divan”ında:

...Qanda əgri var isə tutmağıl dəq.

Saiqə, qoç qılıcı toğrar isə.

İ.Nəsiminin “Divan”ında:

Gəhi müflis olub gülxanə düşmüş,

Gəhi qüdrət qılıcını çaladur.

M.Füzulinin “Leyli və Məcnun” poemasında:

Səyyarədən aldı mehr meydan,

Çaldı qılıcın, götürdü qalxan.

“Koroğlu” dastanında:

Qoyun bədöylər kişnəsin,



Misri qılınclar işləsin,

Kimi tənab qılınclasın!

Kimimiz düşman üstünə.

İraq türkmanlarının “Arzu-Qənbər” dastanında:

Düşmən gəldi tabır-tabır düzüldü,

Alnımıza qara yazı yazıldı,

Tifəg icad oldu, mərdlik pozuldu,

Əgri qılınc qında paslanmalıdı.

Qazax xalqının “Qrak-Mamay” eposunda:

Tört jasına kelqende,

Beline kılış bayladı...

S.Vurğunun “Ala gözlər” şeirində:

Yenə qılıncını çəkdi üstümə:

Qurbanı olduğum o ala gözlər...

M.Müşfiqin “Məbədlər çökərkən” şeirində:

İnsanların başı qalmaqaldadır,

“Əcəl qılıncları çalhaçaldadır...”

Giya Paçxataşvılının şeirlərində:

Qılınc tuş oldu qına,

Ellər döndü qaçqına.

Saç yolmaqla iş aşmaz

Qına, özünü qına.



Bu nümunələrdə “qılınc” sözünün semantik yükü, rəngarəng məna çalarları qabarıq şəkildə görünür. Bu da o deməkdir ki, “qılınc” sözü təkcə “Kitab” yox, ümumən ədəbiy­yatımızdakı poetik siqlətli vahidlərdəndir.

Yay. Heç şübhəsiz ki, burada ilk olaraq fəsil anlamlı “yay”la silah anlamlı “yay” sözünün işlənmə məqamlarına diqqət yetirmək lazımdır. Faktlara müraciət edək. “Kitab”da fəsil anlamlı “yay” sözü yalnız düzəltmə sözlər daxilində müşahidə olunur. Bu tip sözlər isə, əsasən, bunları əhatə edir: yayla (yaylaq). “Oğuz bir gün yaylaya köçdi (D-214); yaylaq (dağ yeri). “Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimüη? “ (D-102); yaylamaq (yay günlərini keçirmək). “Qarşu yatan qara tağlar istər olsa, el yaylar” (D-145); yaylam (yaylaq yeri). “Yaylamında Oğuz elinin qondurmadı” (D-221).

Müqayisə və qarşılaşdırmalar “Kitab”ın poetik struk-turunda fəsil anlamlı “yay” deyil, silah anlamlı “yay” (ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai silah) sözünün intensiv şəkildə işləndiyini qabarıq şəkildə göstərir. Faktlara müraciət edək: “yay” daha çox sadə söz formasında işlənib: “Bir ağ tozlu qatı yay aldılar” (D-70); “Mərə Beyrəgiη yayı vardır, gətüriη!” (D-108); yayı olan, yay daşıyan anlamlı “yaylı” düzəltmə sifətinin tərkibində müşahidə olunur: yaylı. “... dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran...” (D-60); bir sıra ifadələrin tərkibində tərəflərdən biri kimi çıxış edir: yay çəkmək. Əlbəttə, “yay” ox atmaq üçün çəkilir. Bu mənada “yay çəkmək” assosiativ olaraq “ox atmaq” ifadəsini yada salır. Bu ifadələr “Kitab”ın dilində də məhz ardıcıl şəkildə işlənib: “Yay çəkmədüη, ox atmadıη” (D-125). Şübhəsiz ki, başqa cür ola da bilməz. Ancaq bu da var ki, bəzən ikinciyə görə (ox atmaq) birincinin (yay çəkmək) ellipsisə uğramasına təsadüf olunur: “Babam at səgirdişimə baqsun, qıvansun; ox atışıma baqsun, güvənsün; qılıc çalışıma baqsun, sevinsin!” (D-22). Bu cümlədə ellipsisə uğramış “yay” çəkişimə” (yay çəkməyimə) ifadəsinin yeri açıq-aydın görünür, həm də asanlıqla bərpa oluna bilir. Bəzən isə hər iki ifadənin inversiya ilə işlənərək obrazlılıq yaratması müşahidə olunur: çəkəyim yayı, atayım oxı. “Andan Beyrək aydır: “Bəglər, sizüη eşqiηizə çəkəyim yayı, atayım oxı”, - dedi” (D-109). Bu cür inversiya ilə Beyrəyin ən gərgin, ən dramatik anları obrazlı şəkildə canlandırılıb. Sintaktik bütövdəki “Beyrək yayı gördigində yoldaşların andı, ağladı” (D-108) cümləsi də Beyrəyin gərgin, sarsıntılı anlar yaşadığını açıq-aydın şəkildə göstərir. Beyrəyin gərgin anları isə məhz oxla üzüyü vurub, paraladıqdan sonra qurtarır: “Beyrək oqla yüzügi urdı, paraladı. Oğuz bəgləri bunı göricək əl-ələ çaldılar, gülüşdilər” (D-109). Burada yekun olaraq onu da qeyd edək ki, müasir dilimizdəki “ “açaram sandığı, tökərəm pambığı” ifadəsi formasına görə “Kitab”ın dilindəki “çəkəyim yayı, atayım oxu” (çəkim yayı, atım oxu) ifadəsi ilə səsləşir. yay tartışmaq (qarşılıqlı olaraq yay çəkmək, bir-birinə ox atmaq). Bu ifadə “Kitab”ın dilində cəmi bir dəfə işlənib: “Ağca tozlu qatı yaylar tartışaydıq//Ağ yeləklü ötkün oxlar atışaydıq” (D-249); yay söykənmək (yaya söykənmək: adlıq halda işlənmiş “yay” sözü yönlük hal mövqeyində çıxış edib). “Oğlı Uruz qarşusında yay söykənib turtardı” (D-123). Zeynalov-Əlizadə nəşrində həmin söz təşbeh kimi sadələşdirilib: yay kimi söykənmək. “Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu” (Bakı, 1988, səh.166). O.Ş.Gökyay isə “yaya dayanmaq” mənasında izah edib (İstanbul, 2000, səh.308). Fikrimizcə, “yay söykənmək” ifadəsi həm də ayıq-sayıq dayanmaq, veriləcək əmrə tam hazır olmaq mənasında yozula bilər; yay dayanmaq. “Bayındır xanıη qarşusında oğlı Qarabudaq yay tayanub turmışdı”. Drezden nüsxəsinin 67-ci səhifəsindəki “ٻاې” yazılış şəklini O.Ş.Gökyay “yayın”, H.Araslı “bay”, M.Ergin “yay, Zeynalov-Əlizadə “bay”, S.Əlizadə “bay” şəklində transkripsiya edib:

V.V.Bartold “yaya söykənmək” (опираяс на лук) mənasında başa düşüb (səh.49). Maraqlıdır ki, Drezden nüsxə­sinin 123-cü səhifəsində eynilə təkrarlanan həmin yazılış şəkli Zeynalov-Əlizadə nəşrində “yay” kimi transkripsiya edilib (Bakı, 1988, səh.68). Bu da səbəbsiz deyil. Belə ki, “yay” sözündən sonra işlənmiş çoxmənalı “söykənmək” felinin seman­tikası “ٻاې” yazılış şəklini “bay” formasında transkripsiya etməyə imkan vermir. Burada assosiativ olaraq “söykənmək” feli ilə eyni semantik şaxədə birləşən, onun sinonimi kimi çıxış edən “dayanmaq” feli yada düşür. Bu məqamda o da vurğulanmalıdır ki, V.V.Bartold Drezden nüsxəsinin təkcə 67-ci yox, həm də 123-cü səhifəsindəki yazılış şəklini (yuxarıdakı yazılış şəkilləri nəzərdə tutulur) məhz “yaya söykənmək mənasında başa düşüb (səh.32). Həmin ifadələrin səciyyəvi cəhətlərini belə ümumiləşdirmək olar: “yay söykənib” və “tayanub” ifadələri eyni sintaktik mühitlə bağlı olaraq işlədilib. Daha dəqiqi, bunlardan birincisi (yay söykənib) “Bir gün Ulaş oğlı Qazan bəg yerindən turmışdı” (D-122) cümləsi ilə başlanan sintaktik bütövdə işlənibsə, ikincisi də “Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı” (D-67) cümləsi ilə başlanan sintaktik bütövdə işlənib; hər ikisi feli birləşmədir; hər ikisində ikinci tərəf eyni feli bağlama şəkilçisini qəbul edib (-ib, -ub); hər iki feil (söykənmək, tayanmaq ) eyni semantik yuvaya daxil ola bilir, daha doğrusu, biri digərinin sinonimi kimi işlənə bilir; hər iki birləşmənin birinci tərəfində silah anlamlı “yay” sözü asılı tərəf kimi çıxış edib; hər iki birləşmədən sonra işlənmiş feil (feli xəbər) keçmiş zamanın ikinci dərəcəli morfoloji göstə­ricisini qəbul edib: tur+ar+dı; tur+muş+dı... Deməli, “yay söykənib” feli bağlamasına aid söylədiyimiz yozum (ayıq-sayıq dayanmaq, əmrə hazır olmaq...) “yay tayanıb” feli bağlamasına da şamil edilə bilər. T.Hacıyevin söylədikləri də dediklərimizi qüvvətləndirir: “Bayındır xanın qarşısında Qaragünə oğlı Qarabudaq yay dayanıb durmuşdı”. İgidin duruşu yaya bənzə­dilir; qəhrəman yay kimi çəkilməyə, atılmağa – buyruğa, şücaət göstərməyə hazırdır”1; yayı zari-zari inləmək. “Ağca tozlu qatı yayım zari-zari iηlər” (D-248). Bu misradakı metaforanın səciyyəvi cəhətlərindən əvvəlki səhifələrdə geniş şəkildə bəhs etdiyimiz üçün burada yalnız bir cəhəti qeyd etməklə kifayətlənirik: bu cür metaforalarda at belində sağına-soluna iki qoşa yay çəkərək düşməni lərzəyə salan türk ərənlərinin ruhu yaşayır; yay qurmaq (yayı hazırlamaq). “Bəkil nə yay qurardı, nə ox atardı” (D-237); sağına-soluna eki qoşa yay çəkmək (yay çəkməkdə mahir, igidlikdə tayı-bərabəri olmamaq). “Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173). “Kitab”ın dilində bu ifadə cəmi bir dəfə Selcan xatunla bağlı işlədilib; qurulu yaya bənzəmək (gözəlin qaşını yayın əyriliyinə bənzətmə; hamını heyrətləndirən türk qızının, türk gözəlinin simvolu...). “Qurulu yaya bəηzər çatma qaşlum!” (D-12). Heç şübhəsiz ki, bu cür təşbehlər birdən-birə yaranmayıb, minilliklərin sınağın­dan keçərək cilalana-cilalana bu günümüzə qədər yol gəlib. Babalarımızın bizə ərməğan etdiyi bu təşbehdəki “yay” sözünün işığında bəzi faktlara diqqət yetirək: “Xarici təsirlərdən özünü az-çox qoruya bilmiş olan Altay şamanları çiyinlərindəki doqquz ox (yəbə) ilə yay (ya) simvollarını həmişə yanlarında gəzdirərdilər. Onların fikrincə, bu doqquz oxla yay “kudaydan tartkan”, yəni “tanrıdan tərəfindən uzadılan” şeylərdir”2; “Hunlar at üstündə dördnala çaparkən belə ox ata və yay çəkə bilirlər (yay çəkə və ox ata bilirlər – Ə.T.)... Və bu qabiliyyət onlarda uşaqlıqdan tərbiyə olunurdu. Bu tərbiyənin formasını təsəvvür etmək üçün qoyuna minib siçovullara ox atan hun uşağını yada salmaq kifayətdir”3. Türk poetik təfəkkürü ilə yoğruluş “Qurulu yaya bəηzər çatma qaşlum” təşbehində qədim türk etnoqrafiyası və hərb tarixi daşlaşmış şəkildə yaşayır. Yeri gəlmişkən, bu təşbehin poetik siqləti qorqudşünas T.Hacıyevi heyrətləndirib, ruhunu silkələyib: “... bu, təşbeh deyil, kamil bir rəssam işidir. Burada müəllif nə ozandır, nə də hansısa bir usta şair, bu tablonun müəllifi türk dilidir... Türkün o təfəkkürü yetişib ki, çatma qaş modeli üzrə qurulu yay tablosunu çəkir...”1. Müəllifin obrazlı şəkildə söylədiyi bu fikirlər olduqca təbii qarşılanır. Burada o da vurğulana bilər ki, tərkibində “yay” sözü iştirak etmiş və ya “yay” sözünün assosiativliyi ilə yaradılmış obrazlı ifadələr təkcə “Kitab” deyil, ümumən türk ədəbiyyatı üçün xarakterikdir. Azərbaycancan ədəbiyyatından bəzi nümu-nələrə nəzər salaq:

Q.Bürhanəddinin “Divan”ında:

Nay ki, əsli saz ola sazını naya bənzədəm,

Kirpügi ilə qaşını ox ilə yaya bənzədəm.

İ.Nəsiminin “Divan”ında:

Qaşı tək sevdayə verdüm könlümi,

Gör nə möhkəm yayə verdüm könlümi.
S.Vurğunun “Ceyran” şeirində:

Yerdən ayağını quş kimi üzüb,



Yay kimi dartınıb, ox kimi süzüb,

Yenə öz sürünü nizamla düzüb,

Baş alıb gedirsən hayana, ceyran?..

Nümunələrdəki təşbehlər, “Kitab”dan süzülüb gəlib, sanki, onların hər biri “qurulu yaya bəηzər çatma qaş” təşbehinin məntiqi davamı kimi çıxış edir. Sonuncu nümunədəki alli-terasiya (yer, yay, yenə: y-y-y), zəngin qafiyələr (üzüb, süzüb, düzüb), ən əsası isə daha çox yay və ox sözlərinin assosiativliyi ilə yaradılmış təşbehlər silsiləsi (quş kimi üzmək, yay kimi dartınmaq, ox kimi süzmək) müasir poeziyamızın atributları, zənginlik göstəriciləri hesab oluna bilər.

“Yay” sözünün “Kitab”dakı yeri, işlənmə səviyyəsi müəyyənləşdirilərkən, şübhəsiz ki, ondan əvvəl işlənmiş söz-lərin semantikası, onların hər birinin “yay” sözü ilə bağlılıq dərəcəsi də nəzərə alınmalıdır. Qorqudşünaslıqda təyinedici sözlər, bəzən isə epitetlər başlığı altında öyrənilmiş bu tip vahidlərin ümumi mənzərəsi aşağıdakı kimidir:

dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran ...” (D-60). “Kitab”da yalnız Qıpçaq Məlik­lə bağlı işlədilmiş bu epitet, bir tərəfdən, yayın həm də dəmirdən düzəldildiyini işarələndirirsə, dəmir yayın daha möhkəm, daha sərt olduğunu ifadə edirsə, digər tərəfdən də qəhrəmanın qüvvətli, əyilməz olduğunu simvollaşdırır:

qatı yay (möhkəm yay). Bu birləşmənin birinci tərəfindəki bərk, möhkəm, qüvvətli anlamlı “qatı” sözü (müasir dilimizdə “qatı” sözü “durunun” antonimi kimi işləmir, “qatı düşmən” kimi ifadələrdə isə ilkin forma və semantikası eynilə mühafizə olunur)”yay”la bağlı işlədilmiş ifadələrin, demək olar ki, hamısında müşahidə olunur. Məsələn, qatı-möhkəm yay (burada “qatı” sözü sinonimi ilə birlikdə işlənib). “Qatı möh-kəm yay çəkərdi” (D-203); ərdil təkə buynuzından qatı yay (təkə buynuzundan bərk yay). “Ərdil təkə buynuzından qatı yaylı” (D-221). Bu misrada yayın erkək təkə buynuzundan düzəldildiyi poetik şəkildə canlandırılıb; ağca tozlu qatı yay. “Ağca tozlu qatı yayım zari-zari iηlər” (D-248); “Ağca tozlu qatı yaydan dərsinməyən (D-184);

Qorqudşünaslıqda “ağ tozluca qatı yay” ifadəsinə müxtəlif bucaqlardan yanaşılıb. Konkret desək, “qatı yay” ifadəsinin bərk, qüvvətli mənasında işləndiyini qorqudşünasların hamısı təsdiq edir. “Ağ tozluca” ifadəsinin yozumunda isə fikir müxtəlifliyinə rast gəlinir: O.Ş.Gökyaya görə, “ağ tozluca” yay “dəstəyinə ağ ağac qabığı sarılmış olan, tozu ağ ağac qabı-ğından” mənasındadır (İstanbul, 2000, səh. 158); Zeynalov-Əlizadə nəşrində “dəstəyi ağ tozlu” şəklində sadələşdirilib: “Dəstəyi ağ tozlu bərk yayım zar-zar inlər” (Bakı, 1988, səh.248); Y.Məmmədli həmin ifadəni belə səciyyələndirib: “ağ tozluca qatı yay” – dəstəyinə ağcaqayın qabığı sarınmış bərk, tarım çəkilmiş yay; toz – yaylara sarınan ip”1. Bu fikirlərdən sonuncusu M.Kaşğarinin “Divan”ına istinadən söylənilib. “Divan”da göstərilir: “toz: yaya sarınan sırım” (III cild, səh.131). Bütün bunlar “ağ tozluca” ifadəsi “ağ ipli”, “ağ sırımlı” mənasındadır – qənaətinin daha düzgün olduğunu sübut edir;

Qorqut siηirli//qurt siηirli yay (kirişi qurd damarından olan yay: əvvəlki səhifələrə bax).

“Kitab”ın dilində “yay”ın (silahın) hissələrinin adlarına da rast gəlinir: kiş//kiriş (yay ipi), qəbzə (dəstək: həm də “yay”la bağlı işlədilib). Bu tip sözlərin hər birindən əvvəlki səhifələrdə geniş şəkildə bəhs etdiyimiz üçün burada onları yalnız mətn daxilində təqdim etməklə kifayətlənirik: kiş. “...əlümdə qıl kişlim, ayğur malı” (D-108); kiriş. “Dəldi yay kirişinə taqdı” (D-234); qəbzə.Qəbzəsindən yay eki para oldı” (D-108)...



ağ tozluca qatı yay. “Ağ tozluca qatı yayını əlinə aldı” (D-31);

ağ tozlu qatı yay. “Bir ağ tozlu qatı yay aldılar” (D-70);

tozlu qatı yay. “Ayğır verüb aldığım, tozlu qatı yayım” (D-169). Bu birləşmədə “ağca” sözünün ellipsisə uğradığını yuxarıdakı nümunələr də təsdiq edir (Vatikan nüsxəsində “tozlu” sözündən əvvəl “ağ” sözü yazılıb: ağ tozlu qatı yay – V – 44). Digər tərəfdən, eyni mənanı ifadə edən bu birləşmələr formaca müəyyən qədər fərqlənir. Bu cəhət daha aydın görünsün, - deyə onları ardıcıl olaraq sıralayaq:

ağca tozlu qatı yay

ağ tozluca qatı yay

ağ tozlu qatı yay

tozlu qatı yay

Burada əsas fərq dəqiqləşdirici –ca ədatının işlənmə məqamlarında özünü göstərir. Belə ki, -ca ədatı vasitəsilə “ağ” (ağca) və “tozlu” (tozluca) sifətlərinin çoxaltma dərəcəsində işlənməsi təmin edilib (ağca tozlu qatı yay; ağ tozluca qatı yay). Digər birləşmələrdəki “ağ” və “tozlu” sözlərində isə -ca ədatı işlənməyib. Fikrimizcə, bu, bir tərəfdən, “Kitab”ın dilinin zənginliyi, digər tərəfdən isə uyğun sintaktik mühitlə bağlıdır. Burada məhz situasiya ilə bağlı iki parçanı qarşılaşdırmaq lazım gəlir: Beyrək kədərlidir, yayı gördükdə yoldaşlarını xatırlayaraq ağlayır (“Beyrək yayı gördigində yoldaşlarını andı, ağladı”). O, yayının haqqında danışarkən nə “ağca tozlu qatı yayım”, nə də “ağ tozluca qatı yayım”, - deyir, heç “ağ” sözünü də işlətmir, sadəcə olaraq, “tozlu qatı yayım”, - deyir: “Ayğır verüb aldığım, tozlu qatı yayım” (D-109). Deməli, “ağ” (ağca) sözünün ellipsisə uğraması, eyni zamanda “tozlu” sifətinə -ca ədatının artırıl-maması birbaşa sintaktik mühitlə (burada qəhrəmanın kədərli anları ilə) bağlıdır; ikinci detala (parçaya) diqqət yetirək: Buğacın atası Dirsə xan dustaqdır... Anası Buğacdan xahiş edir ki, atasını azad etsin (“Babaηı ol qırq namərddən qurtarğıl”)... Təhkiyəçi qəzəblənmiş Buğacın silahlanmasını təsvir edərkən onun yayını “tozlu qatı yay” yox, məhz “ağ tozluca qatı yay” şəklində təqdim edir: “Ağ tozluca qatı yayını əlinə aldı” (D-31). Burada –ca ədatının ipli, sırımlı anlamlı “tozlu” sifətinə artırılması yayın möhkəmliyini işarələndirən detallardan biri kimi görünür. Təqdim etdiyimiz qarşılaşdırmanın düzgünlüyünü arqumentləşdirən başqa faktlara müraciət edək: Baybörənin oğlu üçün tacirlərin hədiyyələr almasını təhkiyəçi belə təsvir edir: “... Bir ağ tozlu qatı yay aldılar...” (D-70).Burada –ca ədatının “ağ” və “tozlu” sözlərinə artırılmadığı aydın şəkildə görünür. Bu da səbəbsiz deyil. Çünki həmin parçada gərgin psixoloji anlardan söhbət belə getmir; qəhrəman döyüş qabağı öz yayını öyür (və ya onun yayı öyülür, təriflənir), dəqiqləş­dirici –ca ədatı “ağ” sözünə artırılmış vəziyyətdə təqdim olunur: “Ağca tozlu qatı yayım zari-zari iηlər”; “Ağca tozlu qatı yaydan dərsinməyən”. Deməli, yayın bərkliyinə, möhkəmliyinə elə ilk sözdə (ağca) işarə edilir. Bütün bunları belə modelləşdirmək olar:

− qəhrəman ağır döyüşə hazırlaşır, qəzəblidir = “ağ” tozluca qatı yay”

− qəhrəman öz yayını öyür = “ağca tolu qatı yay”

− yay barədə informasiya verilir = “ağ tozlu qatı yay”

− qəhrəman kədərlidir = “tozlu qatı yay”

Yuxarıda təkcə “yay” yox, həm də müəyyən qədər “ox” sözündən bəhs etməli olduq. Bu da səbəbsiz deyil. Çünki “yay” və “ox” təklikdə deyil, məhz birlikdə bir silahın adıdır: yay-ox. Bu mənada “ox” sözü leksik-semantik, üslubi-linqvistik prizmadan təhlil süzgəcindən keçirilərkən “yay” sözünə də münasibət bildirilməlidir ki, “yay-ox”la bağlı daha dolğun təəssürat yaransın...

Oq//Ox. Türkün ilk döyüş silahlarından biri hesab olunan “ox”un ibtidai icma quruluşunun mezolit dövründə kəşf edildiyi ehtimal edilir. Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı kimi qədim türk mənbələrində intensivliyi ilə seçilən “ox” sözü “Kitab”ın dilində daha qabarıq şəkildə görünür (“Kitab”da “ox”un sinonimi olan “gəz” sözü yalnız bir dəfə “gezləmək//gəzləmək” felində kök morfemi kimi işlənib: “Eki oxıη dəmrənin çıqardı: birin gezlədi, birin əlinə aldı” (D-199). Əvvəlki səhifələrdə M.Kaşğarinin “Divan”ında “kəz” sözünün “ox” yox, “ox”un arxa tərəfi mənasında işlənməsindən də bəhs etmişik). Elə buna görə də “Kitab”dakı “ox”, həmçinin onunla birbaşa bağlı olan digər sözləri tarixi-linqvistik baxımdan araş-dırmaq lazım gəlir. Heç şübhəsiz ki, bu prinsipi əsas götür­dükdə bir sıra maraqlı nəticələr reallaşar. Məsələn, belə:

− “yayla atılan, itiuclu və ya ucuna iti dəmir keçirilən mil” anlamlı “ox” sözü “Kitab”ın dilində daha çox sadə söz formasında görünür: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199)...;

− “oq” sözü əsasında yaranmış “oqçı” hərbi termini “Kitab”ın dilində həm də şəxs adının apelyativi kimi işlənib: “oqçı” hərbi termin kimi: “Ol kafəriη üçin atub birin yarmaz oqçısı olur” (D-130); “oqçı” şəxs adının apelyativi kimi: Əηsə qoca oğlı Oqçı;

− “oq” sözü “Üç oq” və “Boz oq” etnonimlərində bir apelyativ kimi çıxış edir: “Üç oq, Boz oq qarşulaşdılar” (D-301). Burada bir məqam da yada düşür: “Kitab”, eyni zamanda digər qədim türk mənbələrində işlənmiş “Oğuz” etnoniminin “oq//ox” sözü əsasında yarandığı və oqlar//oxlar mənasını ifadə etdiyi ehtimal edilir;



− “Kitab”dakı “oxlamaq” (oxla vurmaq) “oxlanmaq” (oxla vurulmaq) və “oxlatmaq” (oxla vurdurmaq) düzəltmə feillərində kök morfemi kimi işlənib (hər üç sözə az rast gəlinir): “Quş uçurub, av avlayub, oğlıηı oxlayıb öldirə görgil!” (D-21); “Bədəvi atı oğlanın oxlanmış yatur” (D-141); “Qoulan kimsə oğlanıη bədəvi atın oxlatdılar” (D-133)...;

− tərkibində “ox” sözü işlənmiş ifadələr forma rənga-rəngliyi və məna dərinliyinə görə diqqəti cəlb edir: oxa girmək (ox atmağa başlamaq)... Azğun dinlü kafər buηaldı, oxa girdi” (D-133); oxa düşmək (oxlanmaq, oxla vurulmaq). “İki qardaşı oxa düşdi, şəhid oldı” (D-41); ox səpmək (çoxlu sayda ox atmaq). “Bitəkəllüf kafərlər at dəpdilər, ox səpdilər” (D-41); oxuna sancılmaq (öz oxu ilə vurulmaq) “Mərə qavat qızı, mən qılıcıma toğranayım, oxuma sancılayım!” (D-260). “Kitab”ın dilində üç dəfə işlənmiş “oxuna sancılmaq” ifadəsi seman-tikasına görə “qılıncına toğranmaq”la eyni xətdə birləşir (əvvəlki səhifələrə bax). Bu mənada mətn daxilində bu ifadə­lərin ardıcıl sıralanmasını təsadüfi hesab etmək olmaz; ox toxunmaq (ox dəymək, oxla vurulmaq). “Bütüηə ala ox toxunsa, əgilməz idiη (D-242). Bu ifadə Zeynalov-Əlizadə nəşrində tam başqa mənada, dəqiq desək, “atına iti ox dəymək” mənasında sadələşdirilib: “Atına iti ox dəysəydi, əyilməzdin” (Bakı, 1988, səh.204). Bu cür yozum, ümumiyyətlə, yerinə düşmür. Belə ki, mətndəki “bütüηə” sözü “atına” yox, məhz “buduna” (bud – qıçın çanaq sümüyü ilə dizə qədər olan qalın hissəsi) mənasındadır; ox vurmaq (ox atmaq). “Dəpəgözüη yağrına bir ox urdı” (D-225). Burada bir məqamı qeyd etməyi gərəkli hesab edirik: Təpəgöz çiyninə dəyən oxu milçək sancmasından dilxor olmağa bərabər tutur: “Bu yeriη sinəgi bizi üşəndirdi” (D-226). Bu cümlə ilə yuxarıda təqdim etdiyimiz cümlənin ümumi semantik yükünü qarşılaşdırdıqda belə bir model reallaşır: oxun dəyməsi = milçəyin (sinəyin) sancması. Bu model isə assosiativ olaraq başqa detalları yada salır: ox sancılır (Oxıma sancılayın! Yer kibi kərtləyin...” – D-98), milçək isə sancır. Deməli, oxla milçək eyni semantik şaxədə birləşir... Bütün bunlar onu deməyə əsas verir ki, mətndə litota elə ustalıqla yaradılıb ki, birbaşa görmək mümkün deyil və yalnız mətnin ümumi semantik tutumuna görə müəyyənləşir; Heç şübhəsiz ki, burada Təpəgözün dilindən verilmiş “Bu yeriη sinəgi bizi üşəndirdi” cümləsinə qədərki parçaların da rolunu inkar etmək olmaz. Konkret desək, bu cümləyə qədər Təpə-gözlə bağlı işlədilmiş belə bir cümləyə təsadüf olunur: “Qayın oxı atanlar kar qılamadı” (D-221). “Təpəgözə ox təsir edə bilmədi” semantikasını özündə ehtiva edən bu cümlə ilə “Bu yeriη sinəgi bizi üşəndirdi” cümləsi arasında assosiativ bağlılıq görünür. Daha doğrusu, bunlardan ikincisi birincisinin məntiqi davamı kimi çıxış edir. Birinci cümlə isə Təpəgözün pəri anasının dilindən verilmiş cümlənin məntiqi davamıdır. Semantik dinamikaya diqqət yetirək: “Oğul, saηa ox batmasun, tənüηi qılıc kəsməsün!”; “Qayın oxı atanlar kar qılamadı” → ”Dəpəgözin yağrına bir ox urdı” → ”ox keçmədi, paralandı” → ”bir dəxi atdı” → “Ol dəxi parə-parə oldı” → ”bu yeriη sinəgi bizi üşəndirdi”. Semantik dinamikada “ox” sözünün “sinəg”lə (milçək) əvəzlənməsi aydın şəkildə görünür. Maraqlıdır ki, bu əvəzlənmədən sonra verilmiş cümlələrdə “ox” sözü işlənməyib, daha doğrusu, ellipsisə uğrayıb: “Basat bir dəxi atdı, ol dəxi paralandı, bir parəsi Dəpəgöziη öginə düşdi...” (D-226). Burada təkcə onu vurğulayaq ki, bu cür zəncirvari bağlanma “Kitab”ın dilində kifayət qədərdir; oxunu yarmaq (ox yarışında qalib gəlmək, oxu rəqibindən daha uzağa atmaq). “Ox atanda mən səniη oxıηu yarmadımmı?” (D-116). Yeri gəlmişkən, bu misra Zeynalov-Əlizadə nəşrində sadələş-dirilməyib (Bakı, 1988, səh.163); oqı əglənmiyən (oxu dayan­mayan, çox sürətli...) “Qoşa bürcdən qayın oqı əglənmiyən Yağrıncı oğlı İlalmış...” (D-205). Bu ifadə qəhrəmanın bədii təyinindəki ən əsas detallardan biri kimi çıxış edir...

“Kitab”dakı obrazlı ifadələr sırasında birbaşa “ox” sözünün assosiativliyi ilə yaradılmış “ərdən ərə keçirmək” ifadəsinin xüsusi yeri var: “Ağ yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirəyim səniη içün!” (D-246). Bu ifadə ilə bağlı bəzi fikirlərə nəzər salaq: Zeynalov-Əlizadə nəşrində həmin ifadənin tərkibindəki “keçirmək” sözü “köçürmək” şəklində verilib: “Ərdən ərə köçürəyim səniη içün (Atıb sancım istədiyim düşmənə) (Bakı, 1988, səh.107, 205); O.Ş.Gökyay “geçürmek” oxunuş formasını məqbul hesab edərək (Erden ere geçüreyim seniη içün) belə bir şərh verib: “erden ere geçirmek – birindən ötekine geçirmek, birinden ötekine geçirmek yolu ile, bir okla bir kaç kişiyi birden vurmaq” (İstanbul, 2000, səh.120, 204); V.V.Bartold mətnin semantik tutumuna uyğun şəkildə tərcümə edib: “...Я пущу ее через одного воина в другого ради тебя” (göstərilən mənbə: səh.87); “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə (Bakı, 1999) “ərdən ərə keçirmək” ifadəsinə rast gəlinmir. Bu da səbəbsiz deyil. Belə ki, həmin lüğət “Kitab”ın 1988-ci il Bakı nəşrinə istinadən tərtib edilib ki, orada da ifadənin semantik yükü, demək olar ki, müəyyən-ləşdirilməyib (yuxarıdakı sadələşmə formasına bax). Bütün bunları belə ümumiləşdirmək olar: “ərdən ərə keçirmək” ifadəsini V.V.Bartold düzgün tərcümə edib; O.Ş.Gökyayın izahları mətnin semantikasına uyğundur; ”ə”-nin assonansı müşahidə olunan (ə-ə-ə-ə; ərdən ərə) həmin ifadədə “Oxun bir igidin bədənini dələrək çıxması və başqa bir igidin bədəninə sancılması” mənası ifadə olunur ki, bu da qəhrəmanlıq dastanları üçün səciyyəvi cəhətlərdəndir. Yekun kimi onu da qeyd edək ki, “Kitab”ın dilində oxun igidin bədənini dələrək çıxması açıq-aydın şəkildə ifadə olunub: “Dirsə xan Qorqut siηirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı: oğlanı iki dalusınıη arasında urub – çıqdı, yıqdı” (D-122, 123).

Yuxarıdakı oxa girmək, oxa düşmək, ox səpmək, oxuna sancılmaq və s. kimi frazem tipli ifadələr təkcə “Kitab”ın yox, ümumən XVIII əsrə qədərki Azərbaycan dili baxımından səciyyəvidir. Amma bu da var ki, həmin ifadələr müasir ədəbi dilimiz üçün arxaizm olsa da, tərəflərindəki sözlərin hamısı müasir dilimizdə eynilə işlənməkdədir: oxa girmək (ox, girmək), oxa düşmək (ox, düşmək), oxuna sancılmaq (ox, sancılmaq), ox toxunmaq (ox, toxunmaq)... Digər tərəfdən, tərkibində “ox” sözü olan ifadələr müasir Azərbaycan dili baxımından da səciyyəvidir: “ox kimi gözə batmaq” (arzu-lanmayan, istənilməyən hər hansı bir şəxsin və ya əşyanın hər an gözə dəyməsi, göz önündə olması), “ox atıb yayını gizlətmək” (fikrini tamamilə deməmək, işarə ilə kifayətlənmək), “oxu daşa dəymək” (işi düz gətirməmək, uğursuzluğa düçar olmaq)... Sonuncu nümunənin M.Kaşğarinin “Divan”ında həqiqi mənada, sərbəst birləşmə şəklində işlənməsinə təsadüf edilir: “ok başakı taşka təgip tağıldı = ox başlığı, təmrəni daşa dəyib korşaldı. Hər hansı bir şey daşa, yaxud sərt bir şeyə dəyib korşalarsa, yenə belə deyilir...”(II cild, səh.153). M.Adilov isə “oxu daşa dəymək” frazeminə başqa prizmadan yanaşıb: “Qəhrəmanlar ova çıxmazdan əvvəl bəxt, məhsuldarlıq tanrısına – butaya ox atarmışlar. Oxun butaya dəyməsi yaxşı fal, dəyməməsi isə (“ox daşa dəymək”) pis fal hesab olunurmuş. Get-gedə buta həm də eşq, məhəbbət tanrısı mənası kəsb etmişdir”1. Müəllif “oxu daşa dəymək” ifadəsinin yaranması ilə bağlı fikirlərini belə ümumi-ləşdirir: “Görünür ki, qədimlərdə atılan oxun nişana, butaya dəyməməsi olduqca mənfi qiymətləndirilir, şəxsin qabiliy-yətsizliyini əks etdirirdi. Odur ki, “oxu daşa dəymək”, “oxu boşa çıxmaq” tərkibləri, “bəxti, taleyi gətirməmək mənası kəsb etmişdir”2.

“Kitab”ın dilində “ox”un təyinedicisi kimi çıxış edən sözlər də kifayət qədərdir. Bu sözlərin hər biri “ox”un kodları kimi çıxış edir, “ox” barədə dolğun təəssürat yaradır. O.Ş.Gökyay bu tip vahidlərdən bəhs edərkən diqqəti daha çox tərkibində “yelək” (lələk) sözü işlənmiş “ağ yeləklü ötkün ox” “üç yeləklü ox” kimi ifadələrə yönəldir: “Burada geçen yelek, atıldığı sırada, mivherinden şaşarak hedefi aşmaması için okun arkasına takılan tüylerin adıdır. Böylelikle okun rüzgara karşı mukavemeti artırılır ve hedefi aşması önlenir. Türkler bunun işün kuğu, kartal, ak ve benekli güverçin tüyleri kullanırlar”. (İstanbul, 2000, səh.CCCLX). A.Hacıyev “yeləklü (lələkli) sözünün mətndəki işlənmə məqamlarını sistemli şəkildə araş-dırıb: “...bir məqamda ayrılıqda, digər dörd məqamda isə -lü şəkilçili sifətin tərkibində işlənən bu söz qədim oğuzların böyük sevgi ilə mədh etdikləri qayın ağacından düzəldilmiş ucu qızıl dəmrənli (başlıqlı) oxlarının arxasına taxılan quş lələyini adlandırmışdır...”1. Araşdırmalar göstərir ki, M.Kaşğarinin “Divan”ında quş lələyinin, quş tükünün oxa yapışdırılması aydın şəkildə ifadə edilib: “ol okka yük yapçurdı = o, oxa quş tükü yapışdırdı... yüksək tağ = yüksək dağ, hündür dağ. Hər hansı bir şey hündür, yüksək və uzun olsa, ona “yüksək” deyilir. Bu quş tükü mənasına gələn “yük” sözündən alınmışdır, çünki onun təbiətində yüksəlmək vardır (III cild, səh.109). Maraqlıdır ki, M.Kaşğarinin “Divan”ında “yilim” sözü də məhz quş tükü anlamlı “yük” (yelək, lələk) mənasında verilib: okka yilim yapçundı=oxa yapışqanla quş tükü yapışdırıldı” (III cild, səh.117).

Türkologiyadakı bu cür fikirlərə və daha çox da “Kitab”a istinad edərək “ox”un təyinedicisi kimi işlənmiş sözlər barədə aşağıdakıları söyləmək olar:

− qarğu dillü qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu dillü qaim oxlar atıldı” (D-132). Bu nümunədəki dillü sözü “ox”un dəmir ucluğuna sarınan “qayış” mənasındadır. “Dillü” sözü M.Kaşğarinin “Divan”ında “tili” şəklindədir: “tili”: ox təmrəni üstünə sarınan qayış (III cild, səh.218);

− ağ yeləklü ötkün ox (ağ lələkli kəskin ox). “Ağ yeləklü ötkün oxdan qayıqmıyan” (D-184);

− əlüklü oxlı (lələkli oxlu). “Avcuna sığmayan əlüklü oxlı” (D-221). S.Əlizadə “əlüklü oxlı” birləşməsinin M.Erginin nəşrində “elüklü oğlı”, H.Araslının nəşrində isə “əlikli oğlı” şəklidə verilməsini məqbul hesab etmir: “...Lakin bu sözlər kon-kret məna vermir. Yalnız abidələrdə “lələk” əvəzinə “yelək//­elik//elük” variantlarının işləndiyi nəzərə alınarsa, V.V.Bar-toldun həmin birləşməni “lələkli oxlu” kimi başa düşdüyünü doğru hesab etməliyik” (Bakı, 1988, səh.248). Müəllif haqlıdır. Belə ki, “Kitab”ın dilində “yelək” həm də “ox lələyi” mənasın-da işlənib (yuxarıdakı nümunədə aydın şəkildə görünür). Bu mənada “əlük” “yelək” sözünün fonetik vari-antlarından biri kimi götürülə bilər. Burada bir detalı xatırlatmaq lazım gəlir: qədim türklərin “ox lələyi” kimi daha çox qartal lələyindən istifadə etməsi “Oğuznamə”dəki deyimlərdə aydın şəkildə görünür: “Qartala oq toqunmuş, oq yeləgin göricək “bana bəndən oldı” demiş” (sonrakı səhifələrə bax).

üç yeləklü qayın oq (üç lələkli qayın ox). “Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi” (D-63);

− qayın dalı yeləgindən sum altunlu ox (qayın buda­ğından yonulmuş ox, lələkli, qızılı möhürlü ox). “Qayın talu yeləgindən sum altunlu mənim oxum!” (D-207). Oxun təyinedicisi kimi işlənmiş bu sözləri O.Ş.Gökyay belə şərh edir: “...Yeleginden başlayarak bütünü som altın yıldızlı ok diyə anlamak doğru olur” (İstanbul, 2000, səh.CCCLX). Bu qeydlər mətnin semantik yükü ilə səsləşir;

− qayın ox (qayın ağacından düzəldilmiş ox). “Qayın oxı atanlar kar qılamadı” (D-221);

− dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199);

− dəmrənsüz ox (dəmir ucluqsuz ox). “Dəmrənsüz oxla, yigit, mən səni sınar idim!” (D-200)...

Göründüyü kimi, “Kitab”dakı birləşmələrin bir qismində “ox” real olaraq (qayın ox, dəmrənlü ox...), bir qismində isə obrazlı (...yeləgindən sum altunlu ox) şəkildə təqdim olunub. Bu da belə bir fikri reallaşdırır: hərb sənətini həm də poetik siqlətli ifadələrlə canlandırmış türk xalqı böyükdür.

Qorqudşünaslıqda “ox”la bağlı olan sözlərdən (sadaq, belik, tikeş, dəmrən...) sistemli şəkildə bəhs edilmədiyi üçün onların hər birinin ayrılıqda öyrənilməsini gərəkli hesab edirik. Bu tip sözlər isə, əsasən, aşağıdakıları əhatə edir:


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə