“Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi



Yüklə 55,28 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü55,28 Kb.
#5550


“Respublika”.-2014.-16 yanvar.-N 8.-S.4. 

 

Ədəbiyyatşünaslıq elm məbədi 

 

Respublikamızın  elmi  ictimaiyyəti  bu  yaxınlarda  ədəbiyyatşünaslıq  elmimizin  məbədi



AMEA 



Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illiyini qeyd edəcək. Bu münasibətlə bir sıra tədbirlər 

həyata keçirilir, yeni, maraqlı nəşrlər işıq üzü görür. 

Görkəmli  tənqidçi,  ədəbiyyatşünas,  publisist,  naşir,  salnaməçi,  filologiya  elmləri  doktoru, 

professor  Teymur  Əhmədovun  yenicə  çapdan  çıxmış  “Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutu” 

monoqrafiyası  (Bakı,  “Nurlar”  2013.  480  səh.,  şəkilli,  elmi  redaktoru  AMEA-nın  müxbir  üzvü  Nizami 

Cəfərov)  AMEA-nın  ən  fəal  və  güclü  elmi-tədqiqat  qurumlarından  biri



milli  ədəbiyyatşünaslıq  elmimizin 



mərkəzinin keçdiyi şərəfli yola həsr edilmişdir. 

 

Yeri gəlmişkən xatırlatmaq istərdim ki, təxminən on il əvvəl Teymur müəllimin AMEA-nın 70 illiyi 



münasibətilə “Nizami adına Ədəbiyyat İnstitutu” adlı kitabı (Bakı, “Nurlar”, 2005, 272 səh.) çapdan çıxmışdı. 

Hazırkı monoqrafiya isə tam olaraq yenidən işlənmiş, əlavələr edilmiş, həcmi iki dəfə artırılaraq çox sanballı və 

nəfis şəkildə hazırlanmışdır. 

Monoqrafiya AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ön sözü ilə açılır və həmin  yazı bu 

qeydlə başlayır: “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 

80 ili tamam olur. Bildiyimiz  kimi, Ədəbiyyat İnstitutu Azərbaycan xalqının mənəvi fikir aləminin salnaməsi 

olan ədəbi-bədii sərvətin araşdırıcısı, həm də hamisidir. Xalqın zəngin mənəvi dünyasını, başqa sözlə, mənəvi 

varlığını ehtiva edən irsi tədqiq və nəşr etmək böyük şərəfdir. 

Tədqiqatçı  alimlərimiz  ötən  80  il  ərzində  bu  istiqamətdə  mühüm  işlər  görmüş,  milli 

ədəbiyyatşünaslıq elmini, ədəbiyyat tarixini yaratmışlar”. 

Daha  sonra  Ədəbiyyat  İnstitutunun  fəaliyyəti  barədə  ətraflı  bəhs  olunan  “Ön  söz”də 

ədəbiyyatşünaslıq mərkəzinin, həm də Milli Elmlər Akademiyasının yaradıcılarının və onların davamçılarının 

xidmətləri  üzərində  dayanılır,  ölkəmizdə,  ümumiyyətlə,  elmin  inkişafında  bu  ali  qurumların  əvəzsiz 

xidmətlərindan söhbət açılır və xüsusi olaraq vurğulanır ki, “Azərbaycan Milli Elmlər Akademiyası nəhəng elmi 

məbədgah  kimi  Azərbaycan  elminin  inkişafında  müstəsna  rol  oynamış,  elmin  bütün  sahələrində  yüksəlişin 

qarantı  olmuşdur.  Akademiyanın  tərkibində  fəaliyyət  göstərdiyi  müddət  ərzində  Ədəbiyyat  İnstitutunda  da 

müasir tələblərə uyğun problemlərin, aktual məsələlərin öyrənilməsi üçün yeni şöbələrin təşkil edilməsi və elmi 

kadrların tərkibinin artırılması bu cəhətdən diqqəti cəlb edir”. 

Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun  keçdiyi  şərəfli  inkişaf  yolunu  və  bu  institutun 

ədəbiyyatşünaslıq  sahəsində  qazandığı  uğularını  yüksək  qiymətləndirən  akademik  Akif  Əlizadə  fikrini  bu 

sözlərlə  yekunlaşdırır:  “Azərbaycan  Respublikasının Prezıdenti  İlham  Əliyev  demişdir:  “Regionun  iqtisadi  və 

siyasi mərkəzi olan Azərbaycan bölgənin elmi mərkəzinə də çevrilməlidir. 

AMEA-nın bütün institutlarının və tədqiqat mərkəzlərinin elmi əməkdaşlarının Azərbaycan elminin 

strateji inkişaf hədəflərini müəyyən edən müdrik çağırışa öz elmi nailiyyətləri ilə cavab verəcəyinə tam əminəm. 

Bu şərəfli və məsuliyyətli yaradıcılıq missiyasında 80 yaşlı müdrik çağında Nizami adına Ədəbiyyat 

İnstitutuna, onun bütün kollektivinə elmi nailiyyətlər arzulayıram”. 

Monoqrafiyanın ilk bölməsi “80 yaşlı elm ocağı” adlanır. Xalq şairi Bəxtiyar Vahabzadənin belə bir 

qiymətli  deyimi  var:  “Akademiya  xalqımızın  müasir  beynidirsə,  Nizami  adına  Ədəbiyyat  İnstitutu  bu  beynin 

yüz illərdən bəri yaratdığı mənəvi sərvəti üzə çıxarmaq üçün tarixin yaddaşını oyadan işıq mərkəzidir”. 

Bu “İşıq mərkəzi”nin təşkili barədə Azərbaycan Xalq Maarif Komissarlığının xüsusi göstərişi olmuş 

və 10 iyul 1933-cü ildə Ədəbiyyat İnstitutunun yaradılması barədə qərar qəbul edildikdən sonra elə həmin ilin 

sentyabr  ayının  1-dən  etibarən  fəaliyyətə  başlamışdır  (bundan  əvvəl  1932-ci  ildən  ADETİ-nun  tərkibində 

ədəbiyyat  sektoru  vardı).  Yeni  yaradılan  instituta  professor  Vəli  Xuluflu  rəhbərlik  etmiş,  ilk  olaraq  iki  şöbə 

“Folklor” (müdiri Hənəfi Zeynallı), “Azərbaycan ədəbiyyatı tarixi” (müdiri Əli Nazim) təşkil olunmuşdur. 

T.Əhmədov  Ədəbiyyat  İnstitutunun  qısa  müddət  ərzində  keçdiyi  şərəfli  inkişaf  yolunu  belə 

səciyyələndirir:  “Az  müddətdən  sonra  Ədəbiyyat  İnstitutu  bütün  dünyada  Azərbaycan  ədəbiyyatını  geniş 

miqyasda öyrənən müstəqil elm ocağı kimi tanındı. Bu, təsadüfi deyildi. Azərbaycanda 30-cu illərdə fəaliyyətə 

başlayan  Ədəbiyyat  İnstitutu,  demək  olar  ki,  Yaxın  və  Orta  Şərqdə  ilk  humanitar təmayüllü  institut idi.  Elmi 




fəaliyyəti dövründə institut get-gedə formalaşmış, ədəbi-ictimai fikrin zənginləşməsinə ciddi təsir göstərmişdir. 

Eyni zamanda, demək olar ki, incəsənət, dilçilik institutlarının yaranmasında, həmçinin Nizami adına Ədəbiyyat 

muzeyinin təşkilində mühüm rol oynamışdır”. 

Xatırladım  ki,  sonralar  yaradılmış  Əlyazmalar  Fondu  və  Əlyazmalar  İnstitutu,  eləcə  də  Folklor 

İnstitutu da elə Ədəbiyyat İnstitutunun hesabına, yetişdirdiyi əməkdaşlarının iştirakı ilə fəaliyyətə başlamışdır. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  yaradılmasına  qədər  (1945)  və  ondan  sonrakı  təxminən 

50-60 illik dövr ərzində Ədəbiyyat İnstitutunun nailiyyətlərindən geniş söhbət açan müəllifin fikrincə institutun 

uğurları  —  istər  ölkə  daxilində,  istərsə  də  xarici  ölkələrdə  klassik  və  müasir  milli  ədəbiyyatın  təbliğində, 

tanınmasında və qarşılıqlı ədəbi əlaqələrinin öyrənilməsində böyük xidmətləri olan yaradıcı əməkdaşların adı ilə 

bağlıdır.  Bu  elm  ocağında  Azərbaycan  MEA-nın  həqiqi  üzvləri  M.A.Dadaşzadə,  M.İbrahimov,  F.Qasımzadə, 

H.Araslı,  M.Cəfərov,  M.Şirəliyev,  K.Talıbzadə,  MEA-nın  müxbir  üzvləri  A.Zamanov.  Y.Qarayev, 

Ə.Mirəhmədov, professorlar M.Quluzadə, K.Məmmədov, M.Seyidov, Ə.Ağayev, H.Babayev ədəbiyyatşünaslıq 

elminin bayraqdarı olmuşlar. 

Fəaliyyətə  başladığı  ilk  illərdə  14  nəfər  elmi  işçisi  olan  institutun  hazırda  200-dən  artıq  əməkdaşı 

vardır. 

Monoqrafiyada  xüsusi  olaraq  vurğulanır  ki,  “İnstitut  80  il  ərzində  yeni-yeni  alimlər  nəsli 

yetişdirmişdir.  Hər  yeni  nəslin  ədəbiyyatşünas  alim  kimi  formalaşmasında  “qocaman”  nəslin  müəyyən  etdiyi 

elmi-nəzəri  və  təcrübi  prinsiplər  məktəb  olmuşdur.  Gənc  ədəbiyyatşünas  alimlərə  institutda  həmişə  qayğı  və 

həssaslıqla yanaşılmışdır. Ona görə heç təsadüfi deyildir ki, son 50 ildən bəri kollektivdə “gəncləşmə” müşahidə 

olunur...” 

Son  on  ildə  institut  zamanın  tələblərinə  uyğun  yeni  problemlərin,  aktual  məsələlərin  tədqiqi  ilə 

məşğul olmuşdur. Akademiyada aparılan islahatlardan sonra institutun strukturu təkmilləşdirilmiş, Azərbaycan 

ədəbiyyatı  tarixinin,  nəzəriyyəsinin,  folklorun,  ədəbi  abidələrin  tədqiqinə  imkan  verən  on  bir  şöbə 

müəyyənləşdirilmişdir.  Yeri  gəlmişkən,  xatırladım  ki,  2013-cü  ilin  iyun  ayında  akademik,  Əməkdar  Elm 

Xadimi,  AMEA-nın  vitse-prezidenti  İsa  Həbibbəyli  Ədəbiyyat  İnstitutuna  direktor  təyin  olunduqdan  sonra  bu 

elm ocağında mövcud şöbələrin bazası əsasında daha üç şöbə və iki sektor yaradılmışdır. 

Ədəbiyyat  İnstitutunun  son  iyirmi  ildə  qazandığı  nailiyyətləri  T.Əhmədov  belə  ümumiləşdirir: 

“Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  yaranmasının  80  illik 

yubileyinin  2013-cü  ilə  təsadüf  etməsi  fərəhlidir.  Məlumdur  ki,  institut  son  iyirmi  ildən  artıq  bir  dövrdə 

müstəqillik  şəraitində  öz  fəaliyyətində  mahiyyətcə  köklü  dəyişikliklər  etmiş,  elmi-təşkilati  işlərində  dönüş 

yaratmışdır. 

Müstəqillik  bərpa  olunduğu  vaxtdan  bəri 

2013-cü  ilin  sentyabr  ayına  qədər  ötən  müddət  ərzində 



institut inkişaf etmiş, dünya standartlarına cavab verə biləcək elm mərkəzinə çevrilmişdir. 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun  elmi  və  elmi-təşkilati  fəaliyyət  sahəsində  diqqətəlayiq 

nailiyyətləri  bir  daha  sübut  edir  ki,  yaşı  səksənə  çatmış  bu  qurum  hazırda  Azərbaycan  ədəbiyyatşünaslığının 

mərkəzi  statusunu  ləyaqətlə  daşıyır,  bütünlükdə  ölkəmizdə  humanitar  elmi  fikrin  inkişafına  öz  sanballı 

töhfələrini verir”. 

Elə institutun özü yubileyini necə qarşıladığını bir daha sübut etmək məqsədilə müəllif bu bölmənin 

sonunda institutun yaradıcı kollektivinin 2012-2013-cü illərdə elmi və elmi-təşkilati işlərinin hesabatını olduğu 

kimi kitaba daxil edilməsini vacib saymış və bu hesabat bir daha sübut edir ki, 80 yaşı tamam olan bu elm ocağı 

son vaxtlarda nə qədər böyük uğurlar qazanıb, öz yubileyinə hansı qiymətli və şərəfli səhifələr yazıb. 

Monoqrafiyanın  ikinci  bölməsi  belə  adlanır:  “Ədəbiyyat  İnstitutu  respublika  Elmi  Tədqiqatların 

Təşkili və Əlaqələndirilməsi” Şurası işığında”. 

Məlum olduğu kimi, professor T.Əhmədov 1968-ci ildən (o vaxtlar T.Əhmədov institutda baş elmi 

işçi  vəzifəsində  çalışırdı)  akademik  M.A.Dadaşzadənin  təklifi  ilə  Azərbaycan  EA-nm  “Dünya  ədəbiyyatının 

inkişaf qanunauyğunluqları problemi üzrə Elmi Şuranın elmi katibi seçilmişdir. 2011-ci ilə qədər o bu vəzifənin 

daşıyıcısı olmuşdur. 

Teymur  müəllim  1968-2014-cü  illər  ərzində  akademik  M.A.Dadaşzadənin,  sonralar  akademik 

Məmməd  Cəfərin,  müxbir  üzvlər:  Əziz  Mirəhmədovun,  Yaşar  Qarayevin  rəhbərliyi  altında  Əlaqələndirmə 

Şurasının fəaliyyəti barədə ətraflı məlumat verir və bu şuranın uğurlarından bəhs edir. 

Son  on  ildə  isə  təəssüf  ki,  ədəbiyyatşünaslıq  üzrə  Problem  Şurasının  fəaliyyətindəki  bəzi 

çatışmazlıqlar barəsində Teymur müəllim çox haqlı olaraq ürək ağrısı ilə öz fikirlərini bölüşür. 




Onun bu qeydləri istər-istəməz hər bir elm adamını narahat edir: “Ədəbiyyatşünaslıq üzrə Problem 

Şurası bir qurum kimi ədəbi irsin tədqiqi, ədəbiyyatşünaslığın tənqidi fikrin dərindən araşdırılması ilə məşğul 

olan elmi müəssisələrin, ali məktəblərin bu sahədə gördükləri işləri əlaqələndirir və istiqamətləndirir. Ona görə 

belə  bir  qurumun  rəhbərinin  və  onun  üzvlərinin  elmi  təfəkkürlü  və  təcrübəli  mütəxəssis  olması  zəruridir. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  bu  qurumun  tərkibinə  (vəzifəsi,  elmi  dərəcəsi 

olmasına baxmayaraq) səriştəsiz elmi işçilərin daxil olmasına yol verməməlidir. 

2004-2011-ci  illərdə  ədəbiyyatşünaslıq  üzrə  Problem  Şurasında  işlər  düzgün  aparılmadı.  Problem 

Şurası Əlaqələndirmə Şurasının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək iqtidarında olmadı. 

Təəccüblüdür  ki,  Əlaqələndirmə  Şurası,  eləcə  də  Humanitar  və  ictimai  elmlər  bölməsi 

Ədəbiyyatşünaslıq üzrə Problem Şurasında qayda-qanun yaratmaq əvəzinə, uzun müddətdən sonra onu AMEA-

nın Rəyasət Heyətinin tabeliyinə aparmaq əvəzinə Ədəbiyyat Muzeyinə köçürdü. 

Zənnimcə,  bu,  yanlış  qərar  idi.  Ədəbiyyatşünaslıq  üzrə  Problem  Şurasının  elmi  potensialı,  güclü 

bazası olan 80 yaşlı Ədəbiyyat İnstitutunda saxlanılması daha məqsədəuyğun olardı. 

Ədəbiyyat  İnstitutunda  milli  ədəbiyyatın,  qədimdən  bugünədək,  bütün  dövrünü  öyrənən  şöbələrdə 

görkəmli  alimlər  çalışırlar.  Bir  nəfərin  bacarıqsızlığı  ucbatından  Əlaqələndirmə  Şurasının  Ədəbiyyatşünaslıq 

üzrə Problem Şurasına bu münasibəti anlaşılmazdır. 

Əgər Əlaqələndirmə Şurası ədəbiyyatşünaslıq üzrə Problem Şurasının əsasnamə və qərarında qarşıya 

qoyulan  vəzifələri  layiqincə  yerinə  yetirməsini  istəyirsə,  onun  Ədəbiyyat  İnstitutuna  qaytarılması  qayğısına 

qalmalıdır. 

İnanıram  ki,  AMEA-nın  Əlaqələndirmə  Şurası  bu  taleyüklü  məsələni  ədalətlə  həll  edib 

Ədəbiyyatşünaslıq  üzrə  Problem  Şurasını  Əlaqələndirmə  Şurasının  əsasnamə  və  qərarlarından  irəli  gələn 

vəzifələri tam yerinə yetirməyə yönəldə biləcək qüdrətinə malik olan Ədəbiyyat İnstitutuna qaytarılacaqdır”. 

Bu  olduqca  vacib  və  təxirəsalınmaz  vəzifələrdən  biridir.  İndiki  halda  AMEA-nın  müasir  elmin 

strateji  hədəflərinin  müəyyənləşdirildiyi  istiqamətində  görülən  işlərin,  həyata  keçirilən  yeni  islahatların 

aparıldığı  bir  vaxtda  bu  vacib  və  aktual  problemin  həlli  üçün  hər  cür  imkan  və  şərait  vardır.  AMEA-nın 

prezidenti, akademik Akif Əlizadə və Akademiyanın Rəyasət Heyəti bu işin öhdəsindən çox asanlıqla gələ bilər. 

Monoqrafiyanın “Elm xadimləri” adlı üçüncü bölməsində Ədəbiyyat İnstitutunun ilk direktorundan 

tutmuş  hazırkı  rəhbərliyə  qədər  bütün  direktor  və  direktor  müavinlərinə  həsr  olunmuş  yığcam  oçerklər 

verilmişdir. 

Monoqrafiya  müəllifinin  yazdığı  on  beş  oçerkə  belə  bir  epiqraf-proloq  verilmişdir:  “Milli 

ədəbiyyatımızın  elmi  mərkəzi  olan  Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun  fəaliyyətinin  80  illiyini 

ictimaiyyət iftixarla qeyd etdiyi bir vaxtda ayrı-ayrı tarixi mərhələlərdə institutun inkişafında böyük xidmətləri 

olan  Vəli  Xuluflu,  Heydər  Hüseynov,  Mirzə  İbrahimov,  Məmməd  Arif,  Məmmədağa  Şirəliyev,  Kamal 

Talıbzadə, Mirzağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar  Qarayev, Vilayət Quliyev, Məhərrəm 

Qasımlı,  Teymur  Kərimli,  İsa  Həbibbəyli  kimi  elm  xadimlərini  xatırlamamaq  mümkün  deyildir.  Əlbəttə,  bu 

danılmaz bir həqiqətdir ki, 1932-1933-cü illərdə klassik və müasir ədəbi irsimizi araşdıran iki-üç şöbəsi olan bir 

qurumun  inkişaf  edib  möhtəşəm  elmi  mərkəzə  çevrilməsində  ona  rəhbərlik  edən  alimlərin  böyük,  fədakar 

xidmətləri olmuşdur”. Monoqrafiyada adları çəkilən görkəmli alimlərin hər biri haqqında yazılan oçerk, həm də 

Ədəbiyyat  İnstitutunun  80  ildə  keçdiyi  inkişaf  və  təkmilləşmə  yolunun  aynasıdır.  Məhz  həmin  alimlərin 

rəhbərliyi  altında  görülmüş  işlər  nəticəsində  institutda  neçə-neçə  tanınmış  elm  adamı  yetişmiş, 

ədəbiyyatşünaslıq sahəsində xeyli uğurlar qazanılmışdır. 

Bu  oçerklərin  hər  biri  1932-2013-cü  illər  ərzində  Azərbaycanda  filologiya  mərkəzinin  fəaliyyət 

mənzərəsini  əks  etdirir  və  eyni  zamanda  ayrı-ayrı  dövrlərdə  Ədəbiyyat  İnstitutunda  aparılan  islahatlar  və 

dəyişikliklər barədə oxucuda geniş təsəvvür yaradır. 

Teymur  müəllim  Ədəbiyyat  İnstitutu  haqqında  oxucularda  tam  təsəvvür  yaratmaq  üçün  kitabının 

növbəti  bölməsini institutun  strukturuna  —  şöbələrinin  fəaliyyətinə  həsr  etmişdir.  Hazırda institutda  fəaliyyət 

göstərən şöbələr (“Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr”, “Qədim dövr Azərbaycan ədəbiyyatı”, 

“Orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Yeni dövr (XIX əsr XX əsrin əvvəlləri) Azərbaycan ədəbiyyatı”, “Cənubi 

Azərbaycan  ədəbiyyatı”,  “XX  əsr  Azərbaycan  ədəbiyyatı”,  “Müasir  Azərbaycan  ədəbiyyatı”,  “Ədəbiyyat 

nəzəriyyəsi”, “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan mühacirət 

ədəbiyyatı”, “İnformasiya və biblioqrafiya”), eləcə də vaxtilə yaradılmış, lakin sonralar struktur dəyişikliklərinə 

məruz  qalmış  “Mətnşünaslıq”,  “Elmi  irsin toplanması  və  sistemləşdirilməsi”,  “Ortaq türk  ədəbiyyatı”  şöbələri 




və  “Azərbaycan  Türk  Araşdırmalar  Mərkəzi”  haqqında  xüsusi  oçerk-məqalələr  verilmişdir.  Kitabda  hər  bir 

şöbənin  yaranma  tarixi,  onların  yaradıcıları,  keçdiyi  şərəfli  yol  barədə,  ayrı-ayrı  əməkdaşların,  görkəmli  elm 

xadimlərinin fəaliyyəti barədə kifayət qədər fakt və materiallar, eləcə də hər bir şöbə əməkdaşlarının kollektiv 

foto-şəkli  verilmişdir.  Əslində  bu  oçerk-məqalələr  Ədəbiyyat  İnstitutunun  80  illik  fəaliyyətinin tam  və  əhatəli 

salnaməsinin ən qiymətli səhifələrini təşkil edir. 

Burada ayrıca olaraq, institutun özünəməxsus tarixi və geniş fəaliyyəti ilə seçilən Həmkarlar İttifaqı 

və onun sədri professor Asif Rüstəmli barəsində də ətraflı məlumatlara yer verilmişdir. 

Kitabın bir bölməsində isə institutun beynəlxalq əlaqələrini əks etdirən məqalə —”Beynəlxalq elmi 

əlaqələr” (müəllif AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva - 

Kəngərli) verilmişdir. Bu məqalədə Ədəbiyyat İnstitutunun elmi əlaqələrindən qismən söhbət açılsa da, əslində 

80 illik şərəfli bir yol keçmiş və xeyli təcrübəyə malik elmi qurumun beynəlxalq əlaqələri barədə daha geniş və 

daha sanballı araşdırma aparmaq olardı. Yəqin ki, bu da gələcəyin işidir... 

“İnstitutun  tarixindən  səhifələr”  bölməsində  təxminən  iki  yüz  səhifədə  Ədəbiyyat  İnstitutunun  80 

illik yaranma və inkişaf tarixini əks etdirən ötən günlərin xatirə-foto şəkilləri verilmişdir. İki yüzə yaxın həmin 

fotoşəkil  dünyasını  dəyişmiş  və  hazırda  institutda  çalışan  əməkdaşların,  tanınmış  mütəxəssislərin,  görkəmli 

alimlərin həyatının ayrı-ayrı məqamlarını əks etdirir. 

Monoqrafiyaya əlavə olaraq Teymur müəllim Nizami adına Ədəbiyyat İnstitutunda yerinə yetirilmiş 

və  müdafiə  edilmiş  dissertasiyalarının  (həm  doktorluq,  həm  də  namizədlik)  adları  (97+361)  və  Ədəbiyyat 

İnstitutunun nəşr etdirdiyi 1514 kitabın siyahısını vermişdir. 

Təxminən  100  səhifəlik  dissertasiya  və  kitab  adlarını  əhatə  edən  bu  əlavələr  əslində  80  il  ərzində 

Ədəbiyyat  İnstitutunun  necə  fəal  və  məqsədyönlü  elmi  fəaliyyət  göstərdiyini  bir  daha  sübut  edir,  bu  elmi 

qurumun  Azərbaycan  ədəbiyyatşünaslığının  inkişafında  və  yeni  zirvələr  kəşf  etməsində  yerini,  mövqeyini  bir 

daha təsdiq edir. 

Teymur  müəllimin  hazırkı  monoqrafiyası  onun  özünün  təkcə  görkəmli  ədəbiyyatşünas  alim  kimi 

deyil,  həm  də  uzun  illər  boyu  bu  institutun  elmi  və  təşkilati  işlərini  öz  çiyinlərində  şərəflə  daşıyan  vətəndaş 

ziyalının  çoxillik  zəhmətinin,  publisist  və  salnaməçi  axtarışlarının  səmərəli  bəhrəsidir.  Həm  də  axı  Teymur 

müəllimin görkəmli şəxsiyyətlərə həsr olunmuş foto albomların, Azərbaycan Yazıçılar Birliyinin tarixinə dair 

fundamental kitabların, onlarla xatirə memuar toplularının nəşrləri sahəsində kifayət qədər təcrübəsi vardır. 

Söz  yox  ki,  professor  Teymur  Əhmədovun  “Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutu” 

monoqrafiyası bütünlükdə həm İnstitutun 80 illiyinə, həm də AMEA-nın gələn il keçiriləcək 70 illik yubileyinə 

çox  qiymətli  töhfədir.  Bu  qəbildən  olan  nəşrlər  nə  qədər  çətinliklə  başa  gəlsə  də,  yekun  olaraq  Azərbaycan 

elminin keçdiyi şərəfli inkişaf yolunun əyani təcəssümüdür. Geniş oxucu kütləsi üçün və Azərbaycan elminin 

inkişaf yollarını izləmək, öyrənmək baxımından belə nəşrlərin əvəzsiz rolu olur. Belə bir məsuliyyətli kitabın 

hazırlanmasına və nəşrinə görə Teymur Əhmədova öz adımdan, həm də onun bütün həmkarlarının adından bir 

daha təşəkkür edir və böyük həyat və elm təcrübəsinə malik həmkarımıza cansağlığı və yeni yaradıcılıq uğurları 

arzulayıram. 



 

Vaqif Arzumanlı, 

professor, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, 

Nizami adına Ədəbiyyat İnstitutu “Xarici ölkələr ədəbiyyatı və 

ədəbi əlaqələr” şöbəsinin müdiri. 

Yüklə 55,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə