Redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 0,91 Mb.
səhifə9/11
tarix12.03.2018
ölçüsü0,91 Mb.
#31300
1   2   3   4   5   6   7   8   9   10   11

YERDƏ GƏLİN OTAĞI QURMA
Türkologiyada qeyd olunduğu kimi, qədim türk “ox”suz təsəvvürə belə gəlmir. Bir sıra qədim türk abidələri, xüsusən də “Kitab” vərəqləndikcə türkün ox yarışı, “ox”dan uzunluq ölçüsü kimi istifadəsi, ox atıb gəlin otağı qurması, oxla ov etməsi, düşməni ox yağışına tutması... göz önündə canlanır. Və istər-istəməz belə bir sual yaranır: bütün bunlar cəmi 154 səhifədən ibarət “Kitab”da necə yerləşdirilib? Axı “Kitab” təkcə bunlardan ibarət deyil, onun obrazlar sistemi çox zəngindir: Oğuz kişiləri, Oğuz qadınları, kafirlər, at və dağ obrazları və daha neçə-neçə obraz! Cavab qorqudşünaslığa bəllidir: “Kitab”dakı obrazlar sintez şəklində-dir, biri digərini tamamlayır, biri digəri üçün məntiqi mərkəz funksiyasında çıxış edir – bir sözlə, zəncirvarı bağlılıq “Kitab”ın nüvəsini təşkil edir. Elə buna görə də yuxarıda təqdim etdiyimiz bölmədəki “ox məsafəsi, ox yarışı, ox düşən yerdə gəlin otağı qurma” kimi məsələləri daha çox mətnin ümumi semantik yükü müstəvisində təhlil etmək lazım gəlir.

Oxdan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə. Qədim türk etnoqrafiyası üçün səciyyəvi olan belə bir hesablama üsulunun kodu “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” (D-84) cümləsindəki “on yelək yer aşurmaq” ifadəsidir. Daha doğrusu, bu ifadənin tərkibində “ox” mənasında işlənmiş “yelək” sözüdür. Araşdırmalar “on yelək” birləşməsinin 7 km. (yeddi min metr) mənasında çıxış etdiyini göstərir (əvvəlki səhifələrə bax).



Ox yarışı. “Kitab”da belə bir parça verilib: “...Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən... Ox atdılar. Beyrək qızıη oqın yardı. Qız aydır: “Mərə yigit, mənim atumı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq..,” (D-78-79). Bu parçadakı “ox yarısında qalib gəlmək, oxu rəqibindən uzağa atmaq” anlamlı “oxını yarmaq” ifadəsi “ox yarışı”nı kodlaşdıran, işarələndirən əsas detallardan biri kimi götürülə bilər. Yeri gəlmişkən, “oxını yarmaq” ifadəsinə təkcə Banıçiçəyin və təhkiyəçinin deyil, həm də Beyrəyin dilində rast gəlinir: “Ox atanda mən səniη oxıηı yarmadımmı?” (D-116). A.Əlizadə bu tip cümlələrdəki “oxını yarmaq” ifadəsini belə şərh edir: “Bir şeyi zərbə ilə vurub ortadan ikiyə bölmək, sındırmaq. Beyrək qızın oxunu yardı; Ox atanda mən sənin oxunı yarmadımmı?”1. Müəllif “oxını yarmaq” ifadəsinin semantikasını başa düşmədiyi üçün “yarmaq” felinin məna yükünü izah etməyə çalışıb ki, bu da mətnlə, ümumiyyətlə, səsləşmir. R.Mədətova isə “ox atmaq”, “ox səpmək” ifadələri sırasında “oxını yarmaq”ın adını çəkmir2 . O.Ş.Gökyay “oxını yarmaq” ifadəsini “ox yarışı” mənasında izah edib ki, bu da bütün parametrlərinə görə qədim türk etno­qrafiyası ilə bağlanır: “Ok yarışlarında kullanılan hedefe puta denir. “Birinin okunu yarmak” deyimi bugün de yarışta oku, rakibinden daha uzağa düşürmek, ok yarışında kazanmak anlamına Toroslar bölgesinde ve başka yerlerde yaşamaktadır. Dede Korkut kitabında “ok”la ilgili deyimler de az degildir” (İstanbul, 2000, səh.CCCLXI). Burada təkcə onu qeyd edirik ki, müəllifin “ok yarışlarında kullanılan hedefe puta denir” – fikri bir sıra mənbələrə, xüsusən də “Kitab”a istinadən deyilib. Qazan xanın dilindən verilmiş “Oğlım Uruz ox atanda puta qalmış” (D-44) misrası da dediklərimizi təsdiqləyir (“nişan” anlamlı “puta” sözü “Kitab”da cəmi bir dəfə işlənib). Digər tərəfdən, həmin misranın ümumi semantik tutumu “ox yarışı” ilə bağlı dolğun təəssürat yaradır, “Ox yarışı”nın Oğuz cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olduğunu işarələndirir. Bu qənaəti M.Adilo-vun fikirləri də qüvvətləndirir: “Dədə Qorqud” dastanlarında da buta//puta sözü “ox atmaq üçün nişangah” mənasında işlənir...”1.

“Ox yarışı” Yalançı oğlu Yalancığın toyu kontekstində. III boyda bəylərin toyda ox atması, daha doğrusu, oxla üzüyü vurmaları kimi hadisələr təsvir olunur ki, bu da bütün para-metrlərinə görə “ox yarışı”nı xatırladır. Bəzi detallara diqqət yetirək: “Gördi dügündə göygü ox atar. Qaragünə oğlı Budaq, Qazan bəg oğlı Uruz, Bəglər başı Yegnək, Gəflət qoca oğlı Şir Şəmsəddin, qızıη qardaşı Dəli Qarçar bilə ox atarlardı” (D-107); “Yalançı oğlı Yalancığıη acığı tutdı... Gəl, mərə qavat, mənim yayımı çək, yoxsa şimdi boynıη ururam!” – dedi... Beyrək yayı aldı, çəkdi... Qəbzəsindən yay eki para oldı” (D-108); “Yalançı oğlı Yalancıq yay ufandığına qatı qaqdı. Aydır: “Mərə, Beyrəgiη yayı vardır gərürüη!”... (D-108); “Məgər göyginiη yüziginə nişan atarlardı. Beyrək oqla yüzigi urdı, paraladı...” (D-109); “Qazan bəg baqub tamaşa edərdi” (D-109). Bu parçaların semantikası barədə çox yazılıb və bu gün də qorqudşünasların diqqət mərkəzindədir. Biz isə həmin parçalara nisbətən başqa bucaqlardan yanaşmağı gərəkli hesab edirik. Məsələn, belə: toy mərasimi ilə bağlı təşkil edilmiş ox yarışıdır; bu yarışda 9 nəfər Oğuz igidi iştirak edir (bu cərgəyə Yalançı oğlı Yalancığı şərti olaraq daxil edirik. Çünki onu bir Oğuz igidi kimi dəyərləndirmək olmaz); “ox yarışı” Qazan xanın nəzarəti altında keçirilir, daha doğrusu, Qazan xan “ox yarışı”nda hakim statusunda görünür; “ox yarışı”nda Beyrək qalib gəlir. Digər tərəfdən, həmin parçalarda “yayçəkmə yarışı”nın müəyyən əlamətləri də görünür. Həmin nümunələrdən ikisinə bir daha nəzər salaq: “...Beyrək yayı aldı, çəkdi. Qəbzəsindən yay eki para oldı”; “Yalançı oğlı Yalancıq yay ufandığına qatı qaqdı Aydır: “Mərə, Beyrəgiη yayı vardır, gətiriη!... Buradakı “Yalançığın yayının dəstəyinin sınması”, “Beyrəyin yayını Beyrəkdən başqa heç kəsin çəkə bilməməsi” kimi detallar “yayçəkmə “ yarışı barədə müəyyən təəssürat yaradır. Maraqlıdır ki, “Kitab”da kodlaşmış şəkildə yaşayan “yayçəkmə yarışı” digər türk dastanlarında açıq-aşkar görünür: “Bir Tuva dastanında yayı çiyinə qədər çəkmə yarışı təsvir olunur: “Koroğlu” qoşmalarının içərisində Koroğlunun dilindən “iyid istərəm ki, yayımı əyə” misrası eyni mədəni hadisənin təzahürüdür”1.



Ox düşən yerdə gəlin otağı qurma. Qorqudşünaslıqda “ox atıb gəlin otağı, toy çadırı qurma” məsələlərindən bəhs olunarkən daha çox aşağıdakı parçalara istinad olunub:

“Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi...”(D-89);

“...Otuz doqquz qız “tale”lü taleinə birər ox atdı. Otuz toquz yigit oxınıη ardınca getdi. Qırq gün qırq gecə toy-dügün eylədilər...” (D-121).

Bu parçalarda “toy çadırı”nın qurulması aydın şəkildə ifadə olunub. Amma bəzi parçalarda “toy çadırının qurulması”nı mətnin ümumi semantik yükünə istinadən müəyyənləşdirmək mümkündür. Məsələn:

“...Alan sabah durmışsan, ağ ormana girmişsən,

Ağ qovağın budağından yırğayuban keçmişsən.

Can bacuğın əkmişsən,

Oq cığırın qurmışsan,

Adın gərdək qomışsan...” (D-110)

Bu parçanı 2006-cı ildə “Dirəklər basdıraraq ox üçün nişan qoyma” başlığı altında təhlil süzgəcindən keçirmişdik. Burada həmin şərhlərin bir hissəsini təqdim etməyi gərəkli hesab edirik: “Adın gərdək qomışsan” cümləsi özündən əvvəl işlənmiş cümlənin semantik yükü ilə bağlanır, onun məntiqi nəticəsi kimi görünür. Bu mənada “can bacuğın əkmişsən//Oq cığırın qurmışsan” cümlələrində “gəlin otağının qurulmasına işarə olunur” – fikri daha real görünür. Deməli, Oğuzlar və Oğuz düşüncə tərzinə bələd olanlar “basdırılmış dirəklər və ox üçün qoyulmuş nişanlar” gördükdə onu “gəlin otağının qurulması və ya ona hazırlıq kimi başa düşüblər. F.Bayat yay və oxun türk mədəniyyətindəki rolundan bəhs edərkən yazır: “Yay - oxun folklor materiallarına dayanaraq deyə bilərik ki, yay – kişini, ox isə qadını bildirir... Toy günü nişanlı oğlanın qız evinə ox atması oğlan tərəfin gəlini aparmağa gəldiyini bildirirdi. Ox atmaqla özünə nişanlı tapmaq adətinin izləri transformasiyaya uğramış halda bizim sehrli nağıllarımızda da qalmışdır (Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, 1993, səh.161). Müəllifin müxtəlif mənbələrə istinadən söylədiyi fikirlər də “Kitab”dakı “Oq cığırın qurmış­san” cümləsinin ümumi seman-tik yükündə məhz “gəlin otağının qurulması” mənasının əsas olduğunu təsdiqləyir”1. Yeri gəlmişkən, A.Hacıyev yuxarıdakı parçanın semantikasını düzgün müəyyənləşdirib: “Soylamada gərdəkqurma prosesinin nə vaxt, nədən və necə yerinə yetirildiyi əyani şəkildə təsvir olunmuşdur. Burada sübh tezdən yuxudan duraraq böyük meşəyə gedən (girən), uca qovaq ağacının buda­ğını yırğala­yaraq qıran (“keçmək” feli “candan keçmək” ifadəsində olduğu kimi məcazi mənada işlədilib), yarıdan (“canbacuq” məhz bu anlamı verən poetik ifadədir) əyən, atdığı oxun düşdüyü yerdə otaq (çadır) quran bəyin onu gərdək adlandırmasından söhbət açılır”2. Müəllifin fikirləri də yuxarıda dediklərimizi qüvvətləndirir. Qeyd edək ki, qorqudşünaslıqda həmin “toy çadırı”nın kimin üçün qurulması barədə izahlara, demək olar ki, rast gəlinmir. Bəri başdan deyək ki, təqdim etdiyimiz sintaktik bütövün ümumi semantik tutumunda Beyrəyin Qazan xandan inciməsi açıq-aydın şəkildə müşahidə olunur. Beyrəyin Qazan xana “Adın gərdək qomışsan” – deməsi də birbaşa Qazan xanın Yalancıq üçün qurdurduğu “toy çadırı”nı işarələndirir. Bu öz təsdiqini boydakı hadisələrin dinamikası kontekstində də tapır. Semantik dinamikanı izləyək:

− Bayındır xan Beyrəyin ölməsinə inanır: “...Mərə, bu nə kömləkdir?...Beyrəgi Qara Dərvənddə öldürmişlər, uşda nişanı, sultanım!” – dedi” (D-93);

− Bayındır xan qanlı köynəyin Banıçiçəyə aparılmasını məsləhət görür: “...Biz bunı tanımazız. Adaqlusına aparıη, görsün. Ol yaxşı bilir. Zira ol dikübdir, yenə ol tanır”, - dedi” (D-94);

− Bayındır xan Yalancıqla Banıçiçəyin toyunu təşkil etməyi Qazan xana həvalə edir. Bu, mətnin ümumi semantik yükündən bəlli olur: birincisi, ona görə ki, Qazan xan toy mərasimi ilə bağlı təşkil edilmiş “ox yarışı”na nəzarət edir (Qazan bəg baqub tamaşa edərdi. Adam göndərdi, Beyrəgi çağırdı); ikincisi, Beyrək Qazan xana “Adın gərdək qomışsan” – deməklə onu Yalancıq üçün qurdurduğu “toy çadırı”na görə qınayır; üçüncüsü, Qazan xanın dilindən Beyrəyə ünvanlanmış sual cümləsində “çətirli otaq”a işarə edilməsini təsadüfi hesab etmək olmaz: “...Çətirli otaqmı dilərsən?” (D-111); dördüncüsü, Beyrək toy süfrəsində qarnını doyurmaq, həmçinin qız toyunda iştirak üçün məhz Qazan xandan icazə alır (Sultanım, məni qosaη da şülən yeməgiη yanına varsam. Qarnım acdur, toyur­saη...; ...Xanım, Qazan bəgdən maηa buyruq oldı. Maηa kimsə tolaşmaz...). Bütün bunlar bir daha təsdiq edir ki, haqqında geniş şəkildə bəhs etdiyimiz “toy çadırı” məhz Yalançı oğlu Yalancığa aiddir.

Ovda və döyüşdə silahdan istifadə. “Kitab”dakı ov və döyüş səhnələrinin semantikasından kifayət qədər bəhs edil-diyinə görə burada yalnız konkret faktlar üzərində dayanmağı məqsədəuyğun bilirik. Bu mənada ovda silahdan istifadənin görünən və görünməyən tərəflərini aşağıdakı kimi ümumi-ləşdirmək olar:

− ovda əsas silah “yay-ox”dur: “Həman yayı biləgindən çıqarardı, buğanıη-sığınıη boynına atardı, çəküb turğızardı” (D-237). Bu tip nümunələr “Kitab”ın dilində kifayət qədərdir;

Ovda “qurd sinirli yay”dan istifadə olunub – qənaətinə gəlmək mümkündür. Amma bu da var ki, həmin qurd sinirli yaydan atılan oxla keyik yox, Oğuz igidi vurulur: “Dərsə xan qurt sinirli qatı yayı əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı: oğlanı iki talasınıη arasından urub çıqdı, yıqdı” (əvvəlki səhifələrə bax);

− ovda “yay-ox”la yanaşı, qılınc da əsas silahlardan biri hesab olunur: “Keyiki qovardı gətürərdi, babasınıη ögində siηirlərdi. Babam at səgirdişimə baqsun, qıvansun; ox atışıma baqsun, güvənsün, qılıc çalışıma baqsun, sevinsin!”...(D-22);

− bir sıra cümlələrin ümumi semantik yükü “ovda bıcaq və ya xəncərdən istifadə olunub” – hökmünü söyləməyə əsas verir: “...Arıq olsa, qulağın dələrdi, avda bəllü olsun deyü. Əmma semüz olsa, boğazlardı” (D-237). Buradakı “boğazlardı” felinin semantikası assosiativ olaraq bıçaq və ya xəncər sözünü yada salır (bıçaqla, xəncərlə);

− ovda yay kirişindən bir kəmənd kimi istifadə olunma açıq-aydın şəkildə görünür: “...Bəkil buηa at saldı. Buğanıη ardından irdi. Yay kirişin boynına atdı...” (D-240). Burada Təpəgözlə bağlı bir epizod yada düşür: Basat Təpəgözün boynunu vurduqdan sonra onun başını dələrək yay kirişinə taxır: “...Dəpəgözüη kəndü qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı..,” (D-234). Sonuncu nümunədəki “yay kirişi” bir kəmənd yox, elə “kiriş” və ya “bərk ip” mənasındadır. Amma bu da var ki, hər iki halda “yay kirişi” heyvanla (əslində, Təpəgöz də elə heyvan kimi bir şeydir) - buğa və Təpəgözlə bağlı işlədilib. Bu müstəvidə isə Təpəgöz heyvandan da heyvandır, vəhşilər vəhşisidir.

Təqdim etdiyimiz bu tipli parçaları geniş şəkildə səciyyələndirmiş K.Abdulla yazır: “Ov bir situasiya kimi ya bədbəxt bir hadisənin başvermə məkanına çevrilir, ya da bədbəxt hadisənin baş verməsini dolayısı ilə hazırlayan bir səbəb olur. Hər iki halda ov ya bədbəxt hadisə ilə bağlıdır, ya da onu şərtləndirir. Hər halda ovdan xeyir gəlmir”1. R.Kamal isə “Kitab”da təsvir olunan ov səhnələrinə tam başqa bucaqdan yanaşıb. Məsələn, ov xronotopundan bəhs edərkən bir neçə tezis irəli sürür: “Ov xronotopu “Dədə Qorqud kitabı”nda ən vacib xronotop olub, ritual xronotopun davamıdır; ov xronotopu dinamik hərəkət üçündür. Oğuz bəyləri statikadan – ağban evlərdə, otaqlarda oturmaqdan, yeyib yatmaqdan bezəndə ova çıxırlar; ov məkanı açıq məkandır. Kişinin açıq məkanda olması türk folklor düşüncəsi üçün səciyyəvi haldır...”2. Müəllif bu tipli tezislərin hər birini “Kitab”dan gətirdiyi nümunələrlə əsaslandırıb. Amma “Kitab”da ov səhnələri ilə bağlı olan parçaların heç də hamısına bu kontekstdə yanaşmaq olmaz. Məsələn, Qazan xanın dilindən verilmiş bir parçaya diqqət yetirək:

“...Mən bu oğlanı alayım, ava gedəyim. Yedi günlik azuğla çıqayım. Ox atduğım yerləri, qılıc çalub baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gökcə tağa aluban çıqayım. Sonra oğlana gərək olur, a bəglər!” – dedi” (D-126). Bu parça ilə bağlı bunları söyləmək olar: birincisi, həmin parça oğlu Uruza “Yay çəkmədüη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη...” – deyən Qazan xanın dilindən verilib; ikincisi, həmin parça atası Qazan xana “Qaçan sən məni alub kafər sərhəddinə çıqardıη, qılıc çalub baş kəsdiη? Mən səndən nə gördüm, nə ögrənim?” – deyən Uruz haqqındadır; üçüncüsü, parçanın mənasından bəlli olur ki, ov yerləri Oğuz türklərinin döyüşdə qalib gəldiyi, qələbə çaldığı yerlərdir; dördüncüsü, mətndə aydın şəkildə ifadə olunur ki, ata (Qazan xan), oğlunu (Uruzu) gələcək döyüşlərə hazırlayır... Araş­dırmalar göstərir ki, bu cəhət digər qədim türk mənbələrində də öz əksini tapıb. Burada Ə.Rəcəblinin qədim türk mənbələrinə, eyni zamanda bir sıra tədqiqatlara istinadən söylədiyi fikirləri xatırlatmaq yerinə düşür: “...Sürək ovu sürəkçidən (ovda heyvanları ovçuların üstünə qovan adamdan) və ovçudan xüsusi məharət və təlim tələb edirdi. Bu, həm də türküt üçün faydalı idi, çünki ov türkütü, bir növ, hərbi şücaətə hazırlayır, ona manevr etməyi öyrədirdi. Uğurlu ov türkütün əsas ərzağı olan çoxlu miqdarda ət verirdi. Heç də təsdüfi deyildir ki, Çin salnaməçisinin yazdığına görə, türkütlər hətta müharibə vaxtı belə ovla məşğul olurdular”1.



Döyüşdə silahdan istifadə. Qorqudşünaslıqda yay – ox, qılınc, sapand, süngü, gürz və s. kimi silahlardan, onların təyinatı üzrə istifadəsindən müəyyən qədər bəhs olunsa da, yaxın və uzaq məsafəli döyüşlərdə (eləcə də qala qapıları yaxınlığında olan döyüşlərdə) silahlardan istifadə kimi məsələlərə, demək olar ki, münasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək:

− uzaq məsafədən olan döyüşlərdə yay-ox və sapanddan istifadə: yay-ox. “Azğun dinlü kafər buηaldı, oxa girdi. Qoulan kimsə oğlanıη bədəvi atın oxlatdılar” (D-133); “...kafərlər at dəpdilər, ox səpdilər” (D-41); “üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi” (D-63)... Bu tipli nümunələr onu deməyə əsas verir ki, uzaq məsafəli döyüşlərdə həm Oğuzlar, həm də kafirlər əsas silah kimi məhz yay-oxdan istifadə ediblər; sapan. “Ərənlər əvrəni Qaraçuq çoban sapanıη ayasına taş qodı, atdı” (D-41); “Elə olsa, sultanım, Qaraca çoban sapan çatlatdı. Dünya aləm kafəriη gözinə qaranηu oldı” (D-57); Döyüşlərdə kafirlərin sapanddan istifadəsi müşahidə olunmur;

− yaxın məsafədən olan döyüşlərdə qılınc, köndər, gürz və s. silahlardan istifadə: qılıc. “Sağ yanını qılıcladı, yerə saldı”; köndər. “Aruza bir köndər urdı” (D-302); gürz. “Altı bərli gürz ilə dəpəsnə qatı tuta urdı” (D-64)...;

− qala qapılarının sındırılmasında qalxan və gürzdən istifadə: “Uruz atdan endi, aydır: “Hay atamıη altun qədəhindən şərab içən, məni sevən atdan ensün! Bunıη qapusına birər gürz uralım!” – dedi. On altı yigit sıçrayub atdan endilər. Qalqan yapındılar. Gürzlərini umuzlarına urdılar. Qapuya gəldilər; birər gürz urub qapuyı ovatdılar, içərü girdilər...” (D-284). Qarşı tərəfin zərbəsindən qalxanla qorunaraq gürzlə qala qapılarını sındıran Oğuz igidləri yenilməzdir. Digər tərəfdən, qalanın belə bir üsulla alınması qədim türk hərb sənətinin yüksək səviyyədə olduğunu bir daha sübut edir.

Yuxarıda göstərdik ki, “Kitab”da uzaq və yaxın məsafəli döyüşlərin təsvirinə daha çox rast gəlinir. Maraqlıdır ki, həmin döyüş taktikası hunlar üçün də xarakterik olub. Belə ki, “hun ordusu düşmənlə müəyyən məsafədən vuruşurdu. Mahir oxçular düşməni uzaqdan oxa tutaraq onun səflərini dağıdırdılar. Ehtiyac olduqda isə qısa nizə və qılıncla yaxın döyüşə girirdilər. Müəyyən məsafədən vuruşma hun döyüş taktikasının əsasını təşkil edirdi”1.

“Kitab”ın ümumi məzmunu döyüşlərin ağır və qanlı keçdiyini iki bucaqdan təsdiqləməyə imkan verir: bunlardan birincisi, top kimi kəsilən başlardısa, ikincisi, sınıq-salxaq vəziyyətə düşmüş silahlardır. Burada diqqəti ikincinin təsvirinə yönəldək: “...Böyük uzun nizələr sancılıb süstəldi. Böyük iti polad qılınclar çalındı, tiyəsi korşaldı. Üç lələkli qayın oxlar atıldı, dəmir ucluğu düşdü...” (Zeynalov-Əlizadə nəşri, Bakı, 1988, səh.148). Bu cür parçaların semantikası yuxarıda irəli sürdüyümüz tezisin düzgünlüyünü arqumentləşdirir.

“Kitab”a silah adları və döyüş səhnələri kontekstində yanaşma aşağıdakıları da söyləməyə imkan yaradır:

− Oğuz igidini məhv etmək üçün ilk olaraq onun atı oxla vurulur: “Qoulan kimsə oğlanıη bədəvi atın oxlatdılar. At yıxıldı” (D-133);

− oxu ərdən ərə keçirməkdə israrlı olan Oğuz igidi ən mahir oxçu statusunda çıxış edir: “Qarğu talı sügüηi maηa vergil// Köksündən ər sancayım səniη içün!” (D-246);

− Oğuz igidinin yaya söykənmiş vəziyyətdə durması onun ayıq-sayıq dayanmasını, bir növ, döyüşə hazır olmasını işarələndirir: “Oğlı Uruz qarşısında yay söykənib turardı” (D-123);

− sağına-soluna iki qoşa yay çəkən Oğuz igidinin bənzəri yoxdur: “Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173);

− Oğuz igidi Qaraca çoban sapandla kafirlərin ordusunu məğlub edir: “Qaracıq çoban kafəriη üç yüzini sapan taşilə yerə bıraqdı” (D-41);

− at belində döyüşənlərdən biri məhz köndər vuranın zərbəsindən yerə düşür: “Aruza bir köndər urdı... At üzərindən yerə saldı” (D-302);

− Buğacıq Məlik altı pərli gürzlə öldürülür:”Altı bərli gürz ilə dəpəsinə qatı tuta urdı” (D-64);

− Oğuz igidi süngüsünü yerə sancırsa, bu, onun əmrə tabe olduğunu, eyni zamanda pusquda durduğunu işarələndirir: “Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul eləməzlərdi. Uruz geη yaqadan sügüsin sancdı, turdı” (D-131-132);

− taraqqadan qarşı tərəfi qorxutmaq məqsədi ilə istifadənin izlərinə təsadüf olunur: “...taraqa çatladıη oğlanı qorqudıη” (D-247).

Bu sistemdə “qılınc”ın rolu daha qabarıq göründüyü üçün onunla bağlı olan detalları ayrılıqda təqdim edirik:

− “döyüşə hazıram” anlamlı raport “çal qılıcıη” ifadəsi ilə başlanır: “Çal qılıcıη, xanım Qazan, yetdim” (D-151);

− “başın kəs” əmri qılıncla reallaşdırılır: “Qaragünə atdan endi. Aruzıη başın kəsdi” (D-302);

− Şöklü Məliyin də başı qılıncla kəsilir: “...ğafillücə qara başın alub kəsdi” (D-64): On iki min kafir də məhz qılıncla öldürülür: “On iki bin kafər qılıcdan keçdi” (D-66);

−Təpəgöz kimi bir vəhşinin başı qınsız qılıncla, həm də öz qılıncı ilə kəsilir: “...Dəpəgözüη kəndü qılıcilə boynını urdı” (D-234);

− qılıncla başın yox, sağ oyluğun kəsilməsi rəqibini əzabla öldürməkdən başqa bir şey deyil: “Aruz qara polad uz qılıcın tartub Beyrəgiη sağ oyluğın çaldı, qara qana bulaşdı” (D-297);

− Oğuz cəmiyyətində döyüşdən boyun qaçırma mümkünsüzdür: “Bəglər, Taηrı bizə bir kür oğul vermiş. Varayın, anı anası yanındın alayın, qılıcla paralayayın...” (D-134-135);

− düşmən bayrağını qılınclayaraq yerə salan Oğuz qadınının tayı-bərabəri yoxdur: “Boyı uzun Burla xatun qara tuğın kafəriη qılıcladı, yerə saldı” (D-153);

− qılıncının dəstəyi qan olan təkcə Oğuz kişisi deyil, həm də Oğuz qadınıdır: “Qılıcınıη balcağı qan odaya gəldi” (D- 194).

Bütün bunlar, bir tərəfdən, türkün hərb sənətinin çox qədim və zəngin bir tarixə malik olduğunu sübut edirsə, digər tərəfdən də türkün döyüş üçün doğulduğunu və elə döyüşə-döyüşə də bu dünyadan köç etdiyini əyani olaraq göstərir...



SİLAH ADLARI TÜRK POETİK TƏFƏKKÜRÜNDƏ
Qorqudşünaslıqda xüsusi olaraq vurğulanır ki, “Kitab”-da obrazlılığa xidmət etməyiən dil vahidi yox dərəcəsindədir. Araşdırmalar onu da deməyə əsas verir ki, “Kitab”dakı səs, söz, birləşmə, cümlə və sintaktik bütövlərin semantikası, obrazlılıq yaratma imkanları müxtəlif bucaqlardan işıqlandırılıb. Yeri gəlmişkən, “Kitab”ın dilində işlənmiş silah adları da daha çox atalar sözləri (“Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!”...), andlar (“qılıcına toğranmaq, oxına sancılmaq”), oxşama səciyyəli parçalar (“Dünlügü altun ban evimiη qəbzəsi oğul!”...), frazeoloji vahidlər (oxını yarmaq, oxa düşmək...) daxilində bu və ya digər dərəcədə öyrənilib. Konkret desək, silah adlarının assosiativliyi ilə yaradılımış bədii təsvir və ifadə vasitələri ayrılıqda təhlilə cəlb edilməyib. Düzdür, əvvəlki səhifələrdə bu problemə müəyyən qədər aydınlıq gətirməyə çalışmışıq. Məsələn: “cida” sözünə həm də təşbeh daxilində münasibət bildirmişik (“...buynızı almas cida kibi”); “q” ilə başlanan “qılıc” sözünün assosiativliyi ilə yaradılmış allitera­siyaların mətndəki rolunu müəyyənləşdirmişik (“Qara polat uz qılıcum qının toğrar” – qara – qılıc – qın: q – q – q); yaxud inversiya ilə işlənmənin “yay-ox”la bağlı olan mətnlər üçün səciyyəvi olduğunu dəqiqləşdirmişik. Bir sözlə, əvvəlki səhifə-lərdə silah adlarının hər birinin obrazlılıq yaratma imkanla-rından ayrıca bəhs etmişik. Bu da onların bədii təsvir və ifadə vasitələri tərkibində işlənmə səviyyəsini birbaşa əks etdirmir. Bu mənada silah adlarının assosiativliyi ilə yaradılmış bədii təsvir və ifadə vasitələrinin aşağıdakı sistem üzrə təqdimini məqsədəuyğun hesab edirik:

Assonans. “o”-nun assonansı. “Ol kafəriη üçin atub birin yarmaz oqçısı olur”: ol, oqçı, olmaq – o → o → o; Buradakı assonans “o” ilə başlanan “oqçı” sözünə görə reallaşıb. Qeyd edək ki, belə assonanslar “Kitab”ın dilində yox dərə-cəsindədir. Bu da təsadüfi deyil. Çünki “Kitab”dakı silah adlarının əksəriyyəti samitlə başlanır: qılıc, gürz, sapan, sügü, çomaq, taraqa..., daha dəqiqi, bu sistemdə “o” ilə başlanan “ox” sözü istisnalıq təşkil edir.

Alliterasiya. “q”-nın alliterasiyası. “Qara polat uz qılıcum qının toğrar”: qara, qılıc, qın - q→q→q; “Qara qılıc quşandı”: qara, qılıc, quşanmaq - q→q→q; “y”-nın alliterasiyası. “Yalançı oğlı Yalancıq yay ufandığına qatı qaqdı”: Yalançı, Yalancıq, yay - y→y→y; “Yedi kiş ilə qurulurdı mənim yayım!”: yedi, yay - y→y→y; Bu sistemə, yəni “q” ilə başlanan “qılıc” və “y” ilə başlanan “yay” sözünün assosiativliyi ilə yaradılmış alliterasiyalar cərgəsinə alliterativ tipli qafiyələn-məni də daxil etmək olar: Qaraca çoban – sapan: çoban→sapan; Dondar-köndər: dar→dər. Bu isə o deməkdir ki, qəhrəmanın adı ilə ona məxsus silahın adı alliterativ tipli qafiyələr kimi çıxış edir.

Epitet. yüzi dönməz qılıc. “Yüzi dönməz qılıcum ələ aldım”; qara polat uz qılıc. “Qara polat uz qılıcum əlümə alayınmı?”; sum altunlu ox. “Qayın talı yeləgindən sum altunlu mənim oxım!”; alla qollu sapan. “...ala qollu sapanın əlinə aldı”... Bu epitetlərdə qılıc, ox və sapan sözlərinin məntiqi mərkəz funksiyasında çıxış etdiyi açıq-aydın şəkildə görünür.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə