Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Azərbaycan Respublikası Qanununun 33­cü maddəsinin I hissəsi sürücüyə dair dörd tələb irəli sürür:

1) müəyyən yaş həddinə çatma; 2) müəyyən olunmuş proqram üzrə nəzəri biliklər; 3) nəqliyyat

vasitələrini idarə etmə üzrə təcrübi vərdişlər; 4) sağlamlıq cəhətdən sürücülüyə yararlı olma (2,

179). Sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxs istənilən halda sadalanan tələblərdən

ilk üçünə malik olacaqdır: onun artıq sürücülük vəsiqəsi əldə etmiş olması o deməkdir ki, bu şəxs

müvafiq yaş həddinə çatmışdır, sürücülük üçün zəruri nəzəri biliklərə və təcrübi vərdişlərə malikdir

və uğurlu imtahan vermişdir. Vəsiqənin etibarlılıq müddətinin bitməsi bu üç tələbə təsir edə bilməz.

Lakin dördüncü tələb – sağlamlıq vəziyyətinin sürücülük üçün yararlı olması tələbi barədə eyni fikri

birmənalı söyləmək mümkün  deyildir.  Məhz  bunu  nəzərə  alan  qanunverici  iki  halda etibarlılıq

müddəti başa çatmış sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq barədə arayışın təqdim

edilməsini  zəruri saymışdır  («Yol  hərəkəti haqqında»  Qanunun  35‐ci  maddəsinin  VIII hissəsinin

4‐cü bəndi): 1) şəxsin yaşı 60­a çatdıqda və daha artıq olduqda; 2) şəxsdə müəyyən xəstəliklərin

olması  səbəbindən  ona sürücülük  vəsiqəsi  daha qısa müddət  üçün  verildikdə  («Yol  hərəkəti

haqqında»  Qanunun  34­cü  maddəsinin  V  hissəsinin  2‐4‐cü  bəndləri).  Bu  iki  hal  istisna  olmaqla,

sürücülük  vəsiqəsinin dəyişdirilməsi  üçün sağlamlıq arayışı  tələb  edilmir.  Deməli, arayış  tələb

edilməyən hallarda sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olsa da, şəxs sürücülər üçün

irəli sürülən  4­cü  tələbə  də  cavab  verir:  ondan sağlamlıq arayışının  tələb olunmaması  məhz  bu

deməkdir. Beləliklə, hesab edirəm ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda onun

dəyişdirilməsi  üçün  qanunvericiliyə uyğun  olaraq  tibbi arayış  tələb  edilmədiyi  hallarda şəxs

nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayıla bilməz.

Etibarlılıq müddəti  bitdikdən  sonra sürücülük  vəsiqəsinin dəyişdirilməsi  üçün  tibbi arayış  tələb

olunduğu hallarda isə məsələ bir qədər fərqli olacaqdır. Belə hallarda nəzəri və təcrübi baxımdan 3

müxtəlif vəziyyət yarana bilər: 1) şəxsin sağlamlığı sürücülük üçün yararlıdır və o, müraciət etdikdə

müvafiq tibbi arayışı alır (və ya ala bilər) və sürücülük vəsiqəsini dəyişdirir; 2) şəxs sağlamlığının

sürücülük üçün yararsız olduğunu və tibbi arayış ala bilməyəcəyini bilir və tibbi arayış üçün müraciət

etmir, deməli, həm də sürücülük vəsiqəsini dəyişməyə də cəhd etmir; 3) şəxs tibbi arayış almaq üçün

müraciət  edir,  lakin müayinə  nəticəsində  onun sağlamlığının sürücülük  üçün yararsız olduğu

müəyyən  edilərək  ona  tibbi arayış  verilmir  və  deməli,  o, sürücülük  vəsiqəsini dəyişə  bilmir.

Göstərilən vəziyyətlərdən birincisində şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun mövcud

olduğu heç bir şübhə doğurmur, çünki o, sürücü barəsində irəli sürülən dörd tələbdən hamısına

cavab verir. Digər iki vəziyyətdə isə bunun tam əksi mövcuddur: şəxs sürücülük üçün irəli sürülən

tələblərdən  birinə  – sağlamlığının sürücülük  üçün yararlı olması  tələbinə uyğun  deyil.  Bu  tələb

kifayət qədər ciddi tələbdir, çünki sağlamlığın sürücülük üçün yararsız olması o deməkdir ki, ya belə

şəxs öz  fiziki  və  psixi  vəziyyətinə görə  nəqliyyat  vasitəsini  idarə  etmək imkanına  malik  deyil

(məsələn, əlinin birini və ya onun funksiyasını itirmişdir), yaxud hərəkət vaxtı yol hərəkəti şəraitinə

nəzarət imkanını itirmişdir və ya belə imkanı qəflətən itirə bilər (məsələn, görmə qabiliyyəti ciddi

şəkildə pisləşmişdir və s.). Belə şəxsin nəqliyyat vasitəsini idarə etməsi çox təhlükəlidir. Ona görə

də hesab edirəm ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş və sağlamlığı sürücülük üçün

yararsız olduğuna görə sürücülük vəsiqəsi dəyişdirilməyən (və ya dəyişdirilməsi mümkün olmayan)

şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılmalıdır.

Bu məsələ ilə bağlı ölkəmizin yol hərəkətinə dair qanunvericiliyində olan mühüm bir boşluğu da

qeyd etmək zəruridir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33­cü

maddəsinin  V  hissəsinin  3‐cü  bəndində  deyilir  ki, şəxsdə  bu  maddənin  III  hissəsində  nəzərdə

tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə, xəstəlik müalicə olunanadək və ya fiziki

qusur  aradan  qaldırılanadək  şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012‐ci il tarixli, 46 saylı Qərarı

ilə təsdiq olunmuş «İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin Siyahısı»nın

32.1‐32.6‐cı bəndlərində müxtəlif mexaniki nəqliyyat vasitələrinin sürücüləri üçün tibbi əks‐göstə‐

rişlərin (xəstəliklərin  və  fiziki  qüsurların)  siyahısı  verilmişdir. Həmin Siyahıda göstərilən  əks‐

göstərişlərdən hər hansı biri sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş  olan şəxs  vəsiqəni



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  27 ­

dəyişdirmək üçün arayış almaq məqsədilə tibbi müayinədən keçərkən aşkar edildikdə (yəni şəxsin

sağlamlığının sürücülük üçün yararsız olduğu aydın olduqda), şəxsə tibbi arayış verilmir və yuxarıda

qeyd  etdiyimiz  kimi  bu şəxsin sürücülük  vəsiqəsi dəyişdirilmir.  Lakin  həmin  əks‐göstərişlər

sürücülük  vəsiqəsinin etibarlılıq müddəti  bitənədək,  habelə etibarlılıq müddəti  bitdikdən  sonra

vəsiqəni dəyişdirmək üçün tibbi arayış tələb olunmayan hallarda da yarana bilər (məsələn, aldığı

travma  nəticəsində şəxsin  qolunun  biri  amputasiya  olunur,  lakin  onun sürücülük  vəsiqəsinin

etibarlılıq müddətinin başa çatmasına hələ bir neçə il var). Belə hallarda sağlamlığı sürücülük üçün

aşkar yararsız olan sürücü barəsində hansı tədbir görülə bilməsinə dair ölkəmizin qanunvericiliyində

hər hansı müddəa  yoxdur.  Hesab  edirəm  ki,  «Yol  hərəkəti haqqında»  Azərbaycan Respublikası

Qanununa  və  Azərbaycan Respublikasının İnzibati  Xətalar  Məcəlləsinə dünya təcrübəsi  nəzərə

alınmaqla müvafiq müddəaların əlavə edilməsi ilə bu boşluğu aradan qaldırmaq olar. Bunun üçün

yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqanın (yəni Dövlət Yol Polisinin) vəzifəli şəxslərinə

belə bir səlahiyyət vermək olar ki, onlar sürücünün sağlamlığının sürücülük üçün yararsız olmasına

əsaslı şübhələr aşkar etdikdə, bu şəxsə məcburi tibbi müayinədən keçərək tibbi arayış təqdim etməsi

barədə göndəriş versinlər. Bundan sonra həmin sürücü dəqiq müəyyən olunmuş müddət ərzində

müvafiq tibbi arayışı təqdim edə bilmədikdə onun nəqliyyat vasitəsini idarə etmək hüququ sağlamlıq

vəziyyətinə  əsasən məhdudlaşdırılmalıdır.  Belə  halda  həmin şəxs  təkrar müayinədən  keçərək

müvafiq  tibbi arayış  təqdim  etməklə öz sürücülük  vəsiqəsini  geri  almayanadək  (yaxud  onu

dəyişdirməyənədək) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılmalıdır, çünki bu

şəxs də sürücülük üçün irəli sürülən tələblərdən birinə cavab vermir.

Aparılmış təhlilə yekun vuraraq qeyd etmək istəyirəm ki, «nəqliyyat vasitəsini idarə etmək hüququ

olmayan şəxs»  ifadəsinə  normativ anlayış  verilməsi  zəruridir.  Qeyd  etdim  ki,  Azərbaycan

Respublikası  Ali  Məhkəməsi  Plenumunun «Yol  hərəkəti  və  nəqliyyat  vasitələrinin  istismarı

qaydalarının  pozulmasına  dair  cinayət  işləri  üzrə  məhkəmə  təcrübəsi  haqqında»  Qərarında  bu

ifadənin kimləri ehtiva etməsinin dəqiqləşdirilməsi istiqamətində mühüm addım atılmışdır. Lakin

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının normativ­hüquqi akt olmadığını

(tövsiyə xarakteri daşıdığını), habelə istinad olunan Qərardakı anlayışın natamamlığını nəzərə alaraq

hesab edirəm ki, CM‐in 263‐1‐ci maddəsinə bu ifadənin normativ anlayışını təsbit edən aşağıdakı

məzmunda  «Qeyd»  əlavə olunmalıdır:  «Nəqliyyat vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs

dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş

qaydada  məhrum  olunmuş  və  ya  bu  hüququ  müvəqqəti  məhdudlaşdırılmış  və  ya sürücülük

vəsiqəsinin kateqoriyasına uyğun olmayan nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə sağlamlıq

vəziyyəti sürücülük  üçün  yararsız olduğuna görə  nəqliyyat  vasitəsini  idarə  etmək hüququ

məhdudlaşdırılmış,  yaxud sürücülük  vəsiqəsinin etibarlılıq müddəti  bitdikdən  sonra sağlamlıq

vəziyyətinə görə vəsiqəsi dəyişdirilməmiş və dəyişdirilə bilməyən şəxslər başa düşülür».

Hesab edirəm ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə belə bir normativ anlayış

verilməsi  CM‐in  263‐1‐ci  maddəsində

göstərilən  cinayətin  subyektlərinin  dairəsinin



dəqiqləşdirilməsi ilə bağlı nəzəri və təcrübi problemlərə son qoya bilər.

İstifadə olunmuş ədəbiyyatlar:

1. Abdullayev  F.S.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  hüquqi  mövqeləri.  Bakı,

«Zərdabi» nəşriyyatı, 2013. 664 s.;

2. Hüseynov Ə. H. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası. II

kitab. Bakı, «Digesta» nəşriyyatı, 2014. 304 s.;

3.  Səməndərov    F.Y.,  Cinayət  hüququ.  Ümumi  hissə.    Ali  məktəblər  üçün  dərslik.    Bakı,  «Digesta»

nəşriyyatı, 2013. 720 s.;

4. Vəliyev S.Ə. Azərbaycan Respublikasının cinayət hüququ. Ümumi hissə. Dərslik. Bakı. «Elm və təhsil»

nəşriyyatı, 2012. 552 s.;

5. «Yol hərəkəti haqqında» BMT­nin 1968‐ci il Vyana Konvensiyası;


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə