Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər



Yüklə 37,54 Kb.
tarix15.03.2018
ölçüsü37,54 Kb.
#32471

Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Nigar Cəbrayılova

Təbriz Məmmədli

Qafqaz Universiteti tələbələri

Müasir dövrümüzdə “Elektron hökumət” inkişafına böyük əhəmiyyət verilən və günümüzün tələblərinə cavab verən elektron xidmətlərin "vahid pəncərə" prinsipi əsasında toplandığı dövlət portalıdır.
Neft ölkəsi olan Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın diversifikasiyasını genişləndirərək, neftdən asılılığı azaltmaq və iqtisadiyyatı balanslaşdırılmış şəkildə inkişaf etdirməkdir. Son illər "qara qızılın insan kapitalına çevrilməsi" yönündə Dövlət siyasətinin istiqamətlərindən biri, bəlkə də birincisi İKT sənayesinin daimi inkişafını təmin edəcək maddi texniki bazanın yaradılmasıdır. Bu yöndə atılan addımlar isə birbaşa “Elektron hökumət”in inkişafına təkan verir.
Mövcud vəziyyət:

Dövlət orqanları ilə sadə vətəndaş, iş adamları və digər dövlət qurumları arasında münasibətləri sadələşdirmək, sürətləndirmək, vahid mərkəzdən idarə edərək şəffaflığı artırmaq, zaman itkisi və məsafəni minimuma endirmək məqsədilə “Elektron hökumət” portalı yaradılaraq 2012-cilin aprel ayından etibarən əhalinin istifadəsinə verilmişdir. “Bir pəncərə” prinsipi əsasında yaradılmış olan “Elektron hökumət” xidməti www.e-gov.az portalı vasitəsilə fəaliyyətə başlamışdır. Beynəlxalq standartlara tamamilə uyğun olaraq fəaliyyət göstərən «Elektron hökumət” portalından hal-hazırda əksər dövlət qurumları faydalanaraq vətəndaşlara daha operativ şəkildə xidmət göstərməkdədir.


Avqust ayına olan göstəriciyə əsasən e-hökumət portalı tərəfindən istifadəçilərə 238 sayda müxtəlif xidmətlər təqdim edilmişdir. Portalın imkanlarından yararlanmaq üçün sistemə giriş icazəsi olmalıdır. Portala giriş bir neçə formada həyata keçirilir. Bunlardan birincisi elektron imza kartı ilə daxil olma formasıdır.
Elektron imzanın yaradılması informasiya təhlükəsizliyi, şəxsi məlumatların oğurlanması, dəyişdirilməsinin qarşısını alma zərurətindən meydana gəlmişdir. "Elektron imza və elektron sənəd haqqında" qərar qəbul edildikdən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzarəti altında "elektron imza" layihəsi reallaşmağa başladı. Hüquqi və fiziki şəxslərin eləcə də dövlət qulluqçularının elektron imza sertifikatları ilə təmin edilməsi məqsədilə 2011-ci ilin sentyabr ayında Sertifikat Xidmətləri Mərkəzi (SXM) yaradılmışdır.
Dünyanın əksər ölkələrində istifadə edilən həqiqi imza ilə eyni hüquqi qüvvəyə malik olan elektron imza məsafə anlayışının aradan götürülməsi, eləcə də biznes və dövlət fəaliyyətinin istənilən uzaqlıqdan idarə edilməsinə yönəldilmişdir. Avqust ayına kimi təqdim edilmiş elektron imza vəsiqələrinin sayı 14997-dir. Bunlardan 3210-u vətəndaşlara, 304-ü hüquqi şəxslərə, 11483-ü isə dövlət qurumlarına təqdim edilmiş sertifikatlardır. İmzaların alınması prosesini sadələşdirmək məqsədi ilə 2012-ci ilin oktyabr ayından etibarən RİTN tərəfindən "e-ərizə xidməti" reallaşmağa başlamışdır. Hal hazırda hüquqi şəxs və dövlət qurumları proqramdan yararlanaraq internet üzərindən müraciət formasını doldurub odəniş edərək e-imzaları sifariş edə bilərlər.
İyun ayından etibarən MHM e-imza sertifikatlarının verilməsi prosesində "Bank of Baku" ilə əməkdaşlığa başlamışdır. İstifadəçiləri həvəsləndirmək məqsədi ilə "Bank of Baku" bank kreditlərindən istifadə zamanı kart sahibləri üçün 2%-lik endirim fürsəti təqdim etmişdir.
Goldenpay şirkətinə məxsus olan “hesab.az” portalı e-imzaların əldə edilməsi üçün elektron müraciət xidmətinə başlayacaqdır. E-imzanın istifadesini genişləndirməsini hədəfləyən Goldenpay şirkəti elektron sığorta, bank hesablarının onlayn açılması, kreditlərin banka getmədən sifarişi xidmətlərini də təşkil etməyə başlamışdır. Bildiyimiz kimi, “Hesab.az” saytında çoxlu elektron ticarət həyata keçirilməkdədir. Buna görə də “Elektron hökumət”in “Hesab.az” ilə əməkdaşlıq etməsi elektron imza istifadəçilərinin sayının artmasında əhəmiyyətli rol oynayacaqdır.
Portala daxil olub xidmətlərdən yararlanmağın ikinci yolu fiziki ve hüquqi şəxslərin, eləcə də dövlət qulluqçularının əldə edə biləcəyi istifadə adı və şifrədir. İstər poçt məntəqələrinə müraciət edərək, istərsə də onlayn şəkildə qeydiyyat anketini doldurmaqla şifrə və istifadəçi adını əldə etmək mümkündür.
Smartfon və tabletlər üçün SXM tərəfinden təqdim edilən mobil autentifikasiya sertifikatları ilə E-hökumət portalının və e-imza xidmətlərindən təhlükəsiz şəkildə yararlanmaq mümkündür.
Faydaları: E-hökumət portalı dövlət orqanlarının fəaliyyətlərində müasir texnologiyanın tətbiqini genişləndirir. Onlayn müraciət forması artıq ölkənin hansı nöqtəsində olmaqdan asılı olmayaraq vətəndaşların dövlət orqanlarının xidmətlərindən istifadəsinə şərait yaradır. Bunun nəticəsində dövlət qurumlarının fəaliyyətinin keyfiyyəti, səmərəliliyi artaraq zaman və maliyyə sərfiyyatı minimuma endirilə bilir və əldə edilmiş sənədlərin həqiqiliyinə, etibarlılığına heç bir şübhə olmur. Bütün dövlət qurumlarının xidmətlərinin vahid portalda yığılması hər bir qurumun təhlükəsizliyinin təmin edilməsi və xərclərinin aradan qaldırılmasına gətirib çıxarır.
“Elektron hökumət”in bu qədər inkişafı respublikamızda inkişafına böyük diqqət ayrılan qeyri-neft sektorunun inkişafına birbaşa təsir edir. O cümlədən, “Elektron hökumət” portalı vasitəsilə Dövlət büdcəsinə ödənilən vergi və rüsumların internet üzərindən, nağdsız şəkildə həyata keçirilməsi nağdsız ödənişlərin həcminin artırılmasında əvəzedilməz rola malikdir. Əhalinin nağdsız ödənişlərə adaptasiyası və məlumatların vahid sistemdə toplanması bank sektorunun inkişafına xüsusi təkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 yanvar 2013-cü il tarixində Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrinə həsr olunmuş iclasındakı çıxışında bildirdiyi kimi ölkədə şəffaflıq maksimum dərəcədə təmin olunmalı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu yolda “Elektron hökumət”in onlayn iş rejimi bu addımlara ən böyük töhvədir. İnkişaf etmiş ölkələrin təcrübəsinə də nəzər salınarsa, görərik ki, “Elektron hökumət” ölkədə şəffaflığın təminatı üçün vacib şərtlərdəndir. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun da bildirdiyi kimi, elektron xidmətlərdən istifadənin genişlənməsi şəffaflığı artırmaqla əhali arasındakı şikayətin azalmasına gətirib çıxarmışdır. “Elektron hökumət”in quruculuğu yolunda atılmış ən uğurlu layihələrdən hesab olunan “ASAN xidmət” layihəsi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində olduqca effektiv mexanizmdir.
Məhz “Elektron hökumət” xidməti vətəndaşlarla dövlət qulluqçuları arasındakı əlaqələri sadələşdirərək, daha rahat, vaxta və xərclərə qənaət olunan hala gətirmişdir. Artıq olduğunuz yeri tərk etmədən sizə lazım olan əməliyyatları vahid portal vasitəsilə internet üzərindən sürətli şəkildə həyata keçirə və hökumətin gördüyü işlərlə bağlı məlumat ala bilərsiniz. “Elektron hökumət” portalı xidmətlərini onlayn şəkildə göstərərək bürokratiyanı aradan qaldırır və dövlət qulluqçuları tərəfindən göstərilən ximətin keyfiyyətini artırır.
Statistik göstəricilər və təhlil: Avqust ayının statistikasına əsasən hər bir insanın “Elektron hökumət” portalına sərf etdiyi vaxt orta hesabla 4 dəqiqə 33 saniyədir ki, bu da böyük vaxt itkisindən xilasın bariz sübutudur. Artıq “Elektron hökumət” portalı vasitəsilə əvvəllər olduğu kimi yalnız iş saatlarında növbə gözləyərək deyil, zaman məhdudiyyəti qoyulmadan həftənin 7 günü, günün 24 saatı onlayn şəkildə ərizələrinizi doldura, kommunal ödənişlərinizi edə və dövlət qurumlarının təklif etdiyi çoxlu sayda digər əməliyyatları həyata keçirə bilərsiniz.
İKT sahəsində dövlət proqramları öz müsbət nəticəsini göstərməkdə davam edir. Beynəlxalq internet kanalının həcmi 2012-ci ildə 200 Gbit/s-ə çatmışdır. 2004-cü ildən başlayan rəqəmli televiziya yayımı 2013-cü ilin sonunda ölkə ərazisinin tamamını əhatə edəcək. 2012-ci ildə geniş zolaqlı internet istifadəçilərinin sayı ölkə əhalisinin 70%-inə bərabər olmuşdur. İnternet istifadəçilərinin sayına görə ümumdünya göstəricilərini üstələyən ölkəmiz MDB ölkələri arasında liderdir. İKT inkişaf indeksinə görə 2011-ci ildə 74-cü, 2012-ci ildə isə 68-ci yerdə qərarlaşmışıq. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən 10 "ən dinamik inkişaf edən ölkələr" qrupunda yer almışıq. İKT sektorunun həcmi 2 milyarda yaxındır və illik ortalama artım tempi 20-25% arasında dəyişir. Bütün bunlar Azərbaycanda “E-hökumət” portalının inkişafı üçün olduqca münbit şəraitin olduğunu və eyni zamanda təklif etdiyi xidmətlərin dəyərinə görə perspektivli bir layihə olduğunu bir daha vurğulayır.
İKT sahəsində özəl sektorun payı 80%-ə bərabərdir. Belə ki, internet üzrə 40 provayderden 38-i özəl sektorun payına düşür. Bundan əlavə, sektorda orta aylıq əmək haqqının 620 AZN təşkil etməsi o deməkdir ki, sektorda rəqabət olduqca yüksəkdir. Sağlam rəqabət mühitinin yaradılmış olması gələcək internet qiymətlərinin yenidən azalmasına, keyfiyyətin artırılaraq yeni xidmətlərin və xidmət sahələrinin yaradılmasına səbəb olacaqdır.
Perspektiv: Elektron hökumətin inkişafının sürətlənməsi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki bazalarla bağlı həyata keçirdiyi əsaslı layihələrlə sıx bağlıdır. Məsələn, ilk milli telekommunikasiya peykimizin orbitə buraxılması respublikamızın ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, keyfiyyətli və sürətli internet xidmətlərinin təminatçısıdır ki, bu da özlüyündə elektron dövlətin inkişafına birbaşa təsir göstərən amildir.
“Xalq kompüteri” layihəsi çərçivəsində əhalinin güzəştli şərtlərlə yüksək keyfiyyətli HP kompüterlərinə yiyələnə bilməsi ölkədə əhalinin kompüterləşmə səviyyəsini sürətlə artırır ki, bunun nəticəsində elektron hökumətin dövlət ilə vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin etməsi asanlaşır.
O cümlədən, internet xidmətlərinin inkişafına yönəldilmiş TASİM layihəsi vətəndaşı internetdən rahatlıqla isifadə edə biləcəyi üçün fiziki yorulmadan təhsil, səhiyyə və digər xidmətlər ilə bağlı işlərini rahat bir şəkildə “Elektron hökumət” portalından istifadə edərək həyata keçirməyə yönləndirəcəkdir.
RİTN və BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən “Milli E-İdarəçilik Təşəbbüsü” layihəsinin əsas komponenti sayılan AzDataCom layihəsinin quracağı geniş şəbəkə infrastrukturu da elektron hökumətdən əhalinin istifadəsinin rahatlığının, bu portalın daha üstün keyfiyyətlə təşkilinin digər bir təminatçısıdır.
“Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi çərçivəsində “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli fiber-optik şəbəkəsi vasitəsi ilə keyfiyyətli internet xidmətinin təşkil edilməsi nəticəsində genişzolaqlı internet xidmətlərinin yayılma səviyyəsinin dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırılmasının planlaşdırılması elektron hökumətin perspektivinin güclü olacağının xəbərçisidir. Beləliklə, “Elektron hökumət” yalnız paytaxtda deyil, eləcə də regionlarda əhali arasında geniş yayılacaqdır.
"Azәrbaycanda "Elektron hökumәt" üçün tәlim mәrkәzinin yaradılması” layihәsi üzrә Koreya ilә qrant razılaşması imzalanması dövlət qulluqçularının İKT-nin tətbiqi sahəsində praktiki bilik və bacarıqlarının yenilənməsində böyük xidmətinin olacağı gözlənməkdədir.

Problemlər:

Təbii ki, hər bir yenilik ilk başdan çətinliklərlə qarşılaşır. “Elektron hökumət”in inkişafının qarşısındakı maneələrdən biri insanların bu layihədən az məlumatlı olması, elektron xidmətlərlə maariflənmə səviyyəsinin aşağı olmasıdır.


Amma bu problemin həlli üçün atılan uğurlu addımlar olduqca təqdirəlayiqdir. Məsələn, RİTN-in həyata keçirdiyi “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsinin əhalinin maarifləndirməsinde əhəmiyyətli rol kəsb edir. Müsabiqənin böyük mükafat fondu, müsabiqəyə sadəcə qatılmağın gətirdiyi fayda elektron hökumət haqqında maariflənməyə xüsusi maraq yaratmışdır. Elektron hökumətin facebook səhifəsindən də göründüyü kimi bu müsabiqəyə yalnız jurnalistlər və ya elmi işçilər deyil, sadəcə tələbələr və digər vətəndaşlar da maraq göstərməkdədir.

Bu il «İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “E-hökumət” istiqamətində maarifləndirmə kurslarının təşkili də təlimlərdə iştirak edənlərə elektron hökumətlə bağlı dolğun məlumatların verilməsinə səbəb olmuşdur.



Bu yöndə atılmış digər bir uğurlu addım isə Azərbaycan hökuməti və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin birgə ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirdiyi yerli özünü idarəetmə dəstək proqramıdır. Bu proqrama əsasən bölgələrdə e-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici təlimlər təşkil olunur. Bunun nəticəsidir ki, Quba və Xaçmaz rayonlarının bələdiyyələrinə artıq praktiki təlimlər keçirilmişdir.
Məlumat Hesablama Mərkəzi Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ilə birlikdə qeyri-hökumət təşkilatları üçün "Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirməsi əhalinin elektron hökumətə meylinin artması mövzusunda yeni təqdirəlayiq addımdır.
“Elektron hökumət” portalı əhalinin portalın xidmətləri, fəaliyyəti və imkanları ilə daha ətraflı tanış olması və yaranan suallarının asanlıqla cavabını tapmaları üçün özünün facebook səhifəsində portaldakı layihər, əlavə və dəyişikliklər haqqında istifadəçiləri ətraflı məlumatlandırır, suallara operativ cavab verir və həmçinin, qeyd edilən təklif və iradları mütəmadi olaraq nəzərə alır. “Elektron hökumət” portalının istifadəçilərinin sayının hal-hazırda 67000-dən çox olması və bu rəqəmin günü gündən sürətlə artması, o cümlədən, yuxarıda sadalanan addımlar əhalinin portalla tanışlıq səviyyəsinin artırılması yolunda atılan iri addımların nümunələridir.
Əhalinin maariflәndirilmәsi metodları üzәrindә uzun illәrin tәcrübәsinә malik Avstriyanın "Elektron hökumәt" quruculuğu vә elektron xidmәtlәrdәn istifadә ilә bağlı Azərbaycanın təhsil sektoru ilə əməkdaşlıq etməkdə maraqlı olması respublikamızda əhalinin maariflənməsinə özünün böyük töhvəsini mütləq verəcəkdir.
“Elektron hökumət” portalının hər bir vətəndaş üçün əhəmiyyətini nəzərə alsaq, universitetlərdə tələbələr, məktəblərdə yuxarı sinif şagirdləri üçün və digər təhsil ocaqlarında bu barədə maarifləndirici seminarların verilməsi gənc nəslin ona bütün həyatı boyunca hər istiqamətdə lazım olacaq elektron xidmətlərin faydalarından elə bu gündən etibarən yararlanmasına sebeb olardı.
Cari dövr üçün “Elektron hökumət”in qarşısında duran digər bir problem isə ixtisaslı kadrların sayının az olmasıdır. Amma bu problem tezliklə öz həllini tapmağa çalışır. Belə ki, Bakı Gələcək Forumunda da Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun bildirdiyi kimi, informasiya texnologiyaları üzrə müasir tәlәblәrә cavab verәn yüksək ixtisaslı kadr hazırlığı diqqət mərkəzində olacaqdır. Bunun üçün çoxlu sayda ciddi addımlar atılmaqdadır.
Hörmətli prezidentimiz İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illәrdә Azәrbaycan gәnclәrinin xarici ölkәlәrdә tәhsili üzrә Dövlәt Proqramı” çərçivəsində 1200-dən artıq tələbənin xaricdə oxuması və xüsusilə bunlardan 17-sinin məhz RİTN-inin təklifi əsasında təhsil alması müxtəlif sahələrdə olduğu kimi İKT sahəsində çoxlu mütəxəssis yetişməsinə gətirib çıxarır. Azərbaycan universitetlərində də hər il 2000 İKT mütəxəssisi hazırlanır. Daha uğurlu addım isə bu il İnformasiya Texnologiyaları Universitetinin açılması olmuşdur. I ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşan əksər tələbənin arzusu məhz bu universitetə daxil olmaq olmuşdur. Elə İT Universitetinin minimum keçid balının 610 olması universitetin təhsil verə bilmə gücünün çox olmasından və İKT üçün əsl mütəxəssislərin hazırlanmasına işarədir.
Beləliklə, Azəbaycanda yeni yaranmış olan “Elektron hökumət” xüsusilə 2013-cü il “İKT ili” ərzində sürətlə inkişaf etməkdədir. Yeni yaranmasından dolayı bəzi problemləri olsa da onların həlli istiqamətində böyük addımlar atılır. “Elektron hökumət” bülletenlərinin hər yeni buraxılışında müxtəlif dövlət orqanları tərəfindən yeni elektron xidmətlərin təqdim olunmasının göstərilməsi və istifadəçilərin sayının sürətlə artımı elektron hökumətin imkanlarının genişlənməsi və portalın sürətli inkişafının göstəricisidir. Məqalədən də göründüyü kimi E-hökumətin inkişafının göstəriciləri olan onlayn xidmətlərin göstərilməsi, güclü telekommunikasiya infrastrukturu və insan kapitalı getdikcə inkişaf etməkdədir.

Ədəbiyyat siyahısı:
Bülleten № 01 / yanvar 2013

Bülleten № 02 / fevral 2013

Bülleten № 03 / mart 2013

Bülleten № 04 / aprel 2013

Bülleten № 05 / may 2013

Bülleten № 06 / iyun 2013

Bülleten № 07 / iyul 2013

Bülleten № 08 / avqust 2013



mincom.gov.az

Ict.news.az
Yüklə 37,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə